Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1754/2021 01.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru X6 və həmin şöbənin böyük prokuror-metodisti Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1970-ci il tarixdə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 iyul 2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirli bilinərək 160 saat ictimai işlər cəzasına, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 iyun 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, heç yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Dənizkənarı küçəsi, Bağlar massivində nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni hazırlayıb saxlamış və qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda bitkiləri əkib yetişdirməklə kultivasiya etmişdir. Belə ki, o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi, tərkibində narkotik maddələr olan çətənə bitkisinin toxumlarını 2021-ci ilin mart ayının ortalarında yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Dənizkənarı küçəsi, Bağlar massivindəki nömrəsiz fərdi yaşayış evinin eyvanında və həyətində dibçəklərdə və torpaq sahəsində əkib qanunsuz olaraq külli miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkilərini yetişdirərək, onlara aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmiş, 2021-ci ilin may ayının ortalarında həmin kolların hissələrini toplayaraq onları qurudub satış məqsədilə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana hazırlamaqla bir ədəd kisəyə yığıb yaşadığı evin həyətində saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 10 iyun 2021-ci il tarixdə, saat 16:20-də Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Dənizkənarı küçəsi, Bağlar massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin eyvanına və həyətinə videoçəkiliş aparılmaqla baxış keçirilərkən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq hazırlayıb saxladığı, tərkiblərinə görə eyni olan bir ədəd kisədə külli miqdarda - təmiz çəkisi 3015 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, eləcə də evin eyvanında, həyətində dibçəklərdə və torpaq sahəsində qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi, tərkibində narkotik maddələr olan külli miqdarda - 126 ədəd yaş vəziyyətdə, ümumi təmiz çəkisi 13835 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, tutulanadək Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Dənizkənarı küçəsi, Bağlar massivində yerləşən nömrəsiz fərdi yaşayış evində oğlu ilə birlikdə yaşamışdır. Uzun müddətdir ki, qurudulmuş marixuanadan istifadə edir. Əvvəllər marixuananı tanımadığı şəxslərdən əldə etmiş, lakin son vaxtlar marixuana əldə etməkdə çətinlikləri yaranmışdır. Bu çətinliyi əsasən maddi imkansızlığı ilə bağlı olmuşdur. Ona görə də rahat başa gəlməsi üçün özündə olan narkotik tərkibli çətənə bitkisinin toxumlarını yaşadığı həyətyanı sahədə əkib özü üçün qurudulmuş marixuana hazırlamağı qərara almışdır. O, həmin toxumları əvvəllər çəkmək üçün əldə etdiyi marixuanaların arasından az-az yığıb özündə toplayıb saxlamışdır. 2021ci ilin mart ayının ortalarında özünün həyətyanı torpaq sahəsinə və dibçəklərə çətənə bitkisinin toxumlarını səpmiş, yəni əkmişdir. Bir müddət sonra toxumlar cücərib çıxmış, o da çıxan bu xırda kollara qulluq etməyə başlamış, dəqiq sayını bilməsə də çoxlu sayda çətənə kolları yetişmişdir. Təxminən may ayının ortalarında həmin kollardan bir neçəsini çıxardaraq onların yarpaq və çiçəklərini qurudub parça torbaya yığaraq həyətdə saxlamışdır. 10 iyun 2021-ci il tarixdə təxminən saat 14 radələrində yaşadığı evin yaxınlığında yolun kənarında olarkən mülki geyimli 3 nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Polislər ondan adını soruşmuş, o da özünü təqdim etmişdir. Sonra bu şəxslərlə birlikdə Polis İdarəsinə getmişdir. İdarədə polis əməkdaşları ona narkotik vasitələrin kultivasiyasında və qəbulunda şübhəli bilindiyi üçün dəvət olunduğunu bildirmiş və bundan sonra hüquqlarını müdafiəsi üçün çağırılmış vəkilin yanında üzərində şəxsi axtarış aparmışlar. Amma üstündən qanunsuz heç nə aşkar olunmamışdır. O, səmimi olaraq polis əməkdaşlarına yaşadığı evin həyətyanı sahəsində çətənə kolları əkdiyini bildirmişdir. Bundan sonra vəkilin və aqronomun iştirakı ilə ona məxsus həyətyanı sahəyə baxış keçirilməsi üçün yaşadığı ünvana getmişlər. Evinin həyətində, habelə eyvanında torpaqda və dibçəklərdə əkdiyi çətənə kollarını göstərmiş, oradan 126 ədəd çətənə kolları tapılmışdır. Həm də çətənənin yarpaq və çiçəklərini qurudub yığdığı parça torba da götürülmüşdür. Bundan sonra aşkar olunmuş narkotik vasitələr qablaşdırılmış və protokol tərtib olunaraq onun özü və orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. O, həmin kolları şəxsi istifadəsi üçün əkmiş və qulluq etmişdir. Qurutduğunu da özünün istifadəsi üçün nəzərdə tutmuşdur. O, narkotik vasitənin satışı ilə məşğul olmamış və heç vaxt narkotik vasitə satmamışdır. Həm də sonradan görmüşdür ki, ona qarşı irəli sürülmüş ittihamda marixuananın çəkisi 3 kiloqramdan artıq göstərilmişdir. Halbuki, həmin torbada onun bildiyinə görə 100 qramdan bir az artıq marixuana olmalı idi. Ona görə də ittihamın bu hissəsi ilə razılaşmır. Törətdiyi həmin əməlindən peşmandır. Ona görə də məhkəmədən bu halın, ailə vəziyyətinin nəzərə alınaraq yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir.Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 10 iyun 2021-ci il tarixdə Türkan qəsəbəsi, Dənizkənarı küçəsi, Bağlar massivində nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkib yetişdirməklə kultivasiya etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Onlar tərəfindən həmin əməliyyat məlumatı dərhal rəhbərliyə raportla məruzə olunmuş və həmin məlumatın yoxlanılmasına icazə verilmişdir. Bundan sonra əməliyyat tədbirinin keçirilməsindən ötrü qərar qəbul olunmuş və əməliyyat qrupu yaradılmışdır. 10 iyun 2021ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saat 14:00 radələrində yaşadığı evin yerləşdiyi küçədə saxlanılmış və onlar tərəfindən Xəzər rayon Polis İdarəsinə dəvət olunmuşdur. İdarədə müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, baxış və götürmə keçirilmiş, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitəni, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş heç bir əşya və predmet olmadığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində baxış və şəxsi axtarış davam etdirilmiş, amma hər hansı bir digər əşya və ya predmet aşkar edilməmişdir. Bununla belə, sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində dövriyyəsi qadağan olunmuş çətənə kolları yetişdirdiyini etiraf etmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirilməsi üçün əməliyyat qrupunun üzvləri və aqronommütəxəssisin iştirakı ilə yaşadığı ünvana getmişlər. Baxış zamanı evin həyətindən, habelə eyvanından torpaqda və dibçəklərdə Təqsirləndirilən şəxs qanunsuz olaraq kultivasiya etdiyi ümumilikdə 126 ədəd çətənə koluna bənzər bitkilər bir-bir sayılmaqla kökündən çıxarılmışdır. Bundan başqa, evin qarşısında olan metal torla əkin üçün ayrılmış sahənin yanında bir ədəd parça torbada qurudulmuş marixuanaya bənzər maddələr aşkar olunmuşdur. Həmin 126 ədəd çətənə koluna bənzər bitkilər üç ədəd sintetik kisəyə yığılaraq qablaşdırılmış, üç ədəd kisə və bir ədəd parça torba Xəzər rayon Polis İdarəsinin 43 saylı ştampı ilə möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış və imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin digər əməkdaşı Şahid3 və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişlər (cild 1, iş vərəqə 103-104). Məhkəmədə şahid qismində dindirilmiş Bitki Mühafizə və Texniki Bitkilər X1 Təcrübə Stansiyasında aparıcı elmi işçi olan Şahid4 Mərhəmət oğlu göstərdi ki, 10 iyun 2021-ci il tarixdə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin əməkdaşları ona mütəxəssis kimi müraciət edib Türkan qəsəbəsi, Dənizkənarı küçəsi, Bağlar massivində nömrəsiz fərdi yaşayış evinə dəvət etmişlər və ondan həmin ünvana baxış keçirəcəklərini, əkilmiş bitkilərin narkotik tərkibli olub-olmamasını müəyyən etmək üçün baxışda mütəxəssisaqronom kimi iştirak etməyini xahiş etmişlər. Həmin ünvana getmiş, orada ev sahibi Təqsirləndirilən şəxs iştirakı ilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində dövriyyəsi qadağan olunmuş çətənə kolları yetişdirdiyini bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs torpaqda və dibçəklərdə qanunsuz olaraq kultivasiya etdiyi ümumilikdə 126 ədəd çətənə koluna bənzər bitkilər aşkar olunaraq bir-bir sayılmaqla kökündən çıxarılmış və üç ədəd sintetik kisəyə yığılaraq qablaşdırılmış, möhürlənmişdir. Bundan başqa, evin qarşısında olan metal torla əkin üçün ayrılmış sahənin yanında bir ədəd parça torbada qurudulmuş marixuanaya bənzər maddələr aşkar olunmuşdur. Aşkar edilmiş narkotik xassəli bitkilərə dair polis əməkdaşı tərəfindən protokol tərtib olunmuş və imzalanmışdır. Həmin bitkilərə baxış zamanı müəyyən etmişdir ki, vətəndaşa məxsus fərdi evin şüşəli eyvanında, həyətyanı sahənin nar ağaclarının və digər tikililərin içində, əsasən dibçəklərdə və torpaqda əkilmiş, qanunla qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri əkilmişdir. Əkilmiş çətənə bitkiləri mütəmadi olaraq suvarılmış, torpağa üzvü gübrə verilmiş, kultivasiya tədbirləri yerinə yetirilmişdir. Bununla bağlı tərtib etdiyi 10 iyun 2021-ci il tarixli müvafiq rəyi istintaq orqanına təqdim etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Baxış və götürmə aparılması haqqında 10 iyun 2021-ci il tarixli və həmin istintaq hərəkətinin keçirilməsinin görüntüsü olan diskə baxış keçirilməsi haqqında 09 sentyabr 2021-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Dənizkənarı küçəsi, Bağlar massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətindən və eyvanından torpaqda və dibçəklərdə qanunsuz olaraq kultivasiya etdiyi ümumilikdə 126 ədəd çətənə koluna bənzər bitkilər bir-bir sayılmaqla kökündən çıxarılmışdır. Bundan başqa, evin qarşısında olan metal torla əkin üçün ayrılmış sahənin yanında bir ədəd parça torbada qurudulmuş marixuanaya bənzər maddələr aşkar olunmuş, həmin 126 ədəd çətənə koluna bənzər bitkilər üç ədəd sintetik kisəyə yığılaraq qablaşdırılmış, üç ədəd kisə və bir ədəd parça torba möhürlənmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 39-44,124). Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Dənizkənarı küçəsi, Bağlar massivi, nömrəsiz fərdi həyətyanı sahəyə keçirilmiş baxışa dair mütəxəssis–aqronom Şahid4 tərəfindən verilmiş 10 iyun 2021-ci il tarixli rəydən görünür ki, qeyd edilən ünvanda yaşayan Təqsirləndirilən şəxs məxsus həyətyanı sahəyə 10 iyun 2021-ci il tarixdə keçirilmiş baxış zamanı məlum olmuşdur ki, vətəndaşa məxsus fərdi evin şüşəli eyvanında, həyətyanı sahənin nar ağaclarının və digər tikililərin içində, əsasən dibçəklərdə və torpaqda əkilmiş, qanunla qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri əkilmişdir. Əkilmiş çətənə bitkiləri mütəmadi olaraq suvarılmış, torpağa üzvü gübrə verilmiş, kultivasiya tədbirləri yerinə yetirilmişdir. Aşkar olunmuş çətənə bitkiləri polis əməkdaşlarının iştirakı ilə torpaqdan çıxarılıb sayılaraq 126 ədəd olduğu müəyyən olunmuş və qablaşdırılaraq götürülmüşdür (cild 1, iş vərəqə 45). Məhkəmə-bioloji ekspertizasının 11 iyun 2021-ci il tarixli, 7/539 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd parça torbadakı təmiz çəkisi 3015 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin...sahəsindən yazıları və imzalar olan üç ədəd sintetik torbalardakı, sayı 126 ədəd, yaş vəziyyətdə ümumi çəkisi 13835 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq olunmuşdur. Təqdim olunmuş marixuana və çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. Ekspert tədqiqatından sonra marixuananın qalıq çəkisi 3014,8 qram, çətənə bitkilərinin qalıq çəkisi 13834,77 qram təşkil etmişdir (cild 1, iş vərəqə 53-57). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 14 avqust 2021-ci il tarixli 2876 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabiodların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 126-127). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 07 iyul 2021-ci il tarixli, 5880 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqə 110). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 iyul 2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirli bilinərək 160 saat ictimai işlər cəzasına, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 iyun 2013cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli qərarı ilə 05 ay 14 gün vaxtından əvvəl şərti azad edilmiş, 09 oktyabr 2019-cu ildə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır (cild 1, iş vərəqə 100, 128-135). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs cəzadan azad olunandan sonra məhkumluğun götürülməsi üçün zəruri olan altı il müddət keçmədiyinə görə onun barəsində məhkumluq ödənilməmiş hesab edilməlidir. Bu hal isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən onun əməlində cinayətlərin təhlükəli residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə ağır cinayətlərdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanması başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 19-cu bəndində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının İ Siyahısının 5-ci bəndinə əsasən təmiz halda 500 qramdan artıq çəkidə narkotik vasitə marixuana, İİİ Siyahısının 1.2-ci bəndinə əsasən 16 ədəd çətənə növlü bitkilər külli miqdar təşkil edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü və 237.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək səmimi peşman olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin təhlükəli residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 iyun 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 10 iyun 2021-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 24- 25, 85-90). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 10 iyun 2021ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri, Xəzər rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 13834,77 qram təşkil edən, tərkibində narkotik maddələr olan 126 ədəd çətənə bitkisi, qalıq çəkisi 3014,8 qram təşkil edən qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 54,169). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən, məhkəmə mərhələsində isə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət- Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01.02.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla ibtidai istintaq mərhələsində göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı X4 vəkil işlədiyi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində, məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir (cild 1, iş vərəqə 160, 169). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 10 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar - Bakı şəhəri, Xəzər rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 13834,77 qram təşkil edən, tərkibində narkotik maddələr olan 126 ədəd çətənə bitkisi, qalıq çəkisi 3014,8 qram təşkil edən qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına X5 üçün 90 (doxsan) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına Müdafiəçi üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1754/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1754/2021
01.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver