Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1748/2021 17.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs oğlunun, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında xx xxxxxx 1989-cu il tarixdə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki nəfər azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Yevlax şəhəri, Koroğlu küçəsi, mənzil 24-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, 19 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 iyun 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 iyun 2021-ci il tarixdə, saat 18:30-da ünvan 2 ünvanda yerləşən “Ay İşığı” restoranın arxasında tanışı Zərərçəkmiş şəxs borca verdiyi 150 manat pulunu qaytarmasını tələb etdikdə Zərərçəkmiş şəxs ona maddi imkanı olmadığına görə pulunu yaxın günlərdə qaytara bilməyəcəyini bildirməsi və onu nalayiq ifadələrlə söyüb təhqir etməsi səbəbindən tərəflər arasında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs üzərində olan lakin müəyyən edilməyən bıçaqla Zərərçəkmiş şəxs döş qəfəsinin sol tərəfinə və sol qolundan qəsdən vurub sonuncuya döş qəfəsinin sol yarısının ön səthinin periton boşluğuna nüfuz edən qaraciyərin zədələnməsi ilə nəticələnən deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığa yetirildiyi anda insan həyatı üçün təhlükəli olan ağır zərərvuran və sol saidin arxa səthinin orta 1/3-nin kəsilmiş yaraları ilə müşayiət olunan və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi tam təsdiq edilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxslə 10 ildən artıq müddətdə dostluq etmişlər. Belə ki, o, Tofiqlə Sabunçu rayonu Zabrat qəsəbəsində ət dükanı işlətmiş, Tofiq isə həmin dükanın arxasındakı qonşu evdə yaşamışdır. 18 iyun 2021-ci il tarixdə, saat 13-14 radələrində Zabratda görüşmüş, o, söhbət əsnasında Tofiqə bir nəfər tanışının Sabunçu rayonunun Ramana qəsəbəsində «Südçülük sovxozu» ərazisində yerləşən torpaq sahəsini satmaq istədiyini demişdir. Tofiq isə ona bir nəfər yaxın qohumunun həmin ərazidə torpaq sahəsi almaq istədiyini bildirmiş və gedib həmin torpaq sahəsinə baxmağı təklif etmişdir. Etiraz etməmiş, Tofiqlə birlikdə dövlət qeydiyyat nişanını və markasını xatırlamadığı taksi avtomobili ilə Ramana qəsəbəsinə getmiş və satılıq torpaq sahəsini Tofiqə göstərmişdir. Sonra isə getdikləri taksi ilə Zabrat qəsəbəsində, dəmiryolunun kənarında yerləşən adsız kafeyə qayıtmışlar. Təqsirləndirilən şəxs arayış verib göstərdi ki, təxminən 10 gün əvvəl Tofiqə onun istəyi ilə 150 manat borc vermiş, sonuncu həmin borcunu bir günə qaytaracağına söz versə də qaytarmamışdır. Münasibətlərinə görə isə 10 gün müddətində o, həmin pulu Tofiqdən geri istəməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, pula ehtiyacı olduğundan onlar dəmiryolunun kənarında yerləşən adsız kafeyə gedərkən Tofiqdən təxminən 10 gün əvvəl borc olaraq ondan aldığı 150 manatı qaytarmasını xahiş etmiş, Tofiq də onunla razılaşmışdır. Kafedə Tofiq və təsadüf nəticəsində münasibəti yarandığı, lakin adlarını bilmədiyi iki nəfər şəxslə oturub yemək yemiş, spirtli içki qəbul etmişlər. Bir qədər oturduqdan sonra Tofiq çıxıb getmişdir. Həmin gün saat 18 radələrində Tofiqin ona 150 manat pul borclu olduğu və həmin gün qaytarmalı olduğu yadına düşmüş, ona görə də Tofiqə zəng eddərək pulunu qaytarmasını istəmişdir. Tofiq isə ona kobud formada maddi vəziyyətinin yaxşı olmadığını, pulu verməyəcəyini, yaxın günlərdə isə pulunu qaytara bilməyəcəyini bildirmiş, ünvanına nalayiq ifadə işlətmişdir. Tofiqin kobud cavabı və ünvanına dediyi pis sözlər onu əsəbləşdirmiş və telefonda Tofiqlə aralarında sözlə mübahisə yaranmış və Tofiq telefonu onun üzünə söndürmüşdür. Bundan sonra o, təkrarən Tofiqə zəng etmiş, onun harada olması ilə maraqlanmışdır. Tofiq də ona Zabrat qəsəbəsində, Vaqif küçəsində yerləşən «Ay İşığı» restoranında olduğunu bildirmişdir. Bundan sonra o, Tofiqə orada onu onu gözləməsini demiş, ora onun yanına gələcəyini bildirmiş və dövlət qeydiyyat nişanını və markasını xatırlamadığı taksi avtomobili ilə Tofiqin olduğu yerə getmişdir. Tofiqlə görüşmüş və sonuncudan restorandan çıxıb söhbət etməyi xahiş etmişdir. Tofiq restorandan çıxıb onunla söhbət edə-edə restoranın arxa tərəfinə, heç kimin olmadığı bir sahəyə keçmişdir. Orada yenidən Tofiqdən borc verdiyi pulu geri tələb etdikdə Tofiq imkanının olmadığını, yaxın günlərdə pulu verə bilməyəcəyini demiş, onu bezdirməməyi deyib onu nalayiq ifadələrlə təhqir etmişdir. Odur ki, aralarında mübahisə yaranmış və onlar Tofiqlə əlbəyaxa olmuşlar. Tofiq onu əli və ayağı ilə bədəninin müxtəlif nahiyələrindən vurmuş, onun ünvanına təkrar-təkrar nalayiq söyüşlər etmişdir. Odur ki, şalvarının belində olan bıçağı çıxarıb Tofiq istiqamətində bir neçə zərbə atmış, Tofiq isə onu özündən kənara itələyib bıçağı əlindən almağa çalışmışdır. Həmin vaxtı bıçağın kəsici hissəsi dəstəyindən əyilsə də bıçağı əlindən buraxmamış, Tofiqdən aralanıb qaçıb getmişdir. Tofiqi vurub xəsarət yetirdiyini demək olar ki, bir gün xatırlaya bilməmişdir. Növbəti gün, yəni 19 iyun 2021-ci il tarixdə Sabunçu polisindən ona zəng olunmuş, hadisə törətdiyi bildirilmişdir. Odur ki, o, polisin onun arxasınca gəlməsini gözləmədən könüllü olaraq polisə gedib təslim olmuş və ifadə verib əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, hadisə yerindən çıxıb getdikdən sonra xatırlamadığı ünvanda bıçağı yolda atmışdır. Tofiqlə aralarında yaranmış mübahisə, dava-dalaş təxminən 2-3 dəqiqə davam etmiş, həmin vaxtı yanlarında kənar şəxs olmamışdır. Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağı hadisədən bir neçə gün əvvəl yoldan tapmış, dəstəyinin üzərində qeyri-adi şəkil olduğu üçün bəyənib üzərində saxlayıb gəzdirmişdir. Lakin tiyəsi əyildiyindən həmin bıçağı hadisədən sonra naməlum istiqamətdə atmışdır. Bıçağın dəstəyinin rəngi qara olsa da, hazırda onun ölçülərini unutmuşdur. Tofiq əl və ayağı ilə onu vurub, sağ əl və ayağından xəsarət yetirmiş, lakin bununla bağlı Tofiqdən heç bir şikayət və tələbi olmamışdır. Zərərçəkmiş şəxs borc olaraq aldığı pulu geri qaytarmaq fikirində olmadığından, hər ikisi spirtli içkinin təsiri altında olduğundan, Tofiq ona qarşı nalayiq ifadə işlətdiyindən o, Tofiqi cəzalandırmaq istəmiş və onu bıçaqla vurmuşdur. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, hadisə vaxtı onların hər ikisi spirtli içkinin təsiri altında olmuş, o, Tofiqin hansı nahiyəsindən və neçə dəfə vurduğunu unutmuşdur. İbtidai istintaq zamanı isə Tofiqin hansı orqanlarından xəsarət aldığını öyrəndiyi üçün müstəntiqin istiqamətlçəndirməsi əsasında ifadə vermişdir. Hazırda törətdiyi əməlindən peşimandır, Tofiqlə barışmış, sonuncunun ona qarşı heç bir şikayəti və tələbi qalmamışdır. Həbsdə olduğu müddətdə onun yanına sovqat gətirən şəxs yalınz Zərərçəkmiş şəxs olmuşdur. Odur ki, himayəsində iki nəfər azyaşlı uşağının olmasını, ailənin yeganə qazanc gətirəni olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini və tutduğu əməldən səmimi peşmanlığını nəzərə alıb onun barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı iş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs göstərdiklərini təsdiq edib ifadəsində göstərdi ki, o, baxılan iş üzrə Təqsirləndirilən şəxslə çox yaxın münasibətdə olmuş, bu münasibət bir neçə il ərzində davam etmişdir. Hadisədən təxminən 10 gün əvvəl Timurdan 150 manat borc istəmiş, növbəti gün qaytaracağını ona demişdir. Lakin problemləri olmuş, aldığı pulu qaytara bilməmişdir. Amma Timur da ondan pulu istəməmişdir. 18 iyun 2021-ci il tarixdə Timurla birlikdə Timurun satmaq niyyətində olduğu Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, «Südçülük sovxozu»nda yerləşən torpaq sahəsinə müştəri tapmaq məqsədi ilə gedib həmin sahəyə baxmış, saat 13-14 radələrində Sabunçu rayonu, Zabrat 2, «Dəmiryol» adlanan əraziyə, Timurun tanışlarının əyləşdiyi adsız kafeyə getmişlər. Həmin vaxt Timur təxminən 10 gün əvvəl onun borc götürdüyü 150 manatı qaytarmasını xahiş etdikdə o, pulu verəcəyini demişdir. Kafedə Timur tanımadığı, adlarını və anket məlumatlarını bilmədiyi tanışları ilə spirtli içki qəbul etmiş, o isə spirtli içki qəbul etməyib, yemək yedikdən sonra Timurgildən aralanıb yaşadığı məhəlləyə getmişdir. Məhəllədə Eldəniz adlı şəxslə görüşmüş və birlikdə Zabrat qəsəbəsində yerləşən «Ay İşığı» restoranına gedib orada çay içmişdir. Eldənizlə birlikdə «Ay İşığı» restoranında olarkən Timur ona zəng edib pulunu istəmişdir. Timura pulu verməyəcəyini, maddi vəziyyətinin yaxşı olmadığını demiş, yaxın günlərdə pulunu qaytara bilməyəcəyini söyləmişdir. Timur isə təkidlə ondan pulunu tələb etmişdir. Timurun yüksək səslə və əsəbi halda danışmasından sonuncunun sərxoş olduğunu hiss etmiş və narazılıq yaranmamasından ötrü telefonu söndürmüşdür. Bir qədər sonra Timur yenidən zəng edib nə üçün telefonu söndürdüyünü soruşduqda o, Timurla kobud danışmışdır. Bundan sonra Timur onun harada olması ilə maraqlanmış, o Timura «Ay İşığı» restoranında olduğunu dedikdə, Timur gözləməsini və onun yanına gələcəyini demişdir. Təxminən 15-20 dəqiqədən sonra, saat 18:30-da Timur ona zəng edib restoranın yanında olduğunu dediyi üçün o, həyətə çıxmış və Timurla birlikdə kafenin arxasına keçmişdir. Orada Timura sərxoş olduğunu bildirmiş və ona səhərisi gün ayıq vəziyyətdə söhbət etməyi təklif etdikdə, Timur onu nalayiq sözlərlə söyüb təhqir etmiş və onlar əlbəyaxa olmuşlar. Həmin vaxtı Timur bıçağı şalvarının belindən çıxarıb onun istiqamətində zərbə endirdikdə özünü müdafiə etmək məqsədi ilə sol qolunu qarşıya tutmuş, bıçaq onun sol qolunu kəsmişdir. Bundan sonra Timur bir neçə dəfə onun istiqamətində zərbələr endirmiş və onlar yenidən əlbəyaxa olmuşlar. Ələbəyaxa olduğu vaxtı Timurun bıçaqla onun sinəsindən vurduğunu hiss etmiş və Timuru kənara itələmişdir. Bundan sonra Timur yenidən onun üzərinə gəlib bıçaqla vurmağa cəhd etdikdə o, sağ əli ilə Timurun əlində olmuş bıçağı tutub qatlamış və həmin vaxt bıçağın ya əyildiyini, ya da ki, sındığını hiss etmişdir. Bundan sonra Timur ondan aralanıb qaçıb getmişdir. O isə yaşadığı ev istiqamətində gedərək yolda qardaşı Elşənə zəng edib təcili evə gəlməsini demişdir. Təxminən 5-10 dəqiqə sonra qardaşı Elşən ora gəlmiş, o, hadisə barədə danışdıqdan sonra Elşən onu öz avtomobili ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışdır. Zərər çəkmiş Zərərçəkmiş şəxs ifadəsinin davamında göstərdi ki, Timurla mübahisə edərkən o, özünü müdafiə etmək məqsədi ilə yumruq və təpiklə Timurun bədəninin müxtəlif nahiyələrindən vurmuşdur ki, bunun nəticəsində həmin vaxt Timur xəsarət alması mümkündür. Təqsirləndirilən şəxslə aralarında yaranmış dava-dalaş təxminən 2-3 dəqiqə davam etmiş, onların yanında kənar şəxs olmamışdır. Təqsirləndirilən şəxslə mübahisə edib əlbəyaxa olmuş, Timur bıçaqla ona xəsarət yetirərkən onlar üzbəüz dayanmışlar, aralarında təxminən 50-60 sm məsafə olmuşdur. Timur onu yumruqla sol gözünün altından yüngül vurduğu üçün ciddi xəsarət almamışdır. Həmçinin əvvəl bıçaq sağ əlini kəsdiyini güman etsə də, sonradan sağ əlində xəsarət olmadığını görmüşdür. Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyi bıçağın dəstəyinin uzunluğu təxminən 7 sm, kəsici hissəsinin uzunluğu 7 sm, kəsici hissənin eni təxminən 2 və ya 3 sm, ümumilikdə bıçağın uzunluğu 14 sm, dəstəyinin rəngi isə qara olmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs ailə üzvləri onun bütün müalicə xərclərini qarşılamış, o, Timurla barışmış və onunla dostluq münasibəti davam etməkdədir. Hətta bir neçə dəfə Təcridxanaya Timur üçün şəxsən özü sovqat aparmışdır. Timura qarşı heç bir şikayəti və tələbi qalmamışdır, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı tədqiq olunan, Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, zərər çəkmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir (iş vərəqə: səh. 138-140). Məhkəmə baxışı zamanı tədqiq olunan, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, zərər çəkmiş şəxs ifadəsi yerində yoxlanılarkən sərbəst ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani şəkildə bir daha təsdiq etmişdir (iş vərəqə: səh. 147-150). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibb ekspertizasının 06 sentyabr 2021-ci il tarixli, 297/MEŞ nömrəli rəyindən görünür ki, məhkəmə-tibbi müayinəsi zamanı zərər çəkmiş Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının ön səthinin periton boşluğuna nüfuz edən qaraciyərin zədələnməsi ilə müşayiət olunan deşilmişkəsilmiş yarası və sol saidin arxa səthinin orta 1/3-nin kəsilmiş yarası aşkar edilmişdir. Qeyd olunan xəsarətlərin iti əşyanın təsirindən, o cümlədən bıçaq tiyəsinin deşici-kəsici və kəsici təsirindən əmələ gəlməsi istina olunmur. Xəsarətlərin törənmə müddətləri 18 avqust 2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə, boşluğa nüfuzedən xəsarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sol saidin xəsarəti isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (iş vərəqə: səh. 124-125). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-tibb ekspertizasının 27 iyun 2021-ci il tarixli, 872 nömrəli rəyindən görünür ki, məhkəmə-tibbi müayinəsi zamanı Təqsirləndirilən şəxs sağ bazu, sağ said və sağ bud nahiyələrinin qançırları, sağ diz nahiyəsinin sıyrığı müəyyən edilmiş, xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müddəti 18 iyun 2021-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir (iş vərəqə: səh. 118-119). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kriminalistik ekspertizasının 13 sentyabr 2021-ci il tarixli, 435/2021-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus köynəyin və maykanın ön hissəsinin sol aşağı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edilmişdir. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin və maykanın ön hissəsinin sol aşağı nahiyəsində aşkar edilmiş deşilmişkəsilmiş zədə və onun bədəni üzərində olan xəsarətlər – döş qəfəsinin sol yarısının ön səthinin deşilmiş-kəsilmiş yarası və sol saidin arxa səthinin orta 1/3-nin kəsilmiş yarası müxtəlif şəraitdə, həmçinin qərarın təsviri hissəsində göstərilən şəraitdə yarana bilərdilər (iş vərəqə: səh. 127-128). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-psixiatrik ekspertizasının 17 avqust 2021-ci il tarixli, 1826 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur, onunla istintaq hərəkətlərinin aparılmasına maneçilik törədən hal müəyyən edilməmişdir (iş vərəqə: səh. 121-122). Məhkəmə baxışı zamanı tədqiq olunan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» X3 daxil olan 06 sentyabr 2021-ci il tarixli, 7479 nömrəli və «Respublika Narkoloji Mərkəzi» X3 daxil olan 09 sentyabr 2021-ci il tarixli, 19/51-9962 nömrəli məktublardan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs qeyd olunan tibb müəssisələrində müalicədə olmayıblar və qeydiyyatda yoxdurlar (iş vərəqə: səh. 112-113). Cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd köynək və bir ədəd mayka sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanması üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (iş vərəqə: səh. 152-159). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vuran bədən xəsarəti yetirməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əmələ görə özünü təqsirli bilmiş, müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Həmçinin son sözlə məhkəməyə müraciət edən Təqsirləndirilən şəxs törətmiş olduğu əməldən son dərəcə peşman olduğunu bildirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs baxılan cinayət işi üzrə hadisənin baş verdiyi tarixə məhkumluğu olmamışdır (iş vərəqə: səh. 88-91). Həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışı zamanı ərizə ilə müraciət edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə barışdıqlarını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir (iş vərəqə: səh. 92, iş materialları). Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ailə üzvləri tərəfindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vurulmuş zərərin aradan qaldırılması məqsədilə onun müalicə xərcləri ödənilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində 02 iyul 2015-ci il və 15 dekabr 2018-ci il təvəllüdlü iki nəfər azyaşlı uşağı vardır (iş vərəqə: səh. 176-177). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını qüvvədə olan Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, zərər çəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, zərər çəkmiş şəxsə vurulmuş zərərin aradan qaldırılması məqsədilə onun müalicə xərcləri ödənilməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, tutduğu əməldən səmimi peşmanlığını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin: 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxslə barışıq əldə edilməsi; 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəza təyin olunarkən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib qeyd edir ki, zərər çəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vuran bədən xəsarəti yetirməyə görə Cinayət Məcəlləsinin 126.1-ci maddəsində konkret olaraq üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş, həmin cəzaya alternativ cəza növü nəzərdə tutulmamışdır. Qanunun bu müddəasına görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan əməli törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Lakin məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın aradan qaldırılmasını və tutduğu əməldən səmimi peşmanlığını məcmu olaraq müstəsna hal kimi nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd olunan əmələ görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması ədalət və humanizm prinsipləri baxımından qeyri-obyektiv və Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə zidd olmuş olardı. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza - azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, onun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılması və üzərinə bu cəzadan irəli gələn müəyyən vəzifələr qoyulması məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinin tələblərinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2 və 52-1.3-cü maddələrinə əsasən məhkəmə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər üzərində bu Məcəllənin 52-1.2.1 - 52-1.2.4-cü və 52-1.3.1 - 52-1.3.4-cü maddələrində nəzərdə tutulan əsas və əlavə vəzifələr müəyyən edir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, daimi yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.4-cü mddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs təyin olunmalı azadlığın məhdudlaşdırılması cəzasının müddəti ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına hesablanmaqla həmin cəzadan çıxılmalı və məhkum tərəfindən çəkilməli olan cəzanın müddəti qətiləşdirilməlidir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində 19 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 iyun 2021-ci il tarixdə barəsində müvafiq məhkəmə qərarına əsasən “həbs” qətimkan tədbiri seçilmiş və o, məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qanunun bu müddəasına əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində şübhəli şəxs qismində tutulub məhkəmə hökmü çıxarılanadək həbsdə saxlanıldığı 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və məhkum üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, onun cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, hökmün icrası Təqsirləndirilən şəxs daimi yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış "həbs" qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza seçilməsi ilə əlaqədar onun barəsində seçilmiş "həbs" qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz olunmalı, o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sabunçu rayon Polis Şöbəsində saxlanılan, cinayət hadisəsi nəticəsində zədələnməklə istifadə təyinatını itirmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək və bir ədəd mayka məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri yoxdur, qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs 19 iyun 2021-ci il tarixdə tutulub məhkəmə hökmünün elan olunduğu 17 dekabr 2021-ci il tarixədək fasiləsiz olaraq həbsdə saxlanıldığı 5 (beş) ay 28 (iyirmi səkkiz) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, daimi yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə Sabunçu rayon Polis İdarəsində saxlanılan maddi sübut - cinayət hadisəsi nəticəsində zədələnməklə istifadə təyinatını itirmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək və bir ədəd mayka məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri yoxdur, qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1748/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1748/2021
17.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver