Məhkəmə qərarları › İş №1(101)-1781/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1781/2021

01.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1781/2021 01.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, müdafiəçilər – 12 saylı Vəkil Bürosunun vəkili X4 və fərdi qaydada fəaliyyət göstərən vəkil X3, Təqsirləndirilən şəxs iştirakları ilə, məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilmişdir ona görə ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan tarixdə külli miqdarda ümumi təmiz çəkisi 7.170 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda ümumi təmiz çəkisi 6,790 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamını, 1 (bir) ədəd tərkibində 0.04 qram narkotik vasitə metadon tərkibli həbi, 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 0,657 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və 7 (yeddi) ədəd tərkibində 1.05 qram güclü təsir edən maddə olan preqabalin tərkibli həbləri əldə edib üzərində saxlamaqla daşımış, 02 aprel 2021-ci il tarixdə, saat 23:10 radələrində Səbail rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının əməliyyat məlumatı əsasında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Səbail rayonu, “Sahil” metro stansiyasının yaxınlığında saxlanılaraq Səbail rayon Polis İdarəsinin inzibatı binasına gətirilmiş, orada xidməti otaqların birində üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı əynindəki qara rəngli gödəkçəsinin iç sağ döş cibindən 1 (bir) ədəd qəhvəyi rəngli pul kisəsinin içərisindən 1 (bir) ədəd bükümdə külli miqdarda ümumi təmiz çəkisi 7,170 qram olan narkotik vasitə heroin, həmin pul kisəsinin içərisində 1 (bir) ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 0.657 qram narkotik vasitə olan qurudulmuş marixuana, 1(bir) ədəd bükümdə külli miqdarda ümumi təmiz çəkisi 6,790 qram psixotrop maddə metamfetamin, 1 (bir) ədəd tərkibində 0,04 qram narkotik vasitə metadon tərkibli həb və 7 (yeddi) ədəd tərkibində 1,05 qram güclü təsir edən maddə olan preqabalın tərkibli həb aşkar edilərək götürülmüşdür. Məhkəmə cinayət işinin materiallarını nəzərdən keçirib və tərəflərin fikirlərini dinləyib, eləcə də cinayət işinin materiallarında olan sübutları məcmu halda təhlil edib nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaq qüsurlu və natamam şəkildə aparılmış, bunun nəticəsində təqsirləndirilən şəxsin müdafiə hüququ və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin imperativ tələbləri kobud şəkildə pozulmuş, başqa sözlə, ibtidai istintaq zamanı CPM-nin 303.3.1, 303.3.6 və 303.3.8-ci maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə qanuni həll edilməsi mümkün olmayan ibtidai istintaq zamanı yol verilmiş kobud pozuntulara görə cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə ilk növbədə təəssüf hissi ilə bildirir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə artıq ikinci dəfədir ki, müdafiə hüququnun ciddi şəkildə pozulmasına səbəb olan kobud prosessual pozuntulara yol verərək hazırki cinayət işini mahiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi birinci dəfə 29 iyul 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuşdur. Cinayət işi üzrə 27 avqust 2021-ci il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclasında cinayət işi üzrə məhkəməyədək icraat zamanı bir sıra kobud qanun pozuntularına yol verildiyindən məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat materiallarına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilmiş, habelə Bakı şəhəri Səbail rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi X5 barəsində ibtidai araşdırma zamanı yol verdiyi kobud qanun pozuntularına görə xüsusi qərar çıxarılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 avqust 2021-ci il tarixli qərarında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ibtidai istintaq zamanı yol verilmiş çoxsaylı qanun pozuntularının qeyd edilməsinə baxmayaraq, göstərilən cinayət işi ibtidai araşdırılmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarıldıqdan sonra məhkəmə qərarında göstərilmiş halların aradan qaldırılması əvəzinə, müstəntiq tərəfindən təqsirləndirilən şəxsin müdafiə hüququnu ciddi şəkildə pozan daha kobud qanun pozuntularına yol verilmişdir. Başqa sözlə, ibtidai istintaqı həyata keçirən müstəntiq cinayət işinin ibtidai istintaqı zamanı yol verdiyi kobud qanun pozuntularını aradan qaldırmaq və məhkəmə qərarında öz əksini tapmış məsələləri həll etmək əvəzinə, növbəti dəfə kobud qanun pozuntularına yol verərək “tələm-tələsik” cinayət işini yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 avqust 2021-ci il tarixli qərarı əsasında cinayət işi ibtidai araşdırılmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarıldıqdan sonra ibtidai istintaq orqanı tərəfindən yol verilmiş növbəti kobud qanun pozuntuları aşağıdakılardan ibarətdir: • Bakı şəhəri Səbail rayon prokurorunun müavini Ədalət Aslanov tərəfindən cinayət işinin materiallarının Bakı şəhəri Səbail rayon Polis İdarəsinə ünvanlanmış 07.09.2021-ci il tarixli məktub 08.09.2021-ci il tarixdə Bakı şəhəri Səbail rayon Polis İdarəsində qeydə alınsa da, cinayət işinin 1-ci cildinin 208- 209-cu vərəqlərində olan 07.09.2021-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi barədə qərardan görünür ki, həmin gün Bakı şəhəri Səbail rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Ramil Lətifli Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə cinayət işini öz icraatına qəbul etmişdir. 08.09.2021-ci il tarixdə cinayət işi Bakı şəhəri Səbail rayon Polis İdarəsinə daxil olduğu halda, 07.09.2021-ci il tarixdə X10 tərəfindən sözügedən cinayət işinin öz icraatına qəbul edilməsi ağlabatan və məntiqli hesab edilə bilməz. Göstərilən məsələ məhkəmə üçün başa düşülən deyil. Bu hal artıq ona dəlalət edir ki, müstəntiq tərəfindən cinayət işinin icraata qəbul edilməsi ciddi qanun pozuntusudur. • X10 tərəfindən 04.10.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə yenidən ittiham edilsə də və sonuncu dindirilsə də, həmin gün dindirilmənin həqiqətən də keçirilibkeçirilməməsini müəyyən etmək mümkün deyil. Belə ki, cinayət işinin 1-ci cildinin 252-253-cü vərəqlərində olan 04.10.2021-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolundan görünür ki, qeyd edilən istintaq hərəkəti Səbail rayon Polis İdarəsində həyata keçirilmişdir. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı halda onun 04.10.2021-ci il tarixdə Səbail rayon Polis İdarəsində olması və həmin gün onun orada dindirilməsi inandırıcı deyil. Belə ki, cinayət işinin materiallarında həbsdə saxlanılan təqsirləndirilən şəxsin Səbail rayon Polis İdarəsinə köçürülməsini (etap edilməsini) təsdiq edən heç bir sübut yoxdur. • Təqsirləndirilən şəxs 29 sentyabr 2021-ci il tarixli vəsatətlə X10yə müraciət edərək barəsindəki cinayət işinin qərəzli aparıldığını və sair halları bildirməklə cinayət işinin materialları ilə tanış olması üçün ona şəraitin yaradılmasını xahiş etmişdir. 04.10.2021-ci il tarixli qərarla X10 Təqsirləndirilən şəxs yazılı vəsatətini qismən, onun iş üzrə Şahid3 ilə üzləşdirilməsi, şübhəli şəxs qismində saxlanılmağına və təqsirli şəxs kimi tutulmağına səbəb olan ifadələr və sübutlar barədə protokolların surətlərinin təqsirləndirilən şəxsə təqdim edilməsi hissəsində təmin edilmişdir. Müstəntiq tərəfindən göstərilən hissədə vəsatət təmin edilsə də, qərarda göstərilmiş prosessual sənədlərin təqsirləndirilən şəxsə rəsmi qaydada təqdim edilməsi, habelə təqsirləndirilən şəxsin həmin sənədlərlə tanış olmasını təsdiq edən heç bir sübut yoxdur. Məhkəmə hesab edir ki, X10 təqsirləndirilən şəxsin yazılı vəsatətini qismən təmin etməklə yanaşı, həmçinin qəbul etdiyi qərarın icrasını da təmin etməli idi. Başqa sözlə, müstəntiq təqsirləndirilən şəxsin müdafiə hüququ ilə bağlı yazılı vəsatətini qismən təmin etsə də, qəbul etdiyi qərarı icra etməyərək təqsirləndirilən şəxsin müdafiə hüququnu kobud şəkildə pozmuşdur. Belə ki, şübhənin və ittihamın mahiyyəti ilə əlaqədar prosessual sənədlər (sübutlar) təqsirləndirilən şəxsin əleyhinə əldə edilmiş sübutlar olduğundan, təqsirləndirilən şəxsin həmin sübutlarla tanış ola bilməməsi ona özünü müdafiə etməkdə çətinliklər yaradacaq, bu isə nəticə etibarı ilə onun müdafiə hüququnun pozulmasına səbəb ola biləcək. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs 04.10.2021-ci il tarixli qərar əsasında cinayət işinin materiallarında olan zəruri prosessual sənədlərlə təmin edilməli və onun bütövlükdə cinayət işinin materialları ilə tanış olmasına zəruri şərait yaradılmalıdır (protorokollar, qərarlar, iş materiallarında olan disklərə baxış, ekspertiza rəyləri və sair sənədlər). • Cinayət işinin 1-ci cildinin 7-8-ci vərəqlərində olan 12 oktyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, X10 həmin gün həbsdə saxlanılan şəxsləri, yəni Təqsirləndirilən şəxs şahid qismində çıxış edən Şahid3 ilə üzləşdirmiş və üzləşdirmə zamanı şahid təqsirləndirilən şəxsdən “Alyse” adlı həbi almadığını bildirmiş, təqsirləndirilən şəxs isə həmin protokolu imzalamqdan imtina etdiyindən müstəntiq bu barədə qeyd aparmışdır. Məhkəmə 12 oktyabr 2021-ci il tarixli üzləşdirmə protokolunu tədqiq edib belə nəticəyə gəlir ki, üzləşdirmə istintaq hərəkətinin nəticəsinə dair tərtib olunmuş protokol Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə ziddir. Belə ki, cinayət işinin materiallarından həm təqsirləndirilən şəxsin, həm də şahidin eyni İstintaq Təcridxanasında saxlanılması müəyyən edilsə də, qeyd edilən protokolda istintaq hərəkətinin keçirildiyi yer göstərilməmişdir. Bundan başqa, üzləşdirmə protokolunda təqsirləndirilən şəxsin və şahidin anket məlumatları öz əksini tapmamışdır. Başqa sözlə, müstəntiq barələrində istintaq hərəkəti aparılan şəxslərin anket məlumatlarını dəqiqləşdirmədən naməlum şəraitdə naməlum prosessual hərəkəti apararaq protokol tərtib etmişdir. Eyni zamanda üzləşdirmə zamanı Şahid3 təqsirləndirilən şəxsdən “Alyse” adlı həbi almadığını bildirsə də, yəni ibtidai istintaqın əvvəlki mərhələsində təqsirləndirilən şəxsin əleyhinə verdiyi ifadəni təkzib etsə də, müstəntiq bunun səbəbini şahiddən aydınlaşdırmamış, həmin şahidin əlavə ifadəsini almamış, yəni yaranmış ziddiyyətin aradan qaldırılması istiqamətində zəruri istintaq hərəkətləri aparmamışdır. Əksinə müstəntiq ittiham aktında şahidin üzləşdirmə zamanı verdiyi qısa ifadəsini təqsirləndirilən şəxsi müdafiə etmək kimi qiymətləndirərək buna ciddi bir əsas olmadan təqsirləndirilən şəxsə az ağır cinayətlə bağlı əlavə ittiham irəli sürmüşdür. Məhkəmə qeyd edilən hissədə müstəntiqin istintaq hərəkətini qüsurlu hesab edərək tənqidi yanaşır. Məsələ ondan ibarətdir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsasını onun Şahid3 güclü təsir edən dərman həblərini satması təşkil edir. İbtidai istintaqın ilkin mərhələsində şahid təqsirləndirilən şəxsdən bu və ya digər çəkidə və adda güclü təsir edən dərman həblərini pul müqabilində aldığını bildirsə də, ibtidai istintaqın sonraki mərhələsində, yəni üzləşdirmə zamanı bunu inkar etmişdir. Yəni cinayət işinin materiallarında şahidin təqsirləndirilən şəxsdən güclü təsir edən dərman həblərini həm almasına dair, həm də almasını inkar edən sübut mövcuddur. Cinayət mühakimə icraatı zamanı sübutların qiymətləndirilməsi ən vacib məsələlərdən biridir. Məhkəmə belə nəticəyə gəlir ki, cinayət işinin materiallarında olan sübutlar əsasında təqsirləndirilən şəxsin Şahid3 güclü təsir edən dərman həblərini satması nəticəsinə gəlmək mümkün deyil. Odur ki, ibtidai istintaq orqanı Şahid3 ilə əlavə istintaq hərəkətləri keçirməli, onun əvvəllər verdiyi ifadə ilə sonradan verdiyi ifadəsi (üzləşdirmə zamanı) arasındaki ziddiyyətlər aradan qaldırılmalıdır. Eyni zamanda qeyd edilən prosessual hərəkətlər tam şəffaf şəkildə, eləcə də Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun şəkildə həyata keçirilməlidir. • 15 oktyabr 2021-ci il tarixdə X10 təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etməsi barədə protokol tərtib etmişdir. Qeyd edilən protokol da kifayət qədər qüsurludur. Belə ki, həmin protokol təqsirləndirilən şəxs tərəfindən imzalanmamış, habelə müstəntiq tərəfindən təqsirləndirilən şəxsin cinayət işinin materialları ilə tanış olmasından imtina etməsi barədə hər hansı qeyd aparılmamışdır. Müdafiəçi həmin protokolu imzalasa da, təqsirləndirilən şəxs həmin protokolu imzalamamışdır. Bundan başqa, 15 oktyabr 2021-ci il tarixli protokolda təqsirləndirilən şəxsin və onun müdafiəçisinin cinayət işi üzrə maddi sübut kimi tanınmış predmetlərlə tanış olubolmaması müəyyən edilmir. Halbuki, Cinayət Prosessual Məcəlləsinin 286.3-cü maddəsinə əsasən cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda digər mühüm məsələlərlə yanaşı, həmçinin maddi sübutlar da göstərilməlidir. Qeyd edilən protokoldan təqsirləndirilən şəxsin cinayət işinin materialları və maddi sübutlarla tanış olmasını müəyyən etmək mümkün deyil. Bütün göstərilənlər məhkəmədə şübhə yaratmış və bu səbəbdən də məhkəmə tərəfindən təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı İstintaq Təcridxanasına sorğu göndərilmişdir. 28 oktyabr 2021-ci il tarixdə məhkəmənin sorğusuna verilmiş cavabdan görünür ki, 15 oktyabr 2021-ci il tarixdə müstəntiq tərəfindən təqsirləndirilən şəxsin saxlanıldığı İstintaq Təcridxanasına maddi sübut qismində hər hansı bir predmet keçirilməmişdir. Bu isə ona dəlalət edir ki, təqsirləndirilən şəxsə maddi sübutlar təqdim edilməmişdir. Bütün göstərilənlər ona dəlalət edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı müdafiə hüququ kobud şəkildə pozulmuşdur. Məhkəmə baxışı zamanı bu pozuntuların aradan qaldırılması isə mümkün deyil. Bu səbəbdən də cinayət işinə baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Həmçinin, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, o cümlədən Cinayət Prosessual Məcəlləsinin tələblərinin kobud şəkildə pozulması halları zəruri yeni istintaq hərəkətləri ilə aradan qaldırılmalıdır. Göstərilənlərdən başqa, məhkəmə xüsusilə vurğulamaq istəyir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham qeyri-müəyyəndir. Belə ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan görünür ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan tarixdə külli miqdarda ümumi təmiz çəkisi 7.170 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda ümumi təmiz çəkisi 6,790 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamını, 1 (bir) ədəd tərkibində 0.04 qram narkotik vasitə olan metadon tərkibli həbi, 1 (bır) ədəd kibrit qutusunda təmiz çəkisi 0,657qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və 7 (yeddi) ədəd tərkibində 1.05 qram güclü təsir edən maddə olan preqabalin tərkibli həbləri əldə edib üzərində saxlamaqla daşımışdır. Məhkəmə hesab edir ki, təqsirkar şəxsə qarşı irəli sürülmüş ittiham konkret və dəqiq olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan birinin ağır cinayət (Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə nisbətdə) törədilməsi ilə bağlı olduğundan və həmin maddədə nəzərdə tutulmuş dispozisiya – satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma ilə bağlı hərəkətlərdən ibarət olduğundan, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin haradan və nə vaxt qanunsuz şəkildə satış məqsədi ilə narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması halları müəyyən edilməlidir. Bu səbəbdən də hazırki cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarıldıqdan sonra yuxarıda göstərilmiş ciddi nöqsanlar aradan qaldırılmalı, habelə irəli sürülmüş hər bir ittiham üzrə cinayətin törədilmə yeri və vaxtı dəqiq şəkildə yeni sübutlar əsasında müəyyən edilərək tam şəkildə təsdiq olunmalıdır. Cinayət hüququ nəzəriyyəsinə görə - cinayətin törədildiyi yerin və vaxtın müəyyən edilməsi çox vacib hallardan biridir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 289.3.1-ci maddəsinə görə ittiham aktında cinayətin törədildiyi yer, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar mütləq qaydada öz əksini tapmalıdır. Lakin təqsirləndirilən şəxs barəsində tərtib olunmuş və səlahiyyətli şəxs tərəfindən təsdiq olunmuş ittiham aktından təqsirləndirilən şəxsin nə zaman və haradan satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etməsi, haradan harayadək həmin narkotik vasitələri daşıması, eləcə də onun həmin narkotik vasitələri məhz satış məqsədi ilə əldə etməsi ilə bağlı hallar göstərilməmişdir. Başqa sözlə, qeyd edilən xüsusatlarla bağlı natamam və qüsurlu ibtidai istintaq aparılmışdır. Təəssüf ki, ibtidai istintaqı həyata keçirən X10 yuxarıda qeyd edilən məsələləri həll etməli olduğu halda, bunu məhkəməyə məlum olmayan səbəblərdən həll etməmişdir. Müdafiə hüququ şəxsin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır, sosial dəyərdir. Xüsusilə qeyd olunmalıdır ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməməsi, təqsirləndirilən şəxsin lazımi qaydada cinayət işinin materialları ilə tanış olmaması, ittiham aktının CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun şəkildə tərtib olunmaması, məhkəmə tərəfindən CPM-in 303.3.1, 303.3.6 və 303.3.8-ci maddələrinə müvafiq olaraq təqsirləndirilən şəxsin müdafiə hüququnun və CPM-nin imperativ tələblərinin pozulması kimi qiymətləndirilərək, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının baxılmasına xitam verilməsi və onun prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Cinayət-Prosessual Məcəllənin 139.0.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. Qeyd edilənlər bir daha onu göstərir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ, eləcə də CPM-nin yuxarıda göstərilən imperativ tələbləri müstəntiq tərəfindən kobud və ciddi şəkildə pozulmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.1, 303.3.6 və 303.3.8-ci maddələrinə əsasən, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması və məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması kobud qanun pozuntuları hesab edilirlər və bu qanun pozuntularına yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Qanunla qeyd edilən hallar mövcud olduqda, CPM-in 303-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi zəruridir. Məhkəməyədək icraat zamanı bir sıra qanun pozuntularına yol verildiyindən Azərbaycan Respublikası CPM-nin 303.3.1, 303.3.6 və 303.3.8-ci maddələrinin tələbləri pozulmuşdur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ və İİ hissələrinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən, bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 13-cü maddəsinə görə bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. İstər daxili qanunvericilikdə, istərsə də beynəlxalq müqavilələrdə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının qorunması önəmli yer tutur. Məhkəmə tərkibi cinayət prosesi tərəflərinin iştirakı ilə hazırlıq iclasında həll edilməli olan məsələləri müzakirə edərək onlara dair aşağıdakı nəticələrə gəlmişdir: - Məhkəməyə daxil olmuş cinayət işinə baxılması Bakı Ağır Cinayətlər Məhkəməsinə aid olsa da, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə ciddi əsaslar vardır. - Aparılmış ibtidai araşdırma zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələbləri pozulmuşdur. Məhkəmə yuxarıda qeyd edilmiş halları və dəlilləri məcmu halda nəzərə alaraq hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3-cü maddəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən, yəni Təqsirləndirilən şəxs müdafiə hüququ, eləcə də CPM-nin yuxarıda göstərilən imperativ tələbləri kobud şəkildə pozulduğundan Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.5., 303.1, 303.2, 303.3.1, 303.3.6 və 303.3.8-ci maddələrini rəhbər tutub məhkəmə qərara aldı:

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntusuna yol verildiyindən bu pozuntuların tam şəkildə aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Səbail rayon prokuroruna qaytarılsın.

2. Qərarın surəti dövlət ittihamçısına, təqsirləndirilən şəxsə və müdafiəçiyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar