Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1745/2022 21.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X7 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhər 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi - anası Qanuni nümayəndə iştirakı ilə, xx xxxxx 2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam-orta təhsilli, işləmir, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, H.Cavid küçəsi, dalan 2, ev 2, mənzil 12-də qeydiyyatda olmaqla hazırda həmin ünvanda yaşayır və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 22 fevral 2022-ci ildə saat 13 radələrində ünvan 1 ünvanda yerləşən “Lanset” Cərrahlıq Klinikasının qarşısında tanışı Şahid1 Azad oğlu ilə şəxsiyyətləri istintaqa tam məlum olmayan Əli və Məhəmməd adlı yetkinlik yaşına çatmayan şəxslərlə məişət münasibətləri zəminində mübahisə edərkən həmin vaxt orada olan, mübahisəyə hər hansı bir müdaxilə etməyən Zərərçəkmiş şəxs sol döş qəfəsindən üzərində gəzdirdiyi bıçaqla heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə 1 dəfə qəsdən vuraraq sonuncunun sol tərəfli hemopnevmotoraks, diafraqmanın sol yarısının, qabırğaarası arteriyanın və sol ağciyərin aşağı payının zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının bayır səthindən döş boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa qəsdən ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, 2012-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən 18 saylı orta məktəbə daxil olmuş, 6-cı sinifə qədər həmin məktəbdə təhsil almış, daha sonra isə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 44 saylı orta məktəbə keçirilmişdir. O, hazırda 44 nömrəli məktəbin 10-cu sinif şagirdidir. Şahid1 2012-ci il tarixdən tanımış, belə ki, onunla bir məhəllədə yəni ünvan 2 ünvanında yaşamış və həmçinin Şahid1lə bir məktəbdə oxumuşdur. Amal ondan bir sinif yuxarı oxumuş, hazırda isə Amal orta məktəbi bitirmişdir. 22 fevral 2022-ci il tarixdə saat təxminən 12 radələrində Amal öz istifadəsində olan hazırda xatırlamadığı mobil nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** nömrəsinə zəng vuraraq onu Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 258 saylı tam orta məktəbin qarşına dəvət etmiş və telefonda ona bildirmişdir ki, həmin məktəbin qarşısında istədiyi qızla görüşəcək və qızın yanında da rəfiqəsi olacaq. O da qız adı eşitdikdə dərhal "Bolt” xidmətindən taksi sifariş verib taksi ilə Nərimanov rayonunda yerləşən 258 saylı orta məktəbin qarşısına gəlmiş və ora çatanda Amalın məktəbin qarşısında dayandığını görmşüdür. O, Amal ilə görüşdükdə Amal ona istədiyi qızla telefonla danışdığını və tənəffüsdə adını bilmədiyi həmin qızla rəfiqəsinin məktəbin qarşısına gələcəyini ona bildirmiş və bir az gözləməyi ondan xahiş etmişdir. Onlar qızları gözləyərkən Amal ona 258 nömrəli orta məktəbin qarşısında olan köşkün yaxınlığında dayanmış uşaqların onlar tərəfə baxdığını bildirmiş, o da güman etmişdir ki, məktəbin qarşısında dayanmaqları həmin uşaqların xoşuna gəlməmiş, bu səbəbdən həmin uşaqlar onlar tərəfə baxmışlar. Həmin vaxt Amala baxan uşaqlardan adını bilmədiyi balaca boylu biri onlara yaxınlaşmış və onlarla salamlaşmışdır. Bu vaxtda ətrafda olan tanımadığı təxminən 15 nəfər şəxs də onlara yaxınlaşmış, o, adını bilmədiyi, balaca boylu oğlandan hansı səbəbdən yaxınlaşdığını xəbər aldıqda həmin adını bilmədiyi oğlan da onların tərs-tərs baxması səbəbindən onlara yaxınlaşdığını ona bildirmişdir. Bu zaman həmin uşaqlardan biri onun üstünə gəlmiş və o məcbur olub onun sinəsindən əlinin arxası ilə itələmişdir. Həmin uşaqlardan balaca boylu olan adını bilmədiyi uşaq onlara məktəbin arxasına keçməyi təklif etmiş, onlar da məktəbin arxasına keçərkən o, Amaldan üzərində gəzdirdiyi bıçağı istəmiş, Amal ilk öncə bıçağa ehtiyac olmadığını ona bildirsə də, o təkid etdikdə Amal üzərində olan kəpənək şəkilli, qara rəngli açılıb-qatlanan bıçağı ona vermişdir. Bu zaman həmin uşaqlar onda bıçaq olduğunu görüb qardaşlarını çağıracaqlarını və gözləmələrini onlara bildirmişlər. Təxminən 2-3 dəqiqə sonra adını sonradan bildiyi Zakir adlı şəxs həmin uşaqlara yaxınlaşmış və həmin uşaqlarla birlikdə onların yanına gəlmişdir. Zakir onlarla normal şəkildə görüşüb onları məktəbin arxasına dəvət etmiş, onlarda məktəbin arxasına gedərkən həmin uşaqlardan biri Amala çiyin vurmuş, o da Zakirə bildirmişdir ki, “sən hamıdan böyüksən, dostuna de ki, artıq hərəkət etməsin”. Zakir də uşaqlara heç bir artıq hərəkət etməmələrini bildirmişdir. Onlar məktəbin arxasına keçdikdə adlarını bilmədiyi həmin uşaqlar onları öz dairələrinə almış, həmin vaxt Zakir onlardan arada nə məsələ olduğunu soruşmuş, o da Zakirə bildirmişdir ki, onlar məktəbin qarşısında dayananda onun dostları yaxınlaşmış və onlara baxdıqlarını ona və dostu Amala irad bildirmişlər. Zakir də onlara bildirmişdir ki, arada olan söz-söhbət uşaq söhbətidir və tərəflərə barışmağı təklif etmişdir. Onlarda bir-birlərinə əl verib görüşmüş və onlar həmin uşaqlardan aralaşmaq istəyərkən Zakirin yanında olan adını bilmədiyi şəxs Zakirə “bunları döymədən yola salaq?” kimi sual etmiş, həmin vaxtda onun yanında olan Amal əsəbləşib həmin uşağın üstünə yürümüş və həmin uşaqda başını Amalın başına toqquşdurmuşdur. Bu zamanda o əsəbləşib Zakirə “küçüyünü kənara çək” deyə bildirmiş, bu sözdə onların xoşuna gəlməmiş, Zakir başda olmaqla onların hamısı onun üzərinə gələrkən o da məcbur qalıb bir az geri çəkilmiş və Amaldan aldığı bıçağı gödəkc əsinin sağ yan cibindən çıxardaraq Zakirin sol qolunun altından bir dəfə zərbə ilə vurub geri çəkilmişdir. O, Zakiri vuranda Zakir ona “nə etdin?” deyə sual etmiş, o isə özünü itirdiyi üçün onun sualını cavablandırmayıb donub qalmış, həmin vaxt Amal ona qaçmağı təklif etmişdir. O da bundan sonra Amala qoşulub qaçmışdır.Yolda Amal ona öz yaşadığı evə getməyi təklif etmiş, o da Amalın təklifini qəbul edib Amal ilə birlikdə Amalın yaşadığı Nəsimi rayonunda yerləşən mənzilinə getmişdir. Yolda marketdən su və salfetka almışdır ki, suyu üzünə vurub özünə gəlsin. Onlar Amalın yaşadığı binanın blokuna çatdıqda Amal bıçağı ondan almış və onun aldığı su ilə həmin bıçağı yumuş, yuyandan sonra isə öz yaşadığı binanın 4-cü mərtəbəsinin blokunda olan matrasın arxasına qoymuşdur. Bundan sonra onlar Amalın yaşadığı evə daxil olmuş və həmin vaxt evdə Amalın bacılarının olduğunu görmüşlər. Amal bacılarına heç bir məlumat verməmiş və Astara rayonuna gedəcəyini ona bildirmiş, hətta Amal ona da Astara rayonuna getməyi təklif etmiş, o isə getmək istəmədiyini Amala bildirmişdir. Amala məxsus mənzildə olarkən bacısı Selcana zəng vurub baş vermiş hadisə barədə ona məlumat vermiş və ondan yol pulu istəmişdir. Bacısı Selcan isə ondan evə gəlməsini tələb etmişdir. Evə getdikdən sonra bacısı Selcandan yol pulu alıb Sabirabad rayonunda yaşayan qohumları Həlməgilə getmiş və bir ay onlarda qalmış, ama bir ay ərzində onlara bu barədə hər hansı bir məlumat verməmişdir. Bir aydan sonra Bakı şəhərinə, yəni yaşadığı evə geri qayıtmış, Bakı şəhərinə gəlməyinə baxmayaraq polislərin onu axtardığını bilib təxminən bir ay Bakı şəhərində olan evlərində gizlənmiş, həyətə çıxmamış, bir aydan sonra isə sakitlik olduğunu görüb arada bir həyətə çıxmışdır. 25 may 2022-ci il tarixdə axşam saatlarında onu Nərimanov RPİ-in 16-cı polis bölməsinin əməkdaşları saxlayaraq axtarışda olduğunu bildirib, onu polis bölməsinə dəvət etmişlər. Hadisə zamanı özü və Ama xəsarət almamış, Zərərçəkmiş şəxs başqa heçkəsə xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs hadisə gününədək tanımamış və görməmişdir. O fikirləşmişdir ki, məktəblilərin onlara tərs baxmasının səbəbi təhsil aldıqları məktəbin qabağında tanımadıqları şəxslərin dayanması olmuşdur. Məktəblilərin əslində onlara hansı səbəblə baxdıqlarını bilməmişdir. Məktəbin arxasına keçdikdən sonra onlarla söhbət etməyə gələn məktəblilərin sayı 25-30 nəfər olmuşdur. Zərərçəkmiş şəxs onlara qarşı heç bir nalayiq ifadə və ya hərəkət etməmişdir. Mübahisə zamanı təsadüfən yanında Zakir olduğu üçün qorxub bıçaqla ona xəsarət yetirmişdir. Onlar 2 nəfər, onlarla söhbətə gələn şəxslər isə 25-30 nəfər olmuş, həmin şəxslər onları əhatəyə almışlar. Bıçağı çıxarma səbəbi üzərlərinə gələn şəxsləri qorxudaraq uzaqlaşdırmaq olmuşdur. Hadisə yerinə gedərkən Amal onda bıçaq olduğu, qorxmamağını demişdir. Məktəblilərdən birinin onlara qarşı aqressiv sözlərindən sonra mübahisə başlamışdır. Onlar məktəbin önündə dayanan zaman məktəblilərin dərsdən çıxış saatı olmuşdur. Onlarla söhbətə gələn məktəblilərin heç birini tanımamışdır. Hadisə günü üzərində bıçaq olmamış, onu sonradan Amaldan almışdır. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması məhkəmə istintaqı zamanı qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, digər istintaq hərəkətinin protokolları, ekspertiza rəyləri və cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam sübuta yetirildi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailə üzvüləri ilə birlikdə yaşayır. Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 36 saylı orta məktəbin 11 Y sinif şagirdi olmasına baxmayaraq üzrlü səbəb olmadan 22 fevral 2022-ci il tarixdə təhsil aldığı orta məktəbə getməmiş və məktəbin həyətində gəzmişdir. Bu vaxt Məhəmməd, onun qardaşı Əli və onların yanında olan tanımadığı tanışı ona yaxınlaşmış və bu zaman Məhəmməd ona bildirmişdir ki, yanında olan tanışının 258 nömrəli orta məktəbin yanında başqa bir uşaqla sözü düşmüş və o, 258 nömrəli məktəbin qarşısına gedərək həmin uşaqları barışdırmış daha sonra Məhəmməd və onun yanında olan dostlarından ayrılmışdır. Bir müddət sonra o, yenidən məktəbin qarşısından keçəndə Məhəmmədin, Əlinin və onun yanında olan adını bilmədiyi uşağın iki nəfər başqa şəxslə söhbət etdiyini görmüş və həmin vaxt Məhəmməd onu görüb öz yanlarına çağırmışdır. O, Məhəmmədə yaxınlaşanda görmüşdür ki, mübahisə məktəbin qarşısında dayanmağa görə baş vermiş və ətrafda çoxlu uşağın olmasını nəzərə alıb uşaqlara məktəbin arxasına keçməyi təklif etmişdir. Məktəbin arxasına keçdikdə o, Məhəmmədlə mübahisə edən adlarını sonradan bildiyi Mirnuran və Amala məktəbin qarşısına hansı səbəbdən gəlmələrini sual etmiş, onlar isə məktəbin qarşısına hər hansı qıza görə gəlmədiklərini sadəcə gəzməyə gəldiklərini ona bildirmişlər. Bu zaman o hər hansı bir problemin olmadığını, uşaqlara barışmaqlarını tərəflərə təklif etmiş, uşaqlarda əl sıxışıb getmək istəyərkən onun yanında olan Məhəmməd adlı uşaq ona “bunlar hardan gəlib, bizimlə belə qaydada danışırlar?” deyə sual etmiş, bu zaman Mirnuran əsəbləşib “küçüklərini yığışdır” deyə ona müraciət etmiş, ilk öncə Məhəmməd daha sonra isə o, Mirnurana söyüşlə danışdığını irad bildirdikdə Mirnuran qəfildən cibindən qara rəngli üçbucaq şəkilli kəpənək bıçağı çıxararaq onun sol döş qəfəsindən vurub geri çəkilmiş və bunu görən ətrafda olan uşaqlar hamısı qaçıb getmişlər. Uşaqlardan yalnız Əlövsət qalmış və o, da Əlövsətlə birlikdə aptekə gedərək oradan bint almış yaranın üstünü bağlamış, qanın dayanmadığını gördükdə isə ilk öncə "City“ hospitala, daha sonra isə “X5” getmişdir. Hadisə vaxtı heç kəsin bir-biri ilə dalaşmamış, sadəcə Mirnuran onu bıçaqla vurmuşdur. Məktəblilərlə Mirnurangilin baxışması zamanı və ilk söhbətlərində orada olmamış, onu sonradan çağırmışlar. Mirnuranın onu vurma səbəbini bilmir. Hadisə vaxtı Mirnurana və ya digər şəxsə qarşı nalayiq ifadə işlətməmişdir. Mirnuranla aralarında heç bir mübahisə olmamışdır. Mirnurangillə söhbət edən zaman 6-7 nəfər olmuşlar. Mirnuran ona “küçüklərini yığışdır” dedikdən sonra mübahisə böyümüşdür. Hadisə vaxtı Mirnurangillə əlbəyaxa olmamışlar. Təqsirləndirilən şəxsi hadisə gününə qədər tanımamış və görməmişdir. O, yaşca məktəblilərin arasında ən böyük olmuşdur. Məktəblilərdə və onda bıçaq və ya digər kəsici, deşici alət olmamışdır. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 qızı ifadəsində göstərmişdir ki, 4.07.2002-ci ildə Bakı şəhərində doğulmuş, orta təhsil almış və hazırda fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Qardaşı Mirnuran və anası Natavan ilə birlikdə yaşayır. 22 fevral 2022-ci il tarixdə saat təxminən 13:30 radələrində qardaşı Mirnuran ona zəng vuraraq kiminləsə məktəbin qarşısında söhbəti düşdüyünü və onu bıçaqladığını bildirmiş və ona dostu Amal ilə birlikdə qaçmaq üçün yol pulu lazım olduğunu bildirmişdir. O isə Mirnurana heç yerə getməməyini, evə gəlməsini bildirmişdir. O baş vermiş hadisə barədə anası Natavana məlumat vermiş, Natavan da dərhal evə gəlmişdir. Evdə olarkən qardaşı Mirnuran məktəbin qarşısında uşaqlarla sözü düşdüyünü və yanında olan Amal adlı dostundan bıçaq alaraq Zakir adlı şəxsi bıçaqla vurduğunu bildirmişdir. Bu hadisədən sonra anası X3 rayonunda yaşayan qohumları Həlməgilə göndərmiş və Mirnuranada tapşırmışdır ki, baş verənlər barədə onlara heç bir məlumat verməsin. Mirnuran da bir ay rayonda qalmış, daha sonra isə şəhərdə evlərinə gəlmiş, bir ayda öz evlərində qalıb həyətə düşməmişdir. Bir müddətdən sonra qardaşı Mirnuran sakitçilik olduğunu görüb həyətə düşdükdə, yəni 25 may 2022-ci il tarixdə Nərimanov RPİin 16-cı PB-in əməkdaşları Təqsirləndirilən şəxs saxlayıb istintaq orqanına təhvil vermişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin qanuni nümayədəsi Qanuni nümayəndə Şahid2 qızının ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Azad oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2004-cü il tarixdə Astara rayonunun Ərçivan kəndində anadan olmuş, orta təhsilini Bakı şəhəri, Nəsimi rayonunda yerləşən 44 saylı tam orta məktəbdə almış və 2019-cu il tarixdə 9-cu sinifdə olarkən imtahandan kəsildiyi üçün məktəbdən xaric edilmişdir. Məktəbdən xaric edildikdən sonra hər hansı bir işlə məşğul olmamışdır. Təqsirləndirilən şəxs bir yerdə Nəsimi rayonunda yerləşən 44 saylı tam orta məktəbdə oxusa da, onunla tanışlığı məktəbdə deyil “PUBGMOBİLE” oyunu vasitəsi ilə təxminən bir il bundan əvvəl baş tutmuş, belə ki, həmin oyun vasitəsi ilə Mirnuranla bir-birini tanıyıb dost olmuşlar. 22 fevral 2022-ci il tarixdə saat 11 radələrində Mirnuran xatırlamadığı mobil nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vurmuş və ona görüşməyi təklif etmişdir. O da Mirnuranın təklifinə etiraz etmədikdə Mirnuran görüş yerini Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 258 nömrəli məktəbin qarşısına təyin etmişdir. O həmin gün saat 13 radələrində həmin məktəbin qarşısına gəlmiş və məktəbin girişinə yaxın bir yerdə Mirnuranla görüşmüşdür. Həmin vaxt tanımadığı 1 nəfər cavan oğlan onun yanında olan Mirnurana yaxınlaşmış və Mirnurandan ona niyə baxdığını soruşmuş, Mirnuranda ona “qız deyilsən, sənə niyə baxım?” deyə cavab vermişdir. Bu vaxt 3 nəfər az yaşlı uşaqda onlara yaxınlaşmış, həmin vaxt o və Mirnuran onlara uşaq olduqlarını bildirdikdə, əynində uzun gödəkcə olan adını bilmədiyi cavan oğlan onlara bildirmişdir ki, sizə böyük adam lazımdısa, çağırım, gəlsin. Onlar da həmin uşaqlara “çağır, böyüyün gəlsin” deyə cavab vermişlər. Təxminən 4-5 dəqiqə sonra onlar əvvəllər görmədiyi və tanımadığı sonradan adı onlara məlum olan Zakir adlı bir cavan oğlan yaxınlaşmış və nə baş verdiyini onlardan soruşmuşdur. O və Mirnuran uşaqların onlara baxmasını bəhanə edib onlarla mübahisə yaratdıqlarını Zakirə bildirmişlər. Bu zaman Zakir onlara ətrafda çoxlu şəxsin olduğunu bildirib söhbət etmək üçün məktəbin arxasına keçməyi təklif etmişdir. Onlar da Zakirin təklifinə etiraz etməmiş və məktəbin arxasına keçmişlər. Onlar məktəbin arxasına keçərkən ora tanımadıqları başqa uşaqlar da gəlmişdir. Məktəbin arxasında olan zibil qutusunun yanına çatanda Zakir orda dayanmış və söhbəti başdan danışmağını onlardan xahiş etmiş, o və Mirnuran da söhbəti Zakirə başdan danışmışlar. Zakir söhbəti dinlədikdən sonra uşaq söhbəti olduğunu bildirmiş və onu çağıran uşağa onu bura niyə çağırdığını irad bildirmişdir. Həmin vaxt Zakir söhbətin boş söhbət olduğunu bildirib onlarla əl sıxışmış və sağollaşıb getmək istəyərkən həmin uşaqlardan balaca boylu olanı sonradan adı ona məlum olan Əli adlı şəxs heç bir səbəb olmadan qayıdıb onlara bildirmişdir ki, “bunlar burda nə genəlir, gərək bunların bir yerini deşərdik”. Bu sözdən sonra o, geri dönüb həmin uşağa demişdir ki, “sənin böyüyün ilə danışdıq, məsələni yoluna qoyduq, sən qan-qaraçılıq istəyirsən”, Əli adlı uşaq isə “hə, mənə qan-qaraçılıq lazımdır” deyib üzərinə yürümüş və uşaqlar onları öz əhatələrinə almışlar. Həmin vaxt Əli onun yaxasından tutub geriyə itələmiş, o da Əlinin üstünə getmək istəyəndə Mirnuranın qəfildən əlində bıçaqla Zakiri üstünə gedib onu sol qolunun altından bir dəfə vurduğunu və Zakiri söyüb qaçdığını görmüşdür. Mirnuran qaçdıqdan sonra Zakir ona bildirmişdir ki, “dostun məni niyə vurdu?”, o, Zakirə cavab verə bilməmiş və ətrafda olan şəxslərin qaçdığını görüb o da qaçmışdır. Bir az qaçdıqdan sonra Mirnurana çatmış, bundan sonra Mirnuran ona onun yaşadığı evə getməyi təklif etmiş, o da etiraz etmədikdə Mirnuranla birlikdə piyada şəkildə kirayədə yaşadığı ünvan 3 ünvanına gəlmişdir. Həmin vaxt evdə bacıları Ramilə və Kamilə olmuş, lakin hadisə barədə o, bacılarına heçnə deməmişdir. O, Mirnuranla qonaq otağına keçmiş ilk öncə Mirnuran əl-üzünü yumaq istəmiş bu məqsədlə də o, Mirnurana hamam otağını göstərmiş, Mirnuran əlini-üzünü yuduqdan sonra acdığını və pizza sifariş etmək istədiyini bildirmiş, o da ünvana pizza sifariş vermişdir. Piza sifarişi gələnə kimi Mirnuran anasına zəng vurmuş və hadisə barəsində anasına məlumat vermiş, anası da telefonda ona təcili evə gəlməsini bildirmişdir. Az müddət sonra pizza sifarişi evə gəlmiş və onlar pizzanı yedikdən sonra Mirnuran taksi sifariş etmiş və taksi gələnədək Mirnuran ondan yeni geyim əşyaları verməyini xahiş etmiş, o da Mirnurana özünə məxsus uzun qol qara köynək, boz rəngli sport şalvar vermiş və Mirnuran ona məxsus paltarları geydikdən sonra çıxıb getmişdir. Bundan sonra o həmin gün saat 17:00-da bacısı Ramilə ilə birlikdə Tovuz rayonunda yaşayan xalasıqızı Kamaləgilə getmişdir. Bir neçə gün sonra Nərimanov Rayon Polis İdarəsinin 16-cı PB-dən Bəkir adlı polis əməkdaşı ona zəng vurub onu polis bölməsinə dəvət etmiş, o da könüllü şəkildə polis bölməsinə getmiş və hadisə vaxtı olanları polisə danışmışdır. Təqsirləndirilən şəxs əlində olan bıçağı nə etdiyini hara tulladığını görməmişdir. Hadisə günü üzərində bıçaq olmamışdır. Mirnurana bıçaq verməmişdir. Zərərçəkmiş şəxs Mirnurana qarşı heç bir nalayiq hərəkət etməmiş və ifadə işlətməmişdir. Mirnuranın hansı səbəbə Zərərçəkmiş şəxs vurduğunu bilməmişdir. Məktəbin arxasına keçməkdə məqsədləri sakit bir yerdə danışaraq məsələni yoluna qoymaq olmuşdur. Zakir məktəblilərə məsələni uzatmamağı bildirmişdir. Mirnuranın Zakiri bıçaqla vurması üçün əsaslı səbəb olmamışdır. Mirnurana qaçmağı təklif etməmişdir. Onu məktəbin qarşısına Mirnuran dəvət etmişdir. Məktəblilərdən birinin atmacası ilə mübahisə yenidən başlamışdır. Mirnuranın əlində olan bıçağı haradan tapması və kimdən alması barədə məlumatı olmamışdır. Mirnuranda əvvəllər bıçaq görməmişdir. Məktəblilərin onlara yaxınlaşma səbəbini bilmir. Məktəbin qarşısında olarkən sadəcə kənarda dayanıb gözləmişlər. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılan zaman o, cinayət hadisəsinin baş verdiyi yeri və şəraiti ifadəsində qeyd etdiyi formada əyani olaraq göstərərək ifadəsini təsdiq etmişdir (cild 1, iş vərəqə 51-53). Cinayət işinin materiallarında olan “tanınma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş və o, təqsirləndirilən şəxsi tam yəqinliklə tanıyaraq cinayəti həmin şəxsin törətdiyini bildirmişdir (cild 1, iş vərəqə 54-56). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Şahid1 Azad oğlu ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı təsdiq etmişlər (cild 1, iş vərəqə 133-135). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman o, cinayət hadisəsini törətdiyi yeri və şəraiti ifadəsində qeyd etdiyi formada əyani olaraq göstərərək ifadəsini təsdiq etmişdir (cild 1, iş vərəqə 136- 139). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X4 7 aprel 2022-ci il tarixli 356 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər - sol tərəfli hemopnevmotoraks, diafraqmanın sol yarsının, qabırğaarası arteriyanın və sol ağciyərin aşağı payının zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarsının bayır səthindən döş boşluğuna nüfuz edən 1 ədəd deşilmiş kəsilmiş-yarası deşici-kəsici alətin, ola bilsin ki, bıçağın tiyəsinin təsirindən törənmiş, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2022-ci il tarixdə və şəraitdə əmələ gələ bilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Hadisə haqqında olan məlumatları, xəsarətin xarakterini, lokalizasiyasını, yaranma mexanizmini və dərinliyini nəzərə alaraq demək olar ki, qeyd olunan xəsarət kənar şəxs tərəfindən yetirilmişdir (cild 1, iş vərəqə 63-64). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X4 18 may 2022-ci il tarixli 188 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarların (qısaqol kofta və gödəkcə) sol yan-arxa səthində 1 ədəd və gödəkcənin sol qolun arxa səthində 1 ədəd deşilmiş-kəsilmiş zədə aşkar olunmuşdur. Bu zədələr qabırğaları özlərini kafi dərəcədə biruzə verən küpü, iti ülgücü və iti ucu olan yastı tiyə deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs məxsus paltarların (kofta və gödəkcə) sol yan-arxa nahiyəsində aşkar edilmiş 1 ədəd deşilmiş-kəsilmiş zədə onun döş qəfəsinin sol qoltuqaltı nahiyəsində olan eyni xarakterli xəsarətlə yerləşməsinə görə nisbi olaraq uyğun gəlir. Zərərçəkmiş şəxs məxsus gödəkcənin sol qolunda aşkar edilmiş 1 ədəd deşilmiş-kəsilmiş zədə onun bədənində öz əksini tapmamışdır, bu da tək gödəkcənin zədələnməsi ilə izah oluna bilər (cild 1, iş vərəqə 164-166). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X4 11 may 2022-ci il tarixli 224 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə qan qrupu O alfa beta (1). ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus kofta, gödəkcə üzərində olan ləkələrdə O alfa beta (1) qruplu insan qanı aşkar olunmuşdur. Bu qan ləkələri O alfa beta (1) qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər (cild 1, iş vərəqə 170-173). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 4 iyul 2022-ci il tarixli 2408 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, bundan başqa sonuncuda törətdiyi əməl dövründə psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik qeyd olunmamış, bu səbəbdən də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilmişdir (cild 1, iş vərəqə 180-183). Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 1 ədəd gödəkcə və 1 ədəd kofta iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhər Səbail RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqə 197-205). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 193). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəratinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur (cild 2). Məhkəmə cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olmasını və ilk dəfə cinayət törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən bu hökmün təsviri-əsaslandırıcı hissəsində sadalanan cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdırıcı halların olmamasını, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, yetkinlik yaşına çatmamasını, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, onun cəza çəkmədən islah olunması mümkündür və barəsində cəza təyin edilməklə həmin cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun olaraq şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları nəzərə alaraq məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayır. Məhkəmə hesab edir ki, sınaq müddətinin başlanğıcı hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 may 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 89). Cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail rayon məhkəməsinin 27 may 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və o, həbsdən azad edilmişdir (cild 1, iş vərəqə 123-128). Cinayət işinin materiallarından görünür ki, 6 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 158-159). “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021ci il tarixli qərarının 2.21-ci bəndində göstərilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə həmin normanın tələbini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs 25 may 2022-ci il tarixdən 27 may 2022-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün müddət təyin edilən cəza müddətinə hesablanmamalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzərəti altına vermə qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhər Səbail RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 1 ədəd gödəkcə və 1 ədəd kofta hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin müddəalarına əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə tətbiq edilməklə ona 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin başlanğıcı hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, həmin orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək kimi vəzifələr qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzərəti altına vermə qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: -Bakı şəhər Səbail RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 1 ədəd gödəkcə və 1 ədəd kofta hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1745/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1745/2022
21.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver