Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1787/2022 18.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X12 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 3 oktyabr 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, giriş 3, məhəllə 2942 A, ev 15, mənzil 46-da qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, H.Ağayev küçəsi, ev 15, mənzil 83-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək üzərində daşımış və saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 1 ədəd bükümdə ümumi təmiz çəkisi 2,120 qram olan narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamış, 24 may 2022-ci il tarixdə saat 14:30 radələrində Bakı şəhəri Sabunçu RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən şübhəli bilinərək ünvan 1 ünvanında saxlanılaraq Sabunçu RPİ-nin 13-cü PB-nin inzibati binasına aparılmış, orada xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş ümumi təmiz çəkisi 2,120 qram qəhvəyi rəngli tozşəkilli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və həmin cibindən 1 ədəd 11*6 sm ölçüdə, gümüşü-qara rəngli səthində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 24 aprel 2022-ci il tarixdə saat 14:30 radələrində yaşadığı Bakıxanov qəsəbəsi, Həsənbəy Ağayev küçəsi 15 saylı binanın qarşısında olarkən 2 nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Bu zaman polis əməkdaşlarından yayınaraq qaçmaq istəyərkən polis əməkdaşları onu saxlayıb polis bölməsinə gətirmişlər. Polis bölməsində üzərinə baxış keçirilərkən ona üzərində olan əşyaları təqdim etməyi təklif olunmuşdur. O da qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd elektron tərəzini, 1 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli spesifik qoxuya malik maddəni, sağ arxa cibindən ağ rəngli “Samsung” markalı mobil telefonu və sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini çıxarıb təqdim etmişdir. Ondan aşkar olunmuş maddənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni tutulmazdan 3 gün əvvəl Yasamal rayonu ərazisində üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən 25 manata alıb şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Elektron tərəzini isə narkotik alarkən çəkisində aldanmamaq üçün cibinə qoyduğunu demişdir. Üzərindən yalnız 1,3 qram narkotik vasitə heroin aşkar olunmasına baxmayaraq həmin narkotik vasitənin miqdarı polis əməkdaşları tərəfindən sonradan artırılmaqla ona daha ağır ittiham irəli sürülmüşdür. Üzərindən aşkar edilmiş büküm və elektron tərəzi qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və baxışda iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Narkotik vasitə heroini satmaq və ya kiməsə pay vermək niyyəti olmamışdır. Hər dəfə öz istifadəsi üçün narkotik vasitə əldə etmiş və özü istifadə etmişdir. Narkotik vasitəni tanımadığı müxtəlif şəxslərdən almışdır. Şəxsi axtarış videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, 24 may 2022-ci il tarixdə saat 14:30 radələrində yaşadığı Bakıxanov qəsəbəsi, Həsənbəy Ağayev küçəsi 15 saylı binanın qarşısında olarkən 2 nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Bu zaman o, polis əməkdaşlarından yayınaraq qaçmaq istəyərkən polis əməkdaşları onu saxlayıb polis bölməsinə gətirmişlər. Polis bölməsində üzərinə baxış keçirilərkən ona üzərində olan əşyaları təqdim etməyini bildirdikdə o, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd elektron tərəzini, 1 ədəd şəfaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli spesefik qoxuya malik maddəni, sağ arxa cibindən ağ rəngli “Samsung” markalı mobil telefonu və sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini çıxarıb təqdim etmişdir. Ondan aşkar olunmuş maddənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni 3 gün bundan əvvəl Yasamal rayonu ərazisnindən üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən 25 manata alıb şəxsi istifadəsi üçün üzərində, elektron tərəzini isə narkotik alarkən çəkisində aldanmamaq üçün üzərində gəzdirmişdir. Üzərindən aşkar edilmiş büküm və elektron tərəzi qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Narkotik vasitələrin satışı ilə məşğul olmamış, narkotik vasitəni alan şəxsi tanımamışdır (cild 1, iş vərəqə 42-43 və 53- 55). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini qismən etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı qismən etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Sabunçu RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. 24 may 2022ci il tarixdə saat 14:30 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, H.Ağayev küçəsi 15 ünvanında həmin şöbənin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2lə xidmət aparan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşmış və özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib həmin şəxsin anket məlumatlarını soruşmuşlar. Həmin şəxs 3.10.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, H.Ağayev küçəsi, ev 15 mənzil 83-də yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin şəxs yayınmaq istədiyindən hərəkətləri onlarda şübhə doğurduğu və narkotik maddələrin qəbulunda şübhələndiklərindən həmin şəxsi polis şöbəsinə dəvət etmişlər. Həmin şəxs də etiraz etmədən onlarla birlikdə Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə gəlmişdir. Bölmədə üzərinə baxış keçiriləcək şəxsin şəxsiyyəti müəyyən edildikdə həmin şəxsin 3.10.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, H.Ağayev küçəsi, ev 15 mənzil 83-də yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Bundan sonra ilk öncə Təqsirləndirilən şəxs bölmədə xidməti iş otaqlarının birinə dəvət edilmişdir. Həmin otaqda X6 müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərinə videoçəkilişdən istifadə edilməklə baxış keçrilmişdir. Baxış zamanı X4 üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edildikdə o, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd elektron tərəzi və 1 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Həmin büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli, tozşəkilli spesifik iyə malik maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olduğu soruşulduqda o həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni tutulmazdan 3 gün əvvəl Yasamal rayonu ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 25 manat aldığını, üzərindən çıxan elektron tərəzini isə narkotik vasitəni alan zaman çəkidə aldanmamaq üçün gəzdirdiyini bildirmişdir. Sonra onun üzərinə baxış keçirilmiş və baxış zamanı üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra baxış iştirakçılarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlər qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatlar olsa da, mənbəni və narkotik vasitə satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Şəxsi axtarış videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 may 2022-ci il tarixli 6/2942 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N 160” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmş 1 büküm və 1 ədəd elektron tərəzi” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 2,120 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd 11*6 sm ölçüdə, gümüşü-qara rəngli elektron tərəzinin səthində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün olmamışdır. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı-l) daxildir (Qeyd: heroinin ümumi təmiz çəkisi 2,120 qram, cəmi tədqiqata sərf edildi 0,05 qram, qalıq 2,070 qram, cild 1, iş vərəqə 33-35). Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd elektron tərəzini və 1 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb narkotik vasitə olan heroin olduğunu bildirmiş və bükümü təhqiqat orqanlarına təhvil vermişdir. Həmin narkotik vasitə heroini o, 3 gün əvvəl Yasamal rayonu ərazisində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 25 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə qablaşdırılaraq möhürlənmişdir. Şəxsi axtarışın videogörüntüsünü əks etdirən 1 ədəd “DVD” disk iş üzrə maddi sübut kimi tanınmışdır (cild 1, iş vərəqə 58). Cinayət işinin materiallarında olan “məlumat daşıyıcısı hesab edilən mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar edilərk götürülmüş **********10634 imei kodlu ağ rəngli “X11 4” markalı üzərində ***-***-**-** olan mobil telefona baxış keçirilmiş və narkotik vasitələrin satışı ilə məşğul olması barədə fotoşəkillər aşkar edilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 91-94). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 4475 saylı 13 avqust 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 118-119). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan “DVD-R disk üzrə sənəd məlumatlarına baxış keçirilməsi barədə” protokoldan görünür ki, “SMS_Tarixçəsi **********3713 775002028” adlı fayla daxil olduqda Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəsindən çıxan sms mesajların siyahısı və mətnləri göstərilmişdir. Belə ki, həmin faylda xx.xx.2022-ci il tarixdə “EMİ MUDUR YANİMDAYDİ DANİŞA BİLMİRDİM. EMİ MEN HAMSİNİVERMİSEM ADAM VAR ONA SATMAĞA 35M. AXSAM TEREZİNİDE GOTURUB GELERSEN.25M YOX 30M VERECEM EMİ.”, xx.xx.2022-ci il tarixdə “SAWKA TEMA İSTESEN XEBER ELEDE YAXSl.AMA HECKİM BİLMESİNDE.VATSAPA YAZMA TEL ZALOKDADİ.SEHER 8 YARSİ İSE GEDİREM BİRDE AXSAM 9 OLURAM EVDE.LAZİM OLSA ZENG ELE” yazıları əks edilmişdir.“SMS_Tarixçəsi**********3717 775002028” adlı fayla daxil olduqda ***-***-**-** saylı mobil nömrəsinə daxil olan mesajlar göstərilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə Deyiremde 20 deqe keçdi sen hele gelib cixmiyibsan. ASLAN ona denen qaqas azi 02 olsun Aslan bilirsen ki Samir sene qardaş olub gozduyurem atava de sürsunde”, xx.xx.2021-ci il tarixdə “Qaqam 28 azn verecem 2 dene 4 verersende qurban olaram catram “ əks etdirən mesaj yazışmaları əks edilmişdir, Odur ki, 1 ədəd DVD disk Təqsirləndirilən şəxs narkotik vasitələrin satışını əks etdirir, qeyd olunan 1 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 108-117). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,070 qram olan narkotik vasitə heroin, 1 ədəd elektron tərəzi və 1 ədəd “X114” markalı mobil telefon maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, 2 ədəd “DVD” disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 120-126). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 70). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Mehtiyev X5 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 75-76). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 may 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 15). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 26 may 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 24 may 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 66-69). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 24 may 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 88 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutarın saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 2,070 qram olan narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; -1 ədəd “X114” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına təhvil verilməli; -2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 24 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 88 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutarın saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 2,070 qram olan narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; -1 ədəd “X114” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına təhvil verilsin; -2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1787/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1787/2022
18.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver