Məhkəmə qərarları › İş №1(101)-1760/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1760/2024

05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1760/2024 05.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 11:35 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Elyar qızının, müdafiəçi - “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1991-ci il tarixdə Gəncə şəhərində doğulmuş, orta təhsilli, işləməyən, evli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 avqust 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.3.3-cü, 326.1-ci və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 10 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli qərarı ilə 01 il 01 ay 03 gün vaxtından əvvəl cəzadan şərti azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs silah qismində istifadə edilən əşya tətbiq edib özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın etməklə quldurluq etmiş və qanunsuz olaraq soyuq silahı əldə edərək gəzdirmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə 19 yanvar 2024-cü il tarixdə saat 23 radələrində “Tap.az” saytında yerləşdirilmiş “Masaj xidməti” adlı elanla əlaqədar Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vuraraq ünvanı dəqiqləşdirdikdən sonra sonuncunun yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 33, mənzil 17 ünvanına gedib masaj xidmətindən istifadə müqabilində Zərərçəkmiş şəxs təqdim etdiyi, üzərində “etibarsız” yazısı olan istintaqla müəyyən edilməyən 100 manatlıq kağız əskinazın əvəzində Zərərçəkmiş şəxs qalıq olaraq ona qaytardığı 50 manat pulu götürüb ilkin masaj prosedurunu başa çatdırdıqdan sonra təkrarən masaj olunmaq istəyini bildirib növbəti dəfə üzərində “etibarsız” yazısı olan 100 manatlıq pul əskinazını təqdim edərkən Zərərçəkmiş şəxs pulun həqiqi olmadığını başa düşüb verdiyi 50 manat pulu geri qaytarmasını tələb etdikdə həmin pulu sonuncuya qaytarmış, bundan sonra Zərərçəkmiş şəxs ona mənzili tərk etməsi və buna əməl etməyəcəyi təqdirdə “102” Xidmətinə məlumat verəcəyini bildirməsindən sonra Zərərçəkmiş şəxs bu sözlərini bəhanə edib üzərindəki silah qismində istifadə etdiyi zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, qanunsuz olaraq əldə edib gəzdirdiyi soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını çıxarıb hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək həmin bıçağın arxa hissəsi ilə sonuncunun qarın nahiyəsindən vurub fiziki ağrı verməklə Zərərçəkmiş şəxs əlində saxladığı 50 manat pulu, qonaq otağındakı pianonun üzərində olan 160 manat pulu və Zərərçəkmiş şəxs məxsus 80 manat dəyərində “Samsung” markalı SM-A750FN/DS(Galaxy A7) modelli mobil telefonu ələ keçirib hadisə yerindən uzaqlaşmaqla Zərərçəkmiş şəxs ümumilikdə 290 manat məbələğində maddi ziyan vuraraq quldurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, “Tap.az” saytından masaj xidməti göstərən xanımın nömrəsini tapmış və onun evinə getmişdir. Dəniz onu bir dəfə masaj etdikdən sonra Dənizə bir ədəd saxta 100 manatlıq pul vermiş, Dəniz də ona 50 manat qaytarmışdır. Sonra özündə olan ikinci saxta 100 manatlıq pulu da xırdalamaq üçün Dənizə onu yenidən masaj etməsini xahiş etmiş və pulu Dənizə vermişdir. Dəniz həmin vaxt pulların saxta olduğunu başa düşmüş və ona “102”yə zəng edəcəyini, evini tərk etməyini demişdir. O da cibində olan bıçağı çıxarıb Dənizə göstərib sonuncudan pul və telefon verməyini istəmişdir. Dəniz ona pul və telefonu verdikdən sonra ordan çıxıb getmişdir. O, həmin hərəkətlərinin səhv olduğunu qəbul edir. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, 19 yanvar 2024-cü il tarixdə axşam saatlarında internet saytlarının vasitəsilə masaj xidməti ilə bağlı paylaşılan elanlara baxmışdır. Diqqətini çəkən elanlardan birində göstərilən ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamışdır. Telefon danışığı zamanı o, həmin qadına özünü Murad adlı şəxs kimi təqdim etmiş və onun mənzildə tək olub-olmaması ilə bir neçə dəfə maraqlanmışdır. Bundan sonra o, həmin qadınla qiymət və göstərilən xidmət barəsində bir qədər söhbət aparmış və 50 manat ödəniş qarşılığında razılığa gəlmişlər. Bundan sonra həmin xanım ona “WhatsApp” proqramı vasitəsi ilə olduğu yerin geolokassiyasını göndərmiş və o, metronun “Əhmədli” stansiyasının yaxınlığından taksi sifariş verərək deyilən ünvana yollanmışdır. Həmin gün saat təxminən 22 radələrində o, həmin xanıma zəng edərək deyilən ünvanda olduğunu bildirmiş, Zərərçəkmiş şəxs isə ona 3-cü mərtəbəyə qalxmasını bildirmişdir. Təxminən iki dəqiqə sonra binanın 3-cü mərtəbəsində yerləşən mənzilə daxil olmuş, Zərərçəkmiş şəxs onu qarşılayıb ona çay içməyi təklif etmiş, o da razılaşmışdır. Dəniz mətbəxə keçmiş və təxminən bir dəqiqə sonra əlində bir fincan çayla yenidən qonaq otağına daxil olmuşdur. Çay içən ərəfədə onlar bir qədər söhbət etmiş, daha sonra masaj xidmətinin qarşılığında ödəniləcək pul barəsində danışmışlar. Dəniz ona masajın bir seansının 40 manat olduğunu bildirmişdir. O, cibindən təxminən bir ay bundan qabaq haradan aldığını xatırlamadığı üzərində “etibarsız” sözü yazılan 100 manatlıq əskinazı çıxararaq Zərərçəkmiş şəxs təqdim etmiş və qalıq pulun qaytarılmasınmı istəmişdir. Dəniz isə ona xırda pulunun olmadığını bildirərək ona 60 deyil, cəmi 50 manat pul qaytara biləcəyini bildirmişdir. O da bu təkliflə razılaşmışdır. Dəniz mənzilin mətbəxinə keçmiş və təxminən bir dəqiqə sonra geri qayıdaraq ona qalıq olaraq 50 manat pulu qaytarmışdır. O, başa düşmüşdür ki, Zərərçəkmiş şəxs pulları mənzilin mətbəxində gizlədir. Bundan sonra o, əynindəki tünd yaşıl rəngli gödəkçəni və köynəyi çıxararaq masaj masasının üzərinə uzanmış, təxminən 15-20 dəqiqə masaj etdikdən sonra Dənizə onun masaj etməsinin çox xoşuna gəldiyini və daha bir seans istədiyini demişdir. O, ayağa qalxaraq gödəkçəsinin cibindən daha bir ədəd 100 manatlıq əskinazı çıxarıb Dənizə təqdim etmiş, bu zaman Dəniz onda xırda pul olmadığını bilə-bilə, nə üçün ona yenidən 100 manatlıq əskinaz veriyini irad bildirmişir. Dəniz həmçinin bundan öncə onun qalıq olaraq qaytardığı 50 manat pulu ikinci seans üçün ödəməyini demişdir. Onun məqsədi isə üzərində etibarsız sözü yazılan pulu xırdalamaq olduğu üçün Zərərçəkmiş şəxs yalandan bəhanə gətirmişdir ki, həmin 50 manat onun özünə lazımdır və bir daha xahiş etmişdir ki, əgər varsa həmin 100 manatı da, xırdalasın. Zərərçəkmiş şəxs ona yenidən razılıq vermiş və həmin 100 manatı ondan götürərək xırdalamaq üçün yenidən mətbəxə keçmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs mətbəxdən qonaq otağına geri qayıtdıqda ona aqressiv şəkildə daha öncə vermiş olduğu 50 manat pulu ona qaytarmağı bildirmişdir. Dəniz onun vermiş olduğu iki ədəd 100 manatlıq əskinazın üzərində «etibarsız» sözünün yazıldığını müəyyən etdiyini demiş və yenidən daha da ucadan 50 manat pulu qaytarmasını tələb etmişdir. O, həmin 50 manat pulu Zərərçəkmiş şəxs geri qaytarmış, Dəniz isə həmin 50 manatı əlində olan mobil telefonun “kaburasının” içərisinə qoymuşdur. O, Dənizi bir qədər sakitləşdirməyə çalışmış, Zərərçəkmiş şəxs isə onunla yenidən mübahisə etməyə başlamış və ona vermiş olduğu üzərində “etibarsız” sözü yazılan iki ədəd 100 manatlıq əskinazları üzərinə atmışdır. O, həmin pulları götürərək Zərərçəkmiş şəxs üzr istəmişdir. Zərərçəkmiş şəxs isə ondan mənzili tərk etməsini tələb etmiş və əlində olan mobil telefonda “102” Xidmətinin nömrəsini yığdığını, onun mənzildən çıxmayacağı təqdirdə zəng düyməsini basaraq polisi çağıracağını bildirmişdir. Bu zaman o, həyəcanlı şəkildə əynini geyinməyə başlamış və Zərərçəkmiş şəxs onun üzərinə yeriyərək onu mənzilin dəhlizinə qədər qovalamışdır. O, qərginliyi bir qədər azaltmaq, həmçinin Zərərçəkmiş şəxsla yenidən qonaq otağına keçməyə nail olmaq məqsədi ilə əynindəki gödəkçəsinin döş cibindən bu dəfə əsl 100 manatlıq əskinaz çıxararaq Zərərçəkmiş şəxs uzatmış və onu yenidən masaj etməyini xahiş etmişdir. Zərərçəkmiş şəxs isə 100 manat pulu götürməkdən imtina etmiş və ondan yenidən mənzili tərk etməsini tələb etmişdir. O, Zərərçəkmiş şəxs masaj etməsə də heç olmasa ona daha öncə etdiyi masajın pulunu ödəməyini təklif etmişdir. Zərərçəkmiş şəxs sakitləşmək istəmədiyini görərək onun üzərinə yeriməyə başlamış və yavaş-yavaş onunla yenidən qonaq otağına daxil olmuşdur. Qonaq otağına daxil olan kimi o, Zərərçəkmiş şəxs sakitləşməsinə nail olmaq üçün əlini gödəkçəsinin cibinə salmış və üzərində meyvə doğramaq üçün gəzdirdiyi bıçağı bağlı vəziyyətdə çaxartmışdır. Həmin bıçağı dərhal açıq vəziyyətə gətirərək Zərərçəkmiş şəxs nümayiş etmişdir ki, bəlkə belə olan halda sonuncu bir qədər sakitləşər. Həmçinin Zərərçəkmiş şəxs səsini ucadan çıxartmamağını bildirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs pula ehtiyacının olmasını və mənzildə harada nə qədər pul varsa ona təqdim etməsini tələb etmişdir. Bu zaman Zərərçəkmiş şəxs ona könüllü olaraq daha öncə əlində olan mobil telefonunun “kaburasına” saldığı 50 manatlıq əskinazı çıxararaq təqdim etmişdir. Bundan sonra Dənizin polisə yığmaması üçün əlində olan mobil telefonu otaqda pianonun üzərinə qoymasını tələb etmiş, Dəniz onun tələbini yerinə yetirərək mobil telefonu pianonun üzərinə qoymuşdur. Zərərçəkmiş şəxs mobil telefonu pianonun üzərinə qoyduqdan sonra o, əlində olan bıçağı Zərərçəkmiş şəxs tərəf deyil, özünə tərəf yönəltmiş və ona mənzildə olan digər pulları verməsə, həmçinin uca səslə danışsa həmin bıçaqla Zərərçəkmiş şəxs deyil, məhz özünə xəsarət yetirəcəyini bildirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs mənzildə başqa harada pul olduğunu soruşmuş, Dəniz isə ona evdə bundan başqa pul olmadığını demişdir. O, Zərərçəkmiş şəxs yalan danışmamasını demiş və mənzildə qonaq otağında Dənizin ona çay süzməsini gözlədikdə pianonun üzərində pulların olduğunu gördüyünü bildirmişdir. Buna görə də, Zərərçəkmiş şəxs pianonun üzərində şamdanın altında pulların olduğunun görsəndiyini və həmin pulları ona təqdim etməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs da şamdanın altında olan 160 manat pulu ona vermişdir. Bundan sonra o, yenidən Zərərçəkmiş şəxs yaxınlaşmış və iki dəfə 100 manat ödəniş etdikdə Zərərçəkmiş şəxs həmin pulu xırdalamaq məqsədi ilə mənzilin mətbəxinə keçdiyini demiş və sonuncudan onunla birlikdə mənzilin mətbəxinə keçib pulların mətbəxin hansı hissəsində olduğunu ona göstərməyi bildimişdir. O, Zərərçəkmiş şəxsla birlikdə mənzilin mətbəxinə keçmiş, mətbəxdə olan zaman Zərərçəkmiş şəxs bir neçə dəfə pulların harada oluğunu soruşmuş, Zərərçəkmiş şəxs isə mətbəxdə pulunun olmadığını bildirmişdir. Bundan sonra o, yenidən Dənizdən qonaq otağına keçməyi tələb etmişdir. Qonaq otağında olan zaman o, Zərərçəkmiş şəxs evdə pul olub-olmadığını soruşmuş, Dəniz isə evdə pul olmadığını demişdir. O da Dənizə pianonun üzərində olan mobil telefonlardan birini götürəcəyini demiş və əli ilə Zərərçəkmiş şəxs məxsus olan “Samsung” markalı mobil telefona işarə etmişdir. Dəniz isə həmin telefona onun müştərilərinin zəng etdiyini demişdir. O da belə olan halda digər “Samsung” markalı mobil telefonu götürəcəyini bildirmişdir. Bu zaman Dəniz başa düşmədiyi səbəbdən qışqırmağa və ağlamağa başlamış və həmin telefonun yaddaşında onun vəfat etmiş övladının şəkilləri və videogörüntülərinin olduğunu demişdir. O, Zərərçəkmiş şəxs inanmayaraq bu məsələnin ona heç bir aidiyyəti olmadığını, özünün də övladları olduğunu, ona görə də həmin telefonu götürəcəyini demişdir. Telefonu götürən zaman Zərərçəkmiş şəxs yenidən ağlamağa başlamış və həmin mobil telefonu onun əlindən almağa çalışmışdır. O, əli ilə Zərərçəkmiş şəxs qarın nahiyyəsindən itələyərək sonuncunun bir qədər arxaya doğru getməsinə nail olmuş və mobil telefonu götürərək mənzilin dəhlizinə doğru getməyə başlamışdır. Həmçinin çıxan zaman mobil telefonun içərisindən simkartı çaxardaraq yerə atmışdır. Bundan sonra Zərərçəkmiş şəxs bir qədər aqressiv formada müraciət edərək mobil telefonun kodunu ona bildirməsini tələb etmiş, Zərərçəkmiş şəxs isə ondan əlində olan bıçağı yığışdırmasını xahiş eərək həmin telefonun barmaq izi ilə açıldığını demişdir. O, Zərərçəkmiş şəxs yenidən kodu ona bildirməsini tələb etmişdir. Bundan sonra Dəniz mobil telefonun kodunu ona deməyə razılıq vermiş və həmin mobil telefonun yaddaşından şəkilləri silməyi xahiş etmişdir. O da etiraz etməmiş və Zərərçəkmiş şəxs mobil telefonun yaddaşından bütün səs yazılarını, fotoşəkilləri və videogörüntüləri silmişdir. Bundan sonra o, dəhlizdə saxlanc yeri kimi istifadə olunan otağın olmasını görmüş və Zərərçəkmiş şəxs orada nələrin saxlanıldığını soruşmuşdur. Dəniz həmin otaqda heç bir şey olmadığını demişdir. Buna baxmayaraq o, Zərərçəkmiş şəxs qapının açılmasını tələb etmiş, sonuncu isə həmin otağın qapısının açarının onda olmadığını, həmin açarın mənzilin sahibində olduğunu demişdir. Bundan sonra o, qapını içəridən açarla açmış və çıxan zaman Zərərçəkmiş şəxs polisə şikayət etməməsini xahiş etmişdir. Həmin gün bütün gecə Zərərçəkmiş şəxs mobil telefonunda olan kontaktlara yazaraq Zərərçəkmiş şəxs adından pul istəməyə başlamış və Zərərçəkmiş şəxs bir nəfər adını xatırlamadığı tanışı ona göndərdiyi, lakin hesab nömrəsini xatırlamadığı bank kartına 60 manat pul göndərmişdir (cild 1, iş vərəqə 207-210). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, fərdi şəkildə masajçı kimi fəaliyyət göstərir, dövlətə vergi ödəyir. Rauf ona zəng edib müştəri qismində masaja gəlmişdir. O, Raufu masaj elədikdən sonra sonuncu ona 100 manat vermiş, o isə həmin 100 manatın etibarsız olduğunu bilməmişdir. O, Raufa 50 manat qaytardıqdan sonra Rauf yenə bir ədəd 100 manatlıq pul verərək onu masaj etməyini demişdir. O, həmin pulun üstündə “etibarsız” yazıldığını gördükdən sonra əvvəlki 100 manat pulun da etibarsız olduğunu görmüş və Raufa ona verdiyi 50 manatı qaytarmasını, nə üçün ona etibarsız pul verdiyini bildirmişdir. Rauf 50 manat pulu qaytardıqdan sonra ona evindən çıxıb getməsini, yoxsa “102”yə zəng edəcəyini demişdir. Rauf həmin vaxt gödəkçəsinin cibindən bıçaq çıxararaq üstünə gəlmiş və evdə olan pulu ona verməyini tələb etmişdir. O, Raufa 160 manat pul vermiş, Rauf həmçinin pianonun üstündə olan telefonu özünə götürmüşdür. O, “əvvəl də bıçaqlanmışam, 52 yerdən tikiş almışam, travmam var” deyə ağlayıb Raufa yalvarmış, həmçinin Raufun götürdüyü telefonun vəfat etmiş qızının telefonu olduğunu demişdir. Amma Rauf əlində olan bıçağın arxa tərəfi ilə qarnından vurub “mənim iki uşağım var, pul və telefon mənə lazımdır” deyib pulu və telefonu götürüb çıxıb getmişdir. Ona dəymiş ziyan ödənilməmişdir, təqsirləndirilən şəxslə barışmamışdır. Vurulmuş ziyanının ödənilməsini tələb və təqsirləndirilən şəxsə layiq olduğu cəzanın verilməsini xahiş edir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Hadisə yerinə baxış keçirilməsi haqqında 21 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs yaşadığı evdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 7-11). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir (cild 1, iş vərəqə 62-63). Əşyanın tanınmaya təqdim edilməsi haqqında 23 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona tanınma üçün təqdim edilmiş bıçaqlar arasında 3-cü nömrə altında qoyulmuş bıçağı tanıyaraq onun mənzilində olan zaman Təqsirləndirilən şəxs onun üzərinə çıxartdığı bıçaq olduğunu bildirmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 65-66). İfadənin yerində yoxlanılması haqqında 23 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs cinayət hadisəsinin baş verdiyi yeri və ifadəsində göstərdiyi xüsusatları əyani olaraq bilavasitə yerində ətraflı şəkildə göstərmiş və həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 67-71). Diskə baxış keçirilməsi haqqında 23 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən günü ünvan 2 ünvana daxil olması ilə bağlı videomüşahidə kamerası vasitəsi ilə qeydə alınmış görüntüyə baxış keçirilən zaman Təqsirləndirilən şəxs həqiqətən xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs yaşadığı binaya daxil olduğu müəyyən edilmişdir (cild 1, iş vərəqə 74-75). Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 23 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsinin baş verdiyi yeri və onu törətməsinin faktiki hallarını əyani olaraq bilavasitə yerində ətraflı şəkildə göstərmiş və həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 106-110). Mobil telefona baxış keçirilməsi haqqında 23 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Red Mi” markalı mobil telefona baxış zamanı Təqsirləndirilən şəxs mobil telefonunda masaj xidməti göstərən qadınlarla məhz masaj mövzusunda danşıqların aparılması müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonun “Google Chrome” mobil tətbiqinə daxil olduqda həmin mobil tətbiqin son tarixçəsində müxtəlif tarixlərdə “Massaj”, “Super massaj”, “masaj xidməti qara qarayevdə”, “Səbinə massaj”, “Nara masaj” və sair bu kimi axtarışlar edilmişdir (cild 1, iş vərəqə 124-126). DVD diskə baxış keçirilməsi haqqında 29 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən xx.xx.2024cü il tarixdə saat 21:19-da Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng olunmuş, onların arasında baş tutmuş telefon danışığı 94 saniyə davam etmişdir, həmin vaxt Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, 2944-cü məhəllə, M.Hadi və X.Məmmədov küçələrinin kəsişməsində görsənmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22:15-də Zərərçəkmiş şəxs istifadəsində olan mobil nömrəyə yenidən zəng vurmuş, telefon danışığı 25 saniyə davam etmiş, həmin vaxt Təqsirləndirilən şəxs Nəsimi rayonu, «28 May Texnoloji korpus» ünvanında görsənmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22:16-da Zərərçəkmiş şəxs istifadəsində olan mobil nömrəyə yenidən zəng vurmuş, telefon danışığı 170 saniyə davam etmiş, həmin vaxt Təqsirləndirilən şəxs Nəsimi rayonu, «28 May Texnoloji korpus» ünvanında görsənmişdir (cild 1, iş vərəqə 149-151). Ambulator məhkəmə psixiatrik ekspertizasının 12 fevral 2024-cü il tarixli 371 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətinin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci madələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 153-154). Məhkəmə-tibbi ekspertizasının 05 fevral 2024-cü il tarixli 110 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı bədən səthində xəsarət aşkar olunmamışdır (cild 1, iş vərəqə 156-157). Məhkəmə ballistik ekspertizasının 01 fevral 2024-cü il tarixli 3-16-16/2-3/183 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir və üzərində təyinatını dəyişdirilən hər hansı əlavə və dəyişikliklər edilməmişdir (cild 1, iş vərəqə 159-161). Məhkəmə əmtəəşünaslıq ekspertizasının 29 fevral 2024-cü il tarixli 9/699 nömrəli rəyindən görünür ki, 01 ədəd “Samsung” markalı SM-A750FN/DS(Galaxy A7) model mobil telefonun istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin yanvar ayına olan tarixə orta bazar qiyməti təxminən 80 manat müəyyən edilir (cild 1, iş vərəqə 162-164). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 avqust 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.3.3-cü, 326.1-ci və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 10 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli qərarı ilə 01 il 01 ay 03 gün vaxtından əvvəl cəzadan şərti azad olunmuş, 24 iyul 2022-ci il tarixdə isə cəza müddəti başa çatmışdır (cild 1, iş vərəqə 135-136, 138-145). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs cəzadan azad olunandan sonra məhkumluğun götürülməsi üçün zəruri olan səkkiz il müddət keçmədiyinə görə onun barəsində məhkumluq ödənilməmiş hesab edilməlidir. Bu hal isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.3.2-ci maddəsinə əsasən onun əməlində cinayətlərin xüsusilə təhlükəli residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən xüsusilə təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzərdə tutulan əməl ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulan əməl isə böyük ictimai təhlükə törətməyən cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli, 01 saylı Qərarının 1-ci bəndində göstərilir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 7-ci bəndinə əsasən quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Həmin qərarın 23-cü bəndində göstərilir ki, Cinayət Məcəlləsinin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə ifadə oluna bilər. Həmin Plenum qərarının 25-ci bəndinin ikinci abzasında qeyd edilir ki, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.)həmçinin hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər(məsələn, mexaniki püskürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci və 228.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs özünü təqsirli bilərək səmimi peşman olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin xüsusilə təhlükəli residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 22 yanvar 2024-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 37-38, 99-102). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 22 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş 01 ədəd bıçaq məhv edilməli, 01 ədəd “Samsung A7” markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən təqdim olunmuş 01 ədəd DVD disk və təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin yaşadığı ünvana daxil olması ilə bağlı videogörüntülərin əks olunduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmaldır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 158,163,233). Cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə mülki iddia ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs cinayət əməli nəticəsində ona vurulmuş ziyanın tam ödənilməsi ilə bağlı cinayət mühakimə icraatı zamanı mülki iddia vermədiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinin tələbinə əsasən ona mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi “Ekol” Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 22 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş 01 ədəd bıçaq məhv edilsin; - 01 ədəd “Samsung A7” markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın; -"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən təqdim olunmuş 01 ədəd DVD disk və təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin yaşadığı ünvana daxil olması ilə bağlı videogörüntülərin əks olunduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Cinayət mühakimə icraatı zamanı mülki iddia verməmiş iş üzrə Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verməklə ona vurulmuş ziyanı tələb etmək hüququ izah edilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Ekol” Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar