Məhkəmə qərarları › İş №1(101)-178/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-178/2023

28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-178/2023 28.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 02 avqust 1982-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs internet vasitəsi ilə tanış olduğu Qurban Bərabərli adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2022-ci ilin mart ayının ortalarında əvvəlcədən aralarında olan razılaşmaya əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçular massivində yerləşən mebel təmiri sexin arxasındakı torpaq sahədə sonuncu tərəfindən gizlədilmiş, satış məqsədi ilə qanunsuz olaraq 2002,6 qram külli miqdarda narkotik vasitə heroini və 2009,834 qram külli miqdarda psixotrop maddə metafetamini əldə edib daşımış, psixotrop maddə-metamfetamin 20,334 qramını üzərində, qalan hissəsini və həmçinin heroini yaşadığı ünvanda saxlamış, 13 aprel 2022-ci il tarixdə saat 20:40-da Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşlarının keçiridiyi əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının yaxınlğında saxlanılaraq ünvan 3n inzibati binasına gətirilmiş və həmin günü saat 22:10-da üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən 1 ədəd bükümdə 20,334 qram ağ rəngli kristaldan ibarət maddə kustar üsulla hazırlanmış külli miqdarda psixatrop maddə-metamfetamin aşkar edildikdən sonra, həmin günü saat 23:30-da yaşadığı ünvan 2 ünvanına baxış keçirilməsi zamanı isə qonağ otağında olan taxta konstruksiyah dolabın içindən iki ədəd bağlamada, ayrı-ayrılıqda təmiz çəkisi 1006 və 996,6 qram olmaqla ümumi təmiz çəkisi 2002,6 qram qəhvəyi rəngli, tozşəkilli maddəllər kütlələri, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə-heroin, iki ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 997,2 və 992,3 qram olmaqla ümumi təmiz çəkisi 1989,5 qram ağ rəngli kristallardan ibarət maddələr kütlələri, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış külli miqdarda psixatrop maddə-metamfetamin və üzərində heroin və metamfetamin izləri olan gümüşü rəngli 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, ittiham aktında göstərilənlər həqiqəti əks etdirmir. O bir nəfər şəxslə avtomobildə narkotik vasitə çəkmişdi. Onunla narkotik vasitə çəkdikdən sonra ona bəzi şəxslər tərəfindən xəbardarlıq edildi ki, həmin şəxs düz adam deyil. Bu səbəbdən 5-6 gün o telefonuna gələn zənglərə cavab vermədi, çölə çıxmadı. Polis əməkdaşları evinin qarşısına adam qoyaraq onu güdüblər. Günorta saatlarında o evə gəldikdən sonra yatmışdı. Bu vaxt polis əməkdaşları evinə daxil olaraq onu tutdular. Evində polis əməkdaşları ona təqribən 3 saat ərzində təzyiq göstərdilər. Bundan sonra onlar onu baş idarəyə apardılar. Baş idarədə ona ailəsi barəsində şantaj etdilər. Onlar ondan ailənin narkotik vasitədən istifadə etdiyini bilibbilmədiklərini soruşduqda, o onların bu barədə məlumatlı olduqlarını dedi. Onlar onu ailə üzvlərini də tutacaqları ilə hədələdilər. O da məcburiyyət qarşısında qalıb orada ona təqdim olunan sənədləri imzaladı. Tərəzi və narkotik vasitə onlarındır, onlara məxsus deyil. Polis əməkdaşları evindəki qızıl və kameranı da götürdülər və hələ də əşyaları qaytarılmayıb. Orada videoçəkiliş oldu. Polis əməkdaşları evinə narkotik vasitə yerləşdirdilər və onların göstərişinə uyğun olaraq həmin narkotik vasitəni videoçəkiliş zamanı çıxarıb təqdim etdi. Bunu etməyinə səbəb o idi ki, həmin vaxt evdə anası və həyat yoldaşı var idi və səs-küy yaranmasını istəmədiyi üçün məcburiyyət qarşısında qalıb bunu etdi. Maşınında 1 qram kakos olub, kakosdan istifadə etməmiş, metamfetamindən istifadə etmişdir. Kakos bir yerdə narkotik vasitə istifadə etdiyi şəxsindir. Maşına düşüb orada qalıb. Bir yerdə maşında narkotik vasitə istifadə etdiyi şəxsin adı Arifdir. Onunla kafedə tanış olmuşdur, Ariflə birgə narkotik vasitə istifadə edərkən təqribən 1 qramdan az metamfetamin çəkmişdi. Tərəzi və evində narkotik vasitə olmayıb. Narkotik vasitələrdən istifadə etdiyi üçün əməlindən peşmandır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs barəsində onun qanunsuz olaraq narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdu. Məlumat raportla bölmə rəisinə məruzə olunduqdan sonra əməliyyat məlumatının yoxlanılması məqsədilə əməliyyat qrupu yaradıldı. Əməliyyat qrupunun iştirakçılarına davranış qaydaları izah olunduqdan sonra birlikdə Binəqədi rayonu ərazisinə gəldilər. Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında yaxınlaşdılar və ona özlərini təqdim edib, barəsində əməliyyat məlumatının daxil olduğunu bildirdikdən sonra, Təqsirləndirilən şəxs baş idarəyə dəvət etdilər. Baş idarədə qanunvericiliyə uyğun olaraq Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə olunmaqla baxış keçirildi. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə aşkar edildi. Bundan sonra Təqsirləndirilən şəxs özü səmimi olaraq bildirdi ki, evində İran İslam Respublikasının vətəndaşından onlayn yolla əldə etdiyi narkotik vasitə vardır. Bundan sonra Təqsirləndirilən şəxs evinə onun razılığı ilə baxış keçirildi. Təqsirləndirilən şəxs evinə baxış keçirilməsi zamanı onun evində umumilikdə 4 büküm, 2 bükümdə metamfetaminə oxşar və 2 bükümdə heroinə oxşar maddələr aşkar edildi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zamiq onun qardaşıdır. Qardaşının işi üzrə şahid olan şəxslər onu dayanacağın yanında maşında olarkən saxlamışdılar. Onlar onun əlini qandalladılar və onu avtomobilə mindirib həyətə apardılar. Orada bir-iki saat onu gözlətdikdən sonra evə basqın etdilər. Bir-iki saatdan sonra qardaşını evdən çıxarıb apardılar. Onlar qardaşı üçün Baş idarədən gəldiklərini bildirdilər, biri adı Şirəli olduğunu dedi, o salamlaşdı və bu vaxt əlindən və kəmərindən tutub maşına mindirdi. Polis əməkdaşları onu saat 6-7 aralığında saxladılar. Polis əməkdaşlarının evdə nə etdiyini görmədi, qardaşının narkotik vasitədən istifadə etdiyini bilirdi. Polis əməkdaşları elə bildi ki, o Zamiqdir, onlara vəsiqəni göstərdi. Evdən nə çıxdığını görmədi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zamiq onun qonşusudur. Hadisə baş verən gün o Zamiqin qardaşı Namiqlə görüşüb Xırdalana gedərkən o Zamiqin qardaşı Namiqə bir avtomobilin yaxınlaşdığını, içərisindən 2 nəfərin düşüb Namiqi saxlayıb avtomobilə mindirdiklərini gördü. Sonra isə Opel markalı avtomobil gəldi, yolun sağ tərəfində, Araz marketin yanında saxladı, həmin avtomobildən 3 nəfər düşdü. Onlar birgə Namiqi apardılar, məhəllə uşaqları da orada idi. O və digər məhəllə uşaqları Namiqin arxasınca getdilər. Həmin avtomobillər Namiqgilin qapısının ağzında idi. Bundan sonra gördü ki, Sprinter markalı avtomobil gəldi və onun içərisindən 5-10 nəfər düşdü, onlar oraya yaxınlaşmağa qoymadılar, danışdıqları axşam tərəfi, saat 5 radələrində baş vermişdir. O narkotik vasitənin evdən necə çıxdığını görmədi, onları içəriyə qoymadılar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 və Şahid7 digər Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, həyat yoldaşı Zamiq yatmışdı. O uşağını məktəbdən gətirmişdi, ona dərslərini hazırlamaqda kömək edirdi. Hamam otağına keçmişdi, birdən səs eşitdi. Elə bildi ki, evə oğru girib. Onu tutub içəriyə atdılar, telefonunu aldılar. Uşağı həmin gün çox pis vəziyyətdə idi, qorxu hissi keçirmişdi. Həyat yoldaşının narkotik vasitədən istifadə etdiyini bilmirdi, evdən narkotik vasitə çıxdığını görmədi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Zamiq onun oğludur, hadisə baş verən gün o çölə çıxıb, gördü ki, kiçik gəlin gəlir, qapına açdı, o içəri daxil oldu. Sonra bir nəfər şəxsin qapının ağzında dayandığını gördü. Həmin şəxsdən kim olduğunu soruşdu, lakin o cavab verməyərək üzünü çevirdi. İçəri keçəndə gördü ki, saqqalılar evə doluşublar. Elə bildi ki, onlar oğrulardır. O onlardan kim olduqlarını soruşdu, onlardan biri polkovnik olduğunu bildirdi. Onlardan nə məqsədlə gəldiklərini soruşduqda oğlunun 52 kiloqram narkotik vasitə keçirdiyini bildirdilər. O isə oğlunun heç 50 kiloqram çəkisinin olmadığını, 52 kiloqram narkotik vasitəyə onun gücünün çata bilməyəciyini bildirdi. Onlar isə şübhələndiklərini bildirdilər. Eşitmişdi ki, oğlu hərdən çəkir, bir dəfə ona öz iradını bildirdi, lakin bundan sonra edib-etmədiyini bilmir. Mənə polis əməkdaşları təqribən 1 qram olduğunu ehtimal etdiyi narkotik vasitə göstərdilər ki, aşkar edilib. Evdən narkotik vasitə çıxmayıb, evdə narkotik vasitə olmayıb. Bu danışdıqları baş verəndə saat axşam 18:30 radələri olardı. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərində və evində narkotik vasitənin olmaması və özünü narkotik vasitənin satışında təqsirli bilməməsinə dair verdiyi ifadəsi iş materiallarında olan sübutlarla təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir və hesab edir ki, o özünü müdafiə edilməsi məqsədi ilə ilkin ifadələrdən imtina edir. İbtidai istintaqda Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o təqribən 2021-ci ilin yanvar aynın əvvəllərində istifadə etdiyi ***-***-**-** və ***-***-**- ** saylı mobil nömrələrimin votsap bölümünə zəng gəlmiş, həmin zəng edən şəxs özünü İran İslam Respublikasının vətəndaşı olan Qurban Bərabərli kimi təqdim etmiş, həmin Qurban Bərabərli iş biriliyi təklif edərək narkotik vasitələrin Bakı şəhəri ərazisində müxtəlif yerlərdən götürməyi və müxtəlif yerlərə qoymağı bildirmiş, bunun qarşılığında isə 1500- 2000 manat pul təklif etmiş, belə olan halda onunla razılaşmış, həmin vaxtdan Qurban votsap vasitəsi ilə narkotik vasitənin qoyulduğu yerin və ünvanın şəkilini atmış, həmin ünvandan həmin narkotik vasitəni götürərək lazımi ünvanda lazımi yerə qoyaraq şəkilini çəkərək Qurbanın votsap nömrəsinə atmış, həmin ünvandan isə narkotiki kimin götürməsindən məlumatı olmamışdır. Soncu dəfə isə 2022-ci ilin mart ayının ortalarında Qurban zəng edərək Abşeron rayonu, Xırdalan şəhəri, Quşçular massivində yerləşən mebel təmiri sexin arxasındakı torpaq sahədə gizlədilmiş narkotik vasitə heroin və psixotrop maddə metafetaminin qoyulduğu barədə şəkil atmış, həmin ünvanda olaraq qeyd edilən yerdən paketlərdə qablaşdırılmış həmin narkotik vasitə heroin və psixotrop maddə metafetamini götürərək yaşadığı evə gətirmiş, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Qurban zəng edərək həmin psixatrop maddə-metamfetamindən bir hisəsiııi harasa qoymağını bildirmiş, bu məqsədlə həmin psixatrop maddə-metamfetamindən bir hisəsini ayıraraq büküm halında qablaşdırmış, əyninimdə olan şalvarın sağ yan cibinə qoyaraq evdən çıxaraq küçə ilə hərəkətə başlamış, bu zaman yaşadığı ünvan 1 ünvanın yaxınlığında olarkən təqribən saat 20:40 radələrində mülki geyimdə olan şəxslər yaxınlaşaraq özlərini Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşlaı olduqlarını qeyd etməklə üzərində narkotik vasitə olması şübhəsi bildirilərək BNMİ-nin inzibati binasına aparmış, həmin inzibati binada xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirməsi nəzərimə çatdırılmaqla hüquqlarının müdafiə edilməsindən ötrü müdafiəçi təyin edilmiş, polis əməkdaşları da daxil olmaqla müdafiəçinin iştirakı ilə inzibati binada xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərində hər hansı bir qanunsuz əşya olub olmadığı sual verildikdə əyinində olan şalvarın cibində saxladığı həmin 1 ədəd bükümdə olan psixotrop maddə metamfetamini masanın üzərinə qoymuş, sonra üzərinə şəxsi axtarış keçirilmiş, əynində olan gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd içərisində 070 ***-**-** simkart nömrəsi olan qara rəngli “Samsung” markalı mobil telefon və 1 (bir) ədəd içərisində 070 ***-**-** simkart nömrəsi olan “Realme” markalı mobil telefon, əynində olan həmin gödəkçənin sol yan cibindən 1 (bir) ədəd açar və 5(beş) manat pul aşkar edilərək götürülmüş, daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmiş, həmin metamfetamin zərfə qoyularaq qablaşdırılmlş, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri özü, müdafiəçi və iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Samsung” və 1 (bir) ədəd “Realme” markalı mobil telefon, bu barədə izah verildikdən sonra götürülmüş, 1 (bir) ədəd açar və 5(beş) manat pul isə özümə geri qaytarılmışdır. Daha sonra yaşadığı evdə narkotik vasitə olub olmadığı sual verildikdə etiraf edərək olmasını bildirmiş, öz razılığı ilə ərizə verərək yaşadığı ünvana baxış keçirilməsinə etiraz etməmiş, həmin günü saat 23:30-da yaşadığı ünvan 2 ünvanına baxış keçirilən zamanı isə qonağ otağında olan taxta konstruksiyalı dolabın içində saxladığı iki ədəd bağlamada narkotik vasitə-heroin və iki ədəd bağlamada psixatrop maddə-metamfetamin, həmçinin gümüşü rəngli 1 ədəd elektron tərəzi aşkar edilərək götürülməklə qablaşdırılmış, möhürlənərək iştirakçılar da daxil olmaqla imzalanmışdır. Cinayət işində olan 13 aprel 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan 13 aprel 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılarkən üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, həmin vaxt əyinində olan şalvarın cibində saxladığı 1 ədəd bükümdə olan psixotrop maddə metamfetamini, gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd içərisində qara rəngli “Samsung” markalı mobil telefon və 1 (bir) ədəd “Realme” markalı mobil telefonu, əynində olan həmin gödəkçənin sol yan cibindən 1 (bir) ədəd açar və 5(beş) manat pulu çıxararaq masanın üzərinə qoymuşdur. Cinayət işindən müəyyən olunur ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə əməkdaşların iştirakı ilə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs əyinində olan şalvarın cibində saxladığı 1 ədəd bükümdə olan psixotrop maddə metamfetamini, gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd içərisində 070 ***-**-** simkart nömrəsi olan qara rəngli “Samsung” markalı mobil telefon və 1 (bir) ədəd içərisində 070 ***-**-** simkart nömrəsi olan “Realme” markalı mobil telefonu, əynində olan həmin gödəkçənin sol yan cibindən 1 (bir) ədəd açar və 5(beş) manat pulu çıxararaq masanın üzərinə qoymuşdur. Cinayət işində olan 13 aprel 2022-ci il tarixli baxış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına baxış keçirilməsi zamanı qonağ otağında olan taxta konstruksiyah dolabın içindən iki ədəd bağlamada qəhvəyi rəngli, tozşəkilli maddəllər kütlələri olmaqla heroinə bənzər maddələr, iki ədəd bağlamada psixatrop maddə-metamfetaminə bənzər maddələr, üzərində heroin və metamfetamin izləri olan gümüşü rəngli 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür, evə baxış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə köçürülmüşdür. Videogörüntüdə Zamiq bu işi kasıbçılıqdan etdiyini etiraf edir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə - kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/2117 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş.... ” yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 20,334qram ağ rəngli kristalardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş”..yazısı və imzlar olan ağ rəngli polietilen bağlamadakı, 2(iki) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 1006 qr və 996,6 qr, ümumi təmiz çəkisi 2002,6qram (2kq 2,6qr) qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2(iki) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 997,2 qr və 992,3 qr ümumi təmiz çəkisi 1989,5qram (İkq 989,5qr) ağ rəngli kristalardan ibarət maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 1 (bir) ədəd “gümüşü” rəngli elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır, iz şəklində olduğu üçün heroinin və metamfetaminin təmiz çəkisini və bükümlərdəki heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 2009,834 qram ( 2kq 9,834qr) təşkil edir və həmin metamfetamin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. Üzərindən aşkar edilmiş metamfetaminin təmiz çəkisi-20,334 qram, tədqiqata sərf edildi- 0,1 qram, qalıq-20,234 qram, yaşadığı mənzildən aşkar edilmiş- heroinin ümumi təmiz çəkisi 2002,6 qram, tədqiqata sərf edildi-ümumi 0,2 qram, qalıq-2002,4 qram, metamfetaminin ümumi təmiz çəkisi -1989,5 qram, tədqiqata sərf edildi ümumi 0,2 qram, qalıq-1989,3 qram. (ekpertiza tədqiqatın dəyəri 114 manatdır) Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X2 Şəxsinin xx.xx.2021-ci il tarixli, 2644 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan ambulator məhkəmə-psixiatrik xx.xx.2022-ci il tarixdli 1303 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əl olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Binəqədi rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas Əlövsət Əlizadə tərəfindən Təqsirləndirilən şəxs barəsində toplanmış 506-c-22 nömrəli material əsasında tərtib olunmuş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 22 noyabr 2022-ci il tarixli qərardan görünür ki, məhkəmə-tibbi ekspertizasının 12 noyabr 2022-ci il tarixli 2383 saylı rəyində Təqsirləndirilən şəxs bədəninə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsində baxış keçirilən zaman, hər hansı xəsarət aşkar olunmamışdır, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlətə məruz qalması öz təsdiqini tapmamışdır, ona görə də Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin aşkar edilməsi faktı üzrə aparılan araşdırma zamanı Binəqədi RPİ-nin NMB-nin əməkdaşlarının əməlində cinayət tərkibinin olmaması müəyyən edildiyindən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol verilmir. Cinayət işi materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağı vardır və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 13 aprel 2022-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs özünü narkotikdən istifadə etməkdə peşman olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağınının olmasını cəzanı yüngülləşdirən halllar kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Binəqədi rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman və yaşadığı evə baxış keçirilən zaman aşkar edilərək götürülmüş və barəsində məhkəmə-kimyəvi ekspertizası təyin edilərək müvafiq rəy alınmış ekspertiza tədqiqatından sonrakı qalıq 2002,4 qram narkotik vasitə-heroin, 2009,534 qram metamfetamin, həmçinin həmçinin üzərində heroin və metamfetamin izləri olan gümüşü rəngli 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, istintaq zamanı şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü və evə baxış və götürmə aparılan zaman çəkilmiş videogörüntünü özündə əks etdirən 02 ədəd DVD diski cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 114 (yüz on dörd) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 13 aprel 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 114 (yüz on dörd) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman və yaşadığı evə baxış keçirilən zaman aşkar edilərək götürülmüş və barəsində məhkəmə-kimyəvi ekspertizası təyin edilərək müvafiq rəy alınmış ekspertiza tədqiqatından sonrakı qalıq 2002,4 qram narkotik vasitə-heroin, 2009,534 qram metamfetamin, həmçinin həmçinin üzərində heroin və metamfetamin izləri olan gümüşü rəngli 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, istintaq zamanı şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü və evə baxış və götürmə aparılan zaman çəkilmiş videogörüntünü özündə əks etdirən 02 ədəd DVD diski cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar