Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1749/2025 01.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), X5 və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X2, müdafiəçi, “Ruslan Vəliyev və partnyorları” Vəkil bürosunun vəkili X3 iştirakları ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 180.2.2 və 182.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümükünlüyünün yoxlanılması məqsədilə ilkin dinləmələr apararaq, məhkəmə müəyyən etdi: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 180.2.2 və 182.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuşdur. Məhkəmədə cinayət prosesi tərəflərinin iştirakı ilə hazırlıq iclasında həll edilməli olan məsələləri müzakirə edilib, cinayət işinin məhkəmə aidiyyəti yoxlanılarkən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 180.2.2 və 182.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə ağır cinayəti, yəni Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti o, Hacıqabul rayonu ərazisində törətmişdir. Belə ki, X4 verilmiş ittihamdan görünür ki, o, hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 17 yanvar 2025-ci il tarixdə Bakı-Ələt-Qazax avtomobil yolunun Hacıqabul rayonu, Navahı qəsəbəsi ərazisindən keçən hissəsində yolun kənarında dayanıb həmin avtomobil yolu ilə Zərərçəkmiş şəxs2 Bakı şəhəri istiqamətində etibarnamə əsasında idarə etdiyi "Ford transit mikroavtobus" markalı, **-OD- *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman saxla işarəsi vermiş, avtomobilin ön sərnişin oturacağında əyləşdikdən sonra Hacıqabul rayonu, Atbulaq kəndi ərazisində Zərərçəkmiş şəxs2 intim münasibətdə olmasını təklif etmiş, sonuncu bundan imtina etdikdən sonra onun sağ çiyin və sinə nahiyəsinə yumruqla vurmaqla zor tətbiq edib onun barəsində rüsvayedici məlumatları, yəni onunla intim münasibətdə olması, guya onu zorlaması barədə məlumatları yaymaqla onu rüsvay edəcəyi və onun barəsində hüquq-mühafizə orqanlarına zorlaması barədə şikayət edəcəyi ilə bağlı hədə-qorxu gələrək ondan 1000 manat pul vəsaitini tələb etmiş, Zərərçəkmiş şəxs2 həqiqəti əks etdirmədiyinə baxmayaraq həmin məlumatların yayılmasının onu rüsvay edəcəyi qənaətinə gəlib, xanım olmasına baxmayaraq yolda səs-küy salması səbəbindən hədəni real və həyata keçirilə bilən kimi qəbul edərək üzərində olan 215 manat pul vəsaitini təklif etmiş, lakin o, bununla razılaşmadığından Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsində yerləşən işlədiyi yerin yaxınlığında tanışı Şahid1 50 manat borc pul alaraq ümumilikdə 265 manat pul vəsaitinin ona verilməsinə nail olmuş, bununla da o, zərərçəkmiş şəxsə məxsus 1000 manat pul vəsaitini zor tətbiq edib barəsində rüsvayedici məlumatları yaymaqla onu rüsvay edəcəyi və onun barəsində hüquq-mühafizə orqanlarına zorlaması barədə şikayət edəcəyi ilə bağlı hədə-qorxu ilə tələb etməklə 265 manat pulu ələ keçirmişdir. Bundan başqa o, təkrarən özgəsinə məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq soyğunçuluq yolu ilə əldə etmək, yəni açıq olaraq talamaq məqsədilə 03 mart 2025-ci il tarixdə, saat 15 radələrində Bakı-Ələt-Qazax avtomobil yolunun Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsindən keçən hissəsində yolun kənarında dayanıb həmin avtomobil yolu ilə Zərərçəkmiş şəxs3 Şəki rayonu istiqamətində etibarnamə əsasında idarə etdiyi "VAZ 21074" markalı, **-SG-*** dövlət qeydiyyat nişanı avtomobillə hərəkətdə olan zaman saxla işarəsi vermiş, avtomobilin ön sərnişin oturacağında əyləşdikdən sonra həmin avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində olan "Bayraq Meydanı" adlanan yerin yaxınlığında avtomobilin saxlanmasını tələb etmiş, sonuncu avtomobili saxladıqdan sonra ona müəyyən məbləğdə pul vəsaitinin verilməsini təklif etmiş, Zərərçəkmiş şəxs3 bundan imtina etdikdən sonra avtomobilin salonunda yerləşən sürətlər qutusunun yanında sellofan paketə qoyulmuş bir ədəd 1300 manat dəyərində üzəri 8 ədəd xırda brilliant qaşlarla bəzədilmiş 750 əyyarlı İtaliya Respublikasında istehsal olunmuş 7,6 qram çəkidə qadın üzüyü, bir cüt 1200 manat dəyərində üzəri xırda brilliant qaşlarla bəzədilmiş 750 əyyarlı İtaliya Respublikasında istehsal olnmuş 7,5 qram çəkidə sırğaları, daha sonra Zərərçəkmiş şəxs3 həyəcanlı vəziyyətindən istifadə edib əynində olan gödəkçəsinin sağ yan cibindən 10 nominallı pul əskinasını götürüb oradan uzaqlaşmaqla, Zərərçəkmiş şəxs3 məxsus cəmi 2510 manat dəyərində əmlakları təkrar soyğunçuluq edərək əldə etmiş, yəni açıq yolla talamışdır. Bundan başqa o, təkrarən 25 may 2025-ci il tarixdə saat 17:25 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs1 idarə etdiyi "Mercedes Atego" markalı **-DM-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə sərnişin qismində minərək yük avtomobilinin yuxarı rəfində qeyd dəftərinin içərisində olan 3439 (üç min dörd yüz otuz doqquz) manat puldan 1220 (bir min iki yüz iyirmi) manat pulu gizli yolla talamaqla oğurluq etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə əsasən şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Plenumunun qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsinə əsasən hədə-qorxu ilə tələb etmə cinayət əməli özgənin əmlakını və ya əmlaka olan hüququnu, yaxud əmlak xarakterli digər hərəkətlər etməsini tələb etmə anından başa çatmış hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 25 dekabr 1998-ci il tarixli, 2 nömrəli qərarının 3- 1-ci bəndində bildirilir ki, hədə-qorxu ilə tələb etmə cinayəti əmlakın, ona olan hüququn real olaraq ələ keçirilməsindən, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsindən asılı olmayaraq, Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən məzmunda hədələri işlətməklə əmlakın (əmlaka olan hüququn) verilməsi, əmlak xarakteri daşıyan digər hərəkətin edilməsi barədə tələbinin zərərçəkmiş şəxsə çatdırıldığı andan başa çatmış hesab edilir. Bu səbəbdən təqsirkarın məqsədilə ehtiva olunan əmlakın bir hissəsinin real olaraq ələ keçirilməsi, digər hissəsinin əldə edilməsinin isə onun iradəsindən asılı olmayan səbəblərdən mümkün olmaması, əməlin ələ keçirilmiş əmlakın dəyərinə görə tövsif edilməsini, o cümlədən başa çatmayan cinayət (cinayətə cəhd) kimi qiymətləndirilməsini istisna edir. Bu halda əməl təqsirkarın məqsədinin hansı miqdarda əmlakın əldə edilməsinə yönəlməsindən asılı olaraq yəni “xeyli miqdarda” əmlakın əldə edilməsinə yönəldildikdə Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi, “külli miqdarda” əmlakın əldə edilməsinə yönəldikdə Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi, “xüsusilə külli miqdarda” əmlakın əldə edilməsinə yönəldikdə isə Cinayət Məcəlləsinin 182.4-cü maddəsi ilə tövsif olunmalıdır. Hədənin zərərçəkmiş şəxsə çatdırılmasından sonra sonuncunun cinayətkar tələbi yerinə yetirməkdən, məsələn, əmlakı verməkdən imtina etməsi də əməlin başa çatmayan cinayət kimi qiymətləndirilməsi üçün əsas vermir. Lakin təqsirkarın başqa şəxs vasitəsilə zərərçəkmiş şəxsə ünvanladığı əmlakın, ona olan hüququn verilməsi, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsi barədə hədə ilə müşayiət olunan tələb onun iradəsindən asılı olmayan hər hansı səbəblərdən ünvana çatdırılmazsa, bu halda cinayət hədə-qorxu ilə tələb etməyə cəhd kimi qiymətləndirilməlidir. Cinayət Məcəlləsinin 182.1-ci maddəsində təsbit edilmiş hədə-qorxu ilə tələb etmə cinayətinin əsas tərkibindən fərqli olaraq CM-in 182.2.3 və 182.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin başa çatmış cinayətlər kimi qiymətləndirilməsi üçün həmin maddələrdə nəzərdə tutulmuş nəticələrin baş verməsi, yəni müvafiq olaraq zərərçəkmiş şəxs barəsində zorakılığın tətbiq edilməsi və yaxud onun sağlamlığına ağır zərərin vurulması tələb olunur. Beləliklə, cinayət işinin materiallarından, habelə iş üzrə tərtib edilmiş ittiham aktından görünür ki, X6 ona elan edilmiş ittihamdakı cinayətlərdən ağır cinayəti, yəni Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, Hacıqabul rayonu, Atbulaq kəndi ərazisində Zərərçəkmiş şəxs2 intim münasibətdə olmasını təklif etmiş, sonuncu bundan imtina etdikdən sonra onun sağ çiyin və sinə nahiyəsinə yumruqla vurmaqla zor tətbiq edib onun barəsində rüsvayedici məlumatları, yəni onunla intim münasibətdə olması, guya onu zorlaması barədə məlumatları yaymaqla onu rüsvay edəcəyi və onun barəsində hüquq-mühafizə orqanlarına zorlaması barədə şikayət edəcəyi ilə bağlı hədə-qorxu gələrək ondan 1000 manat pul vəsaitini tələb etmişdir. Yəni həmin əməl üzrə cinayət Hacıqabul rayonu ərazisində artıq başa çatmışdır. Azərbaycan Respublikası Konstititusiyasının 62-ci maddəsinin tələbinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Həmin Məcəllənin 74.1-ci cü maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 74.5-ci maddəsinə əsasən cinayət işlərindən biri ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə ağır cinayətlər məhkəməsində baxılır. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3 və 299.3.1-ci maddələrinin tələblərinə görə məhkəmə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin ona aid olubolmaması məsələsinə baxır. “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli, 4 nömrəli qərarından görünür ki, Hacıqabul rayonu ərazisində törədilmiş ağır və xüsusilə ağır cinayətlərə baxılması Lənkəran Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aiddir. X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 180.2.2 və 182.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ağır cinayətin törədildiyi yer olan Hacıqabul rayonu Lənkəran Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olduğundan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3, 74.1, 74.2.2 və 75.1-ci maddələrinə əsasən cinayət işi məhkəmə aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respubliksını Cinayət-Prosessual Məcəlləsinin 300.1 və 300.1.4-cü maddəsinə əsasən müvafiq olaraq cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biridir. Məhkəmə təqsirləndirilən şəxslərin barələrində seçilmiş qətimkan tədbirlərinin əsaslığını müzakirə edərək hesab edir ki, X2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri əsaslıdır və dəyişdirilməsinə zərurət yoxdur, həmin qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3, 74.1, 74.2.2, 75.1, 299.3, 299.3.1, 300.1 və 300.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 180.2.2 və 182.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi ərazi aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. X2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Sədrlik edən hakim Telman Hüseynov Hakimlər Aygün Qurbanova Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-1749/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1749/2025
01.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver