Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1753/2021 21.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi ilə, hakimlər Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəçi üzrə şöbəsinin prokuroru X3, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, müdafiəçi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında xx xxxxx 1989-cu ildə Bakı şəhərində anadan olan, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkum olunmuş, işləməyən, Bakı şəhəri Səbail rayonu Ə.Nəzmi küçəsi ev 70-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 178.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmiş və yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin Hərrac İdarəsində hərracı elan edilmiş Bakı şəhəri Nəsimi rayonu Füzuli küçəsində yerləşən 64 kv.metr sahəsi olan bir otaqlı evi və bir ədəd “Priora” markalı avtomobili hərrac yolu ilə ucuz qiymətə alıb baha qiymətə satışını təşkil edərək, yüksək məbləğdə qazanc əldə edə biləcəkləri adı ilə aldadıb 2020-ci ilin avqust ayında Bakı şəhəri Səbail rayonu Parlament prospekti 7/11 ünvanda yerləşən 20 saylı tam orta məktəbin inzibati binasının arxa hissəsində 29.800 (iyirmi doqquz min səkkiz yüz) manat, eyni məqsədlə hərracı elan edilmiş Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində yerləşən 12 sot torpaq sahəsini hərrac yolu ilə ucuz qiymətə alıb baha qiymətə satışını təşkil edərək, yüksək məbləğdə qazanc əldə edə biləcəkləri adı ilə aldadıb 2020-ci ilin avqust ayında ünvan 2 ünvanda yerləşən 3 saylı ASAN Xidmətin inzibati binasının yanında həmin dövrə olan milli məzənnə ilə 3.400 (üç min dörd yüz) manat təşkil etmiş 2.000 (iki min) ABŞ dolları və bir gün sonra Bakı şəhəri Yasamal rayonu H.ünvan 3 ünvanın qarşısında 2.600 (iki min altı yüz) manat məbləğdə pulunu alıb ələ keçirmiş, bundan sonra Zərərçəkmiş şəxs2 etibarını qazanmaqdan ötrü “Priora” markalı avtomobili sonuncunun qardaşı Zərərçəkmiş şəxs3 adına rəsmiləşdirmiş, sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin Hərrac İdarəsində hərracı elan edilmiş bir ədəd “Hyundai Elantra” markalı **-SX-*** dövlət qeydiyyat nömrə nişanlı, bir ədəd qara rəngli “Hyundai Elantra” markalı, bir ədəd 9.200 manat dəyərli, gümüşü rəngli “Hyundai Elantra” markalı, bir ədəd 15.000 manat dəyərli, “BMW” markalı «528» modelli, bir ədəd 17.000 manat dəyərli, «Toyota» markalı “Prado” modelli və bir ədəd 24.000 manat dəyərli, «Toyota» markalı “Land Cruiser” modelli avtomobilləri hərrac yolu ilə ucuz qiymətə alıb baha qiymətə satışını təşkil edərək, yüksək məbləğdə qazanc əldə edə biləcəkləri adı ilə aldadıb 2020-ci ilin oktyabr ayında ünvan 2 ünvanda yerləşən 3 saylı ASAN Xidmətin inzibati binasının yanında 29.000 (iyirmi doqquz min) manat və bir gün sonra Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti 55/81 saylı ünvanın qarşısında 15.000 (on beş min) manat məbləğdə pulunu alıb ələ keçirmiş, bundan sonra Zərərçəkmiş şəxs2 etibarını tam qazanmaq üçün qara rəngli “Hyundai Elantra” markalı avtomobilin satışından əldə etdiklərini bildirərək sonuncuya 15.000 (on beş min) manat məbləğdə pulu geri qaytarmış və son dəfə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində müsadirə olunmuş qızıl sikkələri ucuz qiymətə alıb baha qiymətə satışını təşkil edərək, yüksək məbləğdə qazanc əldə edə biləcəkləri adı ilə aldadıb 2020-ci ilin noyabr ayının ortalarında ünvan 2 ünvanda yerləşən 3 saylı ASAN Xidmətin inzibati binasının yanında 20.000 (iyirmi min) manat məbləğdə nağd pulunu etibardan sui-istifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs2 ümumilikdə 99.800 (doxsan dokkuz min səkkiz yüz) manat məbləğdə külli miqdarda maddi ziyan vurmaqla verdiyi vədlərinə əməl etməyərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində müsadirə olunmuş “Apple” markalı “İ Phone” modelli mobil telefon aparatlarını ucuz qiymətə alıb baha qiymətə satışını təşkil edərək, yüksək məbləğdə qazanc əldə edə biləcəkləri adı ilə aldadıb 2020-ci ilin oktyabr ayının axırlarında ünvan 5 ünvanda yerləşən yaşayış binasının yanında həmin dövrə olan milli məzənnə ilə 5.100 (beş min yüz) manat təşkil edən 3.000 (üç min) ABŞ dolları məbləğdə nağd pulunu etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs3 xeyli miqdarda maddi ziyan vurmaqla verdiyi vədlərinə əməl etməyərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 dekabr 2020-ci il tarixdə saat 17:40-da qonaq kimi yaşadığı ünvan 6 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış evinin sonuncuya məxsus yataq otağına qanunsuz daxil olub, saxlanc yeri hesab olunan termonun siyirməsindən 55.000 (əlli beş min) manat məbləğində nağd pulu gizli yolla talayıb Zərərçəkmiş şəxs1 külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 tanıyır, ona vurduğu ziyanı ödəmişdir. Bu epizod üzrə bildirir ki, Elinanın evindən 55.000 manat deyil, 45.000 manat məbləğində pul götürmüşdür. Zərərçəkmiş şəxs1 və onun əri Sabir Verxovski ilə yaxın ailə münasibətləri olmuş, hətta öz ailəsində yaranmış problemlərlə bağlı Elinagilin evində yaşamışdır. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qardaşları ilə bağlı epizodlar üzrə isə bildirir ki, onun onlara vurduğu zərər ittihamda göstərildiyi 99.800 manat kimi deyil, cəmi 75.400 manat məbləğ olmuş, həmin zərərin də 29.500 manatı qaytarmış, 43.400 manat ödənilməmiş məbləğ qalmışdır. 24 dekabr 2020-ci il tarixdə saat təxminən 13 radələrində o, Elinagildə olan zaman Elina çantasından pul çıxarıb ondan həmin pulları saymasını xahiş etmiş, o da həmin pulları sayaraq pulun məbləğinin 55.000 (əlli beş min) manat olmasını görmüşdür. Pulları saydıqdan sonra Elinaya təhvil vermiş, Elina da pulları qonaq otağında olan televizor altlığının içərisinə qoymuşdur. Bundan bir qədər sonra o, evin dəhlizində olan zaman Elina həmin pulları qonaq otağında olan televizor altlığının içərisindən götürüb öz yataq otağına apararaq, həmin pulları yataq otağında olan termonun birinci sürməsinin içərisinə qoymuş və xörək bişirmək üçün mətbəxə keçmişdir. Onun isə həmin ərəfədə ayrı-ayrı şəxslərə pul borcu olduğu üçün düşünmüşdür ki, Elinanın 55.000 manat pulunu götürüb borclarını ödəsin və bir-iki gün ərzində “Forex”-dən udacağı pulu aparıb həmin pulun yerinə qoyacaqdır. Elinanın başının mətbəxdə qarışdığından istifadə edərək Elinanın yataq otağına qoyduğu 55.000 manat pulun üzərindən 45.000 manat götürüb qara rəngli bel çantasının içərisinə qoyub Elinaya siqaret çəkmək üçün həyətə düşdüyünü bildirmiş, Elina isə ondan mağazadan nə isə almasını istəmişdir. Bundan sonra o, evdən çıxmışdır. O, bu cinayəti tək törətmişdir. Həmin puldan borclarının bir hissəsini ödəmiş, hal-hazırda Elinaya olan borcunu tam ödəmiş, onunla barışmışdır. Zərərçəkmiş şəxs3 onunla birlikdə pullarını “Forex”-ə qoyub qazanc əldə etməyə çalışmış, lakin ziyana düşmüşdür. Rəşadın qardaşı Anarla birlikdə ona verdikləri 104.900 manat pullarının müqabilində o, Rəşad və Anara bir ədəd 14.500 manat dəyərində “Priora” və bir ədəd 15.000 manat dəyərində “Hyundai” markalı avtomobil vermiş, Rəşada təxminən 43.400 manat borcu qalmışdır. O, Zərərçəkmiş şəxs3 Dövlət Əmlak Xidmətinin Hərrac İdarəsində yaxın qohumunun işlədiyini və oradan hərracda ucuz qiymətə əmlak alınması ilə bağlı heç bir söz deməmiş, Rəşada sadəcə hərrac vasitəsilə ucuz qiymətə əmlak alıb sataraq qazanc əldə edə biləcəklərini demişdir. Nəsimi rayonu Füzuli küçəsində yerləşən 64 kvadrat metr sahəsi olan ev və 01 ədəd “Priora” markalı avtomobil üçün o, Rəşaddan 29.800 manat deyil, 24.800 manat məbləğdə pul almış və həmin pulu «Forex» birja səhifəsində səhmlərə qoymuşdur. O, Zərərçəkmiş şəxs3 Mərdəkan qəsəbəsində 12 sot torpaq sahəsinin 16.000 manata satışa çıxarıldığını desə də, Rəşad və Anar ona 6000 manat yox, 3000 ABŞ dolları, yəni 5100 manat məbləğdə pul vermişlər, o, həmin pulu torpaq almaq adı ilə alsa da, «Forex»-ə qoymuşdur. O, Zərərçəkmiş şəxs3 Dövlət Təhlükəsizlik Xidmətində Orxan adlı müstəntiq işləyən qohumu olmasını bildirməmiş, onun belə bir tanışı və ya qohumu yoxdur. Bundan başqa o, Rəşadla görüşə “Hyundai Accent” markalı yox, “Hyundai Elantra” markalı, **-SX-*** dövlət nömrə nişanlı avtomobillə getmişdir. Həmçinin o, Rəşad və Anara yalnız qara rəngli 9200 manat dəyərli “Hyundai Elantra” və 24.000 manat dəyərli “Land Crusier” markalı avtomobilləri hərracdan ucuz qiymətə çıxardacağını bildirib hər iki avtomobil üçün ümumilikdə 29.000 manat pul almış və həmin pulu da “Forex” birja səhifəsində səhmlərə qoyaraq ziyana düşmüşdür. O, Zərərçəkmiş şəxs3 Gömrük Komitəsində ucuz qiymətə “İ Phone” markalı telefonların olduğunu demiş, qeyd edilən telefonların komitədən çıxarılması üçün Rəşaddan 3000 ABŞ dolları deyil, 1600 ABŞ dolları pul alıb həmin pulu da üç gün içərisində Rəşada qaytarmışdır. X8 adlı əmisi və ya Eldəniz adlı tanışı olmamışdır. O, Rəşad və Anara sadəcə olaraq hərracda satışda ucuz qızıl olduğunu bildirib həmin qızılları alıb sataraq gəlir əldə edəcəklərini bildirmiş və Anardan 20.000 manat pul almış, həmin 20.000 manat pulu da «Forex»-ə qoymuşdur. O, Rəşad və Anardan pulları hərracdan ucuz qiymətə daşınar və ya daşınmaz əmlak alıb baha qiymətə sataraq qazanc əldə etmək adı ilə alsa da əslində həmin pulları əvvlcədən forex birja səhifəsində dövr etdirmək niyyəti ilə alıb elə həmin səhifədə də batırmışdır. Rəşad və qardaşı Anar ona tez-tez zəng edib ya əmlakları, ya da pullarını geri tələb etmişlər. Oda onların pullarını tapıb qayatarmaq üçün vaxt qazanmaq məqsədi ilə hər dəfə işlərdə suni problemlər baş verdiyini bildirib vaxt qazanmaq istəyirdi. Etdiyi əməllərdən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin aprel ayından birgə işlədikləri “Rent A Car” şirkətindən tanımışdır. Onların aralarında normal münasibət yaranmışdır. 2020-ci ilin avqust ayında Muxtarla görüş zamanı Muxtar Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin hərrac idarəsində yaxın qohumunun işlədiyini deyərək Komitədə hərracda dəyərindən aşağı qiymətə avtomobillər və əmlaklar satıldığını, həmin əmlakları almaq üçün pulu çatmadığını deyərək ona təklif etmişdir ki, o da, pul qoysun, birlikdə avtomaşınları və əmlakları alıb satsınlar. Həmin vaxt Muxtara bir söz deməmiş, qardaşı Anara zəng edib Muxtarın dediyi məsələni danışmış və həmin gün axşam o, qardaşı Anar və Muxtar birlikdə Bakı şəhəri Yasamal rayonunda yerləşən 3 saylı ASAN Xidmətin yanında görüşüb Muxtarın dediyi məsələlərlə bağlı söhbət etmişlər. Muxtar bildirmişdir ki, hərracda Nəsimi rayonu Füzuli küçəsində 64 kv.metr sahəsi olan bir otaqlı ev və bir ədəd “Priora”markalı avtomobil vardır. O, Muxtardan həmin əmakların qiymətini soruşduqda Muxtar evin qiymətinin 32.000 manat, avtomobilin isə 7852 manat olduğunu deyib həmin məbləğləri verəcəkləri təqdirdə evin və «Priora» markalı avtomobilin bir həftə ərzində onlarda olacağını bildirmiş, həmçinin demişdir ki, bu iş üçün özündə 10.000 manat pul vardır, qalan pulu da onlar qoysunlar, məsələni həll etsin. Bundan bir gün sonra Muxtar yenidən ona zəng edərək bildirmişdir ki, Mərdəkanda 12 sot torpaq sahəsi var, qiyməti 16.000 manat təşkil edir, istəsələr, onu da ala bilərlər. Bu məsələlərlə ilə bağlı o və qardaşı Anar Muxtarla Səbail rayonu Parlament prospekti 7/11 ünvanda yerləşən 20 saylı məktəbin arxasında görüşmüşlər və orada iki otaqlı evə və «Priora» markalı avtomobilə görə Anar onun yanında Muxtara 29.800 manat məbləğində nağd pulu vermişdir. Bir neçə gün sonra Muxtar yenidən zəng edərək, Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsinin hərraca çıxacağını və pulunu ödəmək lazım olduğunu bildirmişdir. Həmin torpağa görə iki dəfəyə Muxtara 2000 ABŞ dolları bir və qalan 2600 manat pulu o, Muxtara vermişdir. Muxtar 10 gündən sonra ona zəng edərək əmlakları sənədləşdirmək üçün onun və qardaşı Anarın şəxsiyyət vəsiqələrini istəmiş, o, özünün və qardaşının şəxsiyyət vəsiqələrini Muxtara vermiş və Muxtar «Priora» markalı avtomobili sabah onlara təhvil verəcəyini demişdir. Muxtar vəd etdiyi kimi növbəti gün Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” ticarət mərkəzinin yaxınlığında 14.500 manat dəyərində qara rəngli «Priora» markalı avtomobili onun adına keçirərək ona təhvil vermiş, lakin bildirmişdir ki, evin sənədləşməsində gecikmə var, səbirli olsunlar, onu da verəcəkdir. Muxtar bir neçə gün sonra yenidən onunla görüşüb ona daha bir neçə avtomobil almağı təklif etmişdir. O da, pulu olmadığını demişdir. Bundan sonra qardaşı Anara Muxtarın təkliflərini bildirmiş, həmin vaxt qardaşı Anar avtomaşınlara baxmaq istədiyini bildirmiş, bundan sonra qardaşı Anarla Muxtar Sumqayıta gedib orada avtomobilə baxmışlar. O, tarixi dəqiq xatırlamasa da, 2020-ci ilin oktyabr ayında Sumqayıtdan Bakıya qayıdandan sonra qardaşı Anar, o və Muxtar Yasamal rayonu Şərifzadə küçəsində yerləşən 3 saylı ASAN Xidmətin binasının yanında görüşmüşlər. Orada o, Muxtara sayıb 29.000 manat pul vermiş,bundan iki gün sonra Muxtar 15.000 manat məbləğində pulun çatmadığını ona demişdir. O, isə bu məsələlərin artıq ağlına batmadığına görə Muxtara pulu olmadığını demiş və ondan aralandıqdan sonra qardaşı Anarla görüşüb vəziyyəti ona izah etmişdir. Anar ona 15000 manat verərək Bakı şəhəri, H.Zərdabi prospekti 55/81 ünvanın qarşısında Muxtara vermişdir. Bir müddət keçdikdən sonra qardaşı Anar Muxtardan söz verdiyi evin, torpağın və avtomaşınların nə vaxt veriləcəyini soruşmuş, Muxtar isə narahat olmamalarını, evin veriləcəyini bildirmişdir. Bir müddət sonra o, Muxtarla yenidən görüşüb ev və maşınların verilməməsinin səbəbini soruşmuş, Muxtar bildirmişdir ki, evdən şikayət vardır, bir az gecikəcək, amma torpaq və maşınlar veriləcəkdir. Bir neçə gün sonra qardaşı Anarla birlikdə yenə Muxtarla görüşüb evin, torpağın və maşınların nə yerdə olduğunu soruşmuşlar. Muxtar növbəti dəfə hər şeyin qaydasında olmasını bildirmişdir. Bundan bir neçə gün sonra Muxtarla görüşmüşlər, görüş zamanı Muxtar bildirmişdir ki, DGK-də müsadirə olunmuş “İ Phone” markalı telefonlar vardır, həmin telefonları götürmək üçün 46.000 manat pul lazımdır. O, Muxtara o qədər pullarının olmadığını, sadəcə 3.000 ABŞ dolları pulunun olduğunu, nə qardaşından, nə də, başqa bir şəxsdən pul tapa biləyəcəyini bildirmişdir. Muxtar da onun yanında dostu Talehin atası Bayrama zəng edib sonuncudan bir qədər borc pul istəmişdir. Bundan sonra Muxtar ona demişdir ki, əgər günortaya pulu düzəldə bilsə, 3.000 ABŞ dolları məbləğdə pulu da ondan götürəcəkdir. Həmin gün günorta Muxtar ona zəng edib demişdir ki, dostu Talehdən 40.000 manat pulu almışdır, 6000 manat pul çatmır. O, Muxtara cəmi 3000 ABŞ dolları pulu olduğunu demiş və Muxtarla yaşadığı binanın yaxınlığında görüşüb həmin pulu Muxtara vermişdir. Bir həftə sonra Muxtarla yenə görüşərək telefonların və əmlakların nə yerdə olduğunu soruşmuş, Muxtardan pullarını geri istəmiş,lakin Muxtar demişdir ki, pulu qaynına borc vermiş, qaynı qaytaranda ona verəcəkdir. Bir neçə gün sonra, yəni 2020-ci ilin oktyabr ayının sonlarında Muxtar ona zəng edərək bildirmişdir ki, qara rəngli “Hundai Elantra” markalı avtomobili hərracdan verilmiş, amma başqa adamın adınadır, ona baş etibarnamə verilmişdir. Muxtar, avtomobili götürmək üçün görüşməyi təklif etmişdir. X5 prospekti 7/11 ünvanda yerləşən 20 saylı orta məktəbin arxasında görüşmüşlər, Muxtar avtomobili ona verib demişdir ki, təcili satsın, pul lazımdır. Həmin gün axşam Muxtar ona zəng edərək, avtomaşını dostuna satacağını, sabah getsinlər və o, etibarnamə versin. Ertəsi gün səhər görüşdükdə, o, Muxtarın dostu Talehə etibarnamə vermiş, Muxtardan avtomaşının pulunu istəmiş, Muxtar ona demişdir ki, narahat olmasın, pul özündədir, ona verəcəkdir. O, Talehdən ayrıldıqdan sonra Şərifzadə küçəsində yerləşən 3 saylı ASAN Xidmətin binasının yanında Muxtar ona 15000 manat pul vermişdir. Bir neçə gündən sonra Muxtar yenə zəng edərək görüşmək istədiyini bildirmiş, qardaşı Anarla o, Muxtarla görüşmüşlər. Görüş zamanı Muxtar demişdir ki, DGK-də qızıl sikkələr vardır, onları satışa çıxarıblar, bir ədədi 350 manatdır, onları alsalar bazar qiymətinə satıb yaxşı pul qazana bilərlər. O və qardaşı Anar, pullarını olmadıqlarını, olan pullarını əmlaklara verdiklərini demişlər, Muxtar isə özündə 15000 manat pul olduğunu, onlar 20000 manat düzəldib versələr bir həftəyə qızılları çıxarıb satıb böyük qazanc əldə edəcəklər. Bu zaman qardaşı pulu kimə verəcəyini soruşmuş, Muxtar pulu əmisinin sürücüsü Eldənizə verəcəyini bildirmişdir. Anar Muxtardan əmisinin kim olduğunu soruşmuş və Muxtar əmisinin DGK-nin sədrinin müavini olduğunu və pul qazanması üçün Muxtara şərait yaratdığını demişdir. Qardaşı Anar yenidən 20.000 manat borc alıb 2020-ci ilin noyabr ayının ortalarında Muxtara vermişdir. Bir həftədən sonra Muxtara zəng vurub qızılların verilməsini və əmlaklar haqqında məlumat istəmişlər, Muxtar isə onu guya əmisinin sürücüsü olan Eldənizlə telefon vasitəsi ilə danışdırmış, sonuncu qızılların brokerdə olduğunu, yaxın müddətdə bu məsələnin həll olacağını demişdir. Bir həftə sonra o, Muxtara zəng edib qızıllara və əmlaklara verdikləri pulların qaytarılmasını istəmiş, Muxtar isə qızılların pulunun DGK-nin hesabına köçürüldüyünü, üç gündən məsələnin həll olunacağını vəd etmişdir. Üç gün sonra Muxtarla yenidən görüşmüş, Muxtar ona demişdir ki, qızıllar broker Anara təhvil verilmiş, Anar qızılları özü satıb pulunu onlara verəcəkdir. Bir gün sonra o, Muxtarla görüşmüş və pulunu istəmiş, bu dəfə isə Muxtar ona qızılların zərgərdə olduğunu, Anarın məsələni həll edib pulu verəcəyini bildirmişdir. Lakin Muxtarın verdiyi bütün vədlər yalan olmuş və o, qardaşı ilə birlikdə hərracdan alacaqları əmlaklara görə verdikləri pulları istəmiş, Muxtar yenə bəhanələr gətirərək pulun qaytarılması üçün vaxt istəmişdir. 09 dekabr 2020-ci il tarixdə o, qardaşı Anarla birlikdə Muxtarla telefonla danışaraq həmin gün saat 18:15-də “Gənclik” metrostansiyasının yanında yerləşən Mc`Donalds restoranının həyətində görüşmələri barədə razılıq əldə etmişlər. Muxtar görüşdükləri zaman pullarını qaytaracağını bildirmişdir. Lakin Muxtar bu dəfə də onları aldadaraq görüşə gəlməmişdir. Muxtara zəng etsələr də Muxtar zənglərə cavab verməmiş və təkrar zəngdən sonra telefonu söndürmüşdür. Sonra o öyrənmişdir ki, Muxtar dostunun evindən pul oğurladığı üçün tutulmuşdur. O, Təqsirləndirilən şəxs işlədiyi avtomobil icarə verilən şirkətdən tanımış, o və qardaşı Anar ümumilikdə Təqsirləndirilən şəxs, onlara Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin Hərrac İdarəsində ucuz qiymətə avtomaşın, torpaq, ev təşkil etməsi və Dövət Gömrük komitəsi tərəfindən müsadirə olunaraq satışa çıxarılmış qiymətli metalların və mobil telefonların alınması adı ilə ümumilikdə 104.900 manat pul vermişlər. Həmin puldan 99.800 manatı qardaşı Zərərçəkmiş şəxs2, yerdə qalan 5.100 manat pul isə ona məxsus olmuşdur. Muxtara həmin dövrə olan milli məzənnə ilə 5.100 manat təşkil edən 3.000 ABŞ dolları Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində müsadirə olunmuş “Apple” markalı “İ Phone” modelli mobil telefon aparatlarını ucuz qiymətə alıb baha qiymətə satıb gəliri böləcəklərinə görə vermişdir. Təqsirləndirilən şəxs onlardan aldığı ümumilikdə 104.900 manat pulun müqabilində onlara bir ədəd 14.500 manat dəyərində “Priora” markalı avtomobili və bir ədəd 15.000 manat dəyərində “Hyundai Elantra” markalı avtomobili vermiş, başqa heç bir əmlak verməmişdir. Hazırda Muxtarın onlara 75.400 manat borcu qalmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Onu qardaşı Rəşadın vasitəsi ilə tanımışdır. Belə ki, o, Turizm sahəsində çalışır. Lakin pandemiya dövründə işlər zəiflədiyinə görə vəsaiti başqa sahəyə yönəltmək qərarına gəlmişdir. Qardaşı Rəşadın deməsinə görə Təqsirləndirilən şəxs Gömrük Komitəsində, həmçinin Əmlak Məsələləri üzrə Dövlət Komitəsində yaxın əlaqələri olmaqla bu komitələrdə hərraca çıxarılan əmlakları münasib qiymətə əldə edərək daha baha qiymətə satmaqla gəlir əldə etmək mümkündür. Təqsirləndirilən şəxslə görüşüb söhbət etdikdən sonra ona etibar edilməsinin mümkünlüyü barədə fikir yaranmışdır. İlkin qərarları belə olmuşdur ki, Gömrük Komitəsində müsadirə olunmuş qızıl sikkələrin ucuz qiymətə alınaraq baha qiymətə satışını təşkil etmək olmuşdur. Həmçinin Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Hərrac idarəsində hərraca çıxarılmış Bakı şəhəri, Nəsimi rayonu, M.Fizuli küçəsində yerləşən bir otaqlı evin və bir ədəd Priora markalı maşının hərracdan ucuz alınması məsələsi olmuşdur. Bu məqsədlə 2020-ci ilin avqust ayında Bakı şəhəri, 20 saylı orta məktəbin yanında Muxtarla görüşərək ona qardaşı Rəşadın yanında 29.800 manat pul vermişdir. Həmin pul evlə maşının dəyərinin bir hissəsi olmuşdur. Belə ki, evin qiyməti 32.000 manat, maşının qiyməti isə 7.852 manat təşkil edirdi. Bundan savayı, Muxtarın vədlərinə inanaraq Mərdəkan qəsəbəsində guya hərraca çıxarılacaq torpaq sahəsinə görə 2.000 ABŞ dolları Muxtara vermiş, daha 2.600 manat pulu isə növbət gün qardaşı Rəşadın vasitəsi ilə Muxtara ödəmişdir. Muxtar guya işlərin düzəlməsinə dair görüntü yaradaraq ondan gah şəxsiyyət vəsiqəsini, gah da digər sənədləri istəmiş, o da həmin sənədləri Muxtara vermişdir. Söz verdiyi əmlaklardan Muxtar yalnız dəyəri 14.500 manat olan qara rəngli Priora avtomobili qardaşı Rəşadın adına sənədləşdirərək təhvil vermişdir. Bundan sonra Muxtar daha bir neçə maşınları hərracdan çıxarıb onlara verilməsini təklif etmiş, o və qardaşı isə həmin maşınlara baxmaq istədiklərini bildirdikdə o, Muxtarla Sumqayıt şəhərinə gedərək orada «Land Cruzer» markalı maşina baxmışlar. Bu səhv etmirsə, 2020-ci ilin oktyabr ayında baş vermişdir. Həmin maşına görə qardaşı ilə birlikdə 3 saylı Asan Xitməti binasının qarşısında Muxtarla görüşərək ona 29.000 manat pul vermişlər. İki gündən sonra isə başqa bir şəxsdən borc alaraq Muxtara Rəşadın vasitəsi ilə daha 15.000 manat pul göndərmişdir. Muxtardan evin, torpağın və maşınların verilməsini gözləmişlər. Lakin sonuncu müxtəlif bəhanələr gətirərək işi ləngitmişdir. Buna baxmayaraq Muxtar qardaşı Rəşadı aldadaraq guya Dövlət Gömrük Komitəsində müsadirə olunmuş «İphone» markalı telefonların çıxarılması üçün 3.000 ABŞ dolları almışdır. Muxtar telefonları da qardaşına verməmişdir. Bundan sonra Muxtar Rəşada «Hundai Elantra» markalı maşını hərracdan çıxarılmış maşın kimi təqdim edib vermişdir. Həmin maşına görə Rəşadla birlikdə Muxtara 3 saylı Asan Xidmətin yanında 15.000 manat pul ödəmişlər. Qızıl sikkələrlə də bağlı onu bildirir ki, 2020-ci ilin noyabr ayında Dövlət Gömrük Komitəsindən bir ədədinin dəyəri 350 manat olan qızıl sikkələrin çıxarılması üçün Muxtara 20.000 manat pul vermişdir. Uzun müddət vədlər verməsinə baxmayaraq həmin sikkələr də ona verilməmişdir. Artıq anlamışlar ki, Muxtar onları aldadır. Bundan sonra Muxtardan pullarını tələb etmişlər. Bu məsələlər 2020-ci ilin dekabr ayına qədər davam etmiş, dekabr ayında isə Muxtar ondan və qardaşından görüşməkdən yayınmağa başlamış, ona edilən zənglərə cavab verməmişdir. Beləliklə, Muxtar onlara 104.900 manat məbləğində ziyan vurmuş, həmin puldan 99.800 manat onun, 5.100 manat isə qardaşı Rəşadındır. Vurduğu ziyanlara görə Muxtar onlara iki ədəd maşın vermiş, maşınların ümumi dəyəri isə 29.500 manat təşkil etmişdir. Qalan, 75.400 manat vəsaitin Muxtar tərəfindən ödənilməsini tələb edir. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, 2018-ci ildə Şahid1 ilə ailə həyatı qurmuş, fərdi qaydada yük maşınları ilə qum və şeben daşınmasını həyata keçirən sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs onun əri Sabirin dostudur. Təxminən bir il yarımdır ki, onların ailəvi gediş-gəlişi vardır. Hadisə baş verməmişdən 10 gün əvvəl Təqsirləndirilən şəxs ailə problemləri və işlə bağlı problemi olduğundan Muxtar onun evində qalmışdır. O, 24 dekabr 2020-ci il tarixdə səhər saat 10 radələrində gördüyü işlərin müqabilində uzun müddətdir yığılıb qalan ödənişləri - 55.000 (əlli beş min) manat pul götürüb evinə aparmışdır ki, əri Sabir vasitəsilə səhərisi gün gedib yeni xammallar alsınlar. 24 dekabr 2020-ci il tarixdə günorta saat 01 radələrində işdən 55.000 manat pulu götürərək çıxıb yaşadığı ünvan 7 ünvanındakı evə getmişdir. O, həmin pulu qonaq otağında Muxtarın yanında sayıb televizor altının üzərinə qoymuş, bundan bir qədər sonra gedib həmin pulu televizor altının üzərindən götürüb yataq otağındakı termonun birinci sürməsinə qoymuş və yemək bişirmək üçün mətbəxə keçmişdir. Həmin vaxt Muxtarda qonaq otağında oturub televizora baxmış, həmin gün saat təxminən 17:35 radələrində o, mətbəxdə yemək bişirən zaman Muxtar onun yanına gedib siqaret almaq üçün aşağı düşəcəyini bildirmiş, o da, Muxtardan yemək bişirmək üçün lazımi göy-göyərtiləri almasını xahiş etmişdir. Muxtar narahat olmamasını, göyərtini alıb gətirəcəyini bildirmişdir. Təxminən 40-50 dəqiqə sonra o, yataq otağına keçən zaman termonun birinci sürməsinin açıq olduğunu görmüş, bu zaman sürməni bir qədər də açdıqda, pulunun orada olmadığını aşkar etmişdir. O, pulun orada olmadığını görüb bəlkə başqa yerə qoyduğunu düşünərək dərhal evi axtarmağa başlamış, evi nə qədər axtarsa da, pulu tapa bilməmiş və həmin an pulun Muxtar tərəfindən oğurlandığını başa düşmüşdür. Daha sonra o, əri Sabirə zəng edərək pulun evdə olmadığı bildirmişdir. Bundan bir müddət sonra onun əri evə getmiş və onlar dərhal DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişlər. Bundan sonra əri Sabir Muxtarla ortaq tanışı olan Emilə zəng vurmuş, Emil Sabiri təxminən bir saat bundan əvvəl Muxtarla bir yerdə olduğunu, Muxtarın Emilə olan 14.000 manat borcunu qaytardığını bildirmişdir. Həmin günün axşamı, yəni 25.12.2020-ci il tarixdə gecə saat 01 radələrində Emil Muxtardan 28.000 manat pulu alıb ona aparmış, elə həmin gün yəni 25.12.2020-ci il tarixdə səhər saat 11 radələrində Emil daha 3.300 manat pulu da aparıb onlara vermişdir. Daha sonra Emil onun əri Sabirə 1050 manat da pul qaytarmışdır. Təqsirləndirilən şəxs tərəfindən onun evindən oğurlanmış 55.000 (əlli beş min) manat pul ona məxsus olmuş, həmin pul onun fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olub qazandığı pul olmuş və bu səbəbdən, həmin pulun oğurlanmasında zərərçəkən şəxs o olmuşdur. Bir neçə gün sonra Təqsirləndirilən şəxs onun evindən oğurladığı 55.000 manat pulun yerdə qalan hissəsini qaytarıb ona ödəmiş, o, notariusa gedərək Təqsirləndirilən şəxs şikayəti və tələbinin olmaması barədə ərizə yazdırıb təsdiqləyərək Polis idarəsinə göndərmişdir. O, Təqsirləndirilən şəxs evində əri ilə birlikdə yaşaması üçün icazə versə də, Muxtarın qonaq kimi sadəcə olaraq öz yatdığı otaq və ümumi istifadə olunan sahələrdən başqa, digər otaqlara girməsinə icazə verməmişlər, onun yataq otağına isə, ümumiyyətlə Təqsirləndirilən şəxs girmək üçün icazəsi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, Zərərçəkmiş şəxs1 isə onun həyat yoldaşıdır. Təqsirləndirilən şəxs təxminən 03 il olar ki, tanıyır, tanışlıqları ailəvi dostluğa keçmişdir. Təxminən 2020-ci il dekabr ayının ortalarında Təqsirləndirilən şəxs ailəsində olan problemi səbəb gətirərək bir müddət onlarda yaşamağı xahiş etmişdir. O və Elina buna etiraz etməmişlər. 24 dekabr 2020ci il tarixdə səhər saat 13 radələrində arvadı Elina biznesindən əldə etdiyi 55.000 manat pulu onunla görüşərək evə gətirmişdir. O, Elinanı yaşadıqları binanın qarşısında düşürdükdən sonra öz işləri ilə bağlı çıxıb getmiş və təxminən saat 17 radələrində Elina ona zəng vurub harada qaldığını və evə nə vaxt gələcəyini soruşmuş, o da, işini qurtarıb gələcəyini söyləmişdir. Bundan təxminən 40-50 dəqiqə sonra Elina ona təkrar zəng edərək bu gün evə qoyduğu 55.000 manat pulu tapa bilmədiyini bildirmişdir. O, dərhal evə gələrək bir neçə dəfə Muxtara zəng vurmuşdur. Belə ki, istər-istəməz ondan şübhələnmişdir. Lakin Muxtar zənglərə cavab verməmişdir. Bundan sonra Muxtarı axtarmağa başlamışdır. Muxtarı tapa bilmədikdə Muxtarın tanışı, taksi sürücüsü olan Emilə zəng vurmuşdur. Emil təxminən bir saat öncə Muxtarla bir yerdə olduğunu, sonuncunu öz avtomaşını ilə “Varovski” adlanan ərazidə düşürtdüyünü bildirmişdir. O, Emilə hadisəni danışdıqdan sonra Emil Muxtarın ona olan 14.000 manat borcunu verdiyini bildirmişdir. O, Emilə həmin pulun ona məxsus olduğunu bildirərək pulu ona gətirməsini bildirmiş, bundan təxminən 30 dəqiqə sonra Emil onların məhəlləsinə gələrək ona 3.300 manat pul vermişdir. Artıq arvadı Elina DİN-in 102 xidmətinə zəng vurmuş və polis əməkdaşları evlərinə gəlib lazımi sənədləşmə işləri aparmışlar. Daha sonra o, Elina və Emil 29-cu Polis Şöbəsinə getmişlər, bir müddət orada qaldıqdan sonra o, əməliyyatçı ilə birlikdə Muxtarı axtarmağa başlamışdır. Bunun bir nəticə verdiyini görüb axşam saat 12 radələrində evə qayıtmışdır. 25 dekabr 2020-ci il tarixdə təxminən gecə saat 01 radələrində Emil ona zəng edib məhəlləyə çağıraraq ona zərfdə 28.000 manat pul vermiş və bildirmişdir ki, həmin pulu Muxtar ona çatdırıması üçün bir adamla göndərmişdir. O, Emildən 22.000 manat pulu gətirən şəxsin kim olduğunu soruşsa da, Emil həmin şəxsi tanımadığını bildirərək adını deməmişdir. 25 dekabr 2020-ci il tarixdə onu və Emili 29-cu PŞ-nə dəvət etmişlər. Orada Emildən 14.000 manat pulun qalanını haraya xərclədiyi soruşmuş, Emil pulun bir hissəsini xərclədiyini, qalan puldan sadəcə 1200 manatı qaytara biləcəyini bildirmişdir. Daha sonra Emil əməliyyatçı ilə oradan çıxıb öz avtomobilindən 1055 manat pul götürüb gələrək ona vermişdir. Bundan sonra Muxtar tərəfindən onlara hər hansı məbləğdə pul qaytarılmamış, arvadı Elinaya dəymiş ümumi ziyandan 32.355 manatı qaytarılmışdır. Məhkəməyədək ziyanın qalanı da Elinaya ödənilmiş, bu səbəbdən Elina Muxtarla barışmış, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Həyat yoldaşı Elina hal-hazırda Rusiyada olduğu üçün məhkəmə iclasında iştirak edə bilmir və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Təxminən 2020-ci ilin avqust aylarında Muxtar ona hərracda olan avtomaşınları ucuz qiymətə götürə biləcəyini bildirmiş və ondan 25.000 manat pul almışdır. Bundan 1-2 ay sonra Muxtar ona olan 25.000 manat borcundan 11.000 manatını qaytarmış, borcunun qalan hissəsini qaytarmadığına görə o, bir “Hyundai Elantra” markalı avtomobili icarəyə götürərək həmin avtomaşınla fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuşdur. 24 dekabr 2020-ci il tarixdə saat 17 radələrində Muxtarın ona etdiyi zəngə görə onu «Ağçiçəyim» gül mağazasının yanından götürüb Binəqədi rayonu 8-ci mikrorayona aparmışdır. Orada Muxtar ona əlində olan qara rəngli çantadan 14.000 manat götürərək ona olan qalan borcunu ödəmişdir. Bundan təxminən bir saat sonra o, artıq Yasamal rayonuna qayıdıb orada taksi fəaliyyətini davam etdirən zaman, tanışı Şahid1 ona zəng vuraraq evində olan 55.000 manat pulun Muxtar tərəfindən götürüldüyünü və Muxtarı tapa bilmədiyini bildirmişdir. O da Sabirə bir saat öncə Muxtarla görüşdüyünü. Muxtarın ona olan borcunun qalan 14.000 manat hissəsini qaytardığını bildirmişdir. Muxtarın ona verdiyi pulun oğurluq olduğunu anlayaraq pulun bir hissəsini -10.000 manat pulu, sonra isə 1000 və 2000 manat pulu Sabirə qaytarmışdır. Muxtarın etdiyi oğurluqdan xəbəri olmamış, onunla əlbir olmamışdır. Əksinə, Muxtarla əlaqə saxlayaraq Sabirə pulları qaytarmasını tələb etmişdir. Muxtar da tanımadığı bir şəxslə ona Sabirə verilməsi üçün 22.000 manat pul göndərmiş, o da həmin pulu Sabirə çatdırmışdır Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərində təqsirliliyi qismən özünün, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin rəisinə ünvanladığı 24.12.2020-ciil tarixli raportdan müəyyən olunur ki, 24.12.2020-ci il tarixdə, saat 19:24 radələrində ünvan 9 ünvanda yaşayan Zərərçəkmiş şəxs1 DİN-nin 102-nə zəng vuraraq yaşadığı ünvandan 55.000 manat pul oğurlanmasını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs1 Bakı şəhəri Yasamal RPİ-nin 29cu PŞ-nin rəisinə ünvanlanan ərizəsindən müəyyən olunur ki, həyat yoldaşının dostu Təqsirləndirilən şəxs bir həftə olar ki, onlarda qonaq qalmış, 24.12.2020-ci il tarixdə işlədiyi şirkətdən ödəniş etmək üçün 55.000 manat məblğində pulu evinə gətirmiş, həmin vaxt Təqsirləndirilən şəxs evdə olmuş onun ödənişi ödəmək üçün şirkətin əməkdaşı ilə pulun evdə olması barədə telefon danışığını eşitmiş, təxminən 10 dəqiqə sonra Muxtar siqaret alacağını deyrərək evdən çıxmışdır. Təqsirləndirilən şəxs evdən çıxdıqdan sonra şirkətin nümayəndəsi pulu almağa gəlmiş o pulu ödəmək istədikdə yerində olmadığını görmüş, Muxtara zəng etmiş ona zəng çatmamışdır. Məhkəmədə elan edilib araşdırılmış zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tərəfindən Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və digər hüquq mühafizə orqanlarına ünvanlanan ərizələrdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs onların etibarlarından sui-istifadə edərək, onlara hərracda olan daşınar və daşınmaz əmlakları ucuz alıb baha qiymətə sataraq qazanc əldə edəcəkləri adı ilə aldadaraq həmin şəxslərin ümumilikdə 75400 manat pullarını ələ keçirmişdir. Məhkəmədə elan edilib araşdırılmış 08 fevral 2021-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, 26.04.2021-ci il tarixdə Qusar RPŞ-nin əməkdaşları tərəfindən saxclanılaraq Bakı şəhəri Yasamal RPİ-nin İstintaq Şöbəsinə təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Yasamal rayon məhkəməsinin 28.04.2021-ci il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 26.04.2021-ci il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış “ifadənin yerində yoxlanılması haqqında” 24.05.2021-ci il tarixli protokoldan müəyyən olunr ki, Təqsirləndirilən şəxs ifadəsini hadisə yeri olan ünvan 6 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 məxsus evdə əyani şəkildə göstərərək tam təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilməsi və götürmə aparılması haqqında” 01 may 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilmiş və sonuncuya məxsus «WhatsApp» sosial media vasitəsi ilə iş üzrə Təqsirləndirilən şəxs arasında 06 avqust 2020-ci il tarixdən 27 aprel 2021-ci il tarixədək olan müddət ərzində aparılmış mesajlaşmaların məzmunundan müəyyən olunur ki, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında gündəlik-məişət tipli söhbətlərlə yanaşı, pulların məbləğləri, avtomobil markaları, görüş təyin olunan yerlər, məs, 20 nömrəli məktəbin arxası, qızıl məmulatları, qızıl sikkələrin əridilməsi, qızıl saatın və qızıl sikkələrin təsvirləri, "xxxx" MMC-nin loqo-təsvirinin şəkilləri, adları «Eldəniz», «Broker», «Rəis», «Elçin» və «Orxan» kimi təqdim etdiyi şəxslər haqqında məlumatlar, bank kartına pulun köçürülməməsi, ev satışına dair məlumatlar, bağ evinə dair etibarnamə, texniki pasportun fotoşəkili, şəxsiyyət vəsiqəsi fotoşəkili, gömrük və əmlak haqqında söhbətlər, Zərərçəkmiş şəxs3 «Eldəniz» və «Anar» adlı şəxslərin telefon nömrələrini istəməsi, mobil telefon nömrələri, «Sabir» adlı şəxsin göndərdiyi mesajın yönləndirilməsi, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs telefon zənglərinə və mesajlarına cavab verməməsinə görə sonuncudan şikayət edəcəyini yazması və Təqsirləndirilən şəxs pullarını geri tələb etməsinə baxmayaraq, Təqsirləndirilən şəxs pulun yaxın zamanda köçürüləcəyini deyib Zərərçəkmiş şəxs3 aldatması, son vaxtlar isə ümumiyyətlə mesajlarına cavab verməməsinin əks olunduğu mesajlaşma mətnləri vardır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən və hökmün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 11 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 15 aprel 2014-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzası 09 il müddətinə endirilmiş, 18 yanvar 2018-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon məhkəməsinin qərarı ilə 10 ay 26 gün vaxtından əvvəl cəzadan şərti azad edilmişdir. Təqsirləndirilən şəxs cəzası 14 dekabr 2018-ci il tarixdə başa çatmışdır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Lakin Təqsirləndirilən şəxs hal-hazırda baxılan cinayət işi üzrə törətdiyi əməlləri 2020-ci ildə ildə baş verdiyi üçün onun məhkumluğu ödənilməmişdir. Belə olan alda Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə bu cinayətlərin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsin əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza müddətinin son həddinin üçdə ikisindən az ola bilməz. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı təqdim etdiyi 28 aprel 2021-ci il tarixli və məhkəməyə təqdim olunmuş 02.11.2021-ci il tarixlə ərizələrindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyanın tamamilə ödənildiyini və ona qarşı heç bir iddası, şikayəti və tələbi olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə dəymiş 99.800 manat ziyandan 29.500 manat maddi ziyanı ödəmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 oğlu 70.300 manat maddi ziyan və 305 manat dövlət rüsümunun-cəmi 70.605 manat, Zərərçəkmiş şəxs3 5.100 manat maddi ziyan və 71 manat dövlət rüsümünün-cəmi 5.172 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq onlara ödənilməsin dair iddia ərizəsləri ilə mhkəməyə müraciət etmişlər. Məhkəmə, işdə olan sübutları, istintaq materiallarını nəzərdən keçirərək hesab edir ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.3.2 və 178.3.2-ci maddələri ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxsin əməli cinayət qanunvericiliyində nəzərdə tutulan etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq etməsi və yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla oğurluq əməllərinin tərkibini yaratmışdır. Təqsirləndirilən şəxsin təqsirli bilindiyi dələduzluq cinayəti talama cinayətlərinin bir növü olmaqla aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və bu zaman əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu təqsirləndirilən şəxsə onun yalanlarının təsiri altında və ya ona olan inamının, etibarının təsiri altında könüllü olaraq verir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı qərarının 1-ci bəndində qeyd olunur ki, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Bu cinayətin özünəməxsusluğu ondan ibarətdir ki, mülkiyyətçinin əmlakı özgəninkiləşdirməsi və onu cinayətkara verməsi zahiri cəhətdən könüllü görünür. Faktiki isə təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 1 saylı qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.3.2 və 178.3.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllərinin törədilməsi məhkəmədə tədqiq edilmiş mötəbər sübut növləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 dəymiş ziyanı tamamilə ödəməsini, Zərərçəkmiş şəxs2 dəymiş ziyandan qismən ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivinin olmasını Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nеin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı zərərçəkmiş şəxslərə vurulmuş ziyanın qalan hissəsinin ödənilməsi üçün hər hansı bir hərəkət etməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın məqsədinə yalnız onun cəmiyyətdən təcrid olunma yolu ilə nail olmaq mümkündür. Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-in 177.3.2 və 178.3.2-ci maddələri ağır cinayətlər kateqoriyasına aiddir və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 26 aprel 2021-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs2 dövlət rüsumu ilə birlikdə – 70.605 manat, Zərərçəkmiş şəxs3 dövlət rüsumu ilə birlikdə 5.172 manat manat məbləğində mülki iddiaları təmin edilməli, həmin məbləğlər Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ödənilməlidir. İş üzrə maddi sübut yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi üçün 240 AZN (iki yüz qırx manat) pul Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 354, 356, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.3.2 və 178.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə CM-nin 177.3.2-ci maddəsi ilə 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 178.3.2-ci maddəsi ilə 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli “26” aprel 2021-ci il tarixdən hesab edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 mülki iddiaları təmin edilsin və Zərərçəkmiş şəxs2 dövlət rüsumu ilə birlikdə – 70.605 manat, Zərərçəkmiş şəxs3nf dövlət rüsumu ilə birlikdə 5.172 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ödənilsin. Göstərilmiş hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına 240 AZN (iki yüz qırx manat) məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1753/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1753/2021
21.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver