Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1761/2025 28.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri İmanova Nigar Arzu qızı (sədrlik edən), X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında yerləşən inzibati binada qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası yaşayış sahəsi, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır.
İşin faktiki halları
2. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən şəxslə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma barədə razılığa gəlib, həmin cinayətin həyata keçirilməsi üçün aralarındakı razılaşmaya əsasən İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən şəxslə «Whatsapp» ani mesajlaşma tətbiqi vasitəsi ilə danışıq zamanı 500 manat müqabilində sonuncunun ona bildirdiyi ünvanlara çatdırmaq üçün ümumi təmiz çəkisi 878,99 qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı, təmiz çəkisi 115,841 qram olan külli miqdarda psixotrop maddə metamfetamini istintaqa məlum olmayan vaxta və yerdən qanunsuz olaraq əldə edib, 840,0 qram narkotik vasitə qudurulmuş marixuana və 115,841 qram psixotrop maddə metamfetamini yaşadığı Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi, Daş Karxanası yaşayış massivində nömrəsiz fərdi yaşayış evinə satış məqsədi ilə daşıyaraq saxlamış, 38,99 qram narkotik vasitə qurudulmuş marixuananı isə üzərində saxlamaqla daşımış, Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 12 may 2025-ci il tarixdə saat 22:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası ərazisində saxlanılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı boynundan asılmış qara rəngli əl çantasından ayrı-ayrılıqda təmiz çəkiləri 5,45 qram, 10,03 qram, 9,35 qram, 9,33 qram, 4,83 qram ümumi təmiz çəkisi 38,99 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 12 may 2024-cü il tarixdə saat 22:20 dəqiqədə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası yaşayış massivində nömrəsiz fərdi yaşayaış evində axtarış keçirilərkən evin yataq otağındakı qapının arxasından bir ədəd bağlama dakülli miqdarda təmiz çəkisi 840,0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd bağlamada külli miqdarda təmiz çəkisi 115,841 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilərək edilərək götürülmüşdür.
Təqsirləndirilən şəxsin təqsirliliyinə dəlalət edən və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar aşağıdakılardan ibarətdir:
3. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2025-ci ilin may ayının ortalarında, gecə saat 22:00-24:00 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında şəxsi saxlamışlar. Saxladıqları zaman özlərini təqdim etmişlər. Şəxs özü də könüllü surətdə üzərində gəzdirdiyi qanunla qadağan olunan predmeti onlara təqdim etmişdir. Həmin pretmeti çantasından çıxarıb onlara vermişdir. Bundan sonra şəxs bildirmişdir ki, onun evində də bu cür qanunla qadağan olunan mallar var. Evindəki predmətə baxış keçirilmiş və o, evdəki narkotk vasitələri də özü onlara təqdim etmişdir. Narkotik vasitə təhqiqatçının otağına aparılmış, orada tahqiqatçının və vəkilin də iştirakı ilə narkotik vasitəyə baxış keçirilmiş və maddələr qablaşdırılmışdır. Şəxs öz ifadəsində narkotik vasitəni İran İslam Respublikası vətəndaşından əldə etdiyini və 500 manat qarşılığında deyilən ünvana qoymağa söz verdiyini bildirmişdir.
4. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2025-ci ilin may ayının 12-də, axşam saat 21:00-22:00 Biləndər adlı polis əməkdaşına Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, bu barədə qərar qəbul olunmuş və şöbə rəisinə məruzə olunmuşdur. Raport əsasında əməliyyat qrupu yaradılmışdı. Qrupda o, Rasim və qrupa rəhbərlik edən Biləndər olmuşlar. Onlar Bayram adlı şəxsin daha çox olduğu deyilən Daş Karxanasının yanına, avtoservisin arxasına getmşlər. Zahiri görünüşü ilə Bayrama oxşayan şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxs özünü onlara təqdim etmişdir. Onu saxlamasına əsas olan qərarla tanış etmişlər. Bundan sonra şəxsə üzərində hər-hansı qanunsuz predmet olub-olmaması barədə sual ünvanlayaraq olduğu halda könüllü olaraq təqdim etməsini təklif etmişlər. Şəxs könüllü halda üzərində olan çantanın içərisindən 3-4 büküm olan narkotik vasitəni təqdim etmiş və bildirmişdir ki, narkotik vasitəni İran İslam Respublikası vətəndaşından əldə etmişdir. Ona konum göndərilmiş və 500 manat qarşılığında narkotik vasitəni deyilən yerə qoymalı imiş. Bundan sonra o, yaşadığı evdə də narkotik vasitə saxladığını bildirmişdir. Evə baxış zamanı qapının arxasında olan narkotik vasitəni də təqdim etmişdir. Orada elektron tərəzi, metafetamin və marixuana olmuşdur. Təhqiqatçının otağında isə yenidən həmin əşyalara baxış keçirilmişdir.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsı əməliyyat-axtarış tədbiri zamanı tanımışdır. Polis əməkdaşı Biləndərə daxil olmuş əməliyyat məlumatı əsasında şəxsi 12 may 2025-ci il tarixdə saxlamışlar. Şəxsin Təqsirləndirilən şəxs olduğunu onun fiziki görünüşünə əsasən müəyyən etmişlər. Şəxs saxlanıldıqdan özünü təqdim etmiş və könüllü surətdə üzərində daşıdığı narkotik vasitələri onlara vermişdir. Üzərindəki çantadan 4-5 büküm narkotik vasitə, mobil telefon və açar aşkar olunmuşdur. Özünün razılığı ilə evinə baxış keçirilmiş və oradan da metafetamin və marixuana aşkar edilərək götürülmüşdür. Bundan sonra həmin narkotik vasitələr qablaşdırılmış və ekspertizaya göndərilmişdir.
6. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 12 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə Sabunçu RPİ-nin 14-cü PŞnin əməkdaşları Sabunçu rayonu Maştağa qəsəbəsi Daş Karxanası yaşayış massivində şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs boynundan asılmış qara rəngli əl çantasından 05 ədəd bükümü, bir ədəd “Redmi” markalı mobil telefonu və bir ədəd açarı təqdim edərək 05 ədəd bükümün içərisindəki narkotik vasitə qurudulmuş marixuana olmasını, həmin narkotik vasitən İran İslam Respublikasının vətəndaşının ona göndərdiyi konum əsasında satmaq məqsədi ilə əldə etdiyini, ümumilikdə 970 qram çəkidə narkotik vasitəni İran İslam Respublikasının vətəndaşının ona dediyi məkanlara qoyması müqabilində 500 manat pul qazanacağını bildirmişdir (cild 01; i.v. 12-13).
7. “Axtarış və götürmə aparılması haqqında” 12 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası yaşayış massivi yaşayış sahəsində nömrəsiz fərdi yaşayış evinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs yaşadığı evdə özünün yataq otağında qapının arxasında olan göy rəngli sellofan torbanı təqdim etmiş, torbanın içərisindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər ot kütləsi və psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmiş, həmin qablaşdırılaraq möhürlənmişdir (cild 01; i.v.16-17).
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 13 may 2025-ci il tarixli, 7/710 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs” yazılar və imzalar olan zərfdə 5 (beş) ədəd üzərləri skoçla bağlanmış qara rəngli sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri-5,45 qram; 10,03 qram; 9,35 qram; 9.33 qram; 4,83 qram, ümumi çəkisi-38,99 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs" yazılar və imzalar olan üzəri skoçla bağlanmış göy rəngli sellofan bağlamada narıncı rəngli polietilen torbada təmiz çəkisi 840,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs üzərindən və mənzilindən götürülmüş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs ....’’ yazılar və imzalar olan üzəri skoçla bağlanmış ağ rəngli kağız bağlamada olan bir ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur (cild 01; i.v.50-54).
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 13 may 2025-ci il tarixli, 6/1787 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "...Saxlanılan şəxs Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 115,841 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir (cild 01; i.v.55-59).
10. “Mobil telefona baxış keçirilməsi haqqında” 20 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 01 ədəd «Redmi» markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı “WhatsApp” proqramının Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatda keçməsi keçməsi, "+98 ***-***-**-**” saylı İran İslam Respublikasına məxsus mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin arasında xx.xx.2025-ci il tarixdə narkotik vasitələrin müxtəlif ünvanlara qoyulması barədə səs yazı və yazışmaların olması, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən “+98 ***-***-**-**” saylı İran İslam Respublikasına məxsus mobil nömrəyə elektron tərəzinin üzərində narkotik vasitənin çəkilməsinin, narkotik vasitələrin əldə edilməsi və satışı barədə yazışma və səs yazıların, narkotik vasitənin qoyulduğu ünvanların işarələnmiş şəkil və məkan bildirimlərinin göndərilməsi, “+98 ***-***-**-**" saylı İran İslam Respublikasına məxsus mobil nömrə ilə səs yazı göndərən qadının Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə səs yazı ataraq narkotik vasitələri müxtəlif ünvanlara qoymasını istəməsi aşkar edilmişdir (cild 01; i.v.106-114).
11. Məhkəmə-narkoloji ekspertizasının 05 sentyabr 2025-ci il tarixli, 5513 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (cild 01; i.v. 147-148).
12. “Sübutların qiymətləndirilməsi haqqında” 05 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, barəsində “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkar edilərək götürülmüş 06 ədəd bükümdə 878,99 qram qurudulmuş marixuana, 01 ədəd bükümdə 115,841 qram psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi” markalı mobil telefon maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 878,69 qram qurudulmuş marixuananın, 115,741 qram psixotrop maddə metamfetaminin və 01 ədəd elektron tərəzinin saxlanması üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilməsi, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi” markalı mobil telefonun cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (cild 01; i.v.149-163).
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü dəlillər aşağıdakılardır:
13. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü bilməyərək ifadəsində göstərmişdir ki, hadisə günü evinə yaxın yerdə saxlanılmışdır. Üzərində narkotik vasitə olsa da, ittihamda göstərildiyi qədər olmamışdır. Bundan başqa evində də 150 qram marixuana olmuşdur. O, Elçin adlı polis əməkdaşı tərəfindən polis idarəsinə gətirilmişdir. Onu elektroşok aparatına bağlamışlar. O, tutulan zaman bacısı oğlu da yanında olmuş və bu hadisələrin şahidi olmuşdur. Polis əməkdaşları narkotik vasitəni boynuna götürməyəcəyi təqdirdə bacısı oğlunu da cinayət məsuliyyətinə cəlb edəcəklərini bildirmişlər. Bundan sonra o, narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair etirafedici ifadə verməyi qəbul etmişdir. Evində narkotik vasitə qurudulmuş marixuana olsa da metamfetamin olmamışdır.
14. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs saxlanılan zaman üzərində 1 büküm narkotik vasitə olduğunu, narkotik vasitələrin ümumi miqdarının 40 qram olduğunu, üzərində yalnız marixuana olduğunu, narkotik vasitəni əldə etməkdə məqsədinin şəxsi istifadəsi üçün sərf etmək olduğunu, narkotik vasitənin 40 qramının avtomobilində olduğunu, avtomobildən narkotik vasitəni götürüb evə gedən zaman tutulduğunu, axşam saat 20:45 radələrində evinin qarşısında saxlanıldığını, narkotik vasitəni Sumqayıt şəhərindən götürdüyünü, narkotik vasitəni Sumqayıt şəhərindən götürdükdə onun ümumi çəkisinin 150 qram olduğunu, tutulmazdan 2 gün öncə həmin maddəni götürərək evə qoyduğunu, narkotik vasitələri axşamlar çəkdiyini, 40 qram narkotik vasitəni hissə-hissə çəkmək üçün özü ilə götürdüyünü, ailə üzvləri evdə olduqlarından narkotik vasitəni evdə çəkməməyə çalışdığını, polislərin narkotik vasitəni maşından götürdüklərini, aldığı narkotik vasitələri evdən götürərək maşına qoyub çöldə istifadə etdiyini, əlavə narkotik vasitə qaldıqda isə onu yenidən evə qoyduğunu, həftədə 1-2 dəfə narkotik vasitə istifadə etdiyini, 150 qram narkotik vasitə üçün 250 manat pul verdiyini, taksi fəaliyyətindən qazandığı pulları narkotik vasitə üçün sərf etdiyini, iş materiallarında olan İİR aid nömrələrinin kimlərə məxsus olduğunu bilmədiyini, narkotik vasitəni əslən İrandan olan azərbaycanlı bir cütlükdən aldığını, polis əməkdaşlarının onu döydüyünü, elektroşok verdiklərini, ayaqlarından asdıqlarını və xəsarətlərinin olduğunu, evindən tərəzi aşkar olunduğunu, həmin tərəzidən istifadə etməkdə məqsədinin ona verilmiş narkotik vasitələrin miqdarını dəqiqləşdirilmək olduğunu, telefonundan aşkar edilmiş fotoşəkillərin özü tərəfindən çəkildiyini, həmin fotoşəkilləri iranlıya göndərdiyini, şəkilləri iranlıya göndərərək narkotik vasitənin çəkisini yoxladığını ona göstərmək istədiyini bildirmişdir.
Hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
15. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və külli miqdarda törədilkdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
16. Həmin Məcəllənin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
17. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 5 qram olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar, 500 qram olduqda isə külli miqdar, 50000 qram olduqda isə xüsusilə külli miqdar hesab olunur.
18. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,4 qram olan həşiş qətranı şəxsi istehlak miqdarından artıq miqdar, 40 qram olduqda isə külli miqdar, 4000 qram olduqda isə xüsusilə külli miqdar hesab olunur.
19. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə psixotrop maddələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə psixotrop maddələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin psixotrop maddələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın psixotrop maddələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, psixotrop maddənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
Cəza təyini zamanı nəzərə alınmalı olan hallar:
20. “Şübhəli şəxsin tutulması haqqında” 12 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 may 2025-ci il tarixdə, saat 22:00-dan tutulmuş hesab edilmişdir (cild 01; i.v.30).
21. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 may 2025-ci il tarixli, 4(008)- 219/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 12 may 2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.91-96).
22. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 01; i.v.127).
23. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli, 4(008)- 417/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin 20 gün olmaqla, 02 oktyabr 2025-ci il tarixədək uzadılması qərara alınmışdır.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:
24. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır;
25. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir;
26. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər.
27. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.
28. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 05 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.
30. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.
31. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
32. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
33. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı verdiyi ifadələr, şahidlərin ifadələri, ekspert rəyləri, istifadəsində olan mobil telefondan aşkar edilmiş çoxsaylı fotoşəkillər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146).
34. Məhkəmə, son dövrlər məhkəmə təcrübəsində bu kateqoriya işlər üzrə AR CM-nin 234.4.1-ci maddəsinə münasibətdə fərqli yanaşmaların olduğunu nəzərə alaraq həmin maddə ilə bağlı ətraflı dəyərləndirmə aparılmasını zəruri hesab edir.
35. Məhkəmə hazırki iş üzrə iş materiallarını və məhkəmə iclasında müəyyən edilmiş halları tam və hərtərəfli tədqiq edərək aşağıda şərh edilən hüquqi dəyərləndirmədən çıxış edərək hesab edir ki, təqsirləndirilən şəxsə qarşı AR CMnin 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittiham (qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edərək daşıyıb saxlama) qanuni və əsaslı hesab edilməlidir.
36. Belə ki, AR Cinayət Məcəlləsinin:
37. 31-ci maddəsinə əsasən iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır;
38. 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır;
39. 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur.
40. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə biri-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir.
41. İştirakçılığın subyektiv əlamətləri ondan ibarətdir ki, əvvəla, iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi isə cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etdiklərini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər.
42. Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin "qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Cinayətin yalnız qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən törədildiyi, təşkilatçı, təhrikçi, köməkçinin isə icraçıların törətdikləri cinayətdə iştirak etdiyi halda, onların əməlləri Məcəllənin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin əməli kimi tövsif edilməlidir.
43. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən "qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adı çəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir.
44. Həmin qərarda göstərilmişdir ki, cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər.
45. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ictimai təhlükəlilik baxımından bir qrup şəxs cinayətkar qrupların digər növlərinə nisbətən az təhlükəlidir. Əvvəlcədən əlbir olan bir qrup şəxs və mütəşəkkil dəstə bir və ya bir neçə cinayət törədilməsi məqsədi ilə iki və yaxud daha çox şəxsin mürəkkəb formada birləşməsidir. Onları adi bir qrup şəxsdən əvvəlcədən əlbir olma əlamətinin mövcudluğu fərqləndirir. Bu cinayətkar qruplarda cinayətin birlikdə törədilməsinə dair razılıq cinayətin törədilməsi anına qədər əldə olunur. Burada cinayət törədilməsinə dair qərarın qəbul edilməsi ilə onun həyata keçirilməsi arasında müəyyən müddət mövcuddur.
46. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir.
47. CM-in 34.2-ci maddəsinin mənasına görə CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir.
48. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin.
49. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır.
50. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində "miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir.
51. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan 14 iyun 2024cü il tarixli qərarının 8-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində "digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür.
52. Hazırki iş üzrə təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində İİR vətəndaşı ilə qabaqcadan razılaşaraq onun göndərdiyi narkotik vasitə və psixotrop maddəni götürdüyünü, İran İR-nın vətəndaşının ona narkotik vasitə və psixotrop maddələri onun dediyi ünvanlara qoymasını dediyini, narkotik vasitənin müqabilində həmin şəxsə hər hansı məbləğdə pul vəsaiti ödəmədiyini göstərmiş, görəcəyi işin müqabilində iranlının ona 500 manat pul verəcəyini bildirmişdir.
53. “Mobil telefona baxış keçirilməsi haqqında” 20 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 01 ədəd «Redmi» markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı “WhatsApp” proqramının Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatda keçməsi keçməsi, "+98 938-619-11 -24” saylı İran İslam Respublikasına məxsus mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin arasında xx.xx.2025-ci il tarixdə narkotik vasitələrin müxtəlif ünvanlara qoyulması barədə səs yazı və yazışmaların olması, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən “+98 ***- ***-**-**” saylı İran İslam Respublikasına məxsus mobil nömrəyə elektron tərəzinin üzərində narkotik vasitənin çəkilməsinin, narkotik vasitələrin əldə edilməsi və satışı barədə yazışma və səs yazıların, narkotik vasitənin qoyulduğu ünvanların işarələnmiş şəkil və məkan bildirimlərinin göndərilməsi, “+98 ***-***-**-**" saylı İran İslam Respublikasına məxsus mobil nömrə ilə səs yazı göndərən qadının Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə səs yazı ataraq narkotik vasitələri müxtəlif ünvanlara qoymasını istəməsi aşkar edilmişdir (cild 01; i.v.106-114).
54. Məhkəmə iclasında təqsirləndirilən şəxsə telefonunda aşkar edilmiş narkotik vasitələrin bükümlərə bölünmüş, o cümlədən, tərəzinin üzərində müxtəlif formada (açıq və bükümlərdə olmaqla) narkotik vasitələrin olmasını özündə əks etdirən fotoşəkillərin özü tərəfindən çəkilməsi və iranlıya göndərilməsi bağlı sual ünvanlanan zaman o, sözügedən fotoşəkillərin özü tərəfindən çəkilərək iranlıya göndərildiyini təsdiq etmişdir. Bunun səbəbi ilə bağlı ünvanlanan suala isə cavab olaraq iranlıdan öz istifadəsi üçün aldığı narkotik vasitələrin çəkisini yoxlayaraq iranlıya buna dair fotoşəkilləri göndərdiyini bildirmişdir.
55. Məhkəmə təqsirləndirilən şəxsin həmin cavabına münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin əldə etdiyi narkotik vasitənin miqdarında iranlıya danışdıqları miqdardan fərqli miqdar, yəni daha az miqdar olmadığı, öncədən danışılmış miqdarı götürdüyü halda təqsirləndirilən şəxsin narkotik vasitənin müxtəlif formada və çəkidə, o cümlədən, bükümlərə bölünmüş fotoşəkillərini çəkərək onları iranlıya göndərməsi hər hansı məntiqə sığmır. Göstərilən bu hal təqsirləndirilən şəxsin qabaqcadan əlbir olduğu iranlıdan əldə etdiyi narkotik vasitələri onunla razılaşdırılmış çəkidə və bükümlərdə qablaşdırmasına və ifadəsində göstərdiyi kimi bükümlərə qoyulmuş formada və çəkidə müxtəlif ünvanlara yerləşdirmək üçün hazırlamasına dəlalət edir.
56. Belə ki, iranlıdan şəxsin istifadəsi üçün və ya onunla qabaqcadan əlbir olmadan özünün satması üçün narkotik vasitə əldə edən şəxsin sonradan əldə etdiyi narkotik vasitəni bükümlərə böldükdən sonra həmin bükümlərin, o cümlədən, tərəzi üzərində şəkilləri çəkilmiş narkotik vasitələrin miqdarını əks etdirən fotoşəkillərini iranlıya göndərməsi onların məhz qabaqcadan əlbir olmaqla narkotik vasitələrin bükümlərinin sayı və çəkisi ilə bağlı da razılaşmaqla həmin narkotik vasitələrin ünvanlara yerləşdirilmələrini təmin etmələrinin göstəricisidir.
57. Bununla yanaşı, təqsirləndirilən şəxsin telefonunda olan “Whatsapp” proqramında olan yazışmalardan görünür ki, təqsirləndirilən şəxs özü iranlıya müxtəlif konum şəkilləri göndərmişdir ki, bu da onun tərəfindən narkotik vasitələr müvafiq ünvanlara qoyulduqdan sonra iranlıya bu barədə məlumat verməsinə, bununla da narkotik vasitələrin satışını biri biri ilə əlaqəli qabaqcadan əlbir olmaqla həyata keçirmələrinə dəlalət edən hallardandır.
58. Məhkəmə, hazırki işin faktiki hallarını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7-ci fəslində göstərilən normalar, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 06 may 2022-ci il tarixli Qərarı, o cümlədən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının AR CM-nin 234.4.1-ci maddəsinə dair hissəsini tənzimləyən 12-ci bəndində göstərilən müddəalarla əlaqəli şəkildə təhlil edərək Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı gün onunla istifadəsində iran nömrəsi olan şəxs arasında çoxsaylı yazışmalarının olması, götürülmüş narkotik vasitənin dəyərinin ödənilməməsi, təqsirləndirilən şəxsin narkotik vasitəni iranlının dediyi yerlərə qoymağa iranlının ona pul verəcəyini vəd etməsi müqabilində razılaşması, narkotik vasitəni əldə etdikdən sonra iranlıya onların paylara bölünmüş və çəkisini özündə əsk etdirən çoxsaylı fotoşəkillər və müxtəlif konum şəkilləri göndəriməsi onların artıq qabaqcadan əlbir olaraq cinayət barədə razılığa gəlmələrinə, təqsirləndirilən şəxsin mənfəət əldə etməsi müqabilində iranlı ilə əlbir olmasına dəlalət edir.
59. Hazırki cinayət işinin faktiki halları baxımından əks yanaşmanın sərgilənməsi, yəni təqsirləndirilən şəxsin narkotik vasitəni əldə etdiyi İİR vətəndaşının müəyyən olunmamasına, onun ifadəsinin alınmamasına istinadən Təqsirləndirilən şəxs AR CM-nin 234.4.1-ci maddəsi ilə elan edilmiş ittihamın sübuta yetirilməməsi qənaətinə gəlinməsi işin faktiki halları və istintaqla müəyyən edilmiş hallarla bir araya sığmır.
60. İş materiallarında olan “Cinayət işinin materiallarından başqa cinayət işini ayrılması və icraata qəbul edilməsi” haqqında 05 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamini əldə etdiyi İİR vətəndaşını müəyyən etmək üçün hazırki cinayət işindən ayrıca cinayət işi ayrılmaqla həmin iş üzrə istintaqın aparılması qərara alınmışdır (cild 01; i.v.165- 167).
61. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cinayətin digər şəxslə qabaqcadan əlbir olaraq törədilməsi məsələlərinin həlli zamanı “digər şəxsin” şəxsiyyətinin konkret olaraq bəlli olmaması halı əməlin tövsifi üçün əhəmiyyət kəsb etmir. Analoji ittihamların təsdiqi üçün “digər şəxsin” cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri əvvəlcədən əlbir olmaqla icra (qismən icra) etməsi kifayətdir.
62. Konkret halda, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla “digər şəxs”in təqsirləndirilən şəxslə qabaqcadan əlbir olmaqla cinayətin obyektiv cəhətini təşkil edən müəyyən hərəkətləri icra etməsi təsdiq olunduğundan təqsirləndirilən şəxsə qarşı CM-nin 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittiham əsaslı hesab edilməlidir.
63. Bununla yanaşı, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin AR CM-nin 234.4.3cü maddəsi ilə ittiham olunmasının əsasında onun narkotik vasitələri konkret hər hansı şəxsə satması və ya narkotik vasitələrin satışına dair başqa şəxslərlə danışıqlar (SMS yazışmalar və.s.) aparması, istehlakçı ilə əvvəldən razılığın olması deyil, məhz öz ifadəsində göstərdiyi xüsusat, yəni üzərindən aşkar edilmiş narkotik vasitəni, o cümlədən, evindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni maddi maraq müqabilində müxtəlif ünvanlara yerləşdirməsini, yəni narkotik vasitə və psixotrop maddələrin yayılmasına yönəlmiş hərəkət etmək niyyətinin olmasını göstərməsi olmuşdur.
64. Belə olan halda, AR CM-nin 234.4.3-cü maddəsinə münasibətdə ittihamla razılaşaraq həmin hissədə onun ifadələrinin sübut kimi qiymətləndirildiyi halda AR CM-nin 234.4.1-ci maddəsinə münasibətdə isə İİR vətəndaşının şəxsiyyətinin müəyyən olunmaması və ifadəsinin alınmamasına (halbuki, təqsirləndirilən şəxsin telefonunda iranlı ilə müvafiq yazışmaların olması iş materialları ilə öz təsdiqini tapmışdır) istinad edərək təqsirləndirilən şəxsin ifadəsinin sübut kimi qiymətləndirilməməsi təzad yaratmaqla cinayət işi üzrə obyektiv araşdırmanın nəticəsi kimi dəyərləndirilə bilməz.
65. Odur ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli olması əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı verdiyi ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri, istifadəsində olan mobil telefondan aşkar edilmiş çoxsaylı fotoşəkillər və yazışmalar, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmiş hesab olunmalıdır.
66. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilmədiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində 1 büküm 40 qram miqdarında narkotik vasitə qurudulmuş marixuana olduğunu, üzərində 5 büküm narkotik vasitə olmadığını, evində 150 qram qurudulmuş marixuana olduğunu, metamfetamin olmadığını bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin ifadəsini işin faktiki halları və iş materiallarında olan mötəbər sübutlarla uzlaşmayan özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir.
67. Belə ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həm şübhəli şəxs qismində, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən özünü elan edilmiş ittihamda tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, üzərində şəxsi axtarış keçirilən zaman narkotik vasitə hesab edilən el arasında "nəşə" deyilən marixuananın aşkar edilməsi ilə bağlı bildirir ki, narkotik vasitə istifadə etmir. "Whatsapp” vasitəsi ilə təsadüfən 2 ay əvvəl özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxslə tanış olmuşdur, həmin şəxslə razılaşmalarına əsasən konum əsasında göndərilmiş ünvanlardan götürdüyü narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olur. Üzərindən və evindən aşkar edilmiş narkotik vasitə marixuananı və psixotrop maddə metamfetamini xx.xx.2025-ci il tarixdə İran vətəndaşının ona atdığı məkandan götürmüş və üzərində gəzdirmşdir, həmin maddələri satmaq üçün üçün əldə etmiş, ümumilikdə 970 qram narkotik vasitə və psixotrop maddəni məkanlara atıb satmaq üçün İranlı ona 500 manat pul verəcəkmiş. xx.xx.2025-ci il tarixdə saat 22:00 radələrində Maştağa qəsəbəsi Daş Karxanası yaşayış sahəsində yaşadığı evin yaxınlığında olduğu zaman da üç nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmiş və ona narkotik vasitənin istifadəsində, daşınmasında şübhəli olduğunu bildirərək üzərinə video çəkiliş ilə baxış keçirmişlər. Həmin vaxt onun üzərində olan qara rəngli əl çantasından 05 ədəd sellofan bükümdə olan nəşə deyilən ot kütləsini və bir ədəd mobil telefonu aşkar etmişlər. Şəxsi baxış zamanı həmin ot kütləsi və mobil telefon onun və polis əməkdaşlarının iştirakları ilə qablaşdırılaraq möhürlənmişdir. Sonra o, polis əməkdaşları ilə birlikdə Maştağa qəsəbəsi Daş Karxanası yaşayış sahəsi nömrəsiz ünvanda yerləşən yaşadığı evə gələrək sübut əhəmiyyətinə malik ola biləcək hər hansı əşya və ya predmet olduğu təqdirdə göstərməyi təklif etmişlər. O, yaşadığı mənzildə yataq otağında narkotik maddələr saxladığını, özünə məxsus yataq otağında qapının arxasında olan göy rəngli sellofan kulyokda olan bir ədəd sellofan bağlamada olan "nəşə” deyolən marixuananı və bir ədəd bağlamada psixotrop maddə metamfetamini, digər digər kulyokda bir ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir.
68. Bundan savayı, təqsirləndirilən şəxsin üzərinə baxış və götürmə həyata keçirilən zaman Təqsirləndirilən şəxs tam sərbəst şəkildə boynundan asılmış qara rəngli əl çantasından 05 ədəd bükümü, bir ədəd “Redmi” markalı mobil telefonu və bir ədəd açarı təqdim edərək 05 ədəd bükümün içərisindəki narkotik vasitə qurudulmuş marixuana olmasını, həmin narkotik vasitən İran İslam Respublikasının vətəndaşının ona göndərdiyi konum əsasında satmaq məqsədi ilə əldə etdiyini, ümumilikdə 970 qram çəkidə narkotik vasitəni İran İslam Respublikasının vətəndaşının ona dediyi məkanlara qoyması müqabilində 500 manat pul qazanacağını bildirmiş, evinə baxış zamanı da Təqsirləndirilən şəxs yaşadığı evdə özünün yataq otağında qapının arxasında olan göy rəngli sellofan torbanı könüllü təqdim etmişdir.
69. Həmçinin, iş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 may 2025-ci il tarixli, 4(008)-219/2025 saylı qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata məhkəmə iclasında baxılan zaman Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilərək üzərindən 5 büküm narkotik vasitə qurudulmuş marixuana aşkar olunduğunu, daha sonra evinə baxış zamanı psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuana aşkar olunduğunu, həmin maddələri İran vətəndaşından əldə etdiyini, onun bildirəcəyi konumlara yerləşdirilməli olduğunu, bunun müqabilində ona 500 manat veriləcəyini, iki ay olar ki, bu işlə məşğul olduğunu bildirmişdir.
70. Məhkəmə iclasında təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyündən etirafedici ifadələr verdiyini iddia etsə də, məhkəmənin sorğusuna əsasən Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 16 may 2025-ci il tarixli, 3824/2025 nömrəli məhkumun tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olan zaman xəsarət almasını inkar etmiş, onun bədəninə baxış zamanı sağ qasıqda köhnə çapıq izləri aşkar edilmiş, başqa hər hansı xəsarət aşkar edilməmişdir.
71. Məhkəmə iclasında təqsirləndirilən şəxs ona ünvanlanmış suala cavab olaraq onda olan xəsarətlərin istintaq təcridxanasına daxil olan zaman qeydə alınmadığını bildirsə də, məhkəmə təqsirləndirilən şəxsdə həqiqətən də xəsarətlərin olduğu halda həmin xəsarətlərin qeydə alınmamasının mümkün olmadığını və tibbi müayinədən sonra yoxlanılan hər bir təqsirləndirilən şəxsdə aşkar edilmiş xəsarətlərin mütləq qaydada istintaq təcridxanası tərəfindən qeydə alındığını xüsusi olaraq vurğulayır.
72. Bununla yanaşı, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılmasına dair videodiskdə olan görüntülərlə də təqsirləndirilən şəxsdə hər hansı xəsarətin olması öz təsdiqini tapmamışdır.
73. Bununla yanaşı, təqsirləndirilən şəxs məhkəmə iclasında ona fiziki təzyiqlərin göstərilməsi ilə ünvanlanmış suala cavab olaraq ilkin olaraq döyüldüyünü bildirsə də, məhkəmə iclasının sonrakı dəqiqələrində ona ayaqlarından elektroşok verildiyini, bir qədər sonra isə ayaqlarından asıldığını bildirmişdir ki, bu da təqsirləndirilən şəxsin öz müdafiəsi naminə hər dəfə fərqli formada fiziki təzyiqlərə məruz qalmasını bildirərək məhkəmədə səmimi olmamasına və hər vəchlə cinayət məsuliyyətindən yayınmağa cəhd etməsinə dəlalət edir. Belə ki, şəxsin ayaqlarından asıldığı halda ayaqlarında kəsik və kəndir izlərinin qalmaması, elektroşok verildiyi halda ayaqlarında yanıq izlərinin qalmaması real deyildir ki, həmin hallar təqsirləndirilən şəxsin müvafiq tibb kartı ilə də təkzib olunmuşdur.
74. Göründüyü kimi, hazırki iş üzrə təqsirləndirilən şəxs ona qarşı polis bölməsində qanunsuz hərəkətlərin edilməsini iddia etsə də, məhkəmə onun tibb kartına əsasən onda xəsarətlərin olmasının müəyyən edilmədiyini, onun tərəfindən bu halı təsdiq edə biləcək hər hansı sübutun məhkəməyə təqdim edilmədiyini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir.
75. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
76. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 055.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.
77. Göründüyü kimi, hazırki iş üzrə təqsirləndirilən şəxs ona qarşı polis bölməsində qanunsuz hərəkətlərin edilməsi ilə aidiyyəti orqana müraciət etməmiş, ibtidai istintaq zamanı və barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar keçirilmiş məhkəmə iclasında bu barədə hər hansı bir xüsusata toxunmamış, məhkəmə iclasında həmin halla bağlı hər dəfə fərqli hallara istinad etmiş və tibb kartında göstərilənlərlə onun ifadəsindəki xüsusatlar təkzib edilmişdir ki, məhkəmə hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir.
78. Təqsirləndirilən şəxs məhkəmə iclasında polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində bir bükümdə 40 qram qurudulmuş marixuana olduğunu, lakin polis əməkdaşlarının həmin bükümü götürüb yerinə 5 büküm verdiklərini iddia etsə də, məhkəmə üzərində 40 qram qurudulmuş marixuana olan şəxsə polis əməkdaşları tərəfindən daha az miqdarda (38,99 qram) narkotik vasitə verməsini absurd və hər hansı mənqitə sığmayan hal kimi qiymətləndirərək göstərilən xüsusatın təqsirləndirilən şəxsin şəxsi təxəyyülünün məhsulu olması qənaətinə gəlir.
79. Bundan savayı, təqsirləndirilən şəxs məhkəmə iclasında ona ünvanlanmış eyni suala fərqli cavab verərək bir suala avtomobildən narkotik vasitəni götürüb evə gedən zaman tutulduğunu, digər suala isə polislərin narkotik vasitəni maşından götürdüklərini bildirmişdir ki, bu da təqsirləndirilən şəxsin məhkəmə iclasında hər dəfə yeni hallar uydurmasına və həqiqəti yanıltmağa çalışmasına dəlalət edən hallardandır.
80. Bundan savayı, ötən məhkəmə iclasında şahidlər dindirilən zaman təqsirləndirilən şəxs şahidlərə etiraz edərək üzərində yalnız 38 qram dostunun ona saxlamaq üçün verdiyi narkotik vasitənin olduğunu bildirsə də, sonradan tam fərqli ifadə vermiş, həmin ziddiyyətlə bağlı ona ünvanlanmış suala cavab olaraq ötən məhkəmə iclasında fərqli xüsusatlar göstərməsinin səbəbinin həmin vaxt işlə tam tanış olmaması və müdafiəçisi ilə konfidensial görüş keçirməməsinin olduğunu bildirmişdir ki, həmin hala münasibətdə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin işin həqiqi halları ilə bağlı ifadə verməsi üçün onun iş materialları ilə tanış olması və ya müdafiəçisi ilə görüşməsi zəruri deyildir. Təqsirləndirilən şəxsin bu cavabının özü onu hər dəfə öz müdafiəsi üçün fərqli hallara sığınmasının, işin faktiki hallarını gizlətməyə cəhd etməsinin göstəricisidir.
81. Təqsirləndirilən şəxs evində 150 qram qurudulmuş marixuana olduğunu, metamfetamin olmadığını bildirsə də, məhkəmə üzərindən və evindən narkotik aşkar edilmiş şəxsin evində və üzərində olan narkotik vasitənin polis əməkdaşları tərəfindən dəyişdirilməsini və ya evinə əlavə olaraq başqa növdə psixotrop maddənin qoyulmasının inandırıcı olmadığını qeyd edir.
82. Məhkəmə, hər hansı fiziki və psixoloji zorakılığa məruz qalmayan şəxsin (bu hal məhkəmə araşdırması gedişatında təsdiq olunmuşdur) ibtidai istintaq zamanı tam etirafedici ifadə verməsini, barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılan zaman məhkəmə iclasında da törədilməsi ona istinad olunan cinayəti etiraf edərək bu barədə ətraflı və təfərrüatlı məlumat verməsini, hazırki məhkəmə istintaqının gedişatında biri digər ilə uzlaşmayan fərqli və ziddiyyətli xüsusatlara istinad etməsini nəzərə alaraq təqsirləndirilən şəxsin hazırki məhkəmə iclasında səmimi olmaması, ibtidai istintaq zamanı verdiyi ifadəsinin işin həqiqi halları ilə uzlaşan ifadə olması qənaətindədir.
83. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır.
84. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri, üzərinə şəxsi axtarış və götürmə və evə baxışın həyata keçirilməsini özündə əks etdirən videodiskdə olan görüntülər, istifadəsində olmuş mobil telefonda olan yazışmalat və fotoşəkilləri müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı (şübhəli və təqsirləndirilən şəxs qismində ifadə verərkən) verdiyi ifadələrini inandırıcı hesab edir.
85. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələləri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur.
86. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.
87. Məhkəmə iclasında təqsirləndirilən şəxs rəsmi olaraq boşandığını, məhkəmə qətnaməsinə əsasən uşaqlarının analarının himayəsinə verilmələrinə baxmayaraq uşaqların hələ də onunla yaşadıqlarına və analarının onlara baxmadığına istinad edərək himayəsində azyaşlı uşaqlarının olmasının onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmasını xahiş etsə də, məhkəmə Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qətnaməsi əsasında uşaqların analarının himayəsinə verildiklərini, onların rəsmi olaraq atalarının himayəsində olmalarını təsdiq edən sənədin olmadığını nəzərə alaraq həmin halın cəzanı yüngülləşdirən hal qismində nəzərə alınması üçün qanuni əsasın olmaması qənaətindədir.
88. Məhkəmə mTəqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır..
89. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir.
90. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hal, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi mülaicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut narkotik vasitə olan qurudulmuş marixuana, psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılmalı, iş üzrə maddi sübut- Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd “Redmi” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir.
91. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.
92. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.
93. İş üzrə mülki iddia yoxdur.
94. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.
95. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir.
96. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq,
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 12 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – Bakı Şəhəri Sabunçu RPİ-nin saxlancına verilmiş 878,69 qram qurudulmuş marixuana, 115,741 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut-Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd “Redmi” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri 72 və 81 manat olmaqla, 153 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 11 manat olmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 220 manat məbləğində pul vəsaiti Bakı şəhəri “Qanunçuluq” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Nigar İmanova Hakimlər: Kamil Əliyev Vüqar Seyidov