Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1752/2023 13.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı və X2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Abşeron Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 1(012)-60/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Abşeron Rayon Məhkəməsinin 03 fevral 2022ci il tarixli, 7(012)-65/2022 saylı qərarına əsasən, Abşeron Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası “08 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən 01 il azaldılmış, cəzası 28 mart 2022-ci ildə bitmiş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Yasamal rayonu, Salamzadə küçəsi, məhəllə 1055-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava keçəsi, 125 nömrəli ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 12 noyabr 2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlı ərazidə naməlum mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq bir ədəd qızılı rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 2,563 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin əldə edib üstündə saxlamaqla daşımış, 12 noyabr 2022-ci il tarixdə saat 17:55 dəqiqədə ünvan 2 ünvanın qarşısında Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq şöbənin inzibati binasına gətirilmiş, inzibati binada onun üstünə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən bir ədəd qızılı rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 2,563 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 3-4 ildir ki, narkotik vasitə olan heroindən çəkərək istifadə edir. 12 noyabr 2022-ci il tarixdə günorta saatlarında bədənində kəskin ağrılar başladığından narkotik vasitə heroin qəbul etmək qərarına gəlmişdir. Odur ki, həmin gün saat təxminən 16:00-17:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan əraziyə gəlib tanımadığı şəxsdən 0,5 qram narkotik vasitə olan heroin almışdır. 25 manat müqabilində aldığı 1 ədəd siqaret kağızına bükülmüş bükümün içərisində yerləşən narkotik vasitə olan heroini əynində olan göy rəngli cins şalvarın sağ arxa cibinə qoyub yaşadığı Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsinə yollanmışdır. Həmin gün yaşadığı ünvan 2 ünvanın qarşısında olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib hüquqlarını izah etdikdən sonra narkotik vasitə əldə etməsiylə bağlı şübhələr əsasında onu Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin inzibati binasına dəvət etmişlər. O da heç bir etiraz etmədən polis əməkdaşlarıyla birlikdə Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə gəlmişlər. Təhqiqatçı tərəfindən ondan üzərində olan qeyri-qanuni əşyaları təqdim etməyi təklif edilmişdir. O da əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən içərisində heroin olan bir ədəd siqaret kağızı bükümünü çıxarıb təhqiqatçıya təqdim etmiş və həmin maddənin narkotik vasitə heroin olmasını bildirmişdir. Bundan sonra isə polis əməkdaşlarının və orada olan iştirakçıların da iştirakı ilə protokol tərtib edilmiş və o doğruluğunu imza edərək təsdiq etmişdir. Sonradan müstəntiq və müdafiəçisi ona izah etmişdir ki, üzərindən aşkar olunmuş şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitənin miqdarı 2,563 qramdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, protokolu oxumadan imzalamışdır. İttiham aktında onun 2,563 qram narkotik vasitə olan heroin aldığı yazılmışdır. Lakin, bu yanlışdır, o tanımadığı şəxsdən 0,5 qram narkotik vasitə olan heroin almışdır. Şəxsi axtarış və götürmə zamanı müdafiəçi ilə təmin olunmuşdur. Ona qarşı fiziki zor tətbiq olunmuşdur. Bakı İstintaq Təcridxanasına gedəndə onda xəsarət izləri var imiş. Bakı İstintaq Təcridxanasında onun xəsarət izlərinə baxmışlar. Həmin xəsarət izlərini yazaraq qeydə aldıqlarını bilmir. Ona qarşı fiziki zor tətbiq edildikdən sonra gözündə 1 aya yaxın izi qalmışdır. Hər hansı bir araşdırma aparılmamışdır. Ona müstəntiq tərəfindən fiziki zor tətbiq olunmamışdır. Məhkəmə zamanı verdiyi ifadə düzdür. Onda az miqdarda narkotik vasitə olan heroin aşkar olunmuş, fiziki zor tətbiq edilərək 2,563 qram narkotik vasitə olan heroin boynuna qoyulmuşdur. Elan olunmuş cinayət işinin 34-35-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, protokolu təsdiq etmir. Protokolda olan imza onun imzasıdır. O, protokolu oxumadan imza etmişdir Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri və izahatı elan olunmuş, izahat və ifadələrin sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 37-38-ci vərəqələrində olan izahatında, 53-55 və 66-67-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «...xx.xx.2022-ci il tarixdə Yasamal Rayon Məhkəməsində müstəntiq hakimdən onun barəsində 4 ay həbs qətimkan tədbiri seçilməsini tələb etdikdə o, düşünmüşdür ki, onu külli midarda narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmək maddəsi ilə yox külli miqdarda narkotiki satış məqsədi ilə əldə etmək maddəsi ilə sənədləşdiriblər ki, barəsində 3 ay yox 4 ay həbs qətimkan tədbiri tələb edilir. Bu səbəbdən o, həmin vaxt məhkəmədə özünü qismən təqsirli bilərək üzərində elədə çox, yəni satacaq qədər çox narkotik vasitənin olmadığını bildirmişdir. Lakin sonradan müstəntiq və müdafiəçisi ona izah etmişdir ki, üzərindən aşkar olunmuş şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitənin miqdarı 2,563 qram olmuşdur. Bundan sonra o, satış məqsədi ilə narkotik vasitə əldə etmək maddəsi ilə sənədləşdirilmədiyini bilib ona elan olunmuş şəxsi itsifadə üçün külli miqdrada narkotik vasitə əldə etmək barədə ittihamla razılaşaraq bu barədə bir daha şikayət etməmişdir. Hazırda da ona elan edilmiş ittihamla razıdır. O, tutularkən və polis şöbəsində olarkən, istərsə də MSY-də saxlanılarkən ona heç bir zor tətbiq edilməmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, imzalar onun imzasıdır. O, izahatı və protokolları oxumadan imzalamışdır. Ona qarşı Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin əməliyyatçıları tərəfindən fiziki zor tətbiq olunmuşdur. Əməliyyatçılar tərəfindən ona fiziki zor tətbiq olunmasının səbəbi 2,563 qram narkotik vasitə olan heroini boynuna götürməyi imiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin 29-cu PŞ-də sahə inspektoru işləyir. Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz olaraq əldə olunması, saxlanılması, daşınması və Bakı şəhəri, Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olması barədə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə Şahid1 rəhbərliyi altında onun iştirakı ilə 12 noyabr 2022-ci il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. 12 noyabr 2022-ci ildə Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsinin mərkəzi hissəsində Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs özlərini təqdim edib ondan özünü təqdim etməsini istəmişlər. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz olaraq əldə olunması, saxlanılması, daşınması və Bakı şəhəri, Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olması barədə şübhəli olduğunu bildirib Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla Bakı şəhəri, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə gəlmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə gətirildikdən sonra ona hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs müdəfiəçi ilə təmin edilmişdir. Videoçəkiliş vasitəsilə aparılan şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən kağıza bükülmüş narkotik vasitəyə bənzər maddə aşkar olunmuşdur. Həmin büküm Təqsirləndirilən şəxs və iştirakçıların gözü qarşısında açılan zaman bükülüdə qəhvəyi rəngli maddə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin “kakos” kimi bilinən narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Nəsimi rayonu “Papanin” adlanan ərazidə tanımadığı kişi cinsli şəxsdən 25 manat pul müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman, habelə üzərində şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi zor yaxud da təzyiq göstərilməmişdir. Videoçəkilş vasitəsilə aparılan şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən 1 ədəd büküm aşkar olunmuşdur. Videoçəkilş vasitəsilə aparılan şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 1 ədəd bükümü tərəzi vasitəsilə çəkməmişlər. Təqsirləndirilən şəxs üzərindən 1 ədəd bükümdən başqa heçnə çıxmamışdır. Təqsirləndirilən şəxs qarşı fiziki zor tətbiq olunmamışdır. Əgər Təqsirləndirilən şəxs fiziki zor tətbiq olunsaymış, ekspertiza zamanı aşkar olunarmış. Videoçəkilş vasitəsilə aparılan şəxsi axtarış və götürmə zamanı müdafiəçi iştirak etmişdir. O da, müdafiəçi də videoçəkilş vasitəsilə aparılan şəxsi axtarış və götürmə zamanı sənədləri imzalamışlar. Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə gətirilən zaman üzərində xəsarət izləri yox imiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək, Şahid2 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Yasamal RPİ-nin 29-cu PŞ-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 12 noyabr 2022-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin 5-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Yasamal RPİ-nin 29-cu PŞ-nin rəisi, polis polkovnik leytenantı Ramin Məmmədovun 12 noyabr 2022-ci il tarixli, Ə102-095-22 saylı Əmrindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 6-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Yasamal RPİ-nin 29-cu PŞ-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 12 noyabr 2022-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün əməliyyataxtarış tədbirinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 56-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Yasamal Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 5(004)-1169/2022 saylı qərarından görünür ki, Yasamal RPİ-nin 29-cu PŞ-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş 12 noyabr 2022-ci il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işinin 34-35-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 noyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsindən əvvəl, şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ arxa cibindən qızılı rəngli siqaret kağızına bükülmüş 01 ədəd bükümü təqdim etmişdir. Həmin bükümə baxış keçirildikdə, içərisində qəhvəyi rəngli, spesifik iyə malik kütlə olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə heroin olduğunu, xx.xx.2022-ci ildə saat təxminən 16:00 radələrində Nəsimi rayonu, Papanin adlanan ərazidə tanımadığı şəxsdən 25 manat pul müqabilində öz şəxsi istifadəsi üçün almışdır. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək digər əşya və ya predmet aşkar olunmamışdır. Aşkar edilmiş bir ədəd büküm qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmışdır. Cinayət işinin 43-48-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nzirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 noyabr 2022-ci il tarixli, 6/6522 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №169” dairəvi möhür əksi, “1. Təqsirləndirilən şəxs (imza)...” sözləri və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 2,563 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 141-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 aprel 2023-cü il tarixli DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD-R diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, təhqiqatçı Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir və ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif edir. Bu zaman Təqsirləndirilən şəxs sağ əlini əynində olan göy rəngli cins şalvarının sağ arxa cibinə salaraq oradan bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş 01 ədəd bükümü çıxarıb qarşısındakı masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükülü açılır və həmin bükülünün içində qəhvəyi rəngli maddə olması müəyyən olunur. Təqsirləndirilən şəxs həmin maddənin “kakos” kimi bilinən narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Nəsimi rayonu, “Papanin” adlanan ərazidə üzdən tanıdığı, lakin adım bilmədiyi şəxsdən 25 (iyirmi beş) manat pul müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində daşıyaraq həmin gün, yəni xx.xx.2022-ci il tarixdə saat 17:55-də polis əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında saxlanıldığını bildirmişdir. 01 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş büküm qablaşdırılaraq ağ rəngli zərfə qoyulub, möhürlənir. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeyd olunandan başqa, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı qeyri-qanuni əşya aşkar olunmamışdır. Cinayət işinin 120-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" MMC-dən daxil olmuş 27 yanvar 2023-cü il tarixli, AZF\LGL-2129/23 saylı məktubdan görünür ki, sorğuda göstərilən ***-***-**-** saylı mobil nömrə "xxxx" şəbəkəsində istifadə edilməmişdir. Cinayət işinin 187-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-dən daxil olmuş 20 iyun 2023-cü il tarixli, 53-4/2- 8741 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 205-206-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X3 03 iyul 2023-cü il tarixli cinayət işinin materiallarından digər cinayət işinin ayrılması barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitənin mənbəyini müəyyən etmək ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, onda narkotik vasitə olmuş, lakin, sadəcə 0,5 qram narkotik vasitə olmuş, 2,5 qram narkotik vasitə olmamış, polis əməkdaşları tərəfindən ona təzyiqlər olduğu üçün həmin miqdarda narkotik vasitəni boynuna götürmüşdür. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadə verməsini, ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və cinayət məsuliyyətindən boyun qaçırmağa cəhd kimi qiymətləndirir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli qərarın, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qətnaməsi ilə qəbul edilmiş «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqət alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın» və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müvafiq tövsiyyələrinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin Yasamal RPİ-nin 29-cu PŞ-nin polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalıbqalmamasını, saxlanıldığı istintaq Təcridxanasına daxil olan zaman bədəni üzərində xəsarətlərin olub-olmamasını müəyyən etmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, Bakı şəhəri, Yasamal rayon prokurorluğuna sorğu ilə müraciət edilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 28.4.2-ci maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrə təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları araşdırmaq vəzifəsi qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 21 avqust 2023-cü il tarixli, 3-16-17/38/2-5755/2023 saylı məktubdan və məktuba əlavə edilmiş tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı bədənində xəsarət aşkar olunmamış, sağ qalça çuxuru nahiyəsində köhnə çapıq toxuma müşahidə olunmuşdur. Həmçinin, Bakı şəhəri Yasamal Rayon Prokurorluğundan daxil olmuş 28 avqust 2023-cü il tarixli, 2055-xid-23 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı zaman polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalıb-qalmaması barədə Bakı şəhəri Yasamal Rayon Prokurorluğuna hər hansı müraciət daxil olmuş və həmin xüsusat üzrə rayon prokurorluğunda hər hansı araşdırılma aparılmamışdır. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 106-107-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 06 dekabr 2022-ci il tarixli tələbnamədən və cinayət işinin 110-117-ci vərəqələrində olan Abşeron Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 1(012)-60/2021 saylı hökmünün kserosurətindən görünür ki, Orucov X6 Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 190-192-ci vərəqələrində olan Abşeron Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 7(012)-65/2022 saylı qərarına əsasən, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası “08 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən 01 il azaldılmışdır. Cinayət işinin 189-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Şəhər Probasiya Şöbəsindən daxil olmuş 03 iyul 2023-cü il tarixli, 78-2/3-3451 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası 28 mart 2022-ci ildə bitmişdir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-ci maddəsinə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş, lakin, cinayətlərin residivini yaratmır. Cinayət işinin 161-162-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X7 26 dekabr 2022-ci il tarixli 7382 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. Cinayət işinin 164-165-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 06 fevral 2023-cü il tarixli, 277 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayəti törədən zaman öz hərəkətlərinin mənasım dərk etmək, qavramaq və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyəti onunla istintaq hərəkətləri aparılmasına imkan verir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Bundan başqa, cinayət işinin 25-ci vərəqəsində olan 12 noyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 85-ci vərəqəsində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 4(004)-962/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 12 noyabr 2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 121-122-ci vərəqələrində olan Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X1 12 mart 2023-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbiri seçmə barədə qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsində qeyd edilmişdir ki, şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Beləliklə, Təqsirləndirilən şəxs 12 noyabr 2022-ci il tarixdən 12 mart 2023-cü il tarixədək həbsdə olduğu 04 (dörd) ay müddət hazırki hökmlə təyin ediləcək cəza müddətinə hesablanaraq qəti cəza müəyyən edilməlidir. Cinayət işinin137-ci vərəqəsində olan Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X3 10 aprel 2023-cü il tarixli məcburi gətirmə haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məcburi gətirmə tətbiq edilmişdir. Cinayət işinin 153-154-cü vərəqələrində olan Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X3 17 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və şəxsin tutulması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin 158-ci vərəqəsində olan Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X3 17 aprel 2023-cü il tarixli cinayət işinin icraatının dayandırılması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin 168-169-cu vərəqələrində olan Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X3 12 iyun 2023-cü il tarixli cinayət işin üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin 167-ci vərəqəsində olan 12 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 185-186-cı vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 4(004)-438/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 12 iyun 2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsə alındığı 12 iyun 2023-cü il tarixindən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yasamal Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, aparılmış ekspertiza tədqiqatdan sonra qalıq qalmış 2,513 qram narkotik vasitə heroin məhv edilməli, 01 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında”, xx.xx.2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 12 noyabr 2022-ci il tarixdən 12 mart 2023-cü il tarixədək tutulduğu 04 (dörd) ay müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 12 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yasamal Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, aparılmış ekspertiza tədqiqatdan sonra qalıq qalmış 2,513 qram narkotik vasitə heroin məhv edilsin. 01 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-1752/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1752/2023
13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver