Məhkəmə qərarları › İş №1(101)-1803/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1803/2024

10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1803/2024 10.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X11 ibarət tərkibdə, X5 və Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi (yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin qanuni nümayəndəsi): Qanuni nümayəndə, Müdafiəçi: “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1954-cü ildə Qazax rayonu, Qaymaqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, təqaüdçü, əvvəllər məhkum olunmamış, Qazax rayonu, Qaymaqlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 6-cı döngə, ev 30-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada sürücülük vəsiqəsi olmadan yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 10 dekabr 2023-cü il tarixdə, saat 10:43 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan etibarnamə əsasında idarə etdiyi «Opel Vectra» markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi ilə Dakar dairəsi istiqamətində hərəkətdə olarkən dairəyə təxminən 300 metr məsafə qalmış «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini, yəni əgər piyada keçidində nəqliyyat vasitəsinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalı, yolu keçməyə başlamış piyadanı təhlükəyə məruz qoymamalı, əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməli olduğu halda, həmin tələbləri pozub, piyada keçidinin üzəri ilə yolun sol tərəfindən sağ tərəfinə keçən piyadalar Zərərçəkmiş şəxs1 və sonuncunun övladı Zərərçəkmiş şəxs2 ehtiyatsızlıqdan avtomobilin qabaq sağ hissəsi ilə vuraraq Zərərçəkmiş şəxs1 ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid baş beynin dislokasiya və əzilməsi, baş beyin toxumasına, qişalarına və mədəciklərinə qansızma, baş beyin maddəsinin ödemi, qaraciyərin travmatik cırılması, hemopnevmotoraksla müşayiət olunan hər iki körpücük sümüyünün yerinidəyişmiş qapalı sınıqları, hər iki gözətrafı nahiyəsinin hematomaları və hər iki göz almasının ağlı qişasına qansızması, sol qaşüstü nahiyəsinin və burnun sağ yarısının yuxarı nahiyəsinin əzilmişcırılmış yaraları, sağ qaşüstü və alnın orta-sol nahiyəsinin, sağ gözaltının iç nahiyəsinin, sol almacıq nahiyəsinin, sağ bazunun aşağı 1/3-nin arxa səthinin, sol dirsək nahiyəsinin, sol saidin yuxarı 1/3-nin arxa səthinin və sol əlin arxa səthinin sıyrıqları, sağ bazunun yuxarı 1/3-nin ön səthinin, sağ və sol çiyin qurşağının ön-orta nahiyələrinin, sol bazunun yuxarı 1/3-nin arxa-bayır nahiyəsinin, sol bazunun orta-aşağı 1/3-nin ön səthinin, sol saidin orta 1/3-nin ön səthinin, sol budun aşağı 1/3-nin ön-iç-arxa səthinin, sağ diz nahiyəsinin, sol baldırın yuxarı 1/3-nin arxa-bayır və orta 1/3-nin iç yan nahiyələrinin qançırları və sol əlin arxa səthinin şişkinlik halında əzilməsindən ibarət xəsarətlər yetirmiş, həmin xəsarətlərdən başın küt travması nəticəsində baş beynin dislokasiya və əzilməsi ilə müşayiət olunan baş beyin toxumasına, qişalarına və mədəciklərinə qansızma Zərərçəkmiş şəxs1 müalicə aldığı «X12» klinikasında 12 dekabr 2023-cü il tarixdə saat 12:45-də ölümünə səbəb olmuş, bundan başqa, digər piyada Zərərçəkmiş şəxs2 baş beynin diffuz travması nəticəsində sağ fronto-parietal sümüklərin sınıqları və sol temporoparietal subaraxnoidal qansızmasından ibarət ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hadisənin baş verməsi ilə bağlı özünü təqsirli bilsə də, sürücülük hüququnun olmaması ilə bağlı hissədə ittihamı qəbul etmir. Belə ki, onun sürücülük vəsiqəsi olmuşdur. O, Gürcüstan Respublikasında yaşadığı üçün sürücülük vəsiqəsini də Gürcüstan Respublikasından almışdır. Azərbaycan Respublikasında olduğu müddətdə dəfələrlə həmin sürücülük vəsiqəsi ilə avtomobili texniki baxışdan keçirmiş, həmin sürücülük vəsiqəsi ilə sığorta olunmuş, bu müddət ərzində heç bir problem yaşanmamışdır. Hadisə “Neftçilər” metrostansiyasına gedən yolda gündüz vaxtı saat 11:00 radələrində baş vermişdir. Maşının bəzi işıq sistemləri xarab olmuş, maşını təmir etdirməyə aparan zaman hadisə törətmişdir. O, qarşıda maneə olduğundan gələn piyadanın keçiddən keçdiyini görə bilməmiş, avtomobilin sürəti təxminən 30-35 km/saat olmuşdur. Qarşıda dayanan maneə isə öndəki maşınlar olmuşdur. Piyada keçidinin olmasına dair yol nişanı görünməyən yerə qoyulduğu üçün, o, qarşıda piyada keçidinin olduğunu görməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verən zaman onun sürücülük vəsiqəsi olmuş, o, uzun müddət Gürcüstan Respublikasında yaşamış, 1999-cu ildə Bakı şəhərinə köçüb gəlmişdir. O, Gürcüstan Respublikasında aldığı sürücülük vəsiqəsi ilə uzun müddət Azərbaycan Respublikasında sürücü işləmişdir. 2018-ci ildə X1 vəsiqəsini yeniləmək məsləhət görülmüş, o da yenidən Gürcüstan Respublikasında sürücülük vəsiqəsini yeniləmişdir. 2018-ci ildən 2023-cü ilə qədər avtomobili texniki baxışdan keçmişdir. Həmin sürücülük vəsiqəsinə görə heç kim ona irad tutmamışdır. Maşını “Opel Vectra” markalıdır və 1997-ci il buraxılışlıdır. Hadisə baş verən zaman o, “Neftçilər” metrostansiyasından hərəkət edib şəhərə tərəf keçmək istəmiş, orada yolun sürəti 30-40 km\saat olmuşdur. Hadisə vaxtı gündüz saat 11:00 radələri olmuşdur. Ondan öndə hərəkət edən maşınlar dayanmış, o isə ötüb keçmişdir. Yol 3 zolaqlı olmuş, qabaqdakı maşınlar sağda, solda və ortada dayanmışdır. O, sağa keçmək istəmiş, düz hərəkətdə olmuşdur. Maşınların yolun ortasında dayanmasına səbəb qabaqda svetafor olması olmuşdur. O, həmin avtomobillərin nəyə görə dayandıqlarını görə bilməmiş, sağ zolaq boş olduğu üçün sağ zolağa keçmişdir. İşıqfora xeyli məsafə olmuş, sağ zolaq boş olduğuna görə həmin zolaqla hərəkət etmək istəmişdir. O, qarşıda piyada keçidi olduğunu görməmişdir. O, həmin vaxt avtomobili təxminən 30-40 km\saat surətlə idarə etmişdir. Piyadaları nə vaxt gördüyünü və harada vurduğunu xatırlamır. Lakin piyadalar piyada keçidinin üzərində olmamış, çünki avtomobil piyada keçidindən irəliyə getmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmamış, o, piyadaları görə bilməmiş, hadisə qısa zaman kəsiyində baş vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi qismən etirafedici ifadəsini, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadəsini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda yoxlayıb və həmin sübutlaraq obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, o, mərhum Zərərçəkmiş şəxs1 həyat yoldaşı, yetkinlik yaşına çatmayan digər Zərərçəkmiş şəxs2 isə atasıdır. O, hadisə baş verən zaman orada olmamış, işdə olmuş, ona baş vermiş hadisə barəsində taksi sürücüsü məlumat vermişdir. O da məlumat aldıqdan sonra dərhal xəstəxanaya getmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, qızı Zərərçəkmiş şəxs2 hazırda sağalmış, vəziyyəti yaxşıdır. Təqsirləndirilən şəxs onlara dəymiş ziyanı ödəmiş, onunla barışıq əldə edilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi (eyni zamanda digər zərərçəkmiş şəxsin qanuni nümayəndəsi) məhkəməyə ərizə ilə müraciət edərək həmçinin bildirmişdir ki, o, təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, öz ifadəsində bildirmişdir ki, 11 dekabr 2023-cü il tarixdə anası Ayişə ilə birlikdə «Neftçilər» metrosunun yaxınlığında yol keçərkən avtomobil qəzası baş vermiş və sonra o, bir müddət xəstəxanada müalicə almışdır. Başqa heç nə xatırlamır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun dayısıdır. Dayısının idarə etdiyi və yol-nəqliyyat hadisəsi törətdiyi “Opel Vectra” markalı avtomobil ona məxsusdur, Qəmanlı İbrahimov həmin avtomobili etibarnamə əsasında idarə etmişdir. O, hadisənin şahidi olmamış, sonradan hadisə barədə məlumat almışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş: - Nizami RPİ-nin rəhbərinə ünvanlanmış 11 dekabr 2023-cü il tarixli raportlardan görünür ki, 17 Nizami RPİ-nin PPXB-nin 5954 çağırışlı avtopatrulu məlumat verərək, Dakar dairəsindən üzü Bakıxanov istiqamətində Opel Vectra markalı **-SO-*** dövlət nömrə nişanlı avtomobilin piyada qdını vuraraq xəsarət yetirməsini, Şabunçu TM-dən tibb bacısı Musayeva məlumat verərək, yol nəqliyyat hadisəsi zamanı Bakı şəhər sakini 1988ci il tavəllüdlü X6 qapalı kəllə-beyin travması alaraq tibb mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilməsini, Yeni Klinikanın qeydiyyat şöbəsindən isə məlumat verərək Bakı şəhər sakini 2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 baş nahiyəsinin əzilmiş xəsarətinin alması bildirilmişdir. (cild İ, i/v: 3-4). - Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 11 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin gün hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək və sxemi tərtib edilərək qeyd olunan protokola əlavə olunmuşdur (cild İ, i/v 5-13). - xx.xx.2023-cü il tarixli, 2/51341 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” zamanı “ayıq” olmuşdur (cild İ, i/v: 14). - “Baxış keçirilməsi haqqında” 08 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, AR DİN-in X8 Xidmətindən daxil olmuş Bakı şəhəri, Nizami rayonu, R. Rüstəmov küçəsində hadisə yerinin yaxınlığında olan TŞ-4-077 nömrəli video kamera vasitəsilə 11 dekabr 2023-cü il tarixdə saat 10:35-dən 10:50-yə kimi qeydə alınmış görüntülərin əks olunduğu 1 ədəd DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, diskdə 3 ədəd videofayl vardır. 1-ci videofayl “Neftçilər” metrosu yanındakı körpü və “Dakar” dairəsindən başlayaraq sola doğru fırlanmaqla Bakıxanov qəsəbəsi istiqamətini qeydə alır, həmin görüntülərdə baş vermiş hadisə öz əksini tapmamışdır. 2-ci videofayl Bakıxanov qəsəbəsi istiqamətində R.Rüstəmov küçəsini əks etdirir, faylın 8-ci dəqiqə 10-cu saniyəsində Bakıxanov qəsəbəsi istiqamətində baxdıqda sağ tərəfdə olan pilləkənlərdən qadın və azyaşlı uşaq piyada hərəkət edərək piyada keçidinin üzəri ilə adi yerişlə yolun hərəkət hissəsinə daxil olurlar və gedən yolla gələn yolu ayıran ayırıcı səkiyə çatırlar. Qadın və uşaq səkinin üzərində 3 saniyə dayandıqdan sonra Bakıxanov istiqamətindən gələn iki avtomobil qəza işıqlarını yandırıb piyada keçidinə çatmamış dayanıb onlara yol verdikləri üçün piyadalar yola daxil olub piyada keçidinin üzəri ilə adi yerişlə hərəkətlərini davam etdirirlər. Yolun hərəkət hissəsində 3 hərəkət zolağı vardır, piyadalar 2 hərəkət zolağını keçdikdən sonra 3-cü hərəkət zolağına daxil olan anda onların sağ tərəfindən Bakıxanov qəsəbəsi tərəfdən gələn avtomobil piyada keçidinə çatmasına baxmayaraq saxlamayıb həmin piyadaları vurur və avtomobilin sürücüsü sükanı sola tərəf istiqamətləndirib hərəkətini davam etdirməklə ortada olan səkinin üzərindən keçərək qarşı yola çıxıb qarşı yolun sağ kənarında dayanır. 3-cü videofayl “Neftçilər” metrosu yanındakı körpü və “Dakar” dairəsini əks etdirir. 1-ci və 3-cü videofayllarda iş üçün əhəmiyyət kəsb edən görüntü aşkar edilmədi. (cild İ, i/v: 43) - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinin 25 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, DİN-in BDYPİ-nin Qİİ-nin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1954-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir (cild İ, i/v: 48). - Məhkəmə-tibbi ekspertizası üzrə xx.xx.2023-cü il tarixli, 241 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs1 meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: baş beynin dislokasiya və əzilməsi, baş beyin toxumasına, qişalarına və mədəciklərinə qansızma, baş beyin maddəsinin ödemi, qaraciyərin travmatik cırılması, hemopnevmotoraksla müşayiət olunan hər iki körpücük sümüyünün yerinidəyişmiş qapalı sınıqları, hər iki gözətrafı nahiyəsinin hematomaları və hər iki göz almasının ağlı qişasına qansızması, sol qaşüstü nahiyəsinin və burnun sağ yarısının yuxarı nahiyəsinin əzilmişcırılmış yaraları, sağ qaşüstü və alnın orta-sol nahiyəsinin, sağ gözaltının iç nahiyəsinin, sol almacıq nahiyəsinin, sağ bazunun aşağı 1/3-nin arxa səthinin, sol dirsək nahiyəsinin, sol saidin yuxarı 1/3-nin arxa səthinin və sol əlin arxa səthinin sıyrıqları, sağ bazunun yuxarı 1/3- nin ön səthinin, sağ və sol çiyin qurşağının ön-orta nahiyələrinin, sol bazunun yuxarı 1/3-nin arxa-bayır nahiyəsinin, sol bazunun orta-aşağı 1/3-nin ön səthinin, sol saidin orta 1/3-nin ön səthinin, sol budun aşağı 1/3-nin ön-iç-arxa səthinin, sağ diz nahiyəsinin, sol baldırın yuxarı 1/3-nin arxa-bayır və orta 1/3-nin iç yan nahiyələrinin qançırları və sol əlin arxa səthinin şişkinlik halında əzilməsi. Qeyd edilən xəsarətlər həyatidirlər, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 11 dekabr 2023-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcələrinə görə canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığa AGİR zərər vurmanın əlamətlərini daşıyırlar, baş vermiş ölümlə bilavasitə səbəbli əlaqələri vardır. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə istinad edərək qeyd etmək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni 11 dekabr 2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs1 ölümünə səbəb başın küt travması nəticəsində baş beynin dislokasiya və əzilməsi ilə müşayiət olunan baş beyin toxumasına, qişalarına və mədəciklərinə qansızma olmuşdur. Ölüm «X12» klinikasında xx.xx.2023-cü il tarixdə saat 12:45-də baş vermişdir, aparılmış məhkəmə-tibbi müayinə ilə inkar olunmur. X7 məhkəmə-tibbi müayinəsi zamanı qarının ön divarının laporatomiya (cərrahi əməliyyat) yeri, qarnın sağ və sol yarısında və qəfəsinin hər iki orta qoltuqaltı nahiyəsində yan drenaj yerləri, hər dirsək çuxurunda nöqtəşəkilli yaraları (inyeksiya yerləri) aşkar edilmişdir ki, bunlar da göstərilmiş tibbi yardım izləri sayıla bilərlər. X7 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (cild İ, i/v 54-63). - Məhkəmə-tibbi ekspertizasının 195 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 baş beynin diffuz travması nəticəsində sağ fronto-parietal sümüklərin sınıqları və sol temporoparietal subaraxnoidal qansızma olmuşdur. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. (cild İ, i/v: 112-115). - Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 8/733 saylı, xx.xx.2024-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Opel Vectra» markalı, ** SO *** dövləq qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük hüququ olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. (cild İ, i/v: 108-111). Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilib, 1974-cü ildən Gürcüstan Respublikasına aid sürücülük vəsiqəsi ilə avtomobil idarə etdiyini, sonuncu dəfə 2018-ci ildə sürücülük vəsiqəsi aldığını və həmin vəsiqənin 2033-cü ilə qədər müddəti olduğunu, sürücülük vəsiqəsinin dəyişdirilməsi ilə bağlı qanun qəbul olunmasından məlumatının olmadığını və bununla bağlı ona xəbərdarlıq edilmədiyini bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinin 6-cı bəndinin 7-ci hissəsinə əsasən yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisinə daxil olduğu vaxtdan bir aydan artıq müddətdə burada nəqliyyat vasitələrini idarə etmək niyyətində olduqda sürücülük vəsiqəsini dəyişdirməlidir. Həmin Qanunun 35-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanunun 35- ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa qeyd olunan dəyişiklik 11 noyabr 2016-cı il tarixdə edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin həmin Qanunun 33cü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 19 may 2022-ci il tarixli qərarında göstərilmişdir ki, yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsinə malik olan Azərbaycan Respublikasının vətəndaşı və Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan şəxslər “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin müvafiq tələblərinə əməl etmədikdə, həmin Qanunun 33-cü maddəsinin V hissəsinə əsasən hüququ məhdudlaşdırılmış şəxs kimi nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilir. Cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Azərbaycan Respublikasına 09 mart 2020-ci il tarixdə Gürcüstan Respublikasından daxil olmuş və həmin tarixdən sonra Respublika hüdudlarını tərk etməmişdir. (i/v: 107) Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilməsi əsaslı olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qeyd olunanlara əsasən məhkəmə ittihama daxil olan cinayət əməlinin tövsifi məsələsini təhlil etməyi zəruri hesab edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və digər sübutları sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol-hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə, digər zərərçəkmiş şəxsin ağır bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətdiyinə görə onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild İ, i/v 44). Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi (həmçinin digər zərərçəkmiş şəxsin qanuni nümayəndəsi) Qanuni nümayəndə notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur (i/v 42). Zərərçəkmiş şəxsin hüquqi varisi (həmçinin digər zərərçəkmiş şəxsin qanuni nümayəndəsi) Qanuni nümayəndə həmçinin məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur və ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi (həmçinin digər zərərçəkmiş şəxsin qanuni nümayəndəsi) ilə barışıq əldə etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, onun yaşını və müxtəlif xəstəliklərdən əziyyət çəkməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə müvafiq olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş “Diaqnoz” Tibb Mərkəzinin 29 fevral 2024-cü il tarixli 187/24 nömrəli arayışından görünür ki, İbrahimov X4 və Hipertoniya (İ mərhələ) xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, yaşını və xəstəliyini, həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən, yəni 6 ildən artıq ola bilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 dekabr 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına daxildir. Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş minimum həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 mart 2024cü il tarixli qərarla təqsirləndirilən şəxs qismində cəlb olunmuş (i/v 134-136) və həmin tarixli qərarla onun barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir (i/v: 151-153). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində əlavə cəza kimi nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının təyin edilməsini qanuni hesab edir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.6-cı maddələrinə əsasən 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübutlar - «Opel Vectra» markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-352, 353 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. O, həmin cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın və məhkumun cəzaçəkmə müəssisəsinə göndərilməsi üçün tutulduğu müddət cəzanın icrası müddətinə hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - DİN-in X8 Xidmətindən daxil olmuş TŞ-4-077 nömrəli video kamera vasitəsilə qeydə alınmış görüntülərin əks olunduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, «Opel Vectra» markalı, ** SO *** dövləq qeydiyyat nişanlı avtomobilin isə sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfləri – 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər: Əli Məmmədov Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar