Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1798/2022 31.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx xxxxxxxx 1995-ci il tarixdə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Lerik rayonunun Gürdəsər kəndində qeydiyyatda olan, faktiki Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış və barəsində daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 09 iyun 2022-ci il tarixdə saat 17:00-da Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Oktay Şabanov küçəsində yerləşən yaşadığı nömrəsiz ünvanın qarşısında saxlanılaraq Suraxanı rayon Polis idarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı əynindəki boz rəngli idman şortunun sol cibindən iki ədəd şəffaf sellofan bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 4,777 qram və 2,400 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdar - 7,177 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, o, təxminən bir il əvvəldən başlayaraq inyeksiya yolu heroin istifadə etməyə başlamışdır. Narkotik vasitəni adətən Yeni Suraxanı qəsəbəsində yaşayan tanımadığı şəxslərdən almışdır. Bu heç də müntəzəm xarakter daşımamış, yalnız arabir qəbul etmişdir. Həm də heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Maddi imkanı zəif olduğundan heç vaxt böyük çəkidə heroin almağa imkanı olmamışdır. Zərərli vərdişinə və digər ailə problemlərinə görə atası ilə də münasibətləri tam korlanmış və ona görə də qaynatasıgilin yanına köçüb orada yaşamağa başlamışdır. Ərazinin sahə müvəkkili və digər polis əməkdaşları da onu tanımışdır. Ola bilsin ki, həmin polislər də onun narkotikdən istifadə etməsi barədə məlumatlı olmuşlar. 09 iyun 2022-ci il tarixdə saat 17:00-da Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yaşadığı nömrəsiz evin yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Həyəcanlanmış və polis əməkdaşları bundan şübhələnərək onu sorğu-sual etməyə başlamış, sonra onu yaxınlıqdakı Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində şəxsiyyəti müəyyən olunduqdan sonra ona videoçəkilişdən istifadə edilməklə üzərinə baxış keçiriləcəyi bildirilmişdir. Ona izah edilmişdir ki, istifadəçi kimi rəsmiləşdirilib işi məhkəməyə göndəriləcəkdir. Özü istifadəçi olduğuna görə razılaşıb bir söz deməmiş və polis işçilərinin dediyi kimi hərəkət etməyə razılaşmışdır. Sonra hüquq və vəzifələri izah olunduqdan sonra isə xidməti otaqların birində onun üzərinə baxış keçirmişdir. Baxış zamanı ondan üzərində hər hansı bir qanunsuz maddə və ya əşyanın olub-olmaması soruşulmuş, o da içərisində heroin olan iki ədəd bükümü polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları çəkiliş altında həmin bükümləri açıb baxmışlar və ondan bükümlərin içərisində nə olduğunu soruşmuşlar. Sorğu zamanı bükümlərin içərisindəki maddənin heroin olduğunu, həmin heroini 08 iyun 2022-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində ünvanını və adını bilmədiyi şəxsdən 20 manata öz şəxsi istifadəsi üçün aldığını və sonra istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş bükümlər zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş, protokol və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Amma əslində onun üstündə heroin olmamışdır. Həm də onu faktiki həyətdə saxlayıb aparmışlar. Sonradan ona istintaq vaxtı məlum olmuşdur ki, onun əməlini heroin satan kimi yazıblar və belə əmələ görə ona ağır cəza verilə bilər. Dəfələrlə müstəntiqə bunun niyə belə edildiyini demiş, amma heç bir nəticəsi olmamışdır. Ona görə də tutulanda üstündə heroin olmasa belə onun istifadəçi kimi təqsirli bilinməsini xahiş edir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, yalnız öz istifadəsi üçün əldə etmişdir. Həyat yoldaşı ilə rəsmi nikah bağlamağa imkan tapmasa da dini kəbinləri vardır və bu izdivacdan artıq iki övladı dünyaya gəlmişdir və hər ё yeganə gəlir gətirəni olmasının nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, təqribən bir ilə yaxındır ki, heroin kimi tanıdığı narkotik maddədən inyeksiya yolu ilə istifadə etmişdir. Narkotik maddəni Bakı şəhərində, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsindən tanımadığı şəxslərdən öz şəxsi istifadəsi üçün almışdır. Sonuncu dəfə 08 iyun 2022-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 20 manat nəğd pul ödəyərək iki büküm şəffaf rəngli selofana bükülmüş heroini tanımadığı şəxsdən almış, sonra istifadə etmək üçün üzərində saxlamışdır. 09 iyun 2022-ci il tarixdə saat 17:00-da Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi yaşadığı nömrəsiz evin yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim etmiş, həmin vaxt üzərində narkotik vasitə olduğu üçün həyəcanlanmış və polis əməkdaşları şübhələnərək onu sorğu-sual etməyə başlamışlar. Özünü şübhəli aparmağının səbəbini üzərində narkotik maddə olduğunu bildirmiş, polis əməkdaşları onu yaxınlıqda olan Polis Şöbəsinə gətirərək təhvil vermişlər. Polis şöbəsində şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində videoçəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş, o da üzərində saxladığı özünə məxsus içərisində heroin olan iki ədəd şəffaf rəngli selofana bükülmüş bükümü təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi bükümü açaraq içərisində heroin olduğunu aşkar etmişlər. Sorğu zamanı bildirmişdir ki, aşkar edilmiş narkotik maddəni 08 iyun 2022-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində ünvanını və adını bilmədiyi şəxsdən 20 manata öz şəxsi istifadəsi üçün almış, sonra istifadə etmək üçün üzərində saxlamışdır. Aşkar edilmiş narkotik maddə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş, protokol və qablaşdırılmış zərf onun və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, yalnız özü istifadə etmək üçün əldə etmişdir (cild 1, iş vərəqə 66-67). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 09 iyun 2022-ci il tarixdə Hövsan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı şöbə rəisinə raportla müraciət etmiş, əməliyyat qrupunun yaradılması və əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edildikdən sonra əməliyyat qrupunun üzvü, şöbənin əməliyyat müvəkkili Şahid2la birlikdə Təqsirləndirilən şəxs ehtimal olunduğu ünvana yollanmışlar. Həmin gün saat 17 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvanın yaxınlığında görüb ona yaxınlaşmışlar və özlərini təqdim edərək onu Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində onun şəxsiyyəti müəyyən olunduqdan sonra hüquq və vəzifələri izah edilmiş və xidməti otaqlardan birində videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş, sonuncu da başqa çıxış yolu olmadığından əynində olan boz rəngli şortunun sol yan cibindən 2 ədəd şəffaf selofan bükümdə toz şəklində olan narkotik vasitəyə bənzər maddəni çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin iki ədəd bükümdə olan maddənin heroin olduğunu, onu bir gün əvvəl Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manata aldığını və özü istifadə etmək üçün cibində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd büküm zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunaraq oxunmuş, zərfin üzəri və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra isə Təqsirləndirilən şəxs razılığı ilə onun yaşadığı Hövsan qəsəbəsi, O.Şabanov küçəsindəki nömrəsiz evə baxış keçirilmiş, lakin hər hansı qanunsuz əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması, o cümlədən üstündən tapılmış narkotik vasitəni satış məqsədilə əldə etməsi təsdiqini tapmamışdır. Əslində daxil olmuş ilkin əməliyyat məlumatının özündə belə onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məqam mövcud olmamışdır. Eləcə də onun həmin heroini əldə etdiyi mənbəni müəyyənləşdirmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs ümumilikdə polisə narkotik vasitə istifadəçisi kimi məlumdur. Müəyyən edilmişdir ki, bu şəxs məhz narkoman olmasına görə atası, digər ailə üzvləri ilə münasibətləri tam pozulmuşdur. Narkotik vasitə almaq üçün pul əldə etmək məqsədilə dəfələrlə ailəyə məxsus müxtəlif əşyaları digərlərinin məlumatı olmadan aparıb satmış, bu zəmində valideynləri ilə kəskin narazılıq və mübahisələri baş vermiş, həmin hallara görə də evdən çıxıb qaynatasıgildə məskunlaşmışdır. Onun ətrafında olan şəxslər, o cümlədən qaynı da polisə narkotik istifadəçiləri kimi məlumdur. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməliyyat-müvəkkili Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin təhqiqatçısı X4 göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onu ilk dəfə məlum hadisə ilə bağlı Polis Şöbəsinə gətirilərkən görmüşdür. Belə ki, Təqsirləndirilən şəxs 09 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində 30-cu Polis Şöbəsinə gətirilmiş və təhqiqatçı kimi material üzrə müvafiq prosessual hərəkətlərin aparılması ona həvalə edildiyindən videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş, sonuncu da əynindəki şortunun sol yan cibindən iki ədəd büküm çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin iki ədəd bükümdə olan maddənin heroin olduğunu, onu bir gün əvvəl Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs guya üstündən narkotik vasitə aşkar olunmamasına, ona narkotik istifadəçisi kimi rəsmiləşdiriləcəyinə söz verildiyi üçün narkotiki etiraf etməsinə dair ifadəsi tamamilə yalandır. Bütün prosessual hərəkətlər qanun çərçivəsində həyata keçirilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir psixi və ya fiziki təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs özünü kifayət qədər sərbəst və səmimi aparmış, sənədləşmə zamanı da narkomaniya xəstəliyindən əziyyət çəkdiyini, iki körpə uşağının olmasını bildirib təkidlə ona mümkün köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə müvəkkili X2 göstərdi ki, onun xidməti ərazisində yaşayan Təqsirləndirilən şəxs uzun müddətdir ki, narkotik istifadəçisi kimi tanımışdır. Həmin ərazidə yaşayan sakinlər və ailə üzvləri də Təqsirləndirilən şəxs narkotik istifadəçisi olduğunu bilmişlər, hətta bu səbəbdən ailəsi ondan üz döndərərək qəbul etməmiş, ona görə də qaynatasıgilə gedib yaşamağa başlamışdır. Sahə müvəkkili kimi hər dəfə Təqsirləndirilən şəxs görəndə onunla profilaktik söhbət aparmış, narkotikdən uzaq olmasını tövsiyyə etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onda məlumat olmamış, sonuncunu yalnız istifadəçi kimi tanımışdır. Onun ətrafında olan qaynı və digər bir neçə qəsəbə sakinlərinin də narkotik vasitə aludəçiləri olmaları barədə kifayət qədər məlumatlar daxil olur. Təqsirləndirilən şəxs hətta ev əşyalarını aparıb sataraq puluna narkotik vasitə əldə etməsi ilə bağlı dəfələrlə ailələrində narazılıqlar yarandığını bilir. Əməliyyat tədbiri keçirilən vaxtda da o özü bilvasitə yaxınlıqda olmuş, sahə müvəkkili kimi kömək lazımi olacağı təqdirdə xidməti vəzifəsinə uyğun olaraq kömək göstərmək üçün hazır olmuşdur. Hətta ona həm də “əmi” deyə müraciət edən Təqsirləndirilən şəxs həmin gün evin həyətində deyil, bilavasitə küçədə saxlandığını görmüşdür. Belə ki, onun qaldığı evin hasarına bitişik yardımçı tikili mövcuddur və o, həmin tikilinin qabağında olub. Qeyd olunan tikili də həyətdən çöl tərəfə düşür. Təqsirləndirilən şəxs qarşı hər hansı təsir göstərilməmiş, bütün hərəkətlər qanun çərçivəsində aparılmışdır. Hətta özü şəxsən bölmədə olarkən də onu görmüş və nəyəsə şəxsi ehtiyacının olub-olmaması ilə maraqlanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onun heç bir məlumatı yoxdur, amma tərəddüdsüz olaraq bu şəxsin uzun müddətdir ki narkotik vasitələrdən istifadə etdiyini və narkoman kimi xəstə olduğunu dəqiq bilir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarışı keçirilərkən sonuncu əynindəki boz rəngli şortunun sol yan cibindən 2 ədəd bükümdə narkotik vasitəyə bənzər maddələri çıxarıb təqdim etmiş və həmin bükümlərdə olan maddələrin narkotik vasitə olduğunu, onları bir gün əvvəl Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir (cild 1, iş vərəqə 31-32, 92). Məhkəmə-kimyəvi ekspertizasının 10 iyun 2022-ci il tarixli 6/3263 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş maddi sübut” yazısı və imzalar olan zərfdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,777 qram və 2,400 qram, ümumi təmiz çəkisi 7,177 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 7,077 qram təşkil etmişdir (cild 1, iş vərəqə 41-44). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 29 iyun 2022-ci il tarixli 3536 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranın asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 99-100). Məhkəmə psixiatrik ekspertizasının 19 sentyabr 2022-ci il tarixli 2513 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 106-108). Həyat yoldaşı ilə rəsmi nikahı olmasa da cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, faktiki olaraq təqsirləndirilən şəxsin himayəsində xx.xx.2017-ci il və xx.xx.2019-cu il təvəllüdlü iki azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 07 iyun 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci il maddəsi ilə təqsirli bilinərək 150 manat cərimə cəzasına məhkum olunmuşdur. Bundan başqa, o, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 17 sentyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci və 264-cü maddələri ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, azadlıqdan məhrum etmə cəzası 6 ay sınaq müddəti ilə şərti hesab olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 mart 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 2000 manat cərimə cəzasına məhkum olunmuş, Lerik rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli qərarı ilə 2000 manat cərimə cəzası 480 saat ictimai işlər cəzası ilə əvəz edilmişdir (cild 1, iş vərəqə 102-104). Lerik rayon İcra Hakimiyyəti Başçısının Əliabad kənd Ərazi icra nümayəndəsinin 25 noyabr 2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs 04 noyabr 2020-ci il tarixədək 480 saat ictimai işlər cəzasını tam çəkib bitirmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluqları ödənilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. Lakin ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan heç bir sübuta istinad etməmiş, məhkəmə baxışında da Təqsirləndirilən şəxs üzərində aşkar edilən narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, toplanmış ilkin sübutlar əsasında təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs barəsində cinayət işi 10 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlanmış, həmin gün toplanmış materiallar aidiyyəti üzrə eyni idarənin İstintaq şöbəsinə göndərilmiş və bundan sonra müstəntiq tərəfindən əməl heç bir yetərli sübut məcmusu olmadan Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham irəli sürülmüşdür. İbtidai istintaq orqanı “cinayət əməlinin tövsif olunması haqqında” 11 iyun 2022-ci il tarixli qərarında Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasına dair öz mövqeyini əsaslandırmağa cəhd edərkən hər hansı sübuta əsaslanmayan mülahizələr irəli sürərək göstərmişdir ki, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitənin külli miqdarda olması, həmçinin ayrı-ayrı bükümlərdə olması həmin narkotik vasitəni satış məqsədilə əldə etməsinə kifayət qədər əsas verir”. Məhkəmə ibtidai istintaq orqanının bu qənaətini əsassız hesab edərək qeyd edir ki, narkomaniya xəstəliyindən əziyyət çəkən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin miqdarının külli miqdarda olması, həmçinin onun ayrı-ayrı bükümlərdə olması digər mötəbər sübutların olmadığı bir halda əməlin satış məqsədilə edilmə kimi qiymətləndirilməsi üçün əsas vermir. Heç bir sübut mövcud olmadığı halda satış məqsədinin yalnız ehtimalı üçün irəli sürüləcək hər hansı fərziyyəni məhkəmə ağlabatan hesab etmir. Cinayət işinin materiallarına əlavə edilmiş əməliyyat tapşırığından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması, ondan aşkar olunmuş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi tapşırılmışdır. Həmin əməliyyat tapşırığına verilən cavabda isə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasının müəyyən edilmədiyi, ondan aşkar olunmuş narkotik vasitənin mənbəyini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir (cild 1, iş vərəqə 85, 96). Məhkəmə şəxsi axtarış və götürmə protokolunu, aşkar edilmiş narkotik vasitənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Lakin həmin sübutlar, habelə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, “Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi və işin digər halları nəzərə alınmalıdır”. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli idman şortunun sol cibindən iki ədəd şəffaf sellofan bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 4,777 qram və 2,400 qram olmaqla, ümumi təmiz çəkisi 7,177 qram olan külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlaması onun özünün müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadələri, şəxsi axtarış və götürmə barədə protokol, əməliyyatı keçirmiş polis əməkdaşlarının ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə tam sübuta yetirilir. Onun həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, narkotik vasitələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamış və faktiki olaraq bu istiqamətdə hər hansı istintaq hərəkəti yerinə yetirilməmişdir. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan narkotik vasitəni satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir sübut yoxdur. Təqsirləndirilən şəxs narkotik vasitələrə aidiyyəti barədə məlumatı əldə etmiş və narkotik vasitənin aşkar edilib götürülməsi üçün müvafiq əməliyyat tədbirində iştirak etmiş polis əməkdaşları da ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması, o cümlədən üstündən tapılmış narkotik vasitəni satış məqsədilə əldə etməsi barədə heç bir məlumat əldə edilməmiş, daxil olmuş ilkin əməliyyat məlumatında da onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məqam mövcud olmamışdır. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 09 iyun 2022-ci il tarixli qərarda göstərilmişdir ki, “... Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma və istifadəsi barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur...” (cild 1, iş vərəqə 5-6). Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı şəraitdə narkotik vasitənin yalnız külli miqdarda olması və onun bükümlərə ayrılması şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan heroinin yalnız külli miqdarda - 7,177 qram olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir ki, o da ittihamın əsasına qoyula bilməz. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin ona heç bir aidiyyatının olmamasına dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etməsini, saxlamasını və daşımasını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı, yəni satış məqsədi olmadan külli miqdarda narkotik vasitəni əldə etməsinə dair ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində faktiki iki azyaşlı uşağının olmasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 09 iyun 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 iyun 2022-ci il tarixli qərarı ilə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 20, 76-78). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, tutulduğu və ev dustaqlığında olduğu müddət ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 09 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edirki, iş üzrə maddi sübut olub Bakı şəhəri Suraxanı rayon polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 7,077 qram təşkil edən narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 42). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Tutulduğu və ev dustaqlığında olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs oğluna təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 09 iyun 2022-ci il il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 7,077 qram təşkil edən heroin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1798/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1798/2022
31.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver