Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1780/2024 30.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi, Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili X3 və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, D.Bünyadzadə küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Nəsimi rayonu ərazisinə daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 03 mart 2024-cü il tarixdə, saat 09:30-da ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq ünvan 4ında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib həmin gün saat 11:23-dən etibarən üzərində şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 02 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 5,398 qram və 4,328 qram olmaqla ümumi təmiz çəkisi 9,726 qram ağ rəngli maddə, kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş ifadəsində göstərmişdir ki, heç vaxt narkotik vasitə istifadə etməmiş, satışı ilə məşğul olmamışdır. Təqsirləndirildiyi cinayət əməlini törətməsinə qətiyyən nə əqidəsi nə də həyat tərzi imkan vermir. Xalq təbabətilə məşğuldur, qospitalda da işləmiş və 28 ildir ibadətlə məşğul olur. 03 mart 2024-cü il tarixdə qəbristanlıqda ziyarət etdikdən sonra restoranların birində çay içməyə getmək istəyərkən 3 nəfər polis əməkdaşı mülki geyimdə ona yaxınlaşmış, özlərini təqdim etməmiş və onu maşına dəvət etmişlər. Maşına əyləşəndə onun: “Kimsiniz”,sualına polis əməkdaşları onun tutulmalı olduğunu bildirmişlər, səbəbini soruşduqda, sonra biləcəyini demişlər. Onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmış, orada otaqların birində ona narkotik vasitə verərək cibinə qoymasını tələb etmişlər. O, etiraz etdikdə, işgəncə alətlərini göstərmiş, həmçinin ailəsiylə təhdid etmişlər. Polis əməkdaşları ailəsiylə təhdid etdikdə, onların verdiyi narkotik vasitəni cibinə qoymuşdur. Hüquqlarını tam bilmədiyinə və belə işlər başına ilk dəfə gəldiyi üçün polis əməkdaşlarının təzyiqləri barədə heç bir orqana şikayət etməmişdir. Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxşı zamanı elan olunaraq tədqiq olunmuş şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü qismən təqsirli hesab edərək ifadələrində göstərmişdir ki, özünü qismən təqsirli bilərək heç bir xəstəliyinin, o cümlədən ruhi- əsəb xəstəliyinin olmadığını, hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmədiyini və müalicə almadığını, fərdi əməklə məşğul olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində saxlanılmazdan 01 gün əvvəl, 02 mart 2024-cü il tarixdə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, D.Bünyadzadə küçəsinin yaxınlığında yerləşən orta məktəbin yaxınlığında yerdə 02 ədəd bükümdə psixotrop maddə metamfetamin gördüyünü, diqqətini çəkdiyinə görə psixotrop maddə olduğunu bildikdən onra başqa şəxslərin əlinə keçməməyi üçün əynində olan şalvarın cibinə qoyaraq üzərində gəzdirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin nə satışı ilə məşğul olduğunu, nə də istifadəçisi olduğunu bildirmişdir. Hadisə ilə bağlı onu qeyd etmişdir ki, 03 mart 2024-cü il tarixdə təxminən saat 09:30 radələrində ünvan 3 ünvanının yaxınlığında olan zaman ona mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş, polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmiş, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib hazırda üzərində “patı” olduğunu bildirmiş, bundan sonra polis əməkdaşları onu baş polis idarəsinə dəvət etmiş, o, buna etiraz etməyib polis əməkdaşları ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmiş, polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı o, cibində “patı” olduğunu bildirib əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 02 ədəd sellofan bükümü, 700 ABŞ dollarını, şalvarın sağ yan cibindən 01 ədəd “Samsung A32” markalı mobil telefonu, 01 ədəd sarı rəngli təsbehi, 01 ədəd üzüyü və 01 ədəd qolbağı çıxardıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Daha sonra şəxsi axtarış keçirilmiş, lakin qanunsuz heç nə aşkar edilməmişdir. Təqdim etdiyi 02 ədəd sellofan bükümə baxış keçirilən zaman içərisində içərisində ağ rəngli, spesifik iyə malik olmayan “patı” aşkarlanmış, bundan sonra “patı” polis əməkdaşı tərəfindən qablaşdırılaraq möhürlənmiş və imzalanıb götürülmüşdür. Daha sonra 01 ədəd “Samsung A32” markalı mobil telefon və 700 ABŞ dolları polis əməkdaşı tərəfindən götürülmüş, 01 ədəd təsbeh, 01 ədəd qolbaq və 01 ədəd üzük isə ona qaytarılmışdır. Bundan sonra şəxsi axtarış və götürmənin aparılması ilə bağlı protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir (cild 1, iş vərəqi 75-78). Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş BMCMİ-nin əməliyyat müvəkkili Şahid ifadəsində bildirmişdir ki, 02 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı barədə əməliyyat məlumatı daxil olmuşdur. 03 mart 2024-cü il tarixdə saat 09:30 radələrində Təqsirləndirilən şəxs ünvan 5 ünvanın qarşısında saxlamış və DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən Baş İdarəyə gəlmiş, baş idarədə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən 02 ədəd bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddələri saxlanılmazdan 01 gün əvvəl Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən orta məktəblərdən birinin yaxınlığında yerdən tapdığını, həmin maddələri heç kimin əlinə keçməməsi üçün götürdüyünü və üzərində gəzdirdiyini, özünün narkotik vasitə və psixotrop maddə istifadə etmədiyini bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş BMCMİ-nin əməliyyat müvəkkilləri X4 və X5 Şahid ifadəsi ilə oxşar və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir.a Belə ki şübhəli şəxsin tutulması haqqında 03 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 18-19). Nərimanov Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 96-100). Şəxsi axtarış və götürmə aparılması haqqında 03 mart 2024-cü il tarixli protokoldan görünür ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 09:30-da ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 02 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir (cild 1, iş vərəqi 27-29). Məhkəmə-kimyəvi ekspertizası üzrə 03 mart 2024-cü il tarixli 6/1089 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üstündən...” sözləri yazılmış zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,398 qram və 4,328 qram olmaqla ümumi təmiz çəkisi 9,726 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, zərfdəki ümumi sayı 02 ədəd olan bükümlərdəki metamfetaminlər öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər (cild 1, iş vərəqi 41-45). Məhkəmə-narkoloji ekspertizası üzrə 04 mart 2024-cü il tarixli 1418 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halları olmuşdur, lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 1 iş vərəqi 133-134). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür Kİ, X1 əvvəllər məhkum edilməmişdir (cild 1, iş vərəqi 104). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq əldə edərək daşyıb üzərində saxladığı külli miqdarda ümumi təmiz çəkisi 9,726 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 9,726 qram psixotrop maddə metamfetamin sonuncunun məhz satış məqsədi ilə əldə edib, saxlamasına və daşımasına dair istintaq orqanının gəldiyi nəticə ilə razılaşmır, iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi, yəni şəxsi axtarış zamanı təqdim etdiyi heroini satış məqsədi ilə əldə etməsi təsdiq edilmədiyindən, onun əməli həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiri iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sənədlərlə tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən, həmçinin ibtidai istintaqın ilkin mərhələsində izahat və təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində üzərindən aşkar edilmiş narkotik vasitə heroinin satış məqsədi ilə əldə etməsi barədə bildirməmiş, üzərindən aşkar edilərək götürülmüş metamfetamini yerdən tapdığını və başqa şəxslərin əlinə keçməməsi üçün götürdüyünü qeyd etmişdir. Əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin hazırlanması, bölünməsi, çəkisinin müəyən edilməsi və satışa hazırlanması üçün istifadə edilən hər hansı bir əşya, predmet (o cümlədən miqdarın ölçülüb bölünməsi üçün tərəzi) aşkar edilməmiş, cinayət işi üzrə təyin edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlama zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi və satışı barədə «fikir bildirməmiş», Təqsirləndirilən şəxs tərəfindən istifadəsində olan mobil telefon vasitəsi ilə narkotik vasitələrin alışı, satışı və istifadəsini təsdiq edən hər hansı bir danışıqların və SMS yazışmalarının aparılması müəyyən edilməmiş, məhkəmə zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitlərin satılmasına dair əməliyyat xarakterili məlumatların olmasına istinad etsələr də, Təqsirləndirilən şəxs narkotik vasitənin satışını həyata keçirməsinə dair iş üzrə sübut əhəmiyyətinə malik olan faktlar təqdim etməmişlər, ümumiyyətlə iş üzrə nə ibtidai istintaq, nə də ki məhkəmə baxışında Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələr almış şəxs müəyyən edilməməmiş, alıcı (istehlakçı) ilə əvvəlcədən razılıq əldə edilməsi, hansı miqdarda psixotrop maddə və narkotik vasitə satması, hansı qiymətə satması müəyyən edilməmiş, onunla əlbir olaraq narkotik vasitəni satış məqsədi ilə əldə etmiş və satmış şəxslər barədə məlumat təqdim edilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ifadəsini cinayət işinin digər materialları ilə əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, sonuncunun 9,726 qram çəkidə psixotrop maddə metamfetamini mənfəət əldə etmək məqsədi olmadan (əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi olmadan) əldə etməsi həmin narkotik vasitənin satılması kimi ehtiva edilməsinə əsas vermir. Məhkəmə zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş psixotrop maddə metamfetamini satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamasını və daşımasını təsdiq edən hər hansı bir xüsusat müəyyən edilmədiyindən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş psixotrop maddəni satış məqsədilə əldə etməsi, saxlaması və ya daşıması sübuta yetirilmir, ona istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsilə verilmiş ittiham isə yalnız ehtimallara əsaslanmışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. Qanunda qeyd olunan 3 amildən heç biri hazırkı cinayət işi ilə bağlı araşdırılan fakt üzrə müəyyən edilməsə də, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamasına dair ittiham elan edilmiş, həmin ittihamda psixotrop maddənin əvəzli verilməsinin, qazanc eldə etməyin, yaxud digər şəxsi marağın nədən ibarət olması qeyd edilməmiş və təsdiqini tapmamışdir. Əlavə olaraq, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli 8 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs heç vaxt narkotik vasitə istifadə etməməsi, 03 mart 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində ümumiyyətlə narktotik vasitə və psixotrop maddə olmaması, polis əməkdaşlarının təsiri və təzyiqi ilə əvvəlcədən üzərinə qoyulmuş 9,726 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetaminin videoçəkiliş aparılarkən çıxararaq təqdim etməsi və etiraz etdiyi təqdirdə polis əməkdaşları tərəfindən ailəsi ilə hədə-qorxu gəlindiyi barədə məhkəmə zamanı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun ifadəsi işin faktiki hallarına uyğun deyildir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli qərarından görünür ki, həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən Təqsirləndirilən şəxs məhkəmədə polis əməkdaşları tərəfindən psixi təzyiqlərə məruz qalması barədə bildirməmişdir. Təqsirləndirilən şəxs ilkin izahat və ifadələrində, o cümlədən 03 mart 2024-cü il tarixdə üzərinə baxış keçirilən zaman aşkar edilmiş psixotrop maddəni yerdən tapdığını bildirmiş; şəxsi axtarış keçirilməsi barədə 03 mart 2024-cü il tarixli protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən psixi təzyiq və təsirlərə məruz qalması barədə heç bir qeydi olmamış, həmin istintaq hərəkətlərinin qeydə alındığı videoçəkiliş məhkəmə zamanı nümayiş etdirilib tədqiq olunarkən Təqsirləndirilən şəxs sərbəst şəkildə üzərindən aşkar edilən qanunsuz əşya və predmetləri polis əməkdaşlarına könüllü təqdim etməsi müəyyən edilmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin tutulmasında və üzərinə şəxsi axtarış keçirilməsində bilavasitə iştirak etmiş şahid qismində dindirilmiş polis əməkdaşları məhkəmədə dindirilərkən Təqsirləndirilən şəxs 03 mart 2024-cü il tarixdə ünvan 6 ünvanın yaxınlığında saxladıqlarını, Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən istər saxlanılan zaman, istərsə də idarədə heç bir fiziki və ya psixi təsir edilmədiyini bildirmişlər. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr, 2-ci siyahı psixotrop maddələr)» əsasən narkotik vasitə heroinin təmiz çəkisinin aşağı həddi 2 qram olmaqla külli miqdar təşkil edir; Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin ümumi təmiz çəkisi 9,726 qram olmaqla külli miqdar təşkil edir . Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Nəsimi rayonu ərazisinə daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində 03 mart 2024-cü il tarixdə saat 09:30-da ünvan 6 ünvanın yaxınlığında saxlanılaraq ünvan 7nvanda yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib həmin gün saat 11:23-dən etibarən üzərində şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,398 qram və 4,328 qram olmaqla ümumi təmiz çəkisi 9,726 qram ağ rəngli, kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən isə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il və xx.xx.2017-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır. Məhkəmədə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması cəzasını yüngülləşdirlən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halın olması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 saylı Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 03 mart 2024-cü il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halın olmamasını və işin digər hallarını nəzərə alaraq, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, cəza çəkməsinin başlanğıcının tutulduğu 03 mart 2024-cü il tarixdən hesablanmasını, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. Məhkəmə-kimyəvi ekspertizası üzrə 03 mart 2024-cü il tarixli 6/1089 nömrəli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 9,726 qram metamfetamn kustar üsulla hazırlanmışdır. Qeyd olunanlara əsasən hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 9,626 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və gütürmə aparılması videogörüntünün köçürüldüyü 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddianın və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli Qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 03 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar – Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 9,626 qram psixotrop maddə metamfetamin məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və gütürmə aparılması videogörüntünün köçürüldüyü 01 ədəd DVD disk, cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının 65 (altmış beş) manat dəyəri Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev
Məhkəmə qərarları › İş №1(101)-1780/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1780/2024
30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver