Məhkəmə qərarları › İş №1(101)-178/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-178/2025

12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-178/2025 12.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və müdafiəçi - «Mirzəyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxxx 1988-ci il tarixdə Əİi-Bayramlı şəhərində doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsində yerləşən fərdi evdə yaşamış, 09 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs internet vasitəsi ilə tanış olduğu şəxsiyyəti məlum olmayan «Cəmşid» adlı İran islam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında, sonuncunun qanunsuz olaraq əldə edib ona göndərdiyi külli miqdarda narkotik vasitəni 300 manat qazanc müqabilində deyəcəyi yerə çatdırmaqla satışını həyata keçirmək barədə ümumi razılığa gəlmiş, xx.xx.2023-cü il tarixdə qrupun üzvü, şəxsiyyəti bəlli olmayan həmin «Cəmşid» adlı İran İslam Respublikası vətəndaşının Bakı şəhəri, Sabunçu rayonu, Qambay Vəzirov küçəsində qoyduğu, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısı“na (Siyahı 1) daxil edilən 1 ədəd şəffaf sel olan bağlamada 240,0 qram çəkidə külli miqdarda narkotik vasitə heroini götürüb, satış məqsədi ilə qanunsuz əldə edərək daşımış və üzərində saxlamış, Abşeron rayon Polis idarəsi, Cinayət axtarış şöbəsinin və Narkotiklərlə mübarizə qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 09 may 2023-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Qambay Vəzirov küçəsində piyada hərəkət edən zaman saxlanılaraq Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 6 ünvanında yerləşən Abşeron RPİ-nin inzibati binasına gətirilmiş və orada həmin gün saat 13:20-dən saat 13:45-dək üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qısaqol gödəkcəsinin sağ yan cibində qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxladığı 1 ədəd bağlamada 240,0 qram çəkidə, külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, polis əməkdaşları onu 08 may 2023-cü il tarixdə Sabunçu rayonu ərazisində Qanboy Vəzirov küçəsində saxlamışlar. Bu zaman onun üzərində heç bir qanunsuz əşya, narkotik vasitə olmamışdır. Daha sonra onu Abşeron rayon polis idarəsinə aparmışlar. İdarədə onu səhərə qədər saxlamış, səhər isə çəkiliş olacağını bildirərək təhqiqatçıya təhvil vermişlər. Həmin günü onu nalayiq söyüşlərlə təhqir etmişlər. Çəkilişə aparılan vaxt polis işçiləri onun cibinə narkotik vasitə heroin qoyaraq, həmin narkotiki Qanboy Vəzirov küçəsindən götürdüyünü bildirməyi tapşırmışlar. O da, təzyiqlər qarşısında qalıb çəkiliş zamanı polis işçilərinin dedikləri qaydada izahat vermişdir. Proses iştirakçılarının suallarını cavablandıran təqsirləndirilən şəxs Elçin Orcuov saxlanılarkən onda narkotik vasitə olmadığını, özü narkotik vasitə heroindən tüstüsünü çəkmək yolu ilə istifadə etdiyini, polis işçiləri ondan soruşarkən narkotik vasitəni kimdən aldığını demədiyini və heç bir ad çəkmədiyini, Cəmşid adlı şəxsi heç vaxt görmədiyini, lakin Cəmşid adlı iranlı ilə sosial şəbəkə vasitəsi ilə danışdığını, həmin vaxt ilk dəfə Cəmşidlə danışdığını və danışığa görə narkotik vasitəni götürdükdən sonra ona pul atmalı olduğunu, 2 qram narkotikə görə 100 manat pul ödəməli olduğunu, polis idarəsində ona təzyiqlər edildiyini, təcridxanaya daxil olanda onda xəsarət izləri olmadığını və təzyiqlərlə bağlı heç yerə şikayət etmədiyini, Cəmşidin adının ona məxsus mobil telefonun yaddaşında olduğunu, tutulduğu gün Cəmşidin ona konum atdığını, lakin Cəmşidlə yazışmasının və səs yazısının olmadığını, saxlanılandan sonra onun Abşeron rayon polis idarəsinə aparıldığını, həmin vaxt üzərində özünə məxsus narkotik vasitə olmadığını bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadə verməkdən imtina etsə də, istintaq zamanı verdiyi ilkin ifadələrində göstərmişdir ki, 2 övlad atasıdır. Ailə üzvləri Şirvan şəhərində yaşasalar da, özü təxminən 10 il olar ki, işləmək üçün Bakı şəhərinə gəlib-gedir və tikintidə fəhləlik edir. Təxminən bir ay əvvəl mobil telefonunda internet sosial şəbəkəsində Cəmşid adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Telefon danışığı zamanı həmin şəxsin narkotik vasitələrin satışı ilə məşğul olduğunu hiss etmişdir. İranlı ona Azərbaycan Respublikasına satmaq üçün göndərdiyi narkotik vasitələri telefonla ona dediyi yerdən götürüb başqa bir yerə qoymağı və həmin yerin telefonla şəklini çəkib ona göndərməyini xahiş edib, bunun müqabilində mobil telefonunun "M10“ proqramı vasitəsi ilə ona pul göndərəcəyini söyləmişdir. O da, işsiz olduğu üçün pula ehtiyacı olduğuna görə həmin şəxsin təklifi ilə razılaşmışdır. 09 may 2023-cü il tarixdə Xətai rayonu, K.Kərimov küçəsində yaşadığı evdə olduğu vaxt Cəmşid mobil telefonunun “Whatsapp” xidməti ilə ona zəng edib, Bakı şəhəri ərazisində gizlətdiyi bır bağlama narkotik vasitə heroini qoyulduğu yerdən götürməyi və bundan sonra ona dediyi yerə qoymağı təklif edib, bunun müqabilində onun mobil telefonuna “M10” proqramı vasitəsi ilə 300 manat pul göndərəcəyini deyib, götürəcəyi həmin narkotik vasitənin olduğu yerin fotoşəklini mobil telefonuna göndərmişdir. O, Bakı şəhəri. Sabunçu rayonu, Qambay Yəzirov küçəsində olan həmin yerə gedib Cəmşidin dediyi, üzərində 300 rəqəmi yazılmış kağız parçası yapışdırılmış bir ədəd bağlamanı götürüb əynindəki gödəkçəsinin sağ yan cibinə qoyub oradan uzaqlaşmağa başlamışdır. Az məsafə qət etmişdir ki, 2 nəfər polis əməkdaşı ona yaxınlaşmış, özlərini təqdim edib, ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirmişlər və onu Abşeron rayon polis idarəsinə dəvət etmişlər. O da, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra videoçəkilişlə vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman o, əynində olan qara rəngli qısaqol gödəkcənin sağ yan cibində olan üzərində 300 rəqəmi yazılmış, içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olan bir ədəd bağlamam təqdim etmişdir. Həmin maddəni xx.xx.2023-cü ii tarixdə telefon vasitəsilə tanımadığı İran vətəndaşı ilə əlaqə yaradıb razılaşdıqdan sonra qoyulduğu yerdən, yəni Bakı şəhəri, Sabunçu rayonu Qambay Vəzirov küçəsində yol kənarından götürdüyünü, həmin kütlənin üzərində olaıı 300 rəqəminin də onun çəkisini bildirdiyini, həmin İran vətəndaşının növbəti tapşırığı əsasında narkotik vasitəni dediyi yerə qoyduqdan sonra qarşılığında mobil telefonunun ;iM10" proqramı vasitəsi ilə ona köçürmə yolu ilə 300 manat pul göndərəcəyini söyləmişdir. Bundan sonra polis əməkdaşları videoçəkilişlə onun üzərində şəxsi axtarış aparmışlar. Həmin vaxtı onun üzərindən istifadəsində olan 1 ədəd "Samsuııq“ markalı mobil telefon və 2 ədəd plastik kart aşkar olunmuşdur. Sonra onun təqdim etdiyi həmin bir bağlamaya baxış keçirilmiş və həmin bağlama, mobil telefon və plastik kartları ayrı-ayrılıqda kağız zərflərə qoyaraq qablaşdırıb götürülmüşdür. Daha sonra bu barədə protokol tərtib olunmuşdur. Digər iştirakçılar kimi o da, həmin protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsinə görə, əvvəllər narkotik maddələrdən istifadə etməmiş, yahıız qazanc əldə etmək üçiin həmin maddəni üzərində saxlamışdır. Cəmşidlə mobil telefonunun "İnstagram” və "Whatsapp» xidmətlərində mesaj yazaraq əlaqə saxlamış, sonra həmin mesajları silmişdir. Aralarındakı razılaşmaya görə Cəmşid onun qoyduğu həmin kütləyə görə ona mobil telefonunun «M10» proqramı vasitəsilə 300 manat pul göndərəcəyini bildirmişdir. O, əvvəllər narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, lakin Cəmşid adlı şəxs ona göndərdiyi narkotik vasitəni deyilən yerdən alıb başqa yerə qoymaq müqabilində pul göndərəcəyini təklif etdikdə, o, razılaşmışdır. Saxlanılan zaman və ya polis idarəsində olarkən zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq olunmamış, heç bir psixi təsirə məruz qalmamışdır. O, mobil telefon nömrə işlətmir, mobil telefonunun üzərində mobil nömrə yoxdur. Mobil telefonda yalnız sosial şəbəkə tətbiqlərindən istifadə edir, həmin tətbiqləri bir neçə il əvvəl aldığı və hazırda xatırlamadığı mobil nömrə ilə açmışdır (cild 1, iş vərəqi 46- 47, 59-60, 142-143). Elan olunmuş ifadələrlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokollarındakı imzaların ona məxsus olduğunu, ifadələrdə adı çəkilən Cəmşidin İran vətəndaşı kimi əlaqə saxladığı Cəmşid olduğunu, həmin ifadələri təzyiqlər altında verdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 09 may 2023-cü il tarixdə daxil olmuş məlumat əsasında o, əməliyyat qrupu ilə birlikdə Sabunçu rayon ərazisinə gedib Təqsirləndirilən şəxs həmin ərazidə görüb yaxınlaşıb saxlamışlar. Özlərini ona təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Abşeron rayon polis idarəsinə dəvət etmişlər. İdarənin inzibai binasında təhqiqatçının otağında videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman Elçinin üzərindən bir bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Verilən sualları cavablandıran şahid Ramil Səfərov təqsirləndirilən şəxsi mayın 9-da günorta saat 12-13 radələrində Sabunçu rayonu ərazisində ara küçələrdə saxladıqlarını, əməliyyat tədbirinin keçirilməsi üçün rəsmi icazə aldıqlarını, bu zaman Təqsirləndirilən şəxs heç bir narazılıq etmədiyini, istintaqda verdiyi ifadəni təsdiq etdiyini, Elçinin üzərindən təxminən 200-300 qram narkotik vasitə heroin aşkar olunduğunu, şəxsin saxlanılmasında iştirak etməyəcəyi halda, videoçəkilişdə iştirakının mümkünsüz olduğunu, özünün həmin vaxt Abşeron rayon polis idarəsində işlədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ, Narkotiklərlə mübarizə qrupunun sabiq əməliyyat müvəkkili Şahid2 və Abşeron RPİ, Cinayət axtarışı şöbəsinin kiçik inspektoru Şahid3 şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması, Abşeron rayon polis idarəsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilməsi zamanı külli miqdarda narkotik vasitə heroinin aşkar edilərək götürülməsi prosesində əməliyyat qrupunun üzvləri kimi iştirak etdiklərini bildirərək, həmkarları Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 09 may 2023-cü il tarixli protokola əsasən, həmin tarixdə Orucov X2 rayon Polis idarəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli qısaqol gödəkcəsinin sağ yan cibindən 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, həmçinin "Samsung" markalı mobil telefon və 2 ədəd bank kartları aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqi 30-31). Cinayət işinə əlavə edilmiş DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin diskə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülər yüklənmişdir və həmin görüntülərin şəxsi axtarış və götürmə aparılması haqqında 09 may 2023-cü il tarixli protokolla uyğunluq təşkil etdiyi müəyyən olunur (cild 1, iş vərəqi 75-76). Cinayət işinə əlavə edilmiş 14 iyul 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş mobil telefon «Samsung 04S» markalıdır, telefon işlək vəziyyətdədir. Mobil telefonun menyusunda «kontaktlar» bölməsinə daxil olduqda, orada «Cəmşid» adı ilə +**********76 nömrəsinin qeyd olunduğu müəyyən edilir. Mobil telefonun «Whatsapp» tətbiqinə daxıl olduqda isə, «Cəmşid» adı ilə qeyd olunmuş kontaktla Təqsirləndirilən şəxs arasında olan yazışmalarda və fotoşəkillərdə «Cəmşid» adı ilə qeyd olunmuş şəxsin Təqsirləndirilən şəxs narkotik vasitələrin qoyulduğu yerin məkanını və fotoşəkillərini göndərməsi müəyyən edilmişdir. Baxış zamanı mobil telefonda GSM nömrəsinin olması müəyyən edilməmişdir (cild 1, iş vərəqi 82). Məhkəmə-kimyəvi ekspertizasının 09 may 2023-cü il tarixli 6/2683 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 56» dairəvi möhür əksi olan, «Vət.Təqsirləndirilən şəxs üzərindən...» sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bağlamada təmiz çəkisi 240,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 1, iş vərəqi 39). Məhkəmə-narkoloji ekspertizasının 16 sentyabr 2023-cü il tarixli 5945 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 121-122). İstintaq orqanı tərəfindən verilmiş əməliyyat tapşırığına cavab olaraq Abşeron RPİ, Cinayət-axtarış şöbəsinin xx.xx.2023-cü il tarixli ********* saylı cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 09 may2023-cü il tarixdə aşkar olunmuş narkotik vasitəni kimdən və hansı şəraitdə əldə etməsini, «Cəmşid» adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində bır sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Eləcə də, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psıxotrop maddələrin satışı ilə məşğul olması ilə bağlı məlumatların yoxlanılması məqsədi ilə bir sıra əməliyyat-axtarış təbirləri keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olur (cild 1, iş vərəqi 150). Məhkəmə baxışı zamanı "xxxx" MMC-yə ünvanlanmış sorğuya daxil olan xx.xx.2024-cü il tarixli 26986 saylı məktubdan görünür ki, məhkəmə qərarında göstərilən 51 695-32-31 mobil nömrəsi 29 oktyabr 2023-cü il tarixədək Təqsirləndirilən şəxs adına qeydiyyatda olmuşdur. Həmin mobil nömrənin xx.xx.2023-cü il saat 22:30-dan xx.xx.2023-cü il saat 14:30-dək istifadəsi qeydə alınmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs istifadəsində olmuş «Samsung 04S» markalı mobil telefon məhkəmə baxışı zamanı istintaq orqanından tələb edilərək baxışı keçirilmiş, bu zaman telefonun «Whatsapp» tətbiqində Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını təsdiq edən çoxsaylı SMS yazışmaları və fotoşəkillər müəyyən edilmişdir. İbtidai istintaq orqanının 23 noyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 240,0 qram narkotik vasitə heroin, 1 ədəd «Samsung 04S» markalı mobil telefon və 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan 239,95 qram narkotik vasitə heroin və 1 ədəd mobil telefon saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, 1 ədəd DVD disk cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 98-100). Cinayət işinə əlavə edilmiş nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən və ailə tərkibi haqqında arayışdan görünür ki, Orucov X3 şəhəri, İ.Qayıbov küçəsi, dalan 1, ev 24 ünvanında qeydiyyatdadır, evlidir, himayəsində iki nəfər azyaşlı uşağı vardır. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik informasiya idarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Baş idarənin əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 147-148). Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, polis əməkdaşları tərəfindən onu 08 may 2023-cü il tarixdə Sabunçu rayonu ərazisində Qanboy Vəzirov küçəsində saxlanıldığını, bu zaman onun üzərində heç bir qanunsuz əşya, narkotik vasitə olmadığını, daha sonra Abşeron rayon polis idarəsinə apararaq, idarədə səhərə qədər saxladıqlanını, həmin günü onu nalayiq söyüşlərlə təhqir etdiklərini və ona təzyiqlər göstərildiyini, çəkilişə aparılan vaxt polis işçilərinin onun cibinə narkotik vasitə heroin qoyaraq, həmin narkotiki Qanboy Vəzirov küçəsindən götürdüyünü bildirməyi tapşırdıqlarını, onun da, təzyiqlər qarşısında qalıb çəkiliş zamanı polis işçilərinin dedikləri qaydada izahat verdiyini bildirib, müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılarkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitəni polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ilkin ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olduğunu, sosial şəbəkədə «Cəmşid» adı ilə tanıdığı İran vətəndaşı ilə tanış olduğunu, iranlının ona Azərbaycan Respublikasına satmaq üçün göndərdiyi narkotik vasitələri telefonla ona dediyi yerdən götürüb başqa bir yerə qoymağı və həmin yerin telefonla şəklini çəkib ona göndərməyi xahiş etdiyini, bunun müqabilində mobil telefonunun "M10“ proqramı vasitəsi ilə ona pul göndərəcəyini söylədiyini, o da, işsiz olduğu və pula ehtiyacı olduğuna görə həmin şəxsin təklifi ilə razılaşdığını, 09 may 2023cü il tarixdə Xətai rayonu, K.Kərimov küçəsində yaşadığı evdə olduğu vaxt Cəmşid mobil telefonunun “Whatsapp” xidməti ilə ona zəng edib Bakı şəhəri ərazisində gizlətdiyi bır bağlama narkotik vasitə heroini qoyulduğu yerdən götürməyi və bundan sonra ona dediyi yerə qoymağı təklif edib, bunun müqabilində onun mobil telefonuna “M10” proqramı vasitəsi ilə 300 manat pul göndərəcəyini deyib, götürəcəyi həmin narkotik vasitənin olduğu yerin fotoşəklini mobil telefonuna göndərməyi tapşırdığını, onun da Bakı şəhəri, Sabunçu rayonu, Qambay Vəzirov küçəsində olan həmin yerə gedib Cəmşidin dediyi, üzərində 300 rəqəmi yazılmış kağız parçası yapışdırılmış bir ədəd bağlamanı götürüb əynindəki gödəkçəsinin sağ yan cibinə qoyub oradan uzaqlaşmağa başladığını, bu zaman polis əməkdaşlarının onu saxladıqlarını və idarəyə gətirilib müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən bir qədər əvvəl iranlı Cəmşidin ona verdiyi külli miqdarda narkotik vasitə heroinin aşkar edilərək götürüldüyünü bildirmişdir. Təqsirləndirilən şəxs Elçin Orcuovun istintaqa verdiyi həmin etirafedici ifadələri onun saxlanılması və üzərinə şəxsi axtarış keçirilməsi zamanı əməliyyat qrupunun üzvləri kimi iştirak etmiş polis əməkdaşları Şahid2, Şahid1 və Şahid3 ifadələri ilə tam təsdiqini tapmışdır. İbtidai istintaq və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs istifadəsində olan «Samsung 04S» markalı mobil telefona keçirilmiş baxışlar zamanı narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair SMS yazışmaları və məkan göstəriciləri müəyyən edilmişdir. Həmçinin, mobil telefon götürülüb istintaqa təqdim olunarkən üzərində GSM nömrəsi olmamışdır. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs adına 7 mobil nömrənin qeydiyyatdan keçməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanılarkən təzyiqlərə məruz qalması barədə gətirdiyi dəlil də məhkəmə iclasında yoxlanılmış, lakin bu halı təsdiq edən hər hansı sübut müəyyən edilməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Yuxarıda qeyd olunan sübutları təhlil edib təqsirləndirilən şəxsin iş üzrə verdiyi ifadələri müqayisəli şəkildə qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrə münasibətdə ziddiyyətli ifadə verməsi, təzyiqlər altında qaldığından cinayət əməlini etiraf etməsi barədə bildirdikləri onun məsuliyyətdən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin aşkar olunmuş narkotik vasitələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ondan aşkar olunmuş narkotik vasitələrin özünə məxsus olması, həmin narkotikləri ona qazanc müqabilində satmaq məqsədilə İran vətəndaşı kimi tanıdığı “Cəmşid” adlı şəxsin dediyi yerdən götürüb saxladığını səmimi etiraf etməsini, həmçinin aşkar olunmuş narkotik vasitələrin kütləsinin külli miqdar həcmindən dəfələrlə artıq olmasını nəzərə alır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olmasını, həmçinin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 09 may 2023-cü il tarixli tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Abşeron rayon Polis idarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 16 sentyabr 2023-cü il tarixli 5945 nömrəli rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilməlidir: - Abşeron rayon Polis idarəsinin maddi sübutları saxlama otağında saxlanılmaqla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 239,95 qram narkotik vasitə heroin məhv edilməli; - 1 ədəd «Samsung 04S» markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalı; - təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış zamanı çəkilmiş videogörüntülərin əks olunduğu 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 65 (altmış beş) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 09 may 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Abşeron rayon Polis idarəsinin maddi sübutları saxlama otağında saxlanılmaqla, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 239,95 qram çəkidə narkotik vasitə heroin məhv edilsin; - 1 ədəd «Samsung 04S» markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilmiş videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar