Məhkəmə qərarları › İş №1(101)-1754/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1754/2025

19.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1754/2025 19.01.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, 16 avqust 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi 80 V, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İttiham aktına görə Təqsirləndirilən şəxs 7 iyun 2025-ci il tarixdə saat 20 radələrində xx.xx.1964-cü il təvəllüdlü Zərərçəkmiş şəxs ilə yaşadığı Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi 80V, nömrəsiz fərdi evdə olarkən birlikdə alkoqollu içki qəbul etdikdən sonra sonuncunun artıq içmədiyini görüb evi tərk etmiş, daha sonra həmin gün saat 23 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ş.Kamilov ilə S.Ocaqov küçələrinin kəsişməsində “Perla” mebel mağazasının qarşısında Zərərçəkmiş şəxs onun arxasınca gəldiyi zaman sonuncunun telefonuna baxması səbəbindən aralarında yaranmış mübahisə zamanı əvvəlcədən üzərində olan zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan, soyuq silah hesab edilməyən cib bıçağı ilə Hikmət Məmmdəovun sol bazu nahiyəsinin səthi kəsilmiş, sağlamlığa zərərvurmayan xəsarət, sol saidin yuxarı səviyyəsində mil arteriyası, baş və şah vena, eləcə də əzələ-vətər və sinir dəstələrinin zədələnməsinə səbəb olan sol səidin yuxarı 1/3-nin ön səthinin 1 (bir) ədəd deşilmişkəsilmiş yarası yetirərək insan həyatı üçün təhlükəli və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olan xəsarətlər yetirmiş, nəticədə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş həmin əməl, yəni onun Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yetirdiyi sol saidin yuxarı səviyyəsində mil arteriyası, baş və şah vena, eləcə də əzələ-vətər və sinir dəstələrinin zədələnməsinə səbəb olan sol saidin yuxarı 1/3-nin ön səthinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş ağır zərər vuran xəsarət nəticəsində baş vermiş kəskin və çoxlu qanitirmə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur. İbtidai istintaq zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.1997-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Ailə üzvləri atası X8 və anası X1 ibarət olmuşdur. Tutulanadək ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. Atası təxminən 6-7 il əvvəl öz əcəli ilə vəfat etmişdir. Hazırda həmin ünvanda anası ilə birlikdə yaşayır. Təxminən 2004-2013-cü illərdə Nərimanov rayonunda yerləşən 43 nömrəli liseydə orta təhsil almış, sonradan isə Nərimanovda yerləşən axşam məktəbi adlanan müəssisədə təhsil almışdır. İlk dəfə 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-in 177-ci maddəsi ilə təqsirli bilinmiş, lakin sonradan Nərimanov Rayon Məhkəməsində barəsində bəraət hökmü çıxarılmışdır. İkinci dəfə təxminən 2 il sonra Azərbaycan Respublikası CM-in 221-ci maddəsi ilə təqsirli bilinərək Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını 4 saylı CÇM-də çəkmiş, təxminən 10 ay əvvəl isə azadlığa buraxılmışdır. Azadlığa çıxdıqdan sonra əsəblərində pozuntular olduğu üçün 2 saylı xəstəxanada bir neçə dəfə stasionar qaydada müalicə almışdır. Hazırda da müalicələri davam edir. Hər hansı bir yerdə işləmir. Əsəbləri yerində olmadığı üçün tez-tez yaşadığı ünvandan qaçıb çöllərdə, müxtəlif ünvanlarda yaşamışdır. Elə bu minvalla da təxminən 6 ay əvvəl Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yaşayan Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Hikmət onu çöllərdə acınacaqlı vəziyyətdə gördüyü üçün övladlığa götürüb yanında saxlamaq istədiyini demişdir. O da onunla razılaşıb Hikmətlə birlikdə tək yaşadığı ünvan 3 ünvanında qalmaq qərarına gəlmişdir. Elə həmin tarixdən etibarən də onlar həmin ünvanda birlikdə ata-bala kimi yaşamışlar. Yaşadıqları müddət ərzində əsəbləri yerində olmadığı üçün dəfələrlə evdən qaçmış, Hikmət isə hər dəfəsində onu tapıb yaşadıqları ünvana gətirmişdir. Hətta ara-sıra belə şeylərin üstündə Hikmətlə aralarında mübahisə də olmuş, həmin mübahisələr zamanı isə o, Hikməti şillə, təpik və yumruqla vurmuş, Hikmət isə heç vaxt ona əl qaldırmamış, bu barədə hüquq mühafizə orqanlarına məlumat verməmişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə axşam saat 20 radələrində Hikmətlə yaşadıqları ünvanda olarkən əvvəlcə o, tək olmuşdur. Evdə oturub spirtli içki qəbul etmiş, bir müddət 2 sonra isə Hikmət də evə gəlmişdir. Evə gəldikdən sonra Hikmət onunla bərabər oturub spirti içki qəbul etməyə başlamış, lakin onun az içdiyini görüb, nə üçün onunla içmədiyini soruşmuş, o isə cavabında birazdan içəcəyini demişdir. Bir qədər oturduqdan sonra o, yerindən qalxıb evi tərk etmiş, Hikmət də arxasınca gəlib getməməyi üçün əlindən gələni etmişdir. Bir müddət onunla Bakıxanov qəsəbəsi ərazisində piyada hərəkət edib söhbət etmişlər. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi və Sakit Qocayev küçələrinin kəsişməsində olarkən, təxminən saat 23 radələrində aralarında mübahisə yaranmış, həmin mübahisə zamanı Hikmət onun telefonuna baxdığı üçün əsəbləşmiş və ona telefonuna baxmamasını demişdir. Buna baxmayaraq, Hikmət yenə telefonuna baxarkən, əli ilə onu itələmişdir. Həmin vaxt içkili olduğu üçün xatırlamasa da, əlində kəsici nə isə olmuşdur. Belə ki, onun üzərində həmişə ülgüc olur və ülgücdən dırnaqlarını, qaşını düzəltmək üçün istifadə edir. Həmin vaxt əlində olanın ülgüc olubolmamasını dəqiq deyə bilmir. O, əlində tutduğu alətlə Hikməti vuraraq itələdikdən sonra onun sol qol nahiyəsindən qan axdığını görmüşdür. Dərhal üzərində olan köynəyini çıxarıb qanaxmanı kəsməsi üçün onun qolunu bağlamışdır. Bir neçə dəqiqə onun yanında gözlədikdən sonra polis əməkdaşları hadisə yerinə yaxınlaşıb onu şöbəyə aparmışlar. Bundan başqa hadisə zamanı üzərində bıçağın olub-olmaması ilə bağlı bildirmişdir ki, hadisə zamanı içkili olduğu üçün bunu tam xatırlamır, lakin bildiyi qədərilə üzərində bıçaq olmamışdır. Hadisə yerini müşahidə edən kamera görüntülərində müəyyən edilmiş “onun Zərərçəkmiş şəxsla bir neçə dəqiqə əl-qol hərəkətləri ilə bir-birilərini itələdikləri, hətta əlində olan qara rəngli alətlə ona zərbə endirmək istədiyi” görüntülərlə bağlı bildirmişdir ki, o, içkili olduğu üçün çox şeyi xatırlamır. Ona görə də, bu barədə konkret bir söz deyə bilmir. Bildirmişdir ki, hadisə 7 iyun 2025-ci il tarixdə saat 23 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi və Sakit Qocayev küçələrinin kəsişməsində baş vermişdir. O, Hikmətə bıçaq zərbəsi vurmağını xatırlamır, həmin vaxt içkili olmuşdur. Əgər belə hal olmuşdursa, bu ehtiyatsızlıqdan olmuşdur. Çünki onun Hikmətlə münasibəti atabala kimi olmuşdur və onu öldürmək niyyəti ola bilməzdi. O, narkotik vasitələrin istifadəsi ilə əlaqədar müalicə almamışdır. Buna baxmayaraq, əsəblərində ciddi xəstəliyi vardır (cild 1, iş vərəqi 74-77, 142-145 və 217-220). İbtidai istintaq zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X10 ifadəsində göstərmişdir ki, Naxçıvan MR, Şərur rayonu, Yengicə kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun qardaşı olmuşdur. Qardaşı evlidir və 3 oğlan övladı vardır. Hikmət bir ilə yaxın idi ki, işləmək üçün yaşadığı Naxçıvan MR, Şərur rayonu, Yengicə kəndindən Bakı şəhərinə gəlmişdir. Hikmət Sabunçu rayonu, Bakıxanov qəsəbəsində bazarın yanında avtodayanacaqda işləmişdir. O, qardaşını sonuncu dəfə 11 mart 2025-ci il tarixdə iş yerində görmüş və görüşüb danışdığında parklama işini buraxmasını və yaşadığı kəndə geri qayıtmasını xahiş etmişdir. Həmin vaxt qardaşı ona Novruz bayramında geri qayıdacağını desə də, bunu etməmişdir. Buna baxmayaraq o və ailə üzvləri bir neçə dəfə Zərərçəkmiş şəxsla telefon danışığı olmuş və hər hansı narahatçılığı barədə bir söz deməmişdir. Sonuncu dəfə, yəni 8 iyun 2025-ci il tarixdə 00 radələrində Sabunçu RPİ-nin əməkdaşları əlaqə saxlayaraq qardaşı Hikmətin sol qolundan aldığı xəsarət nəticəsində kəskin qanitirmədən vəfat etdiyini öyrənmiş və gecə ilə Bakı şəhərinə gəlmişdir. Bura çatdığında qardaşını Nigar İbrahimi adlı tanışının mübahisə zamanı sol qoluna bıçaqla vurduğu zərbə nəticəsində kəskin qanitirmədən vəfat etdiyini öyrənmişdir. Qardaşının kiminləsə düşmənçiliyi, ədavəti və ya hər hansı şəxslə mübahisəsi olmasının şahidi olmamış və bu barədə ona bir söz deməmişdir. Qardaşına xəsarət yetirən şəxs Təqsirləndirilən şəxs tanımır və həmin şəxsin özü və ya yaxınları ilə aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. O, Təqsirləndirilən şəxs adını baş vermiş hadisədən sonra ilk dəfə eşitmiş və səhv xatırlamırsa onu xx.xx.2025-ci il tarixdə Bakıxanov qəsəbəsində Hikməti kafedə görərkən ofisiant kimi görmüşdür (cild 1, iş vərəqi 63-65). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2015-ci ilin mart ayından daxili işlər orqanında fəaliyyət göstərir və hazırda Sabunçu RPİnİn 13-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı vəzifəsində çalışır. İş fəaliyyəti cinayətkarlığa qarşı mübarizə, qabaqcdan törədiləcək cinayətlərin qarşısını almaq və törədilmiş cinayətlər üzrə cinayətkarların dairəsini müəyyən edərək saxlanılmasını təmin etmək və s. ibarətdir. Mahiyyəti üzrə bildirmişdir ki, 7 iyun 2025-ci il tarixdə iş saatından sonra yaşadığı ünvanda olmuş və saat 23 radələrində təhkim olunduğu ərazidə cinayət hadisəsi baş verdiyi üçün şöbə rəhbərliyi tərəfindən ona məlumat verilmiş və o da, dərhal işə Sabunçu RPİ-nin 13-cü PŞ-nə yollanmışdır. Həmin gün işdə olarakən Təqsirləndirilən şəxs 7 iyun 2025-ci il tarixdə saat 23 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ş.Kamilov ilə S.Ocaqov küçələrinin kəsişməsində “Perla” mebel mağazasının qarşısında xx.xx.1964-cü il təvəllüdlü Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı bıçaqla ölümünə səbəb olan sonuncunun sol said nahiyəsinə deşilmiş-kəsilmiş xəsarət yetirməsi barədə məlumat verildiyi üçün əməliyyat qrupu ilə Nigar şəxsiyyəti müəyyən olunaraq Sabunçu RPİ-nin 13-cü PŞ-nə gətirilməsi təmin olunmuşdur. Həmin vaxt o və digər həmkarları Sənan Cavadov, Elmar Əhmədov və Ceyhun Nəzərovla birlikdə Təqsirləndirilən şəxs ilə baş vermiş hadisə ilə bağlı ümumi söhbət apararkən Nigar baş vermiş hadisə barədə, yəni Zərərçəkmiş şəxs xəsarət yetirməsini səmimi peşmançılıqla etiraf etmiş və əlini üzərində olan şalvarın arxa hissəsinə salaraq cinayəti törədərkən istifadə etdiyi dəstək və tiyədən ibarət, ümumi uzunluğu 155 mm olan, açılıb-qatlanan qara rəngli bıçağı cinsiyyət orqanından çıxardaraq onlara təqdim etmişdir. Onlar da həmin bıçağı götürərək əməkdaşların iştirakı ilə protokol tərtib edib 8.06.2025-ci il tarixdə saat 8:40-da Təqsirləndirilən şəxs ilə birlikdə Sabunçu rayon prokurorluğuna təqdim etmişlər (cild 1, iş vərəqi 46-48). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin noyabr ayından daxili işlər orqanında fəaliyyət göstərir və hazırda Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı vəzifəsində çalışır. İş fəaliyyəti ictimai asayişi qorumaq, təhlükəsizliyin təmin olunması və s. ibarətdir. 7 iyun 2025- ci il tarixdə saat 19:00-dan sonra o, iş yoldaşı PPXB-nin polis nəfəri, polis serjantı Şahid4 ilə ona təhkim olunmuş **-PT-*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz Citan” markalı avtomobillə Bakıxanov ərazisində xidmətlərini aparmışlar. Həmin gün saat 23:12-də Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi ilə S.Qocayev küçəsinin kəsişməsində işıqfora çatmamış sağ tərəfdə “Perla” mebel mağazasının qarşısında alt geyimində və üzərində qan ləkəsi olan bir nəfər xanımı görüb avtomobili saxlamışlar. Həmin an qanabənzər ləkələrə görə hər hansı hadisənin baş verməsini nəzərə alıb onunla videoçəkiliş apararaq sorğu-sual etmişlər, lakin həmin an o, suallarına qeyri-adekvat cavab vermiş və özünü dəli adlandırmışdır. Bundan sonra həmin xanım üzü əks istiqamətdə gedərək onların suallarından yayınmaq istəmiş və bu zaman onlar qadını saxlayaraq avtomobilə əyləşdirmişlər. Bundan sonra onun şəxsiyyətini müəyyən edərək həmin xanımın Təqsirləndirilən şəxs olduğunu öyrənmişlər. Daha sonra həmin yerdə qan kütləsini görüb qan ləkələrini izləmiş və yaxınlıqda Zərərçəkmiş şəxs huşsuz, yerdə uzanıqlı, sol qolu isə qan ləkəsi olan parçaya sarıqlı vəziyyətdə yerdə görüb baş verənlərlə bağlı rəhbərliyə bildirərək əməliyyat qrupunu dəvət etmişlər. Daha sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 7 iyun 2025-ci il tarixdə saat 23 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ş.Kamilov ilə S.Ocaqov küçələrinin kəsişməsində “Perla” mebel mağazasının qarşısında xx.xx.1964-cü il təvəllüdlü Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı bıçaqla ölümünə səbəb olan sonuncunun sol said nahiyəsinə deşilmiş-kəsilmiş xəsarət yetirmişdir. Bundan başqa bildirmişdir ki, Zərərçəkmiş şəxs hadisə yerində yaralı vəziyyətdə müəyyən edərkən huşsuz, yerdə uzanıqlı, sol qolu isə qan ləkəsi olan parçaya 4 sarıqlı vəziyyətdə yerdə olmuşdur. Həmin vaxt o, ümumiyyətlə danışmamış və xırıldayaraq can vermişdir (cild 1, iş vərəqi 139-141). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 Şahid5 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqi 136-138). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2012-ci ildən səhiyyə orqanlarında, 2014-cü ildən isə Sabunçu rayonu Təcili Yardımın 3 saylı bölməsində həkim vəzifəsində çalışır. İşi növbəli şəkilində olduğu üçün iş qrafiki bir gündən bir saat 8:00-dan axşam saat 20:00-dək və ya 20:00-dan 8:00-dək həyata keçirilir. Mahiyyəti üzrə bildirmişdir ki, 7.06.2025-ci il tarixdə saat 20:00-dan 8:00-dək iş qrafikinə uyğun Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən tibb məntəqəsində olarkən saat 23 radələrində Sabunçu RPİ-dən daxil olan çağırış əsasında bir nəfər kiçi cinsli şəxsin, sonradan şəxsiyyətini müəyyən etdikləri Zərərçəkmiş şəxs üçün təcili tibbi yardıma ehtiyacı olması barədə məlumat aldıqdan sonra tibbi personalla birlikdə xidməti avtomobillə hadisə yeri olan Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ş.Kamilov ilə S.Ocaqov küçələrinin kəsişməsində “Perla” mebel mağazasının qarşısına getmişlər. Həmin vaxt yerdə, uzanıqlı, sol qolundan xəsarət alan Zərərçəkmiş şəxs aqonal vəziyyətdə olduğunu müəyyən etmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs tibbi yardım kimi köynək vasitəsilə yaranın üzərinin bağlı olduğu müşahidə edilmişdir. Xəstəyə tibbi yardım göstərmək məqsədilə lazımı tədbirləri görüb TTY avtomobilin yerləşdirərək 3 saylı şəhər klinik xəstəxanasına aparsalar da, xəstəxanaya çatmamış xəstə yolda vəfat etmiş və bu barədə polisə məlumat vermişlər. Qeyd etmişdir ki, ora çatanadək Zərərçəkmiş şəxs ilkin göstərilən tibbi yardım, yəni köynək vasitəsilə yaranın üzəri bağlanmaq əvəzinə bazu nahiyədən sıx formada bağlanmış olsa idi Zərərçəkmiş şəxs xəstəxanaya çatdıraraq tibbi müdaxilə ilə ölümünün qarşısını almaq mümkün ola bilərmiş (cild 1, iş vərəqi 102-104). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. O, X9 ilə 1995-ci ildə ailə həyatı qurmuşdur və birgə nikahdan iki övladları var. Özü evdar qadındır, həyat yoldaşının səhhətində problem olduğu üçün o da işləmir. Ailələrinin maddi xərclərinin qarşılanmasında övladları köməklik edir, həmçinin yaşadıqları ünvanda 20 kv.metr hissəni ayıraraq kirayə verərək ayda 200 manat gəlir əldə edirlər. Həmin mənzildə 2024-cü ilin dekabr ayından Zərərçəkmiş şəxs kirayə yaşamışdır. Yaşadığı müddətdə onunla hər hansı problemləri olmamış və vaxtı-vaxtında aylıq kirayənin pulunu vermişdir. Son dövrlərdə həyətdə olarkən Hikmətin kirayə qaldığı mənzildən yaxın günlərdə cavan qızın səsini eşitdiyindən bu barədə soruşmuş, Hikmət ona bacısı qızı olduğunu və paltarlarını yuduğunu bildirmişdir. Hikmətin özü Bakıxanov qəsəbəsində “talkuçka” deyilən ərazinin yaxınlığında dayanacaqda parkinq işçisi olmuşdur. Buna görə də, səhər gedib axşam gəlmiş və kiminləsə qalsa belə, səs-küy olmadığından, hər hansı narahatçılıq vermədiyindən tam olaraq bu barədə məlumatları olmamışdır. Sonuncu dəfə Hikməti 7 iyun 2025-ci il tarixdə saat 17 radələrində nəvəsini baxçadan götürüb evə gələrkən iş yerində görmüş və həmin vaxt hər şey qaydasında olmuşdur. Həmin günün gecəsi polis əməkdaşları həyətlərinə gəlib Hikmətin yaşadığı evə baxış keçirərkən Hikmət sol qolundan aldığı xəsarət nəticəsində kəskin qanitirmədən vəfat etdiyini öyrənmişlər. Daha sonra televizorda hadisə barədə məlumat verilərkən Hikməti bir qızın bıçaqladığını bilmişlər. Təqsirləndirilən şəxs tanımır, o, sonuncunu görməsə də, son günlərdə cavan qız səsini eşitdiyindən bu barədə Hikmətdən soruşmuş, Hikmət də ona bacısı qızı olduğunu və paltarlarını yuduğunu bildirmişdir (cild 1, iş vərəqi 106-108). Cinayət işinin materiallarında olan “hadisə yerinə baxış protokolu”-ndan görünür ki, baxış keçirilən hadisə yeri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ş.Kamilov ilə S.Ocaqov küçələrinin kəsişməsində “Perla” mebel mağazasının qarşısında yerləşən yol kənarındadır. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, “Perla Mebel” mağazasının qarşısında, giriş pilləkənlərinin alt hissəsində və səkidə qırmızı rəngli, qanı xatırladan maddənin izləri müşahidə olunur. Qan izləri divar boyu axaraq yerə yayılmış, pilləkənlərin aşağı hissəsində daha çox toplanmışdır. Ətraf ərazidə yaxınlıqda yerləşən mağazaların hadisə yeri müşahidəsini aparan kameraların olduğu müşahidə olunur. Hadisə yerinə baxış zamanı cinayət predmeti ola biləcək dəlillərə və sübutlara rast gəlinmədi. Pilləkənlərin aşağı hissəsində üzərində qana bənzər ləkələrədən nümunələr götürülərək qablaşdırımaqla iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 2-4). Cinayət işinin materiallarında olan protokoldan görünür ki, meyitə baxış keçirərkən müəyyən edilmişdir ki, təşrih masası üzərinə əynində qara rəngli 3 düymə qoluqısa köynək, belində qara rəngli kəmər olan qara rəngli şalvar, 1 cüt qara ayaqqabı və bir cüt qara rəngli corab olan kişi cinsli meyit qoyulmuşdur. Üzdən baxdıqda 60-65 yaşlarına uyğun gəlir. Meyit düzgün bədən quruluşlu, kafi köklükdədir, uzanmış vəziyyətdə boyunun uzunluğu 175 sm-dir. Meyit əllə toxunduqda qoltuq büküşlərində zəif istidir, dəri örtüyü bir qədər solğundur. Meyitin gövdəsinin arxa və qismən də yan səthlərində qırmızımtılbənövşəyi rəngli, barmaqla təziq etdikdə itən və 20-30 saniyəyə əvvəlki rənginə bərpa olan meyit ləkələri vardır. Meyit qacıması çeynəmə əzələsində inkişaf etmişdir. Saçı çallaşmışdır, 2-4 sm uzunluqdadır. Kəllə sümükləri əllədikdə tamdır. Göz qapaqları örtülüdür, bəbəklərin diametri 0,5 sm-dir, qüzehli qişa açıq qəhvəyi rənglidir, konyuktiva qansızmasızdır. Qulaq seyvanı qığırdaqları tamdır, xarici qulaq keçəcəkləri sərbəstdir. Əllə müayinə etdikdə burun və üz skeleti sümükləri tamdır. Ağzı yarımaçıq vəziyyətdədir, dili ağız boşluğunda sərbəst yerləşmişdir. Alt çənədə öz dişləridir və yuxarı çənədə diş yoxdur. Boynu orta uzunluqda və köklükdədir, adi hərəkətlidir. Döş qəfəsi silindr formasındadır, simmetrikdir, əllədikdə qabırğalar tamdırlar. Qarnı qabırğa qövsü səviyyəsində yerləşmişdir. Xarici cinsiyyət üzvləri kişi tipli olub, düzgün inkişaf etmişdir, sidik kanalının xarici dəliyindən ifrazat qeyd olunmur. Arxa keçəcək dəliyi qapalıdır, ətraf dəri nəcisə bulaşmışdır. Yuxarı və aşağı ətrafları düzgün inkişaf etmişdir, əllədikdə sümükləri tamdır. Sol yuxarı ətrafda saidin yuxarı 1/3-də 5,0x2,0 sm ölçüdə, kənarları hamar, bucaqlarından biri iti digəri küt olan qansızmalı yara vardır. Yaranın mənfəzi qan laxtası ilə örtülüdür. Sol bazunun yuxarı 1/3-nin bayır səthində 0,6x0,2 sm ölçüdə kənarları hamar, ətraf dərisi yaşılımtıl-sarımtıl rəngli qançırlaşmış, səthi yara vardır. Meyitin bədən səthində digər xəsarət aşkar edilmədi (cild 1, iş vərəqi 6-8). Cinayət işinin materiallarında olan protokoldan görünür ki, 8 iyun 2025-ci il tarxdə Sabunçu RPİ-nin 13-cü PŞ tərəfindən daxil olmuş telefonlara və 1 ədəd bıçağa baxış keçirilərkən müəyyən edilmişdir ki, mobil telefonlara baxış zamanı cinayət işi üzrə əhəmiyyət kəsb edən hər hansı hal müəyyən edilməmişdir. Bıçağa baxış zamanı müəyyən edilmişdir ki, bıçaq dəstək və tiyədən ibarətdir. Ümumi uzunluğu 155 mm-dir. Bıçağın tiyəsi - üzərinə qara rəngli boya çəkilmiş yastı metal lövhədən ibarətdir. Bıçağın dəstəyi-üzərində qara rəngli boya çəkilmiş iki ədəd yastı metal lövhələrdən ibarətdir (cild 1, iş vərəqi 49-51). Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ş.Kamilov ilə S.Ocaqov küçələrinin kəsişməsində “Perla” mebel mağazasının müşahidə kameralarının görüntülərinə əks etdirən videogörüntüyə baxış zamanı “Perla” mebel mağazasının çöl hissədə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ş.Kamilov ilə S.Ocaqov küçələrinin kəsişməsini müşahidə edən videomüşahidə kamerası vasitəsi ilə 8.06.2025-ci il tarixdə saat 00:43-də qeydə alınmış görüntüdə Təqsirləndirilən şəxs sol əlində tutduğu alətlə bir neçə dəfə Zərərçəkmiş şəxs sol və sağ əlinə xəsarət yetirməyə cəhd etməsi müşahidə edilir. Daha sonra Zərərçəkmiş şəxs sol qolundan aldığı xəsarətdən sonra kəskin qan itirməsi müşahidə edilir. Görüntüdən aydın olur ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş verən mübahisə zamanı orada kənar hər hansı şəxs müşahidə edimir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdikdən sonra üzərində olan köynəyi çıxararaq yarasının üzərini bağlayaraq ona tibbi yardım göstərir və sonra Sabunçu RPİ-nin əməkdaşlarının hadisə yerinə gəlməsi müşahidə edilir. Görüntüyə baxış zamanı “Perla” mebel mağazasının əməkdaşlarının məlumatı ilə kamera qeydiyyatında tarix və saatın doğru olmadığı, yəni təxminən saat yarım fərq olduğu, xx.xx.2025-ci il tarixdə saat 00:43-də alınmış qeydin 7.06.2025-ci il tarixdə saat 23 radələrinə uyğun olması müəyyən edilmişdir (cild 1, iş vərəqi 52-53). Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin 8.06.2025-ci il tarixli, 1/5625 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş müayinə zamanı onun alkoqol sərxoşluğunun orta dərəcəsində olması müəyyən edilmişdir. (cild 1, iş vərəqi 124). Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin Sabunçu rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 1216 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs döş qəfəsinin cızığı; sağ əlin İ barmağının səthi kəsilmiş yarası, sağ said və sol baldır nahiyələrinin qançır və sıyrtqları müəyyən edildi. Xəsarətlərdən döş qəfəsinin cızığı, sağ said və sol baldır nahiyələrinin qançır və sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən, sağ əlin İ barmağının səthi kəsilmiş yarası isə kəsıci kənara malik əşya təsirindən törənmişdir. Törənmə müddətinə görə xəsarətlərdən döş qəfəsinin cızığı qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixə; sağ əlin İ barmağının səthi kəsilmiş yarası, sağ said və sol baldır nahiyələrinin qançır və sıyrıqları isə Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasından (xx.xx.2025-ci il) 5-7 gün əvvələ uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid oduqları üçün dərəcələri təyin edilmir (cild 1, iş vərəqi 156-158). Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 2877 nömrəli arayışından görünür ki, xx.xx.2025-ci il tarixdə müayinə olunmuş Təqsirləndirilən şəxs uşaqlıq yolu möhtəviyyatından götürülmüş tampon və yaxmanın məhkəmə-tibbi bioloji tədqiqinə dair xx.xx.2025-ci il tarixli 9/73 saylı aktdan görünür ki, spermatozoidlər aşkar olunmadı (cild 1, iş vərəqi 155). Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 236 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinədən 2 həftədən artıqdır. Təqsirləndirilən şəxs arxa keçəcək nahiyəsində qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edildi. Qeyri-təbii yolla cinsi əlaqə zamanı arxa keçəcək dəliyi nahiyəsində xəsarət və ya xəsarət izi olmadıqda, cinsi əlaqənin dəqiq müddətini bildirmək mümkün deyildir (cild 1, iş vərəqi: 159-162). Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin Sabunçu rayon şöbəsinin 4.07.2025-ci il tarixli 176 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində sol saidin yuxarı səviyyəsində mil arteriyası, baş və şah vena, eləcə də əzələ-vətər və sinir dəstələrinin zədələnməsinə səbəb olan sol saidin yuxarı 1/3nin ön səthinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası və sol bazu nahiyəsinin səthi kəsilmiş yarası müəyyən edildi. Xəsarətlər həyatidir. Xəsarətlərdən sol saidin yuxarı səviyyəsində mil arteriyası, baş və şah vena, eləcə də əzələ-vətər və sinir dəstələrinin zədələnməsinə səbəb olan sol saidin yuxarı 1/3-nin ön səthinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası mərhumun ölümündən az əvvəl küpü və ülgücü olan yastı tiyə tipli deşici-kəsici əşya (alət) təsirindən törənmişdir, bıçağın tiyəsinin təsirindən törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidir; Sol bazu nahiyəsinin səthi kəsilmiş yarası isə kəsici kənara malik əşya(alət) təsirindən törənmişdir, törənmə müddəti Zərərçəkmiş şəxs ölümündən 5-7 gün əvvələ uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malik olmaqla ölümü ilə səbəbli-əlaqəsi yoxdur. Zərərçəkmiş şəxs ölümünə səbəb sol səidin yuxarı səviyyəsində mil arteriyası, baş və şah vena, eləcə də əzələ-vətər və sinir dəstələrinin zədələnməsinə səbəb olan sol saidin yuxarı 1/3-nin ön səthinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə əlaqədar baş vermiş kəskin və çoxlu qanitirmə otmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindn 2-4 saat əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil, metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilalkilamn qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Xarakter və lokalizasiyasına, eləcə də yara kanalının istiqamətinə (yara kanalının istiqaməti öndən-arxaya, aşağıdan-yuxarıya və soldan-sağa doğru olub dirsək çuxuruna doğru uzanır) əsasən demək olur ki, qeyd olunan xəsarətin şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (cild 1, iş vərəqi 163-169). Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 209/2025-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş mərhum Zərərçəkmiş şəxs məxsus bir ədəd uzunqol köynək, bir ədəd qısaqol köynək, bir ədəd şalvar və bir cüt ayaqqabı üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş mərhum Zərərçəkmiş şəxs məxsus şalvarın ön səthində hər iki ayaqlarının üzərində, arxa səthində isə əsasən daxildən bel nahiyəsində; qısaqol köynəyin ön səthində hər iki qollarının üzərində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. Ayaqqabının hər iki tayının üzərində geniş yayılmış qan ləkələri qan mənbəyi ilə və ya qanlı səth ilə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişlər yaxma xarakterlidir. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus köynək üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Təqsirləndirilən şəxs məxsus köynəyin bütün ön və arxa səthi boyu geniş yayılmış qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan cib bıçağına aiddir və soyuq silah hesab edilmir (cild 1, iş vərəqi 170-176). Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 330/2025-TBŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: B (İİİ) (X4 sistemindən şəxsi məlumatlarının kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş bir ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus bir cüt kişi ayaqqabısı, bir ədəd şalvar və qısaqol köynək, Təqsirləndirilən şəxs məxsus bir ədəd köynək və bir ədəd pambıq tampon üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə Abeta /H/ (İİ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Bu ləkələrdə N.E.İbrahimiinin qanı inkar edilir. Dəqiq elmi əsaslandırılmış və təcrübədə tətbiq olunan müayinə metodları olmadığı ücün maddi sübutlar üzərindəki qan ləkələrinin yaranma müddəti, qanın canlı və ya meyitin qanından əmələ gəlməsi barəsində fikir söyləmək mümkün olmadı (cild 1, iş vərəqi 177-182). Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli 2011 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman və ona qədər Emosional davamsız şəxsiyyət pozuntusu (F60.3) qeyd olunur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs aşkar edilən Emosional davamsız şəxsiyyət pozuntusu törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda Emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində konfliktə meyillik, qıcığa qarşı həssaslıq, emosional dayanıqsızlıq, impulsiv hərəkətlərə meyllilik, davranışı üzərində iradə nəzarətin çatışmazlığı müəyyən olunur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində impulsivlik yaranmış, həmin halın yaranması onda müəyyən edilən şəxsiyyət pozuntusu ilə əlaqədar olmuşdur. Emosional halından asılı olaraq öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmuşdur. Cinayət hadisəsini törədən zaman fizioloji affekt halında (güclü ruhi həyəcan vəziyyətində) olmamışdır (cild 1, iş vərəqi 183-187). Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli 3871 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs alkoqoldan sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu, alkoqolizm xəstəliyi aşkar olunur. Alkoqolizmdən məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində alkoqolizmlə əlaqədar qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 188-189). Cinayət işinin materiallarında olan X4 Sistemindən əldə edilmiş məhkumluq məlumatlarından və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib ona 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir (cild 1, iş vərəqi 109- 119). Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs (qara rəngli cins şalvar, qara rəngli futbolka və bir cüt ayaqqabı) və Təqsirləndirilən şəxs (1 ədəd tuman açıq yaşıl rəngli köynək) paltarları və bıçaq cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınmış və saxlanılması üçün Sabunçu rayon prokurorluğuna təhvil verilmişdir (cild 1, iş vərəqi 201- 210). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsindən daxil olmuş 14 noyabr 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 13 noyabr 2025-ci il tarixdə saxlanıldığı Müalicə Müəssisəsində ölmüşdür (cild 2). Cinayət işinin materiallarında olan məktubdan görünür ki, Təqsirləndirilən şəxs anası ünvan 1 ünvanında yaşayan X3 Təqsirləndirilən şəxs 13 noyabr 2025-ci il tarixdə saxlanıldığı Müalicə Müəssisəsində keçirdiyi ağır xəstəlikdən ölməsi səbəbindən Azərbaycan Respublikası CPM-in 106-1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin hüquqi varisi kimi tanınması üçün məhkəməyə dəvət edilimiş və ona CPM-in 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibinə xitam verilməli olduğu barədə məlumat verilmişdir (cild 2). Cinayət işinin materiallarında olan X2 məhkəməyə ünvanladığı teleqramdan görünür ki, o, Təqsirləndirilən şəxs yeganə qohumudur, sonuncunun atası Elçin İbrahimov 2019-cu ildə vəfat etmişdir. O, cinayət işi üzrə təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınmaq istəmədiyini, məhkəmədə iştirak etmək istəmədiyini bildirmiş və qızının barəsindəki cinayət işinə onun ölümü ilə əlaqədar xitam verilməsini xahiş etmişdir (cild 2). Cinayət işinin materiallarında olan Müdafiəçi2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Elçın qızının barəsində olan cinayət işinə onun vəfat etməsi ilə əlaqədar xitam verilməsini məhkəmədən xahiş edir (cild 2). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 43.3-1-ci maddələrinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə xitam verilməlidir (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə). Məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 106-1.4-cü maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 321.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı məhkəmə tərəfindən həll edilən bütün məsələlər üzrə qərar çıxarır. Həmin Məcəllənin 321.2.1-ci maddəsinə əsasən müşavirə otağında ayrıca sənədlər şəklində tərtib edilən və məhkəmənin bütün tərkibi tərəfindən (cinayət işinə təkbaşına baxıldığı halda hakim tərəfindən) imzalanan cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə qərar çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs öldüyündən, ölmüş şəxsin yeganə yaxın qohumu olan anası onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədiyindən və ölmüş şəxsin müdafiəçisi cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdiyindən Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-1 və 39.1.5-ci maddələrinə əsasən xitam verilməli, qətimkan tədbirinin tətbiq edilməsi üçün zərurət aradan qalxdığından Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalıdır. İş üzrə mülki iddia və məhkəmə məsrəfinin olmadığı nəzərə alınmalıdır. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs (qara rəngli cins şalvar, qara rəngli futbolka və bir cüt ayaqqabı) və ölmüş Təqsirləndirilən şəxs (1 ədəd tuman açıq yaşıl rəngli köynək) paltarları və bıçaq qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43.3-1, 106-1.4, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətdikdən sonra öldüyündən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-1 və 39.1.5-ci maddələrinə əsasən barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs (qara rəngli cins şalvar, qara rəngli futbolka və bir cüt ayaqqabı) və ölmüş Təqsirləndirilən şəxs (1 ədəd tuman açıq yaşıl rəngli köynək) paltarları və bıçaq qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər: Eldar İsmayılov Səbinə Məmmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar