Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1767/2024 10.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Namazov Fərid Arif oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, müdafiəçi- Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olduqdan sonra 20 may 2024-cü il tarixdə iş üzrə məhkəmənin hazırlıq iclası keçirilərək Təqsirləndirilən şəxs təqsirləndirildiyi həmin maddə ilə məhkəməyə verilməsi və iş üzrə məhkəmə baxışının təyin edilməsi qərara alınmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, hazırkı cinayət işinin məhkəmə aidiyyəti Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə aiddir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama görə, o, Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021 -ci il tarixli qərarının 4-cü bəndi tətbiq edilməklə cəzası 06 ay azadılmaqla, 22 fevral 2022-ci il tarixdə cəzasının sonu ilə azadlığa buraxılmasına baxmayaraq qanunla müəyyən olunmuş qaydada məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 11,021 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla, Abşeron rayonu, Xırdalan şəhəri, “Abşeron Gənclər Şəhərciyi” yaşayış kompleksinin yaxınlığına daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 26 yanvar 2024-cü il tarixdə saat 12:05-də qeyd olunan ünvanda olduğu zaman saxlanılaraq Bakı şəhəri, Nərimanov rayonu, Dəmirçizadə 7 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə gətirilməklə orada həmin gün saat 14:00-dan etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qırmızı rəngli idman gödəkçəsinin sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 02 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 6,306 qram və 4,715 qram olmaqla, ümumi çəkisi 11,021 qram olan külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Habelə, məhkəmə baxışı zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs 26 yanvar 2024-cü il tarixdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, “Abşeron Gənclər Şəhərciyi” yaşayış kompleksinin yaxınlığında saxlanıldığını bildirmişdir. Cinayət işinin materiallarından da görünür ki, Təqsirləndirilən şəxs qanunsuz əldə etdiyi psixotrop maddə ilə polis əməkdaşları tərəfindən məhz Abşeron rayonu, Xırdalan şəhəri, “Abşeron Gənclər Şəhərciyi” yaşayış kompleksinin yaxınlığında saxlanılaraq Bakı şəhərinə gətirilmişdir. Yəni Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində cinayət törətmək niyyəti olmamış, törətdiyi cinayət əməli Abşeron rayonu ərazisində başa çatmışdır. Belə olan halda, ərazi aidiyyəti üzrə hazırki cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 29-cu maddəsinə əsasən, heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. İşin qanuni hakimin icraatından əsassız götürülməsi və ya bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur. Cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 75-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”-nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli qərarının 8-1.1-ci bəndinə əsasən Abşeron rayonu Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 1(101)-1767/2024 saylı cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 may 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Odur ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində məhkəmə iclası keçirilənə və qətimkan tədbiri ilə bağlı müvafiq qərar qəbul edilənə qədər Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması barədə sözügedən qərarın mövcudluğu nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 29, 69, 74, 75-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 may 2024-cü il tarixli qərarının olması nəzərə alınsın. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1767/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1767/2024
10.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver