Məhkəmə qərarları › İş №1(101)-1802/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1802/2022

13.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1802/2022 13.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri X2 və X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, müdafiəçilər - Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri, 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olmayan, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşamış, 17 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 18 iyun 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan şəxsdən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda - ümumi təmiz çəkisi 5,995 qram kustar üsulla hazırlanmış “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanının yaxınlığına daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 17 iyun 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin tarixdə saat 07:45-də ünvan 3 ünvanının yaxınlığında saxlanılmaqla qeyd olunan Baş idarəyə gətirilmiş və orada saat 09:54-dən etibarən üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan şalvarın sol yan cibindən iki ədəd selofan bükümdə kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən ayrı-ayrılıqda 2,754 qram və 3,241 qram olmaqla, ümumilikdə külli miqdarda, yəni 5,995 qram təmiz çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, saxlanılan zaman üzərində narkotik və ya psixotrop maddə olmamışdır. Heç vaxt narkotik vasitə istifadə etməmiş, nə də onun satışı ilə məşğul olmamışdır. Özü usta yanında fəhlə kimi işləyir. 17 iyun 2022-ci il tarixdə səhər işə gedən zaman polis əməkdaşları onu saxlamış və idarəyə gətirmişlər. O, sosial şəbəkədə dini mövzuda etdiyi videomüraciətə görə polis işçiləri onu saxlamış və üzərinə metamfetamin qoyub tutmuşlar. Bununla bağlı polis işçiləri dəfələrlə onu və ailəsini xəbərdar etmişlər. Bir dəfə işdən evə qayıdandan sonra atası ona bu barədə başa salmış və o, sosial şəbəkədən həmin müraciəti silmişdir. Lakin sonradan kimsə onun həmin çıxışını öz kanalında paylaşmış və hesab edir ki, məhz həmin çıxışa görə onu həbs etmişlər. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs hadisə günü polis işçilərinin onu Şüvəlan qəsəbəsində «Dörd yol» deyilən ərazidə saxladıqlarını, bundan sonra onu Baş idarəyə gətirdiklərini, idarədə ona narkotiki boynuna götürməyi təklif etdiklərini və ona 1 ilə qədər cəza veriləcəyini bildirdiklərini, onun da deyilən təkliflə razılaşaraq, bütün sənədləri imzaladığını, onu saxlayıb idarəyə apararkən maşında üç nəfər polis əməkdaşının olduğunu, onların adlarını bilmədiyini, üzərindən götürülmüş mobil telefona baxış keçirilmədiyini, dövlət əleyhinə videomüraciət yazıb hazırladığını və həmin müraciəti sosial şəbəkədə yerləşdirdiyini, sonradan atasının sözünə əsasən videomüraciəti öz kanalından sildiyini, lakin başqa kanalın onun həmin müraciətini paylaşdığını, özünün həmin müraciətə görə tutulduğunu fikirləşdiyini, polis əməkdaşları onun atasına zəng edib həmin videomüraciəti silməyi ilə bağlı tapşırıq verəndən təxminən 2 gün sonra onun tutulduğunu, idarədə ona çay verildiyini və çayı içməyi təkidlə tələb etdiklərini, çayı içəndən sonra sonra özündə olmadığını, tutulandan təxminən iki saat sonra onun sidik analizi üçün apardıqlarını və guya sidiyindən narkotik aşkar edildiyini, əvvəllər uşaq vaxtında onun psixi problemləri olduğunu və müalicə aldığını, hərbi xidmətə getməyi ilə bağlı müraciət etsə də, onu hərbi xidmətə aparmadıqlarını, saxlanılarkən özünün təzyiq altında olduğunu, təcridxanaya qəbul ediləndə onun müayinə edildiyini, lakin üzərində hər hansı xəsarət izi olmadığını və istintaq zamanı heç yerə şikayəti olmadığını bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Təqsirləndirilən şəxs həmin ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, tutulmamışdan əvvəl heç yerdə işləməmişdir. Əvvəllər məhkum olunmamış, hazırda isə müxtəlif tikintilərdə fəhlə kimi işləyir. Psixotrop maddələrdən və narkotik vasitələrdən arabir istifadə edir. Tutulmamışdan təxminən 2-3 gün öncə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən yaşadığı evin yaxınlığında yerdə iki ədəd selofan büküm olduğunu görmüş, nəzərini cəlb etdiyindən həmin bükümün içərisində nə olduğunu bilmək üçün onu yerdən götürmüşdür. Bükümün içərisinə baxdıqda, içərisindəki maddələrin “şüşə” adı ilə tanıdığı psixotrop maddə metamfetamin olduğunu bilib cibinə qoymuşdur. Həmin bükümləri özündə saxlamaqda məqsədi nə vaxtsa onlardan istifadə etmək olmuşdur. 17 iyun 2022-ci il tarixdə saat 07:45-də yaşadığı ünvandan çıxıb Şüvəlan qəsəbəsində yerləşən fəhlə işlədiyi tikintiyə getmək üçün yola düzəlmişdir. Yaşadığı Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Lev Starçuk küçəsində olduğu zaman ona 3 nəfər mülki geyimdə şəxs yaxınlaşıb özlərini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib, ondan anket məlumatlarını soruşmuşlar. Özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş "Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmiş, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində “şüşə” və “patı” adı ilə tanıdığı maddə vardır. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmiş, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Polis İdarəsinə gəlmiş, polis İdarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunmuş, daha sonra ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. Etiraz etmədikdən sonra videoçəkilişlə üstünə şəxsi axtarış keçirilməyə başlanmış, ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya varsa təqdim etsin. Bu təklifdən sonra üzərində “şüşə” və “patı” adı ilə tanıdığı maddə olduğunu bildirib, əynində olan şalvarın sol yan cibində olan 2 ədəd selofan bükümü, əynində olan şalvarın sağ yan cibində olan 3 manat pulu və 1 ədəd “Samsung” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmiş, təqdim etdiyi 2 ədəd selofan bükümün içində “şüşə” və “patı” adı ilə tanıdığı maddə olduğunu bildirmişdir. Təqdim etdiyi 2 ədəd selofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisində ağ rəngli, kristal formalı psixotrop maddə metamfetamin olması müşahidə edilmiş, həmin maddələri “şüşə” və “patı” adı ilə tanımış, eyni zamanda həmin maddələrin psixotrop maddə olduğunu bilmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmiş, sorğu zamanı üzərindən aşkar edilmiş 2 ədəd şəffaf selofan bükümdə olan maddələri tutulmazdan təxminən 2-3 gün əvvəl yaşadığı evin yaxınlığından təsadüfən tapdığını və həmin maddələri özü istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 2 ədəd selofan bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən 1 ədəd kağız zərfə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən zərfin üzəri imzalanmışdır. Eyni zamanda, üzərindən aşkar edilmiş 3 manat pul ona qaytarılmış, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 1 ədəd “Samsung” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra videoçəkiliş dayandırılmış və bu barədə protokol tərtib edilmiş, potokol ucadan oxunduqdan sonra iştirakçılarla birlikdə protokola imza etmişdir (cild 1, iş vərəqi 77-80). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs həmin ifadəni polis işçilərinin özlərinin yazdığını və oxumadan imzaladığını, polis işçilərinin ona qarşı təzyiq göstərdiklərini, özünün heç vaxt narkotik vasitə qəbul etmədiyini və satışı ilə məşğul olmadığını, saxlanılarkən onda narkotik vasitə olmadığını, aşkar olunmuş maddələri ona polis işçilərinin verdiyini və cibinə qoyub çəkiliş zamanı təqdim etdiyini, həmin polis işçilərinin kim olduğunu bilmədiyini, özünün sosial şəbəkədə paylaşdığı videomüraciətə görə həbs olunduğunu fikirləşdiyini, müstəntiqə inandığına görə onun təqdim etdiyi bütün sənədləri oxumadan imzaladığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, işlədiyi Baş idarəyə Şüvəlan qəsəbəsi, Lev Starçuk küçəsi, ev 2, mənzil 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq və Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün onun rəhbərliyi ilə idarənin baş əməliyyat müvəkkili Şahid3 və əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Qərarın icrası ilə əlaqədar 17 iyun 2022-ci il tarixdə səhər onlar ünvan 4 ünvanının yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsi saxlamışlar. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlanmasında şübhəli olduğu bildirilmiş və qərarla tanış edilmişdir. Bundan sonra onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər və birlikdə idarəyə gəlmişlər. Baş İdarənin inzibati binasında müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində vidoçəkilişlə şəxsi axtarış aparılmışdır. Ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya sənədlər varsa təqdim etməsi təklif olunduqda, Təqsirləndirilən şəxs üzərində “şüşə” və “patı” adı ilə tanıdığı maddələr olduğunu bildirib, şalvarın cibində olan 2 ədəd selofan bükümü, 3 manat pulu və 1 ədəd “Samsung" markalı mobil telefonu təqdim etmişdir. Həmin bükümlərin içərisində “şüşə” və "patı” adı ilə tanıdığı maddə olduğunu bildirmiş, bükülər açıldıqda, içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddələr olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin 2 ədəd şəffaf selofan bükümdə olan metamfetamini təxminən 2-3 gün əvvəl yaşadığı ünvanın yaxınlığından təsadüfən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra aşkar olunmuş maddələr təhqiqatçı tərəfindən 1 ədəd kağız zərfə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. 3 manat pul Təqsirləndirilən şəxs özünə qaytarılmış, 1 ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Sonra təhqiqatçı tərəfindən protokol tərtib olunaraq ucadan oxunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 ifadəsinə görə, Baş idarəyə daxil olmuş məlumat Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması barədə olmuşdur. Vahabın həmin maddələri kiməsə satması sonradan istintaqın gedişində təsdiq olunmamışdır. İlkin sorğu zamanı Vahab psixi xəstəliyi ilə əlaqədar narkotik vasitələrdən istifadə etdiyini onlara bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və polis bölməsinə gətirildikdən sonra, həmçinin bölmədə olarkən ona qarşı hər hansı fiziki və ya psixi təsir və təzyiq olunmamışdır. Vahabın sosial şəbəkələrdə hansısa müraciətlər yayması barədə onlarda məlumat olmamış və Təqsirləndirilən şəxs buna görə saxlanılmamışdır. Onun saxlanılmasına səbəb narkotik və psixotrop maddələrlə bağlı daxil olmuş əməliyyat məlumatı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid3 və əməliyyat müvəkkili Şahid2 17 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs müəyyən edilib saxlanılması, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində üzərinə şəxsi axtarış keçirilərkən 2 bükümdə psixotrop maddə metamfetaminin aşkar edilib götürülməsi zamanı əməliyyat qrupunun üzvləri kimi iştirak etdiklərini bildirərək, həmkarları Şahid1 məhkəmədə verdiyi ifadə ilə oxşar məzmunlu ifadələr verdilər. Müdafiə tərəfinin vəsatəti əsasında təqsirləndirilən şəxsin anası Şahid4 məhkəmə iclasında əlavə şahid qismində dindirilərkən ifadəsində göstərdi ki, oğlunun psixi problemləri vardır. Hərdən onun tutmaları olmuş, bu zaman dərman qəbul etdikdə, oğlunun bu vəziyyəti aradan qalxmışdır. Oğlu əvvəllər psixatriya xəstəxanasında müalicə almış, sağaldıqdan sonra evə buraxılmışdır. Evdə otağında olarkən Vahab hər tərəfi, hətta pəncərələri də qara lentlərlə bağlamışdır. Özü oğlu evdən gedəndən sonra evi təmzləyib pərdənin jalüzünü qaydasına qoysa da, Vahab işdən gələndən sonra yenə də pəncərələri bağlamışdır. Oğlu 2 saylı psixiatriya xəstəxanasında müalicədə olmuş, sonuncu dəfə isə bir neçə il qabaq 3 gün xəstəxanda qalmışdır. İstintaq zamanı onlar xəstəxanadan arayış almaq üçün müraciət etsələr də, onlara belə bir arayış təqdim olunmamış, buna görə həmin sənədi istintaqa verə bilməmişlər. Şahid4 ifadəsinə görə, onun oğlu Vahabın narkotik vasitələrdən istifadə etməsi və ya narkotik satması barədə məlumatı olmamışdır. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 17 iyun 2022-ci il tarixli raportlardan, həmin tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında və əməliyyat qrupunun yaradılması haqqında qərarlardan görünür ki, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda “Vahab” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilmişdir. Müəyyən edilmişdir ki, “Vahab” adlı şəxs xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Lev Starçuk küçəsi, ev 2, mənzil ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxsdur (cild 1, iş vərəqi 3-9). Cinayət işində olan 17 iyun 2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 17 iyun 2022-ci il tarixdə saat 07:45-də ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən ondan 2 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar edilərək götürülmüşdür. Qeyd edilən baxış zamanı videoçəkilişdən istifadə edilmiş və 1 ədəd diskə köçürülərək protokola əlavə edilmişdir. Şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntü olan 1 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 27-29). Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/3392 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən..” və s. yazılar, imzalar olan kağız paketdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,754 qram və 3,241 qram, ümumi təmiz çəkisi 5,995 qram ağ rəngli kristalşəkilli kütlələr maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 2 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər (cild 1, iş vərəqi 40-44). Ambulator məcburi narkoloji ekspertizasının xx.xx.2022-cİ il tarixli 3347 saylı rəyindən görünür ki, tibbi yoxlama zamanı Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində AMP (+) aşkar olundu. Əvvəllər narkotik vasitə marixuanadan istifadə etdiyini qeyd edir. Öz narkoloji anamnezi haqqında tam məlumat vermir. Narkotik vasitələrə, psixotrop maddələrə qarşı abstinensiya əlamətləri, patoloji meyl formalaşıb. Narkotik vasitələrin və psixotrop maddələrin qəbulundan psixi və fiziki asılılığı vardır. Müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 140-141). Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 2147/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilakilamin qrupuna aid olan amfetamin və metamfetamin aşkar edildi (cild 1, iş vərəqi 129-132). Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022ci il tarixli 2020 saylı rəyindən görünür: - Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs üzvi şəxsiyyət pozuntu aşkar edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur, öz hərəkətlərinə cavab verə bilmək iqtidarındadır. - Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs nümayişkaranəlik, qıcığa qarşı həssaslıq, ətrafdakıların diqqətini öz üzərinə çəkməyə meyllilik, situasiyanı öz xeyrinə uyğun tərzdə yönəltmək, inadkarlıq, emosional dayanıqsızlıq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixiemosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (cild 1, iş vərəqi 136-139). Məhkəmə-tibbi ekspertizasının 04 iyul 2022-ci il tarixli 320/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində kənar şəxs tərəfindən yetirilməyə uyğun hər hansı bir xəsarət aşkar edilməmişdir (cild 1, iş vərəqi 133-135). İbtidai istintaq orqanının 18 iyun 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 5,995 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalan 5,895 qram psixotrop maddə metamfetamin məhkəmənin yekun qərarı qəbul edilənədək saxlanılması üçün DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqi 99). Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 18 iyun 2022-ci il tarixli qərarı qanunauyğun hesab edilmişdir (cild 1, iş vərəqi 106-107). Cinayət işinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli 007-18426-1222 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini kimdən, necə və hansı şəraitdə əldə etməsini, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olan şəxslərlə əlaqəsini müəyyən etmək məqsədi ilə müvafiq əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq, qeyd olunanlarla bağlı müsbət nəticə əldə olunmamışdır. Tapşırıqla bağlı hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir (cild 1, iş vərəqi 114). Cinayət işində olan 04 iyul 2022-ci il tarixli 097 saylı arayışdan və həmin tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır, faktiki həmin ünvanda atası, anası və bacıları ilə birlikdə yaşayır, barəsində heç bir şikayət daxil olmamışdır (cild 1, iş vərəqi 109-110). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 14 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, idarənin statistik məlumat bazasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 104-105). Məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirərək, saxlanılarkən üzərindən qeyri-qanuni heç bir əşya aşkar olunmadığını, ittihamda qeyd olunan metamfetaminin ona məxsus olmadığını, onları tanımadığı polis əməkdaşının verdiyini və həmin psixotrop maddələrin özünə məxsus olmasını polis işçilərinin təzyiqi altında etiraf etdiyini, sosial şəbəkədə dini mövzuda etdiyi videomüraciətə görə polis işçilərinin onu saxladıqlarını və üzərinə metamfetamin qoyub tutduqlarını bildirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş psixotrop maddələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüş, ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində psixotrop maddələrin ona məxsus olduğunu bildirmişdir. Bundan başqa, cinayət işində olan təhqiqat materiallarına görə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat sonuncunun narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etmə, saxlama və daşıması barədə olmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş əməliyyat qrupunun üzvləri olan polis əməkdaşları da bu halı təsdiq etmişlər. Onların ifadələrinə görə, Təqsirləndirilən şəxs saxlanılarkən və polis bölməsinə gətirildikdən sonra, həmçinin bölmədə olarkən ona qarşı hər hansı fiziki və ya psixi təsir və təzyiq göstərilməmiş, Vahabın sosial şəbəkədə hansısa videomüraciət yayması barədə onlarda məlumat olmamış və Təqsirləndirilən şəxs buna görə saxlanılmamışdır. Onun saxlanılmasına səbəb satış məqsədilə narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi barədə daxil olmuş əməliyyat məlumatı olmuşdur. Məhkəmə iclasında müdafiə tərəfi təqsirləndirilən şəxsin psixi çatışmamazlıqları olduğunu, onun sosial şəbəkədə paylaşdığı videomüraciətə görə həbs olunduğunu, heç vaxt narkotik və psixotrop maddələrdən istifadə etmədiyini bildirərək, onun müdafiəsi üçün dəlillər gətirərək 1 ədəd DVD diski baxış keçirilməsi üçün məhkəməyə təqdim etmiş və həmin görüntüyə məhkəmə iclasında baxış keçirilmişdir. Baxış zamanı təqdim edilmiş diskdə Təqsirləndirilən şəxs qara və yaşıl rəngli bayraqlar fonunda dini mövzuda çıxışı olan videogörüntülərin əks olunması, həmin çıxışın hazırkı işlə hər hansı bağlılığının olmaması müəyyən edilmişdir. Qeyd olunan dəlillə bağlı məhkəmə qeyd edir ki, ibtidai istintaq zamanı iş üzrə kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası keçirilmiş və ekspertizanın xx.xx.2022-ci il tarixli 2020 saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs üzvi şəxsiyyət pozuntu aşkar edilsə də, o, törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur, öz hərəkətlərinə cavab verə bilmək iqtidarındadır. Təqsirləndirilən şəxs hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuş, cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. İş üzrə ambulator məcburi narkoloji ekspertizasının xx.xx.2022-cİ il tarixli 3347 saylı rəyindən görünür ki, tibbi yoxlama zamanı Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində AMP (+) aşkar olunmuşdur. O, ekspertiza zamanı əvvəllər narkotik vasitə marixuandan istifadə etdiyini qeyd etmiş, narkotik vasitələrə, psixotrop maddələrə qarşı abstinensiya əlamətləri, patoloji meyl formalaşmış, narkotik vasitələrin və psixotrop maddələrin qəbulundan psixi və fiziki asılılığı vardır. Müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və məcburi müalicəyə əks göstərişi yoxdur. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 2147/K saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilakilamin qrupuna aid olan amfetamin və metamfetamin aşkar edilmişdir. Göründüyü kimi, müdafiə tərəfi təqsirləndirilən şəxsin psixi çatışmamazlıqlarının olması, onun sosial şəbəkədə paylaşdığı videomüraciətə görə həbs olunması, heç vaxt narkotik və psixotrop maddələrdən istifadə etməməsi barədə gətirdiyi dəlillər məhkəmə iclasında tədqiq olunmuş ibtidai istintaq orqanının topladığı sübutlarla təkzib olunur. Bu səbəbdən, təqsirləndirilən şəxsin sosial şəbəkədə dövlət əleyhinə çıxışı yazılmış videomüraciəti paylaşdığına görə həbs olunması ilə bağlı müdafiə tərəfinin gətirdiyi dəlilləri qiymətləndirən məhkəmə kollegiyası bunu həmin tərəfin iş materialları ilə təsdiq olunmayan subyektiv fikirləri kimi dəyərləndirir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə ziddiyyətli ifadə verməsini və öz ifadələrindən imtina etməsini onun məsuliyyətdən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, digər sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 17 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxs 17 iyun 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-cİ il tarixli 3347 saylı rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan və məcburi müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutlar - Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 5,895 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən psixotrop maddələrin aşkar edilərək götürülməsi ilə bağlı videogörüntünü əks etdirən 1 ədəd DVD disk, həmçinin müdafiə tərəfinin məhkəmə baxışı zamanı təqdim etdiyi 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinə əlavə edilmiş orderdən və hesabatdan görünür ki, məhkəmənin hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs hüquqlarını Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 həyata keçirmiş və bununla bağlı 3 (üç) saat vaxt sərf etmişdir. Ona görə də, dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi1 ödənilməli olan 18 (on səkkiz) manat pul vəsaiti qeyd olunan vəkil bürosunun hesabına köçürülməlidir. Həmçinin, iş materiallarına görə keçirilmiş ekspertiza tədqiqatı 110 (yüz on) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 17 iyun 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 5,895 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi ilə bağlı videogörüntünü əks etdirən 1 ədəd DVD disk, həmçinin müdafiə tərəfinin məhkəmə baxışı zamanı təqdim etdiyi 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri: - ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə hazırlıq iclası zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi1 ödənilməli olan 18 (on səkkiz) manat pul vəsaiti Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar