Məhkəmə qərarları › İş №1(101)-1775/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1775/2023

20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1775/2023 20.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi –X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “EKOL” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 7 noyabr 1996-cı ildə Lənkəran rayonu, Sütəmurdov kəndində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.2ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr – Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilməklə ona təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 6 (altı) ay azaldılmış, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 2 (iki) ay 17 (on yeddi) gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş, Lənkəran rayonu, Sütəmurdov kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 20 sentyabr 2023-cü il tarixdə, saat 12:45-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs müəyyən edilməmiş şəxsdən və vaxtda satış məqsədi olmadan, qanunsuz olaraq külli miqdarda 1 (bir) ədəd bükümdə təmiz çəkisi 6,736 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında bölmənin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı o, 29 mart 2023-cü il tarixdə, saat 13:10 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 57 ünvanının yaxınlığında saxlanılıb ünvan 3tai RPİ-nin 35-ci PB-nin inzibati binasına gətirilərək videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən siqaret qutusunun içərisində saxladığı külli miqdarda 1 (bir) ədəd bükümdə təmiz çəkisi 6,736 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri:

2. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, narkotik vasitənin heroin növünü “falqa”da yandırıb tüstüsünü nəfəsinə çəkmə yolu ilə qəbul etmişdir. Həmin maddəni istifadə etmək üçün hər dəfə müxtəlif tanımadığı şəxslərdən əldə etmişdir. Sonuncu dəfə 28 mart 2023-cü il tarixdə, axşam saatlarında “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu özünü Rəsul kimi təqdim edən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olduğunu bildirərək onu inandırmaq üçün istədiyi miqdarda narkotik vasitə sata biləcəyini demişdir. O, hər dəfə çətinliklə həmin maddəni əldə etdiyi üçün birdəfəlik almaq məqsədi ilə təxminən 7 qram narkotik vasitə heroin istədiyini demiş və özünü Rəsul adı ilə təqdim edən həmin şəxslə pulunu maddəni əldə etdikdən sonra deyəcəyi bank kartına göndərəcəyi barədə razılaşmışdır. 29 mart 2023-cü il tarixdə, səhər saatlarında Rəsul adlı şəxs “Ağ Şəhər” adlanan ərazidə narkotik vasitəni qoyduğu yeri işarələnmiş fotoşəkillər vasitəsi ilə bildirib oradan götürməyini istəmişdir. O, axşam saatlarında “Ağ Şəhərə” gedib bildirilən yerdən qəhvəyi rəngli sellofan kəsiyinə bükülmüş maddəni götürmüş, həmin maddənin dəqiq çəkisini bilməsə də içərisini açıb baxmış və hər dəfə əldə etdiyi çəkidən çox olduğu üçün bir neçə müddət rahat istifadə edə biləcəyini fikirləşmişdir. Həmin büküm nisbətən böyük olduğu üçün şübhə doğurmaması üçün siqaret qutusunun içərisinə qoymuş və əynindəki şalvarın sağ cibində saxlamışdır. Həmin gün saat 13 radələrində yaşadığı evə getmək üçün Xətai rayonu, Gəncə prospektində yerləşən Xəzər dairəsi adlanan ərazidən keçərkən mülki geyimdə olan iki nəfər şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini polis əməkdaşları kimi təqdim etmiş və narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu söyləmişlər. Bundan sonra onu Xətai RPİ-nin 35-ci Polis bölməsinə dəvət etmişlər, hər hansı etiraz etmədən bölməyə getməyə razılaşmışdır. Polis bölməsində hüquq və vəzifələri izah olunaraq bölməyə müdafiəçi dəvət olunmuş, bundan sonra müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. İstintaq hərəkəti zamanı üzərində qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif edilmiş, bu təklifdən sonra əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı ağ rəngli siqaret qutusunun içərisində olan qəhvəyi rəngli sellofan kəsiyinə bükülmüş narkotik vasitə heroini çıxarıb könüllü şəkildə təqdim etmişdir. Daha sonra üzərində şəxsi axtarış keçirilmiş və təhqiqatçı tərəfindən şalvarının arxa sağ cibində saxladığı istifadəsində olan “Samsung Galaxy A10” markalı mobil telefon aşkar olunaraq götürülmüş, həmin mobil telefonda ***-***-**-** saylı mobil telefon nömrəsini işlətdiyini bildirmişdir. Bundan sonra təqdim etdiyi büküm elektron tərəzidə çəkilmiş və onun qablaşdırma ilə birlikdə çəkisinin 9,26 qram olduğu müəyyən edilmişdir. Təqdim etdiyi büküm müvafiq ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qoyulmuş və həmin zərf özü də daxil olmaqla iştirakçılar tərəfindən üzərində imzalar çəkilmiş və möhürlənmiş, sonradan məhkəmə-kimyəvi ekspertizanın rəyinə əsasən üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisinin 6,736 qram olduğu müəyyən olunmuşdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən çox peşman olduğunu, vərəm xəstəliyindən əziyyət çəkdiyini, narkomaniya xəstəliyindən müalicə olunmaq istədiyini bildirərək valideynlərinin hər ikisinin vəfat etməsini və 2016-cı ildə “Aprel döyüşləri”ndə iştirak etməsini nəzərə alaraq məhkəmədən ona ədalətli cəza təyin edilməsini xahiş etdi.

3. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

4. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir.

5. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin Cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bu barədə rəhbərliyə raportla məruzə olunaraq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün razılıq alınmışdır. Əməliyyat qrupunun rəhbəri özü təyin edilmiş, qrupa isə Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 qrup üzvü kimi daxil edilmişdir. Daha sonra 29 mart 2023-cü il tarixdə, saat 13:10-da Xətai rayonu, Gəncə prospekti 57 ünvanının yaxınlığında olarkən, Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq mülki geyimdə olduqlarından xidməti vəsiqələrini təqdim edib, özlərini təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək onu Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs hər hansı etiraz etmədən onlarla birlikdə polis bölməsinə getmişdir. Təqsirləndirilən şəxs bölmədə araşdırma aparılması üçün X5a təhvil verilmişdir. Şəxsiyyəti müəyyən edilərkən həmin şəxsin 7 noyabr 1996-cı ildə Lənkəran rayonu, Sütəmurdov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Lənkəran rayonu, Sütəmurdov kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. X5 Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmiş, bundan sonra müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı əşya və predmet olub-olmaması, varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs də əynində olan qara rəngli şalvarın sağ yan cibindən siqaret qutusunun içərisində saxladığı bir ədəd qəhvəyi rəngli sellofan bükümü çıxardıb təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun qara rəngli şalvarının sağ arxa cibindən bir ədəd “Samsung Galaxy A10” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Daha sonra X5 bir ədəd qəhvəyi rəngli sellofan bükümün içərisində nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin bir ədəd qəhvəyi rəngli sellofana bükülmüş bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini heç bir anket məlumatlarını bilmədiyi Rəsul adlı şəxsdən “İnstagram” sosial şəbəkəsində danışaraq öz şəxsi istifadəsi üçün Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Ağ şəhər” adlanan ərazidən qabaqcadan qoyulmuş yerdən götürdüyünü bildirmişdir. Daha sonra sellofon bükümün içərisində narkotik vasitə olan heroin elektron tərəziyə qoyularaq çəkilmiş və elektron tərəzidə çəkisinin qablaşdırma ilə birlikdə 9.26 qram olması müəyyən edilmişdir. Daha sonra istintaq hərəkətinin iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir.

6. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin Cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid1la oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir.

7. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

8. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 30 mart 2023-cü il tarixli qərardan görünür ki, 29 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı bir ədəd bükümdə 6,736 qram narkotik vasitə heroinin aşkar edilməsi faktına görə Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X7 tərəfindən həmin tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata götürülərək istintaqı aparılmışdır (cild 1, i.v.1).

9. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 29 mart 2023-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin Cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən Lənkəran rayonu, Sütəmurdov kəndində qeydiyyatda olmaqla ünvan 1-da yaşayan 7 noyabr 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Rəhman İsmayılov tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin bölmənin Cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir (cild 1, i.v. 5-12)

10. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 29 mart 2022-ci il tarixli saat 14:30dan saat 14:50-dək tərtib edilmiş protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 13 saylı Vəkil Bürosunun vəkili, müdafiəçi X2 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün saat 14:20-dən 14:27-dək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X6 tərəfindən həmin bölmənin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, əməliyyat müvəkkili, polis leytenantı Şahid2, növbətçi köməkçisi, polis baş serjantı X8 və müdafiəçi X2 iştirakı ilə Bakı şəhəri, Xətai RPİ-nin 35-ci Polis Bölməsinin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən olunmuş, ona hüquq və vəzifələri izah edilməklə istintaq hərəkətinin mahiyyəti izah edilmiş, daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunla qadağan olunan əşyaları təqdim etməsi təklif olunmuşdur. O, əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd siqaret qutusu içərisində olan 1 (bir) ədəd qəhvəyi rəngli sellofona bükülmüş, içərisində spesifik iyli, qəhvəyi rəngli narkotik vasitə hesab olunan heroinə bənzər maddəni çıxarıb təqdim edərək həmin maddənin narkotik vasitə “kakos” adlandırılan heroin olduğunu bildirərək həmin kütləni masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq təqdim etdiyi 1(bir) ədəd sellofona bükülmüş maddənin heroin olduğunu, həmin kütləni 29 mart 2023-cü il tarixdə sosial şəbəkədə tanımadığı və hər hansı anket məlumatlarını bilmədiyi Rəsul adlı şəxslə “İnstagram” sosil şəbəkəsində danışaraq şəxsi istifadəsi üçün Bakı şəhəri Xətai rayonu “Ağ şəhər” adlanan ərazidən əvvəlcədən qoyulmuş yerdən götürdüyünü, həmin kütləni üzərində daşıdığını və 29 mart 2023-cü il tarixdə, saat 13:10 radələrində Bakı şəhəri, Xətai rayonu, Xəzər dairəsinin yaxınlığında saxlanılaraq Xətai RPİ-nin 35-ci Polis Bölməsinin inzibati binasına gətirildiyini, həmçinin ona qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki və sair zorakılıq tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddənin ümumi çəkisini müəyyən etmək məqsədi ilə elektron tərəzi ilə çəkilən zaman həmin kütlənin çəkisinin 9,26 qram olması müəyyən edildi. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, qara rəngli şalvarının sağ arxa cibindən 1 ədəd üzərində ***-***-**-** saylı mobil nömrə olan “Samsung” markalı mobil telefon aşkar olunmuş, lakin başqa hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs həmin nömrə ilə sosial şəbəkədə Rəsulla əlaqə saxlayaraq narkotik vasitələri əldə etməsini bildirmişdir. Daha sonra həmin kütlələr qablaşdırılaraq DİN-in 154 saylı möhürü ilə möhürlənmiş, üzəri istintaq hərəkətinin iştirakçıları tərəfindən imzalanmışdır. Mobil telefon isə sübut əhəmiyyətinə malik olduğundan götürülmüşdür. İstintaq hərəkəti zamanı “Panasonic” markalı videokameradan istifadə edilməklə videoyazı aparılması və videoyazının diskə köçürülərək protokala əlavə edilməsi qeyd edilmişdir. İştirakçılar tərəfindən heç bir irad və əlavə daxil olmadığı qeyd edilməklə, istintaq hərəkətində iştirak edən şəxslərin ad və soyadlarının qarşısında müvafiq imzalar çəkilmişdir. Təhqiqatçı şəxsi axtarışın başa çatdığını elan etmişdir. (cild 1, i.v. 32, 34-36).

11. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 29 mart 2023-cü il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD-R” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən bir ədəd müddəti 6 dəqiqə 37 saniyə olan həmin videogörüntülərin əks olunduğu diskə müstəntiq İ.İ.Həsənov tərəfindən baxış keçirilməsinə dair 31 mart 2023-cü il tarixli protokolla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin, müdafiəçisinin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır. Videogörüntülərdən Təqsirləndirilən şəxs xarici görkəminin və geyiminin səliqəli olması, sərbəst olmaqla suallara rahat şəkildə cavab verməsi müşahidə edilməklə onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (cild 1, i.v. 74-75).

12. Məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 6/1805 saylı, 30 mart 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №154” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 6,736 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təstiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (siyahı İ) daxildir. Heroinin ümumi təmiz çəkisi – 6,736 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 6,686 qramdır. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manatdır (cild 1, i.v. 42-47).

13. Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsini rəisi, polis polkovnikleytenantı Rəhman İsmayılovun 25 aprel 2023-cü il tarixli 3-13-55-2/2-3544 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə olan heroinin mənbəyinin müəyyən edilməsi məqsədi ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə olunmamışdır. (cild 1, i.v.97-98;)

14. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 16 may 2023-cü il tarixli qərardan görünür ki, müstəntiq İ.İ.Həsənovun xidməti iş yerinin dəyişməsi ilə əlaqədar cinayət işi üzrə istintaqın aparılması Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X3 həvalə edilmiş və sonuncu tərəfindən cinayət işi icraata götürələrək ibtidai istintaqı davam etdirilmişdir. (cild 1, i.v.127-134;)

15. Ambulator komisyon məcburi məhkəmə-narkoloji ekspertizasının 24 iyun 2023-cü il tarixli, 4035 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1, i.v 144-145).

16. "xxxx" MMC-dən daxil olmuş 25 aprel 2023-cü il tarixli 12712 nömrəli məktuba əlavə edilmiş bir ədəd CD diskə baxış zamanı müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrələrinə sorğu edilən müddət ərzində daxil olan və çıxan ismarıcların tarixi, vaxtı, məzmunu, eləcə də göndərənin və qəbul edənin nömrələri, habelə mobil telefon nömrələrinin abunəçiləri haqqında məlumatlar əks olunmuşdur. Həmin ismarıcların məzmununda cinayət işi üzrə sübut əhəmiyyətinə malik hər hansı məlumatlar əks olunmamışdır. (Cild 1, i.v 124-126).

17. “Sübutların qiymətləndirilməsi haqqında” 6 iyul 2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 6,736 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə maddi sübut hesab edilməklə, ekspert tədqiqatından sonra qalıq qalmış 6,686 qram heroin hissəsinin zəruri istintaq hərəkətləri yekunlaşdıqdan sonra məhkəmənin yekun qərarı qəbul edilənədək saxlanılması üçün Bakı şəhəri, Xətai RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətləri zamanı aparılmış videoçəkilişin 1 (bir) ədəd “DVD-R” formatlı disk və "xxxx" MMC-dən daxil olmuş məktuba əlavə edilmiş bir ədəd CD diskin iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması, disklərin cinayət işinə əlavə edilməsi nəzərə alınmış və Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş külli miqdarda narkotik vasitə olan heroinin əldə edildiyi mənbəyə dair ********* nömrəli cinayət işinin ayrılması qərara alınmışdır (cild 1, i.v. 149-155).

18. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 26 aprel 2023-cü il tarixli cavabından, habelə, müvafiq hökm və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilməklə ona təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 6 (altı) ay azaldılmış, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 2 (iki) ay 17 (on yeddi) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 17 mart 2023-cü il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmış, lakin məhkumluğu ödənilməmiş şəxsdir (Cild 1, i.v.99-123; Cild 2).

19. “Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 6 iyul 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi materiallarından Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitənin mənbəyinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır (Cild 1, i.v.157-158;).

20. Bakı şəhəri Xətai rayonu 85 saylı MKİS-in rəisi E.Orucov tərəfindən 7 iyul 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (Cild 1, i.v.162;).

21. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq R.S.Cəfərov tərəfindən 9 iyul 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 13 iyul 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (cild 1, i.v.170-177).

22. Müstəntiq R.S.Cəfərovun 7 iyul 2023-cü il tarixli məktubundan görünür ki, maddi sübut kimi tanınmaqla ekspertiza tədqiqatından sonrakı qalıq qalmış 6,686 qram narkotik vasitə heroin saxlanılması üçün Xətai RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (Cild 1, i.v.169;).

23. “Elektron Məhkəmə Sistemindən” əldə edilməklə iş materiallarına əlavə edilərək elan edilmiş Təqsirləndirilən şəxs “Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti məlumatları”ndan görünür ki, Təqsirləndirilən şəxs 8 yanvar 2015-ci il tarixdən 3 iyul 2016cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. (Cild 2,;).

Əməlin tövsifi və digər hüquqi məsələlər:

24. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

25. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsinatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

27. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

28. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

29. CM-in 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.

30. CM-in 234.1-1-ci maddəsinə əsasən həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

31. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.

32. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

33. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir.

34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 3-cü bəndində göstərilmişdir ki, şəxsin CM-in 234-240-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən maddələrin narkotik vasitə, psixotrop maddə, prekursor, güclü təsir edən və ya zəhərli maddə olduğunun, onların tibb məqsədləri üçün istifadəyə yararlı olub-olmamasını, bitkilərin narkotik xassəli bitkilər olmasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Maddənin məhz narkotik vasitə və ya yuxarıda göstərilən hər hansı maddə olması, onun miqdarı, bitkinin isə narkotik xassəli olması dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında yuxarıda göstərilən maddələrlə cinayət məsuliyyətinə cəlb oluna bilməz.

35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.

36. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

37. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

38. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

39. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

40. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

41. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

42. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

43. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.

44. Hökmün 18-ci bəndində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət əməlini törətməsi, cəzasının çəkilməmiş 2 (iki) ay 17 (on yeddi) gün hissəsindən 30 dekabr 2022-ci il tarixdə şərti olaraq vaxtından əvvəl azad edilməsi və həmin müddətin bitməsindən qısa müddət sonra hazırkı cinayət əməlini törətməsi onun əməlində cinayətlərin residivini yaradır.

45. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin şəxsiyyətini, həm məhkəməyədək icraat, həm də məhkəmə icraatı dövründə davranışını, o cümlədən narkomaniya xəstəliyindən müalicə olunmaqla tam sağalmaq istəməsini bildirməsini, yaşayış yeri müsbət xarakterizə olunmasını və törətdiyi əməlindən səmimi peşmanlıq çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

46. Məhkəmə CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivini təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. (hökmün 44-cü bəndi)

47. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.

48. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

49. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.

50. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.

51. CM-in 56.1.3-cü maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəza cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

52. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

53. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 29 mart 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı dövründə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. (Cild 1, i.v.22; 87-91;)

54. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Məhəmmədli oğlunun cəzaçəkmə müddətinin başlanğıcı 29 mart 2022-cü il tarixdən hesablanmalıdır.

55. Məhkəmə hökmün 15-ci bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

56. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir.

57. Belə ki, CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur.

58. Qeyd edilənlərə əsasən, məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.

59. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri, Xətai RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 6,686 qram olan narkotik vasitə heroin məhv edilməli, iş materiallarında olan şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi zamanı aparılmış videoçəkilişin əks olunduğu 1 (bir) ədəd disk və "xxxx" MMC-dən daxil olmuş məktuba əlavə edilmiş bir ədəd CD disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

60. CPM-ə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

61. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

62. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

63. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

64. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

65. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 29 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Bakı şəhəri, Xətai rayon Polis İdarəsində saxlanılan 6,686 qram narkotik vasitə heroin məhv edilsin, 2 (iki) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Cinayət işi üzrə üzərinə həbs qoyulmuş əmlakın, mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar