Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1774/2025 22.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Kamranov Hafiz Eldar oğlu (sədrlik edən), Pənahov Babək Əkbər oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, tərcüməçi – X1 iştirakları ilə, xx xxxxxxxx 1998-ci il tarixdə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, nömrəsiz fərdi ünvanda yaşamış, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə metadon və külli miqdarda psixtrop maddə metamfetamin əldə edib daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda ümumi təmiz çəkisi 2,319 qram psixotrop maddə olan metamfetamin və xeyli miqdarda 0,06 qram metadon tərkibli iki ədəd həb alıb əldə edərək saxlamış və 20 may 2025-ci il tarixdə saat 18:28-də Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün ünvan 3 ünvanı yaxınlığında saxlanılaraq orada videoçəkiliş aparılmaqla üstü yoxlanılan zaman əynində olan boz rəngli gödəkcənin sol yan cibindən qara rəngli siqaret qutusunun içərisində 07 ədəd şəffaf sellofan bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,753 qram, 0,209 qram, 0,285 qram, 0,285 qram, 0,377 qram, 0, 214 qram və 0,223 qram olmaqla ümumi təmiz çəkisi 2,319 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, nömrəsiz fərdi yaşayış evinin yataq otağında pəncərənin qarşısında tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,06 qram təşkil edən narkotik vasitə metadon olan qəhvəyi rəngli, "F/M-1940" göstəricili 01 ədəd həb və "M 40" göstəricili qəhvəyi rəngli həb aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları onu yaşadığı evin qarşısında saxlamışlar. Evdən çıxan zaman qara rəngli VAZ 2107 markalı avtomobil ona yaxınlaşmış, avtomobildən düşən polis əməkdaşları onu yerə yıxmış, daha sonra isə avtomobilə əyləşdirib bölməyə aparmışlar. 20 may 2025-ci il tarixdə günorta saat 12:00 radələrində saxlanılmasına baxmayaraq, təxminən saat 17:00 radələrində videoçəkiliş aparılmışdır. Polis əməkdaşları onun cibinə yeddi ədəd metadon həbi qoymuşlar. Yaşadığı evə baxış keçirilən zaman oradan şəxsi istifadəsi üçün aldığı bir ədəd metadon həbi aşkarlanmışdır. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki təzyiq göstərilmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı da eyni ifadəni vermişdir. Dindirilərkən müdafiəçisi də yanında olmuşdur. 20 may 2025-ci ildə, saat 12:00 radələrində saxlanılmış, saxlanılan zaman üzərində hər hansı qanunsuz predmet olmamışdır. Evində isə bir ədəd metadon həbi olmuş, onu da narkotik vasitələri tərgitdiyi üçün saxlamışdır. Həmin narkotik vasitəni tanımadığı şəxsdən əldə etmişdir. Polis bölməsində onu döymüşlər və yeddi ədəd metadon həbini boynuna almağa məcbur etmişlər. Polis əməkdaşları onu yaşadığı evin yaxınlığında saxlamış, iki dəfə videoçəkiliş aparmışlar. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, müxtəlif narkotik vasitələrdən çəkmə yolu ilə istifadə etmişdir. 20 may 2025-ci il tarixdə üzərindən aşkar olunmuş psixotrop maddəni Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində Emin adlı şəxsdən 100 manata öz şəxsi istifadəsi üçün əldə etmişdir. 20 may 2025-ci il tarixdə həmin psixotrop maddənin bir qismini istifadə etdikdən sonra qalanını üzərində saxlayaraq daşımışdır. Həmin tarixdə saat 18:28 radələrində ünvan 4 ünvanı yaxınlığında olarkən üç nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişdir. Onlar onun narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O, buna etiraz etməmişdir. Hüquq və vəzifələri izah olunmuşdur. Baxışdan qabaq ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda çıxarıb təqdim etməsi təklif olunmuşdur. O da əynində olan boz rəngli gödəkcəsinin sol yan cibindən 07 ədəd şəffaf sellofana bükülmüş psixotrop maddəni çıxarıb təqdim etmişdir. Həmin bükümlərə baxış keçirilmiş və həmin bükümlərin içərisində psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Bundan sonra üzərindən aşkar olunmuş 07 ədəd büküm və ona məxsus “Honor” markalı telefon polis əməkdaşları tərəfindən ayrı-ayrılıqda ağ zərflərdə qablaşdırılmışdır. Bundan başqa qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra ondan üzərində aşkar edilmiş psixotrop maddədən başqa hər hansı bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlayıb-saxlamadığını soruşmuşlar. Onun yaşadığı evdə yataq otağında 01 ədəd metadon, 01 ədəd yarımçıq metadon və 02 ədəd dərman aşkar olunaraq ağ zərfə qoyularaq qablaşdırılmış, möhürlənmişdir. Sonradan onu 30-cu PŞ-nə aparmışlar. Orada aşkar olunmuş psixotrop maddələr, narkotik vasitələrə və qeydə alınmış videogörüntülərə baxış keçirilmiş, yenidən ağ zərfdə qablaşdırılmışdır. Sonradan ona vəkil təyin edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Aşkar olunmuş psixotrop maddələri şəxsən tanımadığı Emin adlı şəxsdən əldə etmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Suraxanı RPİ-nin 30-cu PŞ-də ona qarşı fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı Rayonu Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 20 may 2025-ci il tarixdə, təxminən saat 18:00 radələrində polis bölməsinə Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edərək Bakı şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupu yaradılmış və şəxs Hövsan qəsəbəsi, Bağlar massivi ərazisində saxlanılmışdır. Ruslana yaxınlaşaraq özlərini təqdim etmişlər və ondan üzərində narkotik vasitə və ya psixotrop maddə olub-olmadığını soruşmuşlar. Ruslan üzərindən içərisində yeddi büküm narkotik vasitə metamfetamin olan siqaret qutusunu çıxartmış və evində də narkotik vasitələrin olduğunu bildirmişdir. Bundan sonra onun yaşadığı evə baxış keçirilmiş, baxış zamanı oradan da narkotik vasitə aşkar olunmuşdur. Daha sonra Ruslan tərəflərindən Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə aparılmış, Şöbədə təqdim olunmuş və götürülmüş narkotik vasitələrə baxış keçirilmişdir. Şahid3 verilmiş suallara cavab olaraq bildirmişdir ki, 20 may 2025-ci il tarixdə keçirdikləri əməliyyat tədbirindən əvvəl də Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbiri keçirilmiş və o, CM-nin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmuşdur. Əməliyyat tədbirində üç nəfər polis əməkdaşı iştirak etmişdir. Təqsirləndirilən şəxs saat 18:30 radələrində saxlanılmışdır. Şəxs saxlanılan zaman videoçəkiliş aparılmış, daha sonra şəxsin evinə gedərkən çəkiliş dayandırılmış, lakin evə baxış zamanı yenidən davam etdirilmişdir. Əməliyyat tədbiri zamanı ***-***-**-** nömrəli mobil nömrədən istifadə etmişdir. Təqsirləndirilən şəxs qarşı fiziki təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı Rayonu Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 20 may 2025-ci il tarixdə polis bölməsinə Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edərək Bakı şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupu yaradılmış və şəxs Hövsan qəsəbəsi, Bağlar massivi ərazisində saxlanılmışdır. Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər və üzərində narkotik vasitə və ya psixotrop maddə olub-olmadığını soruşmuşlar. Bu zaman Təqsirləndirilən şəxs könüllü olaraq siqaret qutusunun içərisində gizlətdiyi yeddi büküm narkotik vasitəni və şəxsi telefonunu təqdim etmişdir. Təqsirləndirilən şəxs həmçinin yaşadığı evdə də narkotik vasitələrin olduğunu etiraf etmişdir. Daha sonra evə baxış keçirən zaman bir bütöv və bir yarım metadon həbi aşkar etmişlər. Təqsirləndirilən şəxs həmin narkotik vasitələrdən müalicə məqsədilə istifadə etdiyini bildirmişdir. Daha sonra şəxs Bakı şəhəri Suraxanı RPİnin 30-cu polis bölməsinə aparılmışdır. Polis bölməsinin inzibati binasında Təqsirləndirilən şəxs təqdim etmiş olduğu bükümlərə baxış keçirilmiş və həmin narkotik vasitələr qablaşdırılaraq götürülmüşdür. Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs başqa cinayət işi ilə bağlı təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs evindən aşkar olunmuş metadon həblərindən müalicəsi üçün istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs saat 18:00 radələrində saxlanılmış, saxlanılan zaman videoçəkiliş aparılmışdır. Polis bölməsi ilə şəxsin saxlanıldığı yer arasında təqribən on dəqiqəlik məsafə olmuşdur. Şəxsi telefonunda ***-***-**-** nömrəli simkart olmuş, lakin əməliyyat tədbiri zamanı telefon üzərində olmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşlarına qarşı müqavimət göstərməmiş, eyni zamanda polis əməkdaşları tərəfindən də ona qarşı fiziki və psixi təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı Rayonu Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 da şahidlər Şahid3 və Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş: “Əməliyyat – axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 20 may 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs saat 18:28-də Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Bağlar yaşayış massivi, nömrəsiz ev yaxınlığında saxlanılmışdır. Saxlanılmış Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunsuz əşyanı təqdim etməsi təklif olunmuş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin qabaq sol yan cibindən 01 ədəd qara rəngli siqaret qutusunun içərisində 07 ədəd şəffaf sellofan bükümü təqdim edərək həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu və Hovsan qəsəbəsində “Emin” adlı şəxsdən 100 manata əldə etdiyini bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin qabaq sağ yan cibindən 01 ədəd Honor markalı mobil telefon təqdim etmişdir. Aşkar olunmuş 07 ədəd sellofan paketdə olan ağ rəngli kristal hissəciklərdən ibarət olan spesifik iyə malik kütlə eyni zamanda elektron tərəzidə ölçülərkən ümumi çəkisi 3,03 qram çəkidə olması müəyyən edilmişdir. Bundan başqa üzərində aşkar olunmuş kütlələrdən başqa hər hansı yerdə narkotik vasitə saxlayıb-saxlamaması sual edildikdə Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında narkotik vasitə saxladığını bildirmişdir. Əməliyyat tədbirləri davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan qəsəbəsi. Bağlar massivi nömrəsiz fərdi yaşayış evinin yataq otağında pəncərənin qarşısında 01 ədəd metadon, 01 ədəd yarımçıq metadon, 02 ədəd mənşəyi bilinməyən dərman həbləri götürülərək qablaşdırılmışdır (cild 1, i/v 13-14). “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 20 may 2025-ci tarixli protokoldan görünür ki, təqdim olunan 03 ədəd ağ rəngli zərfə və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi zamanı çəkilən videogörüntüləri qeydə alan DVD-yə baxış keçirilmiş, psixotrop maddə metamfetaminə bənzər kütlənin və Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında pəncərənin qarşısında 01 ədəd metadon, 01 ədəd yarımçıq metadon, 02 ədəd mənşəyi bilinməyən dərman həblərinin aşkar olunması əksini tapmışdır (cild 1, i/v 22). “Şübhəli şəxsin tutulması haqqında” 20 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 may 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i/v 32). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 may 2025-ci il tarixli, 6/1888 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Azərbaycan Respublikası DİN Zərflər üçün № 194” dairəvi möhür əksi olan, soyad və imzalar qeyd edilmiş iki ədəd zərfdən: - üzərində “Saxlanılan şəxs üzərində olan maddə; 1) Təqsirləndirilən şəxs “imza”; Saxlayanlar: 1) Şahin (soyad oxunmur) “imza”; 2) Şahid3 “imza”; 3) (ad, soyad oxunmur) “imza” yazıları qeyd edilmiş zərfdəki 07 ədəd bükümdə içərisində ayrı-ayrılıqda təmiz çəkiləri - 0,753 qram; 0,209 qram; 0,285 qram; 0,285 qram; 0,377 qram; 0, 214 qram və 0,223 qram olmaqla ümumi təmiz çəkisi 2,319 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. - üzərində “Saxlanılan şəxs üzərində olan maddə; 1) Təqsirləndirilən şəxs “imza”; Saxlayanlar: 1) Şahin (soyad oxunmur) “imza”; 2) Şahid3 “imza”; 3) (ad, soyad oxunmur) “imza” yazıları qeyd edilmiş zərfdəki üzərində “Methadone 40” sözləri qeyd edilmiş konvalyut kəsiyində üzərində “F/M 40” göstəricili 01 ədəd qəhvəyi rəngli dərman həbi və üzərində “M 40” göstəricili təmiz çəkisi 0,218 qram olan qəhvəyi rəngli dərman həbi hissəsinin əsas təsiredici maddəsi narkotik vasitə metadondur. Həmin həblərin tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,06 qram təşkil edir. - həmin zərfdəki 02 ədəd ağ rəngli dərman həbinin tərkibində narkotik vasitələrə, ösixotrop, güclü təsir edən və zəhərli maddələrə məxsus komponentlər yoxdur. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi 2,319 qram, tədqiqata sərf edilən miqdar 0,140 qram, qalıq 2,179 qram olmuşdur. Metadon həblərinin ümumi sayı 01 ədəd həb, tədqiqata sərf edilən 0,5 ədəd həb, qalıq cəmi 0,5 ədəd həb, metadon həb hissəsinin təmiz çəkisi 0,218 qram, tədqiqata sərf edilən 0,108 qram, qalıq cəmi 0,110 qram olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 89,0 manat təşkil edir (cild 1, i/v 47-52). Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-159/2025 nömrəli, 22 may 2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 20 may 2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 91-96). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, onun barəsində istintaq edilən cinayət işi xx.xx.2025-ci il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir (cild 1, i/v 116-117). Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-348/2025 nömrəli, 18 iyun 2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (cild 1, i/v 118-130). Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-289/2025 nömrəli, 19 avqust 2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 ay, yəni 20 sentyabr 2025-ci il tarixədək uzadılmışdır (cild 1, i/v 140-144). “Diskə baxış keçirilməsi haqqında” 20 may 2025-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs məxsus “Honor” markalı mobil telefonun üzərində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinə 20 yanvar 2025-ci il tarixdən 20 may 2025-ci il tarixədək olan müddət ərzində mövcud olan zənglər və SMS siyahısına, SMS mətnlərinə, əhatə dairəsinə baxış keçirilsə də iş üzrə sübut əhəmiyyəti kəsb edən hallar aşkar edilməmişdir (cild 1, i/v 150). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsin 26 avqust 2025-ci il tarixli, 5242 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və PSİXOSTİMULYATORLARİN qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alman məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır (cild 1, i/v 151-152). “Toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 26 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək ona AR CM-nin 234.1-1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq 2.179 qram psixotrop maddə metamfetamin, tərkibində narkotik vasitə metadon olan həblər maddi sübut kimi tanınaraq saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Eyni zamanda "əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi" və "təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə" zamanı çəkilmiş videogörüntüləri əks etdirən 02 ədəd DVD diski iş üzrə maddi sübut qismində tanınmışdır (cild 1, i/v 153-164). Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs ilkin tibbi müayinədən keçməsi ilə bağlı tibbi kartın 12-ci bəndinə əsasən müəyyən olunur ki, şəxs həbs olunmadan əvvəl xəsarət aldığını bildirmiş, lakin şəxsin bədənində yeni xəsarətlər aşkar edilməmişdir (cild 02, i/v 56-62). Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 1(101)-1774/2025 nömrəli qərarı ilə "xxxx" MMC-dən əldə edilmiş, təqsirləndirilən şəxsin istifadəsində olmuş +**********28 və +**********44 mobil nömrələrin xx.xx.2025- xx.xx.2025-ci il müddətində mövcud olan zənglər və SMS-lər siyahısına, SMS mətnlərinə və əhatə dairəsinə aid məlumatların əks edildiyi 01 ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı 21 yanvar 2025-ci il tarixdə saat 18:28:03-də Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış +**********28 saylı mobil nömrədən +**********00 saylı mobil nömrəyə “Totu mənəm Ruslan evin nomresidir sevindire bilersen yoxsa yox var”, 22 yanvar 2025-ci il tarixdə saat 18:29:40-da Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********28 saylı mobil nömrədən +**********05 saylı mobil nömrəyə “Qaqa gurban sene ölürəm 10nuxum var canım agriyir komek ele da sene”, 03 fevral 2025-ci il tarixdə saat 15:12:31-da təqsirləndirilən şəxsin istifadəsində olmuş +**********28 saylı mobil nömrədən +**********42 saylı mobil nömrəyə “Qaqaw var kolada dawda atirsan pulu karta mənen sen stadion terefde goruwuruk” 15 fevral 2025-ci il tarixdə saat 18:21:06-da +**********37 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********28 saylı mobil nömrəyə “Qaqas telefonu acda artig eskiy hecne demirem ki sene gelim 10 da verim meni narmalni yola sal” kimi məzmunlu mesaj mətnlərinin olması müəyyən edilmişdir (cild 2, i/v 65-66). Bakı Ağır Cinayətlər Məhkəməsinin sorğusu əsasında Təqsirləndirilən şəxs istifadəsində olmuş “Honor” markalı mobil telefonun Suraxanı RPİ-nin saxlanc anbarından məhkəməyə gətirilməsi təmin edilmiş, lakin təqsirləndirilən şəxs mobil telefonun bloklanma şifrəsini unutduğundan mobil telefona baxış keçirilməsi mümkün olmamışdır (cild 2, i/v 58). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin, yəni satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə metadon və külli miqdarda psixotrop maddəni əldə etmə və saxlama cinayətinin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı polis əməkdaşları tərəfindən fiziki təzyiq göstərildiyini bildirsə də, məhkəmənin sorğusuna əsasən 03 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş məhkumun tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs ilkin tibbi müayinədən keçməsi ilə bağlı tibbi kartın 12-ci bəndinə əsasən müəyyən olunur ki, şəxsin bədənində yeni xəsarətlər aşkar edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Göründüyü kimi, hazırki iş üzrə təqsirləndirilən şəxsin ona qarşı polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərin edilməsini bildirməsi ilə bağlı məhkəmə hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki və psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, əksinə heç bir sübuta əsaslanmayan və iş materialları ilə öz təsdiqini tapmayan dəlillərə istinad olunduğunu nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bundan əlavə məhkəmə həmçinin təqsirləndirilən şəxsin 20 may 2025-ci il tarixdə günorta saat 12:00 radələrində saxlanılmasına baxmayaraq, təxminən saat 17:00 radələrində videoçəkiliş aparılmasını bildirsə də, məhkəmə onun bu ifadəsini də işin həqiqi halları ilə uzlaşmayan özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında "xxxx" MMC və "xxxx" MMC-yə verilmiş sorğu əsasında əldə edilmiş məlumatlardan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs saxlanılmasına dair keçirilmiş əməliyyat tədbirində iştirak etmiş polis əməkdaşları 20 may 2025-ci il tarixdə saat 12:00 və 17:00 radələrində müxtəlif ünvanlarda olmuşlar. Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə – üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetamin 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 400 qramı xüsusilə külli miqdar, metadon 0,02 qramı xeyli miqdar, 1,6 qramı külli miqdar, 160 qramı isə xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1 və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş sanksiyanın aşağı həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət əməlini Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 1(010)- 348/2025 nömrəli hökmü çıxarılmamışdan əvvəl, 20 may 2025-ci ildə törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin edilməlidir. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 1(010)-348/2025 nömrəli hökmü ilə cəzasının əvvəli 18 iyun 2025-ci il tarixdən hesablanmaqla təyin edilmiş 06 ay azadlıqdan məhrumetmə cəzasını hazırki hökm çıxarılanadək çəkmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 1(010)-348/2025 nömrəli hökmü ilə təyin edilmiş və çəkilmiş 06 ay azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, hazırki cinayət işi üzrə məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 20 may 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli 20 may 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə icraatı zamanı dəyişdirilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun hazırki iş üzrə şübhəli şəxs kimi tutulduğu 20 may 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs üzərindən və evindən götürülərək Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 2,179 qram psixotrop maddə metamfetamin və 0,5 ədəd narkotik vasitə olan metadon həbi və ağ rəngli 01 ədəd həb məhv edilməlidir. Cinayət işi üzrə maddi sübut – cinayət işi materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Honor” markalı mobil telefon təqsirləndirilən şəxsə təhvil verilməsi məqsədilə onun yaxın qohumlarına qaytarılmalıdır. Digər maddi sübut – 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və onun xx.xx.2025-ci il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 89,0 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 1(010)-348/2025 nömrəli hökmü ilə təyin edilmiş 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 1(010)-348/2025 nömrəli hökmü ilə təyin edilmiş və çəkilmiş 06 ay azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəzadan çıxılsın və ona qəti olaraq 03 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu andan, yəni 20 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun. Onun xx.xx.2025-ci il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 2,179 qram psixotrop maddə metamfetamin və 0,5 ədəd narkotik vasitə olan metadon həbi və ağ rəngli 01 ədəd həb məhv edilsin. Cinayət işi üzrə maddi sübut-cinayət işi materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Honor” markalı mobil telefon təqsirləndirilən şəxsə təhvil verilməsi məqsədilə onun yaxın qohumlarına qaytarılsın. Cinayət işi üzrə maddi sübut - 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 89,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hafiz Kamranov Hakimlər Babək Pənahov Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(101)-1774/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1774/2025
22.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver