Məhkəmə qərarları › İş №1(101)-176/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-176/2020

05.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-176/2020 05.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən), Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan, məhkəmə iclas katibi: x3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxin hüquqi varisi x2, Bakı şəhər 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi binada, açıq məhkəmə iclasında xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, çəkməçi işləyən, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi, döngə 6, ev 4-də qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 20 iyul 2019-cu il tarixdə saat 21:40 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub nəqliyyat vasitələrini idarə etmək hüququ, yəni “B” kateqoriyasından olan avtomobilləri idarə etmək hüququ olmadan idarə etdiyi texniki cəhətdən saz olan özünə məxsus “Opel Omega minik” markalı ** TP *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Zuğulba prospekti ilə Buzovna qəsəbəsi istiqamətində həmin yolun 8-ci kilometrliyində “Büllur” zavodunun yaxınlığındakı “İnşaat dizayn” mağazasının qarşısında təxminən 120 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq öz hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu və bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu qaydalara əməl etməyərək hərəkətini davam etdirib həmin istiqamətdə iti yerişlə yolu sağdan sola keçmək istəyən piyada Zərərçəkmiş şəxs ehtiyyatsızlıqdan avtomobilin qabaq sol hissəsi və qabaq alınlıq şüşəsinin sol hissəsi ilə vuraraq Zərərçəkmiş şəxs təpə nahiyyəsinin, sol bazunun, sağ baldırın əzilmiş yaraları, sağ gözətrafının qançırı, döş qəfəsinin sol yan səthinin, sol qalça darağı proyeksiyasının, sağ dirsək nahiyyəsinin, sağ və sol dizin, sağ və sol baldırın sıyrıqları, başın yumşaq toxumalarının iç səthinə, beyin qişalarına və beyin toxumasına geniş qansızmalar, baş beynin əzilməsi, kəllə tağı sümüklərinin açıq, kəllə əsası sümüklərinin qapalı sınıqları, burun sümüklərinin qapalı sınıqları, sol üst və alt çənə sümüklərinin qapalı sınıqları, sol V, Vİ, Vİİ, Vİİİ qabırğaların orta körpücük xətti üzrə qapalı, yerdəyişən sınıqları, sol bazu sümüyünün açıq, qəlpəli yerdəyişmiş sınığı, sol baldır sümüklərinin qapalı, sağ baldır sümüklərinin açıq, qəlpəli yerdəyişmiş sınıqları əmələ gəlməsi ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almasına və hadisə yerində ölməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki,o, ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi, döngə 6, ev 4-də qeydiyyatda olmaqla yaşayır. Onun «C» dərəcəli sürücülük vəsiqəsi var və o, 30 ilə yaxındır ki, sürücülüklə məşğul olur. Özünə məxsus “Opel Omega minik” markalı ** TP *** dövlət qeydiyyat nişanlı avtomobili var. Bundan əvvəl heç vaxt hadisə törətməmişdir. 20 iyul 2019-cu il tarixdə təxminən saat 21:20 radələrində qardaşı Şahid1, oğlu Şahid2 və bibisi oğlu x6 ilə birlikdə Xəzər rayonu Binə qəsəbəsində yerləşən birlikdə işlədiyi emalatxanadan çıxmış və ona məxsus avtomobilə əyləşmişdir. Qardaşı Pərviz qabaq sağ oturacaqda, oğlu və bibisi oğlu isə arxa oturacaqda əyləşmişlər və yaşadıqları Maştağa qəsəbəsinə getmək üçün yola düşmüşlər. Təxminən saat 21:40 radələrində Bakı şəhəri, Xəzər rayonu, Zuğulba prospekti ilə Buzovna qəsəbəsi istiqamətində “İnşaat dizayn” mağazasının qarşısında təxminən 120 km/saat sürətlə yolun soldan birinci zolağı ilə hərəkətdə olarkən həmin istiqamətdə yolu sağdan sola keçmək istəyən piyadanın qəflətən yoluna çıxdığını görmüş və həmin an əyləci basmışdır. Buna baxmayaraq avtomobil tormozlanmış vəziyyətdə sürüşməklə piyadanı vurmuşdur. Zərbənin təsirindən piyada yolun sol hissəsində olan sarı xəttin üzərinə düşmüş, o, isə idarə etdiyi avtomobili qarşı tərəfi dəmir səddə tərəf və bir qədər hərəkət istiqamətinin əksinə olmaqla saxlaya bilmişdir. Bundan sonra dərhal avtomobildən yerə düşüb ehtiyyatsızlıqdan idarə etdiyi avtomobillə vurduğu piyadaya kömək etmək məqsədi ilə ona tərəf qaçmış və baxıb görmüşdür ki, artıq dünyasını dəyişib. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. O, hadisə yerini təqdim etmiş, onun iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, foto şəkillər çəkilmişdir. Bundan sonra o, hadisə ilə bağlı ifadə vermək məqsədi ilə Xəzər RPİ-yə getmişdir. Zərərçəkmişə dəymiş maddi ziyanı ödəmiş, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs ifadəsini dinləyib, zərərçəkmiş şəxsin hüquqi varisini və şahidləri dindirib, iş üzrə digər sübutları araşdıraraq hesab edir ki, o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi x4 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun bacısıdır. Bacısı ailə qursa da övladı olmamışdır. Təxminən 30 il olar ki, ərindən boşanmış və Sabunçu rayonu, Balaxanı qəsəbəsində kirayə ev tutub tək yaşamışdır. 20 iyul 2019-cu il tarixdə təxminən saat 23 radələrində ona zəng edib məlumat vermişlər ki, bacısı Zərərçəkmiş şəxs Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Zuğulba prospektində yolu keçmək istəyərkən onu maşın vurmuş, Lalə hadisə yerində dünyasını dəyişmişdir. Laləni vuran Təqsirləndirilən şəxs qohum-əqrəbası Lalənin hüzür mərasimində yaxından iştirak edərək onlara maddi və mənəvi dəstək olmuşlar. O, Təqsirləndirilən şəxslə barışmış, heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də heç bir şikayət və tələbi olmayacaq. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur, hadisədir olub, heç kəs istəməzdi belə olsun. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs atasıdır. Bildiyinə görə atası 30 ilə yaxındır ki, sürücülüklə məşğul olur. 20 iyul 2019-cu il tarixdə təxminən saat 21:20 radələrində atasının bibisi oğlu Şahid3, atası və əmisi Şahid1 ilə birlikdə Xəzər rayonu Binə qəsəbəsində yerləşən birlikdə işlədikləri emalatxanadan çıxıb evə getmək üçün atasına məxsus Opel Omega minik markalı avtomobilə əyləşmişlər. Əmisi Pərviz qabaq sağ oturacaqda, o, arxa sol, Rəşad isə arxa sağ oturacaqda əyləşmişdir. Təxminən saat 21:40 radələrində Bakı şəhəri, Xəzər rayonu, Zuğulba prospekti ilə Buzovna qəsəbəsi istiqamətində “İnşaat dizayn” mağazasının qarşısında təxminən 120 km/saat sürətlə yolun soldan birinci zolağı ilə hərəkətdə olarkən həmin istiqamətdə yolu sağdan sola keçmək istəyən piyada qəflətən yollarına çıxmış və həmin an atası Elşən avtomobilin əyləcini basaraq avtomobil tormozlamış, avtomobil sürüşərək qabaq sol hissəsi və qabaq alınlıq şüşəsinin sol hissəsi ilə piyadaya dəymişdir. Atası maşını saxlamış, onlar tez maşından düşmüş kömək etmək məqsədi ilə ona tərəf qaçmışlar və baxıb görmüşlər ki, piyada artıq dünyasını dəyişmişdir. Onlardan 50-60 metr qabaqda yolun sağ tərəf xətt üzrə cip markalı avtomaşın olmuş, cip markalı avtomaşının hərəkətinin yavaşladığını görmüşlər və onlar həmin cip markalı avtomaşına yaxınlaşdıqda həmin an adamın cip markalı avtomaşının qabaq tərəfindən çıxdığını görmüşlər. İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun dayısı oğludur. Onun “Opel Omega minik” markalı şəxsi avtomobili var və 30 ilə yaxındır ki, sürücülüklə məşğul olur. 20 iyul 2019-cu il tarixdə təxminən saat 21:20 radələrində dayı oğlanları Şahid1, Təqsirləndirilən şəxs və onun oğlu Şahid2 ilə birlikdə Xəzər rayonu Binə qəsəbəsində yerləşən birlikdə işlədiyi emalatxanadan çıxmış və evə getmək üçün Elşənə məxsus avtomobilə əyləşmişlər. Pərviz qabaq sağ oturacaqda, Tofiq arxa sol oturacaqda və o, isə arxa sağ oturacaqda əyləşmişdir. Təxminən saat 21:40 radələrində Bakı şəhəri, Xəzər rayonu, Zuğulba prospekti ilə Buzovna qəsəbəsi istiqamətində “İnşaat dizayn” mağazasının qarşısında təxminən 120 km/saat sürətlə yolun soldan birinci zolağı ilə hərəkətdə olarkən yolu sağdan sola keçmək istəyən piyada qəflətən yola çıxmış və həmin an Elşən avtomobilin əyləcini bassa da saxlaya bilməmiş, avtomobil tormozlanmış vəziyyətdə sürüşərək piyadaya dəymişdir. Zərbənin təsirindən piyada yolun sol hissəsində olan sarı xəttin üzərinə düşmüşdür. Dərhal avtomobildən yerə düşüb piyadaya kömək etmək məqsədi ilə ona tərəf qaçmışlar, baxıb görmüşlər ki, artıq dünyasını dəyişmişdir. İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs qardaşıdır. Onun “Opel Omega minik” markalı şəxsi avtomobili var və 30 ilə yaxındır ki, sürücülüklə məşğul olur. 20 iyul 2019-cu il tarixdə təxminən saat 21:20 radələrində bibisi oğlu Şahid3, qardaşı Təqsirləndirilən şəxs və onun oğlu Şahid2 ilə birlikdə Xəzər rayonu Binə qəsəbəsində yerləşən birlikdə işlədiyi emalatxanadan çıxmış və Elşənə məxsus Opel Omega minik markalı avtomobilə əyləşmişlər. O, qabaq sağ oturacaqda, Tofiq arxa sol oturacaqda və Rəşad isə arxa sağ oturacaqda əyləşmişdir və yaşadığı Maştağa qəsəbəsinə getmək üçün yola düşmüşlər. Təxminən saat 21:40 radələrində Bakı şəhəri, Xəzər rayonu, Zuğulba prospekti ilə Buzovna qəsəbəsi istiqamətində “İnşaat dizayn” mağazasının qarşısında təxminən 120 km/saat sürətlə yolun soldan birinci zolağı ilə hərəkətdə olarkən həmin istiqamətdə yolu sağdan sola keçmək istəyən piyada qəflətən yollarına çıxmış və həmin an Elşən avtomobilin əyləcini bassa da avtomobilin sürəti çox olduğundan dayanmamış və avtomobil tormozlanmış vəziyyətdə sürüşərək qabaq sol hissəsi və qabaq alınlıq şüşəsinin sol hissəsi ilə piyadaya dəymişdir. Zərbənin təsirindən piyada yolun sol hissəsində olan sarı xəttin üzərinə düşmüş, Elşən isə idarə etdiyi avtomobili qarşı tərəfi dəmir səddə tərəf və bir qədər hərəkət istiqamətinin əksinə olmaqla saxlaya bilmişdir. Bundan sonra dərhal onlar avtomobildən yerə düşüb Elşənin ehtiyyatsızlıqdan idarə etdiyi avtomobillə vurduğu piyadaya kömək etmək məqsədi ilə ona tərəf qaçmışlar və baxıb görmüşlər ki, həmin piyada artıq dünyasını dəyişib. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, Elşənin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, foto şəkillər çəkilmişdir. Onlardan 50-60 metr qabaqda yolun sağ tərəf xətt üzrə cip markalı avtomaşın olmuşdur. Cip markalı avtomaşınla aralarında 50-60 metr məsafə olmuş biraz getdikdən sonra 50-60 metr irəlidə yolun sağ xətti üzrə hərəkət edən cip markal avtomaşının hərəkətinin yavaşladığını görmüş və həmin cip markalı avtomaşına yaxınlaşdıqda həmin an cip markalı avtomaşının qabaq tərəfindən çıxdığını görmüş, yolun qabaq istiqamətində baxdığı üçün, onun cip markalı avtomaşının ön tərəf hissəsindən çıxdığını görməmişdir. Həmin an təxminən saat gecə 10 radələri olarmış, artıq hava qaranlıq olmuşdur. Avtomaşından tez-tələsik düşərək özünü çatdırmış və yerdə yıxılı vəziyyətdə olan qadının artıq keçindiyini görmüşdür. Ondan sonra dərhal təcilli tibbi yardıma zəng vurub məlumat vermişdir və 10 dəqiqə vaxt müddət keçdikdən sonra polis əməkdaşlarının hadisə yerinə yaxınlaşdığını görmüşdür. İstintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 20.07.2019-cu il tarixli protokoldan və protokola əlavə edilmiş foto cədvəl və sxemdən görünür ki, hadisə Bakı şəhəri, Xəzər rayonu, Zuğulba prospektinin Buzovna qəsəbəsi istiqamətində həmin yolun 8-ci kilometrliyində “Büllur” zavodunun yaxınlığında “İnşaat dizayn” mağazasının qarşısında baş vermişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında 21 iyul 2019-cu il tarixli protokoldan görünür ki, “Opel Omega minik” markalı ** TP *** dövlət qeydiyyat nişanlı avtomobilin ön buferin sol künc hissəsinin əzilmiş vəziyyətdə olması, qabaq alınlıq şüşəsinin sol hissəsinin sınmış vəziyyətdə olması və avtomobilin texniki cəhətdən saz vəziyyətdə olması müəyyən edilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş video görüntüyə baxış keçirilməsi haqqında 06 avqust 2019-cu il tarixli protokoldan görünür ki, iş üzrə Təhlükəsiz Şəhər Xidmətinin TŞ 7-045 nömrəli videomüşahidə qurğusunun 2-ci kamerasından götürülmüş 01 ədəd videogörüntü diskinin 3-cü hissəsinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, 20.07.2019-cu il tarixdə saat 21:40 radələrində sürücü Təqsirləndirilən şəxs idarə etdiyi özünə məxsus “Opel Omega minik” markalı ** TP *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Zuğulba prospekti ilə Buzovna qəsəbəsi istiqamətində həmin yolun 8-ci kilometrliyində “Büllur” zavodunun yaxınlığında “İnşaat dizayn” mağazasının qarşısında hərəkətdə olarkən həmin istiqamətdə iti yerişlə yolu sağdan sola keçmək istəyən piyada Zərərçəkmiş şəxs vurmamaq üçün əyləci basmış, lakin sürət yüksək olduğundan avtomobil öz hərəkət zolağı ilə tormozlanmış vəziyyətdə piyadaya doğru yönəlmişdir. Məhkəməyədək icraat dövründə cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş AD seriyalı 106963 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs yalnız “C” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ olmaqla “B” kateqoriyasına aid olan “Opel Omega minik” markalı ** TP *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmamışdır. Məhkəməyədək icraat dövründə əldə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs sürücülük hüququnun olub-olmaması üçün sorğuya cavabdan görünür ki, DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin komputer uçot bazasında xx.xx.1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 21.10.2013-cü il tarixdə AD seriyalı 106963 nömrəli “C” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Eyni zamanda bildirilmişdir ki, “Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu”nun 34-cü maddəsinin İV hissəsinin 4-cü bəndinə əsasən “C” – “D” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “C” kateqoriyasından olan avtomobilləri idarə etmək hüququ verir. Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 20 iyul 2019-cu il tarixli, 1/2433 saylı aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən olunmamışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 07 avqust 2019-cu il tarixli 96 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlər – təpə nahiyyəsinin, sol bazunun, sağ baldırın, əzilmiş yaraları; sağ gözətrafının qançırı; döş qəfəsinin sol yan səthinin, sol qalça darağı proyeksiyasının, sağ dirsək nahiyyəsinin, sağ və sol dizin, sağ və sol baldırın sıyrıqları; başın yumşaq toxumalarının iç səthinə, beyin qişalarına və beyin toxumasına geniş qansızmalar; baş beynin əzilməsi; kəllə tağı sümüklərinin açıq, kəllə əsası sümüklərinin qapalı sınıqları; burun sümüklərinin qapalı sınıqları; sol üst və alt çənə sümüklərinin qapalı sınıqları; sol V, Vİ, Vİİ, Vİİİ qabırğaların orta körpücük xətti üzrə qapalı, yerdəyişən sınıqları; sol bazu sümüyünün açıq, qəlpəli yerdəyişmiş sınığı; sol baldır sümüklərinin qapalı, sağ baldır sümüklərinin açıq, qəlpəli yerdəyişmiş sınıqları küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilən vaxtda və şəraitdə, yəni 20.07.2019-cu il tarixdə hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb yuxarıda qeyd olunan travma kompleksi nəticəsində baş-beyin toxumasına və beyin qişalarına geniş qansızmalar olmuşdur.Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum Zərərçəkmiş şəxs meyitinin meyitxanada müayinəsindən 12- 14 saat əvvəl baş vermişdir.Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda etil spirti, narkotik maddələr və güclü təsiredicilər aşkar edilməmişdir. (məhkəmə-kimyəvi müayinə aktı № 1757/K, 01.08.2019). Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 19 avqust 2019-cu il tarixli 20176 saylı rəyindən görünür ki, Opel Omega markalı ** TP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəməyədək icraat dövründə əldə edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş təhlükəsiz Şəhər Xidmətinin TŞ 7-045 nömrəli videomüşahidə qurğusunun 2-ci kamerasından götürülmüş 01 ədəd videogörüntü diski 29 sentyabr 2019-cu il tarixli qərarla maddi sübüt kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş x1 İdarəsindən alınmış sorğudan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs törətmiş olduğu həmin cinayət əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2014-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Məhkəmə sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqının gedişi zamanı onun özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri və digər iş materialları ilə tam sübuta yetirildiyindən o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42.0.12-ci maddəsində nəzərdə tutulmuş «müəyyən müddətə azadlıqdan məhrum etmə» cəza növü tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasının aşağı həddində cəza təyin edilməsini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü, 56.1.1-ci maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssiəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə həmçinin ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə əsasən onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 43.3-cü maddəsinə əsasən əlavə cəza kimi nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum etmə cəzası təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının 13cü bəndinə əsaslanaraq, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o, cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən peşiman olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən həmin Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakın olub-olmaması məsələsini araşdıraraq hesab edir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Bu cinayət işi üzrə cinayət hadisəsinin olması, həmin əməldə cinayət tərkibinin olması, təqsirləndirilən şəxsin həmin cinayətin törədilməsinə aidiyyati, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmiş, əməli ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar olmamış, cinayət məsuliyyətindən azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cəzalandırılmalı və ona təyin edilmiş cəza çəkilməlidir. Həmçinin Təqsirləndirilən şəxs əsas cəza kimi azadlıqdan məhrum etmə cəzası, əlavə cəza kimi nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum etmə cəzası təyin olunmalıdır. İş üzrə mülki iddia yoxdur. Əmlak üzərinə həbs qoyulmamış, xüsusi qərarın çıxarılmasına ehtiyac olmamışdır. Məhkəmə hesab edir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 180 (bir yüz səksən ) manat miqdarında, həmçinin məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış Bakı şəhəri 8 saylı Vəkil bürosunun hesabına vəkil x5 180 manat miqdarında pul ödənilməlidir. Həmçinin Təqsirləndirilən şəxs bir gün şübhəli şəxs kimi saxlanıldığından həmin müddət onun cəzasından çıxılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bir gün şübhəli şəxs kimi saxlanıldığı müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. O cəzasını məntəqə tipli cəzaçəkmə müəssiəsində çəksin. Hökmün icrasına nəzarət yaşayış yeri üzrə Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 100( bir yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış Bakı şəhəri 2 saylı Vəkil bürosunun hesabına Müdafiəçi 180 (bir yüz səksən) manat miqdarında, həmçinin məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış Bakı şəhəri 8 saylı Vəkil bürosunun hesabına vəkil x5 ödənilməsi üçün 180( bir yüz səksən) manat miqdarında pul ödənilsin. Hökm elan edildiyi (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Fikrət Qəribov Hakimlər: Telman Hüseynov Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar