Məhkəmə qərarları › İş №1(101)-1806/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1806/2022

25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1806/2022 25.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X15 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, X3 və Zərərçəkmiş şəxs3 iştirakı ilə, xx xxxx 1975-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Yevlax şəhəri, Şəki Tacı küçəsi mənzil 116-da qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmiş və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamağa, oğurluq etməyə cəhd etmiş, habelə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 mart 2022-ci il tarixdə gecə saat 1:00-dan 6:00-dək olan müddət ərzində X6 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, 2-ci sahədə yerləşən nömrəsiz fərdi yaşayış evin həyətinə hasardan keçərək qanunsuz daxil olmaqla evin həyətyanı sahəsindən 1 ədəd 190 manat dəyərində “İsma” markalı 26 ölçülü velosiped və daş hasara bərkidilmiş 1 ədəd 140 manat dəyərində “Ayqaz” markalı su qızdırıcısını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 cəmi 330 manat məbləğində zərər vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12 may 2022-ci il tarixdə gecə saat 1:00-dan 6:00-dək olan müddət ərzində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə hasardan keçərək qanunsuz daxil olmaqla əvvəlcə açıq taxta qapısı olan evin zirzəmisindən hər birinin dəyəri 145 manat olan “Mercedes” markalı avtomobilə aid 3 ədəd amortizator, 500 manat dəyərində 1 ədəd samovar, 150 manat dəyərində 1 ədəd alüminium qazan, 60 manat dəyərində 1 ədəd alüminium ləyən, 150 manat dəyərində 1 ədəd mis ləyən, hər topunun dəyəri 70 manat təşkil edən, uzunluğu 100 metr və 4-lük diametrli 2 top elektrik naqili, bir bankası 5 manat təşkil edən, hər birinin içərisində əncir, albalı və zoğal mürəbbələri olan 3 ədəd 1 kiloqramlıq bankalar və ümumilikdə 10 manat təşkil edən 12 ədəd bel müalicəsi üçün nəzərdə tutulmuş bankaları gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 cəmi 1.460 manat məbləğində zərər vuraraq oğurluq etmiş və həmin vaxt evin həyətində yerləşən açıq taxta qapısı olan köməkçi otaqdakı “Thermona” markalı kombi istilik sisteminin ağır olduğunu və digər əşyalarla birlikdə apara bilməyəcəyini düşündüyündən 15 may 2022-ci il tarixdə gecə saat 1:00 radələrində vahid niyyətlə əhatə olunmuş qəsdlə 3.000 manat dəyərində olan həmin “Thermona” markalı kombi istilik sistemini götürmək üçün qeyd olunan evin həyətinə yenə də hasardan keçməklə qanunsuz daxil olub artıq üzərinə asma qıfılı qoyulmuş köməkçi otağın taxta qapısını açmaq istədiyi zaman evin pəncərəsindən Zərərçəkmiş şəxs1 baxdığını görüb ifşa olunaraq yaxalanacağından qorxub oradan uzaqlaşmaq məcburiyyətində qaldığından öz iradəsindən asılı olmayan səbəbə görə bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini başa çatdıra bilməyib zərərçəkmiş şəxsin 3.000 manat dəyərində əmlakım oğurlamağa cəhd etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 31 may 2022-ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən nömrəsiz fərdi yaşayış evin həyətinə hasardan aşmaqla və mətbəxin plastik pəncərəsini dartıb açaraq qanunsuz mənzilə daxil olmaqla oradakı 1-ci mərtəbədə olan pilləkənin altından 300 manat dəyərində 1 ədəd markası bilinməyən qaynaq aparatı, 120 manat dəyərində 1 ədəd “Siemens” markalı laqonda aparatı, 120 manat dəyərində 1 ədəd “Bosch” markalı laqonda aparatı və 70 manat dəyərində 10 litrlik köhnə od samovarını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs3 cəmi 610 manat məbləğində zərər vuraraq oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda təmiz çəkisi 3,011 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 31 may 2022-ci il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, nömrəsiz fərdi yaşayış evinin qarşısında özünü şübhəli apardığından Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilmiş, orada videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 3,011 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3 və 234.1-1-ci maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun illər narkotik vasitə heroin qəbul etmişdir. 30 may 2022-ci il tarixdə axşam saatlarında yaşadığı Ramana qəsəbəsi, Şuşa şəhərciyində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 1 ədəd bükümdə “kakos” adlandırdığı narkotik vasitə heroini özünün istifadə edəcəyi məqsədi ilə 30 manata alıb üzərində saxlamış və yaşadığı evə getmişdir. 31 may 2022-ci il tarixdə saat 18:00 radələrində Ramana qəsəbəsi, Şuşa şəhərciyində piyada hərəkətdə olduğu zaman 2 nəfər mülki geyimdə şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və onu 12-ci polis şöbəsinə dəvət etmişlər, həmin vaxt narkotik vasitə heroin üzərində olmuşdur. Burada ona dəvət olunmuş vəkilin iştirakı ilə hüquqlarını izah etdikdən sonra videoçəkiliş vasitəsilə üzərində axtarış aparmışlar. Özünün razılığı ilə axtarış vəkilin iştirakı olmadan aparılmışdır. Əvvəlcə ona üzərində olan bütün əşyaları könüllü olaraq çıxarıb təqdim etməsini təklif etmişlər. O, əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir bükümdə heroini təqdim etmişdir. Sorğu sual zamanı bir bükümdə olan kütlənin narkotik vasitə heroin olduğunu, onu tutulmamışdan bir gün əvvəl Ramana qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra təqdim etdiyi büküm zərfə qoyularaq qablaşdırılmış, tərəflərindən imzalanmış və möhürlənmiş, bu barədə protokol tərtib edilmiş və imzalarla təsdiq edilmişdir. Həmin narkotik vasitə heroini özü qəbul etmək məqsədi ilə üzərində saxlamış, ondan qəbul etməmişdir. Narkotik vasitəni tək qəbul etmiş, bu barədə heç kimə bildirməmiş, narkotik vasitə heroini gizli qəbul etmişdir. Narkotik vasitə heroini aldığı şəxs orta boylu, arıq bədən quruluşlu, əynində cins şalvar və tünd rəngli qısaqol köynəyi olmuş, digər əlamətlərini xatırlamır. Bundan başqa Ramana qəsəbəsi, Şuşa şəhərciyində 3 evdən oğurluq etmişdir. Belə ki, ilk dəfə 2022-ci ilin mart ayının sonlarında pulu olmadığına görə oğurluq etmək qərarına gəlmiş, xatırlamadığı həmin gün gecə Şuşa şəhərciyində olduğu zaman 1 mərtəbəli fərdi yaşayış evi görmüş, həmin evin işıqları sönülü olmuşdur. Evdə heç kimin olmadığını zənn etmiş və ətrafa baxıb heç kimi görmədiyinə görə hasardan evin həyətinə keçmişdir. Evin həyətində velosiped görüb götürmüş, həmçinin divara bərkidilmiş su qızdırıcısı aşkar edib onu da götürmüş və həmin əşyaları hasardan bayıra keçirərək həmin yerdən uzaqlaşmışdır. Səhərisi gün həmin əşyalarla 8-ci kilometr bazarına yollanmış, orada bazarın qarşısında tanımadığı şəxsə su qızdırıcısını 30 manata, markasını xatırlamadığı velosipedi isə 20 manata satıb çıxıb getmişdir. Bundan başqa 2022-ci ilin may ayının ortalarında Şuşa şəhərciyində olduğu zaman narkotik vasitə almaq üçün pulu olmadığından oğurluq etmək qərarına gəlmişdir. Xatırlamadığı həmin günün gecəsi Şuşa şəhərciyində yerləşən, şiferli darvazası olan 1 mərtəbəli fərdi yaşayış evini görmüş, həmin evin işıqları sönülü olmuşdur. Evdə heç kimin olmadığını zənn etmiş və ətrafa baxıb heç kimi görmədiyinə əmin olduqdan sonra hasardan evin həyətinə keçmişdir. Əvvəlcə evin zirzəmisinin taxta qapısının açıq olduğunu görüb içəriyə daxil olmuşdur. Orada 1 ədəd samovar, bir neçə ləyən, qazan və hansısa avtomobilə aid 3 ədəd amortizatorları, o cümlədən əlinə düşən bir neçə top elektrik naqilləri, müalicə üçün belə qoyulan bir neçə banka və 3 banka mürəbbəni götürüb bayıra çıxartmışdır. Daha sonra evin həyətində açıq taxta qapısı olan köməkçi otaq görmüşdür. Oraya qapını açaraq daxil olmuş və kombi aparatını görmüşdür. Kombi aparatını ağır olduğundan digər əşyalarla birlikdə apara bilməyəcəyini düşünmüş, bu səbəbdən oradan çıxmış və zirzəmidən götürdüyü əşyaları hasardan keçirərək çıxıb getmişdir. Səhərisi gün oğurladığı əşyaları Ramana qəsəbəsində Akasiya restoranının yaxınlığında metal qəbulu məntəqəsində işləyən tanıdığı Natiqin yanına aparmışdır. Həmin əşyalardan samovarı, ləyən, qazan və 3 ədəd amartizatoru birlikdə Natiqə 60 manata satmışdır. Natiq bel bankaları və mürəbbələri ondan almamış, yalnız metal əşyaları götürmüşdür. O da bankada olan mürəbbələri özü yemiş, bel bankalarını isə zibilliyə tullamışdır. Üstündən 2 gün keçdikdən sonra həmin evdən kombi aparatını götürmək üçün gecə saatlarında bir daha həmin ünvana getmiş, yenə hasardan evin həyətinə keçib köməkçi otağa yaxınlaşmış və asma qıfılla bağlı olan taxta qapını dartıb açmaq istədikdə ev sahibinin pəncərədən baxdığını görmüşdür. Bu səbəbdən dərhal orada həyətdə dayanmış avtomobilin altına əyilmiş, biraz keçdikdən sonra dərhal hasardan bayıra keçərək oradan qaçıb uzaqlaşmış, ona görə də kombi aparatını apara bilməmişdir. Bundan başqa 30 may 2022-ci il tarixdə günorta saatlarında narkotik təsiri altında olarkən Şuşa şəhərciyində 2 mərtəbəli evin darvazasının açıq olduğunu görüb oraya daxil olmuşdur. Bir nəfər şəxs nə istədiyini soruşmuş, o da pulunun olmadığını, biraz varsa ona pul verməyini ev sahibindən xahiş etmişdir. Həmin şəxs ona irad bildirərək evin həyətindən bayıra çıxartmışdır. Ev sahibinin ona qarşı etdiyi belə davranışına görə evindən oğurluq etmək qərarına gəlmişdir. Həmin gün axşam saatlarında qeyd etdiyi kimi tanımadığı şəxsdən narkotik vasitə heroin almış və 31 may 2022-ci il tarixə keçən gecə saatlarında həmin 2 mərtəbəli fərdi yaşayış evinə yaxınlaşmışdır. Həmin evin işıqları sönülü olmuşdur. Evdə heç kimin olmadığını zənn etmiş və ətrafa baxıb heç kimin görmədiyinə görə hasardan evin həyətinə keçmişdir. Evin plastik pəncərəsini dartıb açaraq mənzildəki mətbəxə daxil olmuş, oradan evin 1-ci mərtəbəsində pilləkənların altında 2 ədəd laqonda, 1 ədəd qaynaq aparatı və 1 ədəd samovar aşkar etmişdir. Həmin əşyaları götürüb bir bir pəncərədən çıxartmış, sonradan hasardan bayıra keçirtmiş və oradan uzaqlaşmışdır. Sonradan oğurladığı samovarı yararsız hala salmışdır ki, oğurluq olduğunu heç kim bilməsin. Səhərisi gün həmin samovarı metal qəbulu məntəqəsində işləyən Natiqə 10 manata satmış, qaynaq aparatı və laqondaları isə hamısını birlikdə Sabunçu bazarında tanımadığı şəxsə ümumilikdə 100 manata satmışdır. Həmin gün günorta saatlarında əldə etdiyi pula yeyib-içmiş, gəzmiş və axşam saat 18:00 radələrində Şuşa şəhərciyində olarkən özünü şübhəli apardığından polis əməkdaşları tərəfindən saxlanılmış və axtarış zamanı cibində olan narkotik vasitə heroin təqdim etmişdir. Qeyd etdiklərindən başqa bir cinayət törətməmiş, oğurluq cinayətlərini törətməkdə ona hər hansı bir şəxs köməklik göstərməmiş, oğurluqları tək halda etmişdir. Oğurluq etdiyi əşyaları Natiq və başqa şəxslərə satarkən onları cinayət yolu ilə ələ keçirtdiyini deməmiş, Natiqə əşyaları evlərin yanında tullantı kimi olduqlarını görüb götürdüyünü bildirmişdir. Narkotik vasitəni yalnız şəxsi istifadəsi üçün almışdır. Oğurluq cinayətlərini törətməkdə ona hər hansı bir şəxs köməklik göstərməmişdir. Maddi cəhətdən çətinliyi olduğu üçün oğurluq etmişdir. Oğurluq etdiyi şəxsləri tanımamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmişdir. Şəxsi axtarış videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə tam təqsirli olması məhkəmə istintaq zamanı etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqında zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, digər istintaq hərəkətinin protokolları, ekspertiza rəyləri və cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla da təsdiq edilmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində nömrəsiz fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Həmin ev 1 mərtəbə və 5 otaqdan ibarətdir, 3 sot torpaq sahəsində yerləşir. Özü fərdi qaydada su filtrlərinin ustası kimi işləyib dolanır. 11 may 2022-ci il tarixdən 12 may 2022-ci il tarixə keçən gecə şimşəkli, yağışlı hava olmuş, 12 may 2022-ci il tarixə keçən gecə saat 1:00 radələrində ailə üzvləri ilə birlikdə yatmışlar. Səhər saat 6:00 radələrində atası X7 yuxudan durduqda evin zirzəmisinin taxta qapısının, habelə evin həyətində yerləşən köməkçi otağın da açıq olduqlarını aşkar etmişdir. Bununla bağlı atası onu oyatmış və onlar birlikdə zirzəmiyə baxdıqda oradan 1 ədəd samovar, 1 ədəd aluminium ləyən, 1 ədəd mis ləyən, 1 ədəd aluminium qazan, hər topunun uzunluğu 100 metr və 4-lük diametrli olan 2 top elektrik naqili, 3 ədəd “Mercedes” markalı avtomobilin amortizatoru, hər birinin içərisində əncil, albalı və zoğal mürəbbələri olan 3 ədəd 1 kiloqramlıq bankaların və 12 ədəd bel müalicəsi üçün nəzərdə tutulmuş bankaların oğurlandığını aşkar etmişdir. Bundan başqa köməkçi otaqda kombi istilik sisteminin şlanqının çıxarılmış vəziyyətdə olduğunu görmüşlər. Həmin vaxt o, təcili işə getməli olduğu üçün hadisə barədə bildirməmiş, belə ki, məlumat verdiyi halda evə polis əməkdaşlarının gələcəklərini zənn etmiş və buna görə də özü evdə olmalı olmuşdur. Bu səbəbdən oğurluq hadisəsini aşkar edərkən məlumat verməmiş və ailə üzvlərinə də özü olmadan müraciət etməmələrini bildirmişdir. Lakin həmin gün işdən evə qayıtdıqda saat təxminən 23:00 radələrində 102 xidmətinə zəng edərək oğurluq hadisəsi barədə məlumat vermişdir. Bundan sonra evə 12-ci polis şöbəsinin əməkdaşları gəlmişlər və hadisə yerinə baxış keçirtmişlər. Özü isə hadisə ilə əlaqədar ərizə yazmış və izahatı alınmışdır. Evin həyətinin girişi şifirdən düzəlmiş qapı darvaza olduğunu, hadisə günü darvaza və qapının zədələnmədiyini və sındırma izləri olmadığını göstərmişdir. Ona görə də oğurluq edən şəxs evin həyətinə hasardan keçmiş, həmçinin zirzəminin taxta qapısı və köməkçi otağın taxta qapıları açıq olmuşdur. Hadisədən sonra həyətdəki kombi yerləşən köməkçi otağın qapısını açar qıfılla bağlamışdır. Həmin hadisənin üstündən iki gün keçdikdən sonra, 15 may 2022-ci il tarixdə saat 1:00 radələrində evdə olduğu vaxt bayırda səs eşitmiş, pəncərədən baxdıqda bir nəfər kişi cinsli şəxsin evin həyətində avtomobilin arxasında gizləndiyini görmüşdür. Həmin şəxs pəncərədən baxdığını görüb tez hasardan tullanaraq küçəyə keçmiş və oradan uzaqlaşmışdır. O həmin şəxsin arxasınca çıxsa da, onu tapa bilməmişdir. Sonradan köməkçi otağın bağlı vəziyyətdə bir az aralı olduğunu aşkar edib həmin şəxsin məhz köməkçi otağa daxil olmaq istədiyini başa düşmüşdür. O elə başa düşmüşdür ki, bu iki gün əvvəl evin zirzəmisindən oğurluq edən şəxs olmuş, ona görə ki, oğurluq edərkən kombi istiliq sisteminin şlanqlarını açaraq cihazı götürmək istəmiş, ona məlum olmayan səbəbə görə bunu edə bilməmiş, iki gün sonra da gəlib kombini aparmaq istəmişdir. Sonradan ona məlum olmuşdur ki, qeyd olunan cinayət hadisəsini törətmiş şəxs tutulmuşdur. 12 may 2022-ci il tarixdə baş vermiş oğurluq nəticəsində yaşadığı evin zirzəmisindən ona məxsus hər birinin dəyəri 145 manat təşkil edən 3 ədəd “Mercedes” markalı avtomobilin amortizatoru, dəyəri 500 manat təşkil edən 1 ədəd samovar, dəyəri 150 manat təşkil edən 1 ədəd aluminium qazan, dəyəri 60 manat təşkil edən 1 ədəd aluminium ləyən, dəyəri 150 manat təşkil edən mis ləyən, hər topunun dəyəri 70 manat təşkil edən uzunluğu 100 metr və 4-lük diametrli olan 2 top elektrik naqili, bir bankası 5 manat təşkil edən, hər birinin içərisində əncil, albalı və zoğal mürəbbələri olan 3 ədəd 1 kiloqramlıq bankalar və ümumilikdə 10 manat təşkil edən 12 ədəd bel müalicəsi üçün nəzərdə tutulmuş bankalar oğurlanmışdır. Həmçinin oğurluq edən şəxs evin həyətindəki köməkçi otaqdan dəyəri 3.000 manat təşkil edən kombi istilik sistemini ələ keçirməyə cəhd etmişdir. Ümumilikdə ona 1.460 manat məbləğində maddi ziyan dəymiş, 3.000 manat dəyərində isə kombi istilik sistemi özündə qalmışdır. Təqsirləndirilən şəxsi hadisəyə qədər tanımamış və görməmişdir. Oğurluqdan sonra həyət darvazasının sındırılmadığını görmüş, ehtimal etmişdir ki, təqsirləndirilən şəxs həyətə hasardan tullanmaqla daxil olmuşdur. Ondan oğurlanmış əşyalar geri qaytarılmamış və ya maddi ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsdən maddi ziyanın ödənilməsini tələb etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, bir mərtəbəli nömrəsiz fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır, özü heç bir yerdə işləmir. 24 mart 2022-ci il tarixdə saat 1:00 radələrində evdə yatmağa getmiş, həmin gün səhər saat 6:00 radələrində oyanmış və evin həyətinə çıxdıqda “İsma” markalı velosiped və daş hasara bərkidilmiş “Ayqaz” markalı su qızdırıcısmı aşkar etməmişdir. Bunu gördükdə evin həyətində oğurluq hadisəsi baş verdiyini başa düşmüşdür, Bu səbəbdən 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bundan sonra yaşadığı evə 12-ci polis şöbəsinin əməkdaşları gəlmiş və hadisə yerinə baxış keçirtmişlər. Daha sonra o, hadisə barədə ərizə ilə müraciət etmiş, oğurluqda şübhəli bildiyi hər hansı bir şəxs olmamışdır. 24 mart 2022-ci il tarixdə gecə saatlarında evdə yatdığı zaman nə özü, nə də ki, ailə üzvləri heç bir şübhəli səs eşitməmişlər, səs eşitdiyi halda buna reaksiya verəcəklərmiş. Yaşadığı evin həyətindən 190 manat dəyərində 26 ölçülü “İsma” markalı velosiped və 140 manat dəyərində “Ayqaz” markalı su qızdırıcısı oğurlanmış, nəticədə ona 330 manat məbləğində maddi ziyan dəydiyini təsdiq etmişdir. Təqsirləndirilən şəxsi əvvəllər tanımamış və görməmişdir. Təqsirləndirilən şəxs ona oğurladığı əşyaları qaytarmamışdır. Təqsirləndirilən şəxsdən ona dəymiş maddi ziyanın ödənilməsini tələb etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, nömrəsiz fərdi yaşayış evində arvadı və 2 azyaşlı qızı ilə birlikdə yaşayır. Özü "xxxx" MMC-də elektrik işləyir. Yaşadağı ev 2 mərtəbədən ibarətdir, yataq otaqları 2-ci mərtəbədə yerləşir. 30 may 2022-ci il tarixdə saat 23:00 radələrində evdə yatmağa getmiş, 31 may 2022-ci il tarixdə səhər saat 8:00 radələrində evdən çıxıb iş yerinə getmişdir. Həmin gün saat 11:00 radələrində arvadı X2 ona zəng edərək bildirmişdir ki, evin mətbəxindəki plastik pəncərə sındırılmış vəziyyətdədir və evin 1-ci mərtəbəsində pilləkənin altında saxladıqları 2 ədəd laqonda, 1 ədəd qaynaq aparatı və 1 ədəd samovarı aşkar etməmişdir. O bunu eşitdikdə evdə oğurluq hadisəsinin baş verdiyini zənn etmiş və bu səbəbdən dərhal evə qayıtmışdır. Gəlib görmüşdür ki, həqiqətən də, plastik pəncərə çərçivəsindən qırılıb və qeyd etdiyi əşyalarda oğurlanmışdır. Oğurluq edən şəxs bu üsulla evə daxil olaraq əşyaları aparmışdır. Bundan sonra o, 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, daha sonra yaşadığı evə 12-ci polis şöbəsinin əməkdaşları gəlmişlər və hadisə yerinə baxış keçirtmişlər. O, hadisə barədə ərizə ilə müraciət etmişdir. Hadisə baş verməmişdən bir gün əvvəl evin darvazasından həyətə bir nəfər tanımadığı şəxs daxil olmuş, həmin şəxsdən nə istədiyini soruşmuşdur. Həmin şəxs isə kasıb yaşadığı üçün qapı-qapı gəzərək pul yığdığını ona demişdir. O həmin şəxsin icazəsiz evin həyətinə girdiyinə görə iradını bildirmiş və evin həyətindən bayıra çıxartmışdır. Sonradan ona 12-ci Polis Şöbəsinin əməkdaşları bir nəfər narkotiklə tutulan Seymur adlı şəxsin şəkilini göstərmişlər və bildirmişlər ki, evində baş vermiş oğurluq hadisəsinin sabahısı günü həmin şəxs tutulmuş və onun evindən oğurluq etdiyini etiraf etmişdir. O, Seymur adlı şəxsin şəkilinə baxdıqda oğurluqdan bir gün əvvəl evin həyətinə gələn şəxsə oxşatmışdır. 30 may 2022-ci il tarixdən 31 may 2022-ci il tarixə keçən gecə ərzində evdə olduqları zaman nə özü, nə də ki, ailə üzvləri heç bir şübhəli səs eşitməmişlər, həmin vaxt evin 2-ci mərtəbəsində yatmışlar. Səs eşitdiyi halda buna reaksiya verəcəkmiş. Yaşadığı evdən 300 manat dəyərində 1 ədəd markası bilinməyən qaynaq aparatı, 120 manat dəyərində 1 ədəd “Siemens” markalı laqonda aparatı, 120 manat dəyərində 1 ədəd “Bosch” markalı laqonda aparatı və 70 manat dəyərində 10 litrlik köhnə od samovarı oğurlanmış, nəticədə ona 610 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsə pul tələb etdiyi zaman heç nə verməyib həyətdən çıxarmışdır. Təqsirləndirilən şəxs ona oğurladığı əşyaları qaytarmamışdır. Təqsirləndirilən şəxsdən maddi ziyanın ödənilməsini tələb etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin 12-ci PŞ-də cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 31 may 2022-ci il tarixdə saat 18:00 radələrində 12-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə inzibati ərazidə xidmətdə olarkən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, nömrəsiz fərdi yaşayış evin qarşısında bir nəfər şəxsin şübhəli olduğunu görüb onu saxlamışlar. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib ondan şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini xahiş etmişlər. Bu zaman həmin şəxs üzərində sənədlərinin olmadığını bildirərək yayınmaq istəmiş, eləcə də nəsə gizlətdiyi və dağınıq cavab verməyi onlarda şübhə yaratmışdır. Bundan sonra onlar həmin şəxsi 12ci polis şöbəsinə dəvət etmişlər. Şöbədə həmin şəxsin xx xxxx 1975-ci ildə Yevlax rayonunda anadan olmuş, Yevlax rayonu, Yevlax şəhəri, Şəki Tacı küçəsi mənzil 116 ünvnmda qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, nömrəsiz fərdi yaşayış evində müvəqqəti yaşayan Təqsirləndirilən şəxs olmasını müəyyən etmişlər. Oraya hüquqlarının müdafiə olunması üçün təyin edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra sonuncunun üzərinə videoçəkilişdən istifadə etməklə axtarış aparılmış, Təqsirləndirilən şəxs axtarışın vəkilin iştirakı olmadan aparılmasına etiraz etməməsi barədə ərizə ilə müraciət etmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd sellofana bükülmüş maddəni çıxardaraq bildirmişdir ki, həmin bükümün içərisindəki “kakos” adlanan narkotik vasitədir, onu tutulmamışdan bir gün əvvəl, 30 may 2022-ci il tarixdə Ramana qəsəbəsi, Şuşa şəhərciyindən tanımadığı şəxsdən öz istifadəsi üçün 30 manata almışdır. Bundan sonra bükümdəki həmin maddə zərfə qoyularaq möhürlə möhürlənmiş, bu barədə Sabunçu RPİ-nin 12-ci PŞ-nin təhqiqatçısı polis leytenantı Ayxan Səfərov tərəfindən protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol, o cümlədən möhürlənmiş zərf iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalandıqdan sonra protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs ilə şifahi apardıqları sorğu sual zamanı sonuncu bildirmişdir ki, Şuşa şəhərciyində 3 oğurluq hadisəsi törətmiş, bununla bağlı polis şöbəsində sonuncunun törətdiyi oğurluq hadisələri ilə bağlı izahatları alınmışdır. Təqsirləndirilən şəxs bir bükümdə olan narkotik vasitə heroini özünün istifadə edəcəyi məqsədilə əldə etdiyini bildirmiş, sonuncunun satışla məşğul olması və ya kiməsə satması ilə bağlı konkret faktlar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmamışdır. Şəxsi axtarış videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 162-164). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Naxçıvan MR, Şahbuz rayonu, Mərəlik kəndində qeydiyyatda olsa da, hazırda Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində kirayədə yaşayır. Özü Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi ərazisində “Akasiya” restoranının yaxınlığında metal qəbulu məntəqəsi işlədir, köhnə istifadəyə yararsız metal məmulatlarını alıb zavodlara təhvil verməklə qazanc əldə edir. O, Seymuru təxminən 5-6 ay olar ki, tanıyır, bildiyinə görə, Seymur Ramana qəsəbəsi ərazisində yaşayır. Seymur cəmi 2 dəfə işlətdiyi metal qəbulu məntəqəsinə gələrək ona metal əşyalar satmışdır. Belə ki, ilk dəfə 2022-ci ilin may ayında Seymur yanına gələrək 1 ədəd samovar, dəmir ləyən və qazanlar, 3 ədəd avtomobil amortizatoru və müalicəvi bel bankaları satdığını ona demişdir. Həmçinin Seymurun əlində mürəbbə bankaları olduğunu görmüş, sonuncu bankanın birini açıb əlini içərisinə salmaqla oradan mürəbbə yeyirmiş. O, Seymurdan həmin əşyaları haradan əldə etdiyini soruşmuş, sonuncu isə fərdi yaşayış evlərin ətrafını gəzib zibilliklərin yanında tullantı əşyalar olduğunu görərək götürdüyünü bildirmişdir. Seymurun tüfeyli həyat tərzi sürdüyünü bilib ona inanmış və təqdim etdiyi əşyalardan metal məmulatları olan samovar, ləyən, qazan və amortizatorları götürüb çəkilərini yoxlamış və metalların çəkilərinə görə ona xatırlamadığı məbləğdə pulu vermişdir. Bel bankalarını isə Seymurdan almamışdır. Bir dəfə də Seymur üstündən təxminən 2-3 həftə keçdikdən sonra yanına gəlib ona samovar satmışdır. Səhv etmirsə, samovar latun materialından olduğu üçün 10 manata almışdır. Onda da Seymur ona samovarı tullantı olan yerlərdən aldığını demişdir. Özü də samovara baxdıqda yararsız halda olduğunu görmüş və Seymura inanmışdır. Hazırda isə ona məlum olmuşdur ki, Seymur müxtəlif ünvanlardan oğurluqlar etmiş və ona satdığı əşyaları da oğurluq nəticəsində ələ keçirmişdir. Lakin Seymurdan həmin əşyaları aldığı vaxt bundan xəbəri olmamış, Seymurun yalnız küçələrdə tullantı metal əşyaları yığaraq metal qəbulu məntəqələrinə satdığını və ondan qazanc əldə etdiyini bilmişdir. Qeyd etdiyindən əlavə Seymur ona başqa bir əşya satmamış, sonuncu yanma cəmi 2 dəfə tək halda gəlmiş, başqa vaxt onu görməmiş, sonuncunun oğurluq cinayətləri törətdiyindən də məlumatı olmamışdır. Seymurun ona satdığı əşyaları digər əşyalara qataraq metal zavoduna satmış, bu səbəbdən əşyaları təqdim edə bilmədiyini göstərmişdir (cild 1, iş vərəqə 223- 225). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən axtarış zamanı 1 ədəd bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 26-27). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman o törətdiyi cinayət hadisəsini etiraf edərək oğurladığı əşyaları əyani şəkildə göstərərək ifadəsini təsdiq etmişdir (cild 1, iş vərəqə 86-92). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 1 iyun 2022-ci il tarixli 6/3058 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 159” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” və s. sözlər və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 3,011 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”-in siyahısına (Siyahı 1) daxildir, (Qeyd: heroinin ümumi təmiz çəkisi 3,011 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 2,911 qram, cild 1, iş vərəqə 34-36). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 22 iyun 2022-ci il tarixli 3429 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 200-201). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,911 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, “şəxsi axtarış və götürmə” istintaq hərəkətini özündə əks etdirən 1 ədəd CD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 230-240). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon məhkəməsinin 2 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 28 yanvar 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqə 81-83 və 198-199). Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “az ağır” cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs hazırkı cinayəti əvvəlki cinayətə görə cəzasını çəkib qurtardıqdan 2 il keçdikdən sonra törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələblərinə əsasən onun məhkumluğu ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3 və 234.1-1-ci maddələri ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini etiraf edərək səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3 və 234.1-1-ci maddələri ilə tövsif etməklə yanaşı onun həmin maddələrin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 31 may 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 14). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2 iyun 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 31 may 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 66-69). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü və 15.4-cü maddələrinin tələblərinə əsasən “az ağır” “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 31 may 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işinin materiallarında olan ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X8 və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs maddi ziyanın ödənilməsini tələb etmişlər (cild 2). Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X8 və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qarşı mülki iddia verməmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edərək həmin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X6 və Zərərçəkmiş şəxs3 mülki iddia ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 110 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,911 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; -“şəxsi axtarış və götürmə” istintaq hərəkətini özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 31 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 110 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut: -Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,911 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; -“şəxsi axtarış və götürmə” istintaq hərəkətini özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X6 və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar