Məhkəmə qərarları › İş №1(101)-1761/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1761/2024

03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1761/2024 03.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, ali təhsilli, subay, işləməyən, “Füzulinin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə – CM) 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısına daxil olan 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,888 qram, 1,528 qram və 0,387 qram olmaqla, ümumi təmiz çəkisi 3,803 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 39 ünvanına daşımış və xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində Bakı şəhəri Nərimanov 18-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 39 ünvanın qarşısında saxlanılaraq, ünvan 4nda yerləşən Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin inzibati binasına gətirilmiş və üzərində aparılan axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ içəri cibindən qanunsuz olaraq külli miqdarda əldə edib üstündə saxladığı 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,888 qram, 1,528 qram və 0,387 qram olmaqla, ümumi təmiz çəkisi 3,803 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Şərq bazarı istiqamətində olan hotelin birində olmuş, günorta saat 13:00-14:00 radələrində qapı döyülmüş və hotelin işçiləri olduqlarını bildirmişlər. Qapını açmış və polis əməkdaşları otağa daxil olmuşlar və üzərində olan narkotik maddə aşkarlanmışdır. Bundan sonra Nərimanov RPİ-nin 18-ci PŞ-yə aparılmışdır. Polis əməkdaşları tərəfindən həmin bölmədə ona qarşı fiziki təzyiqlər olmuşdur. O, narkotik maddəni istifadə etmiş və üzərində 3 bükümdə cəmi 1 qram narkotik maddə olmuşdur. Polis əməkdaşları üzərindən aşkar olunan narkotik maddənin çəkisini artıq yazmağa, 3 bükümün hərəsində 500 qram narkotik maddə olduğunu qəbul etməyini tələb etmişlər. O da cavabında üzərində olan çəkilərə görə təqsirləndirilməyini bildirmişdir. Onu rəisin otağına aparmışlar və daha sonra başqa otağa aparıb döymüşlər. Bundan sonra ona bir çox sənədlər təqdim edib imzalamağını bildirmişlər. Həmin sənədlərdə 3.8 qram narkotik maddə qeyd olunmuşdur. Lakin, videoçəkiliş zamanı üzərində olan narkotik maddəni çıxarıb təqdim etmiş və orada kənardan müşahidə etdikdə həmin narkotik maddənin 3.8 qram olmadığı görünür. Bundan sonra polis əməkdaşları tərəfindən MSY-ə aparılmış və oradan da qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə çıxarılmış və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Bundan sonra MSY-dən 18-ci PB-yə müəyyən sənədləri imzalamağı üçün gətirilmişdir. Polis əməkdaşları onu MSY-də saxlayaraq növbəti günə qədər orada qalacağını və növbəti gün narkoloji dispanserə müayinə olunmaq üçün aparılacağını bildirmişlər. Halbuki, məhkəmədə ona müayinə üçün məlumat veriləcəyini bildirmişdilər və polis əməkdaşları məhkəmənin qərarına əməl etmədilər. Bundan sonra anası Nərimanov RPİ-yə gedərək artıq saxlanılmağı və buraxılmalı olduğunu bildirib və orada 3-4 saat gözlədilmişdir. Ondan sonra anası Nərimanov RPİ-nin 18-ci PŞ-yə gəlib və vəkili ilə əlaqə saxladıqdan sonra buraxılmışdır. Növbəti gün polis əməkdaşının məlumatı ilə narkoloji dispanserə müayinə üçün getmişdir. Təqsirləndirilən şəxs suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq dövründə ifadəsini imzalayarkən dövlət tərəfindən təyin olunan vəkil də həmin vaxtı orada olmuş və polis əməkdaşları ona və vəkilinə ifadəsini oxumağa imkan verməmişlər. Polis əməkdaşları döydüyünə görə xəsarət almış və indi də sol qabırğasında o xəsarətin izi qalmışdır. Xəsarət aldıqdan sonra xəstəxanaya getsə də polisə məlumat verəcəklərini ehtimal edib qeydiyyata almalarına razı olmamışdır. Polis əməkdaşı tərəfindən ilkin saxlanılıb buraxıldıqdan sonra da polis idarəsinə dəvət edilmişdir və polis əməkdaşı tərəfindən ona narkoloji ekspetizanın müsbət rəy verməsi üçün nəsə etməyi təklif olunmuşdur. Narkoloji dispanserdə müayinə olunarkən müalicəyə ehtiyacı olmadığını həkim bildirmişdir. Polis əməkdaşları tərəfindən ilkin dindirilməyindən sonra bir daha dindirilməmişdir. Videoçəkiliş olmuş və o, üzərində olan narkotik maddəni həmin vaxt təqdim etmiş, lakin onu polis əməkdaşları döysə də o, sonuncuların təklif etdiyi narkotik maddənin əlavə çəkisini qəbul etməmiş və videoçəkilişdə üzərində olan narkotik maddəni təqdim etsə də çəkisini artıq yazmışlar. Polis əməkdaşları videoçəkiliş zamanı üzərindən çıxan narkotik maddəni elektron tərəzi ilə çəkməmişlər və zərfə büküb möhürləmişlər. Nərimanov Rayon Prokurorluğuna gedib prokuror köməkçisinə polis əməkdaşlarının narkotik maddənin çəkisini artıq yazmağı barədə məlumat vermiş və sonuncular da narahat olmamağını bildirmişlər. O, metamfetamin istifadə edir. Əldə etdiyi metamfetamini whatsapp sosial şəbəkəsi vasitəsi ilə bir nəfər şəxsdən almışdır. İbtidai istintaq zamanı psixotrop maddəni aldığı şəxsin nömrəsini qeyd etmişdir. Psixotrop maddəni saxlanıldığı gün almış, saxlanıldığı hoteldə də istifadə etmişdir. Həmin gün hotelə getməyinə səbəb aldığı psixotrop maddəni istifadə etmək və istirahət etmək olmuşdur. Psixotrop maddədən arada istifadə edir, mütəmadi istifadə etmir. İbtidai istintaq dövründə müdafiəsi üçün təyin edilmiş vəkil ilə konfidensial görüşü ümumiyyətlə olmamışdır. Valideynlərinə saxlanılmağı barədə məlumat verməsini vəkildən xahiş etmişdir. Həmin vaxtı təyinat üzrə vəkilinə polis əməkdaşları tərəfindən döyülməyi barədə məlumat verməyinə fürsət olmamışdır. O, heç vaxt narkotik maddənin satışı ilə məşğul olmamışdır. Müharibədə aldığı travmalara görə narkotik maddənin istifadəsinə başlamışdır. Saxlanıldığı gündən indiyədək narkotik maddə və ya psixotrop maddə istifadə etməmişdir. Polis əməkdaşları saxlanıldığı andan başlayaraq ona qarşı fiziki və psixi təzyiqlər göstərmişlər və onu hədələmişlər. Polis əməkdaşlarının ona təzyiqlər göstərməyinə səbəb 1.5 kq narkotik maddəni üzərinə götürməyi qəbul etməyi ilə bağlı olmuşdur. Polis əməkdaşları onu məhkəməyə çıxarılana qədər 48 saatdan 4 saat artıq MSY-də saxlamışlar. O, hotelin otağında olarkən qapı döyülmüş, gələnlər qeydiyyatda olan hotel işçisi olduqların bildirmiş, o, qapını açmış və içəri daxil olmuşlar. Onu saxlayan polis əməkdaşlarından biri də Şahid1dir. Şahid1 ona sillə vurmuşdur. Şahid1 ona vurduğu bir sillənin təsirindən sonuncuların ona təklif etdiyi narkotik maddənin əlavə bükümlərini qəbul etmişdir. Şahid2 onun bədəninə yumruq, başına ayaqla zərbələr endirmişdir. Başına endirilən ayaq zərbəsinin izi qalmamışdır. Onu Nərimanov RPİ-nin 18-ci PŞ-nin rəisinin otağına aparmışlar və rəis ona üç bükümdə olan heroin, metamfetmin və marixuananı üzərinə götürməyi bildirmişdir. O, qəbul etmədiyində onu aparıb başqa otaqda döymüşlər. O, müharibə zamanı 2-3 dəfə istifadə etdiyi üçün və müharibə zamanı aldığı xəsarətlərə görə keçirtdiyi əməliyyatlardan yaranmış ağrılara görə narkotik vasitə istifadə etmiş, amma narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Onun üzərindən ittiham aktında qeyd olunan külli miqdarda narkotik vasitə olmamışdır. Deyilənlərin nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilir, təxminən 3 ilə yaxındır ki, narkotik maddə olan “şüşə” kimi tanıdığı metamfetamin maddəsindən istifadə edir. O, adətən narkotik maddəni tanımadığı, türk vətəndaşı kimi bildiyi şəxsdən, ona “Whatsap” proqramında göndərilmiş məkanlardan götürür. Narkotik maddə çox olanda tanışlarına istifadə etmələri üçün pulsuz verir. Həmin şəxsləri üzdən tanısa da anket məlumatlarını bilmir. Narkotik maddəni aldığı şəxslərin də anket məlumatlarını və harada yaşadığını bilmir. Sonuncu dəfə yəni xx.xx.2024-cü il tarixdə, saat təxminən 19:30 radələrində +90-***-***-**-** nömrəsindən “Whatsapp” adlı proqramı vasitəsilə onun telefonuna göndərilən məkandan, yəni Bakıxanov qəsəbəsindəki həyət evlərinin yaxınlığından 80 manata 03 büküm “şüşə” kimi tanıdığı metamfetamin psixotrop maddə bükümünü götürmüşdür. O həmin narkotik maddə bükümlərini daha sonra istifadə etmək üçün özündə saxlamışdır. 24 yanvar 2024-cü il tarixdə, saat 14:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 39 ünvanda yerləşən “Golden Falcon” otelin qarşısında olarkən bir nəfər mülki geyimli şəxs və bir nəfər polis geyimində ona yaxınlaşdılar. Onlar özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirdilər. Sonra onu saxlayıb 18-ci polis şöbəsinə gətirdilər. Polis şöbəsində o üzərində narkotik vasitə olan “şüşə” adlı maddənin olduğunu bildirdi və bundan sonra xidməti otaqda dəvət edilmiş vəkilin iştirakı ilə üzərinə baxış keçirildi. Baxış zamanı ona təklif olundu ki, qanunla qadağan olunmuş hər hansı bir əşya varsa könüllü olaraq təqdim etsin. O bundan sonra əynindəki qara rəngli gödəkçənin sağ iç cibində saxladığı 03 ədəd bükümdə olan psixotrop maddə olan “şüşə”ni və sağ çöl cibindən narkotik maddəni çəkmək üçün istifadə etdiyi avtomobil lampasını, sol iç cibindən isə 01 qutu “Winston” adlı siqaretini və 01 ədəd “iPhone 11” markalı mobil telefonu təqdim etdi. Səmimi olaraq etiraf etdi ki, təqdim etdiyi maddələr narkotik maddə olan “şüşə”dir. Üzərindən aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən zərfdə qablaşdırıldı və möhürləndi, qablaşmanın üzəri onun və hal şahidləri tərəfindən imzalandı. Sonra bu barədə protokol tərtib olundu və protokolun düzgünlüyü tərəfindən imzalandı. O, heç bir psixiatrik dispanserdə və ya xəstəxanada qeydiyyatı yoxdur. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur. Üzərindən aşkar edilmiş psixotrop maddə olan metafetamini heç kəsə satmamışam və kiməsə satmaq niyyəti olmamışdır. Tutularkən və Nərimanov RPİ-nin 18-ci PŞ-də olarkən polis əməkdaşları tərəfindən ona hər hansı fiziki və ya psixi zor tətbiq edilməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, vəzifəsi sahə inskeptoru olduğundan əməliyyat məlumatı əməliyyatçıya daxil olmuşdur. Təxminən xx.xx.2024-cü il tarixində əməliyyatçıya daxil olmuş məlumat əsasında məlum olmuşdur ki, Xətai rayon ərazisində “Golden Rich” adlı hoteldə istirahət edən Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olur. Daxil olmuş əməliyyat məlumatı əsasında Nərimanov RPİ-nin 18-ci PŞ-in rəisinə raport hazırlanıb təqdim olunmuş və rəis əməliyyat qrupu təşkil edib onu da həmin qrupa daxil etmişdir. Qeyd olunan əraziyə gedib Təqsirləndirilən şəxs saxlayıb Nərimanov RPİ-nin 18-ci PŞ-yə gətirmişlər. Sonuncunun üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış həyata keçirilmiş və cibindən 3 bükümdə narkotik vasitə aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs 44 günlük Vətən müharibəsində iştirak etdiyini, qazi olduğunu və ağrılarına görə narkotik vasitə istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olduğunu etiraf etməsə də sonuncunun üzərindən aşkar olunan narkotik maddənin bükümlərinin sayına əsasən həmin maddələrin satışı ilə məşğul olduğu bilinmişdir. Təqsirləndirilən şəxs daha sonra onlardan sonuncunu döyməkləri ilə bağlı şikayət etdiyini öyrənmişlər. Bu barədə araşdırılma aparılmış və həqiqi olaraq öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs qazi olmasa belə sonuncunu döyməklərinə heç bir əsas yoxdur. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı ona daxil olmasa da əməliyyat tədbiri keçirilməmişdən əvvəl əməliyyatçı məlumatın məzmunu barədə ona məlumat vermişdir. Onlar proflaktik olaraq ərazilərə çıxıb reydlər edirlər. Hazırki məsələ ilə bağlı onlar əraziyə gedərkən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlamışlar. Təqsirləndirilən şəxs günün saat 11:00-17:00 aralığında saxlamışlar. Təqsirləndirilən şəxs “Golden Rich” hotelin qabağında sağa və sola hərəkət edərkən və telefonla danışarkən saxlamışlar. Təqsirləndirilən şəxs saxlayarkən sonuncunun yanında başqa bir şəxs olmamış və onlara hər hansı digər bir şəxs yaxınlaşmamışdır. Təqsirləndirilən şəxs saxlayarkən sonuncunu saxlamaqlarının səbəbi olan narkotik maddənin satışı ilə məşğul olduğunu bildirmişlər, lakin Təqsirləndirilən şəxs bunu qəbul etməmiş, amma avtomobillə polis bölməsinə gətirilən zaman özü narkotik maddənin istifadəçisi olduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs saxlayıb Nərimanov RPİ-nin 18-ci PŞ-yə gətirmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış həyata keçirilməsində o, Şahid2, təhqiqatçı və vəkil iştirak etmişdir. Şəxsi axtarış videoçəkiliş vasitəsi ilə həyata keçirilmişdir. Vəzifəsinə uyğun olaraq Təqsirləndirilən şəxs narkotik maddənin satışı ilə məşğul olmasını sübut edəcək hər hansı məlumatın əldə edilməsi barədə əməliyyat tapşırığı almamışdır. Bu kimi əməliyyat tapşırıqların əməliyyat müvəkkilləri alırlar. Təqsirləndirilən şəxs saxlanılması üçün yaradılan əməliyyat qrupunda o və əməliyyatçı Şahid2 iştirak etmişdir. Təqsirləndirilən şəxs saxlamaq üçün sonuncuya yaxınlaşanda necə tanımaqlarını xatırlamır. Təqsirləndirilən şəxs yaxınlaşarkən əməliyyatçı Şahid2 və o, özlərini təqdim edib vəsiqələrini göstərmişlər. Təqsirləndirilən şəxs saxlayarkən üzərində telefon olmuşdur. Təqsirləndirilən şəxs sillə vurmamışdır. O, ifadəsi elan edildikdən sonra verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaqdakı ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs özünü şübhəli apardığına görə müəyyən edib sonuncuya yaxınlaşmışlar. Həmçinin, narkotik maddə istifadə edən şəxs viziual olaraq bilinir. Təqsirləndirilən şəxs saat 14:00 radələrində saxlamışlar. Təhqiqatçı ibtidai istintaq dövründə səsləndirdiyi ifadələri mahiyyətin saxlamaq şərti ilə bədii və elmi cümlələr kimi tərtib etmişdir. Bu səbəbdən ibtidai istintaq zamanı “rabitəsiz danışıq” ifadəsinın hansı mənada işlətməsi hazırda ona aydın deyil. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixində “Golden Rich” hotelinin qarşısında Təqsirləndirilən şəxs şübhəli şəxs kimi görüb sonuncuya yaxınlaşmış və Nərimanov RPİnin 18-ci PŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı 3 bükümdə metamfetamin aşkarlanmışdır. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik maddə ilə bağlı təhqiqatçının hər hansı suallar verməsi və Təqsirləndirilən şəxs həmin suallara cavab verməyini xatırlamır. Təqsirləndirilən şəxs saxlayarkən onlara qarşı hər hansı müqavimət göstərməmiş və hər hansı narazılığı olmamışdır. Polis haqqında qanuna əsasən hər hansı şəxs müqavimət göstərdiyi halda fiziki güc tətbiq etmək hüququ var. Lakin, Təqsirləndirilən şəxs saxlayarkən onlara qarşı hər hansı müqavimət göstərmədiyindən sonucuya qarşı fiziki təzyiqlər göstərməmişdir. Əməliyyat qrupunda o və Şahid1 iştirak etmişdir. Təqsirləndirilən şəxs saxlamamışdan əvvəl cinayət işi başlanılmamışdır. Təqsirləndirilən şəxs özünü şübhəli apardığına görə sonuncunu müəyyən edib yaxınlaşmışlar. Təqsirləndirilən şəxs telefonla danışaraq sağa və sola hərəkət edir, özünü şübhəli aparırdı. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edəndən sonra sonuncunun danışığından da şübhəli olduğunu görmüşlər. Təqsirləndirilən şəxs yaxınlaşarkən əvvəlcə o, özünü təqdim etmiş və xidməti vəsiqəsini göstərmişdir. Təqsirləndirilən şəxs saxlayarkən üzərində mobil telefon olmuşdur. Təqsirləndirilən şəxs hotelin içərisində saxlamamışlar. Sonuncunu Hotelin qarşısında saxlamışlar. O, ifadəsi elan edildikdən sonra verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq dövründəki ifadəsində qeyd olunan «rabitəsiz danışıq» ifadəsi şəxsin fikrini düzgün ifadə edə bilməməsi, verilən suallara dolayı yolla cavab verməsi kimi nəzərdə tutulub yazılmışdır. Rabitəsiz danışıq ifadəsini iş yoldaşım Şahid1 yanında işlətmiş və onun da yadında qalmışdır. Onun tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fizikipsixi təsir və ya təzyiqlər olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, CM-in 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (İ cild, i.v. 1) xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, i.v. 13-14) xx.xx.2024-cü il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması haqqında protokoldan, DVD diskə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sağ döş içəri cibindən 01 ədəd sellofan kəsiyində və 02 ədəd siqaret kağızında bükülmüş ağ kristal şəkilli maddəni könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi maddə narkotik maddə hesab olunan “şüşə”dir. O, üzərindən aşkar edilmiş narkotik maddəni iki gün əvvəl, yəni xx.xx.2024-cü il tarixdə, saat təxminən 19:30 radələrində adını bilmədiyi şəxsin +90-***-***-**-** nömrəsindən “Whatsapp” proqramı ilə göndərdiyi məkanla Bakıxanov qəsəbəsində həyət evləri olan yerdən götürdüyünü və daha sonra istifadə etmək üçün özündə saxladığını bildirmişdir. 24 yanvar 2024-cü il tarixdə, saat 14:00 radələrində isə Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 39 ünvanda yerləşən “Golden Falcon” otelin qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən 01 ədəd “İphone-11” markalı mobil telefon, 01 ədəd “Winston” markalı siqaret, 01 ədəd narkotik maddəni hazırlamaq üçün istifadə olunan avtomaşın lampası aşkar olunmuşdur. (İ cild, i.v. 28-30, 92) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/518 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərilərində “...Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,888 qr., 1,528., 0,387 qr., ümumi təmiz çəkisi 3,803 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. (İ cild, i.v. 48-52) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilmişdir. (İ cild, i.v. 53) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 55-56) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)- 111/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığında saxlanılma müddəti 04 ay həddində, 24 may 2024-cü il tarixədək müəyyən edilmişdir. (İ cild, i.v. 84-91) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X6 Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 614 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild, i.v. 112-113) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ cild, i.v.118) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 229 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (İ cild i.v. 128-130) xx.xx.2024-cü il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, "xxxx" MMC-nin təqdim etdiyi 01 ədəd DVD diskdə Təqsirləndirilən şəxs isifadəsində olan ***-***-**-** saylı mobil nömrələr ilə sms mətnlərinin tarixçəsi, zənglərin detallaşması və zənglərin məxsusluq tarixçələri öz əksini tapır. Baxış zamanı SMS tarixçəsinin ***-***-**-** saylı mobil nömrəyə aid sms mətnlərinə baxış zamanı aşağıdakılar müəyyən edildi: xx-xx-2023 18:47:43 1.1.**********38 1.1.**********16 qaqa 5 ne oldu, xx-xx-2023 23:44:07 1.1.**********38 1.1.**********00 5 m ata bilisense at lampani zadida verim sene bida tema, xx-xx-2023 23:31:48 1.1.**********38 1.1.**********00 ayib olsun, xx-xx-2024 20:19:24 1.1.**********38 1.1.**********09 qaqa imkan ver yiqimda, xx-xx-2024 21:04:50 1.1.**********38 1.1.**********09 yene qoymursan yiqam cix gel tez catdim men, xx-xx-2024 02:38:00 1.1.**********38 1.1.**********09 opurem qaqa var olasan, xx-xx-2024 04:51:50 1.1.**********38 1.1.**********35 qaqa sen niya bele edirsen mene deyirsen 2 m atiram soram whatsapi baglayisan, xx-xx-2024 18:28:43 1.1.**********38 1.1.**********33 qaqa zeng elemisen, xx-xx-2024 23:16:59 1.1.**********38 1.1.**********40 hele xeber yixdu qaqa, xx-xx-2024 22:39:48 1.1.**********38 1.1.**********68 qaqa usaq 5 defe yiqib basiva donum atda, xx-xx-2024 02:28:33 1.1.**********38 1.1.**********61 menemmlale ay cosu heqiqeten pisem menle elaqe saxla tema zad lazim deil ona gore axtarmiram menle birdene srocnu elaqe saxla nomreme yigg, xx-xx-2024 02:28:48 1.1.**********38 1.1.**********61 deilesi sozlerim var miki, xx-xx-2024 21:22:36 1.1.**********38 1.1.**********01 Yaz, xx-xx-2023 17:07:43 1.1.**********00 1.1.**********38 Ay qaqaw hami gedi mehlede gozdurem gelmsense men gedm, xx-xx-2023 19:47:41 1.1.**********00 1.1.**********38 4098 5844 6478 6886 leo, xx-xx-2023 15:44:36 1.1.**********40 1.1.**********38 sən var ha çörəyi dizin üstündə olansan.sənə salam da verən bunnan, xx-xx-2024 23:03:03 1.1.**********40 1.1.**********38 Nagarsan istiyən olar kimsə 20 liy zaf, xx-xx-2024 20:00:57 1.1.**********86 1.1.**********38 Qaqa məni yig. Baxış zamanı digər sms mətnlərində, zənglərin detallaşması və zənglərin məxsusluq tarix sahəsində narkotik vasitələrin satışının həyata keçirilməsinə dair məlumatlar aşkar edilmişdir. (İ cild i.v. 141) xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs yenidən CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İ cild, i.v. 143, 146-147) xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanıma haqqında və xx.xx.2024-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması” haqqında protokola əlavə edilmiş 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 3,803 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və qalıq qalmış 3,703 qram çəkidə psixotrop maddə metamfetamin Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (İ cild i.v. 163-164, 166-177) 134753 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. İ-24372, İ-70135, İ-18790 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Füzulinin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Azərbaycan Respublikası DİN Bakı şəhəri Nərimanov RPİ-dən məhkəmənin sorğusuna xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərilmiş cavab məktubundan və ona əlavə olunmuş sənədlərin surətindən görünür ki, Səfixanov X3 rayon polis idarəsinin müvəqqəti saxlama yerinə daxil olarkən bədəni üzərinə baxış keçirilmiş, baxış zamanı heç bir xəsarət aşkar edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hallarla bağlı, yəni polis əməkdaşları tərəfindən ona qarşı fiziki, psixoloji təsirlərə və təzyiqlərə məruz qalması ilə əlaqədar ibtidai araşdırma zamanı araşdırma aparılıbaparılmaması, araşdırma aparılmadığı halda təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı göstərdiyi hallar barədə araşdırma aparılmasına dair Nərimanov Rayon Prokurorluğuna sorğu göndərilmiş və həmin sorğu əsasında Azərbaycan Respublikasının Baş Prokurorluğundan məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqlərə yol verilmədiyi müəyyən olunduğu üçün material üzə Cinayət-Prosessual Məcəlləsinin 39.1.1ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 234.4.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi, heç vaxt narkotik maddənin satışı ilə məşğul olmaması, polis əməkdaşları saxlanıldığı andan başlayaraq ona qarşı fiziki və psixi təzyiqlər göstərmələri, videoçəkiliş zamanı üzərində olan narkotik maddəni təqdim etsə də çəkisini artıq yazmaları, polis əməkdaşlarının ona təzyiqlər göstərməyinə səbəb 1.5 kq narkotik maddəni üzərinə götürməyi qəbul etməyi ilə bağlı olması və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar, o cümlədən şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması haqqında protokol, şahidlərin ifadələri, məhkəmə sorğusu əsasında Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən, Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş cavab məktublar, onlara əlavə olunmuş sənədlər və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etirafedici ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Digər tərəfdən, "xxxx" MMC-dən daxil olmuş DVD diskə baxış zamanı müəyyən edilmiş mətn yazıları, həmçinin aşkar edilmiş narkotik vasitənin ayrı-ayrı bükümlərdə olması, miqdarı və digər təkzibedilməz sübutlar onun narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmasını təsdiq edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində istifadəsində olan mobil nömrəyə daxil olmuş yazışmalarla dair həmin “sms”ləri göndərmiş şəxslərin ondan narkotik vasitə və psixotrop maddələr istədiklərini, lakin o, heç birinə narkotik vasitə və psixotrop maddələr satmadığını, o, tanışlarına sadəcə istifadə etmələri üçün həmin narkotik vasitələri verdiyini səmimi etiraf etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 10-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs 44 günlük Vətən müharibəsində iştirak etməsini, onun “ Füzulinin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilməsini, müharibə veteranı olmasını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-in 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-111/2024 saylı qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığında saxlanılma müddəti 04 ay həddində, 24 may 2024-cü il tarixədək müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Habelə, Təqsirləndirilən şəxs barəsində seçiləcək həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 81 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmiş qalıq qalmış 3,703 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, “şəxsi axtarış və götürmə aparılması” haqqında protokola əlavə edilmiş 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 50 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 saat hüquqi yardıma görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 300 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə ona təyin edilmiş cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin və Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmiş qalıq qalmış 3,703 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ibtidai araşdırma zamanı maddi sübut kimi tanınmış “şəxsi axtarış və götürmə aparılması” haqqında protokola əlavə edilmiş 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar