Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1804/2025 08.01.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Şabran rayonu, Çölquşçu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Şabran rayonu, Çölquşçu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə- Cinayət Məcəlləsi və ya CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib, üzərində saxlayıb daşımaqla Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilir.
İşin faktiki halları
2. İttiham aktına görə, Təqsirləndirilən şəxs tamah niyyəti və satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən şəxsiyyəti istintaqla müəyyən edilməyən şəxsdən naməlum şəraitdə qanunsuz olaraq külli miqdarda bir ədəd qara rəngli torbanın içərisində olan 3 ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 2590,0 qram, 2925,0 qram və 2540,0 qram olmaqla ümumi çəkisi 8055,0 qram təşkil edən bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, onun külli miqdarda narkotik vasitələrin satış məqsədilə qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının realizəsi ilə bağlı Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 15 iyun 2025-ci il tarixdə saat 01:25 dəqiqədə ünvan 2 ünvanın qarşısında saxlanılaraq, orada həmin tarixdə saat 01:25-dən etibarən videoçəkilişlə üstünün yoxlanılması zamanı əlində saxladığı qara torbanın içərisində 3 ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 2590,0 qram, 2925,0 qram və 2540,0 qram olmaqla ümumi çəkisi 8055,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli əməliyyat raportuna, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərara, 1/Ə3/44/2025 nömrəli əmrə əsasən etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələri satış məqsədilə əldə edib Bakı şəhəri, Səbail rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilmiş, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməliyyat müvəkkilləri Şahid1, Şahid2, Şahid3 və X1 ibarət əməliyyat qrupu yaradılmış, o, xx.xx.2025-ci il tarixdə, saat 01:25-də Bakı şəhəri, Səbail rayonu, Mikayıl Useynov küçəsi 14 ünvanının qarşısında piyada hərəkətdə olarkən saxlanılmışdır. (Cild 1, iş vərəqi 4; 5; 6-7; 13)
4. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair”, həmin tarixli “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” və xx.xx.2025-ci il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:25-də Bakı şəhəri, Səbail rayonu, Mikayıl Useynov 14 ünvanının yaxınlığında saxlanılaraq üstü yoxlanılmış və onun paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi sonuncuya təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı 01 (bir) ədəd qara rəngli torbanı teqdim etdikdə, həmin qara rəngli torbanın içərisində 01 ədəd qara rəngli sellofan paketdə içərisində üzəri yapışqanlı lentlə örtülmüş 03 ədəd bağlama olması müəyyən edilmişdir. Daha sonra üzəri yapışqanlı lentlə örtülmüş 03 ədəd bağlamanın içərisində yaşıl rəngli ot şəkilli qurudulmuş marixuanaya bənzər kütlə aşkarlanmışdır. Ardınca həmin qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırılaraq üzəri DiN-in “Zərflər üçün” 52 saylı möhürü ilə möhürlənmişdir. (Cild 1, iş vərəqi 10-12; 15-16; 76)
5. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2025-ci il tarixli “Şübhəli şəxsin tutulması” haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqi 26-27)
6. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 7/876 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd qara rəngli polietilen torbada üç ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 2590,0 qram, 2540,0 qram və 2925,0 qram olmaqla, ümumi çəkisi 8055,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Qeyd: Marixuananın ümumi təmiz çəkisi 8055 qram olmuş, 0,3 qram tədqiqata sərf edildikdən sonra 8054,7 qram qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat təşkil edir. (Cild 1, iş vərəqi 40-42)
7. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqi 49-50)
8. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(009)-299/2025 nömrəli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 15 iyun 2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqi 69-73)
9. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2025-ci il tarixli “Maddi sübut kimi tanınma və saxlanca verilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 03 ədəd sellofan bağlamalarda ümumi təmiz çəkisi 8055,0 qram qurudulmuş marixuana maddi sübut hesab edilmiş və ekspertizadan sonra qalıq qalmış 8054,7 qram qurudulmuş marixuana saxlanılması üçün Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. (Cild 1, iş vərəqi 77)
10. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Mobil telefona baxış keçirilməsi” haqqında protokoldan görünür ki, baxış keçirilən mobil telefon «Realme C21» markalı, smart funksiyalı mobil telefon aparatıdır. Mobil telefonun “Whatsapp” mobil tətbiqinə baxış keçirilərkən “Azerfon” mobil şəbəkəsinə aid olan ***-***- **-** saylı mobil nömrə ilə qeydiyyatdan keçməsi müəyyən edilmiş, həmin mobil tətbiqdə İran İslam Respublikasının mobil şəbəkəsinə aid “+98 996 301 7229” saylı mobil nömrə ilə söhbət pəncərəsində narkotik vasitələrin dövriyyəsi ilə bağlı mesaj mətnləri və fotoları müəyyən olunmuşdur. Mesaj mətnlərinə və fotolara baxış zamanı “mən burdayam şəkil at”, “şəkil at götürüm çıxım burdan”, “Baba gətirdin tez de”, “qaça tapa bildin”, “10 kilo nəyəsə”, “10 kilo orda mal var”, “malı gətirdin”, “mənim malım qalıb orda axı”, “Andusun allaha pulunu qutyr verim”, “adam adama etibar edərmi mən sənən si qurumuşam axı sən belə elədin” məzmunlu mesaj mətnləri və narkotik vasitələrin bir ədəd qara sellofan torbada yerləşdirildiyi yerin istiqamətini və həmin qara sellofan torbanın qoyulduğu yeri əks etdirən fotolar aşkar edilmişdir. Bundan başqa, mobil telefonun daxilindəki digər qovluqlara baxış zamanı Kontaktlar qovluğunda İran İslam Respublikasının mobil şəbəkəsinə aid “+98 914 953 0445” saylı mobil nömrənin “exi” adı ilə mobil telefonun yaddaşında saxlanılması, mobil telefonun simkart yuvasında ***-***-**-** saylı GSM nömrəsinin olması müəyyən olunmuşdur.(Cild 1, iş vərəqi 80-101).
11. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin xx.xx.2025-ci il tarixli, 19/2-15876/25 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. (Cild 1, iş vərəqi 105)
12. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X6 xx.xx.2025-ci il tarixli, 3612 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin epizodik istifadə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. O, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyac yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqi 112-113)
13. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanı əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. (Cild 1, iş vərəqi 105)
14. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 03 ədəd sellofan bağlamalarda ümumi təmiz çəkisi 8055,0 qram narkotik vasitə qurudulmuş marixuananın iş üzrə maddi sübut hesab edilməsi və ekspertizadan sonra qalıq qalmış 8054,7 qram qurudulmuş marixuananın saxlanılması üçün Səbail Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üstünün yoxlanılması, baxış keçirilməsi və götürmə aparılması prosesini əks etdirən videogörüntülərin köçürüldüyü 02 ədəd DVD diskin maddi sübut hesab edilməklə cinayət işinin materiallarına əlavə olunması, Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş 01 ədəd “Realme C21-Y” markalı mobil telefonun maddi sübut hesab edilməsi qərara alınmış, iş üzrə təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və digər istintaq sənədləri iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqi 122-132)
15. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri, Səbail Rayon Prokurorluğunun 20 oktyabr 2025-ci il tarixli 223 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində 16 iyun 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarın qərarın qanuniliyinin yoxlanılması ilə əlaqədar hər-hansı materialın daxil olması aşkar edilməmişdir.
16. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 24 oktyabr 2025-ci il tarixli 2-2/319/2-227883/2025 nömrəli məktubundan görünür ki, ********* nömrəli cinayət işi materiallardında olan xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarın qanuniliyinin yoxlanılması məqsədi ilə xx.xx.2025-ci il tarixdə rayon prokurorluğuna təqdim edilmişdir.
17. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş 28 oktyabr 2025-ci il tarixli 3-16-17/40/2-945/2025 nömrəli məktub və ona əlavə edilmiş tibb kitabçasının kserosürətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş, ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Sorğu zamanı zədə almadığını bildirmişdir. Bədəninə baxış keçirən zaman xəsarət izi aşkar edilməmişdir.
18. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 15 iyun 2025-ci il tarixdə Səbail Rayon Polis İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında rəhbəri olduğu əməliyyat qrupu tərəfindən saat təxminən 01:25 radələrində Bakı şəhəri, Səbail rayonu, Mikayıl Useynov küçəsi 14 ünvanı yaxınlığında Təqsirləndirilən şəxs saxlanılaraq əlində olan qara rəngli bağlamaya baxış keçirilən zaman içərisində 3 ədəd bükümdə narkotik tərkibli marixuanaya bənzər maddə aşkarlanmış və Təqsirləndirilən şəxs polis idarəsinə gətirilmişdir. Aşkarlanmış həmin narkotik tərkibli maddə qablaşdırılıb ekspertizaya təqdim edilmiş, bundan əlavə baxış zamanı Təqsirləndirilən şəxs şalvarının sağ cibindən bir ədəd “Redmi” markalı mobil telefon aşkarlanmışdır. Şahid1 həmçinin bildirmişdir ki, saxlanılarkən Təqsirləndirilən şəxs tək, piyada hərəkətdə olmuş, polis əməkdaşlarına sonuncu hər hansı müqavimət göstərməmiş, baxış istintaq hərəkəti videoçəkilişlə aparılmış və o, həmin videoçəkilişdə iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərində olan narkotik tərkibli maddələrin ona məxsus olduğunu etiraf edib könüllü təqdim etmiş, saxlanılma prosesində Təqsirləndirilən şəxs hər hansı fiziki və psixi zorakılıq edilməmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən videoçəkilişdə təqdim etməsi üçün hər hansı əlavə kütlə təqdim edilməmiş, aşkarlanmış narkotik tərkibli maddəyə videoçəkilişlə xidməti otaqda yenidən baxış keçirilmişdir. O, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir, həmin ifadədəki imzalar ona məxsusdur.
19. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 və X3 ifadələrində Şahid1 məhkəmədə verdiyi ifadəsinə oxşar məzmunda ifadə verməklə keçirilmiş əməliyyat tədbiri nəticəsində 15 iyul 2025-ci il tarixdə saat 01:25 radələrində Təqsirləndirilən şəxs ünvan 4 ünvanın yaxınlığında piyada hərəkətdə olarkən saxlanıldığını və baxış zamanı əlində olan sellofan bağlamanın içərisində 3 ədəd bükümdə narkotik tərkibli maddənin aşkarlandığını bildirmişlər.
20. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, 15 iyun 2025-ci il tarixdə təxminən 1 il əvvəldən tanıdığı, “Tik-Tok” sosial şəbəkəsində tanış olduğu, özünü İran İslam Respublikasının vətəndaşı Saleh kimi təqdim edən şəxs ona Bakı şəhərində içərisində narkotik vasitə olan bağlamanı bir ünvandan götürüb digər ünvana aparmağı müqabilində 200 manat pul verəcəyini dedikdə, o, həmin təkliflə razılaşmışdır. Saleh həmin tarixdə saat 21 radələrində ona narkotik vasitənin yerləşmə yerinin konumunu və həmin yerin şəklini “Whatsapp” mobil tətbiqi vasitəsi ilə göndərmiş, o, Şabran rayonunda taksiyə oturub Bakı şəhərinə gəlmiş və daha sonra Bayıl qəsəbəsinə gəlib Salehin ona göndərdiyi Səbail rayonu, Mikayıl Useynov küçəsi 14 ünvanına yaxınlaşmışdır. Sonuncunun dediyi yerdən içərisində narkotik vasitə marixuana olan qara rəngli sellofanı götürüb İran İslam Respublikasının vətəndaşı Salehin ona göndərdiyi ünvana aparan zaman həmin tarixdə, yəni 15 iyun 2025-ci il tarixdə saat 01 radələrində Mikayıl Useynov küçəsi 14 ünvanının qarşısında mülki geyimdə 4 nəfər polis əməkdaşı ona yaxınlaşaraq saxlayan zaman hər iki əlini tutub geriyə qatladığına görə sağ əlində tutduğu içərisində 3 ədəd narkotik vasitə qurudulmuş marixuana bükümü olan qara sellofan torba əlindən düşmüş, bu zaman polis əməkdaşlarından biri telefonda çəkiliş aparmış, digərləri isə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Həmin şəxslərdən biri ona üzərində qanunla qadağan olunmuş əşya varsa, təqdim etməsini bildirmiş, o, etiraf edərək əlində olan qara rəngli sellofanın içərisində olan 3 ədəd ayrı-ayrı sellofana bükülmüş narkotik vasitə marixuana olan sellofanı həmin şəxslərə təqdim etmiş, təqdim etdiyi narkotik vasitəyə baxılmış və yenidən skoçla bağlanıb möhürlənərək qablaşdırılmışdır. Bundan sonra onu Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə aparmışlar. Üzərindən aşkar edilmiş narkotik vasitə marixuana olan sellofanın içərisindəki üç ədəd bağlamaya baxış keçirilmiş, daha sonra yenidən qablaşdırılaraq götürülmüş, vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah edilmişdir. Narkotik vasitə marixuananı özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən Saleh ona saat 21 radələrində narkotik vasitənin yerləşmə yerini və həmin yerin şəklini “Whatsapp” mobil tətbiqi vasitəsi ilə göndərmiş, o, Şabran rayonunda taksiyə oturub Bakı şəhərinə gəlmiş, daha sonra saat 01:24 radələrində Bayıl qəsəbəsinə gəlib Salehin ona göndərdiyi Səbail rayonu, Mikayıl Useynov küçəsi 14 ünvanına yaxınlaşmışdır. Onun məqsədi həmin narkotik vasitələri Salehin ona göndərdiyi ünvana çatdırmaq olmuşdur. O, qeyd olunan narkotik vasitədən başqa heç bir yerdə narkotik vasitə saxlamır. Narkotik vasitə marixuananı əldə etdiyi İran İslam Respublikasının vətəndaşının nömrəsini əzbər bilməsə də, onun nömrəsini mobil telefonunda “exi” kimi qeyd etmişdir. İstifadəsində mobil nömrəsi var və həmin mobil nömrə ***-***-**-** saylı mobil nömrədir. Üzərindən aşkar edilmiş 03 ədəd sellofana bükülmüş narkotik vasitə marixuananı özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim etmiş Saleh adlı şəxsin ona göndərdiyi ünvana çatdırmaq məqsədilə daşımışdır. Salehə bunun qarşılığında pul göndərməmiş, əksinə həmin narkotik vasitəni göndərilən ünvana çatdırmağı müqabilində Saleh ona 200 manat pul göndərəcəyini öhdəsinə götürmüşdür. Saleh adlı şəxsin şəxsiyyəti ilə bağlı heç bir məlumatı yoxdur və sonuncu ilə olan yazışmalarının böyük qismi silinmiş, qalan yazışmaları istintaqa təqdim edə bilər. Onu saxlayan zaman, eləcə də, üzərinə baxış keçirilən zaman polis əməkdaşları tərəfindən ona heç bir fiziki və ya psixi təzyiq göstərilməmişdir.
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü və məhkəmə istintaqı zamanı həmin dəlillərin araşdırılması nəticəsində toplanmış sübutlar aşağıdakılardır:
21. Təqsirləndirilən şəxs məhkəmə baxışında Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, daimi Şabran rayonu ərazisində yaşayır. 15 iyul 2025-ci il tarixdə saat 21 radələrində Şabran rayonundan ona göndərilən konum (geolokasiya) üzrə Bakı şəhərinə gəldikdən sonra həmin ünvana gedərkən zibil qutusunun altında, qara rəngli sellofan bağlamada və çəkisi 5 qram olan “nəşə” adlı narkotik tərkibli maddəni götürmək istədikdə, polis əməkdaşları onu saxlamış, videoçəkilişdə həmin bağlamada 8 kiloqram narkotik tərkibli maddə marixuana olması ona məlum olmuşdur. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, o, Saleh adlı İran İslam Respublikasının vətəndaşı ilə narkotik tərkibli maddəni həmin ünvandan götürmək üçün “Tik-Tok” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamış, daha əvvəl də sonuncu ilə əlaqə saxlayıb bir neçə dəfə narkotik tərkibli maddə əldə etmişdir. O, bir qramını 10 manat olmaqla, 5 qram narkotik tərkibli maddə marixuana almaq üçün Bakı şəhərinə gəlmiş və Saleh adlı şəxsin bank kart hesabına 40 manat pul göndərmişdir. O, Bakı şəhərini yaxşı tanımadığına görə narkotik tərkibli maddəni hansı küçədən götürməli olduğunu bilmədiyindən, oraya “konum” vasitəsilə getmiş, həmin ünvanı “Saleh” adlı şəxs göndərib narkotik tərkibli maddənin olduğu sellofan bağlamanın zibil qutusunun içərisində olduğunu söyləmişdir. O, qara rəngli sellofan bağlamanı götürmək istəyərkən polis əməkdaşları onu saat 24 (gecə 12) -01 radələrində saxlamış, binaların yanında videoçəkiliş aparılmış və qara rəngli sellofan bağlamanın içərisindən 8 kiloqram çəkidə narkotik tərkibli maddə- marixuana aşkarlanmışdır. Həmin narkotik tərkibli maddələr ilə onun heç bir əlaqəsi olmamış, polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi zorakılıq edilmiş, polis əməkdaşları onun hər yerinə vurmuşlar. Müvəqqəti saxlama yerində polis əməkdaşları tərəfindən döyüldüyünü desə də, bədənində yara izləri olmadığına görə qeydə alınmamışdır. Barəsində həbs qətimkan tədbiri seçilərkən müstəntiqə zorakılıqla bağlı məlumat versə də, məhkəmə prosesi qısa müddət çəkdiyinə görə hakimə bu barədə deyə bilməmişdir. Onun əvvəllər məhkumluğu olmamış, müvafiq videoçəkiliş 3-4 dəfə aparılmış, polis əməkdaşları qara rəngli sellofan bağlamanı açıb içərisinə baxmış və onun yanında çəkisi tərəzidə ölçülmüş, videoçəkilişin aparılması üçün polis əməkdaşları tərəfindən ona fiziki zorakılıq edilmiş, təyin edilmiş müdafiəçi saxlanıldığı gecə onun yanına gəlmiş, videoçəkilişdə göstərilən sellofan bağlama onun götürmək istədiyi sellofan bağlama olmuşdur. İbtidai istintaq dövründə verdiyi ifadənin məzmununu qəbul etmir, lakin həmin ifadədə olan imzalar ona məxsusdur.
Hüquqi məsələlər:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:
22. CM-in 234.4.3-cü maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
23. Maddə 3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
24. Maddə 7.1. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
25. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
26. Maddə 15.4. Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur.
27. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
28. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
29. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.
30. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
31. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
32. Maddə 99-1.2. Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:
33. Maddə 28.5. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
34. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
35. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
36. Maddə 125.8. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə- Cinayət-Prosessual Məcəlləsi və ya CPM) tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
37. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
38. Maddə 138.2. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür.
39. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
40. Maddə 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
41. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
42. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
43. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
44. Maddə 318.1. Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.
45. Maddə 327.1.3. Təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər.
46. Maddə 347.1. Məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
47. Maddə 349. Məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.
48. Maddə 351.2. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.
49. Maddə 351.3.4. Məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.
Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:
50. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən narkotik vasitə qurudulmuş marixuananın təmiz halda 500 qramdan 50000 qramadək miqdarı külli miqdar hesab olunur.
51. Maddə 1.0.1. Narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir).
52. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.
53. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.
54. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.
55. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”
56. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, istintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: 5.7.5. bənd. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı
57. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı
58. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
59. Qərarın 26-cı bəndi. CPM-in 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.
60. Qərarın 37-ci bəndi. Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan normasının tətbiq olunması və ya ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin Cinayət Məcəlləsinin daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirməsi başa düşülür. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi).
Avropa Məhkəməsinin president hüququ:
61. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
62. Məhkəmə müdafiə tərəfinin mövqeyini araşdırmışdır.
63. Belə ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən 3-4 dəfə videoçəkilişin aparıldığını bildirdiyindən, məhkəmə həmin xüsusatı araşdırarkən müəyyən etmişdir ki, cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” və həmin tarixli “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokollara əsasən, videoçəkilişin 2 dəfə, yəni ilk dəfə Təqsirləndirilən şəxs saxlanılarkən, daha sonra isə xidməti otaqda aşkarlanmış predmetə baxış keçirilərkən aparılması müəyyən edilmişdir. Cinayət işinin materialları və digər sənədlərlə təqsirləndirilən şəxsin iştirakı ilə 3-4 dəfə videoçəkilişin aparılması müəyyən edilməmişdir. Bu səbəbdən, məhkəmə müdafiə tərəfinin həmin iddiasını əsassız, hər hansı dəlilə söykənməyən iddia hesab etmişdir.
64. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki və psixi zorakılığa məruz qaldıqlarını bildirsə də, bu iddia hər hansı sübutla möhkəmlənməmişdir.
65. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs tutulduqdan sonra ona psixoloji və fiziki təsir göstərilməsi barədə etirazlar etməmiş, bu barədə məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən nə özü, nə vəkili və nə də başqa şəxslər bildirməmiş, istintaq təcridxanasına yerləşdirilərkən üzərində hər-hansı xəsarət aşkar edilməmiş və döyülməsi barədə məlumat verməmişdir. Bu, məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Bakı İstintaq Təcridxanasına yerləşdirilərkən tibbi müayinədən keçərkən ona qarşı hər hansı zorakılıq edilmədiyini bildirməsi və bədəni üzərində hər hansı xəsarətin aşkarlanmaması ilə müəyyən edilir. Nəzərə almaq lazımdır ki, məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil.
66. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir.
67. Bundan başqa, təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində 5 qram narkotik vasitə marixuana əldə etmək üçün saxlanıldığını yerə getdiyini, ittihamda göstərilən narkotik vasitəni əldə etmək üçün getmədiyini bildirsə də, məhkəmə baxışında müvafiq videoçəkilişlərə baxdıqda görünür ki, videoyazılar fasiləsiz aparılmış, hər hansı kəsintiyə yol verilməmiş, təqsirləndirilən şəxs könüllü şəkildə müvafiq bağlamalarda narkotik vasitələri çıxarıb təqdim etmiş, təhqiqatçı tərəfindən qablaşdırılmaqla, iştirakçılar tərəfindən imzalanıb möhürlənmişdir. Daha sonra qablaşdırılmış predmet ekspertizaya göndərilmiş və ekspertizanın nəticəsinə dair rəy tərtib edilməklə cinayət işinin materiallarına əlavə olunmuşdur.
68. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, narkotik vasitə marixuananın təqsirləndirilən şəxsin əlində saxladığı qara rəngli sellofan torbanın içərisindən aşkar edilməsi, qablaşdırılması, həmin maddələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri, habelə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları iş üzrə mötəbər sübutlar kimi qəbul edilir. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan və məhkəmə araşdırılması zamanı tədqiq edilmiş sənədlərdən sübut kimi yol verilməz olanı yoxdur. İş materiallarında olan sübutlar yol veriləndir.
69. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.
70. Beləliklə, cinayət işinin materialları, şahidlərin ifadələri və məhkəmə araşdırmasına əsasən, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra əlində aşkarlanmış içərisində narkotik vasitə marixuana olan bağlamaların polis əməkdaşları tərəfindən təqdim olunması, ona qarşı fiziki və psixoloji təsirin göstərilməsi, videoçəkilişin 3-4 dəfə aparılması müəyyən edilməmişdir.
71. Məhkəmə təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitə marixuananın 8055,0 qramı şəxsi istehlak miqdarından təxminən 1611,0 dəfədən, külli miqdarından isə təxminən 16,11 dəfədən artıq olmasını, xx.xx.2025-ci il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokola və əlavə edilmiş fotoşəkillərə əsasən, narkotik vasitələrin dövriyyəsi ilə bağlı mesaj mətnləri və fotoların, mesaj mətnlərinə və fotolara baxış zamanı “mən burdayam şəkil at”, “şəkil at götürüm çıxım burdan”, “Baba gətirdin tez de”, “qaça tapa bildin”, “10 kilo nəyəsə”, “10 kilo orda mal var”, “malı gətirdin”, “mənim malım qalıb orda axı”, “Andusun allaha pulunu qutyr verim”, “adam adama etibar edərmi mən sənən si qurumuşam axı sən belə elədin” məzmunlu mesaj mətnlərinin və narkotik vasitələrin bir ədəd qara sellofan torbada yerləşdirildiyi yerin istiqamətini və həmin qara sellofan torbanın qoyulduğu yeri əks etdirən fotoların mövcudluğunun müəyyən edildiyini, aşkarlanmış həmin narkotik tərkibli maddələrin bir neçə bağlamalar şəklində olmasını, habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, narkotik vasitə mariuxananı məhz satış məqsədilə əldə etmişdir.
72. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olmaması və hazırki hökmlə münasibət bildirilmiş digər xüsusatlarla bağlı ifadəsində göstərdiyi halları və gətirdiyi ziddiyyətli dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif edilməsi qənaətinə gəlir və onun ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.
73. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.
74. Məhkəmə həmçinin qeyd edir ki, istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxsin “tamah niyyəti ilə İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən şəxsiyyəti istintaqla müəyyən edilməyən şəxsdən” sözləri ittihamçı tərəfindən məzmun olaraq sübuta yetirilməmişdir.
75. Çəhkəmə bir halı da qeyd edir ki, təqsirləndirilən şəxsə verilmiş ittihamda onun həmçinin “tamah niyyəti ilə” narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşıdığı qeyd edilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, CM-in 234-cü maddəsinin hər hansı bəndində “tamah niyyəti ilə” narkotik vasitə və ya psixotrop maddənin əldə edilməsi, saxlanması, daşınması və sair qanunsuz hərəkətlər etməsinə dair müddəa mövcud deyildir.
76. Bundan əlavə, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verərkən sonuncunun konkret olaraq kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən şəxsiyyəti istintaqla müəyyən edilməyən şəxsdən” sözlərini göstərməklə kifayətlənmişdir. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ibtidai araşdırma orqanı şəxsə ittiham elan edərkən qanunvericiliyin tələblərinə müvafiq olaraq onun nədən müdafiə olunmalı olması hüququnu tam təmin etməmiş, “İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən şəxsiyyəti istintaqla müəyyən edilməyən” şəxsin harada yaşaması və ya cinayətin subyekti olub-olmaması və sair hallar müəyyən edilməmiş, habelə ittihamçı tərəfindən də məhkəmə istintaqı zamanı belə sübutlar təqdim edilməmişdir.
77. Beləliklə, məhkəmə kollegiyası hökmün təsviri-əsaslandırıcı hissələrində göstərilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, habelə qanunu rəhbər tutaraq və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alaraq belə qənaətə gəlir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittihamdan məzmun olaraq “tamah niyyəti ilə İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən şəxsiyyəti istintaqla müəyyən edilməyən şəxsdən” sözləri irəli sürülmüş ümumi ittihamdan xaric edilməlidir.
78. Bundan əlavə, CPM-in 353.2-ci maddəsinə əsasən ittiham hökmünün təsviriəsaslandırıcı hissəsində cinayətin törədilməsi yeri, vaxtı, onun törədilmə üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri verilməlidir. Bu zaman təqsirləndirilən şəxsə istinad edilən CM-in maddəsinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi göstərilən bu və ya digər halın nəzərdən qaçırılmasına və yaxud qeyri-müəyyən ifadələrlə (“məlum olmayan”, “istintaqla müəyyən edilməyən” kimi söz birləşmələrindən istifadə olunmaqla) təsvir edilməsinə yol verilməməlidir.
79. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda bir ədəd qara rəngli torbanın içərisində olan 3 ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 2590,0 qram, 2925,0 qram və 2540,0 qram olmaqla ümumi çəkisi 8055,0 qram təşkil edən bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, onun külli miqdarda narkotik vasitələrin satış məqsədilə qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının realizəsi ilə bağlı Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 15 iyun 2025-ci il tarixdə saat 01:25 dəqiqədə ünvan 2 ünvanın qarşısında saxlanılaraq, orada həmin tarixdə saat 01:25-dən etibarən videoçəkilişlə üstünün yoxlanılması zamanı əlində saxladığı qara torbanın içərisində 3 ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 2590,0 qram, 2925,0 qram və 2540,0 qram olmaqla ümumi çəkisi 8055,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.
80. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir.
81. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
82. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır.
83. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqi 119-120)
84. Məhkəmə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı davranışını, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.
85. Məhkəmədə CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.
86. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
87. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir.
88. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 15 iyun 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 iyun 2025-ci il tarixli, 4(009)-299/2025 nömrəli qərarı ilə həmin tarixdə barəsində əvvəli 15 iyun 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir.
89. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 15 iyun 2025ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
90. İş üzrə mülki iddia, həbs qoyulmuş və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
91. İş üzrə maddi sübut olan, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 8054,7 qram qurudulmuş marixuana məhv edilməli, digər sübut - şəxsin üzərində axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd “Realme C21-Y” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarından birinə qaytarılmalıdır.
92. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.
93. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 72 (yetmiş iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir.
94. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət, yəni ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 15 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olmaqla Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 8054,7 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Digər sübut - şəxsin üzərində axtarış və götürmə aparılması, habelə aşkar edilmiş predmetə baxış keçirilməsi zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd “Realme C21-Y” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarından birinə qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova