Məhkəmə qərarları › İş №1(101)-1791/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1791/2021

26.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1791/2021 26.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Həsənzadə İradə Xəlil qızı və Quliyev Əhməd Qəhrəman oğlundan ibarət tərkibdə, hakim köməkçisi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə xx xxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotorop maddə əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda 3,425 qram narkotik vasitə heroin və külli miqdarda 4,328 qram psixotrop maddə-metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, 23 iyul 2020-ci il tarixdə saat 13:00-da Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Sadıqcan küçəsi nömrəsiz fərdi evin qarşısında Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli olduğuna görə saxlanılıb 12-ci Polis Şöbəsinə aparılıb üzərinə şəxsi axtarış keçirilən zaman əynində olmuş qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən bir ədəd bənövşəyi rəngli plastik qabda sarı rəngli sellofana bükülmüş 09 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,397 qram, 0,355 qram, 0,434 qram, 0,434 qram, 0,186 qram, 0,459 qram, 0,420 qram, 0,365 qram, 0,375 qram ümumi təmiz çəkisi 3,425 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, şəffaf sellofana bükülmüş 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,496 qram, 3,645 qram, 0,187 qram ümumi təmiz çəkisi 4,328 qram olan ağ rəngli kristallik formada maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponet tərkibinə görə bir-biri ilə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzlərində narkotik vasitə olan heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs oğlu məhkəmə iclasında verdiyi ifadəsində özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, bir neçə aydır narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qəbul edir. Narkotik vasitə və psixotrop maddəni adını və anket məlumatlarını bilmədiyi şəxslərdən alır. 21 iyul 2021-ci il tarixdə anket məlumatlarını və adını bilmədiyi narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan, sifətini belə görmədiyi şəxslə istifadəsində olan ***-***-**-** nömrəsi ilə əlaqə saxlayıb heroin və metamfetamin almaq istədiyini demişdir. Həmin şəxs Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində məişət tullantıları üçün nəzərdə tutulmuş yerin yaxınlığında heroin və metamfetamin qoyacağını, oradan götürə biləcəyini deyib, həmin yerə 100 manat qoymasını bildirmişdir. Ona bildirilmiş ünvana gedib 100 manat pulu daşın altında gizlədib, heroin və metamfetamini götürmüş və üzərində saxlayıb daşımışdır. 23 iyul 2021ci il tarixdə Sabunçu rayonu Balaxanı qəsəbəsi Sadıqcan küçəsi ilə hərəkət edərkən iki nəfər polis əməkdaşı ona yaxınlaşıb, özlərini təqdim etdikdən sonra, ondan şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini təklif etmişlər. Polis əməkdaşlarına şəxsiyyət vəsiqəsini təqdim edib, üzərində heroin və metamfetamin olduğu üçün bir qədər həyəcanlanıb onlardan aralanmaq istəyərkən polis əməkdaşları ondan şübhələnib birlikdə 12-ci PŞ-nə getməyi təklif etmişlər. Etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmiş, dəvət olunmuş vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra onun razılığı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən öncə təhqiqatçı tərəfindən ona üzərində daşınması və ya saxlanılması qanunla qadağan olunan hər hansı bir əşya və ya predmetin olub-olmaması soruşulmuşvə əgər varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o, əynində olmuş qara rəngli gödkçənin yan cibindən bir ədəd bənövşəyi rəngli plastik qabda sarı rəngli sellofana bükülmüş 09 ədəd bükümdə narkotik vasitə heroin, 03 ədəd bükümdə psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzini, həmin gödəkcənin digər cibindən özünə məxsus bir ədəd «Samsung» markalı mobil telefonu, şəxsiyyət vəsiqəsini və bir ədəd üzərində «Kent» yazısı olan siqareti çıxarıb təqdim etmişdir. Sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən daşınması və saxlanılması qanunla qadağan olunan digər hər hansı bir əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş heroin, metamfetamin və elektron tərəzi təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bununla bağlı tərtib olunmuş protokol ucadan oxunmuş, doğruluğu onun və iştirakçılar tərfindən imzalarla təsdiq olunmuşdur. Polis şöbəsinə aparılarkən və şöbədə olduğu müddət ərzində ona qarşı hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və təsir göstərilməmişdir. Heroin və metamfetamini aldığı şəxsin özünü görməmişdir. Üzərindən aşkar edilib götürülmüş heroini və metamfetamini alarkən bir qismini narkotik vasitələrdən istifadə edən şəxslərə satıb xərclədiyi pulu çıxarmaq niyyəti olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 23 iyul 2021-ci il tarixdə saat 13:00-da 12-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2lə Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sadıqcan küçəsi nömrəsiz fərdi yaşayış evinin qarşısında xidmət apararkən əvvəllər tanımadığı Təqsirləndirilən şəxs onları gördükdə bir qədər özünü narahat və şübhəli apardığını görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs onlara dağınıq cavablar verib özünü narahat və şübhəli apardığı, əlini tez-tez cibinə salıb nə isə gizlətdiyini və onlardan yayınmaq istədiyini görüb ondan şübhələnib, üzərində qanunla daşınması, saxlanılması qadağan olunan əşya və ya predmetin olub-olmamasını müəyyənləşdirməkdən ötrü ona birlikdə Sabunçu RPİ-nin 12-ci PŞ-yə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib birlikdə polis şöbəsinə gəlmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirib təhvil verilməsi ilə bağlı tərəflərindən 12-ci PŞ-nin rəhbərliyinə raport tərtib olunmuşdur. Daha sonra araşdırmanın aparılması 12-cİ polis şöbəsinin təhqiqatçısı Tapdıq Quliyevə həvalə edildiyindən onun tərəfindən müvafiq sənədləşmə tərtib olunmuş, hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına müdafiəçi dəvət olunmuş, xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi, üzərində saxlanması və daşınması qanunla qadağan olunan əşya və ya predmetin olub-olmaması soruşulmuş, müsbət təqdirdə təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o, üzərinə şəxsi axtarış keçirilməsinə razılıq vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bənövşəyi rəngli plastik qabda sarı rəngli sellofana bükülmüş 09 ədəd bükümdə narkotik vasitə heroin, şəffaf sellofana bükülmüş 03 ədəd bükümdə psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzini, həmin gödəkcənin sol yan cibindən özünə məxsus bir ədəd «Samsung» markalı mobil telefonu, şəxsiyyət vəsiqəsini və bir ədəd üzərində «Kent» yazısı olan siqareti çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, 21 iyul 2021-ci il tarixdə adını bilmədiyi narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan, sifətini belə görmədiyi şəxslə istifadəsində olan ***-***-**-** nömrəsi ilə əlaqə saxlayıb heroin və metamfetamin almaq istəmiş, həmin şəxs Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində məişət tullantıları üçün nəzərdə tutulmuş yerin yaxınlığında heroin və metamfetamin qoyacağını, oradan götürə biləcəyini deyib, həmin yerə 100 manat qoymasını bildirmişdir. Qeyd olunmuş ünvana gedib 100 manat pulu daşın altında gizlədib, heroin və metamfetamini götürmüş və üzərində saxlayıb daşımışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla daşınması və saxlanılması qadağan olunan əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş heroin, metamfetamin və elektron tərəzi təhqiqatçı tərəfindən götürülüb müvafiq qaydada qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunub, ucadan oxunmuş, əlavə və düzəliş daxil olmadığı üçün doğruluğu tərəflərindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə aparılarkən və polis şöbəsində olduğu müddət ərzində hər hansı bir şəxs tərəfindən fiziki və ya psixiki təzyiq və təsirlərə məruz qalmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə fiziki-kimyəvi ekspertizasının 24 iyul 2021-ci il tarixli 6/3050 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №159» dairəvi möhürü əksi olan, «Vət.Təqsirləndirilən şəxs...» sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə içərisindən bir ədəd qara rəngli plastik qabda 09 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,397 qram, 0,355 qram, 0,434 qram, 0,434 qram, 0,186 qram, 0,459 qram, 0,420 qram, 0,365 qram, 0,375 qram ümumi təmiz çəkisi 3,425 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -digər 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,496 qram, 3,645 qram, 0,187 qram ümumi təmiz çəkisi 4,328 qram olan ağ rəngli kristallik formada maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponet tərkibinə görə bir-biri ilə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini və Təqsirləndirilən şəxs aşkar edilmiş heroin ilə müqayisəsini müəyyən etmək mümkün olmamışdır. Heroin və metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələrin siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi - 3,425 qram, cəmi tədqiqata sərf edildi-0,45 qram, qalıq- 2,975 qram; Metamfetamin in təmiz çəkisi -4,328 qram, cəmi tədqiqata sərf edildi - 0,15 qram, qalıq - 4,178 qram. Cinayət işinə əlavə olunmuş Ambulator X1 dair 27 avqust 2021-ci il tarixli 3100 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının 15 sentyabr 2021-ci il tarixli 2149 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hər hansı psixi xəstəliyin əlamətləri müəyyən edilmir, hazırda da hər hansı psixi xəstəliyin əlamətləri aşkarlanmır. Cinayəti törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş, törətdiyi əməl barəsində anlaqlı hesab edilir. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müşahidə edilmir, hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərinə cavab vermək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs ittiham olunan əməl barəsində anlaqlı hesab edilir. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır, hər hansı psixi xəstəlik əlamətləri aşkarlanmır, hazırki vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan verir. Cinayət işinə əlavə olunmuş 23 iyul 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən öncə təhqiqatçı Tapdıq Quliyev tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 12-ci PB-nin əməkdaşlarının iştirakları ilə hüquq və vəzifələri izah olunmuş, daha sönra ona üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş və üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaların olub-olmaması soruşulmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bənövşəyi rəngli plastik qabda sarı rəngli sellofana bükülmüş 09 ədəd bükümdə narkotik vasitə heroin, şəffaf sellofana bükülmüş 03 ədəd bükümdə psixotrop maddə metamfetanun, bir ədəd elektron tərəzini, həmin gödəkcənin sol yan cibindən özünə məxsus bir ədəd «Samsung» markalı mobil telefonu, şəxsiyyət vəsiqəsini və bir ədəd üzərində «Kent» yazısı olan siqareti çıxarıb təqdim edib, bildirmişdir ki, 21 iyul 2021 ci il tarixdə anket məlumatlarını və adını bilmədiyi narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan, sifətini belə görmədiyi şəxslə istifadəsində olan ***-***-**-** nömrəsi ilə əlaqə saxlayıb heroin və metamfetamin almaq istəmiş, həmin şəxs Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində məişət tullantıları üçün nəzərdə tutulmuş yerin yaxınlığında heroin və metamfetamin qoyacağını, oradan götürə biləcəyini deyib, həmin yerə 100 manat qoymasını bildirmişdir. Qeyd olunmuş ünvana gedib 100 manat pulu daşın altında gizlədib, heroin və metamfetamini götürmüş və üzərində saxlayıb daşımışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla daşınması və saxlanılması qadağan olunan əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş heroin, metamfetamin, elektron tərəzi təhqiqatçı tərəfindən götürülüb müvafiq qaydada qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunub, ucadan oxunmuş, əlavə və düzəliş daxil olmadığı üçün doğruluğu tərəflərindən imzalarla təsdiq edilmişdir. Cinayət işinə əlavə olunmuş DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə 24 iyul 2021-ci il tarixli protokoldan görünür ki, CD-nin içərisində “Təqsirləndirilən şəxs” adı altında 01 ədəd fayl vardır. Həmin faylda əks edilmiş görüntülər 23 iyul 2021-ci il tarixdə saat 14:05-də qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Sabunçu RPİ-nin 12-ci PŞ-də yerləşən xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, Sabunçu RPİ-nin 12-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı X2 tərəfdə ayaq üstə dayanmışdır. Tapdıq Quliyevin qarşısında, sağ tərəfdə ayaq üstə dayanan şəxs - Sabunçu RPİ-nin, 12-ci PŞ-nin baş əməliyyat müvəkkili,, polis kapitanı Şahid1, Şahid1 sol tərəfində ayaq üstə dayanan, əynidə göy rəngli üzərində “Nike” sözləri yazılan idman şalvarı, boz rəngli köynək və qara rəngli qısa qol gödəkcə olan şəxs NovruzovİRövşən Rahiz oğlu, Təqsirləndirilən şəxs sol tərəfində ayaq üstə dayanan şəxs Sabunçu RPİ-nin, 12-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2dur. Təqsirləndirilən şəxs video çəkilişin davamında təhqiqatçı Tapdıq Quliyev qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Təqsirləndirilən şəxs könüllü əynindəki qara rəngli qolsuz gödəlçənin sağ yan cibindən bənövşəyi rəngdə plasik qab və içərisindən 9 ədəd sarı sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngdə maddə, 3 ədəd şəffaf sellofana bükülmüş içərisində kristal formalı maddə, bir ədəd bənövşəyi rəngdə kiçik tərəzi həmin gödəkçənin sol yan cibindən özünə məxsus olan şəxsiyyət vəsiqəsi, bir ədəd Samsung markalı mobil telefon və sol əlindən bir ədəd üzərində “kent” yazısı olan siqaret çıxararaq təqdim edir. Şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə kağız zərfə qoyularaq qablaşdırılır, Daxili İşlər Nazirliyinin 159 saylı möhürü ilə möhürlənir, üzəri şübhəli şəxs və iştirakçılar tərəfindən imzalanır. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin maddələrin narkotik vasitə hesab edilən el arasında “Kakos” və “Patı” deyilən maddə olduğunu, iki gün öncə zəng vasitəsi ilə tanımadığı şəxsin öncədən atdığı yerə pul qoyaraq götürdüyünü və həmin maddələrə görə 100 manat ödəyərək istifadə üçün üzərində saxladığı, üzərindən aşkar olunaraq götürülmüş tərəzini isə narkotik vasitə alan zaman miqdarın bilmək üçün saxladığını bildirir. Narkotik vasitə olan heroini təxminən altı aydır istifadə etdiyini qeyd edir, digər yerlərdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirir. Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinə gəldikdə isə, məhkəmə hesab edir ki, onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrin ayrı-ayrı növlərə aid olduğu, narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin külli miqdarda olduğu, narkotik vasitə və psixotrop maddələrin bükümlərə bölünməsi, habelə ondan səthində heroin və metamfetaminin izləri olan elektron tərəzinin də aşkar edilməsi Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddələri məhz satış məqsədi ilə əldə etdiyini bir daha təsdiq edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Cinayət işinə əlavə edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 30.07.2021-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ailəli və himayəsində bir azyaşlı övladının olmasını, ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və cəzaçəkmə müddətinin əvvəli 23 iyul 2021-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Sabunçu rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,975 qram təşkil edən narkotik vasitə olan heroin və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,178 qram təşkil edən psixotrop maddə olan metamfetamin və bir ədəd elektron tərəzi məhv edilməlidir. Cinayət işinin materiallarında olan, şəxsi axtarış zamanı videogörüntüləri özündə əks etdirən bir ədəd DVD disk cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 23 iyul 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi Sabunçu rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,975 qram təşkil edən narkotik vasitə olan heroin və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,178 qram təşkil edən psixotrop maddə olan metamfetamin və bir ədəd elektron tərəzi məhv edilsin. Cinayət işinin materiallarında olan, şəxsi axtarış zamanı videogörüntüləri özündə əks etdirən bir ədəd DVD disk cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar