Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1784/2021 16.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, müdafiəçi: Bakı Şəhər 14 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, ev 21 a, mənzil 55-də qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, H.Məmmədov küçəsi, fərdi evdə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan avtomobil idarə etməklə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 17 iyun 2021-c il tarixdə, saat 02:20 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmaqla ona verilmiş AD 200523 nömrəli «B» kateqoriyalı sürücülük vəsiqəsi 1(bir) il müddətinə məhdudlaşdırılmasına baxmayaraq, yəni hazırda sürücülük hüququ olmadan, idarə etdiyi özünə məxsus texniki cəhətdən saz olan «Volkswagen Passat CC» markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan-Şüvəlan yolu ilə Mərdəkan qəsəbəsi istiqamətində S.Yesenin küçəsində yerləşən «Xalça» restoranının yaxınlığında hərəkətdə olarkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğun olaraq yaşayış məntəqələrinin daxilində avtomobili saatda 60 km sürətlə idarə etməli olduğu halda, həmin qanunvericiliyin tələblərini pozaraq saatda 90-100 km sürətlə idarə edərək, habelə həmin qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və həmin qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-cci bəndinin tələblərinə riayət etməklə 1.3 üfuqi nişanlanma (qoşa bütöv xətti) kəsib keçməmək üçün mümkün olan tədbirləri görüb hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməmiş, mövcud şəraitdə ehtiyatsızlıqdan əvvəlcə qarşı hərəkət zolağına çıxaraq, həmin yolla hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs2 idarə etdiyi «Renault Megane» markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsi ilə idarə etdiyi avtomobilin ön hissəsi toqquşmuş, daha sonra avtomobil hərəkətini davam etdirərək sağında olan sürücü Zərərçəkmiş şəxs1 məxsus «Opel Astra» markalı **- VX-*** dövlət nömrə nişanlı avtomobilin sağ yan hissəsi ilə idarə etdiyi avtomobilin ön hissəsi toqquşmuş, nəticədə həmin avtomobildə olan sürücü Zərərçəkmiş şəxs1 ehtiyatsızlıqdan ölümünə səbəb olan həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərər vuran bədən xəsarətləri almasına, Zərərçəkmiş şəxs1 əmlakı olan «Opel Astra» markalı **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 14000 manat məbləğində və Zərərçəkmiş şəxs2 əmlakı olan «Renault Megane» markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5000 manat məbləğində maddi ziyan vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2020-ci ilin noyabr ayndan etibarən onun sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılmışdır. 17 iyun 2021-ci il tarixdə, saat 02:20 radələrində, özünə məxsus idarə etdiyi texniki cəhətdən saz olan «Volkswagen Passat» markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Mərdəkan qəsəbəsi ilə üzü Şüvəlan qəsəbəsi istiqamətində hərəkət edərkən tələsdiyindən və yol boş olduğundan avtomobili saatda 90-100 km sürətlə idarə edərkən Mərdəkan qəsəbəsindəki «Xalça» restoranının yaxınlığında avtomobilin qarşısından it qaçdığı üçün dərhal əyləci basaraq avtomobilin idarə etməsini itirmişdir. Avtomobil qarşı yola çıxaraq, əvvəlcə avtomobilinin qabaq hissəsi qarşıdan öz yolu ilə düzünə hərəkət edən «Renault Megane» markalı, ** LO *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsinə dəymiş, daha sonra isə avtomobili qarşıya hərəkət edərək ön hissəsi ilə yolun sağında olan «Opel» markalı, ** VX *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsinə çırpılmışdır. Hətta zərbənin gücündən idarə etdiyi avtomobil fırlanaraq üzü şəhər istiqamətində dayanmışdır. O zərbənin təsirindən huşunu itirmiş və ayıldıqda 3 saylı Bakı şəhər xəstəxanasında olduğunu görmüşdür. Sonradan ona məlum olmuşdur ki, hadisə nəticəsində «Opel» markalı, ** VX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisə yerində ölmüşüdür. Hadisə vaxtı avtomobildə tək olmuş, avtomobilin nə salonunda, nə də yük yerində yük olmamışdır. Hadisədən öncə spirtli içki qəbul etməmişdir. İttiham olunduqları cinayət əməllinin təqsirləndirilən şəxslər tərəfindən törədilməsi aşağıda şərh olunanlarla tam sübuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş hüquqi varis X3 ifadəsində bildirdi ki, mərhum Zərərçəkmiş şəxs1 onun oğludur. 17 iyun 2021-ci il tarixdə, saat 02:20 radələrində mərhum oğlu Mehti idarə etdiyi «Opel Astra» markalı, ** VX *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan-Şüvəlan yolu ilə Mərdəkan qəsəbəsi ərazisində hərəkətdə olarkən Təqsirləndirilən şəxs idarə etdiyi «Volksvagen Passat» minik markalı, ** HD *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və həmin hadisə nəticəsində oğlu hadisə yerində ölmüşdür. Hadisəni törətmiş sürücü oğlu Mehtini əvvəldən tanımamış və həmin sürücü ilə onların ailəsi, eləcə də mərhum oğlunun arasında hər hansı ədavətli və ya digər münasibət olmamışdır. Sürücü Teymurun qohumları yas mərasimində iştirak edərək onlara mənəvi dəstək olmuşlar. Qəza nəticəsində oğluna məxsus «Opel Astra» minik markalı, ** VX *** dövlət qeydiyyat nişanlı avtomobil təmamilə əzildiyindən bununla bağlı onlara 14000 manat məbləğində maddi ziyan dəymişdir ki, həmin ziyan da tam şəkildə ödənilmişdir, hazırda təqsirləndirilən şəxslə barışmışdır, onu bağışlayır. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, idarə etdiyi «Renault Megane» markalı, ** LO *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi kimi fəaliyyət göstərir. 17 iyun 2021-ci il tarixdə, saat 02:20 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsindən üzü şəhər istiqamətində idarə etdiyi «Renault Megane» markalı, ** LO *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən dəniz yoluna çatmamış görmüşdür ki, üzü şəhər istiqamətindən Təqsirləndirilən şəxs idarə etdiyi «Passat» markalı avtomobil gəlir və həmin maşın artıq öz yolundan çıxıb qarşı hərəkət yoluna girib, o da toqquşma baş verməməsi üçün idarə etdiyi avtomaşını sağ tərəfə çəkmişdir ki, «Passat» markalı avtomobil təhlükəsiz keçə bilsin, lakin həmin avtomobil onun yolunda idarə etdiyi avtomobilin arxa sol tərəf hissəsi ilə toqquşmuş və zərbənin təsirindən onun avtomobili yolda fırlanaraq səkiyə dəyib dayanmışdır. Hadisədən sonra avtomobilindən düşüb görmüşdür ki, «Passat» markalı avtomobil onun avtomobilini vurduqdan sonra qarşıya doğru hərəkət edərək daha sonra «Opel» markalı bir avtomobili də vurmuş və həmin avtomobilin sürücüsü ölmüşdür. Hadisə nəticəsində avtomobilinin əzilməsi ilə bağlı ona ümumilikdə 5000 manat məbləğində maddi ziyan dəymişdir ki, həmin ziyan da sürücü Teymur tərəfindən ona tam şəkildə ödənmişdir. Odur ki, həmin hadisə ilə bağlı Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Xahiş edir ki, bunları nəzərə alıb Teymura köməklik göstərilsin. Cinayət işinin 90-92-ci vərəqlərində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət Yol Polisi İdarəsinin 27 sentyabr 2021-ci il tarixli, 016-113218-1221 saylı məktubundan görünür ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs 27.04.2015-ci il tarixdə (27.04.2025-ci il tarixədək etibarlı olan) AD 200523 nömrəli «B» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, lakin onun nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətinə (05.11.2020-ci il tarixdən 05.11.2021cci il tarixədək) məhdudlaşdırılmışdır. Cinayət işinin 50-55-ci vərəqlərində olan məhkəmə-tibbi ekspertizasının 17 iyun 2021-ci il tarixli, 80 saylı rəyindən görünür ki, 1996-cı il təvəllüdlü mərhum Zərərçəkmiş şəxs1 meyitində aşkar edilmiş xəsarətlər – gicgah nahiyyəsinin, döş qəfəsinin sağ yan səthinin yuxarı üçdə birinin hematoması; alın nahiyyəsinin əzilmiş yaraları; alın nahiyyəsinin, çiyin nahiyyəsinin, sağ bazunun yuxarı üçdə birinin arxa səthinin, sağ bazunun orta üçdə birinin bayır səthinin, döş qəfəsinin sağ yan səthinin yuxarı üçdə birinin sıyrıqları; başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qışasınıa geniş qansızmalar; ağır travmatik şokla müşayiət olunan ll-lll boyun fəqərələrinin qapalı sınıqları küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri göstərilən vaxtda, yəni 17.06.2021-ci il tarixdə hərəkətdə olan avtomaşının salonunun qabarıq hissələrinə dəyməsi nəticəsində əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb yol-nəqliyyat hadisəsi zamanı almış olduğu yuxarıda göstərilən travma kompleksi nəticəsində ağır travmatik şokla və ll-lll boyun fəqərələrinin sınığı ilə müşayiət olunan baş beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum Zərərçəkmiş şəxs1 meyitinin meyitxanada müayinəsindən 4- 6 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs1 oğlunun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr və güclü təsiredicilər aşkar edilməmişdir (məhkəmə-kimyəvi müayinə aktı № 1724/K, 23.06.2021). Cinayət işinin 61-65-ci vərəqlərində olan məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 08 sentyabr 2021-ci il tarixli, 8/1878 saylı rəyindən görünür ki, «Volkswagen Passat CC» markalı, 90HD002 dövlət qeydiyyat nişanlı avtomobilin sürüccüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-cci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs «Volkswagen Passat» markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşayış məntəqəsində 60 km/saatdan artıq, yəni 90-100 km/saat sürətlə hərəkət etdirməsi şəraitində onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunuzluq olmuşdur. Məhkəmə, CPM-nin 139-cu maddəsinə əsasən, cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliyinə dair yuxarıda geniş şəkildə təhlil edib bir-biri ilə müqayisə edərək mənbəyinin mötəbərliliyini müəyyənləşdirdiyi sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar üzrə tam, hərtərəfli və obyektiv yoxlama apararaq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli cinayət işinin hökmün təsviri-əsaslandırıcı hissəsində sadalanan halları ilə ilə tam sübuta yetirilir, o, CMnin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Cinayət işinin 124-126-cı vərəqlərində olan qərar və iltizamdan görünür ki, 29.09.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 39-cu vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyə təqdim edilən notariat qaydasında təsdiq edilmiş 27.10.2011-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş, zərərçəkmiş şəxsin hüquqi varisi Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir iddia və maddi tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir, Təqsirləndirilən şəxsla barışmışdır, ondan şikayət və tələbi yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq aradan qaldırmasını, əvvəllər məhkum olunmamasını, əməlindən peşman olmasını CM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal yoxdur. CM-nin 60-cı maddəsinə əsasən CM-nin 59.1.8 və 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmumş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və həcmi Cinayət Məcəlləsinin Xüsusi Hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, CM-nin 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimaitəhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında“ olan 12.01.1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənləri nəzərə almaqla məhkəmə cəza məsələsini müzakirə edərək, habelə barəsində olan cəzanı yüngülləşdirici halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.1-ci maddəsinə müvafiq olaraq cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkməsinin əvvəli həmin müəssisədə qeydə alındığı gündən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında əsas cəza ilə yanaşı əlavə cəza kimi müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmə məcburi hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmə cəzası əlavə cəza kimi təyin edilməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4 maddəsində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia, maddi sübut və üzərinə həbs qoyulmuş əmlak yoxdur, məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Cinayət işində olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaqda təyinatla Bakı şəhəri 8 Vəkil Bürosunda fəaliyyət göstərən X2 müdafiə etdiyindən onun üçün ödənilməli olan haqq 120(bir yüz iyirmi) manat təşkil edir. Məhkəmə iclaslarında Təqsirləndirilən şəxs hüquqlarını təyinatla Bakı şəhər 14 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Məhkəməyə təqdim olunmuş arayış hesabatlardan görünür ki, müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar işlə tanış olmaq və məhkəmə iclaslarında cəmi 20 saat iştirak etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislər və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər: X2 üçün 120 (bir yüz iyirmi) manat pul Bakı şəhəri 8 saylı Vəkil Bürosunun, Müdafiəçi üçün 120 (bir yüz iyirmi) manat pul Bakı şəhər 14 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli həmin müəssisədə qeydə alındığı gündən hesablansın, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Göstərdikləri hüquqi yardıma görə dövlət büdcəsi hesabına X5 oğlu üçün 120 (bir yüz iyirmi) manat Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına, Müdafiəçi üçün 120 (bir yüz iyirmi) manat Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Əli Məmmədov Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1784/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1784/2021
16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver