Məhkəmə qərarları › İş №1(101)-1765/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1765/2021

05.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1765/2021 05.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhər Mərkəz Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Əmrulla oğlunun iştirakı ilə xx xxxx 1996-cı il ildə Ucar şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Azərbaycan Respublikası vətəndaşı, Ucar rayonu Təzə Şilyan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 24 iyun 2021-ci il tarixdə saat 01 radələrində tanışı Şahid1 və Şahid2 ilə birlikdə ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-nin inzibati binasının qarşısında yolun digər tərəfində olan adsız kafedə dönər yeyib bitirdikdən sonra kassada hesabı ödəmək üçün duraraq getmiş, qayıtdıqdan sonra kafedə olan tanımadığı “Fedya” ləqəbli şəxsin onunla birlikdə kafedə əyləşmiş Şahid1 ilə mübahisə etməsini görüb səbəbini aydınlaşdırmaq üçün onlara yaxınlaşaraq həmin şəxsə iradını bildirməklə bu zəmində mübahisə etmiş, “Fedya” ləqəbli şəxs ondan uzaqlaşdıqda tanışları Şahid1 və Şahid2 taksi ilə yaşadıqları mənzilə yola salarkən “Fedya” ləqəbli şəxs yenidən kafenin qarşısına qayıdaraq əlində olan pivə şüşəsi ilə gözlənilmədən onun baş nahiyəsindən vuraraq xəsarət yetirməsi səbəbindən aralarında yenidən yaranmış mübahisə zamanı onu vurmaqla qisas almaq niyyəti ilə üzərində olan turist bıçağını cibindən çıxarıb hadisə zamanı orada olan və faktiki olaraq münaqişədə iştirak etməyən Zərərçəkmiş şəxs Əmrulla oğlunu “Fedya” adlı şəxslə birlikdə olmasını və onu məhz Zərərçəkmiş şəxs vurmasını zənn edərək qəsdən bir dəfə vuraraq ona bir ədəd kəsilmiş deşilmiş yara kimi ağır dərəcəli bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs Əmrulla oğlunun sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 23 iyun 2021-ci il tarixdə saat 20 radələrində Şahid1 və onun rəfiqəsi Gülnar ilə birlikdə əylənmək və asudə vaxtların səmərəli keçirmək üçün «Ellips» kluba gedib orada birlikdə spirtli içki qəbul etmişlər. Bir qədər həmin klubda əyləndikdən sonra saat təxminən 12 radələrində tanışları Çinarə və Gülnarla birlikdə taksi ilə 20 yanvar dairəsinin yaxınılığında olan Azərsu ASC-nin inzibati binasının yaxınlığına gəlmişlər ki, oradakı kafedə dönər yedikdən sonra yaşadıqları evə yollansınlar. Həmin yerdə dönər sifariş edərək əyləşmişlər və dönərlərini yedikdən sonra o, hesabı ödəmək üçün kassaya yaxınlaşmışdır. O, hesabı ödəyib geri qayıtdıqda Çinarənin tanımadığı təxminən 25-30 yaşlarında hündürboylu arıq bədən quruluşlu oğlan ilə mübahisə etməsini görüb həmin oğlandan mədəni surətdə nə baş verməsini soruşmuşdur. Həmin şəxs bildirmişdir ki, o yaxşı oğlan olsaydı yanında olan qız ona baxmazdı. Həmin vaxt Gülnar da oğlana nəsə dedikdə aralarında sözlə mübahisə olmuş və həmin oğlan əlini cibinə atdıqda o, həmin şəxsə bildirmişdir ki, «etmə məndə də ondan var». Daha sonra həmin şəxs oradan uzaqlaşıb getmiş və dönərxanadan bıçaq tapıb götürmək istəsə də ona heç kim bıçaq verməmişdir. Sonra həmin şəxs dönərxananın arxasına fırlandığı üçün fikirləşmişdir ki, həmin şəxs artıq çıxıb getmişdir. O, orada olan xatırlamadığı şəxslərdən eşitmişdir ki, onunla mübahisə etmiş şəxs «Fedya» ləqəblidir, lakin, dəqiq adını bilməmişdir. O daha sonra Çinarə və Gülnarı çağıraraq taksiyə əyləşdirmək istəyəndə başqa bir tanımadığı şəxs ona yaxınlaşaraq sözlə mübahisə etmiş və mübahisə zamanı o həmin adama bildirmişdir ki, qadınları taksiyə mindirib yola saldıqdan sonra danışa bilərlər, həmin oğlan da ona öz nömrəsini vermək istədiyi zaman qəflətən bundan əvvəl Çinarə və onunla mübahisə etmiş tanımadığı «Fedya» ləqəbli şəxs ona tərəf gəlib əlində tutduğu pivə şüşəsi ilə gözlənilmədən baş nahiyəsindən zərbə vurmuşdur. O zərbənin təsirindən biraz səndəlləyib öz müvazinətimi saxlamışdır ki, yerə yıxılmasın. Həmin vaxt «Fedya» ləqəbli şəxsin yanında başqa şəxslər də olmuşdur, lakin, o, həmin şəxsləri də tanımamışdır və orada olan şəxslərdən kimlərin onunla birlikdə olmasını bilməmişdir. Həmin vaxt ətraf nisbətən qaranlıq olduğundan orada olan şəxslərin üzləri də aydın sezilməmişdir. O bir anlığa düşünmüşdür ki, onu pivə şüşəsi ilə vuran şəxsin yanında olan şəxslər də onu vurub döyəcəklər. Ona görə də qeyri ixtiyari cibindəki bıçağı çıxarıb ona tərəf gələn şəxsi bir dəfə biçaqla qarın nahiyəsindən vurub xəsarət yetirmişdir. Həmin şəxs xəsarət aldığı üçün geri çəkilmişdir. Daha sonra orada olan tanımadığı şəxslər onları aralaşdırmışlar. O, baş nahiyəsindən aldığı xəsarətlər nəticəsində qəflətən özünü pis hiss etmiş, daha sonra olanları xatırlamır. Polis idarəsində olan zaman bilmişdir ki, onun bıçaqla vurduğu şəxs Fedya ləqəbli şəxs olmamış, həmin şəxs Zərərçəkmiş şəxs Əmrulla oğludur. Hadisə zamanı Telman ona tərəf gəldiyindən o elə bilmişdir ki, onu pivə şüşəsi ilə vuran şəxs odur, ona görə də onu bıçaqla vurub xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs Əmrulla oğlunu əvvəllər tanımamış, onunla ədavəti və ya düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs Əmrulla oğluna xəsarət yetirdiyi bıçağı hadisə baş verən gün «Ellips» klubun yaxınlığından tapmış və məqsədi həmin bıçağı yaşadığı evə aparıb saxlamaq olmuşdur. Baş vermiş hadisə, yəni Fedyanın ona pivə şüşəsi ilə vurub xəsarət yetirməsi və onun Telmanı Fedya zənn edərək bıçaqla vurub xəsarət yetirməyi qısa zaman kəsiyində olmuşdur. O, dəfələrlə «Fedya» ləqəbli şəxsi sakitləşdirmək istəsə də o, sakitləşməmiş və öz hərəkətlərini davam etdirmişdir. Hazırda barışmışlar, zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur, əməlindən də səmimi olaraq peşimandır. İttiham olunduğu cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törətdilməsi özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda şərh edilənlərlə də tam sübuta yetir. Belə ki, məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs Əmrulla oğlu ifadəsində göstərdi ki, 24 iyun 2021-ci il tarixdə saat 00:30 radələrində taksi ilə 20 Yanvar dairəsinə çatmışdır. Ac olduğundan 114 nömrəli avtobus dayanacağının əks tərəfində yerləşən dönərxanaya yaxınlaşaraq dönər sifariş etmiş və hazır olmağını gözləmişdir. Həmin vaxt görmüşdür ki, orada 2 nəfər qadın və 2 nəfər kişi cinsli şəxs mübahisə edir. Həmin kişi cinsli şəxslərdən birinə yaxınlaşaraq ətrafda qadın xeylaqlarının olmasını bildirib ondan söyüş söyməməsini tələb etmişdir. Həmin oğlan da ondan üzr istəyərək bir daha belə etməyəcini demiş və sonra bildirmişdir ki, onunla mübahisə edən şəxsə son sözünü deyib çıxıb gedəcəkdir. O da dönərxanadan sifarişini götürmək üçün kassaya yaxınlaşmışdır. Təxminən 2 dəqiqə sonra üzünü yola tərəf çevirəndə bayaq mübahisə edən şəxslərdən biri olan Təqsirləndirilən şəxs qəflətən yaxınlaşaraq cəld hərəkətlə qarnına bıçaqla zərbə vuraraq ondan uzaqlaşmışdır. Ətrafda olan şəxslər ona yardım edərək TTY vasitəsi ilə Sabunçu rayon Xəstəxanasına aparmışlar. O, tunarı və digər şəxsi tanımamış, əvvəllər də onları görməmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs Qarabağda gedən döyüşlərda iştirak etmişdir, xahiş edir ki, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilsin. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 23.06.2021-ci il tarixdə saat 20-də rəfiqəsi Şahid2 ilə birlikdə istirahət məqsədi ilə «Ellips» kluba getmiş və orada tanışı Təqsirləndirilən şəxs ilə birlikdə əyləşərək spirtli içki qəbul etdikdən sonra saat təxminən 23 radələrində birlikdə taksi ilə 20 Yanvar dairəsində yerləşən kafedə dönər yedikdən sonra yaşadıqları evə getmək fikrinə gəlmişlər. Həmin yerdə dönər sifariş edərək əyləşmiş və dönəri yedikdən sonra Tunar hesabı ödəmək üçün kassaya yaxınlaşmışdır. Həmin vaxt o, yoldan keçən təxminən 25-30 yaşlarında hündürboylu arıq bədən quruluşlu oğlanın ona tərs-tərs baxmağını görüb nə üçün baxdığını soruşmuşdur. Oğlan onunla mübahisə etməyə başlamış, həmin vaxt Tunar gəlib çıxmış və oğlandan mədəni surətdə nə baş verməsini soruşmuşdur. Həmin oğlan isə Tunara bildirmişdir ki, «yaxşı oğlan olsaydı onun yanında olan qızı ona baxmazdı». Tunar ilə aralarında mübahisə olmuş və həmin oğlan əlini cibinə ataraq bıçaq çıxartmaq istədikdə Tunar bunu görüb bildirmişdir ki, «etmə məndə də ondan var». Bu səbəbdən oğlan qaçıb getmiş və dönərxanadan bıçaq tapıb götürmək istəsə də heç kim bıçaq verməmişdir. Sonra oğlan dönərxananın arxasına fırlandığı zaman Tunar onu və Gülnarı çağıraraq taksiyə əyləşdirmək istəyərkən başqa bir şəxs Tunara yaxınlaşaraq onunla sözlə mübahisə etmiş və mübahisə zamanı Tunar bildirmişdiri ki, qadınları taksiyə mindirib yola saldıqdan sonra danışa bilər, hətta oğlan Tunara öz nömrəsini də vermək istəmişdir. Həmin zaman kənardan əlində pivə şüşəsi ilə gələn şəxs Tunarın başından zərbə vurmuşdur. Tunar zərbədən yerə yıxıldığı zaman bıçaqla həmin şəxsin yanında olan şəxsə bir dəfə zərbə vurub yerə yıxılmışdır. Zərbəni vuran şəxs isə hadisə yerindən qaçmışdır. O, həmin şəxsin arxasınca qaçsa da çata bilməmişdir. Bu səbəbdən geriyə qayıtmış və Tunarı yerdə görüb həyəcanlanaraq əlindəki bıçağı götürüb kənara atmışdır Bundan sonra hadisə yerinə polislər gəlmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etdi. Cinayət işinin 5-6-cı vərəqlərində olan 24 iyun 2021-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, cinayət hadisəsi Bakı şəhəri Yasamal rayonu 20 Yanvar dairəsinin yaxınlığında "xxxx" ASC-nin qarşısında yerləşən «Lombard» dükanının qarşısında baş vermişdir. Hadisə yerindən 20 metr kənarda M.A.Qasımov adına RKX-nın arxa darvazasının kənarında cinayət hadisəsinin törədildiyi bir ədəd qara dəstəkli bıçaq aşkar edilərək götürülmüşdür Cinayət işinin 42-43-cü vərəqlərində olan 25 iyun 2021-ci il tarixli zərərçəkmiş şəxsin geyim əşyalarının xəstəxanadan götürülməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs Əmrulla oğlunun xəsarət aldığı zaman üzərində olduğu geyim əşyaları: bir ədəd ağ rəngli, üzərində göy-qırmızı rəngli çiçək bəzəkləri, ön hissəsində şəkkiz düymə ilgəli, sol yaxasının üzərində «Brioni» yazısı olan uzunqol köynəyi ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Cinayət işinin 16-cı vərəqində olan 24.06.2021-ci il tarixli 2/8384 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki,1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs yüngül dərəcədə alkoqol sərxoşluğunun olması müəyyən edilmişdir. Cinayət işinin 106-108-ci vərəqlərində olan məhkəmə-tibbi ekspertizasının 19 avqust 2021-ci il tarixli 693 №-li rəyinə əsasən 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Əmrulla oğlunun almış olduğu xəsarət - qarın ön divarında, solda yerləşərək, qarın boşluğuna nüfuz etmiş, böyük piylik və mədəni zədənmiş 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara deşicikəsici əşya (alət) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni 24.06.2021-ci il tarixdə bıçaqla törənməsi mümkündür və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddir. Cinayət işinin 90-93-cü vərəqlərində olan məhkəmə-kompleks trasoloji ekspertizasının 16 iyul 2021-ci il tarixli 3/1190,3/1191 saylı rəyinə əsasən tədqiqata təqdim edilən 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik turist bıçağıdır, soyuq silah hesab edilmir və üzərində sonradan onun təyinatını dəyişdirən düzəlişlər edilməmişdir. Tədqiqata təqdim edilmiş uzunqol köynəyin səthində rəyin tədqiqi hissəsində yeri göstərilməklə təsvir edilən zədə vardır. Təqdim edilmiş uzunqol köynəyin səthində olan zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan pridmetin, (bıçaq və s) təsiri nəticəsində yaranmaya xarakterikdir, deşilib-kəsilmə zədəsidir.Belə pridmetə tiyəsi həmin xassəyə malik olan bıçaqlar da aiddir. Ümumi əlamətlərinə əsasən uzunqol köynəyin səthində olan zədənin təqdim edilmiş bir ədəd bıçağın da təsirindən yaranması mümkündür. Lakin təqdim edilmiş uzunqol köynəyin səthində olan zədədə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədənin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Cinayət işinin 101-105-ci vərəqlərində olan materialların məhkəmə-lifli ekspertizasının 16 iyul 2021-ci il tarixli 6/2702 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş 01 ədəd bıçağın üzərində kənar lif mikrohissəcikləri və həmçinin Zərərçəkmiş şəxs Əmrulla oğlua məxsus olduğu qeyd edilən 01 ədəd köynəyin tərkib liflərindən yoxdur. Cinayət işinin 150-152-ci vərəqlərində olan ambulator məhkəmə psixiatrik ekspertizasının 30 sentyabr 2021-ci il tarixli 2273 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 153-159 və 184-cü vərəqlərində olan qərar və raportdan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs Əmrulla oğlunun əynində olmuş bir ədəd ağ rəngli, üzərində göy-qırmızı rəngli çiçək bəzəkləri, ön hissəsində şəkkiz düymə ilgəli, sol yaxasının üzərində «Brioni» yazısı olan uzunqol köynək və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi 01 ədəd bıçağ maddi sübut kimi tanınmış və saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadələri ilə yanaşı zərərçəkmiş şəxs və digər şahid ifadələri, hadisə yerinə baxış protokolları, əldə edilmiş maddi sübutlar, eləcə də ekspertiza rəyləri və digər sənədlərlə kifayət qədər sübuta yetirilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə təqsirləndirilən şəxsin qəsdən sağlamlığa ağır zərər vurması sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 126.1-ci maddəsi tövsif edilmiş, ona həmin maddə ilə cəza təyin edilməlidir. Cinayət işinin 128-129, 133-136-cı Təqsirləndirilən şəxs məhkumluğuna dair Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış müvafiq tələbnamədən və 30 sentyabr 2013-cü il tarixli Ucar rayon məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Ucar rayon Məhkəməsinin 30.09.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 01 il islah işləri cəzasına məhkum edilmişdir. CM-nin 83-cü maddəsinə əsasən bu hökm Təqsirləndirilən şəxs münasibətdə məhkumluqla bağlı heç bir hüquqi nəticə yaratmır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində göstərir ki, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Cinayət işinin 28-29 və 74-77-ci vərəqində olan protokol və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 24 iyun 2021-ci ildə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 86-88-ci vərəqlərində olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 2-ci Qarabağ müharibəsi başlandıqdan sonra könüllü olaraq müharibədə iştirak edərək 18 dekabr 2020-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin 2353 nömrəli sərəncamı ilə «Cəsur döyüşçü» medalı ilə, döyüşlərdə fəal iştirak etdiyinə görə fərqlənmə medalı və təşəkkürnamə ilə təltif edilmişdir. Həmçinin barəsində tərtib edilmiş xasiyyətnamədən görünür ki, yaşadığı yer üzrə müsbət xarakterizə olunur. X3 əvvəllər məhkum olunmaması, zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmaması, 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmaqla «Cəsur döyüşçü» medalı ilə, döyüşlərdə fəal iştirak etdiyinə görə fərqlənmə medalı və təşəkkürnamə ilə təltif edilməsi CM-nin 59.1.12 və 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. X3 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, CM-nin 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimaitəhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında“ olan 12.01.1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, əvvəllər məhkum olunmaması, zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsin ondan şikayət və ya tələbinin olmaması 2-ci Qarabağ müharibəsi başlandıqdan sonra könüllü olaraq müharibədə iştirak edərək 18 dekabr 2020-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin 2353 nömrəli sərəncamı ilə «Cəsur döyüşçü» medalı ilə, döyüşlərdə fəal iştirak etdiyinə görə fərqlənmə medalı və təşəkkürnamə ilə təltif edilməsi kimi yüngülləşdirici halları nəzərə almaqla məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, X4 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi onu, eləcə də ailəsini ciddi məhrumiyyətlərə düçar edər, onu cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. CM-nin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə, təqsirləndirilən şəxsin üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. X3 cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Cinayət işi üzrə üzərinə həbs qoyulmuş əmlak və mülki iddia yoxdur, məhkəmətrosoloji və məhkəmə-lifli ekspertizaları ilə bağlı məhkəmə xərcləri olan168 manat 16 qəpik pul X1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut olaraq Yasamal RPİ-də saxlanılan bir ədəd ağ rəngli, üzərində göyqırmızı rəngli çiçək bəzəkləri, ön hissəsində şəkkiz düymə ilgəli, sol yaxasının üzərində «Brioni» yazısı olan uzunqol köynək Zərərçəkmiş şəxs Əmrulla oğluna verilməli, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi 01 ədəd bıçaq CPM-nin 132.7-ci maddəsinə əsasən məhv edilməlidir. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə təyinatla Bakı Şəhər Mərkəz Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Cinayət işinə əlavə olunmuş hesabatdan görünür ki, müdafiəçinin dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 25 (iyirmi beş) saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 150 (bir yüz əlli) manat təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 150 (bir yüz əlli) manat fəaliyyət göstərdiyi Bakı Şəhəri Mərkəz Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351- 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3(üç) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, 24 iyun 2021-ci il tarixdən tutularaq hazırkı vaxtadək həbsdə saxlanıldığı müddət ümumi cəza müddətinə hesablansın. Barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 1 (bir) il sınaq müddəti müəyyən edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalında həbsdən azad olunsun, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçililsin və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Maddi sübut olaraq Yasamal RPİ-də saxlanılan bir ədəd ağ rəngli, üzərində göyqırmızı rəngli çiçək bəzəkləri, ön hissəsində şəkkiz düymə ilgəli, sol yaxasının üzərində «Brioni» yazısı olan uzunqol köynək Zərərçəkmiş şəxs Əmrulla oğluna verilsin, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi 01 ədəd bıçaq məhv edilsin. Məhkəmə xərcləri olan 168 manat 16 qəpik pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 150 (bir yüz əlli) manat fəaliyyət göstərdiyi Bakı Şəhəri Mərkəz Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Telman Hüseynov Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar