Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1799/2025 26.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Pənahov Babək Əkbər oğlunun sədrliyi Kamranov Hafiz Eldar oğlu və X2 ibarət tərkibdə Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 19 saylı Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1999-cu il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, subay, məhkum olunmamış, Yevlax şəhəri, Ərəblinski küçəsi, mənzil 23-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa Rəna kimi məlum olan və İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən Əfşin adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma barədə razılığa gəlib bu cinayətin həyata keçirilməsi üçün aralarındakı razılaşmaya əsasən qrupun üzvü Rəna adlı şəxs Əfşin adlı şəxslə “WhatsApp” tətbiqi vasitəsilə danışıq zamanı sonuncunun ona göndərdiyi məkan məlumatları əsasında istintaqa məlum olmayan tarixdə və ünvana birlikdə getmiş, qrup üzvü olaraq o, bir ədəd ağ rəngli parça bağlamada iki ədəd üzəri yapışqanlı sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 875 və 900 qram olmaqla, ümumi çəkisi 1.775 qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə Əfşin adlı şəxsin Rəna adlı şəxsə bildirəcəyi ünvanlara çatdırmaqdan ötrü əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Muxtarov qəsəbəsi, 9-cu Mədən küçəsinə daşımış, onun və Rəna adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 25 may 2025-ci il tarixdə, saat 19:58-də Bakı şəhəri, Sabunçu rayonu, Muxtarov qəsəbəsi, 9-cu Mədən küçəsində şübhəli şəxs qismində saxlanılaraq həmin yerdə onun üstünün yoxlanılması zamanı əlində olan bir ədəd ağ rəngli parça bağlamada iki ədəd üzəri yapışqanlı sellofanda olan həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, marixuanadan istifadə etsə də, heç vaxt onun satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən onunla birlikdə saxlanılan Rəna Beybudova xalası oğlunun qeyri-rəsmi arvadıdır. 25 may 2025-ci il tarixdə günorta vaxtı Rəna uşağı ilə birlikdə onların “NZS”də yerləşən yaşadığı evə qonaq gəlmiş, lakin uşağına təmiz paltarları götürməyi unutduğu üçün onunla birlikdə Ramanı qəsəbəsinə evinə getməyi xahiş etmişdir. O da buna etiraz etməyib öz telefonundan Ramanı qəsəbəsində yerləşən “Şuşa şəhərciyi”nə taksi sifariş vermişdir. Həmin yerə çatanda onlar yolda taksidən düşmüş və Rəna boşluq ərazi tərəfə istiqamətlənmişdir. Bir qədər getdikdən sonra Rəna əyilərək bir torbanı götürmək istəmiş, lakin hamilə olduğu üçün bunu edə bilmədiyi üçün o, torbanı götürmüşdür. Elə həmin vaxtı bir neçə polis əməkdaşları onları saxlayıb üstlərini yoxlamış, torbadan ota oxşar maddə aşkar olunaraq götürülmüş, habelə telefonu da alınmışdır. Bildirir ki, torbada marixuananın olmasından və Rənanın onu harasa aparıb qoyacağından məlumatı olmamış, sonuncu bu barədə ona heç bir söz deməmişdir. İran vətəndaşı olan Əfşin adlı şəxsi də tanımır, onunla ünsiyyəti olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 25 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs və X4 qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə əldə etməsi və daşıması barədə şöbəyə məlumat daxil olmuşdur. Bunu yoxlamaq üçün əməliyyat qrupu yaradılmış, qeyd olunan şəxslərin cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı onlar həmin günü saat 19:58-də Bakı şəhəri, Sabunçu rayonu, Muxtarov qəsəbəsi, 9-cu mədən küçəsinin yaxınlığında açıq və boşluq olan ərazidə saxlanılmışlar. Üzərləri videoçəkiliş vasitəsilə yoxlanılan zaman Təqsirləndirilən şəxs əlində saxlayaraq daşıdığı bir ədəd ağ rəngli çanta götürülərək içinə baxıldıqda orada iki ədəd sellofan bağlamada yaşıl ot kütləsi aşkar edilmişdir. Həm bu bağlamalar, həm də Ümidə məxsus 02 ədəd mobil telefon götürülərək qablaşdırılmışdır. Daha sonra Rəna Beybudovanın qadın olması səbəbindən üzərinə şəxsi axtarışın keçirilməsi və hər ikisi barədə araşdırmanın davam etdirilməsi zərurəti ilə əlaqədar olaraq bu şəxslər 12-ci polis şöbəsinə gətirilmişlər. Orada R.Beybudova üzərində şəxsi axtarış keçirilsə də, hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Sorğu-sual zamanı Rəna bildirmişdir ki, İran vətəndaşı Əfşin adlı şəxs ona narkotik vasitənin yerini “WhatsApp” tətbiqi vasitəsilə göndərmiş və 700 manat pulun müqabilində başqa ünvana çatdırmasını tapşırmış, o da razılaşaraq ərinin xalası oğlu Təqsirləndirilən şəxslə birlikdə həmin ünvana gedib narkotiki götürdükdən sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ümid də eyni izahat vermişdir. Məhkəmədə şahid Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunda ifadə verdi. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” və “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokollara, onlara əlavə edilmiş disklərə əsasən Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı onun əlində olan ağ rəngli çantanın içərisindən iki ədəd sellofana bükülmüş yaşıl rəngli ot şəkilli kütlə, qara rəngli əl çantasından 070 ***-**-** GSM nömrə ilə istifadə olunan bir ədəd “Samsung A50” markalı və 055 ***-**-** GSM nömrəsi ilə istifadə olunan “Xiaomi” markalı telefonlar, bank kartları aşkar olunur. Təqsirləndirilən şəxs və onun yanında olan Rəna adlı qadın verilən suallara cavab olaraq aşkar olunmuş narkotik vasitəni üzdən tanımadıqları İran vətəndaşı kimi şifahi tanıdığı şəxsdən telefon vasitəsilə danışaraq 700 manat qarşılığında həmin iki ədəd bağlamanı Sabunçu rayonu, Muxtarov qəsəbəsi yaxınlığından götürüb başqa məkana aparacaqlarını bildirirlər (İ cild, i.v.08-10; 58-60; disklər); • “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokola və ona əlavə edilmiş diskə əsasən Rəna Beybudovanın üzərinə şəxsi axtarış zamanı heç nə aşkar olunmur. Verilən suallara cavab olaraq Rəna Beybudova bildirir ki, İran İslam Respublikasının vətəndaşı olan Əfşin adlı şəxs ona narkotik vasitənin yerini “WhatsApp” tətbiqi vasitəsilə göndərərək 700 nanat pulun müqabilində başqa ünvana çatdırmasını istəmiş və o razılaşaraq ərinin xalası oğlu Təqsirləndirilən şəxslə birlikdə həmin ünvana gedib narkotik vasitəni götürdükdən sonra polis əməkdaşları tərəfindən saxlanılmışlar. Ona məxsus olan ***-***-**-** nömrəli mobil telefon aparatı Təqsirləndirilən şəxsdir (İ cild, i.v.54-56; disk); • “Şübhəli şəxsin dindirmə” və “Təqsirləndirilən şəxsin dindirməsi” protokollarında Təqsirləndirilən şəxs əks olunmuş ifadələrinə əsasən o, tutulana qədər Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, M.Əmirxanov küçəsi, mənzil 183-də yaşamışdır. Təxminən 1 il olar ki, narkotik vasitə olan marixuanadan istifadə edir. Əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Xalasıoğlu Elvinin qeyri-rəsmi həyat yoldaşı olan Rəna Beybudova xx.xx.2025-ci il tarixdə ona bildirmişdir ki, İran İslam Respublikasın vətəndaşı olan Əfşin adlı şəxs ondan narkotik vasitə olan marixuananı Sabunçu rayon ərazisindən götürüb başqa ünvana çatdırmasını istəyib və bunun müqabilində ona 700 manat pul vəd verib. Rəna hamilə vəziyyətdə olduğu üçün onunla birlikdə gedib narkotik vasitəni götürməyi xahiş etmiş, o da razılaşmış və onunla xx.xx.2025-cı il tarixdə, saat 19 radələrində görüşərək İran vətəndaşının Rənanın mobil telefonuna “WhatsApp” ani mesajlaşma tətbiqinə göndərdiyi məkan üzrə Bakı şəhəri, Sabunçu rayonu, Muxtarov qəsəbəsi, 9-cu Mədən küçəsinə taksi ilə gəlmiş və taksi getdikdən sonra telefonda olan məkan üzrə və ərazinin şəkli ilə həmin yeri tapdıqdan sonra Rəna narkotik vasitənin orada ağ rəngli parça torbada olduğunu bildirmişdir. Bundan sonra, o, həmin torbanı götürmüş və içərisində daha 02 ədəd sellofan bükümlərin olduğunu görmüşdür. Rəna bildirmişdir ki, onlar həmin bükümləri İran İslam Respublikası vətədaşının dediyi başqa bir ünvana atmalıdırlar. Beləliklə, həmin vaxt təxminən saat 19:50 radələrində o, Rəna ilə birlikdə piyada hərəkət edib yola çıxmaq istəyən zaman polis əməkdaşları yaxınlaşaraq onları saxlamış və ona narkotik vasitələrin dövriyyəsində şübhəli şəxs olduğunu bildirib videoçəkilişlə üstünü yoxlamağa başlamışlar.........” (İ cild, i.v.82-84, 97-99); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2025-ci il tarixli, 7/776 nömrəli rəyinə görə tədqiqata təqdim edilmiş, üzərində “Saxlanılan şəxs Ümid Qrayev imza...” yazı və imzalar olan bir ədəd ağ rəngli parça bağlamada iki ədəd üzəri skoçlu, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 875 və 900 qram olmaqla, ümumi çəkisi 1.775 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqatdan sonra marixuananın qalıq çəkisi 1.774,9 qram, aparılmış tədqiqatın dəyəri isə 70 manat təşkil edir (İ cild, i.v.70-73); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X10 Ambulator X1 haqqında xx.xx.2025-ci il tarixli, 4607 nömrəli rəyinə görə Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (İ cild, i.v.177-178); • “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokola görə Təqsirləndirilən şəxs oğundan götürülmüş “Samsung A50” markalı mobil telefona baxış keçirilmiş, iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumatlar aşkar olunmamışdır (İ cild, i.v.165); • Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrə ilə bağlı "xxxx" MMC tərəfindən təqdim edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il protokola əsasən iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumatlar aşkar olunmamışdır (İ cild, i.v.163-164; 166-176); • “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2025-ci il tarixli və “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarlarla Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 1.774,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, şəxsi axtarış, götürmə və baxışı əks etdirən 03 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış, narkotik saxlanılması üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə təhvil verilmiş, disklər işə iş materiallarına əlavə olunmuşdur (İ cild, i.v.114-115; 179-188); • “Cinayət işinin materiallarından yeni cinayət işinin ayrıca icraata ayrılması haqqında” xx.xx.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs qabaqcadan əlbir olduğu İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən “Əfşin” adlı şəxsin şəxsiyyətinin, ümumiyyətlə narkotik vasitənin mənbətinin müəyyən edilməsi və Təqsirləndirilən şəxs həmin cinayət əməlini törədən zaman qabaqcadan əlbir olduğu X5 cinayət məsuliyyətinə cəlb edilmələri zərurəti ilə əlaqədar ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 vǝ 234.4.3-cü maddələri ilə yeni ********* nömrəli cinayət işi ayrılmışdır (İ cild, i.v.190-191); • Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(008)- 252/2025 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.108-112); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli arayışına görə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, i.v.154-155). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri həmin Məcəllənin 234.2 (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma), 234.3 (narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma) və 234.3-1-ci (yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə) maddələrində nəzərdə tutulmuş əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədilməsinə görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununa görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş (1.0.9-cü maddə), narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür (1.0.11-ci maddə). “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarında göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir (8-ci bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır (9-cu bənd). Cinayət Məcəlləsinin 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi Məcəllənin 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir (12-ci bənd). “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə qurudulmuş marixuananın aşağı həddi külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla 500 qram təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa Rəna kimi məlum olan və İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən Əfşin adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma barədə razılığa gəlib bu cinayətin həyata keçirilməsi üçün aralarındakı razılaşmaya əsasən qrupun üzvü Rəna adlı şəxs Əfşin adlı şəxslə “WhatsApp” tətbiqi vasitəsilə danışıq zamanı sonuncunun ona göndərdiyi məkan məlumatları əsasında istintaqa məlum olmayan tarixdə və ünvana birlikdə getmiş, qrup üzvü olaraq o, bir ədəd ağ rəngli parça bağlamada iki ədəd üzəri yapışqanlı sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 875 və 900 qram olmaqla, ümumi çəkisi 1.775 qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə Əfşin adlı şəxsin Rəna adlı şəxsə bildirəcəyi ünvanlara çatdırmaqdan ötrü əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Muxtarov qəsəbəsi, 9-cu Mədən küçəsinə daşımış, onun və Rəna adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 25 may 2025-ci il tarixdə, saat 19:58-də Bakı şəhəri, Sabunçu rayonu, Muxtarov qəsəbəsi, 9-cu Mədən küçəsində şübhəli şəxs qismində saxlanılaraq həmin yerdə onun üstünün yoxlanılması zamanı əlində olan bir ədəd ağ rəngli parça bağlamada iki ədəd üzəri yapışqanlı sellofanda olan həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Bu cinayətin törədilməsi məhkəmə istintaqında Təqsirləndirilən şəxs özü tərəfindən inkar olunaraq qeyd olunan ünvana Rəna Beybudovanın uşağına paltarlar götürmək üçün onun xahişi əsasında birlikdə getdiyini və narkotikdən məlumatlı olmadığını bildirsə də, təqsirləndirilən şəxsin hadisə yerində aparılan video çəkiliş zamanı və ibtidai istintaq dövründə vermiş olduğu ifadələri, şahid ifadələri, habelə digər mötəbər dəlillərlə onun tərəfindən qabaqcadan əlbir olub bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərin edilməsi tam sübuta yetirilir. Bununla da Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi müəyyən edilir. Törədilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulmuş əməllərin törətməsində təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun həbsə alındığı andan – 25 may 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 1.774,9 qram qurudulmuş marixuana Cinayət- Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, 03 ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 70 manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 220 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın, ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 1.774,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 220 (iki yüz iyirmi) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Babək Pənahov Hakimlər: Hafiz Kamranov Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(101)-1799/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1799/2025
26.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver