Məhkəmə qərarları › İş №1(101)-1778/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1778/2024

06.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1778/2024 06.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 qızının və X6, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi, Bakı şəhəri 38 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsi, ev 17-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi fərdi tikilmiş evdə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxsdən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 4,480 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 27 yanvar 2024-cü il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Xətai rayonu, 5-ci Əhmədli küçəsi, “Əhmədli” metrostansiyasının yaxınlığında saxlanılıb ünvan 1 ünvanında yerləşən 34-cü Polis şöbəsinə gətirilərək videoçəkilişdən istifadə etməklə müdafiəçinin iştirakı ilə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən, bir ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə külli miqdarda təmiz çəkisi 4,480 qram olan maddə qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, hadisə günü dostu Ziya ilə birlikdə olmuşdur. Dostu onu polislərə ifşa etmiş, saxlanılarkən üzərində 0,5 qram metamfetamin aşkar olunmuşdur. O, çox əsəbi və nevroloji xəstə olduğu üçün narkotik vasitədən, yəni metamfetamindən istifadə etmişdir. Narkotik vasitəni gündəlik istifadə etməmişdir. Nevroz olduğu üçün 15-20 gündən bir istifadə etmişdir. Əməlindən çox peşmandır. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, ona qarşı fiziki təzyiq göstərilməmişdir. Heroindən istifadə etməmişdir. Bir ilə yaxındır ki, metamfetamindən istifadə etmiş, həmin narkotik vasitəni məhəllədə tanımadığı şəxsdən almışdır. 2 saylı dispanserdə müalicə almış və davamlı üç ildən bir yoxlanışdan keçmişdir. Dostunun onun üzərində narkotik vasitə olmasından xəbəri olmuşdur. Saxlanılarkən üzərində 0,5 qram metamfetamin olmuşdur. Çəkiliş zamanı 5 qrama yaxın “kakos” adlı narkotik vasitə ilə qeydiyyata alınmışdır. Bununla yanaşı, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunmaqla tədqiq edilmiş ifadəsində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsi, ev 17-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi fərdi tikilmiş evdə anası ilə birlikdə yaşamışdır. Təxminən 1 ildir ki, psixotrop maddə metamfetamindən, hərdən də narkotik vasitə heroindən istifadə edir. Narkotik vasitə heroini qəbul etməyə başlayanda Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli ərazisində yerləşən adını bilmədiyi bir şəxslə tanış olmuş və həmin şəxs ona narkotik vasitə heroin lazım olanda bura gəlib ala biləcəyini demişdir. O da narkotik vasitə lazım olanda Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli ərazisinə gedərək həmin şəxsi tapıb ondan narkotik vasitə heroin almış, daha sonra münasib yer taparaq orada qəbul etmişdir. 26 yanvar 2024-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli ərazisində gedib həmin şəxsi tapmış və ona 20 manat verib narkotik vasitə heroin gətirməsini istəmişdir. Təxminən 15-20 dəqiqə sonra həmin şəxs ona 1 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroini gətirib vermişdir. O, 01 ədəd bükümdə olan narkotik vasitə heroini bədənində ağrılar olan zaman münasib yer taparaq istifadə etmək üçün əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. 27 yanvar 2024-cü il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Xətai rayonu, 5-ci Əhmədli küçəsi, “Əhmədli” metrostansiyasının yaxınlığında olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirib onu Xətai rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinə dəvət etmişlər. O da heç bir etiraz etmədən onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu və üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddənin haradan aldığını soruşanda, o, həmin maddəni öz istifadəsi üçün 26 yanvar 2024-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli ərazisində adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 20 manata aldığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş maddə elektron tərəzidə çəkilmiş və 5,09 qram olması müəyyən edilmişdir. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış onun və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər (cild 1, iş vərəqi 72-74). İfadələri elan edildikdən sonra verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsini təsdiq etdiyini, istintaq vaxtı polislər ona nə deyiblərsə, onu da etdiyini bildirdi. Elan edilmiş ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, Orxan adlı şəxsin ərazidə narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə 27 yanvar 2024-cü il tarixində onlara əməliyyat məlumatı daxil olmuşdur. O və cinayət axtarış şöbəsinin əməkdaşı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, rəhbərliyə məruzə olunmuş, sənədləşdirilmə aparılandan sonra tədbirin həyata keçirilməsinə icazə verilmişdir. 5-ci Kənd Əhmədli küçəsində, “Əhmədli” metrosuna yaxın yerdə Orxanın xarici görünüş əlamətlərinə uyğun biri onlara tərəf yaxınlaşmışdır. Onlar da həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, daha sonra isə onu 34-cü Polis şöbəsinə dəvət etmişlər. 34-cü Polis şöbəsində təhqiqatçı Aqşin Abdullayevin, vəkilin iştirakı ilə Orxanın üzərində axtarış həyata keçirilmiş və Orxandan narkotik vasitə aşkar edilmişdir. Həmin narkotik vasitələrdən istifadə etməsini Orxan özü etiraf etmişdir. Şəxs narkotik vasitələri 20 manata üzdən tanımadığı insandan aldığını da demişdir. Səhv etmirsə, narkotik vasitənin çəkisi 5 qram olmuşdur. Orxan narkotik vasitəni qara şalvarının yan cibindən çıxarıb təhvil vermişdir. Ona qarşı heç bir hörmətsizlik, fiziki və psixi təsir olmadan bütün hər şeyi etiraf etmişdir, onsuz da çox sakit adam olmuşdur, heç bir maneəçilik törətməmişdir. Aşkar olunan maddə təhqiqatçı tərəfindən çəkilmiş, qablaşdırılmış, möhürlənmiş və ekspertizaya göndərilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini tam təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx xxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsi, ev 17-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində daşıması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur (cild 1, iş vərəqi 6). - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 7-8). - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən xx xxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsi, ev 17-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində olduğu yer müəyyən edilərək həmin tarixdə saat 15:00-da Bakı şəhəri, Xətai rayonu, 5-ci Əhmədli küçəsində saxlanılaraq Xətai rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinə gətirilmişdir (cild 1, iş vərəqi 13). - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin gün müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən içərisində 1 ədəd şəffaf sellofan torbaya bükülmüş qəhvəyi rəngdə spesifik iyə malik olan maddəni təqdim etmiş, şifahi sorğu zamanı həmin bükümdəki maddənin narkotik vasitə hesab edilən heroin olduğunu, onu xx.xx.2024-cü il tarixdə Xətai rayonu, Kənd Əhmədli qəsəbəsində olarkən anket məlumatlarını bilmədiyi şəxsdən özünün istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Sonra büküm elektron tərəzidə çəkilmiş, çəkisinin 5,09 qram olması müəyyən edilmiş və büküm kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 152 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 33-34). - materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/721 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 4,840 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat təşkil edir (cild 1, iş vərəqi 40-44). - CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın gedişatını əks etdirən bir ədəd "CD-R" fomatlı diskə Xətai RPİ-nin MSY-nin istintaq otağında baxış keçirilmiş, disk “HP” markalı kompyuterin DVD oxuyucusu vasitəsi ilə açıldıqda 1 ədəd "İMG_1233" adlı videofayl aşkar olunmuş, baxış zamanı məlum olmuşdur ki, həmin "İMG_1233" adlı faylda əks edilmiş görüntülər 27 yanvar 2024-cü il tarixdə qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Xətai rayon Polis İdarəsinin 34-cü Polis şöbəsində xidməti otaqlardan biridir. Videogörüntüdən müəyyən edilir ki, təhqiqatçı Aşqin Abdullayevin sağ tərəfində masa arxasında əyləşmiş şəxs 13 saylı Vəkil bürosunun vəkili X9, sol tərəfində ayaq üstə dayanmış əynində qara rəngli gödəkçə və qara rəngli cins şalvar olan şəxs Təqsirləndirilən şəxsdur. Digər ayaq üstə durmuş və adları təhqiqatçı tərəfindən sadalanan Xətai rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkilləri Şahid1 və Şahid2dur. Videoçəkilişin davamında təhqiqatçı Aşqin Abdullayev Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın qabaq sağ yan cibindən şəffaf sellofana bükülmüş 1 ədəd bükümü təqdim edir, həmin maddənin "kola" kimi tanınan narkotik vasitə heroin olmasını, onu adını bilmədiyi və tanımadığı şəxsdən aldığını bildirir. Həmin büküm açılaraq nümayiş etdirilir və içərisində qəhvəyi rəngli maddə olması görünür. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparması müşahidə olunur. Həmin büküm elektron tərəzidə çəkilən zaman içərisində narkotik vasitə heroinə bənzər maddə olan 01 ədəd bükümün 5,09 qram olması, həmin bükümün zərfə qoyularaq möhürlənməsi videogörüntü zamanı qeydə alınır (cild 1, iş vərəqi 58-59). - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 1, iş vərəqi 60-61). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X5nın xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsi, ev 17 unvanında qeydiyyatda olan xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ilk dəfə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinin göndərişinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixinədək Bakı şəhəri 2 nömrəli X2 stasionar müayinədə olmuşdur. Diaqnoz: "Yüngül ifadə olunmuş üzvi emosional-labil pozuntusu, anamnezində qıcolma tutmaları". Təkrarən, Məmmədov X4 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinin göndərişinə əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixinədək Bakı şəhəri 2 nömrəli X2 müayinədə olmuşdur. Diaqnoz: "Uzun gedişli, yüngül ifadə olunmuş üzvi emosional-labil pozuntusu, anamnezində qıcolma tutmaları". Təkrarən, Məmmədov X4 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinin göndərişinə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixinədək Bakı şəhəri 2 nömrəli X2 müayinədə olmuşdur. Diaqnoz: "Uzun gedişli, yüngül ifadə olunmuş üzvi emosional-labil pozuntusu, amnezində qıcolma tutmaları". Dövlət Xidmətinin Yasamal rayon idarəsinin göndərişinə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Bakı şəhəri 2 nömrəli X2 stasionar müalicədə olmuşdur. Diaqnoz: "Mülayim dərəcədə ifadə olunmuş üzvi emosional-labil pozuntusu, anamnezində kobud özünükəsmələr". Sonuncu dəfə, Məmmədov X4 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinin göndərişinə əsasən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 2 nömrəli X2 müayinədə olmuşdur. Diaqnoz: "Mülayim ifadəli üzvi emosional-labil pozuntusu, anamnezində kobud özünükəsmələr" (cild 1, iş vərəqi 104-105). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (cild 1, iş vərəqi 106). - Xətai rayon Polis İdarəsinin 34-cü Polis bölməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 111). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cüil tarixli, 1810 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 122-123). - ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 1096 saylı rəyindən görünür ki:

1. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda “üzvi mənşəli emosional labil pozuntu” (F 06.6) müəyyən edilir. Bunu anamnestik məlumatlar, əldə edilmiş tibbi sənəd (əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, baş ağrısından, yuxusuzluqdan şikayət etməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli “X5”nda “Mülayim dərəcədə ifadə olunmuş üzvi emosional-labil pozuntusu, anamnezində kobud özünükəsmələr” diaqnozu təyin edilməsi) və hal-hazırkı müayinənin nəticələri (əhvali ruhiyyəsinin dəyişkən olması, emosional sferasının labil olması, xarici qıcıqlara qarşı həssas olması və s.) sübut edir.

2. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs üzvi mənşəli emosional labil pozuntu müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs olan üzvi mənşəli emosional labil pozuntu o dərəcə ifadə olunmamışdır ki, o öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür (cild 1, iş vərəqi 124-127). - CD diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə dair "xxxx" MMC-dən alınmış diskə onun “HP” markalı kompyuterin DVD oxuyucusu vasitəsi baxış keçirilmiş, birinci "SMS_Tarixcesi_**********1419_554224759" adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə 01 dekabr 2023-cü il tarixdən 29 yanvar 2024-cü il tarixədək daxil olan smslərin siyahısı göstərilmişdir. Həmin siyahıya baxış keçirilsə də iş üçün əhəmiyyət kəsb edən hal aşkar olunmadı. İkinci "SMS_Tarixcesi **********1422_554224759" adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə 01 dekabr 2023-cü il tarixdən 29 yanvar 2024-cü il tarixədək daxil olan və çıxan sms-lərin siyahısı göstərilmişdir. Həmin siyahıya baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə saat 03:46:49da "nermin mənm orxan evdesen kola kanali var 10 nug lazimdi" sözləri yazılmış yazışmanın olması aşkar edildi. Üçüncü "Zenglerin Detallasmasi_**********2323 554224759" adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**- ** saylı mobil nömrəsinə 01 dekabr 2023-cü il tarixdən 29 yanvar 2024-cü il tarixədək daxil olan və çıxan zənglərin daxil olan və çıxan zənglərin siyahısı, anten dairəsi göstərilmişdir. Həmin siyahıya baxış keçirən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin müxtəlif ünvanlarda olması, həmçinin Təqsirləndirilən şəxs saxlandıqdan sonrada istifadə olunması müəyyən olundu. Dördüncü Zenglerin_Mexsusluq_Tarixceleri_**********2305 55422475 9_BKC" adlı pdf farmatlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə 01 dekabr 2023- cü il tarixdən 29 yanvar 2024-cü il tarixədək daxil olan və çıxan mobil nömrələrin sahiblərinin anket məumatları göstərilmişdir. Həmin siyahıya baxış keçirən zaman ***-***-**-** saylı mobil nömrənin Təqsirləndirilən şəxs adına qeydiyyatda alınması aşkar olundu. Baxışda iştirak edən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə saat 03:46:49-da "nermin mənm orxan evdesen kola kanali var 10 nug lazimdi" sözləri yazılmış sms-in onun tərəfindən tanışı Nərmin adlı qadına yazıldığını, Nərmindən narkotik vasitə heroin tapmaq da ona köməklik etməsi üçün yazdığını bildirdi. Həmçinin Təqsirləndirilən şəxs 27 yanvar 2024-cü il tarixdə saxlanılan zaman mobil telefonu üzərində olmadığını, mobil telefonu götürmədiyini bildirdi (cild 1, iş vərəqi 130-133). - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 4,480 qram narkotik vasitə olan heroin və şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd disk iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,790 qram çəkidə narkotik vasitə heroin saxlanması üçün Xətai rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 136-144). - cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmış və icraata qəbul edilmişdir (cild 1, iş vərəqi 146-147). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 113-114). - yaşayış yeri üzrə xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Maştağa qəsəbəsində yaşadığı müddət ərzində qonşulardan və sakinlərdən heç bir şifahi və yazılı şikayət daxil olmamışdır (cild 1, iş vərəqi 116). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 800 qramı xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Təqsirləndirilən şəxs polislər tərəfindən saxlanılarkən üzərində heroin deyil, 0,5 qram metamfetamin olması, polislər nə deyibsə onu da etməsi, yəni heroini boynuna alması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, polis şöbəsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən içərisində 1 ədəd şəffaf sellofan torbaya bükülmüş qəhvəyi rəngdə spesifik iyə malik olan maddəni təqdim etmiş, şifahi sorğu zamanı həmin bükümdəki maddənin narkotik vasitə hesab edilən heroin olduğunu, onu 26 yanvar 2024-cü il tarixdə Xətai rayonu, Kənd Əhmədli qəsəbəsində olarkən anket məlumatlarını bilmədiyi şəxsdən özünün istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Şəxsi axtarışın nəticəsinə dair müvafiq protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şübhəli şəxs və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə ifadələr verərkən üzərindən aşkar edilmiş narkotikin özünə aid olduğunu etiraf etmişdir. Lakin məhkəmədə heç bir dəlil gətirmədən həmin ifadəsini dəyişdirmişdir. Qeyd edilənlərdən əlavə Təqsirləndirilən şəxs, barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilərkən verdiyi izahatında özünü təqsirli bilərək əməlindən peşmançılıq çəkdiyini bildirmişdir. Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, polis əməkdaşları tərəfindən öyrədilməsi nəticəsində narkotik vasitəni boynuna alması barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 27 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 yanvar 2024-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 27 yanvar 2024-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 22, 81-85). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 27 yanvar 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,790 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 27 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,790 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. Digər maddi sübut - Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 81 (səksən bir) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar