Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1761/2021 18.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X54 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X15, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili X12 iştirakı ilə, Təqsirləndirilən şəxs – (xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvələr məhkum olunmuş, məhkumluğu ödənilmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımış, habelə qanunsuz olaraq narkotik vasitəni satmışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən əldə etdiyi bir ədəd kibrit qutusunda bir ədəd polietilen bükümdə təmiz çəkisi 0,768 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuananı istintaqla müəyyən edilməyən “Elxan” adlı şəxsin vasitəsi ilə istintaqla müəyyən edilməyən tarixdə və vaxtda Şahid1 qanunsuz olaraq satmış, habelə istintaqa məlum olmayan mənbədən, istintaqa məlum olmayan tarixdə və vaxtda satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0, 471 qram, 0,360 qram, 0,350 qram, 0,354 qram, 58,956 qram ümumi təmiz çəkisi 60,491 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,031 qram, 2,042 qram, 0,284 qram, 0,033 qram ümumi təmiz çəkisi 2,390 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib əynindəki tünd göy rəngli gödəkçənin sol yan cibində qəpik qabının içərisində saxlamaqla daşımış, 30 iyun 2021-ci il tarixdə saat 21 radələrində Səbail RPİ-nin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsində saxlanılaraq Səbail RPİ-nin inzibati binasına gətirilmiş orada üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki tünd göy rəngli gödəkçənin sol yan cibində olan qəpik qabının içərisindən qeyd olunan külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona verilən ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum olunmuş, ünvan 3 ünvanında qardaşı və öz ailəsi ilə birlikdə yaşamışdır. Onun bacısı Yasamal rayonu, “İnşaatçılar” metrosunun arxa hissəsində olan ünvanını dəqiq bilmədiyi həyət evində yaşamış, o da bəzi hallarda bacısıgildə, bəzi hallarda isə Bakı şəhəri, Səbail rayonu, 20ci sahə, Ö.F.Nemanzadə küçəsində yaşayan rəfıqəsigildə qalmışdır. “Kokos” adlanan narkotik vasitədən istifadə etmiş, narkotik vasitələri tanımadığı şəxslərdən almışdır. Özü heç kimə narkotik vasitə satmamış, yalnız ozü istifadə etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Onun daimi yaşayış yeri yoxdur. Qeydiyyatda olduğu ünvan 3 ünvanında qardaşı öz ailəsi və övladları ilə birlikdə qalır. Bundan başqa onun bacısı Yasamal rayonu, “İnşaatçılar” metrosunun arxa hissəsində olan ünvanını dəqiq bilmədiyi həyət evində qalır. O özü isə bəzi hallarda bacısıgildə, bəzi hallarda isə rəfıqəsigildə qalmışdır. Hətta küçədə qaldığı vaxtlar da olub. Rəfiqəsi Bakı şəhəri, Səbail rayonu, 20-ci sahədə 51 saylı məktəbin yaxınlığında Ö.F.Nemanzadə küçəsində kirayədə qalır. O, həmin ünvanın dəqiq nömrəsini bilmir. O, təxminən 5 il olar ki, “kokos” adlanan narkotik vasitə heroindən istifadə edir. O, narkotik vasitələri tanımadığı şəxslərdən alır. Son 1 il olar ki, o, ayrı-ayrı şəxslərə “kokos” adlanan narkotik vasitə heroin və marixuana satır. O, narkotik vasitələri ondan alan şəxslərlə şəxsən görüşmür. Həmin şəxslər onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayır, istədikləri narkotik vasitəni deyir, o, isə sürücü kimi işləyən şəxsə həmin narkotik vasitələri verir. Həmin şəxs aparıb narkotik vasitələri satdıqdan sonra pulunu gətirib ona verir. 30.06.2021-ci il tarixdə o, Səbail rayonunda rəfiqəsigilin evində olarkən polis əməkdaşları gəlmiş və onu Səbail rayon polis idarəsinə gətirmişlər. O, saxlanılarkən cibində olan qəpik qabının içərisində narkotik vasitə və psixotrop maddə olmuşdur. İdarədə olan vaxt o, bunu etiraf etmişdir.Bundan sonra ona dövlət hesabına müdafiəçi təklif edilmişdir. Dəvət edilmiş müdafiəçinin də iştirakı ilə üzərində şəxsi axtarış keçirilən zaman o, əynindəki tünd göy rəngli gödəkçənin sol yan cibindən bir ədəd qəpik qabını çıxartmış və açaraq içərisində olan 9 bükümü təqdim etmişdir. 4 ədəd bükümdə “şüşə” adlandırdığı psixotrop maddə metamfetamin olduğunu, 5 ədəd bükümdə isə “kokos” adlandırdığı narkotik vasitə heroin olduğunu bildirmişdir. Onun iştirakı ilə həmin maddələr götürülərək bir ədəd zərfdə qablaşdırılmış və 51 saylı möhürlə möhürlənmişdir. Zərf və tərtib edilmiş protokol tərəfindən imzalanmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni o, 30.06.2021-ci il tarixdə günorta saatlarında almışdır. O, həmin maddələri İranlı “Məmmədağa” adlı şəxsdən almışdır. Məmmədağa adlı şəxslə şəxsən görüşməmişdir. Məmmədağa ona gizli nömrə ilə zəng edərək narkotik vasitələri 20-ci sahədə “Araz” marketin yaxınlığında ağacın dibinə qoyduğunu demişdir. O, isə gedib oradan götürmüş və 300 manat pulu həmin ağacın dibinə qoymuşdur. O, aldığı narkotik vasitələri həm şəxsi istifadəsi üçün həm də ayrı-ayrı şəxslərə satmaq üçün üzərində daşımışdır. Qeyd etdiyi “Məmmədağa” adlı şəxsin anket məlumatlarını və mobil nömrəsini bilmir. Onun mobil nömrəsi həmin şəxsdə vardır və həmin şəxs, gizli nömrə ilə onu yığaraq müxtəlif ünvanlarda narkotik vasitələri ağacın dibinə qoyduğunu bildirmiş, o, isə gedib həmin ünvanlardan götürüb və pulunu həmin yerə qoymuşdur. Qeyd etdiyi sürücünün adı Elxandır. Ağ rəngli “Nexia”markalı avtomobili vardır. O, avtomobilin dövlət qeydiyyat nişanını, həmçinin Elxanın adından başqa digər anket məlumatlarını və mobil nömrəsini bilmir. O, Şahid1 adlı şəxsi şəxsən tanımasa da bir neçə dəfə sürücüdən adını eşitmiş və sürücü vasitəsi ilə Rəhmana narkotik vasitə olan marixuana göndərmişdir. Sürücü iki dəfə ona bildirmişdir ki, Rəhmanla birlikdə istifadə etmək üçün narkotik vasitə versin və o, iki dəfə bu formada narkotik vasitə vermişdir. Sonuncu dəfə isə Rəhmana satması üçün marixuana vermiş, lakin Elxan narkotik vasitəni aparıb satsa da ona pul çatdırmamışdır. O, narkotik vasitələri və psixotrop maddələri satdığı şəxsləri tanımır və bu barədə heç nə deyə bilmir. İstifadəsində ***-***- **-** saylı mobil nömrə vardır və o, həmin nömrəni təxminən 2 ildən çoxdur ki, istifadə edir. O, heç bir psixi xəstəlikdən əziyyət çəkmir, həmçinin əvvəllər hər hansı psixi xəstəliyi olmamışdır. Onun sürücü kimi işləyən Elxan adlı şəxslə narkotik vasitələrin satışı ilə bağlı əvvəlcədən arasında heç bir razılıq olmamışdır. O, satışı özü tək həyata keçirmişdir. Sürücü yalnız həmin vasitələri çatdırmaqla məşğul olmuşdur. Həmçinin narkotik vasitələrin satışından əldə olunan gəlirdən o, sürücüyə pul verməmişdir. O, yalnız yol pulunu vermişdir. Şahid4 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 27.04.2021-ci il tarixdə saat 20:57-də göndərilmiş, “mənəm Adəm, bibi, 10 dəqiqə çatıram məhləyə, bir nəfər göndər 1 dənə yarım kola” sms mətni, 20.06.2021-ci il tarixdə saat 19:38-də göndərilmiş, “1 dənə qram kola, 1 dənə yarım kola, 20 manatlıqda patı istəyirəm, var gəlim, mənəm Adəmdi” sms mətni, bundan başqa Şahid2 Şakir qızının istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 02.05.2021-ci il tarixdə saat 21:49-da göndərilmiş, “Bacı sənə qurban mənə 20 pati 10 kola çatıram salafana qoy, kağıza yox” mətni, bundan başqa Məmmədova Zeynəb Yusif qızının istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 29.04.2021-ci il tarixdə saat 22:04də göndərilmiş, “Mən heç nə çəkmirəm, arada alıram, mənə dedilər yoxsan burda, mən səni yığmırdım” sms mətni ilə bağlı bildirmişdir ki, o, qeydiyyatda olduğu Yasamal rayonu, Yunis Dağlı küçəsində yaşayan zaman Adəmi tanımışdır. Adəm həmin vaxt yemək çatdırılma xidmətində işləyirmiş və o, yemək sifariş verdikdə Adəm, ona bir neçə dəfə yemək çatdırmışdır. Bir dəfə Adəm ona yaxınlaşaraq ağrıdığını bildirmiş və o, başa düşmüşdür ki, Adəm narkotik vasitə istifadə edir. Bundan sonra onun Adəmə yazığı gəlmiş və istifadə etməsi üçün “kokos” adlanan narkotik vasitə vermişdir. O, buna görə Adəmdən pul almamışdır. Yalnız Adəm, əvəzində sifariş üçün gətirdiyi yeməyin pulunu ondan almamışdır. Digər Şahid2 tanımır. Şahid3 isə tanıyır. Zeynəbin işlədiyi yerdə o, Zeynəbə bir neçə dəfə köməklik etmişdir. Zeynəb kontintental şirkətində xadimə işləyir. Zeynəb icazə aldıqda bir neçə dəfə ondan xahiş edib və o, gedib Zeynəbi əvəz etmişdir. O, Zeynəblə birlikdə “patı” deyilən psixotrop maddə istifadə etmiş, lakin satmamışdır. Qeyd olunan şəxslərdən ona göndərilən sms mətnlərini də o, oxumamışdır. Bundan başqa o, Elçin Səfərov, Calal Çılğamlı, Tamilla Əhmədxanova, Tərlan Şəfiyev, Mehman Mövsümov, Bahəddin Tağı-Zadə, Kərəm Tağıyev, Afət Kişiyeva, Ayaz Quliyev, Fərhad Əzimov, Xəyalə Məmmədova, Şəfiqə Babayeva, Gülnaz Bayramova, Samir İbrahimov, Elçin Əliyev, X23, X24, X7, X18, X32, X33, X25, X26, X5, X41, X8, X27, X3 adlı şəxsləri tanımadığını, qeyd olunan şəxslərə narkotik vasitə və ya psixotrop maddə satmadığını, həmin şəxslərdən onun istifadəsində olan mobil nömrəyə göndərilən sms mətnlərindən məlumatı olmadığını və həmin mətnləri oxumadığını bildirmişdir. X1, X13, X10, X4 tanımır. Həmin şəxslərlə arasında narkotik vasitələrin satışı ilə bağlı qabaqcadan heç bir əlbirlik olmamışdır. O, həmin şəxslərdən narkotik vasitə və psixotrop maddə almamış və satmamışdır. Sms mətnlərində qeyd olunan Xəqan, Fərid və Nicat adlı şəxsləri də tanımır. Ümumiyyətlə qeyd olunan şəxslərdən ona göndərilən sms mətnlərindən o, məlumatsız olmuşdur. Bundan başqa X19 tanımadığını, həmin şəxslə arasında narkotik vasitələrin satışı ilə bağlı qabaqcadan heç bir əlbirlik olmadığını, həmin şəxsdən narkotik vasitə və psixotrop maddə almadığını və satmadığını bildirmişdir. O, təxminən 5 il bundan əvvəl Yasamal rayonu, Sovetski adlanan ərazidə yaşamış, həmin ərəfədə X34 onun evində təmir işləri görmüş, həmin vaxt o, evə su çəkdirmişdir. Bundan başqa onun Elmanla arasında narkotik vasitələrin satışı ilə bağlı qabaqcadan əlbirlik olmamışdır. O, Elmandan narkotik vasitə və psixotrop maddə almamış və satmamışdır. Onun istifadəsində olan mobil nömrədən qeyd olunan X16 və X20 adına olan nömrələrə göndərilən sms mətnlərindən onun məlumatı yoxdur. O, sms mətnləri göndərdiyini xatırlamır. Təqsirləndirilən şəxs bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadələri oxumadan imzalamışdır və həmin ifadələri təsdiq etmir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 ifadəsində bilmirmişdir ki, narkotik vasitdən istifadə etmiş və narkotik vasitələri tanımadığı şəxslərdən almışdır. Hazırda Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 1 il 2 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və Ədliyyə Nazirliyinin Pnitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. ***-***-**-** saylı mobil nömrə “Çınqıllı bulaq MMC” adlı şirkətin adınadır. Həmin şirkət su şirkətidir, onun atası Məcid Osmanov həmin şirkətdə işləyir. Nömrəni də atasına şirkət verib, həmin nömrədən heç kimə mesaj yazmamışdır. Bikə adlı qadandan da narkotik vasitə almamışdır. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, 1 ildir ki, narkotik vasitə istifadə edir. Narkotik vasitələri tanımadığı şəxslərdən alır. Hazırda Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 1 il 2 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. ***-***-**-** saylı mobil nömrə “Çınqıllı bulaq MMC” adlı şirkətin adınadır. Həmin şirkət su şirkətidir. Onun atası Məcid Osmanov həmin şirkətdə işləyir. Nömrəni də atasına şirkətdən vermişlər. Atası təxminən 5 ildir ki, həmin şirkətdə işləyir. Həmin nömrəni bəzi vaxtlarda o, istifadə etmişdir. Bikəni hamı “bibi” adı ilə tanıyır. O, Bikəni təxminən 2021-ci ilin aprel ayından tanıyır. Bikə ilə arasında heç bir münasibət yoxdur. O, tez-tez Yasamal rayonunda, Y.Dağlı küçəsində tanışları ilə görüşmüşdür. Həmin ərəfədə o, öyrənmişdir ki, həmin küçədə yaşayan “bibi” dən narkotik vasitə almaq olar. Buna görə də bir neçə dəfə narktotik vasitə almışdır. Onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 27.04.2021-ci il tarixdə saat 20:57də göndərilmiş “mənəm Adəm, bibi, 10 dəqiqə çatıram məhləyə, bir nəfər göndər 1 dənə yarım kola” sms mətni, 20.06.2021-ci il tarixdə saat 19:38-də “1 dənə qram kola, 1 dənə yarım kola, 20 manatlıqda patı istəyirəm, var gəlim, mənəm Adəmdi” sms mətnləri ilə bağlı bildirmişdir ki, həmin sms mətnlərini o, göndərmişdir. Aprel ayında olan mətndə o, bibidən 0,5 qram “kokos” deyilən narkotik vasitə istəmiş və həmin vasitəyə görə 15 manat pul verib almışdır. İyun ayında olan sms mətnində o, bibidən 1 qram ayrı və 0,5 qram ayrı “kokos” deyilən narktotik vasitə və 20 manat dəyərində də “pati” deyilən psixotrop maddə istəmişdir. Lakin sonradan o, Bikə ilə əlaqə saxlaya bilmədiyi üçün həmin vasitələri ala bilməmişdir. Şahid4 bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadələri oxumadan imzalamışdır və həmin ifadələri təsdiq etmir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində bildirmişdir ki, narkotik vasitə olan marixuana istifadə edir. O, narkotik vasitəni mütəmadi olaraq istifadə etmir. 3 ay ərzində təxminən 3 dəfə istifadə etmişdir. Həmin maddəni dəqiq şəxsiyyətini bilmədiyi “Bibi” ləqəbli Bikə adlı şəxsdən almışdır. Sonuncu dəfə o, Bayılda “Dünya market”in qarşısında həmin “Bibi” ləqəbli Bikə adlı qadının sürücüsü kimi tanıdığı Elxan adlı şəxsdən bir ədəd kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana almış, həmin narkotik vasitəyə görə 50 manat ödəmişdir. 30.06.2021-ci il tarixdə o, piyada gəzməyə çıxmışdır. Həmin vaxt o, Səbail rayonunda yerləşən “Malakan” bağı adlanan ərazidə olmuşdur. Aldığı narkotik vasitə də onun üzərində olmuşdur. Bu zaman polis əməkdaşları ona yaxınlaşmış və onu Səbail rayon polis idarəsinə aparmışlar. İdarədə olan vaxt o, üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Bundan sonra ona dövlət hesabına müdafiəçi təklif edilmişdir. Dəvət edilmiş müdafiəçinin də iştirakı ilə üzərində şəxsi axtarış keçirilən zaman o, əynindəki tünd göy rəngli şalvarının sağ yan cibindən kibrit qutusunu çıxartmış və açaraq içərisində olan qurudulmuş otun narkotik vasitə olan marixuana olduğunu demişdir. Onun iştirakı ilə həmin maddə götürülərək bir ədəd zərfdə qablaşdırılmış və 51 saylı möhürlə möhürlənmişdir. Zərf və tərtib edilmiş protokol tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə barədə heç bir etirazı olmamışdır. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə marixuana ona məxsusdur və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin maddəni Bayıl qəsəbəsində “bibi” ləqəbli Bikə adlı şəxsin sürücüsü kimi tanıdığı Elxan adlı şəxsdən 50 manata almış və şəxsi istifadəsi üçün üzərində daşıyırmış. Həmin maddədən o, heç kəsə satmamış və satmaq fikri olmamışdır. O, Elxanı taksi sürücüsü kimi tanımışdır. Yalnız adının Elxan olduğunu bilir. O, Elxanın avtomobili ilə bir neçə dəfə yol getmişdir. Elxan ağ rəngli “Nexia” markalı avtomobili idarə edir. Avtomobilin dövlət qeydiyyat nişanını bilmir. Həmçinin Elxanın adından başqa digər anket məlumatlarını da bilmir. Elxan ona özünü Bikənin sürücüsü kimi təqdim etmiş və narkotik vasitəni də Bikədən aldığını demişdir. O, Bikə adlı qadının Bayıl qəsəbəsi ərazisində narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilir və qiyabi olaraq tanıyır. Lakin onun Bikə ilə birbaşa ünsiyyəti olmayıb. İlkin izahatında o, səhvən “Dünya market” in qarşısında Bikə ilə görüşdüyünü demiş, həmin vaxt Bikənin sürücüsü ilə görüşmüşdür. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, 2011-ci il tarixdən ailə həyatı qurmuş və Salyan rayonundan Bakı şəhərinə köçərək Bakıda müxtəlif ünvanlarda kirayə yaşamışdır. İki övladı vardır. Həyat yoldaşı 2015-ci il tarixdən itkin düşmüşdür və bununla bağlı polisdə axtarış işləri davam etdirilir. Hazırda o, qaynanası və iki azyaşlı övladı ilə birlikdə Bakı şəhərində müxtəlif ünvanlarda kirayə yaşayır. Dolanışıq məqsədi ilə müxtəlif ünvanlarda təmizlik işləri görür. Onun adına qeydiyyatda olan ***-***-**-** saylı mobil nömrə onun istifadəsindədir. O, həmin nömrəni təxminən 2021-ci ilin əvvəllərində Salyan rayonunda olarkən almış və hazırda da istifadə edir. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, Bikəni təxminən 2021-ci ilin aprel ayından tanıyır. Həmin hərəfədə o, Bakı şəhərində “Nərimanov” heykəlinin yaxınlığında həyət evində kirayə yaşamışdır. Həmin vaxt onunla qonşuluqda Bikə adlı qadın yaşamışdır. Bikə ilə qonşuluq münasibəti yaranmış və teztez bir birlərinin evinə qonaq gedib gəlmişlər. Bir dəfə o, Bikənin evinə getdikdə narkotik vasitə istifadə etdiyini görmüş və onda da istifadə etmək üçün maraq yaranmışdır. Bundan sonra o, da “şüşə” deyilən psixotrop maddə istifadə etmişdir. Bikə ona hansı formada çəkilə biləcəyini başa salmış, bundan sonra “şüşə” deyilən maddəni falqaya tökərək yandırmış, və o, tüstüsünü çəkmişdir. O, Bikədən yenə də olarsa istifadə edib edə bilməyəcəyini soruşmuşdur. Bikə isə pulunu verəcəyi təqdirdə onun üçün gətirə biləcəyini demişdir. Bundan sonra 2021-ci ilin aprel ayından başlayaraq o, demək olar ki, hər gün Bikəyə pul verib əvəzində “şüşə” və “kokos” adlanan narkotik vasitə alaraq istifadə etmişdir. O, narkotik vasitəni öz evində hamamda istifadə etmişdir ki, qaynanası və uşaqları bunu görməsin. Sonradan o, həmin kirayə yaşadığı ünvandan çıxmış, qaynanası və uşaqları ilə birlikdə Bayıl qəsəbəsində kirayə ev tutaraq ora köçmüşdür. Köçdükdən sonra da o, Bikə ilə telefonla danışmış və Bikədən narktotik vasitə almışdır. İyun ayının sonlarında o, eşitmişdir ki, Bikəni polis əməkdaşları saxlamışlar. Bundan sonra artıq onun başqa narkotik vasitə satan tanıdığı olmadığı üçün ala bilməmiş və həmin vaxtdan bu günədək istifadə etmir. O, təxminən 2021-ci ilin aprel ayından başlayaraq istifadə etmişdir. O, ilk dəfə Bikənin istifadə etdiyini görmüş və onda maraq yaranmışdır. Bunu ona heç kim təhrik etməmişdir. İlk dəfə Bikə ilə birlikdə istifadə etmiş və buna görə pul verməmişdir. Sonrakı vaxtlarda artıq o, həmin vasitələri Bikədən pulla almağa başlamışdır. O, Bikədən ancaq “kokos” və “şüşə” deyilən vasitələr almış və hər bükümünə görə 10 manat pul vermişdir. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Həmçinin Bikədən əldə etdiyi vasitələri pul müqabilində kiməsə verməmişdir. Onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 02.05.2021-ci il tarixdə saat 21:49-da göndərilmiş “Bacı sənə qurban mənə 20 pati 10 kola çatıram salafana qoy, kağıza yox” mətni ilə bağlı bildirmişdir ki, o, həmin vaxt Bikədən 20 manat dəyərində “şüşə” adlanan eyni zamanda “pati” deyilən psixotrop maddə, və 10 manat dəyərində “kokos” adlanan həmçinin qısa formada “kola” deyilən narkotik vasitə istəmiş və Bikə ilə görüşüb həmin vasitələri alaraq pulunu vermişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində bildirmişdir ki, o, təxminən 4 ildir ki, həyat yoldaşından boşanmış və azyaşlı övladı ilə birlikdə Bakı şəhərində kirayə yaşayır. Onun adına qeydiyyatda olan ***-***-**-** saylı mobil nömrə onun istifadəsindədir. O, Bikəni təxminən 2020-ci ilin qış aylarından tanımışdır. Həmin ərəfədə o, Bikəni bir neçə dəfə Yasamal rayonunda, Həsən Məcidov küçəsində köhnə çörək zavodun yaxınlığında görmüşdür. Onun iş yeri həmin ünvandadır. Bikə həmin vaxt qış ayı olmasına baxmayaraq qısaqol geyinmiş, həmçinin əynindəki paltarlar çox köhnə və yararsız olmuşdur. O, bunu gördükdə Bikəyə yazığı gəlmiş və tanışlıq yaratmışdır. O, insanlıq xatirinə özünə məxsus köhnə geyimləri gətirib Bikəyə vermişdir. Həmçinin Bikəyə bir neçə dəfə yemək də bişirib vermişdir. Bu formada onun münasibəti yaranmışdı. O, eşitmişdir ki, “pati” deyilən narkotik vasitə insanı arıqladır. Həmin vaxt onun çəkisi çox olmuşdur. Buna görə də düşünmüşdür ki, istifadə edə bilər. Bu barədə Bikədən soruşmuşdur. Bikə isə ona demişdir ki, onun üçün təşkil edə bilər. Bundan sonra ona bir bükümdə həmin “patı” deyilən vasitədən gətirmişdir. O, buna görə Bikəyə 5 manat vermişdir. Bikə ona həmin bükümü hansı formada istifadə edə biləcəyini izah eləmişdir. O, da istifadə etmişdir. O, “patı” dan istifadə etdikdən sonra gecə yata bilməmişdir. Bu ona çox pis təsir etmişdir. Bundan sonra o, bir daha istifadə etməmişdir. O, yalnız bir dəfə “patı” deyilən vasitədən istifadə etmiş və bunu ona heç kim təhrik etməmişdir. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Həmçinin Bikədən əldə etdiyi vasitəni pul müqabilində kiməsə verməmişdir. Onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 29.04.2021-ci il tarixdə saat 22:04-də göndərilmiş, “mən əziyyət çəkib pulumu qazanıram, xadimə işləyirəm, özün də bilirsən, mənə niyə elə dedin, bilmədən, mən heç nə çəkmirəm, arada alıram, mənə dedilər yoxsan burda, mən səni yığmırdım” sms mətni ilə bağlı bildirmişdir ki, həmin mətni o, göndərmişdir. Həmin mətni göndərməmişdən qabaq o, Bikəni yolda təsadüfən görmüşdür. O, Bikəyə salam verdikdə ona sərt cavab vermişdir. O, isə Bikədən ona niyə belə cavab verdiyini soruşduqda Bikə ona fahişə deyərək nalayiq ifadələrlə təhqir etmişdir. O, isə Bikə ilə dalaşmamaq üçün çıxıb getmişdir. Sonradan əsəbləri soyumadığı üçün Bikəyə bu formada sms mətni göndərmişdir. Həmçinin mətndən də görünür ki, o, yazmışdır ki, o, çəkmir. Arada alır deyəndə isə həmin bir dəfə aldığı vaxtı nəzərdə tutmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid6 ifadəsində bildirmişdir ki, 30.06.2021-ci il tarixdə Səbail RPİ-yə “Rəhman” adlı şəxsin Səbail rayonu, Xəqani küçəsi 1-də yerləşən Xəqani bağı ətrafında narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daha sonra müəyyən olunmuşdur ki, həmin şəxs xx.xx.1992-ci il təvəllüdlü Bəşirov Rəhman Mehman oğludur. Odur ki, Şahid1 cinayət əməlini ifşa etmək üçün onun, Səbail RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid5 iştirakı ilə qrup rəhbəri Səbail RPİ-nin NMB-nin rəisi Çinar Nuriyev olmaqla əməliyyat qrupu yaradılmışdır. Həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bəşirov Rəhman Mehman oğlu 30 iyun 2021-ci il tarixdə, saat 17:30-da ünvan 7 ünvanında yerləşən “Malacannes” restoranının qarşısında saxlanılaraq Səbail RPİ-nin inzibati binasına gətirilmişdir. İnzibati binada xidməti otaqların birində Şahid1 hüquqlarının müdafiə edilməsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkilişdən istifadə etməklə üzərinə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Şahid1, həmin vaxt əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusu çıxarmış və kibrit qutusunu açaraq içərisində olan qurudulmuş otun narkotik vasitə marixuana olmasını, həmin narkotik vasitəni “Bibi” ləqəbli Bikə adlı şəxsdən şəxsi istifadəsi üçün götürdüyünü bildirmişdir. Şahid1 məxsus bir ədəd kibrit qutusunda olan narkotik vasitə marixuanaya bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 51 saylı möhürü ilə möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Bundan sonra Şahid1 narkotik vasitəni aldığı “bibi” ləqəbli Bikə adlı şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs 30.06.2021-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsində saxlanılaraq Səbail RPİ-yə gətirilmişdir. İnzibati binada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkilişdən istifadə etməklə üzərinə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs, əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibindən bir ədəd pul qabını çıxartmış və açaraq içərisində olan 9 bükümü təqdim etmişdir. 4 ədəd bükümdə “şüşə” adlandırdığı psixotrop maddə metamfetamin olduğunu, 5 ədəd bükümdə isə “kokos” adlandırdığı narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra həmin 9 büküm maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 51 saylı möhürü ilə möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuş Şahid5 da ifadəsindən görünür ki, o da Şahid6 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, Səbail RPİ-də növbətçi hissənin sürücüsü vəzifəsində xidmət aparır. Polis serjantıdır. 30.06.2021-ci il tarixdə xidmətdə olarkən saat 19 radələrində Səbail RPİ-nin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində idarəyə gətirilmiş Şahid1 üzərinə müstəntiq tərəfindən şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman o, “İphone” markalı mobil telefonla həmin istintaq hərəkətinin aparılmasını qeydə almışdır. Şəxsi axtarış və götürmə zamanı Şahid1, həmin vaxt əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusu çıxarmış və kibrit qutusunu açaraq içərisində olan qurudulmuş otun narkotik vasitə marixuana olmasını, həmin narkotik vasitəni “Bibi” ləqəbli Bikə adlı şəxsdən şəxsi istifadəsi üçün götürdüyünü bildirmişdir. Şahid1 məxsus bir ədəd kibrit qutusunda olan narkotik vasitə marixuanaya bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan müstəntiq tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 51 saylı möhürü ilə möhürlənmişdi və imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Bundan sonra Şahid1 narkotik vasitəni aldığı “bibi” ləqəbli Bikə adlı şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və idarəyə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində müstəntiq tərəfindən şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman da o, “İphone” markalı mobil telefonla həmin istintaq hərəkətinin aparılmasını qeydə almışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs, əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibindən bir ədəd pul qabını çıxartmış və açaraq içərisində olan 9 bükümü təqdim etmişdir. 4 ədəd bükümdə “şüşə” adlandırdığı psixotrop maddə metamfetamin olduğunu, 5 ədəd bükümdə isə “kokos” adlandırdığı narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra həmin 9 büküm maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan müstəntiq tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 51 saylı möhürü ilə möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Səbail RPİ-nin inzibati binasında şəxsi axtarış və götürmə aparılması barədə video görüntünün əks edildiyi video-diskə baxış protokolundan açıq-aydın görünür ki, Videodiskdə olan video-fayl açılaraq baxılan zaman müəyyən olunmuşdur ki, Səbail RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri Şahid5 və Şahid6 və vəkil X6 iştirakı ilə Təqsirləndirilən şəxs şəxsi axtarışı həyata keçirilir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra üzərində olan dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi bildirildikdə Təqsirləndirilən şəxs, əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibindən bir ədəd pul qabını çıxarır və açaraq içərisində olan 9 bükümü təqdim edir. 4 ədəd bükümdə “şüşə” adlandırdığı psixotrop maddə metamfetamin olduğunu, 5 ədəd bükümdə isə “kokos” adlandırdığı narkotik vasitə heroin olduğunu bildirir. Bundan sonra həmin 9 büküm maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılır, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 51 saylı möhürü ilə möhürlənir və imzalarla təsdiq edilir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmir. Cinayət işinin materiallarında olan “Bakcell MMC”-dən daxil olmuş diskə baxış keçirilməsi barədə protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən və həmin nömrəyə çoxlu sayda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı mesajlar göndərilmişdir. Cinayət işinin materiallarında olan "şübhəli şəxsin tutulması haqqında" protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhər Səbail rayon məhkəməsinin 02 iyul 2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 30 iyun 2021-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 01 iyul 2021-ci il tarixli 7/621 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vətəndaş Şahid1 üzərindən götürülmüş maddə” yazılar və imzalar olan zərfdəki bir ədəd kibrit qutusunda bir ədəd polietilen bükümdə təmiz çəkisi 0,768 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narktotik vasitəqurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 01 iyul 2021-ci il tarixli 6/2654 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş...” yazısı olan zərfdəki 5(beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,471 qram, 0,360 qram, 0,350 qram, 0,354 qram, 58,956 qram, ümumi təmiz çəkisi 60,491 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 4(dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,031 qram, 2,042 qram, 0,284 qram, 0,033 qram ümumi təmiz çəkisi 2,390 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X48 şəxsi Ambulator X2 13.09.2021-ci il tarixli 3410 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, lakin hal-hazırda onun məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarından görünür ki, X40 üzərindən aşkar edilmiş 0,768 qram olan marixuana maddi sübut hesab edilmiş və tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0,748 qram marixuana və həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 60,491 qram heroin və 2,390 qram metamfetamin maddi sübut hesab edilmiş və tədqiqat zamanı sərf olunduqdan sonra qalan 60,291 qram heroin və 2,230 qram metamfetamin saxlanması üçün Bakı şəhəri Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutlan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cü və 61-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia, müsadirə olunması təklif edilən cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99- 1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CMnin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Maddi sübut olaraq Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmiş X11 üzərindən aşkar edilərək götürülmüş 0,768 qram olan marixuananın tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0,748 qramı, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 60,491 qram heroin və 2,390 qram metamfetaminin tədqiqat zamanı sərf olunduqdan sonra qallığı 60,291 qram heroin və 2,230 qram metamfetamin məhkəmənin hökmü qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Şahid1 və Təqsirləndirilən şəxs üzərlərinə baxış keçrilməsini əks etdirən 2 ədəd disk və Baksell MMC dən götürülmüş 1 ədəd disk, cəmi 3 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – 30 iyun 2021-ci il il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 180,46 (yüz səksən manat qırx altıqəpik) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X17 90 (doxsan) manat, məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 30 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut olan Bakı şəhər Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmiş X11 üzərindən aşkar edilərək götürülmüş tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0,748 qram marixuana, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tədqiqat zamanı sərf olunduqdan sonra qalan 60,291 qram heroin və 2,230 qram metamfetamin məhkəmənin hökmü qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Şahid1 və Təqsirləndirilən şəxs üzərlərinə baxış keçrilməsini əks etdirən 2 ədəd disk və Baksell MMC dən götürülmüş 1 ədəd disk, cəmi 3 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 180,46 (yüz səksən manat qırx altıqəpik) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X17 90 (doxsan) manat, məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1761/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1761/2021
18.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver