Məhkəmə qərarları › İş №1(101)-1746/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1746/2021

02.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1746/2021 02.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə hesab edilən heroin və psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, 01 avqust 2021-ci il tarixdə saat 13 radələrində ünvan 2 ünvanın yaxınlığında yerləşən bağda üzərində saxladığı 0,826 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin 0,428 qramını Şahid5 20 manata satmış, 01 avqust 2021-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon Polis İdarsəinin 38-ci Polis bölməsinin və Qaradağ rayon X9 Patrul Xidməti bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 16:50 radələrində saxlanılıb, Bakı şəhəri, Qaradağ rayon Polis İdarsəinin 38-ci Polis bölməsinin inzibati binasına gətirilərək həmin gün saat 18:20 radələrində dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli şalvarın sağ cibindən 01 ədəd siqaret qutusunun içərisində 01 ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 2,051 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 01 ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 0,398 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilirək ifadəsində göstərdi ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmamış, lakin narkotik vasitə istifadəçisidir. Onu tanışı Şahid5la birlikdə narkotik vasitə istifadə edən zaman saxlamışlar. Həmin gün istifadə etdikləri narkotik vasitəni o, 2-3 gün əvvəl Lökbatan ərazisindən tapmışdır. O, həm heroin, həm də metamfetamin tapmışdır. Saxlanılan gün Şahid5 ona zəng edib narkotik vasitəyə ehtiyacı olduğunu bildirmiş, o da Tərlana onda narkotik vasitəsinin olduğunu demiş və Tərlanla birlikdə bağ evinə getmişdir. Bağ evində narkotik vasitə istifadə edən zaman isə polis əməkdaşları tərəfindən saxlanılmışlar. Tərlana verdiyi narkotik vasitəyə görə pul almamışdır. Əməlindən peşmandır. Bununla yanaşı, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq olunan ifadəsində göstərmişdir ki, təxminən 4-5 aydır ki, narkotik vasitə olan heroin və metamfetamin əldə edib falqada yandırıb tüstüsünü çəkmə yolu ilə qəbul edir. Həmin vaxt narkotik vasitələri Bakı şəhərində müxtəlif yerlərində tanımadığı şəxslərdən əldə etmişdir. Təxminən 4-5 gün əvvəl Lökbatan dairəsində bir nəfər şəxsin elan lövhəsinin yanında nəsə qoyduğunu görmüş, həmin şəxs getdikdən sonra lövhənin altından onun qoyduğu siqaret qutusunu götürmüşdür. Qutunun içərisinə baxdıqda 1 ədəd ağ sellofan bükümdə metamfetamin, 1 ədəd ağ sellofan bükümdə isə “kakos” olduğunu görmüş, dərhal siqaret qutusunu cibinə qoyub Sahil qəsəbəsinə qayıtmışdır. Həmin narkotik vasitələrin bir qismini istifadə etmişdir. 1 avqust 2021-ci il tarixdə saat təxminən 11 radələrində evinin yaxınlığında əvvəllər tanıdığı, Sahil qəsəbəsində yaşayan Tərlan adlı şəxslə görüşmüşdür. Tərlan ağrılarının olduğunu bildirmiş və narkotik vasitə tapmağını xahiş etmişdir. O, Tərlandan 20 manat almış, “şüşə” və “kakos” təşkil edəcəyini demişdir. O, evə gedib gizlincə tapdığı “şüşə” və “kakos”un hərəsindən bir dəfə istifadə etmək üçün ayırıb 2 büküm düzəltmiş, bir qədər sonra Tərlangilin evlərinin yaxınlığında yerləşən bağlarına getmişdir. Bağda ayırdığı “şüşə” və “kakos”u Tərlana vermiş, Tərlanla söhbət edib heroindən bir qədər çəkmişlər. Bir qədər də oturub yenə heroin çəkmək istəyərkən polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edib onları 38-ci Polis bölməsinə gətirmişlər. Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis bölməsinin inzibati binasının xidməti otaqlarının birində ona şübhəli şəxs qismində tutulduğu bildirilmiş, hüquq və vəzifələri izah edilmiş və hüquqlarının müdafiəsi üçün dəvət edilmiş Bakı şəhəri 10 saylı vəkil bürosunun vəkili X3 iştirakı ilə üzərinə baxış keçirilmişdir. Həmin vaxt ilk olaraq, ondan üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulmuş, o, könüllü olaraq, əynində olan göy rəngli şalvarının sağ yan cibində olan bir ədəd “Pallmal” siqaretinin qutusunda olan 01 ədəd ağ sellofan bükümdə “patı” deyilən metamfetamin, 01 ədəd ağ sellofan bükümdə heroin, narkotik vasitə istifadə etmək üçün trubka, sol yan cibindən bir “Samsung” markalı telefon və arxa cibindən 92 manat pulu çıxarıb masanın üzərinə qoyaraq, ağ sellofan bükümlərdə olan maddələrin heroin adlanan narkotik vasitə və metamfetamin olduğunu, özünə məxsus olduğunu, 1 avqust 2021-ci il tarixdə saat təxminən 13 radələrində Şahid5 aldığını, istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəyə oxşar maddə zərfə qoyularaq möhürlə möhürlənmiş, daha sonra isə bu barədə protokol tərtib edilmiş, zərfin üzərinə və protokola özü və baxışda iştirak edən digər şəxslər birlikdə imza etmişlər (cild 1, iş vərəqi 110-112). Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır. Təqsirləndirilən şəxs və Şahid5 narkotik vasitələrin qəbulu, daşınması və dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədilə Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin rəisinə raportla müraciət etmiş və məlumat əsasında əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq əldə olunduqdan sonra onun rəhbərliyi altında Qaradağ RPİ-nin Post Patrul Xidməti bölməsinin polis nəfərləri Şahid4 və Şahid3 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. 01 avqust 2021-ci il tarixdə saat 16:50 radələrində ünvan 3 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs və Şahid5 müəyyən edib, həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişlər və hər iki şəxsə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduqları bildirərək onları Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis bölməsinə gətirmişlər. Araşdırma zamanı hər iki şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra dəvət olunmuş müdafiəçilərin iştirakı ilə xidməti otaqda videoçəkiliş vasitəsi ilə üzərlərinə şəxsi axtarış keçirilmişdir. İlk olaraq Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya və ya maddə vardırsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən 1 ədəd siqaret qutusunun içərisində narkotik vasitə istifadə etmək üçün kağız trubka, 2 ədəd sellofan büküm təqdim edərək, 1-ci təqdim etdiyi bükümdəki qəhvəyi rəngli tozşəkilli maddənin heroin, daha sonra təqdim etdiyi bükümdəki maddənin metamfetamin olduğunu, həmin gün Sahil qəsəbəsində Şahid5 60 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd sellofan bükümlər və narkotik vasitə istifadə etmək üçün kağız trubka zərfə qoyularaq qablaşdırılmış, möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Şahid5 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl Şahid5 üzərində qeyri-qanuni əşya və ya maddə vardırsa təqdim etməsi təklif olunmuş, Şahid5 əynində olan şalvarın cibindən 1 ədəd sarı rəngli kağız bükümü təqdim edərək həmin bükümün içərisində metamfetamin olduğunu, həmin metamfetamini Təqsirləndirilən şəxs bir çetini 10 manata aldığını bildirmişdir. Şahid5 üzərindən aşkar edilmiş 1 ədəd sarı rəngli kağız büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs və Şahid5 narkotik vasitəni bir-birilərindən aldığını bildirmiş, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitəni kimdən alması müəyyənləşdirilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid2, Şahid4 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları tam təsdiq etdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, narkotik vasitə istifadəçisidir və hal-hazırda Qaradağ Rayon Məhkəməsində barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işinə baxılır. Polis əməkdaşları tərəfindən saxlanıldığı gün o, bağda Təqsirləndirilən şəxsla birlikdə narkotik vasitə qəbul etmişdir. Polis əməkdaşları onları saxladıqdan sonra Polis bölməsinə aparmışlar və ilk olaraq onun qarşısına büküm qoyub onu üzərinə götürməyini bildirmişlər, lakin o, deyiləni qəbul etməmişdir. O, saxlanılan zaman üzərində 1 çet narkotik vasitə olmuşdur. Onunla birlikdə Təqsirləndirilən şəxs da polislər tərəfindən döyülmüş və təzyiqlərə məruz qalmışdır. Ona görə də ibtidai istintaqda etiraf ifadələri vermişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid5 bildirdi ki, o, ibtidai istintaq vaxtı protokolda nə yazıldığını bilmədən imza etmiş, protokol tərtib olunarkən vəkil yanında olmamış, o, Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməmiş, onun narkotik vasitəni aldığı şəxs vəfat etmişdir. Bununla yanaşı, təqsirləndirilən şəxs Şahid5 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq olunan ifadəsində göstərmişdir ki, təxminən 1 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. Mütəmadi olaraq istifadə etdiyi narkotik vasitə qəbul etməyəndə bədənində ağrılar olur. 01 avqust 2021-ci il tarixdə saat 11:30 radələrində ağrıları olduğu üçün aptekdən ağrıkəsici dərman almağa getmişdir. 5 saylı yataqxananın qarşısından keçəndə əvvəllər tanıdığı Təqsirləndirilən şəxs görmüş, onun da narkotik vasitə istifadə etdiyini bildiyi üçün bədənində ağrılar olduğunu, narkotik vasitə əldə etmək istədiyini demişdir. Qardaş ona “kakos” və “patı” təşkil edə biləcəyini demiş, o, Qardaşdan hər biri 10 manat olmaqla 2 büküm narkotik vasitə almaq üçün 20 manat vermiş, Qardaş ona bağa getməsini, özü də narkotik vasitəni götürüb onların bağına gələcəyini bildirmişdir. O, bağa getmiş, təxminən 1 saat sonra Qardaş da bağlarına gəlmişdir. Bağa gələndə Qardaş ona bir büküm “patı” və bir büküm “kakos” vermişdir. Onlar bir qədər oturub, söhbət edəedə bir büküm “kakos”u çəkmişlər. Digər bükümdə olan “şüşə”ni isə istifadə etmək üçün cibində saxlamışdır. Daha sonra bağdan çıxıb yataqxananın yanında siqaret çəkən zaman polis əməkdaşları onlara yaxınlaşıb xidməti vəsiqə təqdim edərək özlərini Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları ondan şübhələnib onu və Təqsirləndirilən şəxs Bakı şəhər, Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis bölməsinə dəvət etmiş, polis əməkdaşları ilə birlikdə 38-ci Polis bölməsinə gəlmişlər. Polis bölməsinin inzibati binasının xidməti otaqlarının birində ona şübhəli şəxs qismində tutulduğu bildirilmiş, Bakı şəhəri 10 saylı Vəkil bürosunun vəkili X1 iştirakı ilə üzərinə baxış keçirilmişdir. Həmin vaxt ilk olaraq, ondan üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulmuş, o, könüllü olaraq, əynində olan tünd göy rəngli şalvarın sağ yan kiçik cibindən 01 ədəd sarı rəngli kağız bükümdə psixotrop maddə olan “şüşə” adlanan metamfetamini çıxardıb masanın üzərinə qoyaraq, həmin maddənin “şüşə” adlanan psixotrop maddə olduğunu, özünə məxsus olduğunu, Təqsirləndirilən şəxs istifadə üçün aldığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəyə oxşar maddə isə zərfə qoyularaq möhürlə möhürlənmiş, daha sonra isə bu barədə protokol tərtib edilmiş, zərfin üzərinə və protokola özü və baxışda iştirak edən digər şəxslər imza etmişlər (cild 1, iş vərəqi 122-124). Məhkəmə Şahid5 məhkəmə baxışı zamanı veridyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, işin digər materialları ilə tam təsdiq edildiyindən Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi daha inandırıcıdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan 01.08.2021-ci il tarixli raportun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs və Şahid5 narkotik vasitənin saxlama və istifadəsində şübhəli olmaları barədə Polis İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqi 3). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 01.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və Şahid5 ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 4-5). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 01.08.2021-ci il tarixli raportdan görünür ki, Qaradağ rayon Polis İdarsəinin 38-ci Polis bölməsinin və Post Patrul Xidməti bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2003-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs və xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan Şahid5 üzərilərində qanunsuz olaraq narkotik vasitələri gəzdirməkdə şübhəli bilindiklərinə görə Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi, 12 saylı yataqxananın yaxınlığında saxlanılaraq həmin Polis bölməsinə gətirilmişlər (cild 1, iş vərəqi 10). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 01.08.2021-ci il tarixli protokoldan görünür ki, həmin gün saat 16:50də videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, edilmiş təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ cibindən “Pallmal” siqaret qutusu, şalvarının sol cibindən 1 ədəd “Samsung” markalı qara rəngli mobil telefon, arxa cibindən isə 1 ədəd 20 manatlıq, 4 ədəd 10 manatlıq, 4 ədəd 5 manatlıq, 12 ədəd 1 manatlıq əskinasları təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi “Pallmal” siqaret qutusunun içindəki 1 ədəd ağ sellofana bükülmüş bükümün içərisinə baxdıqda orada qəhvəyi rəngli, toz şəklində, digər ağ sellofana bükülmüş bükümdə kristal şəkilli iysiz maddə, 1 ədəd narkotik vasitəni çəkmək üçün trubka aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə hesab edilən heroin və metamfetamin olduğunu, 01.08.2021-ci il tarixdə Sahil qəsəbəsində yaşayan Şahid5 60 manata özünün istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində başqa əşya aşkar edilməmiş, onun təqdim etdiyi, içərisində qəhvəyi rəngli toz şəklində və kristal şəkilli iysiz maddələr sellofan bükümlər zərfə qoyularaq qablaşdırılmış və 47 saylı möhürlə möhürlənmiş, bağlamanın üstü iştirakçılar tərəfində imzalanmışdır (cild 1, iş vərəqi 31-32). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 01.08.2021-ci il tarixli protokoldan görünür ki, həmin gün saat 16:50də videoçəkiliş aparılmaqla Şahid5 üzərinə şəxsi axtarış keçirilmiş, edilmiş təklifdən sonra Şahid5 əynində olan tünd göy rəngli salvarın sağ cibinin üst xırda cibindən sarı kagızdakı 1 ədəd bükümü çıxarıb təqdim etmişdir. Şahid5 təqdim etdiyi sarı kağızdakı bükümün içərisinə baxdıldıqda orada ağ rəngli, kristal şəklində iysiz maddə aşkar edilmişdir. Şahid5 həmin maddənin narkotik vasitə hesab edilən metamfetamin (şüşə) olduğunu, 01.08.2021ci il tarixdə tanışı Təqsirləndirilən şəxs 1 çetini 10 (on) manata özünün istifadəsi üçün aldığını bildirmişdir. Şahid5 üzərində başqa əşya aşkar edilməmiş, onun təqdim etdiyi, içərisində ağ rəngli kristal şəklində iysiz maddə olan sarı rəngli kağızdakı büküm zərfə qoyularaq qablaşdırılmış və 47 saylı möhürlə möhürlənmiş, bağlamanın üstü iştirakçilar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqi 54-55). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 02.08.2021-ci il tarixli, 6/3245 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №47” dairəvi möhür əksi olan 7 (yeddi) şəxsin ad, soyad və imzaları qeyd edilmiş zərfdəki bir ədəd kağız bükümdə təmiz çəkisi 0,398 qram ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd polietilen bükümdə təmiz çəkisi 2,051 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd boruşəkilli formada kağız bükümün içərisində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini müəyyən etmək mümkün olmadı. Aparılmış tədqiqatın dəyəri 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat təşkil edir (cild 1, iş vərəqi 69-73). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 02.08.2021-ci il tarixli, 6/3246 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №47” dairəvi möhür əksi olan 7 (yeddi) şəxsin ad, soyad və imzaları qeyd edilmiş zərfdəki bir ədəd kağız bükümdə təmiz çəkisi 0,428 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, tədqiqata təqdim edilmiş 2 (iki) ədəd zərfdə olan metamfetaminlər xarici əlamətlərinə və tərkiblərindəki komponentlarinə görə eynidirlər (cild 1, iş vərəqi 76-78). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 06.09.2021-ci il tarixli, 3284 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 197-198). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizanın 15.09.2021-ci il tarixli, 2150 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayəti törədərkən hər hansı psixi xəstəlik qeyd edilməyib, ona ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesb edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür (cild 1, iş vərəqi 200-201). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş DVD diskə baxış keçirilməsi haqqında 04.08.2021-ci il tarixli protokoldan görünür ki, iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs Qaradağ rayon Polis İdarsəinin 38-ci Polis bölməsinin və Qaradağ rayon X9 Patrul Xidməti bölməsinin əməkdaşları tərəfindən saxlanılıb 38-ci Polis bölməsinə gətirilərək üzərinə dəvət edilmiş müdafiəçinin və polis əməkdaşların iştirakları ilə şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyalarını masanın üzərinə qoymaq təklif olunmuş və sonuncu əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaret qutusunun içərisində 01 ədəd ağ rəngli sellofan büküm və 01 ədəd ağ rəngli sellofan büküm təqdim edərək, 1-ci təqdim etdiyi bükümdəki qəhvəyi rəngli tozşəkilli maddənin “kakos” adlanan narkotik vasitə heroin, daha sonra təqdim etdiyi bükümdəki ağ rəngli kristal şəkilli maddənin “şüşə” adlanan psixotrop maddə metamfetamin olduğunu, onları həmin gün Sahil qəsəbəsində Şahid5 60 manata aldığını bildirmişdir (cild 1, iş vərəqi 167). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 04.08.2021-ci il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, iş üzrə şübhəli şəxs İmanov X5 rayon Polis İdarsəinin 38-ci Polis bölməsinin və Qaradağ rayon X9 Patrul Xidməti bölməsinin əməkdaşları tərəfindən saxlanılıb 38-ci Polis bölməsinə gətirilərək üzərinə dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə zamanı Şahid5 üzərində olan əşyalarını masanın üzərinə qoymaq təklif olunumuş və sonuncu əynində olan tünd göy rəngli şalvarın sağ tərəfində kiçik əşyalar üçün nəzərdə tutulmuş cibindən 01 ədəd sari rəngli kağız bükümü təqdim edərək həmin bükümün içərisindəki ağ rəngli kristallik maddənin narkotik vasitə metamfetamin olduğunu, həmin metamfetamini Təqsirləndirilən şəxs bir çetini 10 manata aldığını bildirmişdir (cild 1, iş vərəqi 168). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 03.08.2021-ci il tarixli üzləşdirmə protokoldan görünür ki, Şahid5 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid5 istintaq zamanı verdiyi ifadəni bir daha təsdiq edərək üzərindən aşkar edilərək götürülmüş metamfetamini Təqsirləndirilən şəxs aldığını bildirmiş, Təqsirləndirilən şəxs istintaq zamanı şübhəli şəxs qismində verdiyi ifadəni təkzib edərək Şahid5 narkotik vasitə olan heroin və metamfetamin satdığını etiraf etmişdir (cild 1, iş vərəqi 96-98). İşdə olan maddi sübut qismində tanıma haqqında 25.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 2,051 qram 01 ədəd bükümdə olan narkotik vasitə heroin, təmiz çəkisi 0,398 qram 01 ədəd bükümdə olan psixotrop maddə metamfetamin və 01 ədəd narkotik vasitə istifadə etmək üçün trubka iş üzrə maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra qalıq qalmış 1,951 qram həmin heroin, 0,328 qram metamfetamin və 01 ədəd narkotik vasitə istifadə etmək üçün trubka saxlanılması üçün Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqi 179, 181). İşdə olan maddi sübut qismində tanıma haqqında 25.08.2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Şahid5 aşkar edilərək götürülmüş təmiz çəkisi 0,428 qram 01 ədəd bükümdə psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra qalıq qalmış 0,378 qram metamfetamin saxlanılması üçün Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqi 178, 180). İşdə olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03.08.2021-ci il tarixli, 5(002)- 243/2021-ci il nömrəli qərarından görünür ki, Qaradağ rayon Polis İdarsəinin 38-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair 01.08.2021-ci il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 151-152). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 177). İşdə olan 119 saylı Mənzil Kommunal İstismar Sahəsinin verdiyi 28.09.2021-ci il tarixli xasiyyətnamədən və arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanında yaşayır, həmin ünvanda yaşadığı müddətdə özünü nizam-intizamlı bir vətəndaş kimi tanıtmışdır, qonşular tərəfindən barəsində heç bir şikayət daxil olmamışdır (cild 1, iş vərəqi 212-213). İşdə olan cinayət işindən başqa cinayət işinin ayrılması haqqında 01.10.2021-ci il tarixli qərardan görünür ki, hazırkı cinayət işinin materiallarından X4 barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqi 232-233). İşdə olan cinayət işindən başqa cinayət işinin ayrılması haqqında 01.10.2021-ci il tarixli qərardan görünür ki, hazırkı cinayət işinin materiallarından narkotik vasitənin mənbəyini müəyyən etmək məqsədilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 235). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin və metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddəni satış məqsədilə deyil, şəxsi istehlakı üçün əldə etməsi, Şahid5 narkotik vasitə satmaması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, məhkəmə yuxarıda şərh olunan bütün sübutları müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndiriərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitələri və psixotrop maddəni məhz satış məqsədilə əldə edib daşımış və saxlamışdır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib saxlayaraq daşıması və satması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 01 avqust 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə barəsində 03 avqust 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 01 avqust 2021-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 22-23, 135-142). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 01 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş, ekspert tədqiqatından sonra qalıq qalmış 1,951 qram həmin heroin, 0,328 qram metamfetamin və narkotik vasitə istifadə etmək üçün 01 ədəd trubka məhv edilməlidir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 01 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan maddi sübutlar - Təqsirləndirilən şəxs üzərindən götürülmüş, ekspert tədqiqatından sonra qalıq qalmış 1,951 qram həmin heroin, 0,328 qram metamfetamin və narkotik vasitə istifadə etmək üçün 01 ədəd trubka məhv edilsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar