Məhkəmə qərarları › İş №1(101)-1781/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1781/2022

01.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1781/2022 01.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Səbinə Adil qızının sədrliyi, Hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri «Zəfər» Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1964-cü ildə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Naxçıvan MR, Naxçıvan şəhəri, V.Qasımov küçəsi, ev 25-də qeydiyyatda olmaqla, faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, nömrəsiz fərdi evdə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmişdir. Belə ki, istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi toxumlardan istifadə etməklə 2022-ci ilin aprel ayının ortalarında yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, nömrəsiz fərdi yaşayış evin həyətyani sahəsində dibçəklərdə qanunsuz olaraq tərkibində narkotik maddələr olan 25 ədəd külli miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkilərini əkib yetişdirməklə kultivasiya etmiş, 11 iyun 2022-ci il tarixdə saat 16:15 radələrində Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində yaşadağı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, nömrəsiz fərdi yaşayış evin yaxınlığında saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilmiş, həmin gün yaşadığı ünvanda axtarış, baxış və götürmə aparılarkən evinin həyətyanı sahəsində 25 ədəd dibçəkdə ümumi sayı 25 ədəd, yaş vəziyyətdə ümumi çəkisi 970 qram olmaqla əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri əkilib yetişdirilərək külli miqdarda kultivasiya edilmiş vəziyyətdə aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 1 ünvanında qeydiyyatda olsada, hazırda Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində keçmiş arvadı X6 ilə birlikdə yaşayır. Sədaqət ilə boşansa da bir evdə yaşayırlar. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi qaydada usta kimi fəaliyyət göstərir. Təxminən 3-4 ildir narkotik vasitə olan qurudulmuş marixuana çəkir. 2022-ci ilin aprel ayının ortalarından faktiki yaşadığı evin həyətyanı sahəsində 25 ədəd dibçəkdə, hər birində 1 ədəd kol olmaqla narkotik vasitə marixuana əkmiş və həmin bitkilərə qulluq edərək becərmişdir. 11 iyun 2022-ci il tarixdə günorta saatlarında yaşadığı evin yaxınlığında olan zaman üç nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək 14-cü polis bölməsinə dəvət etmiş, narkotik tərkibli çətənə bitkisini yetişdirməkdə, habelə narkotik vasitələrin saxlanılmasında və istifadə etməsində şübhəli olduğunu demişlər. Bundan sonra iki nəfər hal şahidinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərində hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Sonra öz razılığı ilə yaşadığı evə baxış keçirilmiş, baxış zamanı oraya aqronom dəvət olunmuş və videoçəkilişdən istifadə edilmişdir. O, təxminən iki ay yarım əvvəl həyatyanı sahəsində dibçəklərdə əkdiyi 25 ədəd çətənə kolunu polis əməkdaşlarına göstərmişdir. Bundan sonra polis əməkdaşları çətənə bitkilərini iki ədəd torbaya yığaraq qablaşdırmış və ekspertizaya göndərmişlər. Axtarış və baxışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərdi ki, çətənə bitkisinin toxumunu rayona gedəndə yol kənarında yabanı şəkildə bitmiş kollardan yığmış, marixuana istifadəçisi olduğu üçün həmin toxumları öz istifadəsi üçün əkibbecərmiş, həmin kollardan satmaq məqsədi ilə istifadə etməmiş, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, nömrəsiz fərdi yaşayış evindən aşkarlanmış çətənə kolları onun tərəfindən əkilmiş, həmin kolları əkdiyi dibçəkləri öz otağının pəcərəsi ilə qonşunun hasarı arasında olan boşluğa yerləşdirmiş, üzərini örtmüş, oraya qeyd olunan pəncərədən başqa giriş-çıxış olmamış, otağın qapısını daim bağlı saxlamış, açarını da özündə gəzdirmişdir. Buna görə də ev sakinlərinin həmin kollar barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində həmçinin əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, Sabunçu RPİ-nin 14-cü PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantı rütbəsi daşıyır. Etibarlı mənbədən, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq çətənə kollarını əkib becərərək kultivasiya etməsi barədə daxil olmuş əməliyyat məlumatına əsasən polis bölməsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ilə birlikdə 11 iyun 2022-ci il tarixdə saat 16:15 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yaşadığı evin yaxınlığında saxlayaraq 14-cü polis bölməsinə gətirilmiş, polis bölməsində hüquqlarının müdafiə olunması üçün vəkil təqdim edilərək hüquq və vəzifələri izah edilmişdir. Sonra ilk olaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması zərurəti yaranmışdır. Təqsirləndirilən şəxs axtarışın vəkilin iştirakı olmadan aparılmasına etiraz etməmiş, polis bölməsinə dəvət olunmuş hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək üzərində olması ehtimal olunan narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif olunmuş və bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış və hər hansı qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə əməliyyataxtarış tədbirləri çərçivəsində axtarış, baxış və götürmə hərəkətlərinin aparılması barədə qərar qəbul olunmuş, Təqsirləndirilən şəxs axtarış və baxışın vəkilin iştirakı olmadan aparılmasına etiraz etməmişdir. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştaga qəsəbəsi Savalan yaşayış massivi nömrəsiz evin həyatyani sahəsinə video çəkilişdən istifadə edilməklə və dəvət olunmuş aqronomun iştirakı ilə axtarış, baxış və götürmə hərəkəti aparılmış, axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək yaşadığı evdə və evinin həyətyanı sahəsində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsində əkib, yetişdirərək kultivasiya etdiyi 25 ədəd narkotik təbiətli çətənə bitkilərini təqdim etmiş, həmin bitkiləri 2-3 ay əvvəl öz istifadəsi üçün əkib, yetişdirib kultivasiya etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 25 ədəd narkotik təbiətli çətənə bitkiləri onların tərəfindən 02 ədəd kisədə qablaşdırılıb möhürlə möhürlənərək götürülmüş, bu barədə 14-cü PB-nin təhqiqatçısı Əfsun Əzimov tərəfindən protokol tərtib edilmiş, iştirak edənlər, o cümlədən özü də protokolun düzgünlüyünü imzalamışlar. Təqsirləndirilən şəxs yaşadığı evə axtarış və baxış keçirilmiş, evdən dövriyyəsi və əkilib yetişdirilməsi qanunla qadağan olunan digər əşya və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs narkotik təbiətli çətənə bitkisini öz istifadəsi üçün əkib yetişdirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqı zamanı da ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 Şahid1 verdiyi ifadəsinə oxşar məzmunlu ifadələr verərək onun ifadəsində göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini, eləcə də iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış 11 iyun 2022-ci il tarixli raportdan görünür ki, «Xaş-Xaş-2022» tədbirlər planına əsasən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs həmin evin həyətyanı sahəsində əkilməsi və becərilməsi qanunla qadağan olunmuş narkotik tərkibli vasitə və psixotrop maddənin saxlanılması, həmçinin istifadə edilməsi barədə məlumat daxil olmuş, buna görə də Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixində yaşadığı evin yaxınlığında saxlanılaraq Sabunçu RPİ-nin 14-cü PB-yə gətirilmişdir (iş vərəqə: səh 8). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış 11 iyun 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və onun üzərində qadağan olunmuş heç bir əşya və predmet aşkar olunmamışdır (iş vərəqə: səh 30-31). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış 11 iyun 2022-ci il tarixli «axtarış, baxış və götürmə barədə» protokoldan və maddi sübut kimi tanınmış DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilmiş və 25 ədəd dipçəkdə 25 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək, qablaşdırılaraq götürülmüşdür. Axtarış, baxış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (iş vərəqə: səh 37-38). Məhkəmə baxışı zamanı nümayiş olunan Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış aparılması prosesi yüklənmiş bir ədəd CD formatlı diskdə olan 13 dəqiqə 54 saniyəlik videogörüntülərlə müəyyən edildi ki, CD formatlı diskə yüklənmiş videogörüntülər məhkəmə baxışı zamanı tədqiq olunan «axtarış, baxış və götürmə aparılması haqqında» protokolun məzmunu ilə eynilik təşkil edir və axtarış, baxış və götürmə aparılması prosesində qanun pozuntusuna yol verilməmişdir (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış 11 iyun 2022-ci il tarixli X8 X1 aqronomu X4 rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştaga qəsəbəsi, Savalan yaşayış massivi, nömrəsiz evin həyətyanı sahəsində, yaşayış evinin pəncərələri ilə bir metr məsafədə olan daş hasar arasında təxminən 7 m2 sahəsi olan yerdə, 25 ədəd dibçəkdə, əkilməsi və becərilməsi qadağan olunan 80-90 sm hündürlükdə 25 (iyirmi beş) ədəd narkotik tərkibli çətənə bitkisi aşkar olundu. Həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuş, becərmə işləri aparılmış və suvarılmışdır (iş vərəqə: səh 39). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 iyun 2022-ci il tarixli, 7/618 saylı məhkəmə-bioloji ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs həyətyanı sahəsindən götürülmüş və tədqiqata təqdim edilmiş 02 (iki) ədəd sintetik torbalardakı ümumi sayı 25 (iyirmi beş) ədəd yaş vəziyyətdə ümumi çəkisi - 970 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir (iş vərəqə: səh 46). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Bakı şəhər Sabunçu RPİ-nin 14-cü Polis Bölməsindən müvafiq əməliyyat tapşırığına verilmiş 25 iyul 2022-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» Publik Hüquqi şəxsin 20 iyul 2022-ci il tarixli 6538 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıb (iş vərəqə: səh 108). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 1636 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinə cavab vermək iqtidarındadır. (iş vərəqə: səh. 113-114). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə xx.xx.2022-ci il tarixli 4620 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: səh. 115-116). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 10 sentyabr 2022-ci il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs həyətyanı sahəsindən götürülmüş iki ədəd sintetik torbada ümumi sayı 25 (iyirmi beş) ədəd təşkil edən çətənə (kannabis) kolları maddi sübut kimi tanınması və saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır (iş vərəqə: səh. 133-138). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Sabunçu RİHB-nin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 06 sentyabr 2022-ci il tarixli 4852 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs arvadı Sədaqət Səfərova, iki oğlu- Coşqun Səfərov və Reyhun Səfərov ilə birlikdə yaşayır və yaşayış yeri üzrə qonşulardan və sakinlərdən barəsində heç bir şifahi və yazılı şikayət daxil olmamışdır (iş vərəqə: səh. 130-131). Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilmişdir (iş vərəqə: səh. 128-129). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış 11 iyun 2022-ci il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan və Sabunçu Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə 11 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində «həbs» qətimkan tədbiri seçilmişdir (iş vərəqə: səh. 19, 75-77). Məhkəmə, göstərilən sübut növlərinə əsasən hesab edir ki, məhkəmədə Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda çətənə (kannabis) bitkiləri kultivasiya etmə cinayətini törətməsi özünün həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı tam etirafedici ifadələri, şahidlərin ifadələri və cinayət işinin materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərini rəhbər tutmaqla bir-biri ilə və ayrı-ayrılıqda, məcmu halda müqayisəli şəkildə araşdıraraq məhkəmədə dindirilmiş təqsirləndirilən şəxsin tam etirafedici ifadələri, şahidlərin ifadələrini, məhkəmə istintaqı zamanı tədqiq olumuş istintaq hərəkətlərinin protokollarını, maddi sübutları, eləcə də məhkəmə ekspertiza rəylərini, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməklə həmin ifadələri, istintaq hərəkətlərinin protokollarını, maddi sübutları və ekspertiza rəylərini təqsirləndirilən şəxsin əməlinin cinayət tərkibini yaratması, cinayətin törədilməsində iştirakını, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini müəyyən edən sübut növləri kimi qəbul edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il 2 №-li qərarının 19-cu bəndinin tövsiyələrində qeyd olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 fevral 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu yabanı bitkilərin toplanmasının kultivasiyaya aid edilib-edilməməsi məsələsi ilə əlaqədar qeyd edir ki, elmi mənasına görə «kultivasiya» anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. «Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 5.2-ci maddəsinə əsasən dərman vasitələrinin təcrübəvi nümunələrinin işlənib hazırlanması halları istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin istehsalı və tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası qadağandır. Sözügedən Qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının (3-cü Siyahı) 1-ci bəndinə əsasən - 16 (on altı) ədəd (31 hissə) çətənə növlü bitkilər külli miqdar təşkil edir. Beləliklə, məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll edərkən hesab edir ki, məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin dizpozisiya şərtləri ilə uyğun gəlir. Buna görə də, təqsirləndirilən şəxsin əməli həmin maddə ilə düzgün tövsif edildiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlindən peşman olmasını, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilirki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər Məhkəmə, yuxarıda şərh edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu vaxtdan yəni, 11 iyun 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CPM-nın 132-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olaraq Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən götürülmüş, iki ədəd sintetik torbada ümumi sayı 25 (iyirmi beş) ədəd təşkil edən narkotik tərkibli çətənə (kannabis) bitkisi məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfi olan 78 (yetmiş səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesi zamanı müdafiə etməyə görə müdafiəçilərin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3- cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 11 iyun 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbir təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olaraq Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən götürülmüş, iki ədəd sintetik torbada ümumi sayı 25 (iyirmi beş) ədəd təşkil edən narkotik tərkibli çətənə (kannabis) bitkisi məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin.. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri «Zəfər» Vəkil Bürosunun vəkili X3 120 (bir yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər: Telman Hüseynov Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar