Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1806/2024 04.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X3 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə4, müdafiəçi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri “Kiçikbəyov və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 2006-cı ildə Qax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ruhulla Axundov küçəsi 1, Sanatoriya Tipli 8 saylı İnternatda qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, nömrəsiz fərdi tikilmiş evdə yaşamış, barəsində Bakı şəhəri Yasamal rayon məhkəməsinin 8 fevral 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən əşyadan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmiş, həmçinin xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 10 yanvar 2024-cü il tarixdə saat 18 radələrində “Tik-tok” sosial şəbəkəsində “Lotu Quli” adlı şəxsin ünvanına nalayiq ifadələr işlətməsinə aydınlıq gətirmək üçün zəng edib ünvan 1 ünvanda yerləşən kafeyə çağırdığı, əvvəllər tanımadığı və heç bir münasibətinin olmadığı Zərərçəkmiş şəxs “Lotu Quli” adlı şəxsin ünvanına nalayiq ifadələr işlətməsinə görə irad bildirib heç bir səbəb olmadan sonuncu ilə mübahisə edərək özünün müstəsna şəxsiyyət olmasını, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün öz şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoymaqla ondan və orada olan digər şəxslərdən “Lotu Quli” adlı şəxsin ünvanına nalayiq ifadələr işlətməsinə görə üzr istəməli olduğunu tələb etmiş, Zərərçəkmiş şəxs onun tələblərini yerinə yetirmədikdə sonucuya kafedən çıxıb küçədə söhbət etməklə münasibətlərinə aydınlıq gətirməli olduğunu bildirib Zərərçəkmiş şəxslə birlikdə kafeni tərk etmək üçün pilləkənlərlə çıxarkən əvvəlcədən əldə edib üzərində gəzdirdiyi bıçağı bel nahiyyəsindən çıxarıb silah qismində istifadə etməklə kafenin qarşısında, yəni ictimai yerdə ictimai qaydaya, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək ucadan nalayiq ifadələr işlədib səs-küy salmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edib Zərərçəkmiş şəxs sol döş nahiyəsindən bir dəfə xuliqanlıq niyyəti ilə qəsdən vurub sonuncuya travmatik hemopnevmotoraksla müşayiət olunan sol döş qəfəsinin arxa divarının döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası kimi insan həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmaqla yanaşı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində əşyadan istifadə etməklə Zərərçəkmiş şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edib xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 16 yaşına qədər uşaq evində böyümüş, oradan çıxdıqdan sonra dayısı ilə qalmağa başlamışdır. Yasamal rayonu ərazisində olarkən dostu Qılman yanına gəlib bir nəfər şəxsin “Lotu Qulunu” söydüyünü bildirmiş və ondan həmin məsələnin həll edilməsi üçün gələ bilibbilməyəcəyini soruşmuşdur. Məsələni həll etmək üçün Yasamal rayonu ərazisinə getmiş, orada söyüş söyən şəxsin Zərərçəkmiş şəxs olduğunu bilmiş, “Lotu Qulunu” söydüyü üçün üzr istəməsini tələb etmiş, Kənan təklifini rədd etdikdən sonra ona küçədə bıçaqla xəsarət yetirmişdir. Ona xəsarət yetirən zaman ətrafda insanlar da olmuşdur. “Lotu Qulu” ilə tanışlığı olmasa da etdiyi hərəkətlə fəxr edir, hadisədən peşman deyildir. Üzərində həmişə özünü müdafiə etmək məqsədilə bıçaq gəzdirmişdir. Tez-tez belə münaqişələrdə iştirak etmiş, Zərərçəkmiş şəxs vurduqdan sonra adını polis əməkdaşlarına verdiyi üçün Şahid2 də bıçaqla xəsarət yetirmək istəsə də onun “mama uşağı” olduğunu gördükdən sonra fikrindən daşınmışdır. Zərərçəkmiş şəxs vurduqdan sonra oradan qaçmışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafedici ifadələri, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Zərərçəkmiş şəxs ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, 9-cu sinifə kimi oxumuş və Ağdaş rayonunda yerləşən 7 saylı orta məktəbdən natamam orta təhsil alaraq ailə vəziyyəti ilə əlaqədar çıxmışdır. 2014-cü idən anası ilə birlikdə Bakı şəhərində yaşayır. Təxminən 2023-cü ilin oktyabr ayında “Tik-Tok” sosial şəbəkəsində “Düzünə Rövşən” adlı profil səhifəsi açmışdır. Həmin profil səhifəsi ona məxsus olmuşdur və o profildə Rövşən Lənkəranski kimi tanınan şəxsin fotolarını və videolarını paylaşmışdır. Həmin profili istifadə etdiyi dövrdə tanımadığı bir neçə şəxslə mübahisə olmuşdur. Lakin heç bir zaman telefonla danışığı və ya görüşü olmamışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 10 radələrində “Tik-Tok” sosial şəbəkəsində Rövşən Lənkəranskiyə aid şəkil və videolara baxdığı zaman həmin videonun koment hissəsinə daxil olduqda bir nəfər tanımadığı şəxsin Rövşəni söydüyünü görmüşdür. O, Rövşəni söydüyündən həmin komentdə “Lotu Quli” kimi tanınan şəxsin ünvanına söyüş söymüşdür. Təxminən bir neçə dəqiqə sonra həmin şəxsin “Tik-Tok” sosial şəbəkəsində onun profilinin şəxsi bölümünə yazaraq nə üçün “Lotu Quli”ni söydüyünü soruşduqda ona “Rövşən”i söydüyündən o da onu söydüyünü demişdir. Həmin tanımadığı şəxs onun mobil nömrəsini istəmiş və onunla görüşüb bu məsələni həl edəcəyini demişdir. O, öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni ona göndərmişdir. Lakin həmin şəxsdən ona heç bir zəng və ya ismaric gəlməmişdir. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində xatırlamadığı bir nömrədən “Whatsap” sosial ani mesajlaşma proqramından zəng gəldiyini görmüş, həmin zəngi açdıqda həmin şəxs onunla görüşmək istədiyini bildirmişdir. İlkin olaraq həmin şəxsin kim olduğunu bilməmiş, sonradan bilmişdir ki, xx.xx.2024-cü il tarixdə nömrəni verdiyi şəxsdir. 0, saat 18 radələrində deyilən ünvana gəlməyi demiş, o da heç bir problemin olmadığını və onun dediyi ünvana gələcəyini demişdir. Həmin gün saat 17 radələrində yenidən həmin nömrədən görüntülü zəng gəlmiş, həmin şəxs onunla danışan şəxs olduğunu deyib yolu izah etmişdir. Onu yaxınlıqda yerləşən kafeyə dəvət etmiş, 15-20 dəqiqə sonra həmin kafeyə getmişdir. Kafeyə daxil olduqda masa arxasında 4-5 nəfər şəxsin əyləşdiyini görmüşdür. Onlardan biri onu masaya dəvət etmiş və o əyləşmişdir. Həmin zaman onlar çay içirmişlər. O, əyləşdikdən sonra özünü təqdim etməyən lakin sonradan adının Haldun olduğunu bildiyi şəxs ona aqressiv formada nə üçün “Lotu Quli”ni söydüyünü soruşmüşdur. O, isə ona “Rövşən Lənkəranski”ni söydüyü üçün “Lotu Quli”ni söydüyünü demişdir. Aralarında həmin zaman sözlə mübahisə yaranmışdır. Onun yanında olan digər şəxslər isə sakit durmuşlar və onu sakitləşdirməyə çalışırmışlar. Lakin həmin şəxs onunla çöldə söhbət edəcəyini bildirib çölə çıxmağı təklif etmişdir. O, razılaşmış və əyləşdiyi yerdən qalxmış, onlar hesabı ödəmişlər və Haldun kimi tanıdığı şəxs onu irəliyə salıb çölə çıxmağım bildirmişdir. O, pilləkənlərlə birinci çıxmış, Haldun və onun yanında olan şəxslər isə onun arxasınca çölə çıxmışlar. Pilləkənlər bitdikdən sonra qəfildən həmin şəxsin onun sağ hissəsindən nəsə zərbə endirdiyini hiss etmişdir. Bu zaman görmüşdür ki, onun əlində bıçaq var və ona bıçaqla xəsarət yetirib. Uzaqlaşmaq istəyərkən yerə yıxılışdır. Lakin özümü itirməmiş və yenidən ayağa qalxaraq oradan qaçaraq uzaqlaşmışdır. Çox qorxduğundan və qan itirdiyindən evə tərəf qaçmışdır. Onların arxasınca gəlməsini görməmişdir. Evin yaxınlığında yerləşən meyvə maqazininə daxil olmuşdur. Çünki çox qan itirmiş və özünü çox halsız hiss edirmiş. Bir müddət sonra huşunu itirmiş və daha sonra ayıldıqda xəstəxanada olduğunu görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, hadisənin necə baş verməsini görməsə də sonradan hadisənin təfərrüatlarını eşitmişdir. Hadisə baş verən zaman Haldun onun himayəsində olmuşdur. Haldun məktəb vaxtı internatda, tətillərdə isə evdə qalmışdır. Eşitdiyinə görə Haldun başqa şəxsi bıçaqlamışdır. Haldunun üzərində bıçaq gəzdirməsini görməmişdir. Hadisədən sonra Haldun evə gəlmiş və baş verənlər haqqında məlumat verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, dostu Qılmanla görüşən zaman Qılmanın yanında Haldun da olmuşdur. Çay içən zaman Haldun və Zərərçəkmiş şəxs arasında mübahisə yaranmağa başlamışdır. Haldun və Kənan mübahisələrini çöldə davam etdirərkən Haldun Kənanı bıçaqla vurmuşdur. Hadisə günü Haldunun üzərində bıçaq görməmiş, həmçinin onun Zərərçəkmiş şəxs vurma səbəbini bilməmişdir. Haldun Kənanı bıçaqla vurduqdan sonra hər kəs oradan qaçmışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, Abşeron ryaonu, Masazır qəsəbəsində yerləşən Əliağa Vahid adına olan 1 saylı tam orta məktəbin 11-ci sinif şagirididir. Təxminən bir ay əvvəl Abşeron rayonu, Masazır dairəsi deyilən yerdə Haldun adlı şəxslə tanış olmuşdur. Belə ki, siqaret çəkdiyi zaman və Haldun ona yaxınlaşaraq siqaret istəmiş, o cibindən paçka siqareti çıxardıb ona vermişdir. Onunla bir qədər söhbət etdikdən sonra Masazır qəsəbəsində yerləşən “Qurtuluş 93” parkına getməyi təklif etmiş, birlikdə həmin parka gedib bir qədər söhbət etmişlər. Bundan sonra da onunla arada bir görüşüb gəzir, futbol oynayırmışlar. Haldun onun yanında olduğundan ətrafında olan uşaqlar da onu tanımışlar. Belə ki, birlikdə çay içir və görüşəndə həmin uşaqlar onları görmüşlər və onlar da Haldunla tanış olmuşlar. Haldunun ata və anası yoxdur, lakin o, Abşeron rayonu, Xırdalan şəhərində xalasıgildə yaşayırmış. xx.xx.2024-cü saat 16 radələrində o, Abşeron rayonu, Masazır qəsəbəsində Haldunla qarşılaşmış, bir qədər gəzdikdən sonra ortaq dostları olan Kənan onun mobil telefonuna zəng edərək onu Yasamal rayonunda yerləşən kafeyə çay içməyə dəvət etmişdir. O, bu barədə Halduna demiş, Haldun da onunla birlikdə Yasamal rayonu, İnşaatçılar metrostansiyasına getmişlər. Orada yerləşən kafeyə daxil olmuşlar. Həmin vaxt masada Kənan, o və Haldun olmuşdur. Orada olan zaman o, Nazim və Turanı da həmin kafeyə çağırmışdır ki, oturub çay içib söhbət etsinlər. Təxminən 20 dəqiqə sonra Nazim və Turan da oraya gəlmişlər. Orada olan zaman tanımaıdığı bir nəfər oğlan gəlmişdir. Həmin oğlan çöl qapını açıq saxlamışdır. Bu zaman Haldun ona “əlin arxava çatmır” sözlərini demişdir. Həmin şəxs Halduna baxıb qapını bağlamışdır. O, həmin şəxsi birlikdə çay içməyə dəvət etmişdir. O, masaya əyləşdikdən sonra özü çölə çıxıb kioska getmişdir ki, siqaret alsın. Siqaret alıb qayıtdıqda görmüşdür ki, Haldunla həmin şəxs arasında mübahisə yaranmışdır. O, içəri daxil olanda onlar masadan qalxıb çölə çıxmışlar. Şalvarının kəməri açıldığından kəməri bağlıyıb çölə çıxmaq istəyən zaman səs-küy gəldiyini eşitmiş, çölə çıxan zaman isə görmüşdür ki, həmin oğlan yoxdur. Həmin şəxsin haraya getməsi barədə məlumatı olmamışdır. Turan bu zaman polis gəlir deyərək qışqırmış, onlar oradan qaçaraq uzaqlaşmışlar və o da buna görə onların arxasınca qaçaraq getmişdir. O, Haldundan nə baş verdiyini soruşduqda, sonuncu həmin şəxsin “Lotu Quli”ni söydüyündən həmin şəxsi bıçaqla vurduğunu demişdir. Daha sonra isə Turan ona həmin videonu göstərmiş və onun istifadəsində olan mobil telefona atmışdır. Həmin videonu ilkin olaraq “Whatsap” ani mesajlaşma proqramının status bölümündə paylaşmışdır. Həmin videonu onun dostluğunda olan şəxslər görmüşlər və bir neçəsi bununla əlaqədar ona yazmışlar. Daha sonra isə həmin videonu silmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə Haldunla görüşüb onu Binə qəsəbəsinə yola salmış və ondan sonra Haldunu görməmişdir.Zərərçəkmiş şəxs vurulma anını qeydə alan videonu tanışı Turan çəkmişdir. Həmin videonu sadəcə görüntü xatirinə paylaşılmışdır. Bununla əlaqədar heç bir məqsədi olmamışdır. Hadisə baş verməzdən əvvəl Zərərçəkmiş şəxs bıçaqla vurmaqda heç bir razılaşma olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. 10 yanvar 2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan, ona əlavə edilmiş hadisənin videogörüntülərini özündə əks etdirən 1 ədəd DVD disk və fotoşəkillərdən görünür ki, hadisə baş verən yer ünvan 2 ünvanında yerləşən kafenin qarşısıdır. Hadisə baş verən səkidə yolun sağ çiynində baş vermişdir. Hadisə baş verən yerə baxış zamanı hər hansı qan izi və bıçaq aşkar edilməmişdir ( cild 1, iş vərəqi 7-11). 16 yanvar 2024-cü il tarixli “Götürmə aparılması haqqında” protokoldan görünür ki, Şəhər Kliniki Tibb Mərkəzindən Zərərçəkmiş şəxs məxsus 1 ədəd gödəkcə, 1 ədəd köynək, 1 ədəd mayka və 1 ədəd şalvar müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür (cild 1, iş vərəqi 59). 7 fevral 2024-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında protokol” dan görünür ki, hadisə Yasamal rayonu, Kamal Rəhimov küçəsi 15 ünvanında kafenin qarşısında baş vermişdir. Belə ki, həmin görüntüyə baxdıqda Zərərçəkmiş şəxs kafenin çıxışından qaçaraq çıxdığını onun arxasınca isə Təqsirləndirilən şəxs əlində bıçaqla qaçdığı müşahidə olunur. Səkidə yol qırağında bıçaqla xəsarət yetirdiyi və bundan sonra Zərərçəkmiş şəxs durub qaçaraq oradan uzaqlaşdığı müşahidə edilir. Bundan başqa hadisə baş verən zaman ətrafda vətəndaşlar olduğu görünür ( cild 1, iş vərəqi 97). 4 aprel 2024-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ilkin ifadələrində qeyd etdikləri xüsusatları üzləşdirmə zamanı bir– birlərinin üzünə qarşı təsdiq etmişlər ( cild 1, iş vərəqi 142-145). 5 aprel 2024-cü il “Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında protokoldan” və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, təqsirləndirilən şəxs maşından düşərək hadisə baş verən kafenin qarşısını göstərərək orada ilkin olaraq tanışları ilə çay içdiklərini, daha sonra isə həmin həmin yerə sonradan adını bildiyi Kənan adlı şəxsin gəldiyini, aralarında yaranmış mübahisənin çöldə davam edərək kafenin giriş hissəsində ona bıçaqla bir dəfə vuraraq xəsarət yetirdiyini daha sonra isə zərərçəkmiş şəxsin həmin yerdən duraraq qaçıb getdiyini əyani şəkildə göstərmişdir ( cild 1, iş vərəqi 146-147). 08 fevral 2024-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət-travmatik hemopnevmotoraksla müşayiət olunan sol döş qəfəsinin arxa divarının döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın təsirindən törənmişdir, törənmə müddəti xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla qərarda qeyd olunan müddətə xx.xx.2024-cü il tarixə uyğundur, qərarda göstərilən şəraitdə, yəni bıçaqla törədilə bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir ( cild 1, iş vərəqi 94-96). 08 aprel 2024-cü il tarixli məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus gödəkçə və köynəyin arxa hissəsində solda 01 ədəd deşilmişkəsilmiş zədə aşkar edildi. Bu zədə iti ucu ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin tiyəsinin təsirindən əmələ gələ bilərdi. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçə və köynəyin arxa hissəsində solda 01 ədədə deşilmiş-kəsilmiş zədə ounun bədəninin sol döş qəfəsinin arxa divarında olan deşilmiş-kəsilmiş yara ilə yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşürlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus mayka və şalvar üzərində hər hansı bir zədə aşkar edilməmişdir ( cild 1, iş vərəqi 152-154). 05 aprel 2024-cü il tarixli məhkəmə tibbi-kimyəvi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu (təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən) Oalfabeta (İ)dir,ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs məxsus şalvar, mayka, kofta və gödəkçə üzərində Oalfabeta(İ) qruplu insan qanı aşkar olundu. Bu qan ləkələri ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus olması inkar olunmur ( cild 1, iş vərəqi 156-159). 05 aprel 2024-cü il tarixli kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, məhkəmə psixiatrik ekspertizası üzrə Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətinin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərərkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmə psixoloji ekspertizası üzrə Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgilərinə xas olan hövsələsizlik, tez özündən çıxmaq, inadkarlıq, qıcığa qarşı həssaslıq, eqosentrizm və s, kimi xarakterik xüsusiyyətlər aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik və özündən uydurmaya meyillilik əlamətləri müşahidə olunmamışdır( cild 1, iş vərəqi 161-163). 27 aprel 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında qərar”a əsasən hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş paltarlar gödəkçə, köynək, mayka və şalvar maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilməsi, hadisənin görüntülərini özündə əks etdirən 1 ədəd DVD diskin isə cinayət işi materiallarına əlavə edilməsi müəyyənləşdirilmişdir (cild 1, iş vərəqi 173-181). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən daxil olan 27 mart 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur ( cild 1, iş vərəqi 137-138). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma əməllərinə görə cinayət məsuliyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq əməllərinə görə cinayət məsuliyyəti həmin Məcəllənin 221.3-cü maddəsində nəzərdə tutulmuşdur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 23 mart 2004-cü il qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərədə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericilikdə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür.İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərlə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik , etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq bir çox insanın və ya cəmiyyətin hər hansı bir üvzünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə, təqsirləndirilən şəxsin etirafedici ifadələrini, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, hadisə yerinə baxış protokolları, ekspertiza rəyləri, habelə iş üzrə toplanmış və yuxarıda sadalanmış digər sübut növləri ilə birgə müqayisə etməklə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət ağır cinayət, CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət isə az ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələrinin sanksiyası həddində həmin Məcəllənin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs cinayət törədərkən yetkinlik yaşına çatmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən, məhkumluğunun olmamasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsinə əsasən cəzasının ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət törədərkən yetkinlik yaşına çatmayan şəxs olması kimi barəsində yüngülləşdirici halın olmasını, haqqında cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli qərarına əsasən hökm çıxarılanadək 18 yaşı tamam olmamış şəxs azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə (CM-nin 55.1-ci maddəsi), məhkəmə Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə müvafiq olaraq onlara ümumi və ya möhkəm rejimli tərbiyə müəssisəsi təyin edir. Ümumi və ya möhkəm rejimli tərbiyə müəssisələri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə görə yalnız azadlıqdan məhrum etmə cəzasına məhkum edilən yetkinlik yaşına çatmayanlara təyin edilir. Ona görə də yetkinlik yaşına çatmadığı dövrdə qəsdən cinayət törətmiş şəxs (o cümlədən xüsusilə ağır cinayət) hökm çıxarılan vaxt yetkinlik yaşına çatarsa və azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, o, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə, ehtiyatsızlıqdan cinayət törətməyə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdə isə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 6 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş ( cild 1, iş vərəqi 83) barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8 fevral 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 6 fevral 2024-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 132-136). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 6 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə cinayətin aləti olan bıçağı təqsirləndirilən şəxs hadisədən 10 gün sonra Abşeron rayonu, Masazır qəsəbəsində tanımadığı şəxsə satmış və onun axtarılması istiqamətində aparılmış əməliyyat axtarış tədbirləri nəticəsiz qalmışdır ( cild 1, iş vərəqi 125, 127). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub, saxlanılmasından ötrü Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş paltarlar gödəkçə, köynək, mayka və şalvar məhv edilməli, hadisənin görüntülərini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmə zamanı onun hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “ Kiçikbəyov və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində 42 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Kiçikbəyov və partnyorları” Vəkil Bürosunun hesabına 252 (iki yüz əlli iki) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il, “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” 28 iyun 2002-ci tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 6 (altı) il, 221.3-cü maddəsi ilə 2(iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplamaqla ona 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 6 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş paltarlar gödəkçə, köynək, mayka və şalvar məhv edilsin; -Hadisənin görüntülərini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Məhkəmə mərhələsində göstərilmiş 42 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Kiçikbəyov və partnyorları” Vəkil Bürosunun hesabına 252 (iki yüz əlli iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-1806/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1806/2024
04.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver