Məhkəmə qərarları › İş №1(101)-1783/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1783/2022

29.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1783/2022 29.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclası katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - «Xəzər Konsaltinq» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1985-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunun Muğancıq Müslüm kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Şərur rayonu, Muğancıq Müslüm kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 71A saylı binanın zirzəmisində yaşamış, 16 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədilə külli miqdarda narkotik vasitə əldə etmək məqsədilə 15 may 2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu, M.ünvan 1 ünvanın qarşısında tanışı X3 60 manat pul müqabilində küllü miqdarda - ümumi çəkisi 2,907 qram olan narkotik vasitə heroin və 16 may 2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu ərazisində şəxsiyyəti məlum olmayan “Qoca” ləqəbli şəxsdən külli miqdarda - təmiz çəkisi 980,8 qram narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri, Nizami rayon Polis idarəsi, Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 16 may 2022-ci il tarixdə saat 18:30 radələrində ünvan 2 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Bakı şəhəri, Nizami rayon Polis idarəsinə gətirilib xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan köynəyin alt hissəsindən 1 (bir) ədəd üzəri şəffaf yapışqan lentlə bağlanmış qara rəngli polietilen bağlamada külli miqdarda - təmiz çəkisi 980,8 qram tünd qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və əynində olan cins şalvarının sağ yan cibindən 2 (iki) ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,751 və 0,156 qram, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, ümumi təmiz çəkisi 2,907 qram olan külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, saxlanılan zaman üzərində cəmi 3 qram narkotik vasitə olmuşdur. O, tanışı Telman adlı şəxslə İran vətəndaşından 10 qram narkotik vasitə heroin almışdır. O, özü həmin narkotikin 50 qramını, Telman isə 5 qramını götürmüşdür. O, aldığı həmin narkotikdən istifadə etmiş və 3 qramı qalmışdır. Polis əməkdaşları tərəfindən mayın 16-da saxlanılmışdır. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs ibtidai istintaqda ona sənədlərin hamısına imza etdirdiklərini, saxlanılan zaman üzərində iki büküm narkotik vasitə heroin olduğunu, videoçəkiliş zamanı isə ona daha 980 qram narkotik verildiyini, polis əməkdaşları tərəfindən təzyiqlər olunduğu üçün onların dedikləri ilə razılaşdığını, təzyiqlərlə bağlı heç yerə şikayət etmədiyini, bədənində hər hansı xəsarət izləri olmadığını və təcridxanaya daxil olarkən müayinə zamanı da heç bir xəsarət aşkar edilmədiyini, narkotik vasitəni Telmanla birlikdə İran vətəndaşından aldıqlarını və həmin narkotikə görə Telmanla hər biri 100 manat pul verdiklərini, Telmanı təxminən 10-15 ildir ki, tanıdığını, istintaq zamanı Telmanın öldüyünü bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan və tədqiq olundu. O, həmin ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər avtomobilləri yuma sexində fəhlə işləmişdir. Məlum pandemiyadan sonra işsiz qalmış və narkotik vasitə qəbul etməyə başlamışdır. Narkotiki inyeksiya yolu ilə qəbul etmişdir. xx.xx.2022-ci il tarixdə narkotik qəbul etmək üçün istifadəsində olan ***-***-**-** mobil nömrədən əvvəllər onunla avtomobilləri yuma sexində işləmiş və narkotik satışı ilə məşğul olan Telman Əsgərovun ***-***-**-** mobil nömrəsinə zəng edib heroin istəmişdir. Telman razılaşıb həmin gün saat təxminən 16 radələrində yaşadığı Bakı şəhəri, Nizami rayonu, Ordubadi küçəsi 14 saylı binanın qarşısında ona 60 manata iki büküm heroin satmışdır. Növbəti gün, yəni xx.xx.2022-ci il tarixdə günorta saatlarında o Sabunçu qəsəbəsi ərazisində oduğu vaxt “Qoca” ləğəbi ilə tanıdığı şəxslə təsadüfən görüşmüşdür. O, «Qoca»nın narkotik vasitə satdığını bilmişdir və sonuncudan əvvəllər bir neçə dəfə şəxsi istifadəsi üçün heroin almışdır. Əvvəllər bir dəfə «Qoca» ilə söhbət zamanı xahiş etmişdir ki, ona satmaq üçün külli miqdarda heroini nisyə versin, satdıqdan sonra pulunu ödəyəcəkdir. Söhbət zamanı «Qoca» ona gözləməsini bildirmiş və təxminən bir saatdan sonra ona yaxınlaşıb bir ədəd yapışdırıcı lentlə bağlanmış içərisində heroin olan bağlamanı 8.000 manata nisyə vermişdir. O, «Qoca»ya qabaqcadan razılaşdığı kimi 1.000 manat vermişdir, qalan pulu isə satdıqdan sonra ödəyəcəyini bildirmişdir. Razılaşmaya əsasən o, heroini satdıqdan sonra «Qoca» ilə görüşüb qalan pulu verəcəyini öhdəsinə götürmüşdür. «Qoca»dan aldığı bağlamanı üzərində saxlayıb birbaşa Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsinə gəlmişdir. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində küçədə tanışı Tural Hacıyevlə dayanıb söhbət edən zaman üç nəfər mülkü geyimdə polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra şübhələnib onu və Turalı Nizami RPİ-nə dəvət etmişllər. Polis əməkdaşları yol boyu ona nəzarət etdikləri üçün köynəyinin altında saxladığı bağlamanı və cibində olan bükümləri tullaya bilməmişdir. Nizami RPİnin xidməti otaqların birində təhqiqatçı tərəfindən hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən ona üzərində dövriyyəsi qanunla qadağan edilmiş narkotik vasitə, yaxud psixotrop maddə olduğu halda təqdim etmək təklif edilmişdir. Həmin vaxt o, köynəyinin altında saxladığı bağlamada və cibində olan 2 büküm heroini təqdim edib bildirmişdir ki, bağlamada olan heroini «Qoca» adlı tanışından nisyə olaraq 1000 manat verib almışdır, 2 ədəd bükümlərdə olan heroini isə tanışı Telmandan 60 manata almışdır. Üzərindən aşkar edilən 1 ədəd bağlamada və 2 ədəd bükümlərdə olan heroin təhqiqatçı tərəfindən qablaşdırılmış, tərkibinin və çəkisinin müəyyən edilməsi üçün ekspertizaya göndəriləcəyi bildirilmişdir. Şəxsi axtarışın nəticəsinə dair protokol tərtib edilmiş, onun və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (cild 1, iş vərəqi 111-113). Elan olunmuş ifadələrlə bağlı suallara cavabında Təqsirləndirilən şəxs həmin ifadəni qismən təsdiq etdiyini, saxlanılarkən onun üzərində cəmi 2 bükümdə 3 qram çəkidə heroin olduğunu, qalan narkotiklərin polis əməkdaşları tərəfindən ona verildiyini, lakin həmin polis işçilərinin kim olduğunu bilmədiyini, polis əməkdaşlarının təzyiqi ilə istintaq zamanı ifadə verdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nizami RPİ, Narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 16 may 2022-ci il tarixdə bölməyə daxil olmuş məlumatda Bakı şəhərində yaşayan “Bəhruz” adlı şəxsin mütəmadi olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bildirilmişdir. Məlumat əsasında bölmədə onun, bölmənin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 daxil olduğu əməliyyat qrupu yaradılmışdır. 16 may 2022-ci il tarixdə saat 18:30 radələrində onların keçirdiyi əməliyyat tədbirləri nətisəsində əlamətləri Bəhruz adlı şəxsə oxşayan bir nəfər saxlanılmış və Nizami RPİ-nə gətirilmişdir. Sorğu zamanı həmin şəxsin 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Sonra təhqiqatçı tərəfindən müdafiəçi dəvət edilmiş, onların iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman mobil telefon vasitəsi ilə videoçəkiliş aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qadağan edilmiş narkotik vasitə, yaxud psixotrop maddə olduğu halda, könüllü təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan köynəyinin altından 1 ədəd qara rəngli polietilen bağlamanı və şalvarın sağ yan cibindən 2 ədəd selofan bükülünü təqdim edərək, onların içərisində narkotik vasitə heroin olduğunu, bağlamadakı təxminən 1 kq çəkidə heroini həmin tarixdə üzdən tanıdığı “Qoca” ləqəbli şəxsdən satmaq niyyəti ilə qabaqcadan 1000 manat ödəməklə, qalanını isə nisyə yolla aldığını, 2 ədəd selofan bükülüdə olanı isə öz istifadəsi üçün bir gün qabaq Telman adlı tanışından 60 manata aldığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əməliyyat marağı daşıyan başqa əşyalar aşkar edilməmişdir. Həmin 2 ədəd bükülü və 1 ədəd bağlamada olan maddələr təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmış və baxışın nəticəsinə dair protokol tərtib edilərək onların imzaları ilə təsdiq edilmişdir. Sonradan əməliyyat qrupunun üzvləri ilə birlikdə onlar Telman adlı şəxsi də müəyyən edib Nizami RPİ-nə gətirilmiş və onun da üzərinə şəxsi axtarış zamanı 1 ədəd selofan bükülüdə narkotik vasitə heroinə bənzər maddə aşkar eilərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nizami RPİ, Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 16 may 2022-ci il tarixdə şübhəli şəxslər Təqsirləndirilən şəxs və X4 müəyyən edilərək saxlanılmaları, onların üzərinə şəxsi axtarış keçirilməsi və narkotik vasitələrin aşkar edilərək götürülməsi zamanı əməliyyat qrupunun üzvləri kimi iştirak etdiklərini bildirərək, həmkarları Şahid1 məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadələr verdilər. İş materiallarından görünür ki, X8 16 may 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində şübhəli bilindiyi üçün tutulmuş, 18 may 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nin 234.2 və 234.1-ci maddələri ilə ittiham elan olunmuş və Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 61, 116-117, 138-140). İş üzrə 05 sentyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, X8 08 avqust 2022-ci il tarixdə yaşadığı ünvanda öldüyündən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən onun barəsində cinayət təqibinə xitam verilmişdir (cild 1, iş vərəqi 206-215). Məhkəmə iclasında ölmüş təqsirləndirilən şəxs X4 cinayət işinin ibtidai istintaqı zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan və tədqiq edildi. O, Azərbaycan Respublikası CMnin 234.1 və 234.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər avtomobilləri yuma sexində fəhlə işləmişdir, məlum pandemiyadan sonra işsiz qalmış və narkotik vasitə qəbul etməyə başlamışdır. Artıq bir ildir ki, narkotik vasitə olan heroini inyeksiya yolu ilə qəbul edir. Təxminən bir həftə əvvəl mobil telefonun “İnstagram" sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşı Şahin adlı şəxslə əlaqə yaradıb 90 manat pulu sonuncunun elektron kartına köşürməklə 5 qram heroin almışdır. Həmin heroinin bir hissəsini özü istifadə etmiş, qalan hissəsini isə şəxsi istifadəsi üçün cibində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 20 radələrində yaşadığı Bakı şəhəri, Nizami rayonu, Ordubadi küçəsi 14 nömrəli evin qarşısında olduğu vaxt üç nəfər mülki geyimdə polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra onun şəxsiyyəti ilə maraqlanıb Nizami RPİ-nə dəvət etmişlər. Polis idarəsinə gedən zaman yolboyu polis əməkdaşları onun hərəkətlərinə nəzarət etdikləri üçün yolda üzərində olan heroini tullaya bilməmişdir. Nizami RPİ-də xidməti otaqların birində təhqiqatçı tərəfindən ona hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində dövriyyəsi qanunla qadağan edilmiş narkotik vasitə, yaxud psixotrop maddə olduğu halda təqdim etmək təklif edilmişdir. Həmin vaxt o, əynində olan gödəkçənin sol yan cibindən üzərində saxladığı həmin 1 büküm heroini təqdim etmişdir. Üzərinə keçirilən axtarış zamanı gödəkçəsinin sol qoltuq cibindən 1 ədəd elektron tərəzi aşkar edilmişdir. O, bildirmişdir ki, üzərindən aşkar edilən heroini mobil telefonun “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşı Şahin adlı şəxsin hesabına 90 manat köçürməklə 5 qram alıb bir hissəsini özü istifadə etmiş, qalanı üzərində olandır. Elektron tərəzini isə narkotiki alan zaman ölçmək üçün istifadə etmişdir. Üzərindən aşkar edilən 1 büküm heroin və 1 ədəd elektron tərəzi təhqiqatçı tərəfindən qablaşdırılmış və tərkibinin müayinə edilməsi üçün ekspertizaya göndəriləcəyi bildirilmişdir. Şəxsi axtarışın nəticəsinə dair protokol tərtib edilmiş, onun və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. O, Təqsirləndirilən şəxs narkotik vasitə satmadığını, Bəhruzun narkotik vasitəni onunla bir yerdə iranlı Şahindən aldığını bildirmişdir (cild 1, iş vərəqi 125-127). Cinayət işinə əlavə edilmiş 17 may 2022-ci il tarixli üzləşdirmə protokoluna əsasən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və X8 arasında keçirilmiş həmin istintaq hərəkəti zamanı Bəhruz Məmmədov 15 may 2022-ci il tarixdə şəxsi axtarışı zamanı aşkar edilərək götürülmüş 2 bükümdə narkotik vasitə heroini Bakı şəhəri, Nizami rayonu, M.ünvan 1 binanın qarşısında Telman Əsgərovdan 60 manat pul müqabilində aldığını Telman Əsgərovun üzünə qarşı deyərək təsdiq etmişdir (cild 1, iş vərəqi 98-99). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan 16 may 2022-ci il tarixli şəxsi axtarış keçirilməsi barədə protokola əsasən, xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Nizami RPİ, Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat təqbirləri nəticəsində ünvan 2 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq Nizami RPİnə gətirilmiş, xidməti otaqların birində üzərinə şəxsi axtanş zamanı əynində olan köynəyinin alt hissəsindən 1 (bir) ədəd üzəri şəffaf yapışqan lentlə bağlanməş qara rəngli polietilen və əynində olan cins şalvarının sağ yan cibindən 2 (iki) ədəd şəffaf polietilen bükümlər aşkar edilərək götürülmüşdür. Bəhruz Məmmədov bildirmişdir ki, 2 ədəd bükümlərdə olan heroini Telman adlı tanışından 60 manata, bağlamada olan heroini isə “Qoca" adlı tanışından satış məqsədilə qabaqcadan 1000 manat verib almışdır. Şəxsi axtarış zamanı aparılmış videoçəkillişin olduğu bir ədəd disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 32-33). Cinayət işində olan 16 may 2022-ci il tarixli şəxsi axtarış keçirilməsi barədə protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 20:30 radələrində Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat təqbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, M.S.Ordubadi küçəsi, 14 ünvanın yaxınlığında X8 şübhəli şəxs qismində saxlanılaraq Nizami RPİ-nə gətirilmiş, xidməti otaqların birində üzərinə şəxsi axtarış zamanı əynində olan gödəkçənin sol yan cibindən 1 (bir) ədəd şəffaf polietilen büküm və sol iç cibindən 1 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Telman Əsgərov bildirmişdir ki, həmin bükülüdə olan heroini İran İslam Respublikasının vətəndaşı “Şahin" adlı şəxsin hesabına 90 manat köçürməklə 5 qram alıb bir hissəsini özü istifadə etmiş, qalanı üzərində aşkar ediləndir, elektron tərəzini isə narkotiki alan zaman ölçmək üçün istifadə etmişdir. Şəxsi axtarış zamanı aparılmış videoçəkillişin olduğu bir ədəd disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 68-69). İş materiallarında olan 18 may 2022-ci il tarixli videogörüntüyə baxış keçirilməsi barədə protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntünün olduğu 1 ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan köynəyinin altından 1 ədəd qara rəngli polietilen bağlamanı və şalvarın sağ yan cibindən 2 ədəd selofan bülkülünü təqdim edərək içərisindəkilərin narkotik vasitə olan heroin olduğunu, 1 ədəd qara polietilen bağlamada olan narkotik vasitə heroin olduğunu, xx.xx.2022-ci il tarixdə üzdən tanıdığı “Qoca” ləqəbli şəxsdən satmaq niyyətilə nisyə, qabaqcadan 1000 manat ödəməklə aldığını, 2 ədəd selofan bülkülüdə olanı isə öz istifadəsi üçün xx.xx.2022-ci il tarixdə Telman adlı tanışından 60 manata aldığını bildirmişdir (cild 1, iş vərəqi 147). Cinayət işində olan 18 may 2022-ci il tarixli videogörüntüyə baxış keçirilməsi barədə protokoldan görünür ki, şübhəli şəxs X4 üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntünün olduğu 1 ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı Telman Əsgərov əynində olan gödəkçənin sol yan cibindən 1 (bir) ədəd şəffaf polietilen büküm və sol iç cibindən 1 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Telman Əsgərov bildirmişdir ki, həmin bükülüdə olan heroini İran İslam Respublikasının vətəndaşı “Şahin” adlı şəxsin hesabına 90 manat köçürməklə 5 qram alıb bir hissəsini özü istifadə etmiş, qalanı üzərində aşkar ediləndir, elektron tərəzini isə narkotiki alan zaman ölçmək üçün istifadə etmişdir (cild 1, iş vərəqi 149). İbtidai istintaq orqanının 18 may 2022-ci il tarixli maddi sübut növü kimi tanıma haqqında qərarlarına əsasən, Təqsirləndirilən şəxs və X4 üzərinə şəxsi axtarış keçrilən zaman çəkilmiş videogörüntülərin olduğu 2 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 148, 150). Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci tarixli 6/2821 saylı rəyindən görünür ki, “Tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №163 ” dairəvi möhür əksi, “(imza) Təqsirləndirilən şəxs” yazısı, imzalar olan bir ədəd zərfdə və bir ədəd paketdə, 2 (iki) ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,751 qr. və 0,156 qr. - ümumi təmiz çəkisi 2,907qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; 1 (bir) ədəd üzəri şəffaf yapışqan lentlə bağlanmış qara rəngli polietilen bağlamada təmiz çəkisi 980,8 qram tünd qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin ümumi təmiz çəkisi 983,707qram təşkil edir (cild 1, iş vərəqi 75-80). Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci tarixli 6/2820 saylı rəyindən görünür ki, “Tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №163” dairəvi möhür əksi, “(imza) T.Əsgərov“ yazısı, imzalar olan zərfdəki 1 (bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0,661 ram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir və bir ədəd gümüşü rəngli elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini müəyyən etmək mümkün deyildir. Vət. X3 aşkar edilərək götürülmüş heroin vət. Təqsirləndirilən şəxs götürülmüş 2 (iki) ədəd şəffaf polietilen bükümdəki heroinlərlə (17 may 2022-ci il tarixli 6/2821 saylı ekspert rəyi) kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. Vət. X3 aşkar edilərək götürülmüş heroin vət. Təqsirləndirilən şəxs götürülmüş 1 (bir) ədəd qara rəngil polietilen bağlamadakı heroinlə (17 may 2022-ci il tarixli 6/2821 saylı ekspert rəyi) kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə fərqlidir (cild 1, iş vərəqi 81-86). İbtidai istintaq orqanının 18 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 980,8 qram və 2,907 qram heroinin tədqiqata sərf edildikdən sonra qalan qalığı - 980,6 qram və 2,807 qram heroin, X4 üzərindən aşkar edilərək 0,661 qram heroinin tədqiqata sərf edildikdən sonra qalığı - 0,611qram heroin və bir ədəd üzərində heroin izləri aşkar edilən gümüşü rəngli elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri, Nizami RPİ-nin maddi sübutların saxlama kamerasına qəbzlə təhvil verilmişdir (cild 1, iş vərəqi 146, 222). Azərbaycan Respublikası Psixatriya X7 şəxsin 20 may 2022-ci il tarixli 4434 saylı məktubundan görünür ki, xx.xx.1985-ci ildə Naxçıvan MR, Şərur rayonu, Muğancıq Müslüm kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 71A ünvanında yaşayan Təqsirləndirilən şəxs xəstxanada müalicədə olmamışdır (cild 1, iş vərəqi 168). Məhkəmə-narkoloji ekspertizasının 01 iyun 2022-ci il tarixli 2888 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranmış asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 170-171). Cinayət işində olan Bakı şəhəri, Nizami rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iş üzrə təqsirləndirilən şəxs X8 yaşadığı ünvan 6 ünvanında ölmüşdür, X4 meyidindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində tiryək qrupuna aid alkoloid və fenilalkilamin qrupuna aid metamfetamin adlı maddə aşkar edilmişdir. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin 02 sentyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, məlumat-sorğu bazasında Təqsirləndirilən şəxs məhkumluğu barədə digər məlumat yoxdur (cild 1, iş vərəqi 204-205). Məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirərək, saxlanılarkən onun üzərində cəmi 2 bükümdə 3 qram çəkidə heroin olduğunu, qalan narkotiklərin polis əməkdaşları tərəfindən ona verildiyini, lakin həmin polis işçilərinin kim olduğunu bilmədiyini, polis əməkdaşlarının təzyiqi ilə istintaq zamanı etirafedici ifadə verdiyini bildirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri və psixotorp maddələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüş, ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrlə ziddiyyətli ifadə verməsini onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndində məhkəmələrə tövsiyyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağın olmasını Təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 16 may 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Nizami rayon Polis idarəsi, Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxsin 16 may 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 01 iyun 2022-ci il tarixli 2888 saylı rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranmış asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olundan, onun narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan və məcburi müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutlar - Bakı şəhəri, Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 980,6 qram və 2,807 qram təşkil edən kustar üsulla hazırlanmış heroin, həmçinin öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş X4 üzərindən aşkar edilərək tədqiqatdan sonra qalıq qalan 0,611 qram çəkidə heroin və bir ədəd üzərində heroin izləri aşkar edilən gümüşü rəngli elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs və mərhum X4 üzərindən narkotik vasitələrin aşkar edilərək götürülməsi ilə bağlı videogörüntüləri əks etdirən 2 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatları 228 (iki yüz iyirmi səkkiz) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 228 (iki yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinə əlavə edilmiş orderlərdən və hesabat arayışlarıdan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəsini təyinat əsasında 40 saat vaxt sərf etməklə Bakı şəhəri, 6 saylı Vəkil Bürosunun vəkili X6, məhkəmə baxışı zamanı isə təyinat əsasında 15 saat vaxt sərf etməklə «Xəzər Konsaltinq» Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Ona görə də, dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmiş həmin vəkillərə - vəkil Meybulla Məcidova ödənilməli olan 240 (iki yüz qırx) manat və vəkil Müdafiəçi ödənilməli 90 (doxsan) manat məbləğində pul vəsaiti qeyd olunan vəkil bürolarının hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 16 may 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 980,6 qram və 2,807 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Bakı şəhəri, Nizami RPİ maddi sübutların saxlama kamerasına təhvil verilmiş X4 üzərindən aşkar edilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,611 qram heroin və bir ədəd üzərində heroin izləri aşkar edilən gümüşü rəngli elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı və X4 şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin olduğu 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri: - ekspertiza tədqiqatlarının dəyəri olan 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - ibtidai istintaq zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil X5 ödənilməli 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 6 saylı Vəkil Bürosunun hesabına köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli 90 (doxsan) manat pul vəsaiti «Xəzər Konsaltinq» Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar