Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1774/2024 22.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X14 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə6, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə1, müdafiəçi – Bakı şəhər 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 2008-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuşdur. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, tanışı Zərərçəkmiş şəxs və digər tanışları ilə 06 yanvar 2024-cü il tarixdə, saat 17:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 64 ünvanında yerləşən «Elit» kafesinin salonunda olarkən Zərərçəkmiş şəxs ona qarşı xoş olmayan, yəni təhqiredici ifadələrlə müşayiət olunan zarafatına irad bildirdikdə, bu səbəbdən aralarında yaranmış mübahisədən sonra öz ünvanına həmin şəxslərlə bir daha oturmayacağı ilə bağlı nalayiq sözlər deyərək kafedən çıxaraq gedib yaşadığı evin mətbəxindən dəstəyi qara rəngli plastmas lövhədən ibarət 115 mm və tiyəsi gümüşü rəngli metaldan ibarət olan 130 mm uzunluqda zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, soyuq silah hesab edilməyən mətbəx bıçağını götürüb yenidən həmin yerə qayıtdıqda, zərərçəkmiş Zərərçəkmiş şəxs ona bir daha onların yanına gəlməyəcəyi ilə bağlı nalayiq sözlər deməsini xatırlatdıqda, kafenin içərisində sonuncunun sol sifət nahiyəsindən 1 (bir) yumruq zərbəsi vurduqdan sonra kafenin giriş qapısının qarşısında Zərərçəkmiş şəxs qarın nahiyəsinə 1 (bir) dəfə vurub qarın boşluğuna nüfuz edərək kəskin qanaxma, böyük piyliyin eventerasiyası, mədənin və mədəaltı vəzin zədələnməsi ilə müşaiyət olunmuş deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqında qanuni nümayəndə vasitəsi ilə təqsirləndirilən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, məşqdən gəldikdən sonra uşaqlara (tanışlarına) zəng edib sonuncularla görüşmüşdür. Axşam saat 17:00 radələrində o, Zərərçəkmiş şəxs ilə görüşmüşdür. Elvinin yanında onun tanımadığı dostları olmuşdur. Sonra o, Elvingili ilə birlikdə kafedə oturmuşdur. Zərərçəkmiş şəxs və onun tanımadığı Elvinin dostları onunla zarafat etməyə başlamışlar. O, Elvinə və sonuncunun dostlarına onunla zarafat etməmələri üçün irad bildirmişdir. O, Elvingilin etdikləri zarafata görə əsəbiləşmiş və Elvin ilə birgə oturduğu masanı tərk edərək həmin masaya qayıtmayacağı barədə söyüş söymüşdür. O, Elvingilin ona ana söyüşü zarafat etməsini qəbul etməmişdir. Onun anası hicablı qadındır. O, anasına söyüş söyülməsini qəbul etməmişdir. O, masanı tərk etdikdən sonra yaşadığı evə getmiş və evdə mətbəx otağından mətbəx bıçağını götürüb belinə qoymuşdur. O, Zərərçəkmiş şəxs və dostlarının çox olduğundan, sonuncuların onu döyəcəklərindən qorxduğu və özünü müdafiə etmək üçün həmin bıçağı götürmüşdür. Onun ikinci dəfə Zərərçəkmiş şəxs və sonuncunun dostlarının yanına getməkdə məqsədi Zərərçəkmiş şəxs 1 (bir) dəfə yumruq zərbəsi vurmaq istəməsi olmuşdur. Bununla da onun ürəyi sakitləşəcəkdi. O, Zərərçəkmiş şəxs bıçaqla vurmaq fikirində olmamışdır. Bundan sonra o, həmin kafeyə geri dönmüş və Zərərçəkmiş şəxs oturduğu masanın arxasında əyləşmişdir. O, Elvinin yenidən söyüş söyməsini gözləmişdir. Elvin isə, ona söyüş söyməkdə düzgün etdiyini bildirmişdir. O, Elvinə bu hərəkəti etməyi dayandırmağı bildirmişdir. Həmçinin o, Elvinə sonuncunu vuracağını deyib onunla zarafat etməsini dayandırmasını istəmişdir. Sonra o, Zərərçəkmiş şəxs 1 (bir) dəfə yumruq zərbəsi vurmuşdur. O, Elvinə yumruq zərbəsi vurduqdan sonra kafeni tərk etmək fikrində olmuşdur. Bundan sonra o, kafeni tərk etmişdir. O, Elvini vurduqda, sonuncu ona “mən də bunu istəyirdim, indi çıxaq çölə” demişdir. O da, kafeni tərk etmişdir. Həmin vaxt onun arxasınca Zərərçəkmiş şəxs və tanımadığı Elvinin dostu gəlmişdir. O, Zərərçəkmiş şəxs və sonuncunun dostlarının üzərində bıçaq olacağını düşünmüşdür. O, həmin vaxt əsəbi olmuş və ona görə də özündə olmamışdır. Sonra o, Zərərçəkmiş şəxs bıçaqla vurmuş, lakin Zərərçəkmiş şəxs necə bıçaqla vurduğunu özü də bilməmişdir. O, kamerada baş vermiş hadisəyə baxdıqda, təəccüblənmişdir. O, Elvinin ayağına bıçaqla zərbə vurduğunu düşünmüşdür. Lakin o, Elvinin qarın nahiyəsindən 1 (bir) dəfə bıçaq zərbəsi vurmuşdur. Sonra o, hadisə yerindən qaçıb getmişdir. O, qaçan vaxt Zərərçəkmiş şəxs dostları onun arxasında gəlmişlər. O, həmin vaxt şokda olmuşdur. Çünki birinci dəfə idi ki, o, bıçaqla zərbə vurmuşdur. Zərərçəkmiş şəxs dostları onun əlindən vurmuşlar və əlindəki bıçaq yerə düşmüşdür. Bundan sonra o, yaşadığı ünvana getmişdir. O, qorxduğu üçün taksi çağırmış və gələn taksi ilə əmisigilə getmişdir. Zərərçəkmiş şəxs dostları onu vurduqları üçün o, oradan qaçmışdır. Zərərçəkmiş şəxs dostları daş ilə onun başına vurmuşlar. Sonra əməliyyat müvəkkili Abbas adlı şəxs ona zəng etmiş və qaçmamasını ona demişdir. Sonra polislər onu tutmuşlar. O, törətdiyi cinayət əməlinə görə peşmandır. O, Zərərçəkmiş şəxslə barışmış və sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmədə verdiyi etirafedici ifadələrini, zərərçəkmiş şəxsin və şahid ifadələrini, cinayət işinin materiallarında olan sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, o, həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqında qanuni nümayəndə vasitəsi ilə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, hadisənin baş verdiyi kafedəki masanın arxasında oturduğu uşaqları əvvəlcədən tanımışdır. Həmçinin o, Təqsirləndirilən şəxs də, əvvəlcədən tanımış, sonuncu ilə dostluq münasibətləri olmuşdur. O, kafedə oturduğu zaman söyüşlə zarafat etməmişdir. Təqsirləndirilən şəxs kafedə oturduqları masadan birinci dəfə durub gedənə kimi o, Tahirlə söyüşlə zarafat etməmişdir. Təqsirləndirilən şəxs kafedə oturduğu masadan birinci dəfə gedənə kimi ümumiyyətlə o, Tahirlə söhbət etməmişdir. Əksinə o, masa arxasında oturan digər tanışları ilə söhbət etmişdir. O, masa arxasında oturduğu müddət ərzində heç kəslə, o cümlədən, Təqsirləndirilən şəxslə söyüşlü zarafat etməmişdir. Onun Tahirə sözü sonuncu ikinci dəfə masaya qayıtdığı zaman olmuşdur. Təqsirləndirilən şəxs birinci dəfə masanı tərk etdikdə, onların oturduğu masaya qayıtmayacağı barədə söyüş söymüşdür. O, Təqsirləndirilən şəxs ilə birinci dəfə masa arxasında oturduğu zaman zarafat etməmişdir. Həmçinin o, masadakı digər şəxslərin də, Tahirlə zarafat etdiyinin şahidi olmamışdır. Onlar həmin vaxt yemək yemişlər. Masa arxasında hansısa məsələ ilə bağlı söz-söhbət və ya zarafat olmamışdır. O, Təqsirləndirilən şəxs oturduqları masaya ikinci dəfə qayıdan zaman bir kəlmə söz demişdir və həmin söz “niyə söyüş söyüb yenidən oturduğumuz masaya qayıdırsan?”-dan ibarət olmuşdur. Masa arxasında ana söyüşü söyülməmişdir. Təqsirləndirilən şəxs birinci dəfə oturduqları masanı tərk edib, ikinci dəfə oturduqları masaya qayıtması təxminən 10 dəqiqə çəkmişdir. Təqsirləndirilən şəxs ikinci dəfə masaya qayıtdıqdan sonra o, Tahirin masaya yenidən qayıtması ilə bağlı münasibət bildirmişdir. Həmçinin Tahir ikinci dəfə masaya qayıtdıqdan sonra ona qarşı nalayiq ifadələr işlədərək, ona “sənin ağzını cıraram” demişdir. O, həmin nalayiq ifadəni qəbul etmədiyi üçün Tahiri söymüşdür. Ancaq onun söydüyü söyüş ana söyüşü olmamışdır. Təqsirləndirilən şəxs onun Tahirə ana söyüşü söydüyünü bildirməsi doğru deyil. Onun Təqsirləndirilən şəxs söyüş söyməkdə məqsədi Təqsirləndirilən şəxs onu vurmasını istəməsi ilə əlaqədar olmamışdır. O, Təqsirləndirilən şəxs söyüş söyərək “bundan sonra məni vurmayan ...” demişdir. Çünki o, həqiqəti dediyinə görə Təqsirləndirilən şəxs ona qarşı etdiyi hərəkətləri qəbul etməmişdir. Hazırda o, Təqsirləndirilən şəxslə barışmış, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, “Elit” adlı kafedə işləyir və həmin kafedə həm masalarda əyləşən müştərilərə xidmət edir, həm də kassaya nəzarət edir. Hadisə vaxtı o, mətbəxdə olmuş və birdən görmüşdür ki, uşaqlar (kafedə olan müştərilər) bir tərəfə qaçırlar. Bu zaman bir oğlan “kömək edin” demişdir. Həmin vaxt o, əynindəki jiletini çıxarıb zərərçəkmiş şəxsin yarasının üzərinə sıxmışdır ki, zərərçəkmiş şəxsin bədənindən çox qan axmasın. Sonra başqa şəxslər maşın çağıraraq zərərçəkmiş şəxsi xəstəxanaya aparmışlar. O, zərərçəkmiş şəxsin səsinə çölə çıxmışdır. O, sadəcə zərərçəkmiş şəxsin “kömək edin” dediyi sözlərini eşitmişdir. Lakin o, bıçaqlanma hadisəsini görməmişdir. Məhkəmə istintaqında qanuni nümayəndə vasitəsi ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid2 ifadəsində göstərdi ki, o, Elvin və digər dostları ilə birlikdə kafedə oturub yemək yemişdir. Tahir hələ həmin kafeyə gəlməmişdir. Tahir sonradan kafeyə gəlmişdir. Tahir bir qədər əsəbi vəziyyətdə olmuşdur. Tahirlə Elvinin arasında söz-söhbət olmuşdur. O, həmin söhbətin nədən ibarət olduğunu bilməmişdir. Bundan sonra isə, bıçaqlanma hadisəsi baş vermişdir. Verilmiş suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Tahir Elvini yumruqla vuran zaman Tahir Elvinə heç nə deməmiş, bundan sonra Elvin çölə çıxmış, Elvin çölə çıxdıqdan sonra Tahir də, Elvinin arxasınca çölə çıxmış, bıçaqlanma hadisəsi çöldə baş vermiş, Elvin arxaya döndükdə, Tahir Elvini qarın nahiyəsindən bıçaqla vurmuş, həmin bıçaqlanma hadisəsini özü görmüş, lakin həmin vaxt Tahirgildən bir qədər uzaqda olduğundan hadisəni də uzaqdan görmüşdür. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 5- 11) görünür ki, həmin gün cinayət hadisəsinin baş verdiyi yerə, yəni Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 64 ünvanında yerləşən «Elit» kafesinin qarşısına baxış keçirilmişdir. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 36-37) görünür ki, həmin gün Təqsirləndirilən şəxs qanuni nümayəndə və müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 54-55) görünür ki, həmin gün Təqsirləndirilən şəxs qanuni nümayəndə və müdafiəçinin iştirakı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan (cild 1, iş vərəqə 72-73) görünür ki, Xətai rayon prokuroru Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatəti müdafiə etməkdən imtina etmiş və həmin gün Təqsirləndirilən şəxs Xətai RPİ-nin MSY-dən azad olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan (cild 1, iş vərəqə 75-76) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 44 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 140- 143) görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə ifadə vermək və baş verənləri düzgün qavrayıb təsvir etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə - Təqsirləndirilən şəxs əqli və psixi inkişafında gerilik əlamətləri aşkar olunmadı. Əqli və psixi inkişafına görə öz hərəkətlərini ölçüb biçmək və baş verənləri düzgün qavrayıb təsvir etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmadı. Fərdipsixi xüsusiyyətlərində hövsələsizlik, kobudluq, inadkarlıq, mübahisəyə meyillilik və s. müəyyən olundu. Özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik aşkar edilmədi. Təqsirləndirilən şəxs baş verənləri düzgün qavrayıb təsvir etmək və ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman şüuruna və fəaliyyətinə təsir göstərən psixi-emosional vəziyyətdə olmamışdır. xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən (cild 2, iş vərəqə 53) görünür ki, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə6 onun oğlu Zərərçəkmiş şəxs vurulmuş ziyanın tam şəkildə onlara ödənilməsi və bu səbəbdən də onların Təqsirləndirilən şəxs qarşı şikayət və tələblərinin olmamasını bildirmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 90) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 X12 23/2024-MTBŞ nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 134- 137) görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu AB (İV), ekspertizaya təqdim edilmiş mayka, sviter, bıçaq üzərində olan ləkələrdə AB (İV) qruplu insan qanı aşkar olundu. Bu qan ləkələri AB (İV) qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 X12 27-MTKŞ/2024 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 146- 149) görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus jaketin ön səthində 1 (bir) ədəd, maykanın ön səthində 1 (bir) ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədələr küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus jaketin ön səthində 1 (bir) ədəd, maykanın ön səthində 1 (bir) ədəd deşilmiş-kəsilmiş zədələr ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Təqdim olunmuş bıçaq zavod üsuli ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində sonradan əlavə və dəyişiklik edilməmişdir. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan (cild 1, iş vərəqə 176-179) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 64 ünvanında yerləşən «Elit» kafesinin qarşısına gedərək kafenin giriş qapısının çıxışının sol tərəfini göstərib Zərərçəkmiş şəxs orada bıçaqla vurduğunu və Zərərçəkmiş şəxs tanışlarının bıçağı ondan aldıqdan sonra qaçıb getdiyini göstərmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 X12 261 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 193-195) görünür ki, Zərərçəkmiş şəxs qarın nahiyəsinin qarın boşluğuna nüfuz edərək kəskin qanaxma, böyük piyliyin eventerasiyası, mədənin və mədəaltı vəzin zədələnməsi ilə müşaiyət olunmuş deşilmiş-kəsilmiş yarası aşkar edilmişdir. Xəsarət deşici-kəsici əşya (alət), ola bilsin bıçaq təsirindən törənmişdir, törənmə müddətləri qərarda göstərilmiş xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gəlməyə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 197-202) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilməsi, onun əməllərində Cinayət Məcəlləsinin 29,120, 126.2.4, 221.3 və 228.4-cü maddələrinin tərkib əlamətləri olmadığından həmin maddələr üzrə barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, Zərərçəkmiş şəxs Məmmədğəli oğlu, X5, Şahid2, X8 və Şahid4 barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 204-205) görünür ki, həmin gün Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli ərizədən (cild 2, iş vərəqə 54) görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini və bu səbəbdən də onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə əldə edilmiş sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, lakin təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin sübutlara dair öz etirazlarını bildirməmişlər, eləcə də irəli sürülmüş ittihamı və ittiham tərəfinin əldə etdiyi, o cümlədən məhkəmə istintaqında tədqiq edilmiş sübutları mübahisələndirməmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 dekabr 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Belə ki, cinayət hüququ nəzəriyyəsinə görə Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş cinayət yalnız qəsdən törədilə bilər. Həmin cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Bu cinayətin obyektiv tərəfi bir şəxs tərəfindən başqa şəxsin sağlamlığına ağır zərərin vurulmasından ibarətdir. Obyektiv tərəfə daxil olan əməllər təqsirkarın xarici aləmin mexaniki, fiziki, kimyəvi, bioloji amillərdən istifadə etməklə təsir göstərməsində və ya psixi təsir göstərməsində ifadə oluna bilər. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur: həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, cinayət hadisəsi baş verənədək Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs X1 bir-birilərini tanımışlar, habelə həmin vaxt və hazırda yetkinlik yaşına çatmamışlar. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs və digər tanışları ilə birlikdə xx.xx.2024-cü il tarixdə, saat 17:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 64 ünvanında yerləşən «Elit» kafesində eyni masa arxasında oturmuş, həmin vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə təhqiredici ifadələr işlədərək kobud zarafat etmiş, bununla bağlı Tahir bir neçə dəfə Elvinə sonuncunun əxlaqsız hərəkəti ilə bağlı bağlı irad bildirmişdir. Elvin isə, Tahirin iradına məhəl qoymamışdır. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona qarşı etdiyi zarafatı qəbul etməyərək oturduğu masadan qalxmış və bir də Elvin, sonuncunun yanında olan tanışlarının əyləşdiyi masa arxasında oturmayacağına dair söyüş söyərək kafeni tərk etmişdir. Zərərçəkmiş şəxs etmiş olduğu zarafatı Təqsirləndirilən şəxs qəbul edə bilməmiş, bu məqsədlə yaşadığı evə gedərək orada mətbəx bıçağı ilə silahlanıb bir qədər əvvəl Zərərçəkmiş şəxslə oturduğu kafeyə qayıtmışdır. Təqsirləndirilən şəxs kafeyə gəldikdən sonra Zərərçəkmiş şəxslə oturduğu masaya yaxınlaşmışdır. Bunu görən Zərərçəkmiş şəxs bir qədər Təqsirləndirilən şəxs həmin masaya qayıtmayacağına dair söyüş söydüyünü xatırladaraq faktiki olaraq Təqsirləndirilən şəxs qanunsuz əməllərə təhrik etmişdir. Nəticədə Təqsirləndirilən şəxs tanışlarının qarşısında pərt olmuş və bu səbəbdən də kafenin içərisində Zərərçəkmiş şəxs sol sifət nahiyəsinə 1 (bir) dəfə yumruq zərbəsi vurmuşdur. Zərərçəkmiş şəxs zərbə aldıqdan sonra Təqsirləndirilən şəxslə arasında yaranmış mübahisəni həll etmək məqsədi ilə sonuncundan kafedən çıxmasını tələb etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə razılaşıb kafedən çıxdıqdan sonra sonuncu tərəfindən ona qarşı heç bir fəal hərəkət edilmədiyi halda evdən götürdüyü mətbəx bıçağı ilə kafenin giriş qapısının qarşısında Zərərçəkmiş şəxs qarın nahiyəsinə 1 (bir) dəfə vuraraq qarın boşluğuna nüfuz edərək kəskin qanaxma, böyük piyliyin eventerasiyası, mədənin və mədəaltı vəzin zədələnməsi ilə müşaiyət olunmuş deşilmişkəsilmiş yarası kimi həyat üçün təhlükəli olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Qeyd edilən hallar da cinayət işinin mübahisəsiz halladır. Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərək kafedə Zərərçəkmiş şəxs və sonuncunun yanında olan tanışlarının ona qarşı kobud şəkildə zarafat etdiklərini bildirsə və məhkəmədə araşdırılmış sübutlarldan Zərərçəkmiş şəxs ona qarşı söyüş söyməklə kobud şəkildə zarafat etməsi təsdiq olunsa da, Zərərçəkmiş şəxs yanında olan şəxslərin Tahirlə zarafat etmələri və sonuncunu söymələri öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs Elvindən qisas almaq məqsədi ilə yaşadığı evə gedərək oradan mətbəx bıçağını götürüb silahlanması ona dəlalət edir ki, o, həmin vaxt Zərərçəkmiş şəxslə “haqq-hesab” etmək, yəni sonuncunun ona qarşı etdiyi kobud zarafata görə qisas almaq məqsədi güdmüşdür. Əks halda Təqsirləndirilən şəxs yenidən kafeyə qayıtmazdı. Zərərçəkmiş şəxsin aldığı ağır bədən xəsarəti ilə təqsirləndirilən şəxsin törətmiş olduğu əməl (fəal hərəkət) arasında birbaşa səbəbli əlaqə olmuş və zərərçəkmiş şəxs həmin xəsarəti məhz təqsirləndirilən şəxsin bıçaqla ona yetirdiyi zərbə nəticəsində almışdır. Eyni zamanda yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini məhz sonuncunun ona qarşı sərgiləmiş olduğu əxlaqsız hərəkətlərinin (söyüşlə edilmiş zarafatın) təsiri altında törətmişdir. Qeyd edilən hallar həm təqsirləndirilən şəxsin, həm zərərçəkmiş şəxsin, eləcə də şahidlərin məhkəmə istintaqında vermiş olduqları ifadələr əsasında tam şəkildə təsdiq olunduğundan sözügedən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Bu hissədə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini məhz zərərçəkmiş şəxsin ona qarşı sərgiləmiş olduğu əxlaqsız hərəkətlərin (təhqiredici zarafatın) təsiri altında törətsə də, bu hallar onun cinayət törətməsinə haqq qazandıra bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs törətdiyi zorakı cinayət əməlinə tənqidi yanaşaraq bu kimi halları qınayır. Bununla da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməli məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməli kimi tövsif edir və hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 dekabr 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə görə, cinayət törədərkən 14 (on dörd) yaşı tamam olmuş, lakin 18 (on səkkiz) yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 84.2-ci maddəsinə görə Yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə görə yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.33-1-ci maddəsinə görə yetkinlik yaşına çatmayan şəxs (uşaq) - 18 yaşına çatmayan şəxsdir. Həmin Məcəllənin 429-cu maddəsinə görə törədilən cinayət üzrə müəyyən edilməli olan hallardan başqa yetkinlik yaşına çatmayanlar barəsində icraat zamanı yetkinlik yaşına çatmayanın yaşı (doğulduğu il, ay, gün), yetkinlik yaşına çatmayanın həyat və tərbiyə şəraiti, yetkinlik yaşına çatmayanın fiziki intellektual və əqli inkişaf səviyyəsi və yetkinlik yaşına çatmayanın törətdiyi cinayətdə digər iştirakçılar olduqda onun barəsində cinayət işinin icraatının ayrılmasının mümkünlüyü halları müəyyən edilməlidir. CPM-nin 435.4-cü maddəsinə görə məhkəmə yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Məhkəmə təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü və 86.1-ci maddələrinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eləcə də onun həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs yaşını, yəni yetkinlik yaşına çatmamasını (uşaq olmasını), ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cinayət əməlini məhz zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini, törətdiyi cinayət əməlini həm ibtidai istintaq zamanı, həm də məhkəmə araşdırması zamanı etiraf edərək həmin əməldən peşman olmasını, zərərçəkmiş şəxsin onunla barışmasını, onun valideynləri tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən cinayət zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədildikdə (Cinayət Məcəlləsinin 59.1.8-ci maddə), təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda (Cinayət Məcəlləsinin 59.1.12-ci maddə) və cinayət nəticəsində dəymiş ziyan könüllü olaraq tamamilə ödənildikdə (Cinayət Məcəlləsinin 59.1.13-cü maddə) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı hissədə qeyd edir ki, ona məhz hansı növ cəzanın təyin edilməsi məsələsi məhkəmə tərəfindən ətraflı şəkildə araşdırılmışdır. Araşdırma nəticəsində onun cəzasını yüngülləşdirən bütün hallar həm ayrı-ayrılıqda, həm də məcmu halda təhlil edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və cinayət əməlinin ağırlığını, cinayətin törədilmə üsulunu və mexanizmini, yəni cinayəti bıçaqdan istifadə edilməklə törədilməsini, törədilmiş cinayət əməlinin zorakı cinayət kateqoriyasına aid olmasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə belə nəticəyə gələrkən həmçinin cinayət işinə əlavə edilmiş xx.xx.2024cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 44 nömrəli ekspertiza rəyini də əsas tutmuşdur. Belə ki, həmin rəydən görünür ki, Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərinə görə hövsələsiz, kobud, inadkar və mübahisəyə meyilli şəxs kimi səciyyələndirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və həmin cəzanı çəkməsi nəticəsinə gələrkən onun mübahisəyə meyilli şəxs kimi səciyyələndirilməsini nəzərə almış və belə hesab etmişdir ki, o, həmin cəzanı çəkməklə törətmiş olduğu əmələ görə islah olunacaq və yenidən eyni qəbildən olan cinayət əməllərini törətməyəcək. Lakin yuxarıda göstərilən yüngülləşdirici hallar nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Bu hissədə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında göstərilmiş ən aşağı həddə cəzanın təyin edilməsi cinayət əməlini törətmiş və öz əməlinə tənqidi yanaşan, habelə səmimi peşmançılıq hissi keçirən Təqsirləndirilən şəxs dövlət tərəfindən göstərilən mərhəmət və ədalət kimi qəbul edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən onun cinayət törədilən vaxt və hazırda yetkinlik yaşına çatmaması mütləq qaydada nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqbul sayarkən bilavasitə Azərbaycan Respublikası CPM-nin 435.4-cü maddəsini rəhbər tutmuşdur. Belə ki, göstərilən prosessual hüquq normasında göstərilmişdir ki, yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Bundan başqa, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, dərhal məhkəmə iclas zalında həbs edilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəzanı ümumi rejimli tərbiyə müəssisələrində çəkməlidirlər. Göstərilənlərə əsasən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı ümumi rejimli tərbiyə müəssisəsində çəkməli, habelə onun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılmalı və onun üzərində saxlanılacaq cəzanın əvvəli hökmün çıxarıldığı gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd bıçaq, 1 (bir) ədəd mayka və 1 (bir) ədəd jaket məhv edilməli, cinayət hadisəsini əks etdirən 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona həmin maddə ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 06 yanvar 2024-cü il tarixdən 08 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılsın və onun üzərində 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın, onun üzərində saxlanılan cəzanın əvvəli hökmün çıxarıldığı gündən, yəni 22 iyul 2024-cü il tarixdən hesablansın. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalında həbs edilsin və hökm qanuni qüvvəsini alanadək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə olunsun. İş üzrə maddi sübut olub Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd bıçaq, 1 (bir) ədəd mayka və 1 (bir) ədəd jaket hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, cinayət hadisəsini əks etdirən 1 (bir) ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Azad Məcidov Səbinə Məmmədzadə
Məhkəmə qərarları › İş №1(101)-1774/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1774/2024
22.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver