Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1742/2021 28.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhər 20 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə xx xxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törəmişdir. Belə ki o, 23 iyun 2021-ci ildə, saat 18 radələrində qaynı Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanına gəlib sonuncunun yaşadığı mənzilin giriş qapısını yumruq və təpiklə döyməklə öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək, həmin vaxt etdiyi hərəkətlərinə iradını bildirən Zərərçəkmiş şəxsla heç bir əsaslı səbəb olmadan mübahisə etməyə başlayıb, sonuncunun yaşadığı mənzilə daxil olmuş, mənzildə Zərərçəkmiş şəxsla və arvadı Şahid1 ilə mübahisə edib, öz şəxsiyyətini digər şəxslərin şəxsiyyəti fövqündə qoyaraq mənzilin qonaq otağında üzərində olan soyuq silah hesab olunmayan məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs bədəninə iki dəfə qəsdən vuraraq sonuncuya dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-aylırıqda həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirərək qəsdən xuliqanlıq niyyətilə zərər çəkmiş Zərərçəkmiş şəxs sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2014-cü ildə Şahid1 ilə ailə həyatı qurmuş və onların bu nikahdan bir qız övladı dünyaya gəlmişdir. Həyat yoldaşı ilə həmişə mehriban olmuş, ancaq 2019-cu ildən ailədə müəyyən narazılıqlar başlamış, buna səbəb isə 2019-cu ilə kimi işləməsi və işlərinin yaxşı olması, lakin 2019-cu ildə işdən çıxarılmağı və iş tapa bilməməyi, eləcə də, qaynanasının onların ailə işlərinə qarışması olmuşdur. Qaynanası ona niyə evdə oturduğunu, işləmmməyini irad tutmuş, buna görə də Fidanla aralarında narazlıqlar başlamışdır. Fidan daha əvvələr evdə narazılıq olduğu üçün ata evinə bir necə dəfə getmiş və sonradan o, özü gedib Fidanı evlərinə gətirmişdir. Lakin sonuncu dəfə - təxminən hadisədən 10 ay əvvəl, yəni 2020-ci ilin avqust ayında Fidan valideynlərinin evinə getmiş, o da çox əsəbiləşdiyi üçün gedib onu gətirməmişdir. Arada bir gedib yoldaşını götürmüş, bir az gəzmişlər, sonra da gətirib atası evinə qoymuşdur. Fidanla evə qayıtması üçün bu işləri qaydasına qoymağı təklif etmiş, lakin Fidan bir də onların evinə qayıtmayacağını demiş, o da boşanmağı təklif etmişdir. Lakin Fidan boşanmaq üçün sənədləri məhkəməyə təqdim etmədiyi üçün Fidana təklif etmişdir ki, əgər istəyirsə özü sənədləri götürüb gedib məhkəməyə boşanmaqla bağlı müraciət etsin. Dəfələrlə sənədləri istəsə də qaynanası və yoldaşı sənədləri ona verməmişlər. Səbəb kimi, onların adını çıxartmamağını və məhkəməyə müraciət etməməyini göstərmişlər. O da 23 iyun 2021 ci il tarixdə saat təxminən 17:30 radələrində qaynanasının yaşadığı məhələyə gedib qapını döymüş, lakin qapını üzünə açmamışlar. Bu vaxt içəridən qaynanası onu söyməyə başlamış, o da əsəbiləşib onların qapılarına təpiklə vurmağa başlamışdır. Lakin onlar yenə də içəridə olmalarına baxmayaraq, qapını açmamışlar. Blokda dayanıb onların qapını açmağını gözlədiyi zaman qaynı Elnur evlərinə gəlmiş və onun qolundan tutub zorla həyətə düşməyini, qonşuların, camaatın ona baxdığını, ayıb olduğunu bildirmişdir. O da qaynına sənədləri alana kimi heç yana getməyəcəyini bildirmişdir. Bu vaxt qaynı yenə onun qolundan tutub dartmış, o, əsəbiləşib cibində olan bıçağı çıxarıb qorxutmaq üçün Elnurun sol qoluna yüngül çəkmişdir ki, Elnur əlini onun qolundan çəksin. Bu anda qapı açılmış və o, qaynı Elnuru itələyərək evə girmişdir. Qaynanasıgil onu içəri buraxmaq istəməmiş və qapıda qaynanası onun belindən yapışıb saxlamağa çalışmış, lakin o, qaynanasıgilin evinə girmiş və qaynı Elnur da arxasınca gəlib onu qucaqlamışdır. Bu vaxt o, əlində olan bıçağın onun özündən asılı olmayaraq qaynı Elnurun bədəninə sol arxa hissədən batmasını hiss etmiş və evdə qaynanasına Elnuru xəstəxanaya aparmasını, əlindəki bıçağın deyəsən Elnura batdığını bildirmişdir. Bundan sonra qaynanası onu evlərindən qovaraq qapını bağlamış, o da qapıdan çıxarkən bıçağı yerdə olan salfetə silib liftin şaxtasına ataraq getmişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs onunla mübahisə edərək zorla oradan çıxıb getməyini istəmiş və iki dəfə qolundan tutub dartaraq qapıdan çəkilib aşağı düşməyini və oradan uzaqlaşmağını istəmiş, o da əsəbi olduğundan özündən asılı olmayan səbəbdən əlindəki bıçaqla Elnuru vurmuşdur. Sürücü işlədiyi üçün həmişə yolda olmuş, bıçaqdan həm kalbasa, həm də çörək kəsmək üçün və digər ehtiyacları üçün istifadə etdiyindən üstündə saxlamışdır. Bu səbəbdən də, həmin vaxt bıçaq üstündə olmuşdur. Hadisə zamanı o, Elnuru özündən uzaqlaşdırmaq üçün həmin bıçaqdan istifadə etmək istəmişdir. Hadisə zamanı orada qaynı Elnur qaynanası Kəmalə həyat yoldaşı Fidan olmuş, lakin qaynanası və həyat yoldaşı mətbəxdə olduğu üçün onların mübahisəsini eşitmiş, lakin tam olaraq görməmişlər. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, “Meqa polis” restoranında ofisiant işləyir. Bacısı Şahid1 2014 ci ildə Təqsirləndirilən şəxsla ailə həyatı qurmuş və bu hikahdan bir qız övladları dünyaya gəlmişdir. Ailə həyatı qurduqdan sonra bacısının Ənvərlə normal münasibətləri olmuş, bir müddət sonra isə aralarında narazılıq baş vermişdir. 23.06.2021-ci il tarixdə evdən anası ona zəng vuraraq yeznəsi Ənvərin evin qapısını təpilkədiyini demiş və tez evə gəlməyini istəmişdir. O da tez evə gəlmişdir. Bu zaman görmüşdür ki, həqiqətən də Ənvər onların yaşadığı evin blokunda yaşadıqları evin qarşısında dayanıb yüksək səslə qışqıraraq qapını təpik və yumruqla döyür. Ənvərə yaxınlaşaraq sakitləşdirib nə istədiyini, camaatın onlara baxdığını, ayıb olduğunu bildirmişdir. Ənvər isə ona qulaq asmamış, qapını açmağını, evə girəcəyini bildirmişdir. O, məcbur qalıb Ənvərin qolundan tutaraq zorla çölə çıxarmağa çalışmışdır ki, camaat içində biabır olmasınlar. Ənvəri oradan uzaqlaşdırmaq istəyərkən evdən qapını açmışlar və Ənvər onu kənara itələyib özü tez evə girmişdir. O da Ənvərin arxasınca evə girmişdir. Ənvərin qolundan bir də tutub evdən çölə çıxarmaq istəyərkən Ənvər üzərində olan bıçağı çıxarıb onun sol qolunun altından və sol kürəyindən iki dəfə həmin bıçaqla vurmuşdur. O, əvvəlcə bıçaq zərbələrinin təsirini o qədər güclü hiss etməmiş, lakin bir neçə dəqiqə sonra halsızlaşmışdır. Hadisə zamanı yaşadığı evdə anası Kəmalə və bacısı Fidan olmuşdur. Hadisə zamanı nə o, nə də evdən heç kim Mərdanı vurmamış və xəsarət yetirməmişdir. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2014 ci ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və onların bu nigahdan bir qız övladı dünyaya gəlmişdir. Ailə həyatı qurduqdan sonra əvvəlcə onların arasında münasibətləri yaxşı olsa da, Ənvərin onu çox qısqandığından sonradan yola gedə bilməmişlər və mütəmadi olaraq mübahisə etməyə başlamışlar. Bir müddətdən sonra artıq Ənvərlə bir evdə yaşaya bilməyəcəyini başa düşərək uşağını da götürüb anasıgilə gəlib onlarla yaşamağa başlamışdır. Bir neçə dəfə bu hal baş vermiş və hər dəfə də Ənvər gəlib ona bir daha belə halların baş verməyəcəyinə söz verərək inandırdığı üçün evə qayıtmışdır. Lakin sonradan o, artıq Ənvərin xasiyyətinin düzəlməyəcəyinə əmin olmuş və uşağı ilə birlikdə anasıgilə gələrək birdəfəlik anasıgillə yaşamağa başlamış, Ənvərə də artıq boşanmaq istədiyini, buna görə də məhkəməyə boşanma ərizəsi verəcəyini demişdir. Ənvər bir neçə dəfə onu bu yoldan döndərməyə çalışsa da, o, fikrində qəti olduğu üçün ona boşanacağını bildirmişdir. Lakin vaxt edib sənədləri boşanmaqla bağlı məhkəməyə vermətə imkan tapmamışdır. 23.06.2021-ci il tarixdə təxminən saat 18 radələrində anası ilə birlikdə evdə olduqları zaman çöl qapı bərk döyülmüşdür. Anası qapının gözündən baxaraq Ənvər olduğunu bildirmişdir. Ənvər qapını yumruq və təpiklə bərk döymüş, yüksək səslə qışqırmışdır. Qorxduqlarından qapını açmamışlar. Anası tez qardaşı Elnura zəng edərək bu barədə məlumat vermişdir. Bir az keçmiş Elnur gəlib Ənvəri sakitləşdirməyə başlamış, lakin Ənvər sakitləşməmişdir. Bundan sonra onlar məcbur qalıb qapını açmışlar ki, camaat içində biabır olmasınlar. Qapını açan kimi Ənvər özünü içəri atmış və qardaşı Elnur da onun arxasınca evə girmişdir. Bu zaman qardaşı Ənvəri sakitləşdirərkən Ənvər cibindən bıçaq çıxarıb Elnurunun bədənindən vurmuşdur. Elnur Ənvərdən uzaqlaşmış, Ənvər də əlində bıçaqla evdən çıxıb getmişdir. Onlar tez TTY-a zəng vurmuş və TTY işçiləri gəlib qardaşını xəstəxanaya aparmışlar. Hadisə zamanı evdə Ənvər və Elnurdan başqa, özü və anası olmuş, başqa heç kim evdə olmamış və bu hadisənin şahidi olmamışdır. Məhkəmədə dindirilmiş Şahid2 şahidlər Şahid1 və Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək hər biri həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etdi. Şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqda verdiyi və məhkəmədə araşdırılan, cinayət işinin130-132-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” Publik Hüquqi şəxsin Nəsimi rayon şöbəsində məhkəmə-tibb eksperti vəzifəsində işləyir. Zərərçəkmiş şəxs barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizanın keçirilməsi ona həvalə edildiyindən, tərəfindən ekspertiza keçirilmişdir. Həmin ekspertizanın nəticəsində Zərərçəkmiş şəxs bədən səthində döş qəfəsinin sol yarısının ön səthinin 1 ədəd və döş qəfəsinin sol yarısının arxa səthinin 1 ədəd daxilə nüfuz edən hemotoraks və pnevmotoraksla müşayiət olunan deşilmiş-kəsilmiş yaraları kimi həm ümumilikdə, həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri aşkar edilmişdir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş həmin hər iki xəsarətona təqdim edilmiş uzunluğu 90 mm, eni əsasında 14 mm, ortada 17 mm, sərbəst kənarında 13 mm və qalınlığı 13 mm olan bıçaqla yetirilməyə xarakterikdir. Cinayət işinin 5-9-cu vərəqlərində olan hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs yaşadığı ünvan 4 ünvanda yerləşən mənzildir. Həmin mənzil 1B saylı binanın 9-cu mərtəbəsində yerləşir. Binanın 9-cu mərtəbəsinə pilləkanlarla qalxdıqda sağ tərəfdə əsası boz rəngdən olan dəmir giriş qapısı vardır ki, həmin qapıdan mənzilə daxil olunur. Mənzilə giriş qapısından daxil olduqda qonaq otağına daxil olunur, qonaq otağında girişdən sağ və sol divara müxtəlif əşyalar yığılmışdır, həmin əşyalar güzgü, masa və sairdən ibarətdir. Qonqa otağının ortasına yerə xalça sərilmişdir. Qonaq otağına girişdən sağ tərəfdə iki ədəd yataq otağı vardır, həmin yataq otaqlarında müxtəlif əşyalar və çarpayılar vardır, otaqlar səliqəsizdir. Qonaq otağına girişdən düz hərəkət edib sola döndükdə orada mətbəx otağı yerləşir, mətbəx otağına çatmamış isə hamam-tualet otağı yerləşir. Cinayət işinin 52-53-cü vərəqlərində olan baxış keçirilməsi haqqında 25 iyun 2021ci il tarixli protokoldan görünür ki, baxış keçirilən bıçaq qatlanmayan tiplidir, tiyə və dəstəkdən ibarət olmaqla ümumi uzunluğu 153 mm-dir. Bıçaq işlək vəziyyətdədir, tiyəsinin bir hissəsi itidir, bir tərəfi kütdür. Tiyə gümüşü rəngdədir, tiyənin aşağı kənarı üzrə uzunluğu 63 mm, eni 13 mm, ortada 12 mm, ucda 1 mm-dir. Tiyənin sol səthində «Stainless Steel» yazıları həkk olunmuşdur. Dəstək tünd qırmızı rəngdədir, plastmasdandır, uzunluğu 90 mm, eni 14 mm, ortada 17 mm, sərbəst kənarında 13 mm və qalınlığı 13 mm-dir. Dəstəyin üzərində işlənmə izləri müşahidə olunur. Cinayət işinin 110-cu vərəqində olan əşyanın tanınmaya təqdim edilməsi haqqında 16 avqust 2021-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona təqdim olunan bıçaqların arasından Təqsirləndirilən şəxs tərəfindən ona xəsarət yetirilmiş bıçağı tanımışdır. Cinayət işinin 127-129-cu vərəqlərində olan məhkəmə-tibbi ekspertizasının 24 avqust 2021-ci il tarixli, 773 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Premium Clinic xəstəxanasına müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən 23.06.2021-ci il tarixdə bədənində aşkar edilmiş xəsarətlər – döş qəfəsinin sol yarısının ön səthinin 1 (bir) ədəd və döş qəfəsinin sol yarısının arxa səthinin 1 (bir) ədəd daxilə nüfuz edən hemotoraks və pnevmotoraksla müşayiət olunan deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakteri və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin deşici-kəsici təsirindən əmələ gələ bilmələri mümkündür. Cinayət işinin 122-126-cı vərəqlərində olan məhkəmə-kriminalistik ekspertizasının 27 avqust 2021-ci il tarixli, 449-2021/MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş bıçaq məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Ekspertizaya təqdim edilmiş bıçağın üzərində sonradan heç bir düzəliş edilməmişdir. Cinayət işinin 119-121-ci vərəqlərində olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 24 avqust 2021-ci il tarixli, 1907 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs haı-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 133-142-cü vərəqlərində olan 28 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bıçaq maddi sübut kimi tanınmış və saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, o, CM-nin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 20,32-35-ci vərəqlərində olan protokollardan görünür ki, Təqsirləndirilən şəxs 24 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 89-92-ci vərəqlərində olan Nəsimi Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 100-101-ci vərəqlərində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə nəzərdə tutulan cəzanı ağırlaşdıran hal yoxdur. Himayəsində bir nəfər azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışması, əvvəllər məhkum olmaması CM-nin 59.1.4, 59.1.12 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsində deyilir ki, “Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz”. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələblərini nəzərə almaqla CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimaitəhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin hər birinin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndiriyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 24 iyun 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak, məhkəmə məsrəfi yoxdur. Maddi sübut olaraq Nəsimi RPİ-də saxlanılan bıçaq məhv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6(altı) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 24 iyun 2021-ci il tarixdən hesablansın. Maddi sübut olaraq Nəsimi RPİ-də saxlanılan bıçaq məhv edilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1742/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1742/2021
28.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver