Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1791/2023 29.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili X5, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, xx xxxxxxxx 2006-cı il tarixdə Yardımlı rayonu, Bürzünbül kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsi, döngə 1, nömrəsiz fərdi evdə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsəd olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, o, 02 aprel 2023-cü il tarixində təxminən saat 11:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, məscidin yaxınlığında naməlum mənbədən 10 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq, külli miqdarda 4,160 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 02 aprel 2023-cü il tarixində saat 18:20 radələrində Binəqədi RPl-nin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, 9-cu korpusda saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Gülməmməd Ramazanov 342 ünvanında yerləşən Binəqədi RPl-nin 43-cü Polis Bölməsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda təmiz çəkisi 4,160 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmur, narkotik vasitədən istifadə etmir. xx.xx.2023-cü il tarixdə o “Deiskadan” tanımadığı şəxsin “Tofaş” markalı maşınının naqillərini kəsib, kəsik naqilləri bir-birinə vurmaqla maşını açarsız işə salmışdır. Yəni, maşını sürmək məqsədilə qaçırmış, lakin maşını sürdükdən sonra qaytarıb yerində saxlamışdır. Sonradan həmin maşının sahibinin atasının dostu olduğunu öyrənmişdir. Bu hadisədən 1 gün keçdikdən sonra Polis Bölməsinin əməkdaşları onu saxlayıb Polis Bölməsinə gətirmişlər. Polis Bölməsində onun qaçırdığı maşının sahibi, yəni atasının dostu şikayəti geri çəkdikdən sonra polis əməkdaşları onu buraxmamışlar. Polis əməkdaşları demişdir ki, o, 2 sənədə imza çəksə videoçəkilişə girdikdən sonra onu buraxacaqlar. Lakin, onu buraxmamışlar. Onu Binəqədi RPİ-nin 43-cü PB-də müvvəqəti saxlama yerinə salıb 2 gün orada saxlamışlar. 2 gün ərzində onun üzərindən heç bir narkotik vasitə çıxmamış, orda olarkən əməliyyatçı ona yaxınlaşaraq şəffaf, siqaret sellofanına bükülmüş bükümü cibinə qoymağını istəmişdir. O, şəffaf, siqaret sellofanına bükülmüş bükümü cibinə qoymuşdur. Videoçəkiliş zamanı ilk öncə şəffaf, siqaret sellofanına bükülmüş bükümü əlinin içində atasına göstərmişdir. Atası şəffaf, siqaret sellofanına bükülmüş bükümü gördükdə videoçəkilişdən imtina etmişdir. Polis əməkdaşları atasına onunla işin bitdiyini deyərək aldatmışlar. Polis Bölməsində atasını rəisin otağına aparıb şəffaf, siqaret sellofanına bükülmüş bükümü boynuna almasa onun vəziyyətinin ağır olacağını demişlər. O da atasının əziyyət çəkdiyini görüb ürəyi ağrıdığından videoçəkilişdə şəffaf, siqaret sellofanına bükülmüş bükümün ona məxsus olduğunu demişdir. Atası videoçəkiliş zamanı orda imiş və heçnə deməmişdir. İttiham aktında yazıldığı kimi 02 aprel 2023-cü il tarixində təxminən saat 11:00 radələrində şəxsi istifadəsi üçün 10 manat müqabilində narkotik vasitə almamışdır. Bu hamısı yalandır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, oğurluq etmiş, maşın oğurlamışdır. O, müstəntiqin müşayiəti ilə analizə aparılmışdır. Onun qanında narkotik vasitə aşkar olunmamışdır. O, 02 aprel 2023-cü il tarixdə tutulanadək mobil telefon istifadə etmirmiş. Onu sənədləşdirərək 05 aprel 2023-cü il tarixinədək saxlamışlar. O, 05 aprel 2023-cü il tarixinədək X8 yox, bölmədə hansısa otaqda saxlanılmışdır. 05 aprel 2023-cü il tarixindən sonra onu idarəyə aparmışlar, məhkəmədə ona 3 ay sanksiya verilmişdir. O, 3 ay içəridə olmuş, sonra Baş İdarədə hakim tərəfindən azadlığa buraxılmışdır. Videoçəkiliş zamanı atası yanında imiş. Elan olunmuş cinayət işinin 36-37-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imza onun imzasıdır. Polis əməkdaşları onu aldadaraq sənədləri imzaladıqdan sonra buraxacaqlarını demişlər. O, protokolu oxumadan imzalamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi izahat və ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri və izahatı elan olunmuş, izahat və ifadələrin sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 44-cü vərəqəsində olan izahatında, 53-55, 70-73-cü vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «... 02 aprel 2023-cü il tarixində təxminən saat 11:00 radələrində o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən məscidin yaxınlığında tanımadığı bir şəxsdən öz istifadəsi üçün 10 manat müqabilində gümüşü rəngli bir bükümdə psixotrop maddə metamfetamin alaraq əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə qoyub saxlamışdır. Elə həmin gün saat təxminən 18:20 radələrində o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 9-cu korpusda olarkən iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib Binəqədi RPİ-nin 43-cü Polis bölməsinin əməkdaşları olduqlarını bildirmiş və onun üzərində narkotik vasitə saxlamaqla daşımasında şübhəli olduğu üçün Binəqədi RPİ-nin 43-cü PB-yə dəvət etmişlər. O da heç bir etiraz etmədən həmin polis əməkdaşları ilə birlikdə Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-yə gəlmişdir. Qeyd edilən polis bölməsində polis əməkdaşları ona üzərində şəxsi axtarış aparılacağını bildirib, hüquq və vəzifələrini izah etmiş, hüquqlarının müdafiəsi üçün vəkil dəvət etmişlər. Bundan sonra həmin polis bölməsinin inzibati binasında yerləşən xidməti otaqların birində polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Əvvəlcə ona üstündə, paltarlarında, ciblərində və bədənində olan əşyaları könüllü təqdim etməsi təklif olunduqda o, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə psixotrop maddə metamfetamini çıxarıb masanın üstünə qoymaqla təqdim etmişdir. Üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş və o, üzərində başqa heçnə olmadığını bildirmişdir. Sonra ona üzərindən aşkar edilmiş əşyanın adını deməklə təqdim etməsi təklif olunmuş və o, həmin bir ədəd şəffaf rəngli sellofan bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu və həmin bükümü 02 aprel 2023-cü il tarixində təxminən saat 11:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən məscidin yaxınlığında tanımadığı bir şəxsdən şəxsi istifadəsi üçün 10 manat müqabilində alaraq cibində gəzdirdiyini bildirmişdir. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, imzalar onun imzasıdır. Polis əməkdaşları onu aldadaraq sənədləri imzaladıqdan sonra buraxacaqlarını demişlər. O, izahatı və protokolları oxumadan imzalamışdır. Elan olunmuş cinayət işinin 56-cı vərəqəsində olan şəxsi axtarışın görüntülərini özündə əks etdirən diskə baxış keçirilməsi haqqında protokola və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imza onun imzasıdır. Polis əməkdaşları onu aldadaraq sənədləri imzaladıqdan sonra buraxacaqlarını demişlər. O, protokolu oxumadan imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, DİN-nin Binəqədi RPİ-nin 43-cü PB-də əməliyyat müvəkkili işləyir. Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili Şahid1 etimad doğuran, məlum, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələr əldə etməsi, üzərində saxlayaraq daşıması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. O, və Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. 02 aprel 2023-cü il tarixində xarici əlamətlərindən Təqsirləndirilən şəxs oxşayan şəxsin Bakı şəhəri ərazisində olduğu yeri müəyyən edilərək Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 9-da piyada olan zaman saat 18:00-19:00 radələrində ona yaxınlaşaraq özlərini təqdim edib onun psixotrop maddələri əldə edib, üzərində saxlayaraq daşımasında və istifadəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib, Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər. Binəqədi RPİ-nin 43-cü PB-də Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üstünə qoymuşdur. Təqsirləndirilən şəxs bükümün içərisində olan vasitənin «patı» yəni psixotrop maddə olduğunu, həmin bükümü 02 aprel 2023-cü il tarixində təxminən saat 11:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən məscidin yaxınlığında tanımadığı bir şəxsdən şəxsi istifadəsi üçün 10 manat müqabilində alaraq cibində gəzdirdiyini etiraf etmişdir. Əməliyyat məlumatı X3 qanunsuz olaraq psixotrop maddələr əldə etməsi, üzərində saxlayaraq daşıması və istifadəsi ilə bağlı olsa da təhqiqat araşdırması zamanı Təqsirləndirilən şəxs satış ilə də məşğul olması müəyyən edilmişdir. Aşkar edilmiş narkotik maddəyə bənzər əşya qablaşdırılaraq, protokol tərtib olunmuşdur. Proses iştirakçıalrının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən tək imiş. Əməliyyat qrupunun rəhbəri Şahid1 imiş. Əməliyyat qrupuna iki nəfər, o və Şahid1 daxil imiş. Şahid1 əməliyyat müvəkkildir. Təqsirləndirilən şəxs üzərinə tərəflərindən saxlanılarkən yox, Polis Bölməsində baxış keçirilmişdir. Təqsirləndirilən şəxs atası da qanuni nümayəndə kimi şəxsi axtarış və götürmə zamanı iştirak etmişdir. Təqsirləndirilən şəxs və atasına fiziki təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən üzərində mobil telefon yox imiş. Təqsirləndirilən şəxs həmin tarixlərdə avtomobil oğurlaması ilə bağlı məlumatı yoxdur. Lakin, onlarda Təqsirləndirilən şəxs ümumiyyətlə oğurluqla məşğul olması barədə məlumatlar olmuşdur. Polis Bölməsinə DİN-nin 102 xidmətindən Təqsirləndirilən şəxs barəsində belə bir məlumat daxil olmasını bilmir. O, yalnız öz icraatında olan işlər barədə məlumatlıdır. Məhkəmə iclasında şahdi qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 5-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 02 aprel 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə edərək, üzərində gəzdirməsi barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 6-7-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 02 aprel 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə edərək, üzərində gəzdirməsi barədə daxil olmuş məlumatın yoxlanıması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin 35-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 aprel 2023-cü il tarixli müdafiəçinin şübhəli şəxsin üzərinə keçirilən şəxsi axtarışda iştirak etməməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 36-37-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 aprel 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən psixotrop maddə, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər ağ rəngli maddəni masanın üzərinə qoyaraq həmin maddəni 02 aprel 2023-cü il tarixində təxminən saat 11:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Məsçidin yaxınlığında naməlum mənbədən şəxsi istifadəsi üçün 10 manat müqabilində aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Aşkar edilmiş büküm qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı “Panasonic” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 46-49-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 aprel 2023-cü il tarixli, 6/1938 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: «...4. Koroğlu imza...» yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 4,160 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr“-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 56-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 03 aprel 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən bir ədəd diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qeyri-qanuni əşyaları təqdim etməsi təklif edildikdə, onun əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər ağ rəngli maddəni çıxarıb masanın üzərinə qoyduğu, həmin maddəni 02 aprel 2023-cü il tarixində təxminən saat 11:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Məsçidin yaxınlığında naməlum mənbədən şəxsi istifadəsi üçün 10 manat müqabilində alıb üzərində gəzdirdiyini bildirdiyi müəyyən edilmişdir. Bundan başqa, həmin baxışda iştirak etmiş Təqsirləndirilən şəxs videokadrlarda görünən şəxsin məhz özü olduğunu təsdiq etmişdir. Cinayət işinin 113-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin 43-cü P-dən daxil olmuş 25 may 2023-cü il tarixli, 46/6/1-4867 nömrəli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin mənbəyini müəyyən etmək mümkün olmamışdir. Cinayət işinin 156-157-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X2 07 iyun 2023-cü il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında qərarıdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin mənbəyini müəyyən etmək üçün hazırki cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. Cinayət işinin 146-154-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X2 07 iyun 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, cinayət işi üzrə bütün materiallarda təqsirləndirilən şəxs Koroğlu Habil oğlunun soyadının “Qasımov” kimi oxunması qərara alınmışdır. Cinayət işi materiallarına əlavə edilmiş AZ-İV 364614 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, təqsirləndirilən şəxsin soyadı Qasımov, adı Koroğlu, ata adı isə Habil kimi eyd edilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs həqiqətən qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda narkotik vasitəni əldə etməsi, daşıması və özündə saxlaması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası, Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrini rəhbər tutaraq iş üzrə əldə olunmuş sübutlar məcmusuna müqayisəli şəkildə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham məhkəmə istintaqında tam sübuta yetirilməmiş, istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham məhkəmədə araşdırılmış sübutlar məcmusu ilə kifayət qədər təsdiq olunmamış və təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsində istintaq orqanının gəldiyi nəticələri ilə razılaşmır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi məhkəmədən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 223-cü maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusu göstərilmişdir. Həmin Məcəllənin 223.3.2-ci maddəsində şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində: cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər, ittihamın mahiyyəti göstərilir. Həmçinin, Azərbaycan Respublikası CPM-nin 353.2.1-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilməlidir: cinayətin törədilməsi yeri, vaxtı, üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini, maddi sübutun, istintaq və məhkəmə hərəkətləri protokollarını və digər sənədləri sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməli aşağıdakı səbəblərə görə həmin Məcəllənin 234.1-1-ci maddəsinə, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik maddəni əldə etmə, saxlama və daşımağa tövsif edilməlidir. Belə ki, istintaq orqanı məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi və daşımasını təsdiq edən hər hansı bir mötəbər dəlil və ya sübut müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 234.4.3-cü maddələrini fərqləndirən əsas əlamət qanunsuz əldə edilmiş külli miqdarda narkotik vasitə və ya psixotrop maddənin «satış məqsədi» daşıyıb-daşımaması ilə bağlıdır. Məhkəmə iclasında dindirilmiş polis əməkdaşları Şahid2 və Şahid1 bildirmişlər ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələr əldə etməsi, üzərində saxlayaraq daşıması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmçinin, cinayət işinin 5-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 02 aprel 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə edərək, üzərində gəzdirməsi barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 6-7-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 02 aprel 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə edərək, üzərində gəzdirməsi barədə daxil olmuş məlumatın yoxlanıması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin məhz satışı ilə məşğul olması barədə əməliyat məlumatı daxil olmamışdır. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni öz istifadəsi üçün anket məlumatlarını bilmədiyi şəxsdən aldığını bildirmişdir. Məhkəmə baxışında dindirilərkən isə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, narkotik vasitənin istifadəçisi olmadığını, üzərində narkotik vasitə olmadığını və narkotik vasitələrin satışı ilə məşğul olmadığını, o, sadəcə maşın oğurluğu edib maşını yerinə qaytardığını, ondan şikayət olmadığını bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə qeyd edilən narkotik vasitəni satış məqsədi ilə əldə etməsi və üzərində daşıması barədə ifadə verməmişdir. Təqsirləndirilənin bu ifadəsini təkzib edən hər hansı bir hal və ya sübut növü nə ibtidai istintaq, nə də məhkəmə zamanı müəyyən edilməmişdir. Ümumiyyətlə ibtidai istintaq dövründə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həqiqətən narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olması barədə sübut əhəmiyyətli hal müəyyən edilməmişdir. Belə ki, cinayət işinin 113-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin 43-cü PB-dən daxil olmuş 25 may 2023-cü il tarixli, 46/6/1- 4867 nömrəli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Habelə cinayət işinin 137-138-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsinin Ambulator X1 06 iyun 2023-cü il tarixli, 3519 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində «təqsirsizlik prezumpsiyası»nın tələblərinin pozulması ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunmuşdur. Belə ki, ibtidai istintaq orqanının 10 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarının təsviri hissəsində heç bir mötəbər sübut növü olmadan, əsaslı bir səbəb göstərilmədən şübhəli hallara qiymət verilmədən, ehtimallara əsaslanmaqla təqsirləndirilənin əməli daha ağır maddəyə tövsif edilmiş və nəticədə onun üzərinə «özünün təqsirsizliyini sübuta yetirmək vəzifəsi» qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən «hər kəsin təqsirsizlik prezumpsiyası vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsi də Azərbaycan Respublikası Konstitusiyasının qeyd olunan maddəsi ilə üst-üstə düşür, əlavə olaraq Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilənin xeyrinə həll edilməsi, eyni ilə cinayət və cinayət prosessual qanunların tətbiqində aradan qaldırılmış şübhələrin də onun xeyrinə həll olunması, ittihamı sübuta yetirmək, təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsinin ittiham tərəfinin üzərinə düşməsi göstərilir. İnsan hüquqlarının və X4 haqqında Konvensiyanın «ədalətli məhkəmə araşdırması hüququ»ndan və «qanunsuz cəzalandırılmamaq»dan bəhs edən müddəalarına əsasən «cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir». (mad. 6) «Heç kəsə cinayət əməli törədildiyi zaman tətbiq edilməli olan cəzadan daha ağır cəza verilə bilməz». (mad.7) «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrinin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilir ki, «təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Həmin qərarın 10-cu bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, CM-nin 234.3-cü maddəsinin dispozisiyasına əsasən, prekursorları hazırlama, əldə etmə, saxlama, göndərmə və daşıma və ya satma hərəkətlərinə görə məsuliyyət yalnız o vaxt yaranır ki, bu hərəkətlər narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında həmin prekursorların istifadə edilməsi məqsədi ilə törədilsin. Bu səbəbdən də həmin hərəkətləri etmiş şəxsin məqsədi dəqiq müəyyən edilməlidir. Şəxsin yuxarıda göstərilən hərəkətləri digər məqsədlə etməsi müəyyən olunduqda və ya həmin maddədə göstərilən məqsədin olduğu sübuta yetirilmədikdə CM-nin 234.3-cü maddəsi ilə məsuliyyət yaratmır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı «metamfetamin» olan maddələrin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Təmiz halda iki qram və ondan artıq miqdarda «metamfetamin» isə külli miqdar hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin üzərindən çıxan narkotik vasitənin həmin narkotik vasitə üçün külli miqdar hesab edilməsi, hələ onun satış üçün əldə olunması və satış məqsədi ilə daşınması demək deyildir və yalnız bu əsasla şəxsin əməlinin satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi və daşınması əməli kimi, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi düzgün deyildir. Bundan başqa məhkəmə istintaqında müəyyən edilmişdir ki, aşkarlanmış narkotik vasitə ilə bağlı çəki tərəzisi, alıcı, şərti alıcı, hər hansı sövdələşmə olmamışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Təqsirləndirilən şəxsin əməlində isə bu kimi hallar, o cümlədən şəxsi maraq məqsədilə narkotik vasitənin yayılmasına yönəldilmiş hərəkətlər etməsi və ya əvəzli, yaxud qazanc əldə etmək məqsədilə hər hansı hərəkətlər etməsi aşkar edilməmiş və olmamışdır. Həmin halların olmaması şəksizdir və iş üzrə mübahisə doğurmur. Belə ki, ibtidai və məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin heç biri təqsirləndirilən şəxsin narkotik vasitənin «əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi» barədə ifadə verməmişlər, bununla bağlı hər hansı digər sübut növü də əldə edilməmişdir. Təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitənin satış məqsədi ilə əldə edilməsini, saxlanılmasını və daşımasını iddia edən və bunu ittihamda göstərən ittiham tərəfi ittiham aktında nəticəsinin əsaslandırmaq üçün bir dəlilə də olsun istinad etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 126.6-cı maddəsində göstərilir ki, «təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütun sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər». Azərbaycan Respublikası CPM-nin 349.5.1 maddəsinin tələblərinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-nin 338.1.2 maddəsinin tələblərinə əsasən hökm çıxardıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 25.2-ci maddəsinə əsasən hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində qeyd olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 351.3.4-cü maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələr onun xeyrinə şərh edilir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı iş üzrə qərarda qeyd etmişdir ki, sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Barbara, Messege və Harbordo İspaniyaya qarşı işi üzrə qərarda da qeyd olunmuşdur ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Göstərilənlərə əsasən, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməlinin həmin Məcəllənin 234.1-1-ci maddəsinə - satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, daşıma və saxlamaya tövsif edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs məhkəmədə dindirilərkən özünü təqsirli bilməyərək, narkotik vasitənin istifadəçisi olmadığını, üzərində narkotik vasitə olmadığını və narkotik vasitələrin satışı ilə məşğul olmadığını, o, sadəcə maşın oğurluğu edib maşını yerinə qaytardığını, ondan şikayət olmadığını bildirmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmədə, ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrindən fərqli ifadələr verməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun məhkəmədəki ifadələrinin təkzib olunduğu, ibtidai istintaq zamanı verdiyi ilkin izahat və ifadələrinin ittihamın mahiyyətinə uyğun hissəsinin isə öz təsdiqini tapdığı qənaətinə gəlir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs oglunun həmin ifadələrinin məhkəmədə araşdırılıb öz təsdiqini tapmış sübutlara deyil, onun subyektiv mülahizələrinə əsaslanan və özünün müdafiəsinə yönələn cəhdlər kimi qiymətləndirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 130-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 19 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır Cinayət işinin 132-134-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza X12 şəxsinin kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 10 may 2023-cü il tarixli, 1292 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəlik qeyd olunmamışdır və onun hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətələri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri (nümayişkaranəlik, eqosentrizm, özünü psixoloji müdafiə etməyə meyillilik, nümayişkaranəlik, öz vəziyyətini qabartmaq və s.) aşkar olunur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları nəzərə alınmaqla etdiyi hərəktələri adekvat olaraq qavramaq, mahiyyətini dərk etmək, həmçinin öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Cinayət işinin 137-138-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsinin Ambulator X1 06 iyun 2023-cü il tarixli, 3519 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli tərbiyə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə görə yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar üçün cəzanın çəkilmə yeri ümumi rejimli tərbiyə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini və onun məhkəmə iclas zalından həbsə alınmasını əsaslı hesab edir. Belə ki, cinayət işinin 24-25-ci vərəqələrində olan 02 aprel 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 81-85-ci vərəqələrində olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli 4(001)-340/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 02 aprel 2023-cü il tarixdən hesablanmaqla, 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 124-127-ci vərəqələrində olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli 4(001)-570/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmə müddəti 01 (bir) ay, yəni, 02 iyul 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyun 2023-cü il tarixli, 4(001)-689/2023 saylı qərarından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs müddətinin uzadılması barədə vəsatət təmin edilməmiş, sonuncu məhkəmə zalından həbsdən azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bakı Şəhəri Binəqədi rayon prokuroru baş ədliyyə müşaviri Fuad Məmmədovun 30 iyun 2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsində qeyd edilmişdir ki, şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Beləliklə, Təqsirləndirilən şəxs 02 aprel 2023-cü il tarixdən 30 iyun 2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddət hazırki hökmlə təyin ediləcək cəza müddətinə hesablanaraq qəti cəza müəyyən edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsə alındığı gündən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 4,110 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında 30 iyun 2008-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 02 aprel 2023-cü il tarixdən 30 iyun 2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 03 (üç) ay 02 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərtbiyə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri həbs qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli hökm elan edildiyi və həbsə alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 4,110 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-1791/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1791/2023
29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver