Məhkəmə qərarları › İş №1(101)-1758/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1758/2021

12.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1758/2021 12.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Məcidov X9 və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X2, Zərərçəkmiş şəxs2 və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə xx.xx.1992-ci il tarixdə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında pasport qeydiyyatında olan və hal-hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə şəxsiyyətləri istintaqa məlum olmayan iki nəfər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 26 aprel 2021-ci il tarixdə saat 03:02-də həmin şəxslərlə birlikdə əvvəllər işlədiyi ünvan 2 ünvanda yerləşən "xxxx" elektron əşyaların satışı mağazasının qarşısına gəlib, aralarında əvvəlcədən olan razılaşmaya əsasən qrupun istintaqa məlum olmayan üzvləri mağazanın giriş qapısını güc tətbiq etməklə açdıqdan sonra, həmin şəxslər kənar şəxsin gələcəyi təqdirdə xəbər vermək məqsədilə kənarda dayanaraq ətrafa nəzarət etmiş, o isə qanunsuz olaraq mağazaya daxil olub mağazanın içərisində mühafizəçi Zərərçəkmiş şəxs2 olduğunu görüb üzərində olan istintaqa məlum olmayan vintaçanı silah qismində istifadə edərək həmin vintaçanla hücuma məruz qalmış mağazanın mühafizəçisi Zərərçəkmiş şəxs2 müqavimətini qırmaq üçün həyatı və sağlamlığı üçün zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək sonuncuya yerindən tərpənməməsini bildirib mağazanın girişindən sol tərəfdə yerləşən kredit şöbəsi otağındakı dolabın üst siyirtməsindən 2800 manat nağd pulu ələ keçirib qrupun digər üzvləri ilə birlikdə hadisə yerindən uzaqlaşaraq zərərçəkmiş şəxs "xxxx" MMC-yə 2800 manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2018 və 2019-cu illər ərzində ünvan 3 ünvanda yerləşən "xxxx" mağazasında kassir işləmiş, sonradan oranın müdiri ilə yola getmədyi üçün işdən ayrılmışdır. Həmin vaxtlardan mağazanın müdirinə qarşı kin saxlamışdır. 2021-ci ilin aprel ayının sonlarında pula ehtiyacı olduğu üçün "xxxx" mağazasına girib oradan oğurluq etmək qərarına gəlişdir. Əvvəlcədən bilmişdir ki, mağazada kassada pullar var. Buna görə 25 aprel 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhərinə gəliş, 26 aprel 2021-ci il tarixə keçən gecə saat 02 radələrində "xxxx" mağazasının qarşısına gəlmiş və təxminən yarım saat müddətində çöldə dayanaraq içəri baxmış və boş olduğunu gördüyü üçün mağazaya girmək qərarına gəlmişdir. Bundan sonra mağazanın qapılarını açmağa çalışmışdır. Mağazanın qapısı iki laydan ibarət olmuş və hər bir layı bir tərəfə açılır. Lakin qapını açmağa gücü yetməmiş, həmin vaxt görmüşdür ki, 2 nəfər tanımadığı şəxslər yolun kənarında olan aptekə oğurluq üçün girməyə çalışırlar. O, həmin şəxslərə yaxınlaşıb bildirmişdir ki, aptekə oğurluğa girməsinlər, çünki siqnalizasiyası var, əvəzində kömək etsinlər, mağazanın qapılarını açsınlar və o bunun müqabilində onların hərəsinə 100 manat pul verəcək. Həmin şəxslər onunla razılaşmışlar. Daha sonra üçü də "xxxx" mağazasının qarşısına gəliş, orada tanımadığı həmin 2 nəfər oğlan mağazanın giriş qapısının hərəsi bir layını tutub açmışlar, o isə mağazaya daxil olmuşdur. Mağazanın ortasına çatanda tanımadığı bir şəxslə üz-üzə gəlmişdir. O, həmin şəxsə zor tətbiq etməmiş, bildirmişdir ki, “Sənlik deyil, çəkil kənara”. Həmin şəxs, dediyinə əməl etmiş və o, bundan sonra kassaya yaxınlaşmışdır. Həmin vaxt kassadan 2 ədəd hər birində 1000 manat olmaqla 2000 manat pulları götürüb mağazadan çıxmışdır. Çölə çıxdıqdan sonra həmin tanımadığı oğlanların hərəsinə 100 manat vermiş və onlar getmişlər. O da hadisə yerindən qaçaraq uzaqlaşmış və həmin pulu ehtiyacları üçün xərcləmişdir. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsindən başqa məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, üzləşdirmə protokolu və digər sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, o, Nəsimi rayonu, Məhərrəmov küçəsində yerləşən “Soliton mağazasında gecə gözətçisi vəzifəsində çalışır. İş saatı 20:00-da başlayır, 10:00-da başa çatır. 25 aprel 2021-ci il tarixdə hər zaman olduğu kimi saat 20:00-da işə gəlmiş, həmin vaxt Ramazan ayı olduğu üçün saat 03:10-da imsaka hazırlamaq üçün mətbəxə keçmişdir. Orada olan zaman zaldan səs- küy gəldiyini eşitmiş və dərhal mətbəxdən çölə çıxmışdır. Bu zaman giriş qapısının qarşısında tanımadığı 2 nəfəri və daha sonra kredit şöbəsinin qarşısında uzun boylu tanımadığı bir kişinin olduğunu görmüşdür. İçəridə olan şəxs onu görən kimi əlindəki vintaçan ilə üzərinə hücum çəkərək və qışqıraraq kənarda durmağını, yaxına gəlməməyini, əks halda, onu vuracağını bildirmişdir. O da həmin şəxsdən qorxaraq kənarda dayanmışdır. Bundan sonra həmin şəxs, kredit şöbəsinə daxil olmuş və o, həmin şəxsin oradakı şkafın çəkməcələrini dağıtdığını eşitmişdir. Təxminən 2-3 dəqiqədən sonra o, kredit şöbəsindən təcili çıxmış və qapının qarşısında dayanan 2 nəfər tanımadığı şəxs qapını aralayaraq açmış və mağazanı tərk etmişdir. Həmin şəxs gedən kimi o, dərhal mağazının müdiri olan Nümayəndə zəng edərək bu barədə məlumat vermişdir. Bir az sonra Nümayəndə mağazaya gəlmiş və kredit şöbəsindəki şkafları yoxladıqdan sonra məlum olmuşdur ki, 2800 manat pul oğurlanıb. Belə ki, mağaza müdiri dərhal 102 zəng xidmətinə zəng edərək məlum hadisə barədə məlumat vermişdir. Məhkəməi iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin may ayından Zərərçəkmiş şəxs1 MMC-nin Əcəmi filialının müdiri vəzifəsində çalışır. Mağaza hər gün saat 10:00- dan saat 20:00dək işləyir. Günün sonunda isə satış, kredit ödənişləri və kreditlə satılmış məhsulların ilkin ödənişləri yığılaraq ona verilir. O, isə həmin pulları kredit şöbəsində işləyən operator Rəvanə xanımın masasındakı şkafa qoyur. Növbəti gün isə yığılmış pulları Zərərçəkmiş şəxs1 MMC-nin baş ofisinə təhvil verir. 25 aprel 2021-ci il tarixdə hər zaman olduğu kimi gün ərzində yığılmış 2800 manat pulu Rəvanə xanımın masasındakı şkafa qoymuş, həmin pulu ona Rəvanə xanım sayıb təhvil vermiş və o da eyni qaydada təhvil almış və saxlaması üçün masasındakı şkafa qoymuşdur. Saat 20:00-da mağazanı bağlamış, mühafizəçi Zərərçəkmiş şəxs2 olmuşdur. Belə ki, onlar həmişə obyektdən çıxdıqdan sonra mühafizəçi obyektin qapılarını bağlayır və özü içəridə qalır. 26 aprel 2021-ci il tarixdə saat 03 radələrində mühafizəçi Ağabala ona zəng edərək obyektdən oğurluq olması barədə məlumat vermişdir. O, isə dərhal bu barədə DİN-in 102 zəng xidmətinə xəbər vermiş və özü də mağazaya getmişdir. Oraya çatanda artıq polis əməkdaşları orada olmuşlar. Polis əməkdaşları hadisə yerinə baxış keçirmiş və əl-barmaq izləri götürmüşlər. Zərərçəkmiş şəxs2 hadisənin hansı şəraitdə baş verməsini soruşduqda, o, bildirmişdir ki, mağazada olarkən gecə saatlarında kredit şöbəsində səs eşidərək həmin şöbəyə tərəf getdikdə görmüşdür ki, iki nəfər şəxs mağazanın qapısını tutmuş, bir nəfər şəxs isə kredit şöbəsindəki masanın yanındadır, həmin şəxsə nə etdiyini soruşduqda, həmin şəxs ona yaxınlaşaraq cibindən vintaçanı çıxarıb onun üstünə hücum etmiş və yaxınlaşacağı təqdirdə vintaçanla onu vuracağını demiş, o, qorxduğu üçün həmin şəxsin üzərinə getməmiş, həmin şəxs kredit şöbəsinə daxil olaraq oradakı şkafın siyirməsini açmış və oradan pul götürüb mağazadan qaçıb getmişdir. Daha sonra o, kredit şöbəsində işləyən operator Rəvanə xanımın masasındakı şkafın siyirməsinə baxmış və oraya qoymuş olduğu 2800 manat pulun yerində olmadığını görmüşdür. Məhkəmə iclasında tədqiq olunmuş ambulator məhkəmə psixiatrik ekspertizasının 15 sentyabr 2021-ci il tarixli, 2156 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hər hansı bir psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs cinayəti törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırda da hər hansı psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, o, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən fərqli ifadə verərək, hadisə zamanı əlində vintaçanın olmamasını, o, quldurluq hərəkətləri etməməsini, yalnız oğurluq məqsədi ilə mağazaya daxil olduğunu bildirməkdə yalnız məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Onun həmin cinayəti törətməsi, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş və şahid ifadəsi, işdə olan digər sənədlərlə tam sübuta yetirmişdir. Eyni zamanda ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, quldurluq nəticəsində zərərçəkmiş hüquqi şəxsə 3800 manat məbləqində maddi ziyan dəymişdir. Lakin, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadələrindən müəyyən olunmuşdur ki, hadisədən sonra aparılmış hesablamalar nəticəsində hüquqi şəxsə dəymiş ziyanın məbləği 2800 manat məbləğində olmuşdur. Bu hal təqsirləndirilən şəxsin özünün ifadəsi ilə də öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə əməlin hüquqi tövsüfi məsələsini müzakirə edərək hesab edir ki, Hacıyev Niyaz Şamil oğlunun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.5-ci maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarından görünür ki, zərərçəkmiş hüquqi şəxsə Təqsirləndirilən şəxs tərəfindən 2800 manat məbləqində maddi ziyan dəymiş və məhkəmə istintaqı müddətində dəymiş ziyandan heç bir məbləğ ödənilməmişdir. Zərərçəkmiş hüquqi şəxs tərəfindən məhkəmə istintaqı zamanı mülki iddia verilməmişdir. Odur ki, zərərçəkmiş hüquqi şəxs Nümayəndə mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqları izah edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs X6 26.08.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, X4 təyin ediləcək cəzanın çəkilmə müddətinin əvvəli onun şübhəli şəxs qismində saxlanıldığı gündən, yəni 26 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə istintaqı zamanı “İnsan hüquqlarını və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü hissəsinin c bəndinə, Azərbaycan Respublikası CPM-nin 19-cu maddəsinin 19.4.4-cü bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına 3.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən X4 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X3, yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 14 saylı vəkil bürosunun hesabına 90 (doxsan) manat pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 26 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Zərərçəkmiş hüquqi şəxs Nümayəndə mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqları izah edilsin. Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X3 hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 14 saylı vəkil bürosunun hesabına 90 (doxsan) manat pul ödənilsin. Hökmdən, elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar