Məhkəmə qərarları › İş №1(101)-1752/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1752/2024

23.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1752/2024 23.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X5, Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, ədliyyə müşaviri X4, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1985-ci il tarixdə Ermənistan Respublikasının Spitak rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 211-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi Xanlar yaşayış masivində nömrəsiz evdə yaşamış, 13 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 14 fevral 2024-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs naməlum vaxtda və naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 46,33 qram xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana və təmiz çəkisi 3,545 qram külli miqdarda psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlayıb daşımaqla yaşadığı Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısında 13 fevral 2024-cü il tarixdə, saat 07:30 radələrində özünü şübhəli apardığı üçün Azərbaycan Respublikası DİN-in X7 8-ci X6 (bundan sonra: ÇPA-nın, PPBnün) əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14cü Polis Şöbəsinin (bundan sonra: RPİ-nin, PŞ-nin) inzibati binasına aparılmış və polis şöbəsində videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynindəki qara rəngli qısaqol gödəkçənin sağ yan cibindən 1 ədəd selofan torbada təmiz çəkisi 46,33 qram olan xeyli miqdarda bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmin qısaqol gödəkçənin sol yan cibindən üzərində cüzi miqdarda çəkisi müəyyən olunmayan bitki mənşəli narkotik vasitənin hissəcikləri olan bir ədəd elektron tərəzi, şalvarın sağ yan cibindən bir bükümdə təmiz çəkisi 3,545 qram olan, ağ rəngli, kristal şəkilli, kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etməsi, saxlaması və daşıması, yəni onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı tədqiq olunan mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, o, metafetamin və marixuana istifadə etmiş, başqa narkotik vasitə istifadə etməmiş, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, polis əməkdaşları tərəfindən gecə saat 1-2 radələrində tutulmuşdur. Gecə saat 1-2 radələrində tutulan vaxt polis ona üstündə narkotik vasitə olduğunu demiş və onu saxlamışlar. Üzərinə şəxsi axtarış gecə saat 4-ün yarısı aparılmış və videoçəkiliş olmuşdur. Çəkiliş zamanı 1 polis kapitanı, 2 polis əməkdaşı, yəni serjantlar olmuşlar. Həmin gecə üstünə keçirilmiş baxış zamanı üstümdən çıxan 3,5 qram metafetamini və marixuananı polislər götürmüş, onun özünü isə polis maşını ilə bölməyə aparmışlar. Bölmədə 4-ün yarısı çəkiliş olan vaxtı həmin polis kapitanı ondan götürülmüş narkotikin miqdarını soruşmuş, o da cavabında “3 qram yarım metamfetamin, 50 qram marixuana olmalıdır” demişdir. Belə ki, o, saxlanılarkən həmin narkotikləri götürdüyü yerdən qayıtmış və aldığı psixotrop maddənin və marixuananın miqdarını bilmişdir. Həmin vaxt adını bilmədiyi bir polis kapitanı öz masasının çəkməcəsindən bir dənə metal rəngində tərəzi çıxarıb ona vermiş, ona “üzərində olan maddələri çəkiliş zamanı qoy tərəziyə ki, sonradan bunun üstünü artırıb azaltmasınlar” demişdir. O da həmin tərəzini götürüb cibinə qoymuşdur. Çəkiliş vaxtı həmin o iki polis, bir nəfər də “qrajdanski”, yəni mülki formada olan şəxs olmuşdur ki, sonuncu telefonla videoçəkiliş aprarmışdır. Vəkil, müsəntiq orda olmamışlar. Video çəkilişdə ona tərəzi verən kapitan da iştirak etmişdir. Çəkiliş olub qurtarmış, sənədləşmə aparılmışdır. Ona tərəzi verən şəxs narkotik vasitələri zərfə qoyaraq qablaşdırmışdır. Birinci sanksiya üçün məhkəməyə çıxanda müstəntiq ona üstündən tərəzi də çıxdığını bildirmişdir. Etiraz etdikdə, “dərdini məhkəməyə deyərsən” demişdir. Sabunçu Rayon Məhkəməsində onun həbsinə sanksiya verən hakimə də tərəzinin ona aid olmadığını, narkotik satmadığını, öz istifadəsi üçün götürdüyünü bildirmişdir. Hakim ona narahat olmamağı bildirib həbsinə 3 ay sanksiya vermişdir. Axırıncı dəfə müstəntiqlə görüşdə müstəntiq ona sms göstərmiş, smsdə “mənə olan borcunu qaytar, sənin mənə 05 qram borcun var, borcunu ver” məzmunda yazı yazıldığını görmüşdür. Bu mesaja görə də ona CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Hansı ki, 2 gün əvvəl, ayın 9-da ona mesaj yazan Şahin adlı adamdan o, öz istifadəsi üçün mal almış, növbəti gün ona qaytaracağına söz vermiş, lakin sonra qaytara bilməmişdir. O da acığından həmin smsləri yazmışdır. O, Şahinə qarşılıqlı smslər yazmasına baxmayaraq, müstəntiq onun yazdıqlarını çıxarmamışdır. Həmin vaxt onun üstündə və istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, Maştağa qəsəbəsində, Vişnyovkaya gedən yolda 2 post patrul maşınında olan polislər tərəfindən saxlanılmışdır. Saxlanılarkən tək olmuşdur. Başqa adamları isə maşına minəndən sonra görmüş, lakin onları tanımamışdır. Allahyar Allahverdiyev adlı şəxsi isə ümumiyyətlə tanımamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, burda danışdığı kimi həqiqəti müstəntiqə danışsa da, istintaqın ilkin mərhələlərində ifadə verərkən müstəntiq tərəfindən ona təzyiqlər olmamış, müstəntiq ona “tərəzini boynuna al” kimi bir göstəriş verməmişdir. Lakin müstəntiq onun ifadəsini hazır gətirib, “onsuz da bir dəfə tanış olmusan, narahat olma, məhkəmədə deyərsən” deməklə imza etdirmiş, o da ifadələrini oxumadan imza etmişdir. O, etiraz etdikdə, müstəntiq “dərdini məhkəmədə deyərsən” demişdir. O, müstəntiqə “tutulduğu saat düzgün qeyd edilməyib, məndə tərəzi olmayıb, baxışda vəkil iştirak etməyib” dedikdə, müstəntiq ona “mənim başımı niyə xarab edirsən, məhkəmədə deyərsən” cavabını vermişdir. Ona vəkil təqdim olunmamış, o, vəkili yalnız 3 dəfə - sanksiya vaxtı, bölmədə və iş bağlananda görmüşdür. İstər saxlanılarkən və istərsə də polis bölməsində polislər tərəfindən ona qarşı heç bir mənəvi, psixoloji və ya fiziki təsir olmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə onun ibtidai istintaqda verdiyi ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun cinayət işinin məhkəməyədək icraatı mərhələsində vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs Eşqin Bayramov tədqiq olunan ifadələrində ona qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, müəyyən bir müddət narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmişdir. 13 fevral 2024-cü il tarixdə, saat təxminən 07:30 radələrində Sabunçu rayonu, Maştağa qəsəsəbəsi, Xanlar yaşayış massivində yerləşən DYMX-nin yaxınlığında tanışı X1 ilə birlikdə piyada hərəkətdə olarkən 2 nəfər polis əməkdaşı onlara yaxınlaşmış, sonra özlərini təqdim edərək şəxsiyyətlərini təsdiq edən sənədlərini onlara təqdim etməyi xahiş etmişlər. Həmin vaxt onun şəxsiyyət vəsiqəsi üstündə olmadığından o, polis əməkdaşlarına sənəd təqdim edə bilməmişdir. Tanışı Allahyarla birlikdə polis əməkdaşları tərəfindən onlara verilən suallara dolğun və dürüst cavab vermədikləri üçün polislər onları 14-cü PŞ-nə dəvət etmişlər. Polis şöbəsində barəsində onun tutma protokolu tərtib edilmiş, vəkil dəvət edilmiş, hüquq vəzifələri izah edilmiş və üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə aparılması barədə qərar qəbul edilmişdir. Video çəkiliş aparılmazdan əvvəl o, vəkilin iştirak etməməsi barədə ərizə vermişdir. Şəxsi axatış və götürmə aparılmamışdan əvvəl polis əməkdaşaları tərəfindən ona üzərində qanunla daşınması və saxlanması qadağan edilmiş əşya olduğu təqdirdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra o, əynindəki qara rəngli qısaqol gödəkçənin sağ yan cibindən 1 ədəd selofan torbada saxladığı marixuananı, həmin qısaqol gödəkçənin sol yan cibindən bir ədəd elektron tərəzini və şalvarın sağ yan cibindən bir büküm metamfetamini və özüneə məxsus bir ədəd “Redmi” markalı mobil telefonu təqdim etmişdir. Suallar ətrafında dindirilərkən həmin maddələri şəxsi istifadəsi üçün Ramana qəsəbəsində üzdən tanıdığı şəxsdən 150 manat aldığını bildirmişdir. Daha sonra ondan aşkar edilən bükümlər və tərəzi zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. O, həm zərfi, həm də protokolu oxuyub tanış olduqdan sonra imzalamışdır (iş vərəqə: 116-118). Cinayət işinə məhkəmsə baxışı zamanı şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, ÇPA-nın 8-ci bölüyünün polis nəfəri Şahid1 ifadəsinin giriş hissəsində ibtidai istintaq zamanı yazdığı ifadəsini və raportunun düzgünlüyünü təsdiq etdiyini, ifadəsinə bir əlavəsinin olmadığını, hadisənin üzərindən xeyli vaxt keçdiyinə görə şəxsin harada, nə vaxt saxlanılmasnı xatırlamadığını qeyd edib göstərdi ki, yadında qaldığı qədər şəxsi Maştağa qəsəbəsi, Xanlar küçəsində tək saxlamışlar və dərhal sonra onu Bakı Şəhəri Sabunçu RPİ-nin 14-cü PB-nə aparmış, raport yazaraq bölməyə təhvil verdikdən sonra üzərinə baxış keçirilən zaman üzərindən narkotik maddə aşkar olunmuşdur. Suallar ətrafında dindirilən Şahid1 ifadəsinin davamında göstərdi ki, o, ona xidməti təhkim olunmuş ərazi Maştağa qəsəbəsi olmuş, axşam 20:00-dan səhər saat 08:00-dək xidmətdə olmuşdur. Həmin gün yənim Təqsirləndirilən şəxs saxlanılan gün o, polis nəfəri Şahid2 ilə birlikdə xidmətdə olmuş, gecə gec saatlarda, yadında qaldığı qədər təqribən saat 3-4 radələrində onlar Təqsirləndirilən şəxs yolda özünü şübhəli apardığını görüb ona yaxınlaşmışlar. Radik Rüstəmov tək olmuşdur. Onlar Təqsirləndirilən şəxs ərazidə olan oğurluq hadisələri ilə bağlı yaxınlaşmış, ondan yaşadığı yeri soruşduqda sonuncu onlardan qaçmağa cəhd göstərmimşdir. Ona görə də onlar onun qoluna qandal vuraraq onu saxlayan kimi bölməyə aparmışlar. Radiq onların suallarına rahat cavab verə bilməmiş, onun narkotik vasitə istifadə etməsi hiss olunmuş, cavabları qeyri-adekvat olmuş və hər vəchlə onlardan yayınmaq istəmişdir. Onlar Radiqi saxlayan zaman onun üzərində heç bir sənəd, o cümlədən şəxsiyyət vəsiqəsi olmamışdır. Onlar Təqsirləndirilən şəxs saxlayan zaman üzərini və ciblərini özünə və ya qeyrilərinə kəsici-deşici alətlərlə xəsarət yetirməsinin qarşısını almaq məqsədilə vizual şəkildə yoxlama aparmış, lakin heç nə müəyyən etməmişlər. Xatırladığı qədər şəxsin üzərinə şəxsi axtarış və baxış keçirilən zaman üzərindən marixuana, metamfetamin, telefon və tərəzi aşkar edilmişdir. Radiqlə heç kimin qərəzi olmamış, polis əməkdaşlarından heç kəs Radiqə tərəzi verməmişdir. Radiq saxlanılarkən saxlanıldığı yerdə onun üzərində şəxsi axtarış aparımamış, ondan hər hansı narkotik vasitə və ya psixotrop maddə götürülməmişdir. Radiq saxlanılarkən və ya sonra PB-də ona qarşı polis əməkdaşları tərəifndən hər hansı formada təzyiq gösmtərilməmiş, sonuncu əməlini səmimi etiraf edib üzərindəki marixuananı, psixotrop maddəni və tərəzini təqdim etmişdir. Bütün proses sənədləşdirilmiş, o cümlədən aşkar edilmiş şübhəli maddələr və tərəzi qablaşdırılmış, yekunda protokol tərtib edilmişdir. Hər iki sənəd bütün proses iştirakçıları, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. Şahid1 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsi ziddiyyətli hissələrdə elan edilməklə tədqiq edildi. Şahid1 məhkəmədəki ifadəsindən fərqli olaraq tədqiq olunan ifadəsində göstərmişdir ki, o, 13 fevral 2024-cü il tarixdə Sabunçu rayonunun Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində həmkarı ilə birlikdə xidmətdə olarkən saat 07:30 radələrində iki nəfər şəxsin özlərini şübhəli apardıqları üçün onlara yaxınlaşıb özlərini təqdim etmiş, həmin şəxslərdən şəxsiyyətlərini təsdiq edən sənədlərini təqdim etmələrini tələb etmiş, lakin heç bir sənəd təqdim etmədiklərindən onlar həmin şəxsləri Sabunçu RPl-nin 14-cü PB-nə gətirmişlər. Polis bölməsində həmin şəxslərdən birinin Təqsirləndirilən şəxs, digərinin isə X1 olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış nəticəsində ondan 1 ədəd selofana bükülmüş marixuana, bir ədəd bükümdə metamfetamin maddsi və 1 ədəd elektron tərəzini aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin maddələri Sabunçu rayonunun Ramana qəsəbəsində üzdən tanıdığı şəxsdən 150 manat aldığını bildirmişdir(iş vərəqə: 74-75). İfadələri arasında müəyyən olunan ziddiyyətlərə aydınlıq gətirən Şahid1 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsin saxlanılması ilə bağlı sənədləşməni o, aparmamışdır. Ola bilsin ki, Təqsirləndirilən şəxs sənədləşməsi onların sonuncunu bölməyə təmin etdikdən sonrakı saatlara rəsmləşdirilmişdir. Sərbəst ifadəsinin əvvəlində göstərdiyi kimi, ibtidai istintaq zamanı düzgün ifadə vermişdir və bir daha təsdiq edir. hadisənin üzərindən xeyli vaxt keçdiyinə görə şəxsin harada, nə vaxt, hansı şəraitdə saxlanılması onun yadında qalmamsışdır. Xatırladığı qədər, Təqsirləndirilən şəxs hadisə günü gecə saat 03- 04 radələində saxlanılmış, o, saxlanılarkən tək olmuşdur. Onlar Təqsirləndirilən şəxs saxlayan zaman sonuncunun özünə və ətrafdakılara xəsarət yetirmək ehtimalının olmasını nəzərə alıb, üzərində vizual şəkildə yoxlama aparmış, onun üzərində üzərində kəsicideşici alətlər olub-olmamasını yoxlamış, lakin heç nə müəyyən etməmişlər. O, saxlanılarkən üzərində Xatırladığı qədər şəxsin üzərinə şəxsi axtarış və baxış keçirilən zaman üzərindən marixuana, metamfetamin, telefon və tərəzi aşkar edilmişdir. Radiq saxlanıldığı yerdə onun üzərində şəxsi axtarış aparımamış, ondan hər hansı narkotik vasitə və ya psixotrop maddə götürülməmişdir. Radiq üzərindəki naprkotik vasitəni, psixotrop maddəni və bir ədəd tərəzini Polis Bölməsində videoçəkiliş altında polisə təqdim etmiş, özünün şəxsi istifadəsi üçün alıb əldə etmişdir. Şəxsin tutulma saatı şəxsi axtarış və götürmə protokolunun tərtib edilməsindəki zaman aralığı bir qədər düz olmaya bilər. Səbəbi şəxsin polis bölməsinə gətirilməsi, təhqiqatçının müəyyən olunması, saxlanılan şəxsin şəxsiyyətini müəyyənləşdirməsi və sair hallar ola bilər. Videoçəkilişdə şəxsin harada və nə vaxt saxlanılması öz əksini tapmışdır. Adından yazılmış raportun, yazılmış ifadələrin məzmununua diqqət yetirmədən, yəni oxumadan imzalamışdır. Ola bilsin ki, raport və ya ifadəsində konkret məsələ düzgün göstərilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, ƏÇPA-nın 8-ci bölüyünün polis nəfəri Şahid2 məhkəmədə şahid qismində dindirilmiş həmkarı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində işin halları ilə bağlı göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» 13 fevral 2024-cü il tarixli protokoldan görünür ki, protokol tərtib olunan tarixdə saat 07:30 radələrində Azərbaycan Respublikası DİN, ƏÇPA-nın 8-ci bölüyünün əməkdaşları tərəfindən Sabunçu rayonunun Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində saxlanılmış və Sabunçu RPİ-nin 14-cü PB-nə təmin edilmiş vətəndaş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan Təqsirləndirilən şəxs əynindəki qara rəngli qısaqol gödəkçənin sağ yan cibindən 1 ədəd selofan torbada olan bitki mənşəli kütləni, həmin qısaqol gödəkçənin sol yan cibindən bir ədəd elektron tərəzini və şalvarın sağ yan cibindən bir bükümdə ağ rəngli, kristalşəkilli kütləni çıxarıb təqdim etmişdir. Tədqiq olunan protokoldan, həmçinin görünür ki, təqdim olunan şübhəli maddələr təhqiqatçı tərəfindən baxış keçirilmiş və bitki mənşəli kütlənin marixuana narkotik vasitəsinə, ağ rəngli, kristalşəkilli kütlənin isə psixotrop maddə metamfetaminə şübhəli maddələr olduğu müəyyən edilmiş, 1 ədəd selofan torbada olan bitki mənşəli kütlə, bir ədəd elektron tərəzi və ağ rəngli, kristalşəkilli maddə ayrı-ayrılıqda 03 ədəd zərfə qablaşdırılmaqla götürülmüşdür. Daha sonra tədqiq olunan həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs suallara cavab olaraq üzərindən aşkar edilmiş həmin maddələri Sabunçu rayonunun Ramana qəsəbəsində üzdən tanıdığı şəxsdən 150 manat aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Ən nəhayət, tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesi «Samsung» markalı videokamera vasitəsi ilə videolentə alınmış və videogörüntülərin yükləndiyi 01 ədəd CD formatlı disk həmin protokola əlavə edilmişdir(iş vərəqə: 24-25). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və götürmə prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd CD formatlı diskə baxış keçirilməsi haqqında 15 fevral 2024-cü il tarixli protokoldan görünür ki, diskdə olan videogörüntülər “şəxsi axtarış keçirilməsi və götürmə aparılması haqqında” 13 fevral 2024-cü il tarixli protokolun məzmunu ilə üst-üstə düşür, ziddiyyətlər müəyyən edilməmişdir(iş vərəqə: 72). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan 13 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aşkar edilrərk götürülmüş «Redmi» markalı mobil telefona baxış keçirilməsi haqqında 15 fevral 2024-cü il tarixli protokoldan görünür ki, qeyd edilən telefona ayarlar bölümündən daxil olduqdan sonra həmin telefonun içərisində ***-***-**-** mobil nömrədən istifadə olması müəyyən edilir. Lakin baxış nəticəsində telefonun məlumatdaşıyıcı bölümlərində iş üçün əhmiyyət kəsb edəcək məlumatlar aşkar edilməmişdir(iş vərəqə: 71). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 13 fevral 2024-cü il tarixli 3- 16-16/2-6/857 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «AR DİN Zərflər üçün №100» möhür əksi, “ Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut..” və s. soyadlar, imzalar olan bir ədəd kağız zərfdə 01 ədəd bükümdə müəyyən olunan ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və təmiz çəkisi 3,545 qram təşkil edir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahıl) daxildir(iş vərəqə: 31-35). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 13 fevral 2024-cü il tarixli 3-16-16/2- 7/230 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut” yazılar və imzalar olan kağız paketdə 1(bir) ədəd sellofan torbada müəyyən olunan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, təmiz çəkisi 46,33 qram təşkil edir. Tədqiqata təqdim edilmiş üzərində «Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut” yazılar və imzalar olan kağız paketdə olan 1(bir) ədəd elektron tərəzinin üzərində cüzi miqdarda bitki mənşəli narkotik vasitənin hissəcikləri vardır. Bitki mənşəli narkotik vasitənin hissəcikləri cüzi miqdarda olduğu üçün çəkisi müəyyən olunmamışdır və onunla müqayisəli tədqiqat aparılmamışdır(iş vərəqə: 36-40). İbtidai istintaq orqanının “sübutların qiymətləndirilməsi və s. haqqında” 29 aprel 2024-cü il tarixli qərarlarına əsasən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 46,33 qram narkotik vasitə qurudulmuş marixuana, 3,545 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi iş üzrə maddi subut kimi qiymətləndirilmiş və tədqiqata sərf edildikidən sonra qalıq qalmış 46,31 qram narkotik vasitə qurudulmuş marixuana və 3,445 qram psixotrop maddə metamfetamin, həmçinin bir ədəd elektron tərəzi Sabunçu RPİ-nin saxlancına təhvil verilmişdir(iş vərəqə: 101-106, 131). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli 1281 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(iş vərəqə: 96-97). Daha sonra cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan "xxxx" MMC-dən alınmış diskə baxış keçirilməsi barədə 01 aprel 2024-cü il tarixli protokoldan Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyən olunur. Belə ki, ***-***-**-** saylı mobil telefon nömrəsindən daxil olmuş smslərdə “malımı ver.Adamı yola salım 2 gündü rayona gedə bilmir.Mende kayf edim”.., “iş götürüb bariqalığnan aile saxlayan oğlansan..”, men o gün mamova demedim.Bu gun deyerem.Senin oğlun mal satandı..” “Men xeste adam. Sen 15 sene atıram.Sen q.... gore tezden 10 man borc eliyib, gelirem qapına. Deyirsen 15 atdımda, arada pulum getdi amma mal gelmedi, Yox. Mal ver, mene borclusan, temiz yarım..” və sair smslər mövcuddur(iş vərəqə: 85). Tədqiq olunan əməliyyat tapşırığına aidiyyatı orqan tərəfindən verilmiş 01 aprel 2024-cü il tarixli cavabdan görünür ki, Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələrin əldə olunma mənbəyini müəyyən etmək mümkün olmamışdır(iş vərəqə: 95). Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanının 29 aprel 2024-cü il tarixli «sübutların qiymətləndirilməsi və ayrıca icraata cinayət işinin ayrılması haqqında» qərarına əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin yükləndiyi 01 ədəd və Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinə dair açıqlamaların yükləndiyi 01 ədəd – cəmi 02 ədəd “CD” formatlı disk cinayət təqibi üzrə sübut növü kimi qiymətləndirilərək cinayət işinin materiallarına əlavə edilmiş, həmçinin cinayət işinin materiallarından Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddənin mənbəyini müəyyənləşdirmək məqsədilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətləri ilə baxılan cinayət işindən ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır (iş vərəqə: 101-106, 107). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixlə 8 №-li qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «qurudulmuş marixuana» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5,0 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram, metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş marixuana narkotik vasitəsinin miqdarı 46,33 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»ya əsasən külli miqdar təşkil etməsə də, ondan götürülmüş 3,545 qram psixotrop maddə metamfetaminin çəkisi həmin siyahıda nəzərdə tutulmuş külli miqdar hədlərində olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixlə 8 №-li qərarında məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CMnin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilibtörədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli həmin qərarının doqquzuncu bəndində qeyd olunur ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və psixotrop maddələri təkcə satma deyidl, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yartdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Qeyd olunan Plenum Qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq «qurudulmuş marixuana» narkotik vasitəsinin və külli miqdarda psixotrop maddəni əldə edərək üzərində saxlaması, daşıması, onun məhkəməyədək icraat mərhələsində şəxsi axtarış və götürmə prosesində, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində qismən etirafı, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mobil sms əlaqələrinin olması, məhkəmə-narkoloji ekspertizanın rəyinə əsasən Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan narkotik asılılığının olması, təqsirləndirilən şəxsin «qurudulmuş marixuana» narkotik vasitəsini və külli miqdarda psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə etməsinə, saxlamasına, daşımasına və satmasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq «qurudulmuş marixuana» narkotik vasitəsini və külli miqdarda metamfetamin psixotrop maddəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində saxlanılarkən üzərində elektron tərəzi olmaması, həmin elektron tərəzinin aldadıcı üsulla polis kapitanı tərəfindən ona verilməsi və sonradan həmin elektron tərəzinin onun adına sənədləşdirilməsi, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaması barədə göstərdiklərini onun özünün müdafiəsi üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı vaxtı mübahisələndirib saat 07:30 radələrində deyil, gecə saat 01 radələrində saxlanıldığını göstərsə də, üzərindən aşkar edilib götürülmüş marixuana narkotik vasitəsini və metamfetamin psixotrop maddəsinin növ olaraq özlərini, miqdarını, ona aid olub-olmamasını mübahisələndirməmiş, götürülmüş narkotik vasitənin və psixotrop maddənin özünə aid olduğunu, şəxsi istifadəsi üçün alıb əldə etdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq olunur və sübutlar toplanılarkən qanun pozuntularına yol verilməsi müəyyən edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində 2012 və 2017-ci il təvəllüdlü olmaqla iki nəfər az yaşlı çatmayan uşaqları vardır ki, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən qeyd olunan bu hal təqsirləndirilən şəxsə cəza təyin olunarkən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi və əvvəllər məhkum olunmaması nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunması məsələsini müzakirə edib belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs barəsində məhkəmə-narkoloji ekspertizanın rəyi nəzərə alınmalı, onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-cü maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəza çəkmə müəssisələri ümumi rejimli cəzaçəkmə müəssisələri müəyyən olunur. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun baxılan iş üzrə şübhəli şəxs qismində tutulduğu 13 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 13 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 14 fevral 2024-cü il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 13 fevral 2024-cü il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 13 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulub saxlanıldığı tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhəri Sabunçu RPİnin maddi sübutların saxlanma kamerasına saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 46,31 qram qurudulmuş marixuana narkotik vasitəsi və 3,445 qram metamfetamin psixotrop maddəsi və bir ədəd elektron tərəzi məhv edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, işüzrə 182 (yüz səksən iki) manat məbləğində ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 13 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin. O, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasına saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 46,31 qram qurudulmuş marixuana narkotik vasitəsi və 3,445 qram metamfetamin psixotrop maddəsi məhv edilsin; Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasına saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd elektron tərəzi vəhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 182 (yüz səksən iki) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar