Məhkəmə qərarları › İş №1(101)-1778/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1778/2025

25.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1778/2025 25.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X9 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM-in) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlayaraq daşımışdır.

İşin faktiki halları:

2. Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları adlanan ərazidə istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımış, daha sonra o, Sabunçu RPİ-in 42-ci PB-in əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə saat 22:20də həmin ərazidə saxlanılmışdır. Saxlanıldıqdan sonra həmin polis bölməsinə gətirilmiş və orada xx.xx.2025-ci il tarixdə üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sol yan cibindən təmiz çəkisi 9,406 qram təşkil edən narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 42-ci Polis bölməsində əməliyyat müvəkili Şahid1 ifadəsində göstərmişdir ki, daxil olmuş məlumat əsasında 22:20-də Ləhiş bağlarında arxası yarım tikili olan boş ərazidə iki nəfər qadın cinsindən olan şəxsləri görüb sonunculara yaxınlaşaraq özlərini təqdim etmiş və onların X6 və Təqsirləndirilən şəxs olmalarını müəyyənləşdirmişlər. Bundan sonra saxladıqları şəxslərin qadın cinsindən olmalarını nəzərə alıb saxladıqları yerdə üstlərini yoxlaya bilməyəcəklərindən həmin şəxsləri Sabunçu RPİ-nin 42-ci Polis bölməsinə dəvət etmişlər. Polis bölməsində olan zaman Təqsirləndirilən şəxs və A.T.Məmmədovaya təhqiqatçı tərəfindən hüquqları izah edilmiş, əvvəlki dövlət hesabına vəkillə təmin edilmək istədiyini bildirmiş və 7 saylı vəkil bürosunun vəkili Elnur Nəbiyev müdafiəçi olaraq təyin edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən hər iki şəxs şübhəli şəxs qismində tutulmuş və xanım polis əməkdaşı YYÇ üzrə inspektor polis mayoru Şahid3 şəxsi axtarış üçün dəvət edilmişdir. Təxminən 01 radələrində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilməsinə başlanmış, sonuncuya hüquqları izah edildikdən sonra üzərində olan biləcək qanunla qadağan edilmiş əşyanı könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü, şalvarının sağ cibindən isə 01 ədəd motorolla markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs əlində olan balaca əl çantasını çıxararaq masanın üzərinə qoymuş, əl çantasının içərisinə baxış keçirən zaman müxtəlif kosmetik vasitələr, 01 ədəd bank kartı, 01 ədəd üzərində iydə yazısı olan ətir, 01 ədəd 1 ABŞ dolları, 06 azn pul var olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, həmin bükümün içərisində narkotik vasitə heroin vardır və o, həmin bükümü sosial şəbəkə üzərindən tanıdığı özünü İİR-ın vətəndaşı kimi təqdim edən Məhəmməd adlı şəxsdən şəxsi istifdəsi üçün sonradan ödənişini etmək şərti ilə əldə etmişdir. Bundan sonra Şahid3 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçrilmiş, lakin hər hansı digər əşya aşkar edilməmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi büküm zərfə qoyularaq qablaşdrılmış və həmin zərfin üzəri hər bir iştirakçı tərəfindən imzalanmışdır. Həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi motorolla markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmə iclasında Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, digər şübhəli şəxs A.T.Məmmədova üzərindən heç bir qanunsuz əşya aşkar olunmadığından onunla bağlı hissədə xitam verilmişdir.

4. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid Sabunçu RPİ-nin 42-ci Polis bölməsində əməliyyat müvəkili Şahid2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadələrinə oxşar, eyni məzmunlu ifadə vermişdir.

5. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid Sabunçu RPİ-nin YYÇ üzrə inspektoru, polis mayoru, Şahid3 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, 10 iyun 2025-ci il tarixdə saat 23:00 radələrində məsul növbətçi T.Hüseynov ona zəng edərək polis bölməsində şübhəli şəxs qismində iki nəfər qadın vətəndaşın saxlanıldığını, həmin şəxslərin üzərinə şəxsi axtarış və baxış keçirilməli, onun da bu prosesdə iştirak etməli olduğunu bildirmişdir. Polis bölməsinin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquqları izah olunmuş və üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilməsinə başlanmış, şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra üzərində ola biləcək qanunla qadağan edilmiş əşyanı könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü, şalvarının sağ cibindən 01 ədəd “Motorolla” markalı mobil telefonu və əlində olan balaca əl çantasını çıxararaq masanın üzərinə qoymuşdur. Əl çantasının içərisinə baxış keçirən zaman müəyyən edilmişdir ki, içərisində müxtəlif kosmetik vasitələr, 01 ədəd bank kartı, 01 ədəd üzərində iydə yazısı olan ətir, 01 ədəd 1 ABŞ dolları, 06 manat pul vardır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin bükümü sosial şəbəkə üzərindən tanıdığı özünü İran vətəndaşı kimi təqdim edən Məhəmməd adlı şəxsdən şəxsi istifadəsi üçün sonradan ödənişini etmək şərti ilə əldə etdiyini bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs üzərinə baxış keçirmiş, lakin hər hansı digər əşya aşkar etməmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi büküm zərfə qoyyularaq qablaşdırımış və həmin zərfin üzəri hər bir iştirakçı tərəfindən imzalanmış, “Motorolla” markalı mobil telefon həmçinin sübut əhəmiyyəti kəsb etdiyindən zərfə qoyularaq qablaşdırılmışdır.

6. xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild i/v 28).

7. 12.06.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (İ cild i/v 111-112).

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/2146 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, görünür ki, tədqiqata təqdim edilmiş üzərində: "Azərbaycan Respublikası DİN Zərflər üçün №241"-li dairəvi möhür əksi, “şübhəli şəxs: Təqsirləndirilən şəxs (imza)" yazısı və imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 9,406 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (İ cild i/v 63-67). Qeyd: heroinin çəkisi – 9,406,0 qram, sərf edildi 0,1 qram, qalıq: 9,306 qramdır. Ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat təşkil etmişdir (İ cild i/v 64).

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 3885 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və Psixostimulyatorlardan istifadə halları olmuşdur. Lakin hal-hazırda sonuncuda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserinə profilaktiki qeydiyyata alınması məsləhət görülür (İ cild i/v 152-153).

10. Şəxsi axtarış və götürməni özündə əks etdirən DVD diskə baxış keçirilərək və xx.xx.2025-ci ildə tərtib olunmuş protokol məhkəmə iclasında tədqiq edilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2025-ci ildə saat 01:05-dən 01:25-dək Sabunçu RPİ-nin 42-ci PŞ-də qeydə alınmışdır. X2 iştirakçıları və özünü təqdim edib şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edir. Sonuncunun üzərinə şəxsi axtarış və baxış keçiriləcəyi və bundan əvvəl üzərində qeyri-qanuni əşyalar varsa könüllü təqdim etməsi təklif olunur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindəki qara rəngli şalvarın sol yan cibindən 1 ədəd şəffaf selofana bükülmüş qəhvəyi rəngli spesifik iyə malik maddəni, sağ yan cibindən 01 ədəd "Motorola" markalı mobil telefon və üzərində olan qara rəngli əl çantasını içərisində 1 ədəd bank kartı, 1 ədəd üzərində İydə yazısı olan ətir, müxtəlif kosmetik vasitələr, 1 ədəd 1 ABŞ dollarını, 6 manat pul əskinazını təqdim edir. Sorğu zamanı whatsapp vasitəsilə tanış olduğu İİR vətəndaşının göstərişi ilə Nardaran qəsəbəsi, Ləhiş bağlarında konum vasitəsi ilə həmin maddəni götürüb rəfiqəsi ilə istifadə etmək istəməsini bildirir. Üzərindən aşkar edilən, bank kartı, 6 manat pul, 1 ABŞ dolları ətir və kosmetik əşyalar heç bir sübut əhəmiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarılır. Aşkar olunmuş 1 ədəd şəffaf selofana bükülmüş qəhvəyi rəngli spesifik iyə malik maddə qablaşdırılaraq möhürlənir və hər bir iştirakçı tərəfindən imzalanır (İ cild i/v 48-49).

11. "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilərək və xx.xx.2025-ci il ildə tərtib olunmuş protokol məhkəmə iclasında tədqiq edilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəsinin anten məlumatları xx.xx.2025-ci il tarixdə saat 20:30-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 11-ci Sahil döngəsi ünvanında olmuşdur (İ cild i/v 138-140).

12. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalmış və maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 9,306 qram narkotik vasitə heroim saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-in maddi sübutların saxlama yerinə təhvil verilmişdir (i/v 169-180).

13. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci ildə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild i/v 145-146).

14. Bakı şəhər Nizami rayon 26 №-li şəhər X1 xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs hamilədir. (İİ cild i/v 1).

15. Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 “Bakı Baş Səhiyyə Mərkəzi” X12 7 nömrəli qadın məsləhətxanasının xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Nərimanov rayonu 7 nömrəli Qadın məsləhətxanasında 16 həftəlik hamiləliklə qeydiyyatdadır (İİ cild i/v 11).

16. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məhkəmə iclasında təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, məhkəmə iclasında iştirak etməyən şahidlər Şahid2 və Şahid3 ibtidai istintaq zamanı verdikləri ifadələri təsdiq edir, sonuncuların məhkəmə iclaslarında iştirak etmələrinə zərurət yoxdur və həmin şahidlərin ifadələri elan olunmaqla məhkəmə istintaqını davam etdirilməsini xahiş edir.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

17. Təqsirləndirilən şəxs məhkəmə baxışında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 4 aylıq hamilədir. Əvvəllər onkoloji xəstəlikdən əziyyət çəkdiyinə görə bir dəfə metamfetamin istifadə etmişdir. Sosial şəbəkədə Məhəmməd adlı şəxslə tutulmamışdan təxminən 5-6 ay öncə tanış olmuşdur. Həmin şəxslə söhbət zamanı onun İİR-ın vətəndaşı olduğunu və narkotik vasitə, psixotrop maddənin satışı ilə məşğul olmasını öyrənmişdir. Arzu Məmmədovanı isə təxminən 1 ildir ki, tanıyır, sonuncu onun rəfiqəsidir. O, saxlanılanda təxminən 10 gün olardı ki, A.Məmmədovanın yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsində yerləşən dəqiq ünvanını bilmədiyi evdə yaşamışdır. Sonuncu da narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edirmiş. xx.xx.2025-ci il tarixdə axşam saatlarında Məhəmməd ona mobil tətbiq üzərindən konum göndərərək Nardaran qəsəbəsində onun üçün cüzi miqdarda, yəni şəxsi istifadə üçün büküm gizlətdiyini bildirmiş, o da bu barədə A.Məmmədovaya bildirərək həmin konuma sonuncu ilə birlikdə getməyi təklif etmişdir. Lakin bu zaman onun A.Məmmədovaya mal vermək kimi bir niyyəti olmamış, götürəcəyi narkotik vasitə yalnız onun istifadəsinə kifayət edəcək miqdarda olmuş, gecə qaranlıq olduğu üçün tək getməyə qorxmuşdur. Daha sonra o, mobil telefonunda taksi çağırmaq üçün tətbiq olmadığından Məhəmmədin göndərdiyi konumu taksi sifariş etməsi üçün A.Məmmədovaya göndərmişdir. Saat təxminən 22:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlarında olan ünvana yaxınlaşmış və oradan Məhəmmədin fotoşəkil ilə izah etdiyi yerdən 1 ədəd bükümü götürmüşdür. Bükümü götürdükdən təxminən 5 dəqiqə sonra onlara tərəf iki nəfər mülki geyimli şəxslərin yaxınlaşmasını görmüş, həmin şəxslərin üst-başları təmiz olduğuna görə sonuncuların polis əməkdaşları olduqlarını düşünmüşdür. Bu zaman həmin mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini təqdim etmiş, onları şəxsiyyətlərini müəyyənləşdirdikdən sonra Sabunçu RPİ-in 42-ci PB-nə dəvət etmiş, onlar da etiraz etməyərək polislərlə birlikdə getmişlər. Bölmədə olan zaman təhqiqatçı tərəfindən onlara hüquqları izah olunmuş və ona vəkil təyin olunmuşdur. Bir müddət sonra 42-ci Polis bölməsinə vəkil Elnur Nəbiyev gəlmiş, sonuncu ilə o, təxminən 5 dəqiqə ərzində konfedensial söhbət aparmışdır. Bundan sonra təhqiqatçı tərəfindən ona üzərinə şəxsi axtarış və baxış keçiriləcəyi bildirilmiş, həmin polis bölməsində işləyən bir nəfər xanım əməkdaş dəvət olunmuş, əgər üzərində qanunla qadağan edilmiş hər hansı əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu zaman o, əynində olan şalvarın sol yan cibindən həmin narkotik vasitə heroin olan bükümü, daha sonra əlində olan kiçik həcmli göy rəngli əl çantasını və əynində olan şalvarın sağ yan cibindən istifadəsində olan motorolla markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra xanım əməkdaş tərəfindən üzəri yoxlanılmış, lakin qanunla qadağan edilmiş hər hansı digər əşya aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi büküm və mobil telefon təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və həmin zərflərin üzəri hər bir iştirakçı tərəfindən imzalanmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Türkiyədə onkoloji xəstəlikdən müalicə almış, sağalmış, dərmanları qurtardıqda ağrıları olduğu üçün bu yola əl atmışdır. Belə ki, bibisi də onkoloji xəstə olmuş, sonuncuya morfin vurduqda ağrıları azalmış, iranlı şəxs narkotik vasitənin də ağrısını azaldacağını ona bildirmişdir. O, narkotik vasitəni almaq üçün 45 manat pul ödəmiş, satan iranlını tiktok və digər sosial şəbəkələrdə şəxslərin özlərinin etdikləri reklamlar nəticəsində tanımışdır. Daha sonra əməlindən səmimi peşman, 7 aylıq hamilə və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu nəzərə alaraq məhkəmədən barəsində yüngül cəzanın verilməsini xahiş etmişdir.

Hüquqi məsələlər:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:

18. Maddə 234.1-1. Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə – üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

19. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

20. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

21. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 22.Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 23.Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir.

24. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.

25. Maddə 79.1. Şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər.

26. Maddə 93.1.2. cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir.

27. Maddə 99-1.2. Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:

28. Maddə 28.5. Şəxslərin cinayət törətməkdə təqsirli olmalarına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

29. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

30. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. 31.Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

32. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. 33.Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 34.Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı, həmçinin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

35. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 36.Maddə 193.2. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir). 37.Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu:

38. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

39. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

40. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür.

41. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir.

42. Maddə 21.1. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur.

“Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

43. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” İ siyahıya əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə - xeyli miqdarından artıq miqdarda, 2 qram təşkil etdikdə külli miqdarda narkotik vasitə hesab olunur.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı:

44. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı:

45. Məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı:

46. Qərarın 1-ci bəndi. Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər.

Avropa Məhkəməsinin Presedent Hüququ:

47. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri).

Məhkəmənin hüquqi dəyərləndirməsi:

48. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi özünün etiraf edici, şahidin ifadələri ilə yanaşı, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və şəxsi axtarışı əks etdirən DVD diskdə olan videogörüntülərlə, ekspert rəyləri və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-in 234.1-1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur (hökmün 37-ci bəndi).

49. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. 50.Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır.

51. Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman, 7 aylıq hamilə və ilk dəfə cinayət məsuliyyətinə cəlb olmasını cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır.

52. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır.

53. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halları, yəni əməlindən səmimi peşman, 7 aylıq hamilə və ilk dəfə cinayət məsuliyyətinə cəlb olmasını, cəzanı ağırlaşdırıcı halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

54. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, sonuncunun ibtidai araşdırma zamanı şübhəli şəxs qismində tutulduğu 11 iyun 2025-ci il tarixdən 12 iyun 2025-ci il tarixədək, yəni 01 (bir) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq, ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalıdır.

55. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs hazırda hamilə olduğunu nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikasının CM-nin 79.1-ci maddəsinin tətbiq edilməsini və hökm üzrə cəzanın icrasının uşağın doğulub 14 (on dörd) yaşına çatanadək təxirə salınmasını məqsədəmüvafiq hesab edir.

56. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir.

57. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli hökmün faktiki icra olunacağı tarixdən hesablanmalıdır.

58. Təqsirləndirilən şəxs üzərinə uşağının qayğısına qalmaq və tərbiyə etmək vəzifəsi qoyulmalıdır.

59. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır (i/v 152-153, hökmün 28-ci bəndi).

60. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutları saxlama yerində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 9,306 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD disk və 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır (hökmün 32ci bəndi).

61. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertiza xərci 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir.

62. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir (hökmün 30-cı bəndi).

63. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir (hökmün 22 və 31-ci bəndləri).

64. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın təxirə salınmasını məqsədəuyğun hesab etsə də, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək sonuncunun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır.

65. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKMETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 11 iyun 2025-ci il tarixdən 12 iyun 2025-ci il tarixədək, yəni 01 (bir) gün müddət çıxılmaqla, sonuncunun üzərində qəti olaraq 02 (iki) il 11(on bir) ay 29(iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməsi hamilə olduğu uşağı doğularaq 14 (on dörd) yaşına çatanadək təxirə salınsın. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli hökmün faktiki icra olunacağı tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərinə uşağının qayğısına qalmaq və tərbiyə etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut 02 ədəd DVD disk və 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutları saxlama yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 9,306 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 33 saata görə 363 (üç yüz altmış üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar