Məhkəmə qərarları › İş №1(101)-1783/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1783/2024

29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1783/2024 29.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 1 noyabr 1976-cı il tarixdə Sabirabad rayonu, Surra kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Qaralı kəndində qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 2,068 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan vaxtda və istintaq tərəfindən kimliyi araşdırılan şəxsdən əldə edib üzərində saxlamaqla daşımış, 16 yanvar 2024-cü il tarixdə saat 23:20-də Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, Korpus 8 ərazisində saxlanılaraq 43-cü Polis Bölməsinin inzibati binasına gətirilmiş və 17 yanvar 2024-cü il tarixdə saat 00:45-də üzərində axtarış aparılan zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümün içərisində təmiz çəkisi 2,068 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 16 yanvar 2024-cü il tarixdə DSK yolunda, yanğın əleyhinə mühafizə idarəsi ilə üzbəüz polis əməkdaşları onu saxlamış və sonra Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis bölməsinə aparmışlar. Bölmədə o, polis əməkdaşları tərəfindən yumruq və dəyənəklə əsasən baş nahiyyəsindən döyülərək fiziki təzyiqlərə məruz qalmışdır. Bir qədər vaxt sonra onu müayinə məqsədi ilə həkimin yanına aparmışlar. Hətta müayinəyə gedən zaman əməliyyatçının yanında olan Orxan adlı şəxs ona bölmə rəisinin onların onu döydüyü barədə xəbər aldığını, müayinə zamanı həkimə onu döymədiklərini və xəsarət almadığını desə ona kömək edəcəklərini bildirmişdir. O, onlara narkotik vasitəsinin istifadəçisi olduğunu demişdir. Ancaq hadisə baş verən gün onun üstündə narkotik vasitə olmamışdır. Həmçinin videoçəkiliş formatında şəxsi axtarış keçirilən zaman o, təzyiq altında olduğundan polis əməkdaşları çəkilişə qədər ona dediklərini məcburiyyət qarşısında qalaraq təkrarlamışdır. Ona çəkiliş zamanı tanımadığı şəxsdən 30 manata bir büküm narkotik vasitə aldığını deməyini bildirmişlər. Bundan başqa polis əməkdaşları iş üzrə əhəmiyyət kəsb etdiyini bildirərək onun telefonunu götürmüşlər. Təqsirləndirilən şəxs məhkəmədə cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, onu axşam 20:00-20:30 radələrində saxlamışlar. O, həmin vaxt evin içində qazan yumuşdur. Ona Anar adlı tanışı qapını açmağı xahiş etmiş, o, qapıya yaxınlaşanda qapını polis əməkdaşları açmışlar. Hətta o, qapının cəftəsinə toxuna bilmədən qapı açılmışdır. Güman edir ki, polislər evin həyətinə çəpərdən keçərək girmişlər. 8 polis əməkdaşı ağ və qara rəngli olmaqla iki avtomobillə gəlmişdilər. Saxlanılarkən Elçin də orda olmuş, lakin onu sonra buraxmışlar. Vəkili o, döyüləndən sonra gəlmişdir. Onu həm saxladıqları yerdə, həm də idarədə döymüşlər. O, vəkilə döyüldüyünü demişdir. Polislər birinci onu oğruluqla yükləmək istəmiş, sonradan narkotik vasitə ilə yükləmişlər. Onun cibinə narkotik vasitə qoyularkən otaqda vəkilin olub-olmamasını xatırlamır. Ekspertiza zamanı onun bədənində xəsarət aşkar olunmamışdır. Prokurorluqda müstəntiqə baş verənləri danışmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Sabirabad rayonu, Surra kəndində anadan olmuş, Sabirabad rayonu Qaralı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamışdır. O, təxminən 1 il 6 ay müddətdir psixotrop maddə metamfetamin istifadə etmişdir. 16 yanvar 2024-cü il tarixdə saat 23:20 radələrində o, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Mədən 1 Korpus 8 ərazisində tanışı Şahid4 ilə birlikdə piyada hərəkət edən zaman bir neçə şəxs onlara yaxınlaşıb özlərini təqdim etmiş və polis əməkdaşları olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları ona üzərində narkotik vasitə, psixotrop maddə saxlamağında, narkotik vasitədən, psixotrop maddədən istifadə etməyində şübhəli olduğunu bildirib onları 43-cü Polis Bölməsinə gətirmişlər. Polis bölməsində olarkən otaqların birində 17 yanvar 2024-cü il tarixdə saat 00:45-də polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsi ilə onun üzərində axtarış aparılmağa başlanılmışdır. Axtarış aparılan zaman polis əməkdaşı ondan üzərində narkotik vasitə, psixotrop maddə və ya hər hansı bir qanunsuz əşya olub-olmamasını soruşub, olduğu halda könüllü təqdim etməyini təklif etmişdir. O, üzərində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmiş, həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu demişdir. Həmin bükümün içərisi açılıb baxıldıqda içərisində şəffaf rəngli, kristal formalı psixotrop maddə metamfetaminə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sonra polis əməkdaşları tərəfindən üzərində axtarış aparılmış, başqa psixotrop maddə, narkotik vasitə və ya hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Sonra onun polis əməkdaşına təqdim etdiyi psixotrop maddə metamfetamin polis əməkdaşı tərəfindən sellofan bükümdə elektron tərəzidə çəkilmiş və çəkisi 2,23 qram olmuşdur. Bundan sonra polis əməkdaşına təqdim etdiyi psixotrop maddə metamfetamin sellofan bükümdə ağ zərfə qablaşdırılmış, üzəri möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol polis əməkdaşları və onun tərəfindən imzalanmışdır. Onun üzərindən axtarış zamanı aşkar edilmiş ona məxsus psixotrop maddə metamfetaminin təmiz çəkisinin 2,068 qram olmasını bilmişdir. Üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamini 16 yanvar 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsində yerləşən “Lallar fabriki” adlı ərazidə tanımadığı şəxsdən 30 manata almışdır. O, həmin şəxsin kimliyini bilməmiş, o, həmin şəxsi üzdən tanımış, əvvəllər bir neçə dəfə həmin şəxsdən psixotrop maddə metamfetamin almışdır. O, həmin şəxslə “Lallar fabriki” adlı ərazidə gəzərkən qarşılaşmış, həmin zaman da yaxınlaşıb psixotrop maddə almışdır. Həmin şəxs təxminən 42 yaşlarında, orta boylu, qarayanız, normal saçlı, orta çəkili, saqqallsız şəxs olmuşdur. O, narkotik vasitələrin, psixotrop maddələrin alqı-satqısı ilə məşğul olmamış, yalnız psixotrop maddə metamfetamin istifadə etmişdir. Onun üzərində psixotrop maddə olmasından Şahid4 xəbəri olmamış, həmçinin, həmin psixotrop maddəni kimdən və nə zaman əldə etməyindən Şahid4 xəbəri olmamışdır. O, Şahid4 bir neçə ildir ki, tanımış, sonuncunun narkotik vasitə və ya psixotrop maddə istifadə edib-etməməsindən məlumatı olmamışdır. O, psixotrop maddə istifadə edərkən tək olmuş, yanında heç kim olmamışdır. Psixotrop maddə istifadə etməyindən ailə üzvlərinin xəbəri olmamışdır (cild 1, iş vərəqə 76-77). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 16 yanvar 2024-cü il tarixdə gecə radələrində tərəflərindən Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1 ərazisində saxlanılmışdır. Təqsirləndirilən şəxs yaxınlaşandan sonra özlərini təqdim edib, onu Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə dəvət etmişlər. Bölmənin xidməti otaqlarının birində vəkilin iştirakı ilə, vidoeçəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif olunmuş və nəticədə onun üzərindən bir ədəd içərisində psixotrop maddə dolu sellofan büküm aşkar olunmuşdur. Şahid2 cinayət prosesi tərəflərinin suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs gecə radələrində saxlamışlar, saatı dəqiq xatırlamır. Əməliyyat qrupu iki nəfərdən - o və Şahid1 ibarət olmuşdur. Təqsirləndirilən şəxs küçədə dayanmış, sonuncu saxlanılan zaman onlara hər hansı müqavimət göstərməmişdir. Saxlayan zaman Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə saxlanıldığı barədə məlumat vermişlər. Vəkili o, dəvət etməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs psixotrop maddə istifadəçisi olduğunu bildirmiş, əldə etdiyi psixotrop maddəni tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs qarşı tərəflərindən hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. O, videoçəkilişdə iştirak etmiş, çəkilişi kriminalist ekspert aparmışdır. Təqsirləndirilən şəxs saxladıqları yer bölmədən təxminən 1-2 kilometr uzaqda yerləşmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Rahim 16 yanvar 2024-cü il tarixdə səhər saatlarında evdən çıxaraq işə getmişdir. Sonuncu Binəqədidə DSK yolu tərəfdə usta işləmişdir. Lakin, həmin gün axşam saatlarında Rahim evə qayıtmamışdır. 17 yanvar 2024cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşlarından biri zəng edərək Rahimin polis əməkdaşları tərəfindən saxlanıldığını, Rahimin üzərindən saxlanılması qadağan edilmiş maddə aşkar olunduğu üçün tutulduğunu bildirmişdir. Rahim əvvəllər narkotik vasitədən istifadə etmiş, lakin nə qədər istifadə etdiyini bilməmişdir. Sonuncu narkotik vasitə ilə bağlı müalicə almışdır. Rahimin evdə narkotik vasitə və psixotrop maddə saxlamasını görməmişdir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləmiş və polis leytenantı rütbəsində olmuşdur. Sabirabad rayonu, Surra kəndində anadan olmuş, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yaşayan, xx xxxxxx 1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə etməsi və Binəqədi rayonu ərazisində üzərində gəzdirməsi barədə 16 yanvar 2024-cü il tarixdə polis bölməsinə qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, daxil olmuş əməliyyat məlumatını raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs cinayət başında yaxalanması və cinayət əməlini ifşa etmək məqsədi ilə barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilmişdir. Bundan sonra o, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmişdir. 43-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və ondan ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 16 yanvar 2024-cü il tarixdə saat 23:20 radələrində o, Şahid2lə birlikdə Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci mədən korpus 8-də küçədə olduğunu görmüşlər. Onlar Təqsirləndirilən şəxs saxlayıb psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirildiyini, bu barədə qərar qəbul etdiyini demiş və üzərinə şəxsi axtarış keçirilməsi üçün Təqsirləndirilən şəxs polis bölməsinə dəvət etmişdir. Təqsirləndirilən şəxs polis bölməsində üzərində şəxsi axtarış keçirilməsinə etirazının olmadığını demişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs polis bölməsinə aparıb X8yə təhvil vermişlər. O, Təqsirləndirilən şəxs polis bölməsinə aparmaları ilə bağlı raport yazmışdır. X8 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini, vəkil tutmaq hüququnu izah etmişdir. Bundan sonra Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 Mehtiyevə müdafiəçi təyin edilmiş və polis bölməsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs vəkil Nizami Şiriyevə etirazının olmadığını demişdir. Təqsirləndirilən şəxs ərizə yazaraq üzərinə şəxsi axtarışın müdafiəçisi Nizami Şiriyevin iştirakı olmadan keçirilməsini bildirmişdir. Vəkil Nizami Şiriyev heç bir etirazının olmadığını bildirib otağı tərk etmişdir. Bundan sonra X8 xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışdır. Şəxsi axtarışda o və polis əməkdaşı Şahid2 iştirak etmişlər. Polis əməkdaşı X5 isə “Panasonic” markalı video kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofan büküm çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs bir ədəd bükümdə olan maddənin “patı” olduğunu, maddəni Binəqədi rayonu ərazisində yerləşən “Lallar fabriki” adlanan ərazidə tanımadığı şəxsdən 30 manata öz istifadəsi üçün aldığını bildirmişdir. O, Təqsirləndirilən şəxs üzərini nəzarət qaydasında yoxlamış və üzərindən başqa maddə, əşya aşkar edilməmişdir. X8 Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümü açmış və içərisində ağ rəngli, kristallik formada, psixotrop maddə metamfetaminə bənzər maddənin olduğu müəyyən edilmişdir. X8 Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddəni bir ədəd kağız zərfdə qablaşdırmış, möhürləmiş və onlar zərfin üzərini imzalamışlar. X8 aşkar edilmiş maddəni zərfdə ekspertiza tədqiqatı üçün götürmüşdür. X8 Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin aparılmasına dair protokol tərtib etmiş, o və digər iştirakçılar həmin protokolu imzalamışlar. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə təmiz çəkisi 2,068 qram psixotrop maddə metamfetamini haradan əldə etdiyini bilməmişdir. Təqsirləndirilən şəxs həmin metamfetamini haradan əldə etməsi, eləcə də hər hansı bir şəxsdən alması barədə ona məlumat daxil olmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs metamfetamini Binəqədi rayonu ərazisində yerləşən “Lallar fabriki” adlanan ərazidə tanımadığı şəxsdən 30 manata öz istifadəsi üçün alıb əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olması barədə onun işlədiyi polis bölməsinə məlumat daxil olmamış, sonuncu 2,068 qram metamfetamini istifadə etmək üçün əldə edib üzərində saxlamışdır (cild 1, iş vərəqə 100-103). Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Neftçala rayonunda anadan olmuş və ailəsi ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İ Mədən, Korpus 8, nömrəsiz evdə yaşamışdır. 16 yanvar 2024-cü il tarixdə saat 23:20 radələrində o, tanışı Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İ Mədən, korpus 8 ünvanında küçədə piyada hərəkət edərkən bir neçə nəfər şəxs gəlib Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları olduğunu bildirmişlər. Polis əməkdaşları Rahimə psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu, bununla bağlı barəsində əməliyyat-axtarış tədbirinin keçirildiyini demiş və Rahimi polis bölməsinə dəvət etmişlər. Rahim polis əməkdaşları ilə birlikdə polis bölməsinə getməyə etiraz etməmişdir. Polis əməkdaşları izahat vermək üçün onu da 43-cü Polis Bölməsinə dəvət etmişlər. O, polis əməkdaşları və Rahimlə birlikdə 43-cü Polis Bölməsinə getmişdir. Polis bölməsində olarkən təhqiqatçı ona Rahimin üzərinə şəxsi axtarış keçirən zaman cibindən bir büküm psixotrop maddə aşkar edildiyini bildirmiş və bununla bağlı ondan izahat almışdır. O, izahat verdikdən sonra sərbəst buraxılmış və polis bölməsindən çıxaraq yaşadığı evə getmişdir. Təqsirləndirilən şəxs psixotrop maddələrin istifadəsi ilə məşğul olması, üzərində psixotrop maddə saxlaması barədə heç bir məlumatı olmamışdır (cild 1, iş vərəqə 97-99). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 17 yanvar 2024-cü il tarixli və “diskə baxış keçirilməsi haqqında” 19 yanvar 2024-cü il tarixli protokollardan görünür ki, həmin tarixdə saat 00:45 dəqiqədən saat 1:25 dəqiqəyədək olan müddət ərzində Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis şöbəsinin inzibati ərazisində xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış və götürmə aparılmış, həmin istintaq hərəkəti “Panasonic” markalı video kamera ilə video çəkilişlə qeydə alınmışdır. Şəxsi axtarış zamanı X8 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən psixotrop maddə, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünü masanın üzərinə qoymuşdur. Bundan başqa Təqsirləndirilən şəxs ciblərindən hər hansı bir qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs bükümdə “patı” olduğunu, 16 yanvar 2024-cü il tarixdə səhər radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi “Lallar fabrikinin” yaxınlığında tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş, çəkisinin 2,23 qram olduğu məlum olmuşdur. Həmin maddə bükümü ilə birlikdə zərfdə qablaşdırılmış və 243 nömrəli möhürlə möhürlənmiş, iştirakçılar zərfin üzərini imzalamışlar (cild 1, iş vərəqə 36-37 və 95-96). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 yanvar 2024-cü tarixli 3-16-16/2-6/289 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №243” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs-imza, üç imza, Tərtib etdi: F.Nəzərli-imza ...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 1 (bir) ədəd bükümdəki təmiz çəkisi - 2,068 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir (qeyd: metamfetaminin təmiz çəkisi 2,068 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 2,018 qram, cild 1, iş vərəqə 50-51). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 12 fevral 2024-cü il tarixli 874 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 127- 128). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüquqi Şəxsin 19 fevral 2024-cü il tarixli 438 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əvvəllər hər hansı psixi xəstəlik keçirməsi barədə məlumat yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs yalan danışmağa və özündən qondarma fikirlər söyləməyə patoloji meyl qeyd olunmur. Bununla yanaşı Təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədi ilə bilərəkdən yalan danışması və yaxud hadisələri təhrif etməsi mümkündür (cild 1, iş vərəqə 130-131). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 X14 30 yanvar 2024-cü il tarixli 112 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi ekspertizası zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir (cild 1, iş vərəqə 133-134). Cinayət işinin materiallarında olan əməliyyat tapşırığına verilmiş 30 mart 2024-cü il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs düzgün ifadə vermişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2,068 qram psixotrop maddə metamfetamin ona məxsus olmuşdur. Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamin istifadə etsə də, həmin maddələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini istifadə etmək üçün əldə etmiş, həmin metamfetamini satmaq məqsədi olmamışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini aldığını bildirdiyi şəxsin şəxsiyyətini, onun mobil telefon istifadə etdiyini müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqə 116). Cinayət işinin materiallarında olan 23 aprel 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi və ayrıca icraata cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 2,018 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılması zamanı qeydə alınmış videoçəkilişi özündə əks etdirən 1 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 144-153). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 125-126). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü İnci Mehtiyeva adlı bir azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 124). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 yanvar 2024-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 23-24). Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 16 yanvar 2024-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 84-86). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 16 yanvar 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 92 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanılma otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 2,018 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılması zamanı qeydə alınmış videoçəkilişi özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 16 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 92 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanılma otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 2,018 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılması zamanı qeydə alınmış videoçəkilişi özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar