Məhkəmə qərarları › İş №1(101)-1805/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1805/2022

28.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1805/2022 28.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X7 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili X2 iştirakı ilə, Təqsirləndirilən şəxs – (xx.xx.1983-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, işləməyən, Lənkəran şəhəri, Z.Əliyeva küçəsi, 78/12, mənzil 44-də qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxil edilən 3,769 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 16 iyun 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 16:00-da Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz fərdi yaşayış evinin qarşısında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb üzərində şəxsi axtarış keçirilərkən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 3,124 qram və 0,645 qram olmaqla ümumi təmiz çəkisi 3,769 qram psixotrop maddə metamfetamin iki ədəd bükümdə əynindəki boz rəngli şalvarın sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, narkotik vasitə və psixotrop maddələr qəbul etdiyindən sosial şəbəkə vasitəsilə narkotik vasitə və psixotrop maddə satışı ilə məşğul olan və İran İslam Respublikasında yaşayan «Rza» adlı şəxs ilə razılaşıb ona narkotik vasitə və psixotrop maddələri öz adamları vasitəsi ilə göndərməyə başlamışdır. O, müxtəlif ödəmə terminalları vasitəsi ilə «Rza»nın ona şəklini göndərdiyi plastik kart hesablarına sifariş etdiyi miqdarda narkotik vasitə və psixotrop maddəyə görə pulu ödəyərək narkotik vasitə və psixotrop maddə alırmış. O bir neçə dəfə «Rza»dan heroin və metamfetamin almışdır. Sonuncu dəfə «Rza»dan 50 manat qarşılığında 2 qram metamfetamin almış, əldə etdiyi psixotrop maddənin az bir hissəsini qəbul etmiş, qalan hissəsini kağız bükümdə cibində saxlamışdır. Polis əməkdaşları onu saxlayıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getməsini təklif etmişlər və o da etiraz etmədən idarəyə getmişdir. İdarədə olan zaman ona heç bir təzyiq göstərilməmişdir. Daha sonra onun üzərinə videoçəkiliş ilə baxış aparılmış, videoçəkiliş zamanı onda olan bir qram metamfetamini təqdim etmişdir, 2-ci büküm metamfetamin ona məxsus olmamışdır. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O, həmin ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, özü narkotik vasitə və psixotrop maddələr qəbul edən olduğundan bir müddət əvvəl sosial şəbəkə vasitəsilə narkotik vasitə və psixotrop maddə satışı ilə məşğul olan və İran İslam Respublikasında yaşayan «Rza» adlı Cənubi Azərbaycanlı ilə tanış olmuş, bir müddət həmin şəxslə sosial şəbəkələr vasitəsilə danışandan sonra ondan özü üçün heroin və metamfetamin istəmiş, «Rza» da onunla razılaşıb ona narkotik vasitə və psixotrop maddələri öz adamların vasitəsi ilə göndərməyə başlamışdır. Belə ki, o, müxtəlif ödəmə terminalları vasitəsi ilə «Rza»nın ona şəklini göndərdiyi plastik kart hesablarına sifariş etdiyi miqdarda narkotik vasitə və psixotrop maddəyə görə ödəniləcək məbləğdə pulu köçürürmüş, «Rza» da ona Bakı şəhərinin müxtəlif yerlərinə heroin və metamfetamin qoydururmuş, o da həmin maddələri qoyulan yerlərdən götürüb qəbul edirmiş. Beləcə bir neçə dəfə «Rza»dan heroin və metamfetamin almışdır. Sonuncu dəfə 14 iyun 2022-ci il tarixdə «Rza» ilə sonuncunun istifadəsində olan +98 914 839 3968 nömrəsinin vatsapı ilə danışıb ona 50 manat dəyərində psixotrop maddə metamfetamin sifariş vermiş, bunun üçün «Rza»nın göndərdiyi bank hesabına ödəmə terminalından 50 manat pul köçürmüş, sonuncu da ona psixotrop maddənin qoyulduğu yerin fotoşəklini göndərmiş, o da həmin şəkilə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsinə gedib «Rza»nın adamı vasitəsi qoydurduğu psixotrop maddəni götürüb üzərində saxlamışdır. Sonrakı günlər o, əldə etdiyi psixotrop maddənin az bir hissəsini qəbul etmiş, qalan hissəsini isə bir ədəd sellofan, bir ədəd kağız bükümdə cibində saxlamışdır. 15 iyun 2022-ci il tarixdə saat 16 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda piyada gedərkən əvvəllər tanımadığı, sonradan ona məlum olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin mülki geyimli əməkdaşları yaxınlaşıb onu saxlamış və ondan şəxsiyyətini soruşmuş, o, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə onlarda məlumat olduğunu bildirib onlarla birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getməsini təklif etmiş, o da buna etiraz etməyib polis əməkdaşları ilə Baş İdarəyə getmişdir. Polis idarəsində hüquqlarının müdafiəsi üçün ona müdafiəçi təqdim etmişlər, daha sonra üzərində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılacağını bildirmişlər. O, etiraz etmədikdən sonra üzərində şəxsi axtarış keçirilmiş, bu zaman o, səmimi olaraq üzərində «şüşə» kimi tanıdığı psixotrop maddələr olduğunu etiraf edərək əynində olan şalvarın sağ yan cibindəki, içərisində metamfetamin olan bir ədəd şəffaf sellofan bükümü və bir ədəd kağız bükümü çıxarıb təqdim etmişdir. Bundan başqa o, cibindən özünə məxsus «Samsung» markalı mobil telefon aparatını, özünə məxsus şəxsiyyət vəsiqəsini və 49 manat pul vəsaitini çıxarıb masanın üzərinə qoymuşdur. Üzərindən aşkar olunmuş bükümlərin içərisinə baxış keçirilərkən içərisində psixotrop maddələr aşkar oldunmuşdur. Şifahi sorğu zamanı o, üzərindən aşkar olunan bükümlərin özünə məxsus olduğunu, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyini, üzərindən aşkar olunan bükümlərdəki metamfetamini şəxsi istifadəsi üçün nə zaman və kimdən aldığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra aşkar olunmuş iki ədəd bükümlərin içərisində olan psixotrop maddə metamfetamin bir ədəd zərfin içərisində qablaşdırılıb polis əməkdaşları tərəfindən götürülmüşdür. Şəxsi axtarış zamanı aşkar edilmiş mobil telefon aparatı və şəxsiyyət vəsiqəsi də götürülmüş, 49 manat pulu isə özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs istintaq zamanı ona CM-nin 234.1-ci maddəsi ilə ittiham veriləcəyi barədə vəd verildiyini, ona görə də ifadəsini oxumadan imza etdiyini, məhkəmədə verdiyi ifadəsinin düzgün olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, 15 iyun 2022-ci il tarixdə əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum edilmiş Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, həmin məlumat əsasında tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edildikdən sonra Baş İdarə rəisinin əmri ilə əməliyyat qrupu yaradılmış və bundan sonra Təqsirləndirilən şəxs cinayət başında yaxalanması və saxlanması istiqamətində tərəflərindən əməliyyat tədbirlərinə başlanmışdır. Həmin gün Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində olması müəyyənləşdirildikdən sonra əməliyyat qrupunun üzvləri olaraq Südçülük sovxozuna yollanmışlar. Həmin gün saat 16:00 radələrində Təqsirləndirilən şəxs Südçülük sovxozunda yaşadığ nömrəsiz fərdi yaşayış evinin yaxınlığında tərəflərindən saxlanılmış, sonuncuya saxlanmasının əsaslarını izah edərək onu tərəfindən qəbul edilmiş qərarla tanış etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getməsini təklif etmişlər, sonuncu da buna etiraz etməyərək onlarla birlikdə Baş İdarəyə getmişdir. Orada araşdırmanın aparılması BMCMİ-nin Təhqiqat bölməsinin təhqiqatçısı İslam Mürsəlova həvalə edilmiş, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərində videoçəkliş aparılmaqla şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Şəxsi axtarış zamanı ilk olaraq Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və digər qanunsuz əşyalar varsa könüllü olaraq təqdim etməsi təklif etdilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd sellofan və bir ədəd kağız bükümü təqdim edib təqdim etdiyi iki ədəd bükümün içində «şüşə» olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd büküm açıldıqda bükümlərin içərisində ağ rəngli, kristal formalı psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilən digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki bükümdəki metamfetamini iki gün əvvəl İran İslam Respublikası vətəndaşı olan «Rza» adlı şəxsin vasitəsi ilə 50 manata Badamdar qəsəbəsindən «zaklatka» üsulu ilə aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iki ədəd bükümdə olan metamfetaminə oxşar maddələr bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 və Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işində olan 15 iyun 2022-ci il tarixli tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 15 iyun 2022-ci il tarixdə BMCMİ-nin inzibati binasında müdafiəçinin iştirakı ilə videoçəklişlə həyata keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxsin əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən ayrı-ayrılıqda bir ədəd sellofan və bir ədəd kağız bükümlərdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işində olan 18 iyun 2022-ci il tarixli “Mobil telofon aparatına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs «WhatsApp» ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə mobil telefon aparatında adı «behmen» kimi, «Hamid» və «Rza» kimi qeyd edilmiş İran İslam Respublikasının mobil operatoruna məxsus +98 914 9035 5782, +98 933 916 0088, +98 914 839 3698 nömrələrlə, həmçinin adı «Brat» kimi qeyd edilən ***- ***-**-** nömrənin istifadəçisi, adı «Taleh» kimi qeyd edilən ***-***-**-** nömrənin istifadəçisi, adı «Murat» kimi qeyd edilən 055-4-5-79-29 nömrənin istifadəçisi,adı qeyd edilməyən ***-***- **-** nömrənin istifadəçisi, adı qeyd edilməyən ***-***-**-** nömrənin istifadəçisi, adı qeyd edilməyən 0***-***-**-** nömrənin istifadəçisi, adı qeyd edilməyən ***-***-**-** nömrənin istifadəçisi, adı qeyd edilməyən ***-***-**-** nömrənin istifadəçisi, adı qeyd edilməyən ***-***- **-** nömrənin istifadəçisi ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı əlaqələr yaratmışdır. Cinayət işində olan 05 avqust 2022-ci il tarixli “Mobil telofonla ötürülən məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli AZF/LGL-11244/22 nömrəli müşayiət məktubu ilə götürülmüş bir ədəd CD diskdəki iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı telefon nömrələrindən 01 sentyabr 2021-ci il tarixdən 16 iyun 2022-ci il tarixədək olan məlumatlara baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrədən istintaqa məlum olmayan şəxsin istifadəsində olan ***-***-**-** nörməyə xx-xx- 2021-ci il saat 17:56:57-də «Veziyet agirdi sene qurban ne qeder tez olsa yaxwidi», xx-xx- 2021-ci il saat 18:08:17-də «Qaqa bunun yanında deme yari goturduyumuzu deme o cibimdedi?», xx-xx-2021-ci il saat 22:23:31-də «Vuqar. Biri var ondan pul gotururem cet paticet kola isteyir onu verim yari goturum bolerik buna birdene cet daw verersen», xx-xx- 2021-ci il saat 01:22:48-də «Hansi g......en duz verir az olub yari evezine 03 verdiyin», xx-xx- 2022-ci il saat 11:28:22-də istintaqa məlum olmayan şəxsin istifadəsində olan ***-***-**-** nörməyə «Qasım Tema lazım olsa de şəhərdəyəm amma 35 du» məzmunlu və həmçinin digər şəxslərin istifadəsində olan nömrələrlə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı SMS yazışmaları aparmışdır. Cinayət işində olan iş üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 16 iyun 2022-ci il tarixli 6/3366 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən» sözləri, soyad və imzalar olan kağız paketdəki 01 (bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 3,124 qram və 01 (bir) ədəd kağız bükümdə təmiz çəkiləri 0,645 qram, ümumi təmiz çəkisi 3,769 qram olan ağ rəngli kristallardan ibarət maddələr xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqat zamanı təmiz çəkisi 3,769 qram metamfetamindəın 0,10 qram istifadə edilmiş və qalıq çəkisi 3,669 qram təşkil etmişdir. Cinayət işində olan iş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 X4 X1 17 iyun 2022-ci il tarixli 3290 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opoidlərini və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindormu, (narkomaniya) xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan "şübhəli şəxsin tutulması haqqında" protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli 4(005)-723/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 15 iyun 2022-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1, 66.3, 66.5-ci maddələri ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrum edilmiş, AR Milli Məclisinin xx.xx.2013-cü il tarixli Amnistiya haqqında qərarıın 2.5-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 234.2 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2019-cu il tarixdə Nizami rayon Məhkəməsinin qərarına əsasən 11 ay 16 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci il tarixində cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş sayılır. Təqsirləndirilən şəxs məhkumluğu hazırda ödənilmişdir və onun əməlində cinayətlərin residivi yoxdur. Cinayət işinin materiallarına əlavə olunmuş sənəddən məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan bir övladı vardır. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutlan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməməsini, narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı iləəvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanmasıüçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza vəya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olması onun məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə şəxsi axtarış və götürmə hərəkətlərinin qeydə alındığı videogörünütünü əks etdirən bir ədəd DVD disk və telefon məlumatlarının qeydə alındığı bir ədəd CD-R disk maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. İş üzrə bir ədəd kağız paketdə qablaşdırılmış halda tədqiqatdan sonrakı qalıq çəkisi 3,669 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmişdir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş maddi sübut olan bir ədəd kağız paketdə qablaşdırılmış halda tədqiqatdan sonrakı qalıq çəkisi 3,669 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, şəxsi axtarış və götürmə hərəkətlərinin qeydə alındığı videogörünütünü əks etdirən bir ədəd DVD disk və telefon məlumatlarının qeydə alındığı bir ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan 15 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili X3 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan 15 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş maddi sübut olan bir ədəd kağız paketdə qablaşdırılmış halda tədqiqatdan sonrakı qalıq çəkisi 3,669 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, şəxsi axtarış və götürmə hərəkətlərinin qeydə alındığı videogörünütünü əks etdirən bir ədəd DVD disk və telefon məlumatlarının qeydə alındığı bir ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılsın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili X3 120 (yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar