Məhkəmə qərarları › İş №1(101)-1741/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1741/2021

16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1741/2021 16.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X7 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 4 may 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2rdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 9 avqust 2021-ci il tarixdə saat 17 radələrində DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Sədərək TM-nin şirniyyat zonasının 1-5-ci sıralarının qarşısındakı avtomobil dayanacağında saxlanılıb Qaradağ RPİ-nin inzibati binasına gətirilərək dəvət olunmuş müdafəçinin iştirakı ilə həmin gün saat 18:00-da üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki şalvarının sağ yan cibindən 1 ədəd polietilen bükümdə təmiz çəkisi 50,785 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulmazdan əvvəl təxminən 5-6 ay falqa kağızının üzərində heroini yandırıb tüstüsünü qəbul etmişdir. 8 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Asan” xidmətin yaxınlığında tanımadığı şəxsdən 30 manat müqabilində 1 ədəd sellofan bükümdə narkotik vasitə heroin almış və onu yaşadığı evdə gizlətmişdir. 9 avqust 2021-ci il tarixdə saat 16:30 radələrində Nigar Məmmədova adlı qadınla ətir almaq üçün Qaradağ rayonu ərazisində yerləşən Sədərək TM-nin şirniyyat zonasına gəlmişlər. Həmin gün saat 17 radələrində Sədərək TMnin şirniyyat zonasının qarşısındakı avtomobil dayancağında olarkən 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirdikdən sonra ondan adını və soyadını soruşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Həmin vaxt Nigar da yanında olmuşdur. Bundan sonra polis əməkdaşları avtomobilinə baxış və üzərinə şəxsi axtarış keçirmiş, lakin avtomobilindən və üzərindən qanunsuz heç nə aşkar olunmamışdır. Polis əməkdaşlarından biri Nigarı başqa avtomobillə, digər 2 polis əməkdaşı isə onu dayanacaqda olan ona məxsus avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Abdulvahab Salamzadə küçəsində yerləşən evinə gətirmişlər. Polis əməkdaşları evin qapısının yanında yerdə gizlətdiyi açarla qapını açıb içəri daxil olub evi axtarmış, lakin heç nə tapa bilməmişlər. Bundan sonra özü könüllü olaraq evində olan 1 qrama yaxın narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra polis əməkdaşları onu Qaradağ RPİ-nə gətirmişlər. Qaradağ RPİ-nin inzibati binasında otaqların birində hüquqlarının müdafiəsi üçün ona vəkil təqdim olunmuş, hüquq və vəzifələri izah olunmuşdur. Vəkilinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar olunan narkotik vasitə heroin polis əməkdaşlarının biri tərəfindən, 1 ədəd elektron tərəzi isə təhqiqatçı Nəcəf adlı şəxs tərəfindən cibinə qoyulmuşdur. Onu 9 avqust 2021-ci il tarixdə saat 13:30 radələrində Sədərək Ticarət Mərkəzində tutmuşlar. Nigarın narkotik vasitədən istifadə etdiyini bilmir. Narkotik vasitə heroini öz otağında gizlətmişdir. Narkotik vasitəni 1 gün əvvəl tanımadığı şəxsdən 1 büküm olmaqla 30 manata almışdır. Ailəsi narkotik vasitədən istifadə etdiyini bilməmişdir. Axtarış zamanı evdə heç kim olmamışdır. Evdən çıxarkən açarı yenə çöl tərəfdən qapının yanında yerə qoyub getmişlər. 9 avqust 2021-ci il tarixdə saat 16:00-da Qaradağ RPİ-nə gəlmişlər. Heroini yalnız öz istifadəsi üçün əldə etmişdir. Ona 3 nəfər polis əməkdaşı yaxınlaşmışdır. Onu yaşadığı evə gətirən polis əməkdaşlarından birinin adı Ruslan olmuşdur. Südabə adlı qonşusu polis əməkdaşlarının onu evinə gətirdiklərini görmüşdür. Polis əməkdaşları qonşusu Südabəni evə dəvət etməmişlər. Evində aparılan axtarış təxminən 10 dəqiqə davam etmişdir. Evində və ya üzərində tərəzi olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. İbtidai istintaq zamanı yazılan həmin ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatdadır, ünvan 2rdi yaşayış evində anası ilə birlikdə yaşayır. O, 1 il narkotik vasitə heroini falqa kağızının üzərində yandırıb tüstüsünü qəbul etmişdir. Təxminən 1 ay əvvəl Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Asan” xidmətin yaxınlığında özünü Nail kimi qələmə verən cavan oğlan ilə tanış olmuş, söhbət əsnasında Nail bilmişdir ki, o, narkotik vasitə olan heroin qəbul edir. Buna görə də Nail ona demişdir ki, onda satılıq narkotik vasitə heroin vardır. Nail ona 1 ədəd sellofan kəsiyində olan heroini və 1 ədəd elektron tərəzini 500 manata satmışdır. O da həmin narkotik vasitə heroini və elektron tərəzini evdə saxlamağa qorxduğu üçün üzərində gəzdirmişdir. 9 avqust 2021-ci il tarixdə saat 16:30 radələrində özünə ətir almaq üçün Qaradağ rayonu ərazisində yerləşən Sədərək TM-nin şirniyyat zonasına gəlmiş və saat 17 radələrində Sədərək TM-nin şirniyyat zonasının qarşısındakı avtomobil dayancağında olarkən 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb öz xidməti vəsiqələrini təqdim edərək DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirdikdən sonra ondan adını və soyadını soruşmuşlar. O, polis əməkdaşlarına bildirmişdir ki, Təqsirləndirilən şəxsdur. Bundan sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Qaradağ RPİ-nə gətirmişlər. Qaradağ RPİ-nin inzibati binasında otaqların birində hüquqlarının müdafiəsi üçün ona vəkil təqdim olunmuş, hüquq və vəzifələri izah olunmuş, bundan sonra vəkilinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Onun üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində hər hansı bir qanunsuz əşya və ya predmet varsa könüllü olaraq həmin əşyaları masanın üzərinə qoysun. O da əynindəki şalvarının sağ yan cibindən 1 ədəd sellofan kəsiyinə bükülmüş bükümü və 1 ədəd elektron tərəzini çıxarıb masanın üzərinə qoyaraq bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin maddəni təxminən 1 ay əvvəl Nail adlı şəxsdən aldığını və satmaq üçün üzərində gəzdirdiyini bildirmişdir. Lakin həqiqətdə o həmin narkotik vasitə olan heroini satmaq üçün deyil, istifadəsi üçün üzərində gəzdirmişdir. Həmin büküm açılmış, bükümün içərisindən narkotik vasitə heroin aşkar olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış aparılarkən mobil telefon aşkar olunmuşdur. Bundan başqa üzərindən qanunsuz əşya aşkar olunmamışdır. Üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroin və elektron tərəzi zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, zərfin üzərinə və protokola imzalar etmişlər. Üzərindən aşkar olunmuş heroini kiməsə satmaq və ya pay vermək kimi niyyəti olmamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə heroini və elektron tərəzini təxminən 1 ay bundan əvvəl adının Nail olduğunu bildirdiyi, əvvəllər tanımadığı, təxminən 30 yaşında, qarayanız, hündürboy, arıq bədən quruluşlu bir şəxsdən 500 manata almışdır. Onun narkotik vasitə heroini qəbul etməyindən ailə üzvlərindən heç kimin məlumatı olmamışdır. Polis əməkdaşları onu saxlayıb Qaradağ RPİ-nə aparanda və Qaradağ RPİdə olduğu zaman ona heç bir zor tətbiq etməmişlər. 9 avqust 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən, eləcə də həmin gündən əvvəlki müddətlərdə ***-***- **-** mobil nömrəsindən istifadə etmişdir (cild 1, iş vərəqə 54-56 və 71-73). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini qismən etiraf etmiş və işin hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinə ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2rdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə raportla müraciət edildikdən sonra daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üçün onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Alınmış əməliyyat məlumatına əsasən 9 avqust 2021-ci il tarixdə saat 16:30 radələrində baş əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Sədərək TM-nə getmişlər. Sədərək TM-nin şirniyyat zonasının 1-5-ci sıralarının qarşısındakı avtomobil dayancağında bir nəfər cavan oğlanın dayandığını görüb həmin şəxsin Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə üst-üstə düşən şəxs olduğunu müəyyən etmiş və ona yaxınlaşıb özlərini təqdim edərək adını soruşduqda həmin şəxs özünü təqdim edib 4 may 1990-cı il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2rdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar da Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu deyib üzərinə axtarış keçiriləcəyini bildirmişlər. Ancaq Təqsirləndirilən şəxs saxladıqları yerin küçə olduğunu, orada xoşagəlməz halların baş verə biləcəyini nəzərə alıb onu Qaradağ RPİ-nə dəvət etmişlər. Qaradağ RPİ-də xidməti otaqların birində videoçəkliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə vəkilinin iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Videoçəkilişi “SONY” markalı videkamera vasitəsilə o aparmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya varsa könüllü təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən 1 ədəd polietilen bükümü və 1 ədəd elektron tərəzini çıxarıb masanın üzərinə qoyub bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni Nail adlı şəxsdən satmaq üçün aldığını bildirmişdir. Həmin büküm açıldıqda içərisindən tünd qəhvəyi rəngli narkotik vasitə heroin aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparıldıqda əynindəki şalvarın sol yan cibindən mobil telefon aşkar olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir əşya aşkarlanmamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, zərfin üzərinə və protokola imza edilmişdir. Protokol tərtib edilərkən şəxsi axtarışda iştirak edən iştirakçılar tərəfindən heç bir ərizə və şikayət daxil olmamışdır. Məhkəmə kimyəvi ekspertizasından sonra məlum olmuşdur ki, həmin bükülünün içərisində narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs tutulan zaman tək olmuşdur. Şəxsi axtariş zamanı təqsirləndirilən şəxsin üzərindən 1 büküm narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə heroini Nail adlı şəxsdən satmaq üçün aldığını bildirmişdir. Əməliyyat qrupu o və Şahid2 ibarət olmuşdur. Təqsirləndirilən şəxsin evində axtarış və avtomobilinə baxış keçirilməmişdir. Təqsirləndirilən şəxs 9 avqust 2021ci il tarixdə saat 16:30 radələrində tutmuşlar. Dayanacaqda Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə üst-üstə düşən şəxs olduğunu gördükdə ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs öz maşınları ilə Qaradağ RPİ-nə aparmışlar. Təqsirləndirilən şəxsi polis bölməsinə onun və ya Şahid2 avtomobili ilə aparmışlar. Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə olmadığını bildirmişdir. Zərurət olmadığından Təqsirləndirilən şəxs evinə baxış keçirilməmişdir. Təqsirləndirilən şəxs məxsus avtomobili görməmişdir. Təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış videoçəkilişlə həyata keçirilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs Qaradağ RPİ-nə dəvət edərkən onlara müqavimət göstərməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan 9 avqust 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 9 avqust 2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Sədərək TM-də saxlanılaraq Qaradağ RPİ-nə gətirilmiş, polis əməkdaşlarının və vəkilinin iştirakı ilə videoçəkiliş vasitəsilə Qaradağ RPİ-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirilərkən o, şalvarının sağ yan cibindən 1 ədəd polietilen bükümü və 1 ədəd elektron tərəzini çıxarıb masanın üzərinə qoyaraq bükümün içərisində narkotik vasitə heroin olmasını, həmin narkotik vasitəni Nail adlı şəxsdən satmaq üçün aldığını bildirmişdir. Həmin büküm açılmış, bükümün içərisindən tünd qəhvəyi rəngli narkotik vasitə heroin aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən əynindəki şalvarın sol yan cibindən mobil telefon aşkar olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə heroini hansı məqsədlə üzərində saxlaması soruşulduqa o bildirmişdir ki, satıb müalicə olunmaq məqsədi ilə heroini üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi zərfə qoyularaq möhürlənmiş, mobil telefon isə istintaq əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür (cild 1, iş vərəqə 31- 33). Cinayət işinin materiallarında olan “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, ifadəsində göstərdikləri xüsusatları bir daha əyani olaraq hadisə yerində göstərmişdir (cild 1, iş vərəqə 58-61). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 avqust 2021-ci il tarixli 6/3394 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində şübhəli şəxs “Təqsirləndirilən şəxs” yazısı olan kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 50,785 qram tünd qəhvəyi rəngli yumşaq konsistensiyah maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və üzərində “500g X O.lg” yazısı olan qara rəngli elektron tərəzinin üzərində heroin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini və bükümdəki heroinlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır (qeyd: heroinin ümumi təmiz çəkisi 50,785 qram, tədqiqata sərf olundu 0,1 qram, qalıq 50,685 qram, cild 1, iş vərəqə 41-44). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 13 sentyabr 2021-ci il tarixli 3398 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müailəcəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 114-115). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd polietilen bükümdə təmiz çəkisi 50,785 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 50,685 qram olan narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir (cild 1, iş vərəqə 87). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 101). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 9 avqust 2021-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 21). İş materiallarında olan Qaradağ rayon məhkəməsinin 11 avqust 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 9 avqust 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 85-86). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 9 avqust 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Qaradağ rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd polietilen bükümdə tədqiqatdan sonrakı qalıq çəkisi 50,685 qram olan narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 9 avqust 2021-ci il tarixdən hesablansın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Qaradağ rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd polietilen bükümdə tədqiqatdan sonrakı qalıq çəkisi 50,685 qram olan narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən məhv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar