Məhkəmə qərarları › İş №1(101)-178/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-178/2024

22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-178/2024 22.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «FİDES» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 10.45-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs satış məsqədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib, daşıyaraq saxlamışdır. 2.Belə ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmaqla xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılaraq müalicə alan Təqsirləndirilən şəxs naməlum vaxtda və naməlum mənbədən satış məqsədi olmadan külli miqdarda, təmiz çəkisi 9,356 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 16 sentyabr 2022-ci il tarixdə saat 11 radələrində ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Müalicə Müəssisəsinin əməkdaşları tərəfindən xidməti otaqların birində üzərinə keçirilmiş baxış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən “Kent” markalı siqaret qutusunun içərisində olan bir ədəd şəffaf sellofona bükülmüş külli miqdarda ümumi təmiz çəkisi 9,356 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazılanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, müalicə müəssisəsinin Nevrologia şöbəsində müalicə aldığı zaman telefonxanada olarkən bir nəfər yaxınlaşıb onda belə bir şey olduğunu, dəyərinin 100 manat olduğunu bildirmişdir. O da istifadəsi üçün 1,3 qram narkotik vasitə almışdır. Alarkən miqdarını bilmişdir. Onda yalnız həmin miqdarda narkotik çıxmışdır. Cibində olan siqaret qutusundan çıxarmışlar, soruşduqda ona məxsus olduğunu bildirmişdir. Rəisin otağına gətirilmiş, oradan kars otağına aparmışlar. Yarım saatdan sonra kars otağından çıxarmışlar ki, qol çəksin. Rəisin otağında imza edəndə yanında oranın işçiləri olmuş, hal şahidi olmamışdır. Videoçəkiliş olmamış, hal şahidlərinin üzünü görməmişdir. Zərfə qoyulmasını görməmiş, amma ona zərfə qol çəkdirmişlər. Məcburi surətdə ərizə yazmışdır. O dustağın adın vermək istəmədiyinə çöldən gəldiyini bildirmişdir. Ona görə elə yazmışdır ki, dustaqçılıqda adam satmaq düzgün deyildir. O, üç-dörd il olar bir gün ərzində 8-9 dəfə çəkməklə metamfetamindən istifadə edir. 4.Məhkəmə iclas zalında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 2022-ci ilin mart ayının 29-da Sumqayıt şəhər məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci mddəsi ilə təqsirli bilinib 1 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ƏN-nin PX-nin 17 saylı cəzaçəkmə müəsisəsində çəkir. 28 may 2022-ci il tarixdə səhhətində olan nasazlıqlara görə ƏN-nin PX-nin Müalicə Müəssisəsinə etap getmişdir. Orada nevroloji şöbədə müalicə alır. 16 sentyabr 2022-ci il tarixdə özünü şübhəli apardığından müəssisənin əməkdaşları onunla bir qədər söhbət etmişlər və bundan sonra hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçirmişlər. Həmin vaxt əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən kent markalı siqaret qutusunun içərisində gizlətmiş olduğu sellofan bükülüdə metamfetamin aşkar edilərək götürülüb müvafiq sənədləşmə aparılmışdır. Həmin psixotrop maddəni o, Müalicə Müəssisəsində adını xatrılamadığı məhkumdan 100 manata şəxsi istifadəsi üçün almışdır. Müəssisədə ilkin izahatı zamanı o, qeyd etmişdir ki, həmin psixotrop maddəni ona Sumqayıt şəhərində həyət evində yaşayan dostundan canı ağrıdığına görə xahiş etmişdir ki, alıb ailə üzvləri ilə göndərsin. Sonuncu isə öz növbəsində alaraq ailə üzvlərinə vermiş, ailə üzvüləri isə bişmiş balığın içərsində gizlədərək ona gətirmişlər. Amma reallıqda isə o, həmin maddəni müalicə müəssisəsindən adını bilmədiyi məhkumdan almışdır. Həmin vaxt elə izahat verməyinin səbəbi isə onun da məhkum olmağı və cəzaçəkmə müəssisələrində hərəkətlərə pis baxılması olmuşdur. Üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini o, Müalicə Müəssisəsində adını xatrılamadığı məhkumdan 100 manata şəxsi istifadəsi üçün almışdır. Psixotrop maddənin istifadəsi, satışı, saxlanılması, əldə edilməsinin qadağan olunması barədə məlumatı olmuşdur. Ona heç bir zor tətbiq olunmamışdır. Psixotrop maddələrin satışı ilə məşğul olmur (İ cild, səh. 91-93). 5.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 16 sentyabr 2022-ci il tarixdə narkotik vasitələrin qanunsuz istifadəsi ilə bağlı daxil olmuş məlumat əsasında müəssisənin nevrologiya şöbəsində saxlanılan məhkum Təqsirləndirilən şəxs üzərinə, şəxsi əşyalarına baxış keçirilmişdir. Keçirilən baxış zamanı şəxsin əynində olan qara rəngli idman şalvarının sağ yan cibində “Kent” markalı siqaret qutusunun içində 1 ədəd şəffaf sellofonanın içində şüşə qırıntıları formasında maddələr aşkar edilmişdir. Hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. 9,3 qram metamfetamin idi. Məhkum Təqsirləndirilən şəxs özünə aid olmasını bildirmişdir. Sənədlər aiddiyəti üzrə Nizami RPİ-yə göndərilmişdir. 6.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, təxminən 6 il müddətdir ki, ƏN-nin PX-də çalışır. Hazırda ƏN-nin PX-nin Müalicə Müəssisəsində əməliyyat bölməsində ispektor vəzifəsində çalışır, ədliyyə kapitanı rütbəsi daşıyır. 16 sentyabr 2022-ci il tarixdə narkotik vasitələrin və psixotrop maddələrin xidmət etdiyi müəssisə ərazisində qanunsuz istifadəsi ilə bağlı daxil olmuş məlumat əsasında saat 11 radələrində ƏN-nin PX-nin X1 şöbəsində müalicə alan, Təqsirləndirilən şəxs əşyalarına və üzərinə baxış keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs hal şahidlərinin və şöbə əməkdaşları Şahid5, Şahid4 iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə aparılacağı elan edilmiş, etirazının olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs etirazının olmamasını bildirdikdən sonra sonuncuya üzərində qanunla qadağan edilmiş əşya varsa təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən “Kent” markalı siqaret qutusunun içərisindən 01 ədəd şəffaf sellofon bükülüdə ağ rəngli şəffaf şüşə qırıqları şəklində maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, həmin maddə psixotrop maddə metamfetamindir və həmin maddəni ailə üzvləri yanına gələrkən gətirmişdir. Daha sonra aşkar olunmuş büküm qablaşdırılaraq bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəflərindən imzalarla təsdiq edilmişdir (İ cild, səh. 65-66). 7.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 16 sentyabr 2022-ci il tarixdə narkotik vasitələrin qanunsuz istifadəsi ilə bağlı daxil olmuş məlumat əsasında müəssisənin nevrologiya şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı şəxsin əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən “Kent” markalı siqaret qutusunun içərində bir ədəd şəffaf sellofan bükümdə ağ rəngdə maddələr aşkar edilmişdir. Hal şahidləri dəvət olunmuş, protokol tərtib olunaraq qablaşdırılmış, zərfə qoyulmuş və göndərilmişdir. Zərfləşdirilmə xidməti otaqda aparılmışdır. Özü bildirmişdir ki, metamfetamindir, ailə üzvləri vasitəsilə balığın içərisində gətirtmişdir. 8.Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 67- 68). 9.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, 16 sentyabr 2022-ci il tarixdə əməliyyat aparatına daxil olmuş məlumata əsasən müəssisənin nevrologiya şöbəsində saxlanılan məhkum Təqsirləndirilən şəxs üzərinə və əşyalarına baxış keçirilmiş, onun sağ cibindən siqaret qutusunun içində narkotik vasitə aşkarlanmışdır. Həmin narkotik vasitə hal şahidlərinin iştirakı ilə protokollaşdırılıb qablaşdırılmışdır. Şəxsi axtarış nevrologiya şöbəsində olmuşdur. Sənədləşdirmə olandan sonra rəisin yanına aparılmışdır. Şəxsə qarşı hər hansı zor və təzyiq göstərilməmişdir. 10.Məhkəmə iclasında Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 69- 70). 11.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, onu əməliyyatçılar otağa çağıraraq bu adamdan mal çıxdığını demişlər. Orada əməliyyatçılar və iki dustaq olmuşdur. O gedəndə təqsirləndirilən şəxsi otağın yanında görmüş, içəridə görməmişdir. Şəxsin üzərindən narkotik vasitə aşkarlanıb götürüləndə iştirak etməmişdir. O da orada qol çəkmiş, sonra da ona izahat yazdırmışlar. Orada nə deyiblərsə o da onu yazmışdır. Ona Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkarlandığnı, onun da hal şahidi kimi qol çəkməli olduğunu demişlər, o da çəkmişdir. İstintaqda yox, hazırda verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. 12.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 2018-ci ilin ortalarında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbyacan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinib 8 il müddətində azadlıqdan məhrum edilmişdir. Cəzasını ƏN-nin PX-nin 6 saylı Cəzaçəkmə müəssisəsində çəkir. Səhhətində olan xəstəliyi ilə əlaqədar olaraq o, mütəmadi olaraq ƏN-nin PX-nin Müalicə Müəssisəsinə müalicə üçün göndərilir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə heç bir düşmənçiliyi, ədavəti olmamışdır. 16 sentyabr 2022-ci il tarxidə saat 11 radələrində ƏN-nin PX-nin Müalicə Müəssisəsinin əməkdaşları onu Nevrologiya şöbəsinə dəvət edərək bildirmişlər ki, Təqsirləndirilən şəxs əşyalarına və üzərinə baxış keçiriləcəkdir, buna görə də həmin baxış zamanı hal şahidlərinin iştirakı vacibdir. O, Müalicə Müəssisəsinin əməkdaşları ilə razılaşmış və qeyd olunan şöbəyə getmişdir. Həmin vaxt qeyd olunan şöbədə məhkum Təqsirləndirilən şəxs, məhkum Müşfiq Məmmədov və ƏN-nin PX-nin Müalicə Müəssisəsin bir neçə işçisi olmuşlar. Müəssisəsinin əməkdaşları tərəfindən onlara hüququ və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən “Kent” markalı siqaret qutusunun içərisindən 01 ədəd şəffaf sellofon bükülüdə ağ rəngli şəffaf şüşə qırıqları şəklində maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, həmin maddə psixotrop maddə metamfetamindir və həmin maddəni ailə üzvləri yanına gələrkən gətirmişdir. Qeyd olunan maddə tərkibinin müəyyən olunması məqsədi ilə qablaşdırılmış və iştirakçılar tərəfindən üzəri imzalanmışdır (İ cild, səh. 100-101). 13.Məhkəmə iclasında şahid X4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 elan olunmuş ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 102-103). 14.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 oktyabr 2022-ci il tarixli 6/5628 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «...Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin zərflər üçün» dairəvi möhür əksləri olan, «Təqsirləndirilən şəxs üzərindən ...» sözləri, ad, soyad və imzalar qeyd edilmiş zərfdəki təmiz 1 ədəd bükümdə çəkisi 9,356 qram olan ağ rəngli kristalik hissəciklərdjən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu itlə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına daxildir (İ cild, səh. 57-60). 15.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsin Ambulator X3 barədə 12 dekabr 2022-ci il tarixli, 7545 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 104-105). 16.«Baxış və götürülmə aparılması haqqında» 16 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, 16 sentyabr 2022-ci il tarixdə təxminən saat 11:00 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında aparılmış axtarış-baxış tədbirləri zamanı müəssisənin Nevrologiya şöbəsində saxlanılan məhkum Təqsirləndirilən şəxs üzərinə, şəxsi əşyalarına və yataq yerinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən «Kent» markalı siqaret qutusunun içərisində olan 1 ədəd şəffaf sellofan bükülüdə ağ rəngli şəffaf şüşə qırıqları şəklində narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülmüşdür (İ cild, səh. 10). 17.«Toplanmış sübutların qiymətləndirilməsi haqqında» 17 yanvar 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilmiş 9,356 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, psixotrop maddənin tədqiqatdan sonrakı qalıq çəkisi 9,256 qram maddi sübutların saxlanc kamerassına təhvil verilmişdir (İ cild, səh. 107-112). 18.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, müayinə zamanı sol bazuda çapıq toxuması, düz xətt boyunca çapıq toxuması aşkar edilmişdir. 19.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 29 mart 2022-ci il tarixli qərarı ilə Sumqayıt şəhər Məhkəməsinin qərarına əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və üzərində qəti olaraq 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (İ cild, səh. 62-63). Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 20.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 21.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 22.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 23.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 24.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 25.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 26.“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 27.Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 28.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 29.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 118-ci bəndinə əsasən 2 qram və yuxarı həddə psixotrop maddə olan metafetamin külli miqdar hesab edilir. 30.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metafetamin əldə edib daşıyaraq üzərində saxlaması tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. 31.Məhkəmə, təqsirləndirilən şəxsin üzərində ittihamda göstərilən miqdarda psixotrop maddə olmaması ilə bağlı məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında təqiq edilmiş şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 32.Belə ki, təqsirləndirilən şəxsin onun şəxsi axtarışı barədə tərtib olunmuş protokolun həqiqəti əks etdirmədiyi barədə dəlilləri məhkəmə tədqiqi zamanı bu sübutun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə yaratmamışdır. Həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş psixotrop maddə metafetaminin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 33.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 34.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir 35.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 36.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 37.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 38.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 39.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 40.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. 41.Belə ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 29 mart 2022-ci il tarixli qərarı ilə Sumqayıt şəhər Məhkəməsinin qərarına əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və üzərində qəti olaraq 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, məhkumluğu götürülmədiyi və ya ödənilmədiyi dövrdə, yəni 16 sentyabr 2022-ci il tarixdə yenidən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş hazırki cinayət əməlini törətmiş və bununla da onun əməlində cinayətlərin residivi müəyyən olunmuşdur. 42.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 43.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. 44.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. 45.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 46.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları və cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini və qanunvericiliyin residivə görə cəza təyini ilə bağlı tələblərini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 47.Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarı ilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxslərə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. 48.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 49.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 50.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə həmin şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 51.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 52.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 53.İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 29 mart 2022ci il tarixli qərarı ilə Sumqayıt şəhər Məhkəməsinin qərarına əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilərək, üzərində qəti olaraq 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış Təqsirləndirilən şəxs cəzası 27 mart 2023-cü il tarixdə başa çatır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 27 mart 2023-cü il tarixdən hesablanmalıdır.

54. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 55.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 56.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 57.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 9,256 qram psixotrop maddə metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini əsaslı hesab edir. 58.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 59.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 60.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 106.91 (yüz altı manat doxsan bir qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 61.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 27 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 106.91 (yüz altı manat doxsan bir qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsin. Maddi sübutlar - Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan - Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 9,256 qram psixotrop maddə metamfetamin məhv edilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Siyavuş Hacıyev

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar