Məhkəmə qərarları › İş №1(101)-1792/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1792/2021

10.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1792/2021 10.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə) Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi “Faiq Nağıyev və Partnyorları” vəkil bürosunun vəkili Nümayəndə, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 22 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin ibtidai istintaqı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X5 tərəfindən 18 oktyabr 2021-ci il tarixdə tamamlanaraq, ittiham aktı ilə 20 oktyabr 2021-ci il tarixdə mahiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuşdur. Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən təqsirli bilinmişdir ondan ötrü ki, o, əvvəllər qeyri-rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs “Vhatsapp” smartfonlar üçün ani mesajlaşma mübadilə sistemində istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsinə 12 mart 2020-ci tarixdən 18 mart 2020-ci il tarixədək olan müddət ərzində mesajlar yazaraq barəsində həqiqətə uyğun olmayam rüsvayedici məlumatları sosial şəbəkədə yayacağı hədəsi ilə ondan 10000 ABŞ dolları pul tələb elmiş, sonuncu pulu ödəməkdən imtina etdikdə barəsində rüsvayedici, şərəf və ləyaqəti alçaldan yalan məlumatları «Hürriyyəy» qəzetində, «Müxalifət» informasiya portalında və «Youtube» sosial şəbəkəsinin «Bumeranq Media» kanalında videogörüntü yerləşdirməklə paylaşmış, «Hürriyyət qəzetinə verdiyi videogörüntü ilə bağlı müsahibəsinə əsasən şərəf və ləyaqətinə toxunan məqalə dərc olunmuş, həmçinin 03 sentyabr 2020-ci ildə «Müxalifət» informasiya portalında onun «Hürriyyət» qəzetinə verdiyi müsahibəsinə istinadən eyni məzmunlu məqalə dərc edilməklə Zərərçəkmiş şəxs hədə-qorxu ilə cəmi 17.000 manat ekvivalentində 10.000 (on min) ABŞ dolları, yəni xeyli miqdarda pul tələb etmişdir. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs şifahi vəsatət verərək cinayət işi üzrə icraata xitam verilməsini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Həmçinin, Zərərçəkmiş şəxs nümayəndəsi “Faiq Nağıyev və Partnyorları” vəkil bürosunun vəkili Nümayəndə yazılı vəsatət verərək, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi vəsatətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs barəsində başqa məhkəmə hökmü də vardır, buna baxmayaraq sonuncu hələ də islah olunmamışdır. Məhkəmə tərəfləri dinləyib belə qərara gəlir ki, zərərçəkmiş şəxsin nümayəndəsi vəkil Nümayəndə vəsatəti əsassızdır və təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi şərtlərini pozmamış və bu səbəbdən hazırda barəsində seçilmiş qətimkan tədbirinin həbslə əvəz edilməsinə zərurət yoxdur. Bundan əlavə, təqsirləndirilən şəxsin barəsində başqa məhkəmə hökmünün olması onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün əsas ola bilməz. Məhkəmə cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsilə yoxlayıb, cinayət işinin materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs vəsatəti təmin edilməli, cinayət işi mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verilməklə aparıldığından cinayət işinin baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Cinayət işinin materialları üzrə olan sənədlər tədqiq edilərkən aşağıdakılar müəyyən edilmişdir: Belə ki, cinayət işi 18 iyun 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X4 tərəfindən Azərbaycan Respublikası CM-nin 182.2.4-cü maddəsi ilə fakta görə Təqsirləndirilən şəxs barəsində başlanılmışdır. Cinayət işinin başlanmasına əsas və səbəb Təqsirləndirilən şəxs qeyri-rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs barəsində Youtube şəbəkəsinin Bumeranq Media kanalında şərəf və ləyaqətinə toxunan başlıqla videoyazı yerləşdirməklə sonuncu barədə həqiqətə uyğun olmayan rüsvayedici məlumatlar yazması və Zərərçəkmiş şəxs 10.000 ABŞ dolları olmaqla xeyli miqdarda pulu hədə qorxu ilə tələb etməsi olmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs verilmiş ittihamın məzmununa görə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs barəsində rüsvayedici məlumat yaymaq hədəsi ilə, sonuncudan 10.000 ABŞ dolları tələb etmiş, həmin məbləği vermədiyi təqdirdə isə rüsvayedici video paylaşmışdır. Lakin, ittihamın məzmununda rüsvayedici məlumatların nə olması, hansı məzmunda rüsvayedici video görüntünün yayılması ittihamda öz əksini tapmamışdır. Belə olan halda isə, Təqsirləndirilən şəxs konkret olaraq nədə təqsirləndirildiyini dəqiq bilməməklə müdafiə hüququ pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 91.5.1-ci maddəsinə görə təqsirləndirilən şəxsin nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) hüququ vardır. Bundan başqa, cinayət işinin 107-108-ci vərəqələrində olan Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X1 01 sentyabr 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 sentyabr 2021-ci ildə Azərbaycan Respublikası CM-nin 182.2.4-cü maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə təqsirləndirilən şəxs qismində dindirilməsi rəsmilşdirilmişdir. Lakin, həmin qərara baxış keçirtdikdə, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ittiham 01 oktyabr 2021-ci ildə elan edilmiş və Təqsirləndirilən şəxs öz əlyazması ilə qərarın surətini yalnız 01 oktaybr 2021-ci ildə aldığını qeyd etmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs qismində cəlbetmə qərarının güya 01 sentyabr 2021-ci ildə qəbul edilməsi göstərilsə də, faktiki olaraq bütün hərəkətlər 01 oktyabr 2021-ci ildə icra edilmiş, bununla da Təqsirləndirilən şəxs 1 ay şübhəli şəxs statusunda saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 90.2-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqan tutulmuş şəxsi -48 saatdan artıq; həbs, girov və ya ev dustaqlığı istisna olmaqla, haqqında qətimkan tədbiri seçilmiş şübhəli şəxsi — qətimkan tədbiri seçilməsi haqqında qərarın elan edildiyi andan 10 (on) gündən artıq müddətlərdə şəxsi şübhəli şəxs vəziyyətində saxlamağa haqlı deyil. Həmçinin, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 91.5.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ittiham elan edildikdə, habelə həbsə alındıqdan və ya barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduqdan dərhal sonra müvafiq qərarın surətini almaq hüququ vardır. Həmçinin, cinayət işinin 159-160-cı vərəqələrində olan «votsap» sms yazışmalarının surətindən görünür ki, həmin yazışmalar rus dilində aparılmışdır, lakin, istintaq orqanı tərəfindən iş üzrə tərcüməçi təyin edilməmiş, təqsirləndirilən şəxsin rus dilini bilib-bilməməsi aydınlaşdırılmamış və bununla da təqsirləndirilən şəxsin hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 91.5.12-ci maddəsinə görə təqsirləndirilən şəxsin tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303-cü maddəsinə görə cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququ pozulduqda cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Həmçinin, cinayət işinin 81-ci vərəqəsində olan 25 iyul 2021-ci il tarixli şübhəli şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında qərara əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tutulub Nərimanov RPİ-nin MSYyə təhvil verilməsi qərara alınmışdır. Lakin, cinayət işinin 85-ci vərəqəsində olan 30 avqust 2021-ci il tarixli könüllü gəlmə haqqında protokoldan görünür ki, Hacıyeva X2 RPİ-nə gələrək axtarışda olduğundan xəbəri olmadığını, xəbər tutan kimi dərhal könüllü olaraq gəldiyini bildirmişdir. Ancaq ittiham aktında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq orqanına könüllü gəlməsi sonuncunun vəziyyətini yüngülləşdirən hal kimi qeyd edilməmişdir. Cinayət işinin 19-26-cı vərəqələrində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 1(010)-127/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15 faizi dövlət nəfinə tutulmaqla, 06 ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. Bununla da, istintaq orqanı tərəfindən ittiham aktında səhv olaraq cinayətin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qeyd edilmişdir. Göründüyü kimi, ibtidai istintaq araşdırmanı aparan müstəntiq təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halları düzgün göstərməmişdir. Halbuki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 289.3.6-cı maddəsinə görə ittiham aktının təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar göstərilir. Həmçinin, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsinə görə cinayət işi üzrə ittiham aktı və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokol müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmadıqda cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2.1-ci maddəsinə görə insan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə görə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Məhkəmə qeyd olunan halların məcmusunu da Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin tələblərinin kobud pozuntusu və təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması olaraq qiymətləndirir. Cinayət prosesi tərəflərinin hər hansı şəkildə hüquqlarının pozulmasının yolverilməzliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-ci il tarixli Plenumunun 5 saylı Qərarında da bir vəzifə kimi müəyyən edilmişdir. Belə ki, adı çəkilən plenumun qərarının 1-ci bəndinin izahına görə, insan hüquqları ümumi səciyyəyə malikdir və onların həyata keçirilməsi ilə bağlı məhkəmələr aşağıdakıları nəzərə almalıdır: - hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquq və azadlıqlarını müdafiə etmək hüququ vardır; -hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Avropa Konvensiyasının həmin maddəsinin 3-cü bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırmaq, öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxtda və imkana malik olmaq və şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsait kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiəçidən pulsuz istifadə etmək kimi hüquqlara malikdir. Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə görə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası CPM-nin 300.1.5-ci maddəsinə görə məhkəmənin hazırlıq iclasında cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilə bilər. Ona görədə məhkəmə kollegiyası hesab edir ki, işin bu halları ətraflı araşdırılmalı, nəticəsindən asılı olaraq buna müvafiq hüquqi qiymət verilməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.1, 303.3.2 və 303.3.6-cı maddələrinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyini müəyyən etdiyinə görə hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməli, iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, işin istintaqı zamanı yuxarıda göstərilən kobud qanun pozuntuları aradan qaldırılmalı, habelə gələcəkdə qarşıya çıxa biləcək hər hansı bir məsələnin həlli təmin edilməlidir. Təqsirləndirilən şəxs barəsində olan polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1, 300.1.5, 303.3.2 və 303.3.6-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l ı r:

1. Təqsirləndirilən şəxs vəsatəti təmin edilsin və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyi müəyyən edildiyindən cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nərimanov rayon prokuroruna qaytarılsın.

2. Zərərçəkmiş şəxs nümayəndəsi “Faiq Nağıyev və Partnyorları” vəkil bürosunun vəkili Nümayəndə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatəti təmin edilmədən rədd edilsin.

3. Təqsirləndirilən şəxs barəsində olan polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməsin.

Sədrlik edən Azad Məcidov

Hakimlər Zeynal Ağayev

Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar