Məhkəmə qərarları › İş №1(101)-1794/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1794/2022

14.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1794/2022 14.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Azər İslah oğlu Paşayevdən və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1997-ci il sentyabrın 17-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməmiş, X5 Müharibəsinin iştirakçısı, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 43 «a» ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib daşımaqla üzərində saxlamışdır. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2022-ci il iyun ayının əvvəllərində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan Azad adlı İran İslam Respublikasının vətəndaşı ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi razılıq əsasında sonuncunun satış məqsədi ilə qanunsuz olaraq istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən istintaqa məlum olmayan vaxtda əldə edib istintaqla müəyyən olunmayan qaydada Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində yerləşdirdiyi polietilen bağlamanın içərisində külli miqdar təşkil edən 1.307 qram təmiz çəkidə qəhvəyi rəngli maddə kütləsi olmaqla kustar üsulla hazırlanmış narkotik vasitə heroini 2022-ci il iyunun 10-da günorta saatlarında götürüb əldə etdikdən sonra Azad adlı şəxsin tapşırığına əsasən sonuncunun deyəcəyi istintaqa məlum olmayan ayrı-ayrı şəxslərə sataraq əldə olunan gəlirin bir hissəsini özünə götürmək şərti ilə daşımış, həmin tarixdə saat 21:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, 2 ünvanının yaxınlığında piyada hərəkət edən zaman Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanıb Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin inzibati binasına aparılmış, orada üzərində şəxsi axtarış və götürmə aparılarkən sağ əlindəki üzərində «FİLA» yazılı tünd göy rəngli çantanın içərisində üzəri şəffaf yapışqan lentlə bağlanmaqla qara rəngli polietilen bağlamada külli miqdar təşkil edən 1.307 qram təmiz çəkidə qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə ona elan edilən ittihamda özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, o, müharibədən qayıdandan sonra əsəbləri pozulduğuna görə yata bilmədiyindən narkotik vasitə heroin istifadə etmiş, lakin heç vaxt narkotiklərin satışını həyata keçirməmişdir. Tutularkən üzərində yalnız öz şəxsi istifadəsi üçün 20 qram narkotik vasitə heroin olmaqla ittiham olunduğu qalan maddələr onun deyildir. Polis bölməsində polis əməkdaşlarının göstərdikləri təzyiq nəticəsində 1.307 qram çəkidə narkotik vasitə heroinin ona məxsus olduğunu bildirsə də bu barədə heç bir yerə şikayət etməmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis mayoru olaraq Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayonunun inzibati ərazisində külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olan əməliyyat məlumatını yoxlamaq üçün onun rəhbərliyi ilə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmaqla 2022-ci il iyunun 10da saat 21:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, 2 ünvanının yaxınlığında olan zaman Təqsirləndirilən şəxs zahirən bənzəyən bir nəfər şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra sonuncunun şəxsiyyəti dəqiqləşdirilmişdir, Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib sonuncunu Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə dəvət etmişlər, orada videoçəkilişlə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən sonuncu sağ əlində olan üzərində «FİLA» yazılı tünd göy rəngli çantadan bir ədəd üzəri şəffaf yapışqan lentlə bağlanmış qara rəngli polietilen bağlamanı çıxarmaqla təqdim etmiş, içərisindəki narkotik vasitə heroini həmin gün səhər saatlarında Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Azad adlı İran İslam Respublikasının vətəndaşından ilk olaraq 1.500 manat pul verib qalanını hissə-hissə ödəmək barədə razılaşdıqlarını bildirmişdir. Aşkar olunan bağlama qablaşdırılaraq möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmış, tərtib olunan protokolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiqlənmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis leytenantı olmaqla Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 Şahid1 ilə analoji ifadə verdi. Məhkəmə iclasında elan olunub tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi izahatda, habelə şübhəli və təqsirləndirilən şəxslər qismindəki ifadələrdə 2022-ci il iyunun 10-da səhər saatlarında Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Azad adlı İran İslam Respublikasının vətəndaşından narkotik vasitə heroin aldıqda ilk olaraq 1.500 manat pul verməklə qalanını hissə-hissə ödəmək barədə razılaşdıqlarını, göstərilən tarixdə saat 21:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, 2 ünvanının yaxınlığında olan vaxt özlərini Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları kimi təqdim edən iki nəfərin ona yaxınlaşıb narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirərək onu Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə aparmasını, orada videoçəkilişlə müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılarkən sağ əlində olan üzərində «FİLA» yazılı tünd göy rəngli çantadan bir ədəd üzəri şəffaf yapışqan lentlə bağlanmış qara rəngli polietilen bağlamanı çıxarıb təqdim etməklə içərisindəki narkotik vasitə heroini necə əldə etdiyini, mobil telefonundakı səs yazılarının və danışıqların ona məxsus olduğunu deməklə torpaq, daş və sairin nə demək olduğunu izah etdiyini, polis əməkdaşları tərəfindən saxlanan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilmədiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını göstərmişdir (1-ci cild, iş vərəqi 38-39, 64-67, 80-86, 181-187 və 249-255). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin 2022-ci il 11 iyun tarixli, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin 2022-ci il 10 iyun tarixli raportlarından, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin eyni tarixli Ə202-091-22 №-li əməliyyat qrupunun yaradılması barədə əmrindən, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarından, habelə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2022-ci il 11 iyun tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhərinin Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, adı çəkilən şəxs 2022-ci il iyunun 10-da saat 21:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, 2 ünvanının yaxınlığında Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən saxlanaraq idarənin inzibati binasına aparılıb orada üzərində şəxsi axtarış və götürmə aparılıb aparılarkən Təqsirləndirilən şəxs sağ əlində olan üzərində «FİLA» yazılı tünd göy rəngli çantanın içərisində üzəri şəffaf yapışqan lentlə bağlanmış qara rəngli polietilen bağlamadan narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar məhkəmə tərəfindən qanuni hesab edilmişdir (1-ci cild, iş vərəqi 4-8 və 70). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin tərtib etdiyi 2022-ci il 10 iyun tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:30-da Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, bu barədə sonuncunun atası X2 xəbər vermək hüququ təmin edilmişdir (1-ci cild, iş vərəqi 23). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin tərtib etdiyi 2022-ci il 10 iyun tarixli və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 11 iyun tarixli protokollardan görünür ki, videoçəkilişlə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən sonuncu sağ əlində tutduğu, üzərində «FİLA» yazılı tünd göy rəngli çantadan üzəri şəffaf yapışqan lentlə bağlanmış qara rəngli polietilen bağlamanı çıxarıb təqdim etməklə içərisindəki narkotik vasitə heroini həmin gün səhər saatlarında Abşeron rayonu, Masazır kəndi ərazisində Azad adlı İran İslam Respublikasının vətəndaşından 1.500 manata aldığını bildirmiş, daha sonra Təqsirləndirilən şəxs üzərindən «Samsung A32» markalı mobil telefon aşkarlanmış, həmin predmetlər qablaşdırılaraq götürülmüş, iştirakçılar tərəfindən şikayət, təklif və ya protokola qeydlər daxil olmamış, cinayət işinin materiallarına əlavə edilən bir ədəd DVD-R diskinə baxış keçirilərkən qeyd olunanlar müəyyənləşdirilmişdir (1-ci cild, iş vərəqi 33-34 və 68-69). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 11 iyun tarixli 6/3291 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 42» dairəvi möhür əksi, «Təqsirləndirilən şəxs...» və sair yazılar, imzalar olan bir ədəd bağlamadakı üzərində «FİLA» yazısı olan çantada bir ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 1.307 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin olub tədqiqatdan sonrakı qalığı 1.306,8 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 110 manatdır (1-ci cild, iş vərəqi 41-43). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 12 iyun tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək sonuncuya qeyd olunan maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 71-72). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2022-ci il 12 iyun tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2022-ci il iyunun 10-dan hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 94-98). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon MKTB-nin 22 saylı MKİS-inin tərtib etdiyi 2022-ci il 17 iyun tarixli 14 №-li xasiyyətnamədən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 2022-ci il 14 iyun tarixli ******* №-li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 43 «a» ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır (1-ci cild, iş vərəqi 108-109). İş materiallarında olan 2015-ci il 23 oktyabr tarixli SX seriyalı ******* №-li hərbi biletin, N №-li Hərbi Hissənin 2017-ci il 01 aprel tarixli təşəkkür məktubunun, habelə xidməti xasiyyətnaməsinin kserosurətlərindən görünür ki, X5 Müharibəsi iştirakçısı Təqsirləndirilən şəxs xidmət etdiyi müddət ərzində özünü nizam-intizamlı, bacarıqlı, təşəbbüskar, hərbi nizamnamənin və qanunların tələblərini layiqincə dərk edən, komandir və rəislərin əmr və göstərişlərini vaxtında, düzgün və dəqiq yerinə yetirən, hərbi xidmətə vətəndaş münasibəti göstərən hərbi qulluqçu kimi tanıtdığından ailəsinə təşəkkür edilmişdir (1-ci cild, iş vərəqi 110-126). İş materiallarında olan Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X4 Birliyinin 2021-ci il 21 yanvar tarixli Mİ seriyalı 004394 №-li vəsiqəsinin kserosurətindən görünür ki, X5 Müharibəsi iştirakçısı Təqsirləndirilən şəxs 2022-ci il yanvarın 21-dək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir (1-ci cild, iş vərəqi 129). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon ƏSMM-inin 2011-ci il 25 oktyabr tarixli 058787 №-li vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs atası X3 ümumi xəstəlik səbəbindən İİ qrup əlildir (1-ci cild, iş vərəqi 130). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 17 iyul tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd Samsung A32» markalı mobil telefona baxış zamanı «WhatsApp» proqramında «Azad» kimi qeyd edilmiş +98 991 *** ** ** nömrəli abunəçi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında yazışmalar olması; 2022-ci il iyunun 06-da saat 23:07-də Təqsirləndirilən şəxs +98 991 *** ** ** saylı mobil nömrəyə göndərdiyi «Qardaşım mən götürdüm əmanətimi 5 kola, 2 patı anada bükdüm balaca salafandı a, ğaşa sal ona ki, yaxşı-yaxşı diqqətlə baxsın, yəni sala an balacalaşdı ona görə yaxşı brat, elə bilki qaz şitinin altındadır, konumu atda brat» məzmunlu səsli ismarıca həmin nömrədən 2022-ci il iyunun 06-da saat 23:17-də «Xırdalan kuruqımdan Masazıra gələndə palma plaza ilə üzbəüz marketdən sağa dön 30 metr qabağa gəl astanovka köşk astanovkadan sağa dön sol tərəflə 50 metr qabağa gəl sağda su çəni, görəssən su çəni 2+3 metr qabağa keç qaz şotçiki görəssən şotçikin altında ağ LD siqaret qabında 2 list m. 40» məzmunlu səsli ismarıcın göndərilməsi, 2022-ci il iyunun 06-da saat 23:21-də Təqsirləndirilən şəxs +98 991 *** ** ** saylı mobil nömrəyə göndərdiyi «Azad haşııva dönərəm sənin gül işini necə həll eləmək olar bir dəfəlik götürüb gedərdim qardaşım həll eləmək olarsa, yoxsa necə brat bir dənə məni başa sa bunu necə eliyək brat, götürmək olapr indi, əgər yaxınlıqdadısa, yəni Xırdalan dediyin yerlərdədisə onu da elə bir dəfəlik götürüb gedərdim istəyənlər var nə qədərdi, gedən kimi pulun çıxaracam» məzmunlu səsli ismarıca həmin nömrədən 2022-ci il iyunun 06-da saat 23:22-də «indi burda yuxdur rayona gedib, sabah həll edərəm, nə qədər lazım olacaq, deyərsən təşkil edəcəm» məzmunlu səsli ismarıcla cavab verilməsi, 2022-ci il iyunun 06-da saat 23:31-də Təqsirləndirilən şəxs +98 991 *** ** ** saylı mobil nömrəyə «hardasa 10 dənə atardı ama qurban olaram sənə Azad qalovka yerlərindən al sinki bizim uşaqlar nəşəni yeyirlər işimiz qəşəng getsin» məzmunlu ismarıc yazması, 2022-ci il iyunun 07-də saat 14:34-də qeyd olunan nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə göndərilən «qaqa o mah götür Masazırda ünvan elə» məzmunlu səsli ismarıca sonuncunun «Azad götürdüm qardaşım, amma ki, məndən sonrakı qaqaşa denən ki, tez cəld surətlə getsin götürsün ki, orada adam çoxdur Allah sənin köməyin olsun» məzmunlu səsli ismarıcla cavab göndərilməsi, 2022-ci il iyunun 08-də saat 06:50-də Təqsirləndirilən şəxs +98 991 *** ** ** saylı mobil nömrəyə göndərdiyi «Sabahın xeyir qardaşım, brat gör nə deyirəm səni də bezdiomişəm, prosto deyirəm ki, mən də istəyirəm ki, 10 qram kola, 10 qram patı qardaşım bu kola var e əvvəlki zakladkadan əvvəl götürdüm e, zəif çıxdı camaat trixata düşmüşdür lomkadan çıxartmır, brat bu həminki tenıadandır? buna tapşıra bilmirsizki hər dəfə yaxşı olsun, satacam sonra mənə zəng vurub narahat edəcəklər ki, lomkadan çıxartmır, trixat edir» məzmunlu səsli ismarıcın həmin tarixdə saat 07:08-də «qaqa mən həmişə həmin maldan vermişəm, o necə olur ki, pis çıxır başa düşə bilmirəm» məzmunlu səsli ismarıcla cavablandırılması, 2022-ci il iyunun 09-da saat 14:49-da Təqsirləndirilən şəxs +98 991 *** ** ** saylı mobil nömrəyə göndərdiyi «özün arxeyin olku ki, Urmiyanın özü olsun, birdən qara malnan qarışdırarlar, ona görə də özün fikir ver ki, yaxşı mal olsun» məzmunlu səsli ismarıca həmin tarixdə saat 15:40-da «qaqa o Urmiya deyirsən e, o maldan indi heç kimdə yoxdur, hamıda Tehran malıdır, bomba bir şeydi, kliyenllər narazı qalmayacaqlar, 2 saata hazırlatdırım atacam» məzmunlu səsli ismarıcla cavab göndərilməsi, 2022-ci il iyunun 09-da saat 15:43-də Təqsirləndirilən şəxs +98 991 *** ** ** saylı mobil nömrəyə göndərdiyi «Qardaşım Urmiya malı deyəndəki sən həmişə mənə sarı mal atırsan e, o sarı maldan deyil ki?» məzmunlu səsli ismarıca sonuncunun həmin tarixdə saat 15:45-da «qaqa bu malda yaxşı maldır və hələ heç kim şikayət etməyib» məzmunlu səsli ismarıcla cavab verməsi, 2022-ci il iyunun 09-da saat 16:13-də Təqsirləndirilən şəxs +98 991 *** ** ** saylı mobil nömrəyə göndərdiyi «Qardaşım dedim də, 35 dənə torpaq, 5 dənə daş, həmin ki o sarı maldan. İkisini biryerdə Masazıra atdırmaq olur? Corat-morat olmasın, Masazıra yada 28-ə göratdıra bilirsən?» məzmunlu səsli ismarıca sonuncunun həmin tarixdə saat 19:48-də «Xırdalanın kuruqundan Masazıra gedəndə palma plaza ilə üzbəüz Araz marketdən sağa dön 30 met qabağa, gəl astanovkadan sağa dön sol tərəfə axıra kimi gəl axıra 10 metr qalmış solda işarələnmiş yerdə kubikin altında 40 kola» məzmunlu ismarıc göndərməsi müəyyən edilmiş, fotoşəkillər protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 140-148). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 17 iyul tarixli protokoldan görünür ki, «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2022-ci il 15 iyul tarixli BKC/LGL-10042/22 №-li məktubu ilə daxil olan bir ədəd CD diskinə baxış zamanı ***-***-**-** saylı mobil nömrənin sahibi olan Təqsirləndirilən şəxs qeydiyyat ünvanı Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 43 «a» olmaqla həmin nömrədən ***-***-**-** saylı mobil nömrəyə 2022-ci il iyunun 05-də saat 01:19-da «Qaqaşım gəlirəmdə tək deyilsən e vallah 30 nəfər adamın malın düzəldirəm bayaqdan çıxıram 5 dəqiqəyə» məzmunlu ismarıcın göndərilməsi, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrəən 2022-ci il mayın 15-də saat 16:22-də «Qardaşım imkan varsa bir dənə daş verərəsəndə mənə bir tikə 2.3 saata gələcəm yenə 1 qk götürməyə onda 35 manat verəcəm sənə» məzmunlu, ***-***-**-** saylı mobil nömrədən 2022-ci il mayın 19-da saat 17:44-də «Qaqa mən burdayam c bir söz dedə təmiz pulunu verəcəm 10 götür gəl qardaşımsan tez gedim» məzmunlu, ***-***-**-** saylı mobil nömrədən 2022-ci il mayın 28də saat 18:11-də «Brat niyə adboy verirsən olu 3 dənə elə tcleidə aç sən canın» məzmunlu, ***-***-**-** saylı mobil nömrədən 2022-ci il mayın 28-də saat 22:22-də «Gəlirəm qardaşım yarı edərsəndə başıva dönərəm çatanda vitala yığcam inşallah patı varsa 5 diydə p düşürərsəndə bura» məzmunlu, ***-***-**-** saylı mobil nömrədən 2022-ci il mayın 31-də saat 22:51-də «Anar aç mənəm Rza patı 05 şey 1 baş kola 01» məzmunlu, ***-***-**-** saylı mobil nömrədən 2022-ci il iyunun 04-də saat 22:34-də «1.1 yada 1.2 kola, 1.1. yada 1.2 daş sonra 0.5 və ya 0.6 daş abim təmiz olsun başıva dönərəm sənin» məzmunlu ismarıcların göndərilməsi, Təqsirləndirilən şəxs istifadəsindəki ***-***-**-** saylı mobil nömrəyə müxtəlif məzmunzu zənglərin daxil olması və çıxması, sms yazışmaların olması müəyyən edilmiş, çıxarışlar protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 149- 166). İş materiallarında olan «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 2022-ci il 18 iyul tarixli AZF/LGL-12359/22 №-li və "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin 2022-ci il 22 iyul tarixli 13072 №-li məktublarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr sorğulanan müddətdə Azerfon şəbəkəsində istifadə edilməməklə qərarda qeyd olunan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin nömrə daşıma xidmətindən istifadəsi qeydə alınmamışdır, ***-***-**-** mobil nömrənin müqavilə sahibinin adına hal-hazırda "xxxx" MMC-də digər nömrə qeydiyyatda olmayıb həmin nömrə 2022-ci il dekabrın 20-dən deaktiv olunduğuna görə qərarda göstərilən müddətdə istifadəsi qeydə alınmamışdır (1-ci cild, iş vərəqi 167-168). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2022-ci il avqustun 04-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (1-ci cild, iş vərəqi 169- 170). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2022-ci il 29 iyul tarixli 4N №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunmaqla məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild, iş vərəqi 188-189). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin kompleks ambulator məhkəməpsixiatrik və məhkəmə-psixoloji ekspertizasının 2022-ci il 29 iyul tarixli 1986 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar edilməməklə ittiham olunduğu əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur, Təqsirləndirilən şəxs fizioloji affekt vəziyyətində olmamışdır (1-ci cild, iş vərəqi 191-193). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin 2022-ci il 13 sentyabr tarixli ********* №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs məxsus mobil nömrəyə narkotik vasitələr və psixotrop maddələr ilə əlaqədar mesajlar göndərmiş şəxslər və onların şəxsiyyətləri, həmçinin Azad adlı İran İslam Respublikasının vətəndaşının şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır (1-ci cild, iş vərəqi 216). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 13 sentyabr tarixli sübutların qiymətləndirilməsi haqqında, eyni tarixli cinayət işindən ayrıca cinayət işlərinin ayrılması və icraata qəbul edilməsi haqqında, habelə 2022ci il 14 sentyabr tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək barədə qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsindən həmin Məcəllənin 234.4.1.-ci və 234.4.3.-cü maddələrinə tövsif edilərək ona qeyd olunan maddələrlə yenidən ittiham elan edilmiş, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs Azad adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə narkotik vasitələrin əldə edilməsi, saxlanılması və daşınması faktı ilə əlaqədar Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə cinayət işi ayrılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 206.3.2.-ci və 234.4.2.-ci maddələri ilə cinayət təqibinin başlanması rədd olunmuş, maddi sübut kimi tanınmaqla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin təqdiqatdan sonrakı 1.306,8 qram çəkidə qalığı və sonuncuya məxsus bir ədəd «Samsung A32» markalı mobil telefon saxlanılması üçün idarənin maddi sübutların saxlandığı kameraya təhvil verilmiş, bir ədəd DVD-R və iki ədəd CD disklərinin cinayət işinin materillarına əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 217-232, 234-236 və 239-241). Məhkəməyə təqdim olunan N №-li hərbi hissənin tərtib etdiyi xidməti xasiyyətnamənin kserosurətindən görünür ki, N №-li hərbi hissənin 2-ci taborunun 5-ci bölüyünün 1-ci taqım 2-ci manqasında baş atıcı vəzifəsində xidmət edən əsgər Təqsirləndirilən şəxs özünü nizam-intizamlı hərbi qulluqçu kimi göstərmiş, vəzifəsinin öhdəsindən layiqincə gəlmiş, nizamnamə qaydalarını bilməklə tabe olmağı bacarmışdır. Məhkəməyə təqdim olunan 2022-ci il 14 noyabr tarixli hesabatdan görünür ki, məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 26 iş saatı müddətində həyata keçirilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini, əməllərində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü qismən təqsirli bilməsinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlar ilə təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının 26-cı bəndində göstərilir ki, CPMin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan qərarının 27-ci bəndində göstərilir ki, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs təzyiq göstərilməsi barədə məhkəməyədək icraatda qanunla nəzərdə tutulmuş qaydada hər hansı müraciət edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadələrini təzyiq altında verməsi barədə ifadələrinə qiymət verməklə hesab edir ki, bunlar məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadələrin təzyiq tətbiq edilməsi ilə alınmasına dair iddialardan və həmin şəxsin öz maraqlarına əsaslanaraq vəziyyətinin yüngülləşdirilməsinə nail olmasına çalışmasından irəli gələn dəlillərindən ibarətdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, özünün qismən etirafedici və şahidlərin ifadələri, məhkəmə iclasında elan edilərək tətqiq olunan ibtidai araşdırmadakı Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs dindirilərkən ittiham olunduğu əməli qismən etiraf etməsi, maddi sübutların mövcudluğu, axtarış, baxış və digər istintaq hərəkətləri protokolları, ekspert və tibbi yoxlamanın rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlar ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs ilk məhkumluğunu, cavanlığını, X5 Müharibəsinin iştirakçısı olmaqla müsbət xarakterizə edilməsini, qeydiyyat və yaşayış yeri üzrə barəsində şikayət daxil olmadığını, ailə vəziyyətini işdə cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlandığı kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin təqdiqatdan sonrakı 1.306,8 qram çəkidə qalığı məhv edilməli, Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung A32» markalı mobil telefon sonuncunun yaxın qohumlarına qaytarılmalı, bir ədəd DVD-R və iki ədəd CD disklərinin cinayət işinin materillarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 110 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 156 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2022-ci il iyunun 10-dan hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirli bilinərək 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2022-ci il iyunun 10-dan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. 110 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 156 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlandığı kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin təqdiqatdan sonrakı 1.306,8 qram çəkidə qalığı məhv edilsin, Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung A32» markalı mobil telefon sonuncunun yaxın qohumlarına qaytarılsın, bir ədəd DVD-R və iki ədəd CD disklərinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Azər Paşayev Əhməd Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar