Məhkəmə qərarları › İş №1(101)-180/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-180/2021

05.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-180/2021 05.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəmləsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3 və müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxxxxx 1962-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi, ev 20 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır: belə ki, o, istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə satış məqsədilə qanunsuz olaraq 5 ədəd bükümdə külli miqdarda 51,268 qram çəkidə narkotik vasitə heroini, 9 ədəd bükümdə külli miqdarda 52,421 qram çəkidə narkotik vasitə tiryəki və 4 ədəd bükümdə külli miqdarda 19,316 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla qanunsuz olaraq yaşadığı ünvan 2-ə daşıyıb saxlamış, həmin narkotik vasitələrdən bir ədəd şəffaf polietilen bükümdə 10,252 qram çəkidə narkotik vasitə heroini üzərində qanunsuz saxlamaqla yaşadığı evin yaxınlığına daşımış, onun mütəmadi olaraq Abşeron rayonu ərazisində narkotik vasitə heroin, narkotik vasitə tiryək və psixotrop maddə metamfetamini əldə edib üzərində gəzdirməsi, satışı ilə məşğul olması və yaşadığı evdə saxlaması barədə daxil olmuş məlumat əsasında xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 17 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, döngə 8, 21 nömrəli evin yaxınlığında saxlanılaraq üzərinə keçirilən baxış zamanı əynindəki cins şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd şəffaf polietilen bükümdə külli miqdarda 10,252 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin tarixdə saat 17 radələrində adı çəkilən İdarənin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs dəvəti və icazəsi ilə faktiki yaşadığı həmin ünvana keçirilən baxış zamanı mətbəxdə yerləşən dolabdan Təqsirləndirilən şəxs satış məqsədi ilə əldə edib daşımaqla saxladığı ayrılıqda çəkiləri 11,890 qram, 9,837 qram, 12,994 qram və 6,295 qram olan 4 ədəd bükümdə narkotik vasitə heroin, ayrılıqda çəkiləri 2,094 qram, 2,185 qram, 2,258 qram, 2,769 qram, 2,582 qram, 2,109 qram, 1,998 qram, 0,953 qram və 35,473 qram olan 9 ədəd bükümdə narkotik vasitə tiryək və ayrılıqda çəkiləri 4,136 qram, 4,323 qram, 6,610 qram və 4,247 qram olan 4 ədəd bükümdə psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək göstərmişdir ki, təxminən 25 il ayaqqabı sexində işlədiyindən və orada uzun müddət boya kimi toksik maddələrin təsiri altında olduğundan işdən çıxdıqdan sonra başında dözülməz ağrılar yaranmış, narkotik vasitə heroinin ağrıları aparmasını öyrənmiş, bu səbəbdən tutulmadan təxminən 10 ay qabaq özü üçün həmin heroin narkotik vasitəni əldə edib istifadə etmiş, həqiqətən də başındakı ağrıların getdiyini hiss etmiş, xx xxxxxx 2019-cu il tarixdə saat 17 radələrində polis əməkdaşları onun evinə gələrək, xidməti vəsiqələrini göstərmiş, özlərini təqdim edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş, ondan özünü təqdim etməyini tələb etmişlər, o, öz anket məlumatlarını onlara bildirmiş, bundan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etmişlər, polis əməkdaşları ona mütəmadi olaraq Abşeron rayonu ərazisində narkotik vasitə olan heroini, tiryəki və psixotrop maddə olan metamfetamini əldə edib üzərində gəzdirməkdə, satışı ilə məşğul olmaqda və yaşadığı evdə saxlamaqda şübhəli olduğunu izah etmişlər, polis əməkdaşlarının tələbi ilə o, evdən həyətə çıxmış, polis əməkdaşları guya onu küçədə, evindən kənarda saxlamışlar, üzərində əşya olduğu halda təqdim etməsini təklif etmişlər, o, üzərində heç nə olmadığını bildirmiş, polis əməkdaşları üzərinə baxış keçirərkən narkotik vasitə aşkar etməmiş, onun cibinə narkotik vasitə qoyaraq guya üstündən narkotik vasitə aşkar edildiyini bildirmişlər, polis əməkdaşlarının tələbi ilə yaşadığı evə getmişlər, onlar həyətə daxil olduqdan sonra polis əməkdaşları bir daha ondan üzərində olan əşyaları təqdim etməyini tələb etmişlər, o, əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən iki ədəd siqaret qutusunu, bir ədəd mobil telefonu, üç ədəd açarı, əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən polis əməkdaşlarının özlərinin qoyduqları bir ədəd şəffaf polietilen bükümü, əynində olan tünd göy rəngli cins şalvarının sol arxa cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini çıxarıb tədbir iştirakçılarına təqdim etmiş, polis əməkdaşları həmin bükümü açmış, içərisinə baxdıqdan sonra zərfə qoyaraq möhürləmiş, o da polis əməkdaşları kimi həmin zərfi imzalamış, təqdim etdiyi iki ədəd siqaret qutusu və üç ədəd açarı onun özünə qaytarılmış, şəxsiyyət vəsiqəsi və mobil telefonunun iş üçün əhəmiyyət kəsb etdiyini bildirirək götürmüşlər, yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etməmiş, evə daxil olarkən artıq masanın üstündə bir neçə bükümün olduğunu görmüş, polis əməkdaşları həmin bükümlərin ona məxsus olduğunu bildirmişlər, o, bükümlərin ona məxsus olmadığını, tərəzinin ona aid olmadığını bildirmiş, həmin tərəzi həqiqətən də ona məxsus olmamış, onun evində ancaq 30 qram heroin və 10 qram tiryək aşkar olunmuş, başqa narkoik vasitə olmamış, həmin narkotik vasitələri də özünün istifadəsi üçün tanımadığı şəxsdən əldə etmiş, heç kimə narkotik vasitə satmamış, satmaq fikrində olmamışdır. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilmiş Təqsirləndirilən şəxs göstərmişdir ki, 2019-cu ilin oktyabr ayında Salyan rayonuna getmişdir; belə ki, arvadı X6 rayonundan olduğu üçün onlar tez-tez ora gedib-gəlmişlər; həmin ərəfələrdə orada bir nəfər şəxslə tanış olmuş, həmin şəxsə hər kəs “Kama” deyə müraciət etmişdir; onun yanında Nazim adlı şəxs də işləmiş, onlar Salyan bazarında meyvə-tərəvəz satışı ilə məşğul olmuşlar; bir neçə dəfə Kamadan meyvə aldıqdan sonra aralarında müəyyən münasibət yaranmışdır; bir dəfə söhbət əsnasında Kamaya narkotik vasitə heroin istifadə etdiyini söyləşmiş və özü üçün heroin tapa biləcəyini ondan soruşmuşdur; Kama bir neçə tanışından bu barədə maraqlanacağını və əgər tapsa xəbər edəcəyini söyləmişdir; bir neçə saatdan sonra Kamanın yanına getdikdə o, heroin tapdığını və qramının 40 manata satıldığını bildirmişdir; həmin şəxs ilə razılaşmış və bunun üçün ona 1700 manat pul vermişdir; Kama pulu aldıqdan sonra danışıb daha ucuz qiymətə daha çox narkotik vasitə heroin alacağını bildirmişdir; bundan bir neçə gün sonra Kamanın işlədiyi yerə getmiş və onun orada olmadığını görmüşdür; onun dostu Nazimə yaxınlaşmış və ona olanlar barədə danışmışdır; Nazim məsələdən xəbərinin olduğunu Kamanın tutulduğunu, lakin narkotik vasitə almaq üçün ona göstəriş verdiyini bildirmişdir; dəqiq xatrılamadığı sayda bükümləri ona vermiş və həmin bükümlərin içərisində narkotik vasitə heroin, narkotik vasitə tiryək və psixotrop maddə metamfetamin olduğunu söyləmişdir; ondan sadəcə heroin istədiyini bildirdikdə verdiyi əlavə şeylərdən də istifadə etməyini, məsləhətli olduğunu və xoşuna gələcəyini bildirmişdir; bundan sonra ondan həmin bükümləri almış və oradan uzaqlaşmış, bundan sonra Bakıya qayıtmışdır; həmin bükümlərdən sadəcə heroindən istifadə etmişdir; qalan bükümləri yaşadığı ünvan 2-də mətbəxdə dolabın içərisində gizlətmişdir; xx xxxxxx 2019-cu il tarixdə saat 17 radələrində dükana getmək üçün evdən çıxmışdır; bir qədər getdikdən sonra bir neçə nəfər mülki geyimli, lakin üzərilərində polis jiletləri olan şəxslər ona yaxınlaşmışlar; onlar xidməti vəsiqlərini göstərib özlərini təqdim etmişlər; həmin şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş və özünü təqdim etməyini istəmişlər; öz anket məlumatlarını bildirmiş və bundan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etmişlər; daha sonra polis əməkdaşları izah etmişlər ki, özü mütəmadi olaraq Abşeron rayonu ərazisində narkotik vasitə olan heroini, tiryəki və psixotrop maddə olan metamfetamini əldə edib üzərimdə gəzdirməkdə, satışı ilə məşğul olmaqda və yaşadığı evdə saxlamaq şübhəlidir; polis əməkdaşları üzərində nə əşya varsa təqdim etməsini təklif etmiş, özü əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümü çıxararaq həmin bükümün içərisindəki maddənin narkotik vasitə heroin olmasını bildirdikdən sonra həmin bükümü əynindəki şalvarının sağ yan cibinə qoyub qonşuların bu halı görmələrini istəmədiyi üçün xahiş tədbirin yaşadığı ünvanda davam etdirilməsini xahiş etmişdir; polis əməkdaşları xahişini nəzərə almış və yaşadığı ünvana yollanmışlar; oraya çatdıqda etiraz etməyərək tədbir iştirakçılarını yaşadığı ünvana dəvət etmişdir; onlar həyətə daxil olduqdan sonra polis əməkdaşları bir daha ondan üzərində nə əşya varsa təqdim etməyini bildirmiş, o əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən iki ədəd siqaret qutusunu, bir ədəd mobil telefonu, üç ədəd açarı, əynimdə olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümü, əynimdə olan tünd göy rəngli cins şalvarının sol arxa cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini çıxarıb tədbir iştirakçılarına təqdim edərək təqdim etdiyi bükümdə olan maddə narkotik vasitə olan heroin olduğunu bildirmişlər; polis əməkdaşları həmin bükümü açmış və içərisinə baxdıqdan sonra zərfə qoyaraq möhürləmişlər; polis əməkdaşları kimi özü də həmin zərfin üzərinə imza etmişdir; təqdim etdiyi iki ədəd siqaret qutusu, üç ədəd açarı özünə qaytarmış, şəxsiyyət vəsiqəsi və mobil telefonun isə iş üçün əhəmiyyət kəsb etdiyini bildirirək götürmüşlər; bundan sonra onun üzərinə baxış keçirilmişdir; baxış zamanı əlavə əşya və predmetlər aşkar olunmamış və götürülməmişdir; şifahi sorğu zamanı yaşadığı evdə özünə məxsus narkotik vasitələr və psixotrop maddələr olduğunu bildirmişdir; yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etməmişdir; tədbir iştirakçılarını yaşadığı evə dəvət etmişdir; mətbəxdə yerləşən dolabın alt gözündən bir ədəd dəmir qabı və bir ədəd elektron tərəzini tədbir iştirakçılarına təqdim etmişdir; polis əməkdaşları həmin dəmir qabı açmış və oradan dörd ədəd şəffaf polietilen bükümdə narkotik vasitə heroini, doqquz ədəd şəffaf polietilen bükümdə narkotik vasitə tiryəki və dörd ədəd şəffaf polietilen bükümdə psixotrop maddə metamfetamini götürmüşlər; həmin on yeddi ədəd şəffaf polietilen bükümlər dəmir qaba qoyularaq bir ədəd elektron tərəzi ilə birlikdə bir ədəd zərfdə qablaşdırılaraq zərfə qoyulmuş və möhürlənmiş, polis əməkdaşları zərfi imzalamışlar; sonra evə baxış keçirilmiş və baxış zamanı evdən əlavə əşya və predmetlər aşkar olunmamış və götürülməmişdir; bundan sonra onlar Baş Narkotiklərlə Mübarizə İdarəsinə yollanmışlar; oraya gəldikdə hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil təyin edilmiş və vəkilin iştirakı ilə protokol tərtib edilmişdir; heç bir etirazı olmadığı üçün həmin protokolu imzalamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq həmin ifadəni özünü müdafiə xarakterli hesab edir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. İş üzrə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadə verərək göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə ünvan 2 saylı ünvanda yaşayan 1962-ci il təvəllüdlü X1 mütəmadi olaraq Abşeron rayonu inzibati ərazisində narkotik vasitə olan heroin, tiryək və psixotrop maddə olan metamfetamini əldə edib üzərində gəzdirməyi, satışı ilə məşğul olması və yaşadığı evdə həmin maddələri saxladığı barədə məlumat daxil olmuş, alınmış məlumat barədə raportla Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində Abşeron rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmış, bu barədə əməliyyat qrupu yaradılmış, qərara əsasən Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarından ibarət qrup yaradılmış və tədbirin keçirilməsinə başlanılmış, əməliyyat qrupunun üzvləri ilə birlikdə xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs olması ehtimal olunan ünvan 2 ünvanının yaxınlığına yollanmış və orada əməliyyat mövqeyi seçmiş, xx xxxxxx 2019-cu il tarixdə saat 17:29-da ünvan 2 ünvanının yaxınlığında xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxs müəyyən edib, ona yaxınlaşmışlar, həmin şəxsə xidməti vəsiqə göstərmiş, özlərini təqdim etmiş, həmin şəxsdən özünü təqdim etməsini istəmiş, həmin şəxs özünü xx xxxxxx 1962-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs kimi təqdim etmiş, Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etmiş, sonuncuya mütəmadi olaraq Abşeron rayonu ərazisində narkotik vasitə olan heroini, tiryəki və psixotrop maddə olan metamfetamini əldə edib üzərində gəzdirməsində, satışı ilə məşğul olmasında və yaşadığı evdə həmin maddələri saxlamasında şübhəli olduğunu izah etmiş, həmin şəxs bununla əlaqədar qərarda öz qeydiyyatını aparmış, Təqsirləndirilən şəxs üzərində əşya olduğu halda təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümü çıxararaq həmin bükümün içərisindəki maddənin “kokos” yəni narkotik vasitə heroin olmasını bildirdikdən sonra həmin bükümü əynindəki şalvarının sağ yan cibinə qoyub, qonşuların bu halı görmələrini istəmədiyi üçün söhbətin onun yaşadığı ünvanda davam etdirilməsini xahiş etmiş, İslam və əməliyyat qrupunun digər üzvləri Təqsirləndirilən şəxs yaşadığı ünvana yollanmış, ünvana daxil olduqdan sonra Təqsirləndirilən şəxs həyətyanı sahəsində olan zaman bir daha ondan üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşya olduğu halda təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən iki ədəd siqaret qutusunu, bir ədəd mobil telefonu, üç ədəd açarı, əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümü, əynində olan tünd göy rəngli cins şalvarının sol arxa cibindən özünə məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsini çıxarıb tədbir iştirakçılarına təqdim edərək təqdim etdiyi bükümdə olan maddə narkotik vasitə olan heroin olduğunu bildirmiş, həmin büküm açıldıqda orada tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddə aşkar olunmuş, büküm maddə ilə birlikdə bir ədəd zərfə qoyularaq DİN-in 7 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri onlar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmış, Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd siqaret qutusu, üç ədəd açar zərurət olmadığı üçün özünə qaytarılmış, şəxsiyyət vəsiqəsi və mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərindən əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamış, sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə özünə məxsus narkotik vasitələr və psixotrop maddələrin olduğunu bildirmiş, yaşadığı evə baxış keçirilməsinə etiraz etməmiş, Təqsirləndirilən şəxs tədbir iştirakçılarını yaşadığı evə dəvət etmiş, həmin ev bir mərtəbəli olmaqla, iki otaqdan, mətbəxdən, sanitar qovşağından, həyətyanı sahədən və orada olan quşların və məişət əşyalarının saxlanılması üçün nəzərdə tutulmuş tikililərdən ibarətdir. Təqsirləndirilən şəxs mətbəxdə yerləşən dolabın alt gözündən bir ədəd dəmir qabı və bir ədəd elektron tərəzini tədbir iştirakçılarına təqdim etmiş, həmin dəmir qab açıldıqda orada dörd ədəd şəffaf polietilen bükümdə içərisində tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddələr, doqquz ədəd şəffaf polietilen bükümdə içərisində tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan tiryəkə oxşar maddələr və dörd ədəd şəffaf polietilen bükümdə içərisində ağ rəngli, tozkristal formalı, psixotrop maddə olan metamfetaminə oxşar maddələr aşkar olunmuş, həmin on yeddi ədəd şəffaf polietilen bükümlər dəmir qaba qoyularaq bir ədəd elektron tərəzi ilə birlikdə bir ədəd zərfdə qablaşdırılaraq zərfə qoyulmuş və möhürlənmiş, Təqsirləndirilən şəxs və tədbir iştirakçıları zərfi imzalamış, daha sonra evin hər iki otağına, sanitar qovşağına, mətbəxə, həyətyanı sahəyə və orada yerləşən quşların və məişət əşyalarının saxlanılması üçün nəzərdə tutulmuş tikililərə baxış keçirilmiş, baxış zamanı oradan əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamış, sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən təqdim etdiyi narkotik vasitə olan heroinin bir qramını 40 manata, narkotik vasitə olan tiryəkin bir qramını 10 manata, psixotrop maddə olan metamfetaminin bir qramını 100 manata saxlandığı vaxtdan təxminən bir ay əvvəl Salyan rayonunda olarkən orada tanımadığı şəxsdən özü qəbul etmək üçün aldığını bildirmiş, əməliyyat-axtarış tədbiri «İphone 7» markalı mobil telefon vasitəsilə çəkilmiş və bu barədə əvvəlcədən Təqsirləndirilən şəxs bildirilmişdir. Bundan sonra tədbir iştirakçıları, saxlanan şəxs Təqsirləndirilən şəxslə birlikdə Baş Narkotiklərlə Mübarizə idarəsinə yollanmışlar, oraya gəldikdə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədilə ona Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs təqdim edilən siyahıdan istənilən vəkilin onun hüquqlarının müdafıə etməsinə etiraz etmədiyi üçün qərar əsasında Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X4 dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmiş, mobil telefon vasitəsilə aparılan videoçəkiliş diskə köçürülmüş, keçirilən baxışla əlaqədar protokol tərtib edilmiş, möhürlənmiş iki ədəd zərf, bir ədəd mobil telefon, bir ədəd disk və şəxsiyyət vəsiqəsi protokola əlavə edilmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid2, Şahid3 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdirlər. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan Qaradağ RPİ-nin 10-cu Polis bölməsinin təhqiqatçısı X5 tərəfindən tərtib edilmiş xx xxxxxxx 2019-cu il tarixli şəxsi axtarış və götürülmə haqqında protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın arxa sol cibindən qara rəngli içərisində 1 ədəd üzərində “Mother Land” yazısı olan kibrit qutusunu, 2 ədəd şəffav rəngli sellofan, 1 ədəd qəhvəyi rəngli həb, 1 ədəd ağ rəngli kağız, 1 ədəd qara rəngli dəri pul qabını təqdim etmişdir. Göy rəngli şalvarın sağ cibindən üzərində “Wınchester” yazısı olan içərisində05 ədəd siqarət və 1 ədəd bükülmüş gümüşü kağız aşkar olunmuşdur. Baxış zamanı 1 ədəd qara rəngli dəri pul qabının içərisindən 1 ədəd kibrit qutusun içərisində spesifik iyə malik qurudulmuş ot, şəffav selofanın içərisində spesifik iyə malik qəhvəyi rəngli kimyəvi maddə, şəffav rəngli sellofan içərisində spesifik iyə malik ağ rəngli kimyavi maddə, konfet kağızının içərisində spesifik iyə malik qəhvəyi rəngli maddə, ağ rəngli kağızın içərisində spesifik iyə malik qəhvəyi rəngli maddə olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə olduğunu və öz istifadəsi üçün Lökbatan qəsəbəsi 6-cı massivdə yaşayan Rasim adlı şəxsdən alıdğını bildirmişdir; Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər içində olan maddə ilə birlikdə zərfə qoyularaq Ədliyyə Nazirliyinin Ekpsertizasına göndərilməsi üçün DİN-in 42 nömrəli möhürü ilə möhürlənərək qablaşdırılmışdır. İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə xx xxxxxx 2019-cu il tarixli 29241 nömrəli ekspert rəyindən görünür ki,“-Tədqiqata təqdim edilmiş, üzərində “.....Təqsirləndirilən şəxs üzərindən......” sözlər və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi-10,252 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; Tədqiqata təqdim edilmiş üzərində “....Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş...” sözlər və imzalar olan zərfdəki, 04 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri-11,890 qram; 9,837 qram; 12,994 qram; 6,295 qram; ümumi təmiz çəkisi- 41,016 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və onlar kimyəvi tərkiblərinə görə eynidirlər. 04 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri-4,136 qram; 4,323 qram; 6,610 qram; 4,247 qram; ümumi təmiz çəkisi-19,316 qram olan ağ rəngli kristallardan ibarət maddələr metamfetamindir və onlar xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər, 09 ədəd bükümlərdə ayrı-ayarılıqda təmiz çəkiləri-2,094 qram; 2,185 qram; 2,258 qram; 2,769 qram; 2,582 qram, 2,109 qram; 1,998 qram; 0,953 qram; 35,473 qram; ümumi təmiz çəkisi 52,421 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdirlər və onlar tərkiblərinə görə eynidirlər. 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır və heroin iz şəklində olduğu üçün tədqiqata təqdim olunmuş heroinlərlə eynilik aparmaq mümkün deyildir; tədqiqata təqdim edilmiş üzərində “....Təqsirləndirilən şəxsun üzərindən və üzərində “....Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş...” sözləri və imzalar olan 02 ədəd zərfdəki ümumi sayı 05 ədəd bükümlərdə olan heroinlər xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eynidirlər; Metamfetamin adlı preparat 2005-ci il 28 iyun tarixli Azərbyacan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbyacan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir (Siyahı İ); Qeyd: heroinin ümumi çəkisi: 51,268 qram, tədqiqata sərf edildi - 0,25 qram, qalıq: 51,018 qram; Metamfetaminin təmiz çəkisi: 19,316 qram, tədqiqata sərf edildi - 0,2 qram, qalıq: 19,116 qram;Tiryəkin təmiz çəkisi: 52,421 qram, tədqiqata sərf edildi - 0,45 qram, qalıq: 51,971 qram.” (1-ci cild iş vərəqi 34-40). İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə xx xxxxxx 2019-cu il tarixli 3026 nömrəli ekspert rəyində göstərilmişdir ki: “Müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdə və çətənə bitkisi preparatlarından suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur; narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır; məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.” (1-ci cild iş vərəqi150-151). İşdə olan “Əməliyyat-axtarış tədbirinin keçirilməsi və əşyaların götürülməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 17 radələrində ünvan 2 saylı ünvanın qarşısında saxlanılaraq, yaşadığı mənzilində üzərinə keçirilən baxış zamanı 10,252 qram çəkidə narkotik vasitə heroin və yaşadığı ünvan 2 saylı ünvana keçirilən baxış zamanı mətbəxdə yerləşən dolabın alt gözündə olan dəmir qabın içərisindən 04 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 11,890 qram, 9,837 qram, 12,994 qram, 6,295 qram olmaqla ümumilikdə 41,016 qram çəkidə narkotik vasitə heroin, 04 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,136 qram, 4,323 qram, 6,610 qram, 4,247 qram olmaqla ümumilikdə 19,316 qram çəkidə psixotrop maddə metamfetamin və 09 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,094 qram, 2,185 qram, 2,258 qram, 2,769 qram, 2,582 qram, 2,109 qram, 1,998 qram, 0,953 qram, 35,473 qram olmaqla ümumilikdə 52,421 qram çəkidə narkotik vasitə tiryək və 01 ədəd üzərində narkotik vasitə heroinin izləri elektron tərəzi aşkar edilərək götürülmüşdür. Əməliyyataxtarış tədbirinin keçirilməsi və əşyaların götürülməsi videoçəkiliş ilə həyata keçirilmiş və “CD” diskə yazılaraq protokola əlavə edilmişdir; odur ki, həmin 01 ədəd “CD” disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (1-ci cild iş vərəqi 10-14). İşdə olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019-cü il tarixli qərarı əsasında “xxxx” MMC-dən götürülmüş, Təqsirləndirilən şəxs istifadəsində olan (050) ***-**-** mobil nömrə ilə aparılan danışıqlara dair CD diskdə olan məlumatlara baxış keçirilmiş, lakin baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin alışı, satışı və istifadəsini təsdiq edən hər hansı bir danışıqların və sms yazışmalarının aparılması müəyyən edilməmişdir (1-ci cild iş vərəqi 104-106). İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsidən alınmış xx xxxxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərəqi 102-103). İşdə olan şübhəli şəxsin tutulması haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs kimi tutulmuşdur (1-cü cild iş vərəqi 24, 53-54). İşdə olan Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu xx xxxxxx 2019-cu il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 84-89). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. İş üzrə Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması tam təsdiqini tapmışdır. Qeyd olunan sübutlara əsaslanmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, törətdiyi cinayət əməlinə görə məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı, narkotik vasitələr)» əsasən, heroin narkotik vasitəsinin külli miqdarının aşağı həddi 2 qram, tiryək narkotik vasitənin külli mqdarının aşağı həddi 50 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə əldə etdiyi, saxladığı və daşıdığı narkotik vasitə heroinin çəkisi 51,268 qram, narkotik vasitə tiryəkin çəkisi 52,421 qram olduğundan külli miqdar təşkil edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə himayəsində iki azyaşlı uşağınını olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cü maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” xx xxxx 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun xx xxxx 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza çəkmələrinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Cinayət işi üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxxxx 2019-cu il tarixli 3026 nömrəli rəyində göstərilmişdir ki: “Müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdə və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.” Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir İş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 51,018 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 51,971 qram olan narkotik vasitə tiryək, qalıq çəkisi 19,116 qram olan psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi məhv edilməlidir; əməliyyat-axtarış tədbirinin keçirilməsi və əşyaların götürülməsinin videogörüntülərinin əks edildiyi 1 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri - 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx xxxx 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx xxxx 2006-cı il tarixliqərarının izahları baxımından da əsaslı hesab edir. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx xxxx 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasına təhvil verilmiş qalıq çəkisi 51,018 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 51,971 qram olan narkotik vasitə tiryək, qalıq çəkisi 19,116 qram olan psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi məhv edilsin; əməliyyat-axtarış tədbirinin keçirilməsi və əşyaların götürülməsinin videogörüntülərinin əks edildiyi 1 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri - 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar