Məhkəmə qərarları › İş №1(101)-1793/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1793/2023

21.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1793/2023 21.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X11 ibarət tərkibdə, X2 və Qafarova-Məmmədova Turan Zakir qızı katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası «Kredo» Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Ələt qəsəbəsi, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edərək, üzərində saxlamaqla daşımışdır. Belə ki, ittiham aktına əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd sellofan kəsiyi bükümündə çəkisi 2,309 qram olan külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 18 aprel 2023-cü il tarixdə saat 07:00 dəqiqədə Xətai RPİnin 36-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanında saxlanılaraq ünvan 3 RPİ-nin 36-cı polis bölməsinə gətirilmiş, polis bölməsində müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan kəsiyi bükümündə təmiz çəkisi 2,309 qram olan külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 15 aprel 2022-ci il tarixdə axşam saat 8-9 radələrində dostu ona zəng edərək onu evinə dəvət etmiş və birlikdə narkotik vasitələrdən istifadə etməyi təklif etmişdir. O, ilk dəfə narkotik vasitədən istifadə etmək üçün dostunun evinə getmiş, qapını döymüş, içəri daxil olanda polis əməkdaşlarının artıq içəridə olduqlarını görmüşdür. Polis əməkdaşları onu da götürüb bölməyə aparmışlar. Bölmədə polis əməkdaşları ona fiziki və psixi təzyiq göstərmiş, bir büküm narkotik vasitə verərək cibinə qoymağını tələb etmişlər. Həmçinin polis əməkdaşları onu aldadaraq ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham veriləcəyini və müvafiq sənədləşmə aparıldıqdan sonra onu buraxacaqlarını bildirdikləri üçün o, polis əməkdaşlarının təklifi ilə razılaşmış və həmin 2 qram narkotik vasitəni üzərinə götürmüşdür. Ekspertiza zamanı narkotik vasitənin çəkisi 2,3 qram olmuş, lakin bölmədə narkotik vasitəni onun üzərinə qoymamışdan əvvəl tərəzinin üzərinə qoyan zaman o, narkotik vasitənin 2 qram olduğunu görmüşdür. O, narkotik vasitədən istifadə etməsə də, belə bir niyyəti olduğuna görə peşmandır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, saxlanılan zaman onda narkotik vasitə olmamış, o, heç vaxt narkomaniya xəstəliyindən əziyyət çəkməmişdir. O, ilk dəfə dostunun evinə narkotik vasitələrdən istifadə etməyə getmiş, lakin elə həmin gün də polis əməkdaşları tərəfindən tutulmuşdur. O, 15 aprel 2023-cü il tarixində tutulmuşdur. Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin alıb əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Kamal və bir qrup şəxsin narkotik vasitələrdən istifadə etmələri ilə bağlı əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumat əsasında 18 aprel 2023-cü il tarixdə, səhər saat 7 radələrində əməliyyat keçirmişlər və həmin şəxsləri polis bölməsinə aparmışlar. Saxlanılan şəxslərdən biri də Təqsirləndirilən şəxs olmuşdur. Təhqiqatçı tərəfindən onların və müdafiəçinin iştirakı ilə şəxsin üzərinə baxış keçirildi və onun üzərindən narkotik vasitə aşkarlanmışdır. Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi saxlayarkən və üzərinə baxış keçirərkən ona qarşı heç bir təzyiq göstərilməmiş, şəxs saxlanarkən heç bir müqavimət göstərməmişdir. Əməliyyat məlumatı Vüsal adlı polis əməkdaşına daxil olmuş, şəxsə ilk olaraq Vüsal adlı polis əməkdaşı yaxınlaşmışdır. Onlar şəxsi polis maşını ilə bölməyə aparmış, post patrul xidmətinin əməkdaşlarını köməyə çağırmışlar. Bir “AP” dövlət qeydiyyat nişanlı maşın, bir də adi maşınla şəxsləri bölməyə aparmışlar. Onlar evə daxil olduqda şəxslərin hamısı evdə olmuş, Təqsirləndirilən şəxs üzərinə baxış bölməyə gətirildikdən və müdafiəçi ilə təmin edildikdən sonra aparılmışdır. Təqsirləndirilən şəxs şəxsi evinə baxış keçirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsindəki xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə şahid ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» 18 aprel 2023-cü il tarixli protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkilişdən istifadə olunmaqla keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Tədqiq edilən protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümün içərisində “kakos” kimi bilinən narkotik vasitə heroin olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə günorta radələrində Yasamal rayonu “Saf su” deyilən ərazidən tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir (i/v: 32-33). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «Diskə baxış keçirilməsi haqqında» 18 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman onun əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində narkotik vasitə heroini təqdim edərək, xx.xx.2023-cü il tarixdə günorta radələrində Yasamal rayonu “Saf su” deyilən ərazidən tanımadığı şəxsdən 30 manat müqabilində aldığını bildirmişdir (i/v: 39) Cinayət işinin materiallarına əlavə edilmiş DVD disk məhkəmə iclasında nümayiş etdirilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, qeyd olunan videogörüntü «şəxsi axtarış və götürmə aparılması haqqında» və «Diskə baxış keçirilməsi haqqında» 18 aprel 2023-cü il tarixli protokolla eynilik təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 19 aprel 2023-cü il tarixli 6/2292 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «.... (imza) Bəbirov ...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,309 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir.(i/v: 41-45) Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator X1 üzrə xx.xx.2023-cü il tarixli 3283 №-li rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (i/v: 89-90) İbtidai istintaq orqanının işdə olan «sübutların qiymətləndirilməsi haqqında» 11 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2,309 qram narkotik vasitə heroin maddi sübut qismində tanınmış, həmin narkotik maddənin ekspertiza tədqiqatından sonra 2,259 qram qalıq qalmış hissəsi saxlanılması üçün Xətai RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir (i/v: 84-85) Həmin qərardan həmçinin görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntüləri olan 1 ədəd DVD disk iş üzrə maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (i/v: 112- 117) Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroin narkotik vasitəsinin təmiz halda 0,15 qrama qədər şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş heroinin çəkisi 2,309 qram təşkil etməklə «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik maddəsinin külli miqdar həddində olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində heç bir narkotik vasitənin olmaması, polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması və onu aldatmaları ilə əlaqədar polis əməkdaşlarının təklifi ilə razılaşaraq onların verdiyi narkotik vasitəni boynuna götürməsi ilə bağlı ifadəsinə qiymət verərək qeyd edir ki, təqsirləndirilən şəxsin qeyd edilən məzmundakı ifadələri məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutlarla tam təkzib olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 6 aya yaxındır ki, narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə edir, narkotik vasitələri və psixotrop maddələri müxtəlif yerlərdə qiyabi tanıdığı, yəni anket məlumatlarını bilmədiyi, adlarını da dəqiq xatırlamadığı şəxslərdən əldə etmişdir. Sonuncu dəfə 15 aprel 2023-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Yasamal rayonu, «Saf su» adı ilə fəaliyyət göstərən obyektin qarşısında üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi bir şəxsdən 30 manata şəxsi istifadəsi üçün bir bükümdə narkotik vasitə heroin almışdır. Həmin şəxsdən bir neçə dəfə narkotik vasitə heroin almışdır. Ağrıları olmadığı üçün fikirləşmişdir ki, təbi gələndə həmin narkotik vasitədən istifadə edər. Aldığı narkotik vasitəni əynində olan cins şalvarın sağ yan cibinə qoymuşdur. Həmin narkotik vasitədən istifadə etmək üçün xx.xx.2023-cü ildə səhərə yaxın Xətai rayonu, Qədir Məmmədov küçəsi, ev 7, mənzil 84 ünvanında yaşayan X3 evinə gəlmişdir. Belə ki, Kamalgilə narkotik vasitə və psixotrop maddə qəbul etmək üçün başqa şəxslər də gəlmişlər. Onlar birlikdə Kamalın evində narkotik vasitə və psixotrop maddə qəbul etməyi planlasalar da, bunu edə bilməmişlər, belə ki, polis əməkdaşları səhər saatlarında Kamalın evinə gəlib evdə olan şəxsləri 36-cı polis bölməsinə aparmışlar. Polis bölməsinə gətirilərkən polis əməkdaşları əllərini ciblərinə salmağa imkan verməmişlər. Polis bölməsində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına vəkil təqdim edilmiş və üzərində şəxsi axtarışın keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarışdan öncə isə polis əməkdaşı tərəfindən üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşya olduğu halda onu təqdim etmək təklif olunmuşdur. Əynində olan boz rəngli cins şalvarın sağ yan cibində saxladığı içərisində heroin olan bir ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşı bükümün içərisində nə olduğunu soruşmuş, bükümün içərisində heroin olduğunu və həmin heroini şəxsi istifadəsi üçün Yasamal rayonunun ərazisində 3 gün öncə tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. Sonra bir polis əməkdaşı üzərində axtarış aparmış, lakin üzərindən heç nə aşkar olunmamışdır. Sonra təhqiqatçı içərisində heroin olan bükümü elektron tərəzidə çəkib onu bir ədəd zərfdə qablaşdırmışdır. Özü və digər iştirakçılar zərfdə imza etmişlər. Üzərində şəxsi axtarış və götürmənin keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, özü və digər iştirakçılar protokolda imza etmişlər. (i/v: 57-58). Bundan başqa, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qaldığını bildirsə də, eyni zamanda istintaq təcridxanasına daxil olan zaman üzərində heç bir xəsarətin olmadığını, buna görə də qeyd olunan xüsusatın araşdırılmasına ehtiyac olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalması ilə bağlı ifadəsi inandırıcı deyil və həqiqəti əks etdirmir. Həmçinin təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində cinayət işinin materiallarında qeyd olunduğundan fərqli saatda və şəraitdə saxlanıldığını bildirsə də, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin istifadəsində olmuş ***-***-**-** GSM nömrəsinə dair "xxxx" MMC-dən alınaraq cinayət işinin materiallarına əlavə edilmiş anten məlumatlarından görünür ki, təqsirləndirilən şəxsin mobil telefonu 2023-cü ilin aprel ayın 15-dən 18-dək Bakı şəhərinin müxtəlif rayonlarında olan antenlərin təsir dairəsində olmuş, bununla da onun aprel ayının 15-də tutulması ilə bağlı ifadəsi öz təsdiqini tapmamışdır. Bundan başqa məhkəmə təqsirləndirilən şəxsin heç vaxt narkotik vasitədən istifadə etməməsi, ilk dəfə saxlanıldığı gün dostunun mənzilinə getdikdən sonra narkotik vasitədən istifadə edəcəyini, lakin buna fürsət tapmadan polis əməkdaşları tərəfindən saxlanıldığını qeyd etsə də, "xxxx" MMC-dən daxil olmuş sms yazışmalarının mətnindən görünür ki, təqsirləndirilən şəxsin narkotik vasitələrin alınması ilə bağlı xeyli sayda sms yazışmaları mövcuddur. Beləliklə də təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması, aprel ayının 15-i tutulması, habelə üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmaması, tutulduğu vaxtadək heç vaxt narkotik vasitədən istifadə etməməsi ilə bağlı ifadəsi öz təsdiqini tapmamışdır. Bununla da məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsini həqiqətə uyğun hesab etmir, təqsirləndirilən şəxsin həmin ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq məqsədi daşıyır və öz ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə cinayət işinin materiallarına əlavə edilmiş sübutlarla Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin narkotik vasitə heroin olduğu, çəkisinin isə 2,309 qram təşkil etdiyi tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda metamfetimin psixotrop maddəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i/v: 94-95) Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, bir yetkinlik yaşına çatmayan uşağının olmasını isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X6 adlı iki övladı var. (i/v: 106-107) Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edərkən, onun üzərindən aşkar edilmiş narkotik maddə olan heroinin çəkisinin külli miqdar həcminin minimum həddinə yaxın həcmdə olmasını nəzərə alır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini nəzərə alaraq, onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 18 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 18 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (i/v: 23), Bakı şəhəri Xətai rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 18 aprel 2023-cü il tarixdən hesablanmışdır (i/v: 66-70). Bundan sonra məhkəmə hökmü çıxarılanadək təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 18 aprel 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Xətai RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 2,259 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 81 (səksən bir) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən Təqsirləndirilən şəxs göstərdiyi 50 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası «Kredo» Vəkil Bürosunun vəkili Müdafiəçi1 300 (üç yüz) manat məbləğində pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 18 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Xətai RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 2,259 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 81 (səksən bir) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası «Kredo» Vəkil Bürosunun vəkili Müdafiəçi1 300 (üç yüz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar