Məhkəmə qərarları › İş №1(101)-1786/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1786/2021

17.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1786/2021 17.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6 və müdafiəçi - Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1966-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib, saxlamaqla daşımışdır. Belə ki, o, 2021-ci ilin aprel ayında qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan “Adil” adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə müəyyən edilməsi mümkün olmayan mənbədən və məlum olmayan vaxtda əldə etdiyi iki ədəd göy rəngli polietilen sellofan torbada olmaqla ümumilikdə təmiz çəkisi 25.002,588 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda qurudulmuş marixuananı 2021-ci ilin aprel ayının ortalarında ünvan 2 ünvanda yerləşən “Ağçiçəyim" restoranının qarşısında ondan təhvil alıb özü ilə ünvan 3 ünvanında yerləşən yarımtikiliyə daşıyaraq orada gizlətməklə saxlamış, bundan sonra təkrarən 21 aprel 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” adlanan ərazidən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq bir bükümdə təmiz çəkisi 0,360 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etdikdən sonra digər narkotik vasitə olan marixuananı gizlətdiyi yerə gəlib orada olan marixuanadan təmiz çəkisi 2,588 qramını ayırıb götürməklə üzərində saxlayaraq daşımış, həmin gün saat 16:45 dəqiqədə ünvan 4 ünvanın qarşısında Yasamal RPİ-nin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq polis idarəsinin inzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli qolsuz gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,360 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin və bir ədəd kibrit qutusunda, təmiz çəkisi 2,588 qram təşkil edən bitki mənşəli kütlələr - tərkibində narkotik maddə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüş, daha sonra keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə saat 20 raələrində ünvan 3 ünvanında yerləşən yarımtikiliyə baxış keçirilərkən həmin yerdə gizlətdiyi iki ədəd göy rəngli polietilen sellofan torbada, ayrı-ayrılıqda təmiz çəkiləri 12.300,0 qram və 12.700,0 qram olmaqla cəmi təmiz çəkisi 25.000,0 qram təşkil edən bitki mənşəli kütlələr - tərkibində narkotik maddə hesab edilən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitənin istifadəçisidir, 21 aprel 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan əraziyə gəldim və üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsə yaxınlaşaraq 10 manat pul müqabilində ondan şəxsi istifadəm üçün heroini alıb əynində olan göy rəngli gödəkçənin sağ yan cibinə qoymuş, bundan sonra Bakı şəhəri, Yasamal rayonuna geri qayıtmış, həmin gün təxminən saat 16:45 radələrində Yasamal Rayonu Qızıl şərq küçəsində olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onun narkotik vasitələrin əldə olunması və istifadəsində şübhəli olduğunu bildirərək onu Yasamal RPİ-nə dəvət etmişlər. Polis İdarəsində xidməti otaqların birində, dəvət olunmuş müdafiəçinin iştirakı ilə ona üzərində olan qanunsuz əşya və predmetləri təqdim etmək təklif olunmuş, bu zaman o, əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş 10 manata aldığı heroini çıxardıb təqdim etmiş, bundan sonra polis əməkdaşı tərəfindən üzərinə şəxsi axtarış və götürmə aparılmış, onun üzərində başqa narkotik vasitə olmamış, ittihamda göstərilən 25 kiloqram narkotik vasitə qurudulmuş marixuana ona məxsus omlamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmə zamanı elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, narkotik vasitə aludəçisidir. Narkotik vasitə olan marixuannanı tutulmamışdan bir neçə gün əvvəl Bakı şəhəri, Yasamal rayon Ağçiçəyim adlanan ərazidə Adil adlı “Qoyun” ləqəbli şəxs ona saxlamaq üçün vermişdir. O, 2 ədəd göy torbada olan marixuannanı ünvan 3 ünvanda gizlətmişdir. Ara-sıra həmin narkotik vasitədən şəxsi istifadəsi üçün götürüb istifadə etmişdir. Sonuncu dəfə 21 aprel 2021-ci il tarixdə səhər saatlarında həmin narkotik vasitə marixuanadan bir az götürmüş və yerdən tapdığı kirbit qutusunun içərisinə qoyaraq əynində olan göy rəngli gödəkçənin sağ yan cibinə qoymuşdur. Həmin vaxt oradan çıxıb, Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan əraziyə gəlmiş və üzdən tanıdığı lakin adını bilmədiyi şəxsə yaxınlaşaraq 10 manat pul müqabilində ondan şəxsi istifadəsi üçün heroini alıb əynində olan göy rəngli gödəkçənin sağ yan cibinə qoymuşdur. Bundan sonra yenidən Bakı şəhəri Yasamal rayonuna geri qayıtmışdır. Həmin gün təxminən saat 16:45 radələrində Yasamal Rayonu Qızıl şərq küçəsində olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onun, narkotik vasitələrin əldə olunması və istifadəsində şübhəli olduğunu bildirərək onu Yasamal RPİ-nə dəvət etmişlər. Polis İdarəsində xidməti otaqların birində, dəvət olunmuş müdafiəçinin və iştirakçıların iştirakı ilə ona üzərində olan qanunsuz əşya və predmetləri təqdim etmək təklif olunmuşdur. Bu zaman o, əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd kibrit qutusunda qurudulmuş marixuana və bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş 10 manata aldığı heroini çıxardıb təqdim etmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Sorğu zamanı başqa yerdə narkotik vasitə olub olmadığı soruşulduqda o, “Adil” adlı tanışının ona bir neçə müddət əvvəl Bakı şəhəri Yasamal rayonu Ağ Çiçəyim şadlıq sarayının yaxınlığında iki ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş və saxlamasını xahiş etmişdir. O, tanışının xahişini yerə salmamış və 29-cu PŞ-nin yaxınlığında yarımtikili kimi bildiyi və heç kimin gəlib-getməməsinə əmin olduğu yerdə həmin sellofan torbaları saxlamışdır. Arabir həmin sellofan torbadan öz istifadəsi üçün bir kibrit qutusunda marixuana götürüb istifadə etmişdir. Bundan sonra onun, polis işçilərinin və müdafiəçinin iştirakı ilə həmin ünvana baxış keçirilmiş. Həmin yarıtikilinin giriş hissəsində, sol tərəfdə divarın yan tərəfində, gizlətdiyi 2 ədəd göy torbanı polis işçilərinə təqdim etmişdir. Daha sonra mənzildən aşkar olunmuş narkotik vasitə ekspertizaya təqdim etmək üçün qablaşdırılmışdır. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, 21 aprel 2021-ci il tarixdə Yasamal RPİ-nin X2 əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində və üzərində narkotik vasitə gəzdirdiyi barədə əməliyyat məlkumatı daxil olmuşdur. Alınmış məlumat barədə raportla Yasamal RPİ-nin rəhbərliyinə məruzə etdikdən sonra Təqsirləndirilən şəxs saxlanılması istiqamətində Bakı şəhəri, Yasamal rayonu, Qızılşərq küçəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. 21 aprel 2021-ci il tarixdə saat təxminən 16:45 radələrində Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılmışdır və narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Yasamal RPİ-nə getməli olduğu bildirilmişdir. Telman, etiraz etmədən onlarla birlikdə Yasamal RPİ-nə gəlmişdir. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkillərinin siyahısı ona təqdim edilmişdir, o, təqdim edilən siyahıdan istənilən vəkilin onun hüquqlarının müdafiə edilməsinə etiraz etməmişdir. Bu səbəbdən, qərar əsasında Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X7 dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmişdir. Yasamal RPİ-nin təhiqiqat şöbəsinin baş təhqiqatçısı polis baş leytenantı X9 RPİ-nin 27-ci PB-nin CA üzrə kiçik inspektoru polis baş serjantı Şahid2, onun, müdafiəçi X3, şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə sonuncuya üzərində qanunla daşınması, gəzdirilməsi və saxlanılması qadağan olan əşya və ya predmetləri təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli qolsuz gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd gümüşü kağıza bükülmüş və üzərində “Setareh Momtaz” yazısı olan 1 (bir) ədəd qırmızı rəngli kibrit qutusunu təqdim etmiş və bildirmişdir ki, həmin narkotik vasitəni öz istifadəsi üçün 21 aprel 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi şəxsdən 10 manat ödəyib almış və həmin vaxtdan etibarən üzərində gəzdirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm və kibrit qutusu açıldıqda, 1 ədəd gümüşü rəngli kağız bükümün içərisində tünd qəhvəyi rəngli spesifik iyə malik kütlə və 1 ədəd kibrit qutusun içərisində spesifik iyə malik bitkinin olduğu müəyyən edilmişdir. İş üçün əhəmiyyət kəsb etdiyindən həmin büküm və kibrit qutusu olduğu kimi bağlanılmış və iştirakçıların gözü qarşısında zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərindən maraq kəsb edən başqa əşya, maddə və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs ünvan 7 ünvanda yarı tikilidə bir müddət əvvəl Ağ çiçəyimin qarşısında Adil adlı “Qoyun” ləqəbli tanışının saxlaması üçün 2 ədəd göy torbada narkotik vasitə olan marixuannanı ona verdiyibi və həmin narkotik vasitələri gizlətdiyini bildirmişdir. Bundan sonra 21 aprel 2021-ci il tarixdə saat 20:35 radələrində Yasamal RPİ-nin təhiqiqat şöbəsinin baş təhqiqatçısı polis baş leytenantı Elnur Hacıyev tərəfindən onun, Yasamal RPİ-nin 27-ci PB-nin CA üzrə kiçik inspektoru polis baş serjantı Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi X3 iştirakı ilə ünvan 3 ünvanda yarı tikiliyə baxış keçirilən zaman giriş hissədə, sol tərəfdə, 2 ədəd göy rəngli polietilen sellofanda olan narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Həmin ünvanda başqa əməliyyat marağı kəsb edən əşya, maddə və ya predmet aşkar olunmadı. Bu barədə protokol tərtib edilərək uca səslə iştirakçılara oxunmuş və heç bir şikayət və vəsatət daxil olmadığına görə protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş dindirilmiş Şahid2 işin faktiki hallarına və Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan 21 aprel 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Yasamal RPİ-də üzərinə keçirilən baxış zamanı əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən narkotik vasitə heroin və kibrit qutusunda qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür (1-ci cild iş vərəqi 24-27). İşdə olan 21 aprel 2021-cı il tarixdə şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məlumatı əsasında ünvan 8 ünvana olan yarımtikiliyə keçirilən baxış zamanı iki ədəd göy rəngli sellofan içərisində olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür (1-ci cild iş vərəqi 30-32). İşdə olan 22 aprel 2021-cı il tarixli məhkəmə-bioloji ekspertiza üzrə ekspert rəyindən görünür ki, yazılar və imzalar olan zərfdə bir ədəd qırmızı rəngli kibrit qutusunda təmiz çəkisi 2,588 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (1-ci cild iş vərəqi 109- 112). İşdə olan məhkəmə-bioloji ekspertiza üzrə 22 aprel 2021-cı il tarixli 7/382 nömrəli ekspert rəyindən görünür ki: - tədqiqata təqdim olunmuş üzərində yazılar və imzalar olan üzəri skotçla bağlanmış 1 nömrəli göy rəngli polietilen torbada təmiz çəkisi - 12.300,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır; - tədqiqata təqdim olunmuş üzərində yazılar və imzalar olan üzəri skoçla bağlanmış 2 nömrəli göy rəngli polietilen torbada təmiz çəkisi - 12.700,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır; - təqdim olunmuş 2 ədəd göy rəngli polietilen torbalardakı marixuanaların ümumi çəkisi-25,000,0 qramdır; - təqdim olunmuş 2 ədəd gör rəngli polietilen torbalardakı marixanaların Təqsirləndirilən şəxs üzərindən bir ədəd kibrit qutusundakı marixuana tərkiblərinə görə eynidirlər (1-ci cild iş vərəqi 45-48). İşdə olan 22 aprel 2021-cı il tarixli məhkəmə-kimyəvi ekspertiza üzrə 22 aprel 2021cı il tarixli 6/1574 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Ələkbərov T» yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,360 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (1-ci cild iş vərəqi 50-53). İşdə olan 27 may 2021-ci il tarixli məhkəmə-psixiatrik ekspertiza üzrə 28 iyul 2021-cı il tarixli 1620 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur, Təqsirləndirilən şəxs qeyd edilən əməli törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur; buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır; Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli mücburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (1-ci cild iş vərəqi 182-184). İşdə olan məhkəmə-narkoloji ekspertiza üzrə 9 avqust 2021-ci il tarixli 2774 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur; narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır; ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild vərəqi 185-186). İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Yasamal rayon məhkəməsinin 21 dekabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilirnərək barəsində 1 il 10 ay azadlıqdan məhrum etmə cəzası tətbiq edilmiş, 23 iyun 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (1-ci cild iş vərəqi 128-131). Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Cinayətlərin təsnifatına görə Təqsirləndirilən şəxs məhkumluğu üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilmiş şəxs hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs hazırda ittiham olunduğu cinayət əməlini 21 aprel 2021ci il tarixdə, yəni sonuncu məhkumluğu üzrə cəzasının çəkib qurtardıqdan 2 il 9 ay 28 gün sonra törətmişdir. İşdə olan şübhəli şəxsin tutulması haqqında 21 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 aprel 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur (1-ci cild iş vərəqi 15-17). İşdə olan 23 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Yasamal Rayon Məhkəməsi tərəfindən 23 aprel 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu 21 aprel 2021-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 84-85). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr)» əsasən, heroin narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, qurudulmuş marixuana narkotik vasitəsinin külli miqdarının aşağı həddi 500 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə əldə etdiyi, saxladığı və daşıdığı narkotik vasitə həroinin çəkisi 0,360 qram olduğundan şəxsi istehlak miqdarından artıq miqdar, Təqsirləndirilən şəxs məlumatı əsasında ünvan 9 ünvana olan yarımtikiliyə keçirilən baxış zamanı aşkar olunaraq götürülmüş iki ədəd göy rəngli sellofan içərisində olan qurudulmuş marixuananın çəkisi 25.000,0 qram, Təqsirləndirilən şəxs Yasamal RPİdə üzərinə keçirilən baxış zamanı əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən aşkar olunaraq götürülmüş kibrit qutusunda narkotik vasitə olan 2,588 qram, ümumilikdə 25.002,588 qram olduğundan külli miqdar təşkil edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə cinayət törətməsi şahid ifadələri, ekspert rəyi, axtarış və götürmə protokolları və həmçinin digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alır. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla pereventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi, onun qanuna tabe olan insana çevrilməsini, yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə kollegiyası Avropa Məhkəməsinin hüquqi mövqeyini və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 21 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza çəkməsinin başlanğıcının tutulduğu 21 aprel 2021-ci il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Məhkəmə-narkoloji ekspertizası üzrə 9 avqust 2021-ci il tarixli 2774 nömrəli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. İş üzrə maddi sübutlar - Yasamal RPİ-nin növbətçi hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunmuş ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2,548 qram və 24.999,8 qram, ümümilikdə 25.002,348 qram narkotik vasitə qurudulmuş marixuana və 1 (bir) ədəd bükümdə 0,22 qram narkotik vasitə heroin məhv edilməli, iki ədəd DVD formatlı disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə ekspertizaları üzrə tədqiqatın dəyəri - 246 manat 92 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 21 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Yasamal RPİ-nin növbətçi hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunmuş ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2,548 qram və 24.999,8 qram, ümümilikdə 25.002,348 qram narkotik vasitə qurudulmuş marixuana və 1 (bir) ədəd bükümdə 0,22 qram narkotik vasitə heroin məhv edilməli, iki ədəd DVD formatlı disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertizaları üzrə tədqiqatın dəyəri - 246 manat 92 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar