Məhkəmə qərarları › İş №1(101)-1768/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1768/2025

12.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1768/2025 12.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, hakimlər Məmmədov Fəxri Afiq oğlu və Əsgərova-X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü “Praym Leqal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhəri, Xətai rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, himayəsində 2 azyaşlı uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 3,059 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlayıb daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 06 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,686 qram, 0,366 qram, 0,506 qram, 0,381 qram, 0,541 qram və 0,579 qram olmaqla ümumi təmiz çəkisi 3,059 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini külli miqdarda əldə edib üzərində saxlamaqla 23 may 2025-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi C.Xanməmmədov küçəsində yerləşən klub adlanan əraziyə kimi daşımış, həmin gün orada saat 12:39-da Suraxanı rayon Pİ-nin 30-cu PŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq orada videoçəkiliş keçirilməklə üzəri yoxlanılan zaman əynində olan tünd göy cins şalvarının sağ yan cibində həmin 06 ədəd şəffaf sellofan bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,686 qram, 0,366 qram, 0,506 qram, 0,381 qram, 0,541 qram və 0,579 qram olmaqla ümumi təmiz çəkisi 3,059 qram təşkil edən ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış həmin külli miqdarda psixotrop maddə metamfetamin 06 ədəd bükümündə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. xx.xx.2025-ci il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul barədə bildirilmişdir (cild 1, iş vərəqi 3).

4. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq xeyli miqdarda psixotrop maddələri istifadəsi məqsədi ilə əldə edib Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində dövriyyəsi ilə məşğul olması barədə Suraxanı RPİ-nin 30-cu PŞ-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır (cild 1, iş vərəqi 4-5).

5. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan, diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan və ona əlavə olunmuş diskdən görünür ki, Təqsirləndirilən şəxs saxladığı hər hansı qanunsuz əşyanı təqdim etməsi təklif olunmuş və Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 06 ədəd şəffaf sellofan bükümdə bükülmüş bükümü təqdim edərək həmin kütlənin psixotrop maddə olan (patı) metamfetamin olduğunu və tanımadığı İran vətəndaşından 50 manata əldə etdiyini bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs cins şalvarının sol yan cibindən özünə məxsus Samsung markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş 06 ədəd şəffaf sellofan paketdə olan ağ rəngli kristal hissəciklərdən ibarət olan spesifik iyə malik kütlə, eyni zamanda elektron tərəzidə ölçülərkən 3,59 qram çəkidə olması müəyyən edilmişdir (cild 1, iş vərəqi 8-9, 81).

6. Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında xx.xx.2025-ci il tarixli protokoldan, diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan və ona əlavə olunmuş diskdən görünür ki, təqdim olunan iki ədəd 194 saylı möhürlə möhürlənmiş zərflərin tamlığı pozulmamışdır. 01 ədəd DVD-yə Fijutsu markalı kompüterdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan psixotrop maddə metamfetaminə bənzər maddənin aşkar olunması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin psixotrop maddə olmasını bildirməsi, həmin kütlə elektron tərəzidə çəkilərkən 3,59 qram olması, həmin maddələrin və Samsung markalı mobil telefonun qablaşdırılıb zərfə qoyularaq 194 saylı möhürlə möhürlənməsi öz əksini tapmışdır (cild 1, iş vərəqi 30-31, 82).

7. Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/1938 saylı rəyində aşağıdakılar göstərilmişdir: Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №194” dairəvi möhür əksi olan “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş zərfin içərisində 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,686 qram, 0,366 qram, 0,506 qram, 0,381 qram, 0,541 qram və 0,579 qram ümumi təmiz çəkisi 3,059 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 1, iş vərəqi 37-41).

8. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 3359 №-li rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Bakı şəhər NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır (cild 1, iş vərəqi 128-129).

9. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1835 №-li rəyinə əsasən, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs halhazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi müalicənin tətbiq edilməsinə və onun cəmiyyətdən təcrid olunmasına ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət törətdiyi vaxtda şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır (cild 1, iş vərəqi 136-139).

10. 01.09.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 3,059 qram psixotrop maddə metamfetamin maddi sübut qismində tanınmış və tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 2,879 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 145-154).

11. 02.09.2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən CMin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 158-159).

12. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında, rəhbərlliyə məruzə olunaraq əməliyyat qrupu yaradılmış, sonra şəxsi saxlayaraq, narkotik vasitənin satışı və istifadəsində şübhəli olduğunu bildirmişlər. Üzərində qanunla qadağan olunmuş əşya olub-olmamasını soruşmuş, olduğu təqdirdə təqdim etməsini bildirmişlər. Şəxs üzərində olan 6 ədəd bükümü və telefonunu onlara təqdim etmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, əməliyyat qrupuna o, rəhbərlik etmişdir. Əməliyyat qrupunda onunla bərabər Ruslan və Afiq olmuşdur. Şəxsi axtarış videoçəkilişlə aparılmışdır. Şəxsə qarşı hər hansı təzyiq olmamışdır. O, 10 ildir həmin bölmədə işləyir. İşlədiyi müddətdə təqsirləndirilən şəxs barəsində onun narkotik vasitələrin istifadəsi və ya satması ilə bağlı bir dəfə məlumat daxil olmuşdur, amma müəyyən edib saxlaya bilməmişlər. Şəxsi saat 7-də evinin qabağında tutmaqları və onu əvvəl bölməyə aparmaqları barədə Təqsirləndirilən şəxs dedikləri yalandır. Əməliyyatda iştirak edən zaman üzərində mobil telefonun olub-olmaması yadında deyil. Əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərarın qanuniliyinin yoxlanılması barədə hər hansı məhkəmə prosesi olmamışdır. Təqsirləndirilən şəxs tutulması ilə bağlı saat dəqiq yadında deyil. Şəxs hal-hazırda da mütəmadi olaraq narkotik vasitə satır. Təqsirləndirilən şəxsin ona qarşı təzyiqlərin olması, dəfələrlə çəkiliş aparması barədə dedikləri yalandır.

13. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Əməliyyat tədbirləri keçirilmiş, şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Üzərində olan narkotik vasitəni onlara təqdim etmişdir. Daha sonra şöbəyə gətirib təhqiqata təqdim etmişlər. O, suallara cavab olaraq bildirmişdir ki, əməliyyat qrupuna Şahid1 rəhbərlik etmişdir. Üzərinə şəxsi axtarışı, narkotik vasitəni özü təqdim etdikdən sonra keçirmişlər, orada çəkilişdə də olmuşdur. Üzərindən 6 büküm ağ sellofana bükülmüş metamfetamin aşkar edilmişdir. Şəxsə qarşı hər hansı təzyiq və təsir olmamışdır. Əməliyyatda o, Bəşir və Ruslan olmuşlar. Məlumatın kimə daxil olduğunu dəqiq bilmir. Əməliyyat qrupuna Şahid1 rəhbərlik etmişdir. Şəxsin onu saat 7-də evinin qabağından götürülməsi barədə dedikləri yalandır. Maşınla gəlib şəxsi saxlamışlar və saxladıqdan sonra özlərini təqdim etmişlər. Yəqin ki, şəxsin barəsində agent məlumatı olmuşdur. Əməliyyat zamanı onlar mobil telefondan istifadə etmirlər. Şəxsin saxlanılmasında o, iştirak etmişdir. Əməliyyat zamanı onun mobil telefonu otaqda olmuşdur. Onun mobil telefonu ilə otaq yoldaşı danışa bilər. Otaq yoldaşı gələn zənglərə cavab verə bilər. 8 ildir həmin bölmədə işləyir. Bu müddət ərzində Təqsirləndirilən şəxs barədə hər hansı başqa məlumatların daxil olmasından xəbəri yoxdur. Onlarda ərazi bölünür, hərənin öz ərazisi var, o, Təqsirləndirilən şəxs yaşadığı əraziyə baxmır. İstintaq zamanı verdiyi ifadələrini təsdiq edir. Şəxs saxlanılan zaman telefonu otaqda olmuşdur.

14. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, narkotik vasitələrin satışı və dövriyyəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatını dəqiqləşdirmək üçün deyilən ünvana yaxınlaşmışlar. Fakt təsdiqini tapmışdır. Sonra videoçəkilişlə özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs özü könüllü şəkildə üzərində olan narkotik vasitəni və telefonunu təqdim etmişdir. Həmin narkotik vasitəni qablaşdırmışlar, sonra şəxsi 30-cu PŞ-yə gətirmiş, təhqiqatçıya təhvil vermişlər. O, suallara cavab olaraq bildirmişdir ki, fərq etmir ki, hansı əraziyə baxırsan, əməliyyatçı kimi ərazidən asılı olmayaraq bütün əməliyyatlarda iştirak edirlər. İstintaqda verdiyi ifadəni təsdiq edir. 5 ildir həmin bölmədə xidmət aparır. 5 il ərzində Təqsirləndirilən şəxslə bağlı onun narkotik vasitənin satışı və ya istifadəsi ilə bağlı bəlkə də məlumat olmuşdur, onun xəbəri yoxdur. Təqsirləndirilən şəxs haradan və necə götürməkləri videoçəkilişdə öz əksini tapmışdır. Şəxsin onu saat 7-də evinin qarşısında götürməkləri barədə dedikləri yalandır. Əməliyyatda olarkən iş telefonunda və ratsiyadan istifadə edirlər. Sonu 04-00 nömrə onun mobil nömrəsidir. Bu nömrə əməliyyat zamanı üzərində olmuşdur. Radiostansiyanı növbətçi hissədən də götürürlər, üzərilərində də olur.

15. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 23 may 2025-ci il tarixdə saat 13:29 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsi ilə piyada hərəkətdə olmuşdur. Həmin vaxt onunla üzbəüz hərəkədə olan avtomobilin sürücüsü maşını saxlamışdır. Həmin maşından 3 nəfər mülki geyimdə olan şəxs düşərək ona yaxınlaşmışlar. Həmin şəxslərdən biri əlində olan mobil telefonla çəkiliş aparmışdır. Həmin şəxslər özlərini ona təqdim edərək 30-cu PŞ-in əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra ondan özünü təqdim etməyini istəmişlər. O, polis əməkdaşlarına özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis əməkdaşları ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olub olmadığını soruşmuşlar. Həmin vaxt o, əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 06 ədəd şəffaf rəngli sellofan kəsiyində olan bükümləri və həmin şalvarın sol yan cibindən isə Samsung markalı mobil telefonu çıxardaraq təqdim etmişdir. Polis əməkdaşları ondan həmin 06 bükümlərdə olan bükümlərinin içərisində nə olduqlarını soruşmuşlar. O, polis əməkdaşlarına bükümlərdə olan kütlənin metamfetamin olduğunu bildirmişdir. Daha sonra onun təqdim etdiyi bükümlər tərəzidə çəkilərək qablaşdırılmışdır. O və polis əməkdaşları həmin zərfi imza etmişlər. Daha sonra onlar Suraxanı RPİ-nin 30ci PŞ-nə getmişlər. O, verilən suallara cavab olaraq bildirmişdir ki, ifadəsində göstərdiyi psixotrop maddə metamfetamini aldığı şəxsin adını, soyadını, atasının adını, ünvanını bilmir. Həmin narkotik vasitəni özü istifadə edəcəkdir. Saxlanılarkən və ya üzərinə şəxsi axtarış aparılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki güc tətbiq olunmamış, həmçinin psixoloji təsirə məruz qalmamışdır. Törətdiyi əməli səmimi etiraf edərək üzərində olan psixotrop maddə metamfetamini təqdim etmişdir.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü və məhkəmə istintaqı zamanı həmin dəlillərin araşdırılması nəticəsində toplanmış sübutlar aşağıdakılardır:

16. Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 23 may 2025-ci il tarixdə Suraxanı Rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsində yaşadığı ünvanda səhər saat 07 radələrində mağazaya düşən zaman bazarın qarşısında, yəni bazara daxil olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və 30-cu PŞ-in polisləri olduqlarını bildirmişlər. Ruslan və Bəşir adında iki nəfər polis əməkdaşı idi. Daha sonra onu bölməyə aparmışlar. Onu bölməyə səhər aparmışlar, saat 12-1-ə kimi onu bölmədə saxlamışlar. Bölmədən onu çıxardıb bir-iki dəfə başqa-başqa yerlərə aparmışlar, əvvəl niyə belə etdiklərini bilməmişdir, sonradan bilmişdir ki, telefonu ilə kiminləsə danışmışlar, onu tutub gətirmək istəyirlər. Daha sonra onu yenidən bölməyə gətirmişlər, saat hardasa bir, ikinin yarısı olardı. Çəkiliş etmişlər, çəkilişdən əvvəl ona narkotik vasitəni cibindən çıxaracağını, hansı sözləri deyəcəyini, deməsə, bundan da ağır çəkidə üstünə narkotik vasitə qoyacaqlarını bildirmişlər. Ona vəkil təyin etmişlər, vəkil ona necə olub elədə danışmasını bildirmişdir. Burda verdiyi kimi orada da izahat vermişdir. Ona görə də həmin vəkili uzaqlaşdırdılar, sonra başqa vəkil təyin etdilər. Bundan sonra ona işgəncə və hədə-qorxu gəlmişlər, evindən də narkotik vasitə çıxması ilə hədələmişlər. O, evində heç nə olmadığını bildirmişdir. Ona balkondan evə atacaqlarını bildirmişlər. Onun balkonu da aşağıdandır. Ailəli olduğu üçün və himayəsində uşaqları olduğu üçün dedikləri kimi hər şeyi üstünə götürmüşdür. Həmin narkotik vasitəni gözünün qabağında bağlayıb onun cibinə qoymuşlar. O, suallara cavab olaraq bildirmişdir ki, ancaq metanfetamin istifadə etmişdir. Taksi fəaliyyəti ilə məşğul olmuşdur. İlk dəfədir məhkum olur. Ona qarşı olan haqsızlıqlarla bağlı heç yerə şikayət etməmişdir. Barəsində qətimkan tədbiri seçilərkən də məhkəmədə ona qarşı olan haqsızlıqlarla bağlı heç nə deməmişdir. Əvvəllər narkotik vasitə istifadə etmişdir, indi bir ildir ki, istifadə etmir. Rəis müavininə Hövsanda hegamonluq etdiyini demişlər, guya arxasında rəis müavinin dayandığını demişdir. Sonuncu da bu məsələ ilə bağlı ona qarşı qərəzli olmuşdur. Çəkilişdə onu saxlayan polislərdən əlavə başqa polislər də olmuşdur. İdarədə iki dəfə çəkiliş olmuşdur. Bir dəfə malı cibindən tullamışdır, təzədən maşını arxaya vermişlər, yenidən gəlib çəkiliş etmişlər. Hadisə yerində günorta olduğuna görə çox adam olmamışdır, amma ətrafda bir-iki nəfər olmuşdur. Orada müşahidə kameraları var idi, onu bölməyə hansı MMK-ların yanından keçməklərinin hamısını qeyd etmişdir. Saat on bir, on ikiyə kimi bölmədə saxlamışlar. Etiraf etmədiyini görüb sonra maşına mindirib onu evin yanına aparmışlar. Daha sonra yenə bölməyə gətirmişlər. Yenidən bölməyə gətirmələrinin səbəbi ona hədə-qorxu gəlmələri, guya evindən mal çıxaracaqları olmuşdur. Bölməyə gəldikdən sonra onun qarşısına böyük çəki qoymuşlar, bunu götürməli olduğunu demişlər. O da götürməyəcəyini demişdir, təzədən həmin çəkini 10 ədəd etmişlər, o da on ədədin çox olacağını bilirdi, külli miqdardan başı çıxmırdı. Əməliyyatçı onu aldatmışdır ki, bu külli miqdar getmir, bu istifadəçi kimi gedir. O da 03 qramı götürmüşdür. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, onu döyməmişlər, ancaq hədə-qorxu gəlmişlər. Rəis müavininə onun burda yaşamasını istəmirsə, evini satıb, çıxıb gedəcəyini, amma onu tutmamasını demişdir. Sonuncu onun adından danışmağın düzgün olmadığını, Hövsanda hegemonluq etdiyini, guya onun arxasında rəis müavininin dayandığını dediyini bildirmişdir. Sonuncu da bu məsələ ilə bağlı ona qarşı qərəzli olmuşdur. O, müdafiçiəsinin çıxışı ilə razıdır, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alınmasını xahiş etmişdir.

17. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tutulduğu zaman, həmçinin tutulduqdan sonra Suraxanı RPİ-nin əməkdaşları tərəfindən heç bir fiziki, mənəvi-psixoloji təsirlər və təzyiqlər olmamışdır. Təqsirləndirilən şəxs RPİ-nin X3 təhvil verilən zaman heç bir xəsarəti olmadığından bu barədə akt tərtib edilməmişdir.

18. Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan və 4284/2025 nömrəli məhkumun tibbi kitabçasının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə 3 saylı istintaq təcridxanasına daxil olmuşdur. İlkin tibbi müayinədən keçirilərkən təqsirləndirilən şəxs keçirdiyi xəstəliklər barədə məlumatlarda heç bir xəsarət bildirməmiş, səhhəti ilə bağlı şikayət olmamışdır. 5 ay metamfetamin istifadə etdiyini bildirmişdir. Daxil olarkən xəsarət aldığını bildirmiş, bədən baxışı zamanı yeni zədə və xəsarət izləri aşkar edilməmişdir.

Hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

19. CM-in 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

20. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

21. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

22. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

23. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

24. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

25. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:

26. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

27. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

28. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

29. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

30. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

31. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

32. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

33. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

34. Maddə 193.2. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.

35. 193.5. Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir.

Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

36. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, psixotrop maddə metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

37. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

38. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

39. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”

40. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, İstintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: ... 5.7.5. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı

41. Qərarın 16-cı bəndi. Məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.1-1-ci maddəsində həmin Məcəllənin 234.1-ci maddəsində göstərilən əməllərin külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir.

42. Odur ki, CM-in 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilib törədilməməsi məsələsi 961-İİQ nömrəli Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

43. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

44. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

Avropa Məhkəməsinin president hüququ:

45. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

46. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Eyni zamanda təqsirləndirilən şəxsdə aşkar edilmiş psixotrop maddənin miqdarı və digər sübutlar külli miqdarda psixotrop maddənin satış məqsədi olmadan əldə edilməsinə dəlalət edir.

47. Psixotrop maddənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin maddənin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir (qərarın 27-ci bəndi).

48. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş psixotrop maddənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır (bax: qərarın 37, 38, 39-cu bəndləri).

49. Məhkəmənin mövqeyinə görə, Təqsirləndirilən şəxs tərəfindən satış məqsədi olmadan psixotrop maddəni əldə etmə, saxlama və daşımasına dair ittiham əsaslıdır. Belə ki, işdə olan sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 3,059 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlayıb daşımışdır.

50. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, təqsirləndirilən şəxs ona işgəncə və hədə-qorxu gəldiklərini, evindən də narkotik vasitə çıxması ilə hədələdiklərini, ailəli olduğu üçün və himayəsində uşaqları olduğu üçün dedikləri kimi hər şeyi üstünə götürdüyünü, həmin narkotik vasitəni gözünün qabağında bağlayıb onun cibinə qoyduqlarını, səhər saat 7 radələrində saxlanıldığını bildirərək özünü təqsirli bilməmişdir.

51. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs tutulduqdan sonra ona psixoloji, fiziki təsir göstərilməsi barədə etirazlar etməmiş, bu barədə ibtidai araşdırma zamanı, məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən nə özü, nə vəkili və nə də başqa şəxslər bildirməmiş, istintaq təcridxanasına yerləşdirilərkən üzərində hər-hansı xəsarət aşkar edilməmiş və döyülməsi barədə məlumat verməmiş, həmin dəlilləri ancaq məhkəmədə bildirmişdir. Belə ki, məhkəmənin sorğusu əsasında Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs tutulduğu zaman, həmçinin tutulduqdan sonra Suraxanı RPİ-nin əməkdaşları tərəfindən heç bir fiziki, mənəvi-psixoloji təsirlər və təzyiqlər olmamışdır. Təqsirləndirilən şəxs RPİ-nin X3 təhvil verilən zaman heç bir xəsarəti olmadığından bu barədə akt tərtib edilməmişdir. Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan və 4284/2025 nömrəli məhkumun tibbi kitabçasının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə 3 saylı istintaq təcridxanasına daxil olmuşdur. İlkin tibbi müayinədən keçirilərkən təqsirləndirilən şəxs keçirdiyi xəstəliklər barədə məlumatlarda heç bir xəsarət bildirməmiş, səhhəti ilə bağlı şikayət olmamışdır. 5 ay metamfetamin istifadə etdiyini bildirmişdir. Daxil olarkən xəsarət aldığını bildirmiş, bədən baxışı zamanı yeni zədə və xəsarət izləri aşkar edilməmişdir. Nəzərə almaq lazımdır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil.

52. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müdafiə tərəfinin vəsatətinin təmin edilərək qəbul edilmiş qərar əsasında “Azercell Telecom” və "xxxx" MMC-dən məhkəməyə daxil olmuş məktuba əlavə olunmuş disklərdəki məlumatlardan görünür ki, müdafiə tərəfinin qeyd etdiyi hallar öz təsdiqini tapmamış, eyni zamanda iş üzrə hər hansı əhəmiyyətli yeni bir hal da aşkar edilməmişdir.

53. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir (qərarın 28, 40, 41, 42, 43, 44-cü bəndlərindəki normativ aktlara əsasən).

54. Məhkəmə təqsirləndirilən şəxsdə aşkar edilmiş psixotrop maddənin külli miqdar təşkil etməsini, təqsirləndirilən şəxsin üzərində psixotrop maddənin olmasını səmimi şəkildə ibtidai istintaqda etiraf etməsini, habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, külli miqdarda psixotrop maddə metamfetamini məhz satış məqsədi olmadan əldə etmişdir.

55. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir (qərarın 26-cı bəndi).

56. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

57. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 20, 21, 22, 23-cü bəndləri).

58. Şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü X6, xx.xx.2018-ci il təvəllüdlü X7 adlı azyaşlı uşaqları vardır (cild 1, iş vərəqi 74-77). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 126-127). xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur (cild 1, iş vərəqi 135). Məhkəmə CM-in 59.1.4, 59.2-ci maddələrinə əsaslanmaqla təqsirləndirilən şəxsin himayəsində 2 nəfər azyaşlı uşağının olmasını, əvvəllər məhkum olunmamasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.

59. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

60. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 24-cü bəndi).

61. İşdə olan tutma protokolundan və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 23 may 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə barəsində 25 may 2025-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həmin Məhkəmənin 03 sentyabr 2025-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. (cild 1, iş vərəqi 26, 98-102, 182-183, 202-207). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı və ev dustaqlığında olduğu üçün həbsdə və ev dustaqlığında olduğu müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (qərarın 25, 30 və 31-ci bəndləri).

62. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmalı, o, məhkəmə iclas zalında dərhal həbs edilməlidir. Habelə, Təqsirləndirilən şəxs barəsində seçiləcək həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır.

63. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır.

64. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

65. İş üzrə maddi sübut olan, Suraxanı RPİ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 2,879 qram psixotrop maddə metamfetamin məhv edilməlidir (qərarın 32-ci bəndi).

66. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.

67. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 33-cü bəndi).

68. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, “Praym Leqal” Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 45 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına “Praym Leqal” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 495 manat məbləğində pul köçürülməlidir (qərarın 34, 35-ci bəndləri).

69. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun, o, məhkəmə iclas zalında dərhal həbs edilsin və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Kanvoy Taboru vasitəsilə Bakı İstintaq Təcridxanasına həvalə olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə ona təyin edilmiş cəzanın əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış Suraxanı RPİ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 2,879 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Praym Leqal” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 495 (dörd yüz doxsan beş) manat məbləğində pul köçürülsün. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar